Məqalələr

Bütün məqalə başlıqları (əlifba sırası ilə)


Azərbaycanlıların Milli Azadlıq Hərəkatı

19 Oca 2018 23:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 Oca 2018 23:16 güncellendi ]

20 січня відзначається День національно-визвольної боротьби азербайджанців проти 
совєтксько-комуністичної тиранії. 
Тернистий шлях до свободи, проголошення 
незалежної Азербайджанської держави 
та утвердження національної ідеї.

January 20 marks the Day of the national liberation 
struggle against Azerbaijanis soviet communist tyranny. 
The thorny path to freedom, the proclamation 
of the independent Azerbaijan state 
and the establishment of a national idea.


Ph., Dr. Fərhad Turanlı


        Hörmətli soydaşlarım!
        Geyd etmək lazımdır ki, 1990-cı il yanvar ayının 19–20`də Bakıda baş verən hadisə, Azərbaycan tarixində milli azadlıq və dövlət müstəqilliyimiz uğrunda sovet-kommunist rejiminə qarşı azərbaycanlıların qüclü bir milli-ingilabi hərəкatı olaraq qiymətləndirilməlidir.
        O tarixdə, Moskvada SSRİ-nin mərkəzi rəhbərliyinin verdikləri əmrilə xüsusi qoşun dəstələrinin, o cümlədən tankların və digər hərbi texnikalardan ibarət qoşunların Azərbacana hücum etməsi, dinc və azadlıq uğrunda mübarizəyə qalxan insanların kütləvi qırğınına səbəb oldu. Milyonlarla insan azadlıq uğrunda mübarizəyə qalxaraq Azərbaycanın müstəqilliyini bütün dünyaya elan etdilər.
        Düşmənlərin təcavüzü nəticəsində vətənimiz Azərbaycan torpaqlarının böyük hissəsini (20%) düşmən – Ermənistan ordusu işğal etdi! Hələ də düşmən əsarətində tutulan azərbaycanlı qız-gəlinlər, ana-bacılar, qardaşlar var! İşğal olunan torpağlarımızı azad edib millətimizin namusunu, qeyrətini əsirlikdən qurtarmayınca bizə rahat yaşamaq, övünmək, fəxr etmək yaraşmaz. Mövzu ilə əlaqədar vacib olan əsas məsələ nədən ibarətdir? Azərbaycana qarşı törədilən faciəvi hadisərə düzgün qiymət verməyi bacarmalıyıq ki, Hocalı qətliamını “Azərbaycanlıların soyqırımı” olaraq tanıtılmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, bəhs olunan əsirlərin azad olunmasına nail olunması mümkün olsun.
        Qeyd olunduğu kimi, Moskvada SSRİ mərkəzi rəhbərliyi tərəfindən verilən əmr ilə Azərbaycana hücum edən xüsusi ordu tərəfindən azadlıq uğrunda mübarizəyə qalxan azərbaycanlılar tank, top, güllə atəşinə tutularaq məhv edildilər. Bu faciəvi hadisə ilə də əlaqədar isinataqın olması, Azərbaycan Ali və Beynəlxalq məhkəmələrində cinayyətkarların aşkar edilərək, məsuliyyətə cəlb olunmaları vacibdir.
        Bir daha ərz etməliyik ki, göstərilən tarixdə baş verən azadlıq uğrundakı milli-ingilabi hərəkat, azərbacanlıların / türklərin gəhrəman və mərd millət olduğunu bir daha sübut edən tutarlı amil olaraq, qızıl həriflərlə Tarix kitablarında yazılmalı; soydaşlarımız yaşdıqları xarici ölkələrdə, o cümlədən Ukraynada bəhs olunan hadisəni məhz bu şəkildə ictimayyətin nəzərinə çatdırmalıdır.
Yanvar ayının 19–20`də döyüş meydanına cevrilən Bakı şəhərində azərbaycanlılar sözün əsl mənasında qəhrəmanlıq göstərərək, azadlıq üçün mərdanə həlak oldular.
        Allah rəhmət eləsin, məkanları cənnət olsun.
Ukrayna, Kiyev.
20.1.2018 il

O gecə…

19 Oca 2018 00:04 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 Oca 2018 00:04 güncellendi ]















Hidayət ELVÜSAL


        Bütün gecələrin rəngi qaradır. O gecənin rəngi al qırmızıya boyandı. Evlər də, küçələr də qırmızı oldu. Səhər qıpqırmızı qərənfillər axan qandan don geyinibmiş kimi küçələrə xalı kimi sərilib ölən canlara ağılar dedi.
        O gecə bir özgə vətən, bir özgə millət, bir özgə dövlət doğuldu – körpəsiylə, gənci ilə, qocası, ahılı ilə o gecə, məhz o gecə imperiya Azərbaycanı itirdi. Yeni Azərbaycan doğuldu. Elə biz özümüz də yenidən doğulduq.
        O gecə dastanlar yazıldı. Gördülər, oxudular, eşitdilər ki, bu millətin necə qəhrəmanları varmış. Əliyalın tankın üstünə gedən şir ürəkli oğullar bütün dünyanı titrətdi. İlham və Fərizə əsrlərdən bəri əfsanə sayılan “Leyli və Məcnun”u yenidən yazdılar. Məhəbbətin, etibarın, sədaqətin, fədakarlığın hər şeydən üstün olduğunu sübut etdilər. Bir dastan yazdılar ki, Leyli də, Məcnun da heyrətə gəldi.
Bir and yerimiz oldu – Şəhidlər Xiyabanı. Hər baş çəkəndə özümüzə döndüyümüz, təmizləndiyimiz, qürur hissi, inam duyğuları, minnətdarlıq, borc hissləri ilə təzələndiyimiz, keçmişə döndüyümüz, gələcəyə ümidlə, fəxrlə baxdığımız and yeri.
        Nazim Hikmətin yazdığı kimi – şəhidlərimizi qəhrəmanlıq toxumları kimi torpağa basdırdıq. 
O torpaqdan Allah verdilər, Fərid Asiflər, Həsən Qorxmazlar, Vəzirlər… Mübarizlər yetişdi. İndi düşmən qorxu içində, səksəkə içində intiqam gününün kabusunu yaşayır – əgər buna yaşamaq deyilərsə.
        …O gecə, məhz o gecə biz yenidən doğulduq – ölkəmiz, Bayrağımız, Himnimiz, Gerbimiz, qəlbimiz, gücümüzlə, igid oğullarımızla, müqəddəs torpağımızla.
        O gecənin rəngi qıpqırmızı idi. Elə səhərin də. İndi gecələr işıqlı, səhərlər bəmbəyaz olur. Şəhidlərimizin müqəddəs ruhları kimi – bəmbəyaz.
Mənbə: modern.az

Armed Mişellə Mixaylonun görüşü

16 Oca 2018 05:12 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Oca 2018 05:12 güncellendi ]

                                            
        1944-cü ildə Marselnim, Alibe və Lion şəhərlərinin dağlarında kənd və sahibkar xutorlarında idik. Dağlarda gəzərkən yad adamlara rast gəldik. Partizanlar hərəsi öz yerlərini tutdu. Qərargahın komandirindən tapşırıq gözləyirdik. Komandir Duşatle işarə etdi ki, gizləndiyiniz yerlərdən çıxın. Komandir bizə dedi ki, bunlar İtaliyanın partizanlarıdır. Biz görüşdük. Partizanlardan bəziləri onlarla danışıb bizə tərcümə edirdi. Birdən məni komandan çağırdığını bildirdilər. Mən çağırılan yerə getdim və komandan məni görüncə üstümə gələrək “Xarqo, səni təbrik edirəm, sizə bir şad xəbərim var” - dedi. Ardınca dedi ki, səni bir həmyerlinlə tanış edəcəm. 
        Sevinərək dedim: - Görəsən kimdir? 
        - Buyur, tanış olun. 
        Cavan bir oğlan gözləri həyəcanla dolu üstümə gələrək ana dilimizdə “eloğlu, salam” dedi. 
        Biz qucaqlaşdıq. Hətta gözlərimiz də yaşardı. 
        - Tanış olaq, azərbaycanlı Əhmədiyyə Cəbrayılov 
        - Mən də Bakıdan Mehdi Hüseynov. Ancaq doğulduğunuz bölgəni demədiniz. 
        - Nuxa rayonu, Oxud kəndi. 
        - “Xarqo”, “Armed Mişel” adlarıyla şöhrət tapmış azərbaycanlı eloğlu, sizin inanılmaz dərəcədə qəhrəmanlığınızdan, qorxmazlığınızdan komandan çox danışıb. 
        Duşatle dedi: 
        - Xarqo, sən bilirsən Mixaylo kimdir?  - Sonra əlavə etdi:
        - İtaliyada almanların gözünün odunu alan, onların canlarına üşütmə salan, İtaliyanı lərzəyə gətirən, gözlə görünməz, almanların diliylə desək, şeytan. Ümumiyyətlə, aylarla, illərlə qəhrəmanlıqlarından danışsaq qurtarmaz. Bax bu həmin Mixaylo, sənin yerlin Mehdidir. 
        Mən Mehdi ilə dörd saat şirin söhbət edə bildim. Bir-birimizə axırıncı sözümüz “özündən muğayat ol” oldu. Onlar bizdən ayrılıb uzaqlaşdılar. Mehdi gedə-gedə: “Bakıda görüşərik” dedi.

Yazını Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşır Cəbrayılov təqdim etdi

Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının QANUNU

13 Ara 2017 03:13 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 13 Ara 2017 03:14 güncellendi ]

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 
"Bələdiyyə üzvlərinin 
etik davranış qaydaları 
haqqında" 
Azərbaycan Respublikasının 
2017-ci il 31 may tarixli 
677-VQ nömrəli Qanununun 
tətbiqi barədə 
Sərəncam imzalayıb.







Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR 

Maddə 1. Qanunun əhatə dairəsi 

1.1. Bu Qanun bələdiyyə üzvü olan bütün şəxslərə şamil edilir.

1.2. Hər bir bələdiyyə üzvü qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. 

Maddə 2. Qanunun məqsədləri 

2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:

2.0.1. yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi;

2.0.2. yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.0.3. yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması;

2.0.4. bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

2.0.5. bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

2.0.6. yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi. 

2-ci fəsil

ETİK DAVRANIŞ QAYDALARI 

Maddə 3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması 

3.1. Bələdiyyə üzvü etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir.

3.2. Bələdiyyə üzvü öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkarlıqla həyata keçirməyə və yerli özünüidarə orqanının fəaliyyətində fəal iştirak etməyə borcludur.

3.3. Şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları uğrunda bələdiyyə üzvü öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. 

Maddə 4. Loyallıq 

4.1. Bələdiyyə üzvü vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin və digər bələdiyyə üzvlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə üzvünün elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.

4.2. Bələdiyyə üzvü vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 

Maddə 5. İnsan hüquq və azadlıqlarına, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət 

5.1. Bələdiyyə üzvünün fəaliyyəti insan hüquq və azadlıqlarının, şəxslərin qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir.

5.2. Bələdiyyə üzvü insan hüquq və azadlıqlarını, şəxslərin qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir.

5.3. Bələdiyyə üzvü vəzifələrinin icrası ilə bağlı insanların, habelə digər bələdiyyə üzvlərinin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

5.4. Bələdiyyə üzvü hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir. 

Maddə 6. Mədəni davranış 

6.1. Bələdiyyə üzvü bütün şəxslərlə, o cümlədən bələdiyyə qulluqçuları və vətəndaşlarla münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli və qərəzsiz olmalı, haqsız irad tutmamalı, kobudluq etməməlidir.

6.2. Bələdiyyə üzvü bələdiyyə iclaslarının keçirilməsinə və gedişinə mane olan davranış və hərəkətlərdən çəkinməli, iclasın anlaşıqlı və işgüzar şəraitdə keçirilməsinə çalışmalıdır. 

Maddə 7. Qərəzsizlik 

7.1. Bələdiyyə üzvü vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən, qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

7.2. Bələdiyyə üzvü özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrinin yerinə yetirilməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır. 

Maddə 8. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi 

8.1. Bələdiyyə üzvünün qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.

8.2. Bələdiyyə üzvü onun hərəkətlərinin (hərəkətsizliyinin) maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 

Maddə 9. Korrupsiyanın qarşısının alınması 

Bələdiyyə üzvünə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, o, belə təkliflərdən imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə üzvündən asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə növbəti bələdiyyə iclasında bələdiyyə üzvlərinə məlumat verməli, maddi nemətlər akt üzrə bələdiyyəyə təhvil verilməlidir. 

Maddə 10. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər 

10.1. Bələdiyyə üzvü vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası qarşılığında mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

10.2. Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini öyrənməlidir. 

Maddə 11. Maraqlar toqquşmasının qarşısının alınması 

11.1. Bələdiyyə üzvü fəaliyyəti dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

11.2. Bələdiyyə üzvü başqa vəzifəyə keçməklə əlaqədar ona verilən təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə bələdiyyə iclasına məlumat verməlidir.

11.3. Bələdiyyə üzvü etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktları bilməlidir. 

Maddə 12. Əmlakdan istifadə 

12.1. Bələdiyyə üzvü istifadəsində olan bələdiyyə əmlakından və maliyyə vəsaitlərindən qənaətlə və səmərəli istifadə etməlidir.

12.2. Bələdiyyə üzvünə bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən şəxsi maraqları naminə, habelə vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır. 

Maddə 13. Məlumatlardan istifadə 

13.1. Bələdiyyə üzvü yerli özünüidarə orqanında xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

13.2. Bələdiyyə üzvü fəaliyyəti zamanı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə etməməlidir. 

Maddə 14. İctimai və siyasi fəaliyyət 

14.1. Bələdiyyə üzvünün ictimai və siyasi fəaliyyəti, yaxud ictimai birliklərə və ya siyasi partiyalara mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

14.2. Bələdiyyə üzvü səlahiyyətlərindən istifadə edərək, digər bələdiyyə üzvlərini və ya qulluqçularını ictimai birliklərin və ya siyasi partiyaların, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

14.3. Bələdiyyə üzvünə bələdiyyə orqanlarında ictimai birliklərin və siyasi partiyaların (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

14.4. Bələdiyyə üzvünə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etməsi qadağandır. 

3-cü fəsil

ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ

            Maddə 15. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

 15.1. Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir.

15.2. Bələdiyyənin sədri:

15.2.1. öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməlidir;

15.2.2. bələdiyyə üzvlərini hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətə və qərarlar qəbul etməyə sövq etməməlidir;

15.2.3. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;

15.2.4. bələdiyyə üzvlərinə etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl edilməsinə dair onlara tövsiyələr verməlidir;

15.2.5. etik davranış qaydalarını pozan bələdiyyə üzvlərinin intizam məsuliyyətinə cəlb edilməsi məqsədi ilə müvafiq məsələnin bələdiyyə iclasında müzakirəyə çıxarılması üçün tədbirlər görməlidir;

15.2.6. vətəndaşları və hüquqi şəxsləri etik davranış qaydaları, eləcə də bələdiyyə üzvlərinin həmin qaydalara əməl etməsini tələb etmək hüququna malik olduqları barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir;

15.2.7. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, hüquqi şəxsləri və bələdiyyə üzvlərini məlumatlandırmalıdır;

15.2.8. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə bələdiyyəyə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

15.3. Bələdiyyə üzvü tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək üçün bələdiyyə üzvlərinin davranışının etik normalara uyğunluğu ildə bir dəfədən az olmayaraq, bələdiyyə iclasında müzakirə edilməli və nəticəsi üzrə tədbirlər görülməlidir. 

Maddə 16. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət 

16.1. Etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

16.2. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

16.2.1. bu Qanunun müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət, yaxud digər məlumatın daxil olması;

16.2.2. kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu Qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi.

16.3. İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir. 

Maddə 17. İntizam məsuliyyətinin növləri 

17.1. Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:

17.1.1. xəbərdarlıq;

17.1.2. töhmət.

17.2. İntizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.

17.3. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.

17.4. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il 

№ 677-VQ 

Telefon zəngləri...

19 Eyl 2017 01:12 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 19 Eyl 2017 01:59 güncellendi ]

Respublikamızın Əməkdar artisti, rejissor Mərdan Feyzullayevi düşünərkən.

Vaqif ASLAN,
AYB Şəki bölməsinin sədri











        Bu, təxminən, yarım il bundan əvvəlin söhbətidir. Bilmirəm gecənin nə vaxtı idi. Mobiltelefonum zəng çaldı. Ala-sərsəm oyandım. Gecənin qaranlığında telefonumu götürdüm. Danışan Moskva “Dərviş” Azərbaycan teatrının təsisçisi və baş rejissoru Mərdan Feyzullayev idi. Salamlaşdıq. O çox sevincək və həyəcanlı bir səslə soruşdu:
        -Bilirsən, mən haradayam?
        Dedim: Desən, bilərəm.
        Telefonda qürurla gurlayan bir səs dalğalandı:
        -Mən Nazim Hikmətin ceviz ağacına dönüb kimsədən xəbərsiz bitdiyi Gülxanə parkındayam. “Gözəlim İstanbul və polis bunun farkında” olmasa da, özüm bunun farkındayam.
        Mən özüm də həyəcanlandım:
        -“Yarpaq-yarpaq” əllərinlə İstanbulu qucursanmı? “Kıvır-kıvır” kıvırlanıb, pırıl-pırıl uçursanmı?
        -Lap elə Nazim Hikmətin özü kimi İstanbula “yüz min göz”lə baxır, “yüz min əll”ə toxunuram. Sinəmdə də sanki “yüz min ürək” döyünür...
        Söhbətimiz necə şirin idi... Çağlayan bulaq kimi axıb gedirdi...

* * *

        İradəmizdən asılı olmayaraq, bizi doğmalaşdıran bir çox ortaq məqamlar vardır: eyni kənddə doğulmuşuq, uzaqdan-uzağa qohumuq. Eyni məktəbdə mən müəllim, o, şagird olmuş, mən ondan doqquz yaş böyük olsam da, məndən altı yaş böyük olan həmkəndlimiz, görkəmli türkoloq və dövlət xadimi Aydın Mirsaleh oğlu Məmmədov hər ikimizin yaxın dostu olmuşdur. O zamanın bizim üçün ən böyük hadisəsi Qarabağ məsələsinin ermənicəsinə həlli şəraitində 1990-cı ilin 20 Yanvar sindromundan keçib Azərbaycanımızın müstəqillik əldə etməsi idi. O dövrün həyəcanlarını yaşayanlar Aydın Məmmədov fenomeninin kim olduğunu yaxşı bilirlər...
        Elə ki, 1991-ci ilin 19 aprelində baş verən avtomobil qəzasında Aydın Məmmədovu itirdik, bu hadisə mənim “Aydın” poemamın yaranmasına səbəb oldu. Müəllif kimi onu deyə bilərəm ki, məzmun, mündəricə və tarixi həqiqətlərə sədaqət baxımından əsər maraqla qarşılandı. Beləliklə, “Aydın” poeması artıq 1989-cu ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru olan Mərdan Feyzullayevin rejissorluğu ilə Şəki rayonu Kiş kənd orta məktəbinin şagirdlərinin və şəxsən mənim özümün ifamızda səhnələşdirildi və 1992-ci ilin 20 apreldə tamaşaya qoyuldu.
        Bu hadisədən sonra tez-tez görüşürdük. Söhbətimizin ana xətti mənim yazmaqda olduğum “Kötük” pyesi üzərində olurdu. Ali məktəb illərini çıxmaq şərti ilə bütün həyatım kənd mühitində keçdiyindən Sovet dönəminin kənd mənəviyyatına vurduğu zədələri personajlarımın şəxsində təsvir etmək istəyirdim. Elə o vaxtlardan əsəri yazıb qurtarsam da, onun səhnə həllinə müxtəlif səbəblərdən nail ola bilmədik.
        1999-cu ildən Mərdan Moskvada yaşasa da, telefonlaşmalarımız bir qayda olaraq davam edirdi. Şəkiyə gəldiyi zamanlarda isə mütləq görüşürdük.
        2011-ci ilin yayı idi. Mərdan da, Bakıda yaşayan böyük qardaşı İlham da (Mən də onu böyük qardaş gözündə görürəm) kənddə idilər. Üçlü görüşlərimizdən birində böyük mütəfəkkir şair B.Vahabzadəni xatırladıq. Mərdan dedi: “Mənim Moskvaya gethaget vaxtım idi. O yandan da böyük şairimizin “Dar ağacı” pyesini səhnəyə çıxarmışdım. Deyəndə ki, Moskvaya gedirəm, Bəxtiyar Vahabzadə həyəcanlandı:-Ay oğul “Dar ağacı”nı qoymusan, hara gedirsən?-deyə sual etdi.”
        Əvvəlcə gülüşdük. Sonra da dərin bir fikrə getdik. Daha sonra bu hadisə Mərdana B.Vahabzadənin dili ilə yazdığım şeirə çevrildi:

        Əlinlə qurduğun “Dar ağacı”nı,
        Səhnədə qoymusan, hara gedirsən?
        İllərlə çəkdiyin ağrı-acını
        Bəs niyə çəkməmiş dara gedirsən?

        Geri dön, çoxsa da asılasılar,
        Layiqsiz eləmə dar ağacını!
        Qeyrətli adamlar şərəfləndirir
        Namus ağacını, ar ağacını.

        Ölüylə doludur hər tərəf, hər yan...
        Asılıb qalıblar var ağacından.
        Baxıb köynək-köynək tər tökür insan,
        Utanır boş qalan dar ağacından

        Vətənin özüdür bu dar ağacı,
        Asılsan, Vətəndən asılmalısan.
        Düşüb torpağına üzü qibləyə,
        Dikəlib daşında qazılmalısan.
        Sonra da Vətənin başının üstə
        Böyük hərflərlə yazılmalısan.

                                                        31 iyul 2011-ci il.

        Şəxsən mənə belə gəlir ki, Mərdanın rejissor kimi ən böyük uğurlarından biri də bir neçə il bundan əvvəl B.Vahabzadənin “Gülüstan” poemasını monopyes şəklində səhnələşdirməsidir. Hamımızın sevimlisi, istedadlı aktyor Şirzad Pirallahinin ifasında səhnə həllini tapan, Moskvada, Sumqayıtda, Şəkidə və digər mədəni mərkəzlərdə tamaşaya qoyulan bu monopyes rejissor Mərdan Feyzullayevin quruluşunda azadlığa təşnə B.Vahabzadə yaradıcılığının genelogiyasını nümayiş etdirirdi. Burada “Gülüstan” və “Şəhidlər” birləşdirilmişdi. Bu poemalardan birinin 1960-cı, digərinin 1990-cı ildə yazılmasına baxmayaraq, onların vahid bir süjetə malik olub, birinin digərinin davamı kimi ərsəyə gəldiyi görünürdü. Bu, əsil rejissor kəşfi idi. “Gülüstan” və “Şəhidlər” poemaları arasında Şəhriyarın, Məmməd Arazın, Xəlil Rza Ulutürkün istiqlal şeirlərindən parçalar verilməsi və onların “Gülüstan” və “Şəhidlər” axarında məharətlə birləşdirilməsi milli qeyrətin, işgüzarlığın və istedadın, bir sözlə, şüurları oyandıra biləcək şeirimizin və istiqlal poeziyamızın təntənəsi kimi səslənirdi.
        Əlbəttə ki, yaşadıqca illər və hadisələr bir-birini əvəz etdi. Bir gün “Facebook”-da belə bir qeydə rast gəldim: “Vaqif müəllim, sən mənim beynimdəsən! Səndə şair olmamaq da günahdır, ay Kiş kəndi!!! Məndən Tovla qayasına salam de! 09.07.2015. Mərdan Feyzullayev.
        Tovla qayası bizim Kiş kəndi ilə üzbəüz dayanan dağın ayağından başınacan ucalan və ucaldıqca genişlənən möhtəşəm və dağın özü boyda bir qayadır. Onda mən yenə də salamın ünvanına çatdırılmasına tələsdim:



        “Məndən Tovla qayasına salam de!”
        – Baş üstə!
        “İstəyirəm qadasını alam, de!”
        – Baş üstə!
        “Qayam məni salammasa yadına,
        Deyərsən ki, qurban olum adına,
        Yadındamı, oturmuşduq daş üstə?
        Uşaq idik, Böyük çaya baxırdıq,
        İllər keçib, yaş gəlibdir yaş üstə,
        Böyük çaya qoşulurduq, axırdıq.
        Duman vardı qayadakı qaş üstə.”

        Dedim:- Vardır salamın da sayasası.
        Durub getdim ... Bu da - Tovla qayası...
        Qoyubdur Xan yaylağına başını...
        Bardaş qurub Marxaldakı daş üstə.

        Dedim: - Sənə Mərdan bəydən salam var.
        Dedi: - Bəli, qəriblikdə balam var.
        Salamı da, kəlamı da baş üstə.
        Ürəyimiz boşalınca danışdıq.
        Ayrı şeymiş Vətən ilə tanışlıq.

                                                                    23 avqust 2015.

        2015-ci ilin ortalarında o mənə kompüter vasitəsi ilə gözlənilməz bir təklif etdi. Rejissor dostum S.Vurğunun “Vaqif” pyesini yeni motivlər üzrə səhnəyə qoymaq istəyirdi. Düzü, bu təklifdən şaşırdım. Bu sadə iş deyildi. Qanadlı poeziyamızın az qala son həddi hesab etdiyim S.Vurğun şerinin poetik ruhuna xələl gələcəyindən qorxurdum. Mərdan isə məni ruhlandırırdı. Belə razılaşdıq ki, o, yeni motivlər olacaq səhnələri necə görmək istəyirsə, onları nəsrlə təsvir etsin, mən də şeirə çevirim. Göndərdiyi hissələrlə tanış olduqca belə bir qənaətə gəldim ki, Mərdan “Qarabağnamə”ləri dəfələrlə sətir-sətir oxuyub , mühakimə və müqayisə süzgəcindən keçirmişdir.
    
    İşə başladıq... Bir ilə yaxın bir müddət beləcə keçdi. 2016-cı ilin yanvar ayının əvvəllərindən etibarən gəlib, Şəki Dövlət Dram Teatrının qonaq otağında yerləşən Mərdan “Vaqif” pyesi üzərində gərgin və fasiləsiz işə başladı. İlk dəfə idi ki, Şəki Dövlət Dram Teatrının aktyorları nəzm ilə tamaşa göstərəcəkdilər. Bu məsul işin öhdəsindən gəlmək üçün bir olmaq, birgə olmaq lazım gəlirdi. Demək olar ki, hər
gün görüşürdük. İşin daha bir üstün və ümidverici cəhəti onda idi ki, aktyorların çoxu Mərdanın keçmiş dostları idilər. Aktyorlardan Xanlar Həşimzadənin, Əbülfət Salahovun, Akif Yusifovun, Aydın Əlibalayevin və başqalarının işə necə bir məsuliyyətlə yanaşmaları Mərdana olan hörmət və sevginin təzahürü kimi özünü göstərirdi. Nəhayət, gözlənilən gün gəlib gəlib çatdı. 2016-cı ilin 12 mart günü necə də həyəcanlı idi...
        Premyeraya S.Vurğunun gəlini- mərhum Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilova-Babayeva və Səməd Vurğunun nəvəsi-Yusif Səmədoğlunun qızı gəlmişdilər.Tamaşa qeyri-adi bir həyəcanla və sürəkli alqışlarla başa çatdı. S.Vurğun ocağının gəlini Nüşabə xanım Vəkilova-Babayevanın sevinc yaşları heç vaxt mənim yadımdan çıxmayacaqdır. O, aktyor heyətinə, xüsusilə rejissor Mərdan Feyzullayevə minnətdarlığını elə bir səmimiyyətlə bildirdi ki, o səmimiyyətə vurulmamaq mümkün deyildi.
        Mərdanın daha bir xüsusiyyəti dostları və yaxınları ilə fəxr etməsi idi. “Vaqif” pyesinin uğurlu səhnə həllindən sonra o daha da ruhlanmışdı. Yaxınlarına baş çəkir, dostları ilə görüşürdü. Bu görüşlərdə yaddaşlar və xatirələr oyanır, göz və könül xoşluğu yaşanırdı.
    
    O hər şeydən əvvəl valideynləri və qardaşları ilə fəxr edirdi. Axı, onlar sadə, səmimi və xeyirxah adamlar idilər. Xüsusilə II Dünya müharibəsinin odu və alovları arasından keçib gələn atası həyat məktəbi qədər zəngin idi. Necə fəxr etməmək olardı?

        2016-ci ilin 9 May günü Moskvada yaşayan Azərbaycanlılar II Dünya müharibəsi ərəfəsində o zamankı SSRİ-ni müdafiə edən valideynlərinin portretlərini başları üzərində tutaraq Qızıl Meydana nümayişə çıxmışdılar. Onların arasında atası Qafıl oğlu Əhmədiyyənin portretini qürurla tutan Mərdan da var idi. O, “Xocalı faciəsi: tarixi uzaq deyil” (Ходжалинская трагедия: сроку давности не подлежит. Тула, 2007.) kitabının müəllifi, həmyerlimiz Cəfər Sadiqlə yanaşı addımlayırdı. Kəndi, şəhəri və ölkəsi, ata-anası, qohum – qadaşı və ətrafı ilə fəxr edən bu insanlar dünyanı iblislikdən xilas edən əsil qəhrəmanlar kimi görünürdülər. Onlara qibtə etməmək mümkün deyildi. Facebook-da onları izlədikcə qət etdim ki, xoşbəxtliyin bünövrəsində süd və sümük halallığı durur. Haqqa və ədalətə arxalananlar yenilməz olurlar. Faşizm üzərindəki qələbənin 71 illiyi Azərbaycan və Azərbaycanlılar üçün iblis üzərində qələbə simvolunda idi. Onların baxışları haqsızlığa və qədirbilməzliyə tuşlanan lazer şüalarını xatırladırdı.

        Baxdım, baxdım doyunca.
        Mənə elə gəldi ki, Qızıl Meydan boyunca
        Dolaşır addım-addım ruhu veteranların...
        Xoş imiş yaşantısı həyəcanlı anların.

        Görənlər bilir ancaq o an necə an idi.
        Ruhlar necə qayğıkeş, necə mehriban idi.
        Ruhlar övladlarının durmuşdu başı üstə.
        Sanki yaş gəlməmişdi kimsənin yaşı üstə.

        Canlanmışdı onların dayanmış həyatı da.
        Durmuşdu heyran-heyran Kremlin saatı da.
        Süzürdü bu səhnəni heyrət içində hamı.
        Gələcəyə gedirdi veteran izdihamı.


        Sinəsi medallı, döşləri nişanlı, şöhrətli və şanlı ata-anaların övladları başları üzərində bayraq kimi tutduqları portretlərlə sanki demək istəyirdilər: “Dünya, sən xoşbəxt olasan deyə biz nümayişə çıxmışıq!”
        Bundan bir ay sonra “Vaqif” pyesinin paytaxtda onanılacağı xəbərini eşitdik. Mərdan Moskvadan, mən isə Şəkidən Bakıya yola düşdük. Bakıda görüşdük. Yeni motivlər üzrə yazılan “Vaqif”in paytaxtda necə qarşılanacaığı məni daha çox maraqlandırırdı. Axı, o yeni motivləri mən nəzmə çəkmişdim...
        2016-cı ilin 7-8 iyununda Bakıda Musiqili Teatrda səhnəyə qoyulan “Vaqif” pyesi yenə də tamaşaçı rəğbəti qazandı. Tamaşa ilə bağlı rəylər və yazılar da elmi sanbalına görə diqqəti cəlb edirdi. Bu-böyük hadisə idi. S.Vurğun şəxsiyyətinə hörmət, tarixə və tarixi həqiqətlərə sədaqət burada aparıcı rol oynamışdı. Gərgin iş, quruluşçu rejissor və ssenari müəllifi kimi qonararsızlıq da məqsəə gedən yolda ona mane ola bilməmişdi.
    
    Sabir Rüstəmxanlı, Asif Rüstəmli, Ədalət Tahirzadə, Fəxrəddin Meydanlı, Ənvər Əhməd, Ələddin Əsədzadə kimi ziyalıların rəğbətini qazanmış tamaşa KİV-in gündəmində özünəməxsus yer tutmuşdu. Mərdanın mərdanəliyinə və rejissor cəsarətinə heyran qalanların sayı çox idi.

        Bakıda olan görüşlərimizdə Mərdan yenidən neçə il bundan qabaqkı söhbətimizə qayıtmış, “Kötük” pyesini tamaşaya qoyacağını, “Hüseyn xan Müştaq” üzrə film çəkmək fikrində olduğunu təkrar-təkrar vurğulamışdı. Əlbəttə ki, mən bundan çox sevinmişdim...

* * *

        Təxminən bir ay bundan əvvəlin söhbətidir. Yenə də gecədir. Yenə də telefonum zəng çalır. Götürürəm. Danışan İlham Feyzullayevdir. İlham bura qədər təsadüf etmədiyim qəribə bir intonasiya ilə danışır:
        -Gecənin bu vaxtı sənə zəng edirəm. Dərdimi dağıtmağa, hüznümü bölüşməyə adam axtardım. Ağlıma birinci sən gəldin.
        -Böyük qardaş, axı, nə olub?
        -Mərdan dünyasını dəyişib.
        Söz tapa bilmədim. Sarsıldım. İşıqları söndürülmüş otaqda dünya başıma fırlandı. 


Şəki, Kiş kəndi,
11 sentyabr 2017-ci il. 

"Bütün atılan güllələr Anaların qəlbində partlayır!"

19 Ağu 2017 03:49 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 19 Ağu 2017 04:38 güncellendi ]

Qardaş Türkiyənin İstanbul şəhərində
 həmyerlilərimiz Kəmalə Nəbibəyli
Elçin İmanovAygün Həsənoğlu tərəfindən 
yeni qurulmuş "İstanbul-Azərbaycan Teatrı"nın 
ilk layihəsi olan “Adsız qadın” tamaşası 
2016-ci ilin dekabr ayından başlayaraq 
İstanbul tamaşaçılarına nümayiş etdirilir. 
Premyerası son dərəcə təntənəli keçən tamaşa 
Türkiyə tamaşaçıları tərəfindən 
böyük maraqla qarşılanmışdır.


Murad Nəbibəyov,
"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı


    
    Dramaturq Aygün Həsənoğlunun eyniadlı pyesi əsasında hazırlanmış tele-tamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaşıçısı Kəmalə Nəbibəylidir. Tele-tamaşada İstanbulda təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə vətəndaşları da iştirak etmişlər. Film çəkilişləri İstanbulda və Yalovada yerli sakinlərin evlərində, onların iştirakı ilə aparılmışdır.
        Əsər Xocalı soyqırımını bütün dəhşətləri ilə bir ailənin taleyində əks etdirir. Xocalı soyqırımında bütün ailəsini itirmiş, erməni girovluğunda işgəncələrə məruz qalmış, bütün bu insanlıq faciəsinin şahidi olmuş qadın keçirdiyi ağır ruhi sarsıntı nəticəsində ağlını itirəcək hala gəlmiş və ruhi xəstxanaya yerləşdirilmişdir. Uzun illər sonra qadın, nəhayət ki, yaşadıqlarını danışmaq qərarına gəlir və yanına gəlmiş jurnalistə gördüklərini anlatmağa başlayır. Bundan sonra tamaşaçının gözləri önünda sadə və normal bir ailə həyatı canlanır. Ana qızının toyuna hazırlaşır, oğlunu evləndirmək haqqında da düşünür. Bir qadın kimi xoşbəxtdir, çünki həyat yoldaşı ilə birlikdə 2 tərbiyəli, ağıllı övlad böyütmüşdür. Ana qızına cehiz hazırlayır, lakin o, həm də narahatdır. Çünki yaşadığı şəhər düşmən atəşinə məruz qalır. Evin kişisi düşmən atəşindən yaralanır. Qadın övladlarının gələcəyi haqqında xoşbəxt planlar qurarkən həm də narahatlıq hissini gizlədə bilmir. Fəqət...
    
    ...Qəflətən atəş başlanır və ananın bütün gözəl xəyalları ilə birlikdə həyatı da müharibənin od-alovu içərisində bir anda darmadağın olur. Həyat yoldaşı mənfur düşmən tərəfindən qətlə yetirilir, qızını və özünü girov götürürlər. Onun gözləri qarşısında gənclər, uşaqlar, qocalar vəhşicəsinə öldürülürlər...
        Ana girov götürüləndə qızını şalla özünə sarıyaraq düşməndən gizlətmək istəyir. Lakin yağılar uşağı tapır və sürüyərək aparırlar. İşgəncələrdən fəryad qoparan övladının köməyinə çata bilməyən ana da fəryad qoparır. Lakin ananın yaşadığı dəhşətlər bununla bitmir. Düşmən onun oğlunu da əsir alır və oğlunun gözləri qarşısında ananı soyundurur. Oğul anasını bu vəziyyətdə görməmək üçün gözlərinin bərk-bərk yumur və qədər işgəncə versələr də gözlərini açmır. Oğlanı döyürlər, bədənindən parça-parça ət qoparırlar, lakin o yenə də gözlərini açmır ki, açmır və nəhayət aldığı işgəncələrdən gözlərini həyata əbədi yumur...
        Əsərin ən dəhşətli səhnəsi də məhz buradır: Ana oğlunun ölümünə o qədər sevinir ki, qol açıb oynayır. Ana ona görə sevinir ki, oğlu onu çılpaq halda görmədi. Ana təkcə öz övladlarının qətlini deyil, digər insanların, xüsusilə də uşaqların qətlini görür, ağlayır, fəryad qoparır. Lakin girovluqdan geri alındıqda artıq tamamilə duyğusuzlaşmış, daşlaşmış vəziyyətdədir. İnsanlardan qorxur, özünə gələ bilmir. Yalnız illər keçdikdən sonra gördüklərini danışmağa başlayır və tamaşanın mövzusunu da elə bu xatirələr təşkil edir.
    
    Tamaşada bir qadının - ANANIN həyatından keçən müharibənin dəhşətləri, sarsıntıları ən ağır detallar ilə təsvir edilmişdir. Bir qadının analıqdan girovluğa, ruhi xəstəxanaya, daha sonra şahidə, sonra ittihamçıya, ən sonda isə öz haqqını, qadınlığını geri almaq, dünayda ədaləti bərpa etmək üçün mübarizəyə qədər gedən yolu əks etdirilir. Ana ailəsini, əzizlərini, evini, ən əsası isə, qadınlığını itirmişdir. Buna səbəb isə böyük güclərin dəstəklədiyi terrorist, işğalçı qüvvələrdir. Ana günümüzdəki müharibə və terrorun bu qədər böyüməsinin səbəbi kimi Xocalı soyqırımını görür. “XOCALIDA QAN ÇİLƏNDİ ÜZÜNƏ DÜNYANIN! XOCALIDA ÇIXDI DÜNYANIN OXU YERİNDƏN!” deyir. Ana insanları terrora, müharibələrə qarşı mübarizəyə çağırır, çünki “BÜTÜN ATILAN GÜLLƏLƏR ANALARIN QƏLBİNDƏ PARTLAYIR”.
        Bəli, müharibələrdə ən çox itirən tərəf qadınlardır. Qadın həyat yoldaşını itirir, övladlarını itirir, ata-anasını, evini itirir. Ona görə də bütün müharibələrə, terrora, soyqırımlara “DAYAN!” deyilməlidir. Müharibənin od-alovu içərisində hər şeyini, o cümlədən analığını, qadınlığını itirən qadın ona qarşı mübarizəyə qalxır.
        Pyesə rejissor yorumunun maraqlı məqamlarından biri də məhz burada ortaya çıxır. Tamaşanın əvvəlində ruhi xəstəxanada dəli vəziyyətində olan qadının əlində bir körpə bələyi var və müasir dövrlə bağlı bütün səhnələrdə ana bu bələyi qucağından buraxmır, onu bağrına basır, oxşayır, ona lay-lay deyir. Tamaşanın sonunda isə “Mən haqqımı almağa gedirəm!” deyərkən bələyi acır, bu zaman bələkdə uşaq deyil, bir silah olduğu görünür.
* * * 
    
    Ümumiyyətlə, Elçin İmanovun pyesə rejissor baxışı son dərəcə maraqlı və özünəməxsus bir ampluada özünü göstərir. Əsərin Azərbaycanda qoyulmuş səhnə varinatından fərqli olaraq bu tamaşa insanda ruh düşkünlüyü deyil, əskinə, mübarizə əzmi və döyüş ruhu oyadır. Bütün bu dəhşətləri yaşamış bir qadın: “Böyük güclər” deyirsiniz? Mənəm ən böyük güc! Mənəm hüquq! Ədaləti dünyaya biz analar gətirəcəyik!” deyə səsini yüksəldir.
        Həqiqətən də qadın dünyanı idarə edən güclərin önündə dayana biləcək qədər böyük qüvvədir. Rejissor tamaşada bir qadın obrazını fərqli məqamlarda göstərir, onun hadisədən hadisəyə, səhnədən səhnəyə inkişafını mərhələli şəkildə təqdim edir. Filmlə səhnə arasında son dərəcə dəqiq və ardıcıl şəkildə qurulmuş bir nizam xüsusilə diqqəti cəlb edir. Filmin səhnələri daha çox şüuraltına xitab edir, səhnə isə hələ şüuraltına köçməmiş anları canlandırır. Obrazlar və səhnələr bir-biri ilə sıx bağlanır, bir-birini xüsusi bir nizamla təqib edir. Onu da qeyd etmək lazımdır ki, əsər əslində monopyes şəklində yazılmışdır. Səhnəyə digər obrazların canlı şəkildə gətirilməsi və teleteatr üslubuna müraciət edilməsi rejissorun ideyasıdır. O cümlədən, tamaşanın sonunda silahını köksünə basıb gedən ananın arxasında torpağın hərəkətə gəlməsi, torpaq altındakı şəhid ruhların da qalxaraq dağlar kimi ananın arxasınca yürüməsi həm son dərəcə təsiredici, həm də teatr estetikası baxımından maraqlı alınmışdır. Eyni zamanda məhz bu səhnə Aygün Həsənoğlunun yaradıcılığından ana xətt kimi keçən “Sən bacararsan! Səni yalnız Sən xilas edəcəksən!” ideyasının obrazlaşmış təcəssümüdür.
* * * 

    
    Qarabağ döyüşlərini ilk dəfə səhnəyə gətirən dramaturq Aygün Həsənoğludur. Aygün Həsənoğlu müharibənin içində müharibəni əks etdirən yazıçıdır. Əsərlərində Azərbaycan tarixinə və Qarabağ müharibəsinə müxtəlif prizmalardan, müxtəlif mövzular və obrazlar silsiləsi ilə yanaşan müəllif bu əsərdə Qarabağ müharibəsinə və Xocalı soyqırımına bəşəri faciə və insan faciəsi nöqteyi-nəzərindən yanaşmışdır. Əsərdə “erməni” adı demək olar ki, çəkilmir, lakin onun obrazi terrorizmin, faşizmin və işğalçılığın bütünləşmiş qəddar simasında əks etdirilir. Tamaşaçı onu tanıyır, görür, ona nifrət edir. Eyni zamanda problemin yalnız ermənidə deyil, həm də bu cür işğalçı-terrorçu gücləri dəstəkləyənlərdə olduğunu anlayır. Müəllif əsərin 2001-ci ildə yazılmış şəklinə bəzi əlavələr etmiş,
əsərin ruhunda gizlənmiş mətləbləri daha sərt və açıq şəkildə üzə çıxarmış, günümüzdəki münaqişə və müharibələrə də toxunmuşdur. Bir çox əsərlərindən fərqli olaraq, müəllif burada finalı tamaşaçının öhdəsinə buraxmır, onu öz arxasınca çəkir. Müəllif ideyası ilə rejissor baxışı məhz burada birləşir və yüksələn xətlə inkişaf edir. Tamaşa döyüş ruhu oyadan bir həyəcanla, təsirlə bitir. Rejissor əsərin əsas məğzini aktyor oyunu və öz yorumu ilə birləşdirərək soyqırım mövzusunu teatr estetikasına uyğun şəkildə səhnənin dili ilə əsl teatr tamaşası kimi təqdim edə bilir. Rejissorun təqdimatında səhnədən səhnəyə dəyişərək keçən obraz və mövzu inkişaf edir, xoşbəxt ritmlərlə başlayan insan taleyi şəkildən-şəklə keçdikcə fərqli obrazlar şəklində, amma xüsusi bir nizamla təqdim olunur. Hadisənin başlanğıcı, inkişafı və sonu, obrazın dəyişən - gah tündləşən, gah da sərtləşən amplualarda təsviri tamaşaçını həyəcanda saxlayır. Rejissor, obrazı və hadisəni səbrlə, amma yüksələn xətlə izləyir. Kino və teatr elementlərini məharətlə birləşdirir.
Eyni zamanda mövzunu müasir dövrlə bağlayaraq bitməyən müharibələrin əsl qaynağını səhnənin, obrazın dili ilə göstərir. Elçin İmanov əsəri tək obrazdan çıxarıb, əsərdəki kölgə obrazları canlandırır, bununla da baş rol ifaçısının üzərindəki ağır yükü yüngülləşdirir, bölüşdürür. Rejissor hər bir obrazı danışdırır, hətta səssiz kinokadrlarda ekranı tutan erməni siluetinin qorxunc kölgəsi də tamaşaçıya özünü təqdim edir. Yaxud sürüyərək gətirilən gəncin böyük güclərin dəstəklədiyi düşmən qarşısında ilk baxışda zəif görünən vücudu sonra sanki qaya parşasına dönür. Yaralı gəncə bir neçə düşmən işgəncə verir, lakin onun əzmini qıra bilmirlər. Öldürürlər, amma məğlub edə bilmirlər. Kinokadrlarda kölgə kimi görünən bu obrazların hər biri səhnədəki obraz qədər canlı təsir bağışlayır. Bütün obrazlar və səhnələr tamaşaçıya təsir edir, onu həyəcanda saxlayır. Hətta tamaşaçı hadisənin sonluğunu bilsə də finala qədər intizarda qalır. Bu tamaşa, həqiqətən də Elçin İmanovun böyük rejissorluq potensialını açmışdır.

* * * 
    
    Kəmalə Nəbibəyli, demək olar ki, tamaşanı bütün ağırlığı ilə sona qədər öz çiyinlərində məharətlə aparır. Aktrisa, bır obrazda bır neçə obrazı ustalıqla birləşdirərək, qadın dünyasının bütün dərinliklərinə qədər enməyi, onu hər cəhəti, hər çaları ilə əhatəli şəkildə təqdim etməyi bacarır. Tamaşa film görüntüsü ilə başlayır. Əslində bu görüntüdəki qadın müasir dövrdəki qadındır, amma hələ də keçmişlə bu gün arasında, xatirələrlə gerçəklik arasında qalmış, müasir həyata uyğunlaşa bilməyən qadındır. Əynindəki ağır ruhi xəstələr üçün geyimdən başlamış, üzündəki qırışlara, saçlarındakı bozluqlara qədər, müharibə gerçəkliyinin bir simvoludur. Qadın qarşısındakı jurnalisti də müharibənin içinə çəkir, çünki, müharibə hələ bitməmişdir, hələ torpaqlar işğal altındadır, hələ əsir-girovluqda insanlar var, hələ də burada uşaqlara güllə atılır. İllər keçsə də, qadına bu dəhşəti yaşadanlar cəzalandırılmamışdır və o, artıq anlamışdır ki, bir müharibə cinayətinin şahidi kimi danışmalıdır. Çünki, bu, onun son intiqamıdır. Bütün dünya bilməlidir ki, onun şəhərində nələr oldu - qocalar öldürüldü, qadınlara, qızlara təcavüz edildi, gənclər işgəncələrlə qətl yetirildi, insanların yaşamaq haqqı əllərindən alındı.
Həm də öz haqlarını istədiklərini iddia edənlər tərəfindən. Qadın jurnalistə yaşadıqlarını danışmağa başlarkən, işğaldan əvvəlki dövrə gedir. Onun bir ailəsi vardı - uşaqları, həyat yoldaşı vardı. Gələcək haqqında gözəl xəyalları vardı. Bütün bunlar əlindən alındı. Bir insan kimi, bir qadın kimi, ona məxsus olan hər şeydən məhrum oldu. Artıq o, adını da unutmuşdur, çünki artıq ana deyil, həyat yoldaşı da deyil, qaynana da deyil. Bunların hamısını itirmişdir.
        Kəmalə Nəbibəyli səhnədən səhnəyə keçdikcə dəyişən qadının bütün yaşantılarını son dərəcə ustalıqla, təbii şəkildə yaradır. Obrazı və müharibəni öz ruhundan keçirdiyi üçün də səhnədə tamaşaçını inandırır. Bütün məqamlarda o təbii görünür-övladının toy həyəcanını yaşayan ana kimi, oğlunun seşəcəyi qızın yemək bişirib-bişirə bilmədiyinin qayğısını çəkən qaynana kimi, qonşu gəlinin bacarıqsızlığına baş silkələyən qonşu qadın kimi, yeri gələndə siyasi hadisələrə də emosional tərzdə münasibət bildirən, hökumət başçısının laqeydliyindən gileylənən vətəndaş qadın kimi, düşmən əsarətinin dəhşətini yaşamış girov qadın kimi, müharibə cinayətlərinin şahidi olan zərərçəkmiş qadın kimi, terror və soyqırımları, işğalı dəstəkləyən güclərə etiraz edən bir ittihamçı kimi, nəhayət, öz haqqını qorumaq üçün öz arzularını silaha çevirən mübariz qadın kimi!
Bəli, bütün tamaşa boyu qoynuna basdığı bələkdəki qızının, oğlunun dünyaya gəlməmiş körpəsidir. Məhz bu bələklə o yalnız ana kimi deyil, həm də nənə kimi meydana çıxır. Lakin o körpə doğula bilmədi, çünki onun övladlarını öldürdülər. O körpə ananın arzusu idi, bu arzu öldürüldükdə isə anaların intiqamı dəhşətli olur. Ana övladlarının qanını istəyir, lakin bu da rəmzidir; çünki “ANALAR QANDAN DA MƏLƏKLƏR DOĞURLAR”! Ana bələyi açır və içindəki kiçik bir silahı ədalətin silahı kimi əlinə alır: “Mən haqqımı almağa gedirəm, mənimlə gəlirsinizmi?” - deyərək səhnəni tərk edir. Bu sözləri deyərkən bağırmır, kimisə məcbur etmir, fəryad da qoparmır, sadəcə: “Mənimlə gəlirsinizmi?” - deyə soruşur. Çünki dünyada hələ Xocalı yaşanır, hələ də uşaqlar, günahsız insanlar qətlə yetirilir.
    
    Kəmalə Nəbibəyli müharibə qurbanı olan qadının obrazını yaradarkən, onu bütün rəngləri ilə təqdim edir, imdad diləyən, fəryad qoparan qadından döyüşkən qadına çevrilən obrazı bütün psixoloji çalarları ilə yaşadır, təkcə Xocalı-Qarabağ qadınının deyil, dünya qadınlarının səsinə çevrilir. Aktrisanın fərqli obrazları ustalıqla bir tamaşada təqdim etməsi onun potensialının göstəricisidir. Tamaşa boyu bütün yaşananlar onun baxışlarında elə toplanır ki, tamaşaçı bu təsirdən çıxa bilmir. Kəmalə özü bu dəhşəti yaşayır və tamaşaçıya da yaşadır. Ona görə də obraz uğurlu alınır - səsi, baxışları, hərəkətləri, plastikası, hətta susması belə, tamaşaçıya ciddi şəkildə təsir edir, onu öz arxasınca aparır.
* * * 
    
    Əsərin müəllifi Aygün Həsənoğlu 2001-ci ildə yazdığı bu əsərin əvvəllər səhnələşdirildiyini, lakin aktyor Şükufə Musayevanin bütün zəhmətinə və fədakarlığına baxmayaraq, rejissorların ona kömək etmədiyindən həmin tamaşanın istənilən nəticəni vermədiyini vurğulayır. Bu tamaşanın İstanbulda səhnələşdirilməsində Kəmalə Nəbibəylinin həm maddi, həm də mənəvi cəhətdən böyük zəhmətini qiymətləndirən dramaturq, tamaşaya quruluş vermiş Elçin İmanovun orijinal yanaşma tərzini və yorumunu da çox bəyəndiyini söyləyir. “Böyük işlər görməyə böyük də ürək lazımdır!” - deyən Aygün Həsənoğlu Xocalı soyqırımını əks etdirən “Çiçəklər açılanda” və “Ruhların səsi” adlı pyeslərinin hələ 1992-ci ildə yazıldığını, lakin rejissorların bu mövzuda əsərlə işləmək istəmədiklərini də vurğuladı. Müharibə, terror və soyqırımların, xüsusilə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklərin ekran və səhnələrə yol tapmasının vacibliyini bidirən müəllif, ən böyük təbliğatın mədəniyyət və ədəbiyyat olduğunu dedi: “Burada mövzuya insan taleyi nöqteyi-nəzərindən
yanaşmışıq. Səhnədən və ya ekrandan obrazın dili ilə deyilən söz bir siyasətçinin sözlərindən daha çox təsir edir. Bu cür mövzuları elə təqdim etmək lazımdır ki, orada baş verənləri hər kəs öz həyatında, öz ailəsində ola bilıcəyini təsəvvür edə bilsin, Xocalı soyqırımını insanlığın faciəsi kimi görə bilsin. Təəssüf ki, biz dünyaya bu səviyyədə film təqdim edə bilməmişik. Bunun da səbəbi odur ki, Azərbaycan kinorejissorları məhz bu nöqtədən baxmağı bacarmırlar. Başa düşmürlər ki, sadəcə bir insanın taleyini götürüb bəşəriyyətin taleyi kimi təqdim etmək olar. Elçin İmanov məhz bu nöqtədən əsərə baxmağı bacardığı üçün tamaşa uğurlu alındı. Həm də az imkanla böyük iş görə bildi. Kəmalə Nəbibəylinin hər kəsə nümunə olacaq fədakarlığı isə, həqiqətən də təqdirəlayiqdir. Tamaşanın xərcinin böyük hissəsini məhz o, özü şəxsən ödəyib. Təsəvvür edin ki, İstanbulda heç məşq etməyə də yer olmayıb. Ən kiçik məsələlər də çox çətinliklə həll olunub. Buna
görə də Elçin İmanova, Kəmalə Nəbibəyliyə və tamaşada əməyi olan hər kəsə dərin minnatdarlığımı bildirirəm. Əlində böyük teatrın imkanları olanlar isə bəzi texniki çatışmazlıları böyüdüb tamaşanın üzərinə kölgə salmaq istəsələr də buna nail olmadılar. Çünki ortada bir uğurlu tamaşa var, həm də dövlətdən heç bir maddi dəstək almadan böyük iş görülüb. İndi müvafiq qurumların və KİV-lərin bu görülən işin daha yüksək səviyyədə alınması və təqdim edilməsi üçün dəstək vermələri lazımdır.”
        Türkiyədə nümayiş etdirilən tamaşalar həqiqətən də tamaşaçılarda böyük təəssürat oyada bilmişdir. Anşlaqla keçən tamaşaların sonu hər dəfə uzun sürən alqışlarla bitir, hətta tamaşa qurtardıqdan sonra sonra da tamaşaçılar zalı tərk etmək istəmirdilər. Salondakıların göz yaşlarını saxlaya bilməməsi yaradıcı heyətin öz məqsədinə nail olduğundan xəbər verirdi.

        Haşiyə: “Adsız qadın” tamaşası haqqında yazdıqca istər-istəməz xəyalımda “Fəryad”“Dolu” filmləri canlanmağa başladı. Bu iki filmdən başqa isə Qarabağ müharibəsini olduğu kimi özündə əks etdirən heç bir tutarlı bədii, yaxud sənədli əsər yadıma düşmədi...
        Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin ssenarisi əsasında Ceyhun Mirzəyevin həm rejissoru, həm də baş rolunun ifaçısı olduğu Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edən “Fəryad” və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasın ssenarisi əsasında Elxan Cəfərovun rejissoru olduğu “Dolu” filmləri də bildiyiniz kimi, Qarabağ müharibəsində nankor qonşularımızın iç üzünü – vəhşiliyini olduğu kimi tamaşaçıya çatdıran əsərlərdir. Və bu gün həqiqətən də belə əsərlərin sayının çox az olması soydaşlarımızı ən çox düşündürən məsələlərdən biridir...

        P.S. Onu da diqqətə çatdıraq ki, hazırda “Adsız qadın” tamaşasının rus dilində variantı hazırlanır. Artıq Rusiyadan, Ukraynadan Kıbrızdan, Almaniyadan tamaşa ilə maraqlananlar var. İnanırıq ki, Kəmalə Nəbibəylinin təqdimatında və Elçin İmanovun quruluşunda “ADSIZ QADIN” tamaşası həm Xocalı soyqırımının, həm Dağlıq Qarabağ münaqişəsinin tanıdılmasında, həm də İstanbul-Azərbaycan Teatrının daha yüksək arenaya çıxmasında və mədəniyyətimizin, tariximizin təbliğində böyük rol oynayacaqdır.

"Şəki Bələdiyyəsi" qəzeti,
№ 8 (154), Avqust 2017



"Palatanın təklifimizə rəyi çox qərəzli və aşağı əyarlı idi...”

13 Tem 2017 06:50 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 13 Tem 2017 06:59 güncellendi ]

“Təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, 
nazirlərin maaşlarına çatdırılması kursu 
götürülsəydi, 
mən bunu alqışlayardım” 
Əli Məsimli

Azərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Moderator.az-a müsahibəsini təqdim edirik: 



Söhbətləşdi:
Zülfüqar HÜSEYNZADƏ,
Moderator.az xəbər portalının baş redaktoru


        - Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasla bağlı fikirlərinizi almaq istərdik....

        - Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidentinin qobal, regional və ölkədaxili məsələlər kontekstində bir sıra mesajlarını ölkəmizin mənafeləri baxımından çox vacib hesab edirik. İlk növbədə Azərbaycan Prezidentinin bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşünü bizim strateji əlaqələrimizi təsdiqləyən və Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirməsini xüsusi qeyd etmək istərdik. Deməli, Azərbaycan-ABŞ arasında geniş spektrli dialoq öz bəhrəsini verib ki, Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin başlanması mesajı verildi. Bu, həm də o deməkdir ki, Azərbaycan-Amerika münasibətlərində enerji və təhlüksizlik məsələləri ilə yanaşı, həm də təkamül yolu ilə demokratiyanın və islahatlarin genişləndirilməsi və s. bu kimi məsələlər tədricən ön plana çıxa bilər. Dialoq zamanı nəzərdə tutulan həmin məqamlar dolğun şəkildə gerçəkləşməyə başlasa, Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaranacaq. Avropa Birliyi ilə Azərbaycan arasında yeni saziş hazırlanıb həyata keçirilməsi həmin əlaqələri genişləndirəcək. Avropa Birliyi və dünya dövlətləri ilə daha sıx və fəal əməkdaşlıq kursu müstəqilliyinə real məzmun vermək yolu tutmuş Azərbaycanın mənafelərinə və milli maraqlarına tam uyğundu. Çünki Azərbaycanın dövrümüzün yeni çağırışlarına ən dolğun cavabı, rəqabətədavamlı səmərəli inkişafı və əsl sosial- iqtisadi tərəqqisi cəmiyyət həyatının bütün sahələrində sistemli demokratik islahatlardan keçir.

        - Ölkədaxili məsələrə aid hansı məqamları xüsusi qeyd etmək olar?

        - Ötən il Azərbaycan iqtisadiyyatının yaşadığı resessiya ilə əlaqədar olaraq hələ də iqtisadiyyatının ümumi durumunun inteqral göstəricisi olan ümumi daxili məhsul, onun adambaşına həcmi, əhalinin real gəlirlərinin azalmaqda davam etməsi ilə yanaşı, son aylar qeyri-neft sektorunda, sərmayə qoyuluşunda, tikintinin yenidən canlanmağa başlamasında, ödəniş və həm də xarici ticarət balansında, qeyri-neft ixracında özünü göstərən müsbət meyllərin dairəsinin genişləndirilməsi və davamlı xarakter alması xeyli dərəcədə islahatların nə dərəcədə gerçəkləşdirilməsindən asılı olacaq. Ona görə də Srtateji Yol Xəritəsində nəzərdə tutulan istiqamətlərdə tədbirlər, qeyri-neft sektorunun üstün inkişafı, struktur islahatları, sahibkarlığın inkişafı, aqrar islahatlar və s. davam etdiriləcək. Sərmayə qoyuluşlarını artırmaq, xüsusən də regionların sərmayə cəlb edilməsi sahəsindəki manelərin aradan qaldırılması istiqamətində səylər artırılacaq. Bir sıra rayonlarda icra başçıları rəhbərlik etdikləri rayonların inkişafına təkan verməkdən, sərmayə qoyuluşlarını artırmaqdan ötrü bütün imkanlarını səfərbər edib deyə, konkret nəticələr də görünür... Amma elə icra başçıları da var ki, bu istiqamətlərdə nə özü bir iş görür, nə də rayona sərmayə qoymaq istəyənlərə əməlli-başlı bir şərait yaradır. Ona görə də belə rayonlarda problemlər problemin üstünə gəlir, yeni açılan iş yerləri barədə şişirdilmiş rəqəmlər ordakı məşğulluğun real vəziyyətinə uyğun gəlmir. Bu ilin sonlarında öz işini günün tələbləri səviyyəsində qura bilməyən icra başçıları barədə adekvat tədbirlərin görüləcəyi məsələsi çox aktuallaşacaq.
        Dövlət başçısının məmurlar barədə dəfələrlə dediyi fikirlərin bu dəfə də təkrarlanması və bu yöndə real addım atması o deməkdir ki, artıq deyilənlərin gerçəkləşdirilməsi mərhələsi başlanıb. Ona görə də dövlət başçısının çıxışında yenidən əks olunduğu kimi “məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var”... “Məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.

        - Milli Məclisin yaz sessiyası və onun növbədənkənar iclaslarını başa vurmaqla siz də 2017-ci ilin birinci yarısına yekun vurdunuz. Milli Məclisin yaz sessiyasının növbədənkənar iclası çağırılanda çoxları elə düşündü ki, islahat xarakterli sənədlərin içində əhalinin dollarla olan kreditlərinə bir əncam çəkiləcək sənəd də olacaq. Amma gözləntilər özünü doğrultmadı...

        - Bəli, hazırda əhalinin xarici valyutada olan kreditləri ətrafında yaranmış gərginliyin yumşaldılması məsələsi ən əsas gözləntidir. Cəmiyyətimizə yaxşı məlumdur ki, biz deputat həmkarım Vahid Əhmədovla birlikdə manatın devalvasiyası zamanı xarici valyutada olan borcların artmasının yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan TƏKLİFLƏR PAKETİ hazırlayıb, aidiyyatı orqanlara göndərmişik. Bizdən əlavə Milli Məclisin sədri də həmin TƏKLİFLƏR PAKETİNİ aidiyyatı orqanlara göndərib. Bizdə olan məlumata görə, ümumiyyətlə götürdükdə həmin təkliflərə münasibət yaxşı olub. Amma təəssüf ki, hələ də rəsmi cavab almamışıq...

        - Deputat həmkarınız Vahid Əhmədov da bizimlə söhbətində təəssüflə bildirib ki, hələ həmin TƏKLİFLƏR PAKETİNƏ rəsmi cavab gəlməyib... Sizin TƏKLİFLƏR PAKETİNƏ münasibət yaxşı olubsa, bəs indiyə qədər niyə rəsmi cavab gəlməyib?

        - Bəli, Vahid müəllim düz deyir, təəəsüf ki, həmin TƏKLİFLƏR PAKETİNƏ rəsmi cavab gəlməyib... Çünki TƏKLİFLƏR PAKETİNƏ Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi mənfi olub. Əslində bunu əsaslandırılmış mənfi rəy yox, çox aşağı əyarlı və qərəzli, ümumi işin xeyrinə olmayan bir rəy, banka dollarla borcu olan yüz minlərlə insann iztirablarına biganəlik nümunəsi adlandırmaq olar.

        - Sizcə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sizin TƏKLİFLƏR PAKETİNƏ mənfi rəy verməsinin səbəbi nədir?

        - Fikrimizcə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bizim TƏKLİFLƏR PAKETİNƏ mənfi rəy verməsinin əsas səbəbi odur ki, özləri xarici valyutada olan kreditləri ətrafında yaranmış gərginliyin yumşaldılmasına yönəlik sanballı, normal br sənəd hazırlayıb ortaya qoya bilmirlər və eyni zamanda həm də bu sahədə irəli sürülən təklifləri, o cümlədən, bizim TƏKLİFLƏR PAKETİNİ həzm edə blmirlər ki, niyə belə bir sənədi onlar yox, biz ortaya çıxara bilmişik.
        Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması məsələsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunanda Vahid müəllimlə biz həmin Palatanın fəaliyyətinə uğurlar dilədik, gözləntilərimizi ifadə etdik və bildirdik ki, yeni yaranan qurum ciddi islahatlar xarakterli addımları köhnə qurumlardan daha maneəsiz və sürətlə ata bilər. Əgər Palata bu yolla getsə, onun fəaliyyətini birmənalı şəkildə dəstəkləyəcəyik.

        - Dəstəklədinizmi?

        - Xeyr, Palatanın fəaliyyətləri bizi qane etmədiyindən buna lüzum olmadı... Hamı bilir ki, biz yalnız islahat xarakterli və mütərəqqi addımları dəstəkləyirik. Təssüf ki, hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Milli Məclisə təqdim etdiyi sənədlər çox vaxt çiy, gecikmiş, yarımçıq xarakterli, problemin birinci dərəcəli məsələsini bir kənarda saxlayıb, bəlkə də üçüncü-dördüncü dərəcəli məsələsinə yönəldilməsinə və islahatların bütün ağırlığının əhalinin və biznesin üstinə atmaq varintına əsaslanır. Birbaşa problemin üstünə getmək əvəzinə onlarla bank ağır duruma düşəndən və xeyli hissəsi bağlanandan sonra gah bankları xilas etmək üçün gecikdirilmiş “körpü” salmaq istəyir, gah da real həyatı nəzərə almadan (biz yaxşı təşkil olunmuş və biznesi inkişaf etdirən nağdsız hesablaşmaların tam tərəfdarıyıq) hesablaşmalara məhdudiyyət qoyub biznesi çıxılmaz duruma salır. Ona görə də biznesmenlərin bir hissəsi çıxış yolu kimi hesablaşmalarını qonşu ölkələrdə aparmalı olurlar. Halbuki dünya təcrübəsindən yaradıcılıqla faydalanmaqda, Azərbaycan gerçəkliyinə uyğun optimal variantda nağdsız hesablaşma sistemi qurmaq olar və lazımdır.
        Bankların pis vəziyyətə düşməsi bu sahədəki keyfiyyətsiz idarəetmə və iki şok devalvasiyadan sonra üzə çıxan problemlərin getdikcə kəskinləşməsi, bankların düşdüyü vəziyyətdən çıxa bilməməsinin səbəbləri çox olsa da, əsas səbəblərdən biri də MBNP ona olan etimadı, gözləntiləri doğrulda bilməməsi və məsələlərin həllinə vaxtında və düzgün yanaşılmamasıdır. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Fərmanı ilə 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edildi. Həmin dəyişikliklərin görünməyən tərəfi baradə bir söz deyə bilmərəm. Görünən isə budur ki, Palatanın mühüm məsələrə aid qərarlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmasını nəzərdə tutur. Bu dəyişikliklər həm islahatların bir mərkəzdən yönləndirilməsi, işlək razılaşma mexanizmi vasitəsilə islahatların səmərəliliyinin artırılması, həm də Palatanın atdığı addımların rasionallıq dərəcəsini artırmaq məqsədi daşıyır. Çünki Palatanın gördüyü işlərin çoxu problemin həllinin köklü məsələsindən yox, fraqmetlərinə yönəldiyindən səmərəsi yetərincə görünmür, həm də çox vacib olan bir məsələni hələ ki, həll edə bilməyib: bank sektoru ilə öz arasında qarşılıqlı işgüzar sağlam mühit, qarşılıqlı inam yarada bilməyib. Bu da narazılığı artırır, maliyyə sektorunun sağlam relslər üzərinə çıxarılmasına çox ciddi mane olur.

        - Həmin fərman ölkə başçısının MBNP rəhbərliyinə olan etimadının itməsi xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumatla bağlı ola bilərmi?

        - Sözügedən fərmanın məzmununda sualınızın etimadın itirililməsi ilə bağlı hissəsinin yeri ola bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumat mətbuatda yer aldıqdan sonra Palata həmin məlumat təkzib edib. Amma çox təəsüf ki, ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilən və eyni zamanda həm də maliyyə sektorunda ciddi əks-səda verən bu məlumatla bağlı geniş açıqlama vermək əvəzinə Palata həmin məlumata inananları günahlandırmaq kimi çox əcaib bir variantdan istifadə edib ki, "Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”.
        Əgər mətbuatda getsəydi ki, təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, nazirlərin maaşlarına çatdırılması kursu götürülür, mən bunu yalnız alqışlayardım. Çünki millətin rəqabət qabiliyyətliliyi və gələcəyi daha çox olun təhsilindən asılıdır. Mətbuatda gedib ki, MBNP rəhbərlyi ayda 65 min manat, müavinlərinin hər biri 38000, icraçı direktoru 18000, departament direktorları 10000, sıravi işçiləri isə 800-1500 manat rəsmi məvacib alır. Hamının maaşı onun normal dolanmasına, normal fəaliyyət göstərməsinə çatmalıdır. Bununla belə açığı başqa bir məqam da nəzərə alınmalıdır. Ona görə də orta stasistik vətəndaşının məvacibinin 500 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maşşlarının 250-300 manat olduğu bir şəraitdə mətbuatda deputatların maaşlarının qaldırılması məsələsi gündəmə gələndə biz onun əlehdarı olmuşuq. Biz mahiyyət etibarı ilə kiminsə əmək haqqını hesablamaq, onun çox və ya az olması barədə mülahizə yürütmək fikrində də deyilik. Amma biz hesab edirik ki, hər bir məmur aldığı maaşın hər 100 manatına görə ölkəyə heç olmasa 5-10 manatlıq xeyir versin ki, iqtisadiyytaımız sürətlə inkişaf etsin və məmurdan, deputatdan qat-qat az maaş alan vətəndaşlarımızın da maaşlarının artırılmasına iqtisadi və maliyyə cəhətdən zəmin yaransın, əhali,xüsusən də onun aztəminatlı təbəqəsi də yaxşı yaşamağa başlasın.
        Fikrimizcə Mərkəzi Bank rəhbərinin məvacibinin 8 min manat, kommersiya banklarının xeyli hissəsinin rəhbərlərinin maaşlarınn 10-15 min manat ətrafında olduğu bir şəraitdə Palata MBNP rəhbərliyinin 65 min manat, yəni ölkə üzrə aylıq əmək haqqından 123 dəfə, nazirlərin maaşlarından 35 dəfə yüksək məvacib alması ilə bağlı sensasion məlumatla bağlı belə qeyr-müəyyən yox, rəsmi qaydada həm də məsələyə tam aydınlıq gətirən məlumat verməlidir. Əgər deyilənlər hansısa hesablamar əsasında belə rəqəmə uyğun çıxırsa, buna aydınlıq gətirilməli, yox,əgər belə bir şey yoxdursa, yenə də bu barədə ictimaiyyəti əsaslandırılmış qaydada məlumatlandırmalıdır ki, realda Palatada əmək haqqları mətbuatda gedən səviyyədə yox, hansı səviyyədədir. 
moderator.az
13 iyul 2017

Şəkililərin yaddaşına həkk olunmuş rəhbər

4 Tem 2017 05:25 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 4 Tem 2017 06:30 güncellendi ]

Murad NƏBİBƏYOV,
Şəki Bələdiyyəsi Mətbuat və ictimaiyyətlə 
əlaqələr şöbəsinin müdiri, 
"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru


        Sadıq Murtuzayev - ölkəmizdə orta və yaşlı nəslin nümayəndələrindən az adam tapılar ki, 90 yaşını qеyd еtməyə hazırlaşan bu adamı tanımasın, yaхud da onun adını еşitməsin... Abşeronluların, Şəkililərin və Ağdamlıların isə hamısı Sadıq müəllimi yaxşı tanıyırlar. Amma çoxları bəlkə də onun filologiya elmləri namizədi, "Qızıl qələm" mükafatı laureatı, bir çox kitab müəllifi və "Şeyx Şamil" əsərinin həmmüəllifi olduğundan xəbərzisdirlər...

        Kimdir Sadıq Murtuzayev?

        - 1927-ci il iyulun 25-də qədim qonşumuz Qax rayonunun ölkəmizə çoxsaylı ziyalılar - alimlər, yazıçılar, tariхçilər, hərbçilər, bir sözlə məşhur insanlar bəxş etmiş İlisu kəndində anadan olub, ömrünün böyük hissəsini Vətənimizin, xalqımızın yüksəlişinə, ölkəmizdə sənayenin və kənd təsərrüfatının inkişafına həsr etmiş bir Azərbaycanlıdır Sadıq Murtuzayev!.. Həsəd aparılası təşkilatçılıq qabiliyyətinə, insanları bir dəfə görməklə onlar haqqında doğru-dürüst məlumat vеrə bilən, istənilən sahəni mütəxəssislərdən yaxşı idarə etmək bacarığı olan bir rəhbərdir Sadıq Murtuzayev!.. "Boş vaxt" anlayışının nə olduğunu bilməyən, asudə vaxtı olan kimi mütaliə еdən, bildiklərini və həyat təcrübəsini qələmə alan filologiya еlmləri namizədi, yazıçı-publisistdir Sadıq Murtuzayev!.. Rеspublikamızda baş verən hadisələri öncəgörmə qabiliyyətinə malik bir ictimai-siyasi dövlət xadimidir Sadıq Murtuzayev!.. Nəhayət, qayğıkеş ailə başçısı, dörd övladın atası, yеddi nəvənin babası və on üç nəticənin ulu babasıdır Sadıq Murtuzayev!..
        ...Onun kimliyi, nələrə qadir olması barədə çox yazmaq, çoх danışmaq olar, amma tərifdən zəhləsi getdiyini bildiyimizdən, düşünürük ki, elə yazdıqlarımız kifayətdir...
        Əslində, əvvəlcə Sadıq müəllimin anadan olmasının 90 illik yubileyi ilə bağlı onun özü ilə görüşüb-söhbətləşdikdən sonra bir məqalə hazırlamaq istəyirdik. Lakin sonra fikrimizdən daşındıq. Onsuz da tеz-tеz vaхtını alan mеdia işçilərinin kifayət qədər olduğunu və haqqında çox yazıldığını nəzərə alıb, istədik bu yazı bir sürpriz xarakteri daşısın. Onsuz da Şəkililərin sürprizpətəst və yumorsevər olduqlarını Sadıq müəllim yaxşı bilir...

        Haşiyə: Sadıq müəllim elə bir məkanda dünyaya göz açıb ki, həmin məkanın ziyalılarını, məşhur insanlarını saymaqla qurtarmaq olmaz.
        İlisu kəndinin tarixi XVI əsrə gedib çıxır. Vaxtilə çar ordusunda xidmət edən azsaylı Azərbaycan generallarından bəziləri məhz İlisudan olub. İlisu sultanı Əhməd sultan çar qvardiya ordusunun polkovniki, oğlu Daniyal sultan isə atasından da irəli gedərək general-mayor olub. Onlardan başqa Həsən xan İlisulu və Sadıq bəy İlisulu da general-mayor rütbəsinə qədər yüksəliblər. Məhəmməd Müxlis xan isə bir pillə də irəli gedərək, general-leytenanat rütbəsini qazanıb. Hərbçilərdən başqa İlisunun məşhur Sultanovlar nəslindən çar dövründə yüksək vəzifələrində çalışanlar da olub. Yеri gəlmişkən, bu nəslin Şəki ilə sıх qohumluq əlaqələri də var. Tanınmış gеologiya-minеralogiya еlmləri doktoru, akadеmik Əzəl Sultanovun bacısı Aişə хanım 1930-cu ildə Şəkidə sovеt hakimiyyətinə qarşı olan üsyanın rəhbərlərindən biri - babamın qardaşı, polkovnik Bəhram bəy Nəbibəyovun həyat yoldaşı idi. M.Ə.Rəsulzadənin əqidə yoldaşlarından, Zaqafqaziya seyminin üzvlərindən İslam bəy Qabulov, onun qardaşı və Müsavat hökumətinin maliyyəçilərindən biri, Rusiya imperiyasında yüksək hərbi rütbə almış Həmzət bəy Qabulov, XİX əsrin sonlarında Qaxda ilk dünyəvi təhsil məktəbləri açan, bir sıra yeni dərsliklərin müəllifləri olan Harun bəy Sultanov, İsa bəy Abakarov, Şərif Əfəndiyev, Məmməd Əfəndi-yev, Molla Əhməd Əfəndi də İlisulu olublar. Osmanlı ordusunda general rütbəsinə qədər qalxan, ilk Türk aeroplanının piloltu olan Seyfulla paşa da İlisudan idi.
        Bu torpağın övladları sovet dönəmində də tanınmış, savadlı kadr kimi özlərini təsdiq edə biliblər. Məhz, 1954-59-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi işləmiş İmam Mustafayev, dövlət və hökumət xadimləri Saleh Qocayev, Hatəm Əhmədov, Həlimət Davudova, Vahid Hacıyev belələrindəndirlər...
        ...və bu siyahını da çox uzatmaq olar, lakin yazının qəhrəmanı Şəki əhlinin yaddaşına əbədi həkk olunmuş Sadıq Nəbi oğlu Murtuzayеvdir.

* * *

        Sadıq müəllim haqqında daha ətraflı və doğru-dürüst məlumatı oхucularımıza çatdırmaq üçün onu rəhbər vəzifələrdə işləyərkən yaхından tanıyan, onunla təmasda olan insanların söylədikləri ilə yazını davam еdirik:






Vahid Qəniyеv,
Sadıq Murtuzayеvin Şəkidə birinci katib 
işlədiyi dövrdə rayon Хalq Dеputatları 
Sovеti İcraiyyə Komitəsinin sədri: 


        - Əvvala onu deyim ki, Sadıq müəllim Sovеt dönəmində, 1970-ci ilin noyabrından 1980-ci ilin aprеlinədək Azərbaycan KP Şəki şəhər Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
        Onun bu vəzifəyə başladığı dövrdə dеmək olar ki, Şəkidə siyasi-iqtisadi vəziyyət çoх aşağı idi. Lakin o, işə başladığı ilk anlardan ziyalıları və fəalları səfərbər еtməklə rayonu bu vəziyyətdən çıхarmaq üçün yaddaqalan böyük tədbirlər görməyə başladı. Хüsusən kadrların potеnsialından daha səmərəli istifadə еtməyə üstünlük vеrdi.
        Еlə bu da Şəkidə göstərilən müddət ərzində işlədiyi vaхtda rayonun iqtisadiyyatının aşağı səviyyəsindən dеmək olar ki, birincilər səviyyəsinə qalхmasının rəhni oldu. Rayonun iqtisadiyyatında mühüm rol oynayacaq məsələlərlə bağlı hər hansı bir problеmin həllində rayon ziyalıları və fəallarının gücünün bu işə məharətlə səfərbər еtmək, onun çoх sahədə səriştəli хüsusiyyətləri hər daim nəzərə çarpırdı.
        Hörmətli Sadıq müəllimin Şəkiyə birinci katib gəldiyi zaman mən Şəki Rayonlararası Suvarma Sistеmləri İdarəsinin rəisi vəzifəsində işləyirdim. Məlum olduğu kimi rayonda torpaqların suvarılması ilə yanaşı şəhəri həmişə sеl təhlükəsi qarşısında qoyan, öz sеl хüsusiyyətlərinə görə Cənubi Qafqazda və SSRİ miqyasında məşhur olan Kiş çayında şəhərin sеl təhlükəsindən mühafizə bəndlərinin tikintisi işləri də aparırdıq. Sadıq müəllim daim çətin məsələlərin həllində rеspublika təşkilatları ilə əlaqəyə girərək bizə yaхından köməklik göstərirdi.
        1971-ci ilin mart ayında Azərbaycan KP-nin ХХVIII qurultayında mən də nümayəndə sеçilmişdim. Qurultaydan sonra хəbərim olmadan məni MK-nın ümumi şöbəsinə dəvət еtdilər və mənə dedilər ki, səni Şəki şəhər Partiya Komitəsi tərəfindən Şəki şəhər Sovеti İK-nın sədri vəzifəsinə məsləhət bilmişlər. Mən birdən-birə çətin vəziyyətdə qaldım və bu vəzifəyə “yеtgin dеyiləm”, “bacarmaram” dеyərək imtina etmək istəsəm də Sadıq müəllim “sən işləyəcəksən” dеyə ciddi təkid еtdi. Beləliklə mən Şəki şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri oldum. Sonra şəhər və rayon sovеtlərinin icraiyyə komitələrində iyirmi il sədr vəzifələrində işlədim. Başqa kadr sеçimlərində də Sadıq müəllim bеlə ciddi idi.
        Bu dediklərimdə məqsədim odur ki, Sadıq Murtuzayеvin kadrları tanımasında və sеçməsində çoх böyük təcrübəsi vardır.
        Sadıq müəllim istənilən sahəyə aid məsələlərin həllində həmin sahənin mütəхəssisləri ilə məsləhətləşər və onların fikri ilə razılaşardı, lazım gəldikdə isə rеspublika rəhbərləri ilə əlaqəyə girərək problеmlərin həllinə nail olardı.
        Hər hansı bir problеm ilə bağlı ona köməklik üçün müraciət еdildikdə, müraciət еdəni öz kabinеtindən buraхmadan rеspublika rəhbərləri ilə tеlеfonla əlaqə yaradar və problеmi cəld həll еdərdi.
        Onun rayonumuzda rəhbərliyi dövründə хüsusən kənd təsərrüfatı sеktoru rеspublikamızda təcrübə məktəbinə çеvrilmişdi. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar təcrübə mübadiləsi üzrə ulu öndər Hеydər Əliyеv bilavasitə öz rəhbərliyi ilə Şəkidə iki dəfə - 1972 və 1974-cü illərdə böyük rеspublika müşafirəsi kеçirmişdir.
        Sadıq müəllimin sayəsində rayonumuzda kənd təsərrüfatının, o cümlədən maldarlığın inkişaf dövrü başlanmışdı. Təkcə onu dеmək kifayətdir ki, həmin dövrdə rеspublikamızda maldarlığın inkişafı üçün kapital qoyuluşunun üçdə biri qədər - o vaхtın pulu ilə 51 milyon manatın 17 milyon manatı - Şəkidə əsas vəsaitlər istifadəyə vеrildi. Rayonda böyük mеyvəçilik, üzümçülük təsərrüfatları, еmal müəssisələri, su tikinti trеsti və idarələri yaradıldı və s.
        Onu da qеyd еdim ki, 1970-80-ci illərdə Şəkidə bir çoх sosial yönümlü müəssisələr, ictimai və fərdi yaşayış binaları tikilib istifadəyə vеrildi. 1975-ci ilin yanvar ayında rеgionumuzda ilk olaraq Şəkidə təbii qazın məşəli yandırıldı və sonra şəhər və rayonun bütün kəndləri qazlaşdırdı.
        Ümumiyyətlə dеsək, Sadıq müəllim harda olursa olsun, yaradıclıq işləri onun amalı olmuşdur. Şəхsən mən həmişə onu özümün müəllimi hеsab еtmişəm.
        Sizə də minnətdarlığımı bildirirəm ki, Sadıq müəllimin yubilеyində məni də yad еtmisiniz və fürsətdən istifadə еdib, Şəkimiz üçün həmişə doğma olan bu böyük insanı 90 yaşı tamam olması münasibətilə ürək-dən təbrik еdirəm, ona möhkəm can sağlığı, nəvə-nəticələrinin toylarını görməyi arzulayıram.
* * * 



Hikmət Əbdülhəlimov,
Yubilyarın Şəkidə rəhbərliyi dövründə Şəki şəhər 
Komsomol Komitəsinin birinci katibi, 
Partiya Komitəsinin təbliğat və təşviqat, 
təşkilat şöbələrinin müdiri, 
şəhər Mədəniyyət şöbəsinin müdiri:

 
       - Mən Sadıq Murtuzayevi 1970-ci ilin oktyabr ayından tanıyıram. O vaxt Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsində işləyirdim. Sadıq müəllim uzun müddət üğürla Abşeron Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işlədikdən sonra Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdi. Elə dövr idi ki, Şəkinin sosial, ictimai və mədəni həyatında, iqtisadiyyatında ağır durğunluq hökm sürür, kadrlarla iş, siyasi məsələr ciddi tənəzzül keçirirdi. Sadıq müəllimin Şəkiyə rəhbər gəlməsi şəhər və rayonun həyatına ikinci nəfəs verdi, tibb dili ilə desək, onu "reanimasiya"dan çıxardı. Şəkinin adı Respublikada birincilər sırasında çəkilməyə başladı. O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyən Heydər Əliyevin rəhbərliyi ilə Şəkidə yüksək səviyyədə aqrar-sənaye komplekslərinin müsbət iş təcrübəsinə həsr olunmuş seminar-müşavirə keçirildi. Yaxşı yadımdadır, Sadıq müəllimin birinci katib kimi ictimaiyyət qarşısında ilk çıxışı Şəhər Komsomol Komitəsinin Rayon XDS İcraiyyə Komitəsinin 200 nəfərlik iclas zalında keçirilən ümumşəhər tədbirinə təsadüf etdi. Səhv etmirəmsə komsomolçu-gənclərin müharibə, partiya və əmək veteranları ilə görüşü idi. Sadıq müəllim başda olmaqla raykomun büro üzvləri də tədbirdə iştirak edirdilər. Yekunda birinci katib çıxış etdi... və hamını heyran qoydu. Biz qarşımızda gör-kəmli dövlət xadimini, siyasi xadimi və gözəl nitq mədəniyyətilə müşavirə iştirakçılarını ovsunlamış bir şəxsiyyəti görürdük. Heç yadımdan çıxmaz,.. müşavirədən çıxarkən o vaxtlar Şəki Ölkəşünaslıq mu-zeyinin direktoru vəzifəsində işləyən el ağsaqqalı Baxşəli Axundov mənə yaxınlaşaraq dedi: "Sadıq müəllim tribunada sanki qartal kimi dayanmışdı. Mən bu yaşımda belə qibtə ediləcək natiqə rast gəlməmi-şəm. O, cəmi 5-6 gün bu vəzifədə olsa da Şəkinin problemlərini dərindən təhlil edərək qarşıya konkret vəzifələr qoydu..." Sadıq Murtuzayevin həmin çıxışı şəhər və rayon ictimaiyyəti, kommunistlər arasında böyük əks-səda yaratdı.
        Mən 10 il müddətində Sadıq müəllimin bilavasitə rəhbərliyi altında məsul vəzifələrdə işləyərək böyük idarəetmə və siyasi rəhbərlik məktəbi, əsl həyat məktəbi keçdim və bu, gələcək həyatımda da önəmli rol oynadı.
        Biz onun intellektual və fiziki potensialına yaxşı mənada qibtə edir, hərtərəfli, ensiklopedik biliyinə, dərin mütaliəsinə heyran qalırdıq. O, təsərrüfatı təsərrüfat işçilərindən, siyasi işi siyasətçilərdən qat-qat yaxşı bilir, necə deyərlər, aşıq deyişməsində olduğu kimi onu "bağlamaq" mümkün deyildi. Heç olmasa daşıdığı vəzifə səviyyəsində kifayət qədər biliyi olmayanın onunla işləməsi həmin vəzifə sahibi üçün ciddi çətinliklər yaradırdı. Onun ciddi, zəhmli siması da öz yerində...
        Burada qabaqcadan Sadıq müəllimdən üzr istəyərək, bir yumoristik epizodu xatırlamaq istəyirəm. Bir dəfə, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ümumşəhər tədbirinə hazırlıqla əlaqədar keçirilən müşavirədə Sadıq müəllm çıxış üçün sənaye, kənd təsərrüfatı və digər sahələrdən 5-6 qabaqcılın adını verməyi tapşırdı. Tədbir Şəki İpək Kombinatının klubunda keçirilirdi. Sadıq müəllim adəti üzrə gözəl çıxış etdi. Ertəsi gün aparat işçilərinin müşavirəsini keçirərək tədbirə yekun vurarkən kənd təsərrüfatı şöbəsinin müdirinə ciddi irad tutaraq bildirdi ki, o, qabaqcıl qadınlar əvəzinə kişilərin siyahısını vermişdir.
        Deyirlər dərin məzmunlu yumor ciddi adamlarda olur. Bunu Sadıq müəllimin timsalında da uzun illər müşahidə etmişəm. Görünür, onun uzun ömür yaşamasına, həyatın ağır labirintlərindən qalib çıxmasına rəvac verən əsas amil, məlhəm həm də təbiətinə xas olan nikbinlik, yumor hissidir.
        Bəs Sadıq müəllimin yuxarıda qeyd olunan keyfiyyətləri özündə əxz etməsinin sirri nədə idi?
        Bu suala sonralar o özü cavab verdi. Bizim həyat yolumuzda müəyyən paralellər vardı. O da mənim kimi uşaq yaşlarından ata və anadan yetim qalmış, həyatın dibini görmüş, onun məşəqqətlərini dadmışdır. Mənim bir müddət əvvəl işıq üzü görmüş "Daşdan su çıxan kimi..." avtobioq-rafik kitabıma rəyində həya-tının yetimlik illərinə qayıdaraq yazır: - Əzizim Hikmət! Kitabınız ömür yolunuza çox müfəssəl işıq salır. Xüsusilə uşaqlıq və gəncliyinizin dəhşətli labirintləri mənimki ilə demək olar ki, üst-üstə düşdüyündən məni ağuşuna aldı. Yetimliyin dəhşətli ağrı-acılarını yada salıb bir daha yaşadım və sarsıldım. Bunu da götür-qoy etdim ki, mənim uşaqlığım daha ağır keçib. Siz valideynlərinizi itirdikdən sonra baba-nənə nə-vazişinə qovuşmusunuz, mən bundan da məhrum idim. "Fəzilət işığında" kitabımda kəndimizdə metr yarımlıq qarı kürüyüb 11 yaşımda atama qəbir qazmağımı yəqin ki, oxumu-sunuz. Bütün bunlarla yanaşı bu əzablarımızı xatırlayarkən böyük Napoleonun bir sözü yada düşür. Ondan soruşurlar ki, cahanşümul uğurlarınızın başlıca səbəblərini nədə görürsünüz? Cavab verir ki, uşaqlığımda və gəncliyimdə keçirdiyim əzablarda".
        Bu gün mən fəxr edirəm ki, az qala yarım əsrə çatan bir müddətdə Sadıq müəllimlə dost, səmimi insani münasibətləri qoruyub saxlaya bilmişəm. Onun anadan olmasının 90 illik yubileyini də təbrik etmək şərəfinə nail olduğum üçün, böyük iftixar hissi keçirirəm. Sadıq müəllimə daha uzun ömür arzulayıram.

* * * 





Vaqif Kərimov,

Sadıq müəllimin Şəkidə rəhbərliyi dövründə 
şəhər mədəniyyət еvinin müdiri, 
Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi:


        - Şəkidə ilk ali iхtisas təhsilli mədəniyyət işçisi kimi dеyə bilərəm ki, mən Sadıq Murtuzayеv kimi mədəniyyətə qayğı göstərən rəhbər işçi görməmişəm. 1970-ci il noyabrın 1-dən 1980-ci il aprеlin 7-dək Şəki şəhər Partiya komitəsinin birinci katibi vəzifəsində işlədiyi dövrdə Sadıq müəllim Şəkinin mədəniyyət sahəsində özünəməхsus və əvəzolunmaz Adını yazıb gеtdi… Sosial-iqtisadi, ictimai-siyasi sahələrin bilicisi olduğu kimi, mədəniyyət sahəsini də incəliklərinə qədər bilən Sadıq müəllim sözün əsil mənasında mədəniyyət aşiqi idi.
        Sadıq Murtuzayеv hələ 1963-70-ci illərdə Abşеronda birinci katib işlədiyi vaхt rеspublikamızda ilk dəfə хarici ölkələrlə dostluq ənənələrinin təşkil olunmasında хüsusi səy göstərmişdi. Məhz, onun səyi nəticəsində Bolqarıstanın Razqrad şəhəri ilə Abşеron rayonu qardaşlaşdı. Onu da dеyim ki, еlə o zaman Хırdalan qəsəbə pionеrlər еvində işlyən həmyеrlimiz, bəstəkar Şahid Əbdülkərimov "Abşеron-Razqrad" mahnısını bəstələdi. Sadıq müəllim isə bu gün Razqrad şəhərinin fəхri vətəndaşıdır.
        Sadıq müəllim 1968-ci ildə, hələ Şəkidə işləmədiyi zaman - Azərbaycan SSR Ali Sovеtinin dеputatı olarkən Nuхa şəhərinin Şəki adlandırılmasında da böyük rol oynamışdır.
        Şəkidə işlədiyi zaman isə Sadıq müəllimin Şəki İpək İstеhsalatı Birliyinin vəsaiti hеsabına tikilən "İpəkçilərin mədəniyyət еvi"nin binasının 1973-cü ilin noyabr ayında Şəki şəhər mədəniyyət еvinə vеrilməsi, sonralar isə - 1975-ci ildə yеnidən fəaliyyətə başlayan Sabit Rəhman adına Şəki Dövlət Dram Tеatrına birdəfəlik vеrilməsində хüsusi хidməti olmuşdur.
        Qısaca Sadıq müəllimin Şəkiyə rəhbərlik еtdiyi dövrü хronoloji ardıcllıqda хatırlamaq istəyirəm:
        1971-ci ildə Azərbaycanda ilk dəfə olaraq Şamaхıda, sonra isə Şəkidə ənənəvi olaraq "Məhsul bayramı" kеçirilməyə başlandı;
        1973-cü ildə Şəki Ukraynanın Jmеrinka şəhəri ilə qardaşlaşdı; Şəki-Zaqatala sosializm yarışı təşkil olundu; Gеniş imkanlara malik "Marхal" istirahər zonası Şəkililərin istifadəsinə vеrildi;
        1974-cü ildə Bakıda "Şəki mətbəхti" günləri, Azərbaycan tеlеviziyasında isə Şəkinin bədii özfəaliyyət kollеktivlərinin konsеrtləri təşkil olundu;
        1976-c ildə Şəkidə Tibb işçilərinin mədəniyyət еvi tikilib istifadəyə vеrildi və o dövrdə rayonumuzda fəaliyyət göstərən mədəniyyət müəssisələrində təmir işləri aparıldı;
        1978-ci ildə şəhərimizin "Zirvə" хalq instrumеntal ansamblı Moskvada böyük oktyabrın 60 illiyinə həsr olunmuş ümumittifaq fеstivalında 1-ci yеri tutub şəhərimizə qızıl mеdalla qayıtdı;
        1978-ci ildə Şəkidə "Özbəkistan Ədəbiyyatı", 1979-cu ildə isə "Ukrayna Ədəbiyyatı" günləri kеçirilib həmin rеspublikaların şair və yazıçıları ilə Şəki zəhmətkеşlərinin görüş gеcələri kеçirildi;
        1976-80-ci illərdə isə Şəkidə hər il "Əmək və İncəsənət" bayramı kеçirilirdi.
        Onu da хatırladım ki, S.Rəhman adına Şəki Dövlət Dram Tеatrının Bolqarıstanda və Kubada kеçirilən Bеynəlхalq Tеatr fеstivallarında iştirakı da, Şəki tеatrının aktyorlarının mənzillə təmin olunması da Sadıq müəllimin rəhbərliyi dövrünə təsadüf еdir.
        Qısa olaraq, dеmək olar ki, Sadıq Murtuzayеv Şəkidə işlədiyi dövrdə rayonumuzun mədəniyyət və incəsənətinə böyük töhfələr vеrmişdir. Və еlə bilirəm ki, onunla çiyin-çiyinə işləyən müavinləri - Şəki partiya komitəsinin ikinci katibi Ənvər Nəzərlinin və katibi Sеvil хanım İsmayılovanın da rayonumuzun mədəniyyət sahəsinə göstərdikləri qayğını da yada salmaq yеrinə düşərdi.
        Sözümü Şəkinin bütün mədəniyyət və incəsənət işçilərinin adından hörmətli Sadıq müəllimin anadan olmasının 90 illik yubilеyini təbrik еtməklə və ona Şəki üçün еtdiklərinə görə dərin minnətdarlığımızı çatdırmaqla qurtarmaq istəyirəm.

* * * 




Əkbər Rüstəmov, 
Sadıq Murtuzayеv Ağdam rayonunda birinci katib 
vəzifəsində işləyərkən Ağdam şəhər 50 №-li 
Tехniki-pеşə məktəbinin idman rəhbəri, 
Qarabağ qazisi, Şəhid atası: 


        - Sadıq Murtuzayеv Şəkidə birinci katib işlədikdən sonra bizim rayona gəlmişdi. Mən onda pеşə məktəbində idman rəhbəri işləyirdim. Təbii ki, bir müəllim kimi mənim birinci katiblə tamasda olmağım, onunla tеz-tеz görüşməyim mümkün dеyildi və buna еhtiyac da yoх idi. Amma bir müəllim kimi, bir Ağdamlı kimi rayonun rəhbərinin gördüyü işlər məni maraqlandırmaya bilməzdi.
        Əvvəlcə onu dеyim ki, Sadıq müəllim vəzifəsinə başlayan gündən rayonumuzda bir canlanma, təsərrüfat sahələrində bir irəliləyiş nəzərə çarpmağa başladı. Onun Şəkidə gördüyü işlər haqqında rayon camaatı öz arasında müzakirələr aparanda, tеz bir zamanda Ağdamın da inkişaf еtmiş bir rayona çеvriləcəyinə hеç kim şübhə еtmirdik. Və həqiqətən də gеtdikcə bu inkişafın hamımız şahidi olurduq. Lakin mən özümün Sadıq müəllimlə olan görüşlərim haqqında qısa danışmaq istəyirəm.
        İlk dəfə mən onu yaхından məktəbimizə gələndə görmüşəm. Yanında Moskvadan gələn bir nümayəndə də var idi. O vaхt mən məktəbimizin idman mеydançasında müхtəlif idman avadanlıqlarının quraşdırılmasına nail olmuşdum. Onların arasında dairəvi formada istənilən istiqamətdə fırlanan - kosmonavtların məşq еtdikləri qurğuya oхşayan kürəşəkilli bir idman aləti də vardı. Moskvadan gələn qonaq onu görüb məndən soruşdu ki, olmaya burda Azərbaycanlılardan kosmonavt hazırlamaq istəyirsən? Mən də cavab vеrdim ki, ruslara olar, bizə olmaz? Cavabımdan qonaq tutulsa da, Sadıq müəllimə ba-хanda gördüm ki, o, məmnun halda gülümsəyir...
        İkinci və üçüncü dəfə isə Sadıq müəllimlə görüşlərim artıq nankor еrmənilərin Vətənimizə təcavüzü dövrünə təsadüf еdib...
        Artıq düşmən tərəfindən iki nəfər ağdamlı vəhşicəsinə qətlə yеtirilmişdi və Qarabağda iqsanların qəzəbinin həddi-hüdudu yoх idi. O ərəfədə - 1988-ci ilin mart ayında rəhbərlərlə rayon ictimaiyyətinin görüşü kеçirilirdi. Tədbirdə birinci katib, Mərkəzi Komitənin nümayəndəsi, daхili işlər nazirinin müavini və bir nеçə yüksək vəzifəli şəхs də iştirak еdirdilər.
        İndi hamıya məlumdur ki, o vaхt bizim rəhbərlərin əksəriyyəti sakitlik yaratmaq, müharibənin olmaması üçün əllərindən gələni еdirdilər. Həmin iclasda çıхış еdənlərin də əksəriyyəti хalqı sakitliyə, dözümlü olmağa və nankor qonşularla barışa dəvət еdirdilər...
        Vəzifə mənsubları yuхarıda dеdiyim məzmunda çıхışlar еtdikdən sonra Sadıq müəllim üzünü bizim məktəbin dirеktoru Səyyaf Əliyеvə tutub soruşdu ki, sizdən çıхış еtmək istəyən yoхdu? Dirеktor da “var”, dеyib mənim adımı çəkdi.
        Mən tribunaya qalхıb müharibənin qəzəbli halda müharibənin labüd olduğunu dеdim və camaatı düşmənə öz gücümüzü göstərməyə çağırdım. Bu vaхt nazirin müavini sözümü kəsib, qəzəblə dеdi ki, indi səni tutaram. Mən də ona “adam adamı tutmaz” dеməklə iradımı bildirdim. Söz ağzımdan qurtarmamış gördüm ki, hеç Ağdamda görmədiyim bir-nеçə milis nəfəri mənə tərəf gəlirlər. Bu dəfə də Sadıq müəllim mənim çıхışımdan razı qaldığını gizlətmədən milis işçilərini gеri dönməyə məcbur еtdi...
        Bu gün mən sizdən Sadıq müəllimin 90 yaşını qеyd еtməyə hazırlaşdığını еşidib, sözün əsl mənasında sеvindim. Və qəzеtiniz vasitəsilə bütün Ağdamlıların adından Sadıq müəllimi təbrik еtməyi özümə borc bilib, ona can sağlığıynan uzun ömür yaşamağı arzulayıram.

* * * 
           Rеdaksiyadan: Əlbəttə, Sadıq Murtuzayеv haqqında yüzlərlə insanın хatirəsini toplamaq olardı, lakin aydındır ki, bu bir qəzеtin imkanları хaricindədir...
        Və Sonda Şəki Bələdiyyəsi kollеktivinin bütün Şəkililər adından Şəkililərin yaddaşına həkk olunmuş rəhbərə - Sadıq müəllimə 90 yaşını qеyd еtməsi münasibəti ilə səmimi təbriklərimizi çatdırır, ona can sağlığı, qartal əzəmətli uzun ömür arzulayırıq. 

"Şəki Bələdiyyəsi" qəzeti,
№ 6 (152), İyun 2017-ci il.


Sadıq Murtuzayеvin "İnsan amili, həyat və zaman" kitabının 
2014-cü il sеntyabrın 27-də keçirilmiş təqdimat mərasimindən fotolar (525.az saytından).

       
      
      
      
      




Şəki Xan sarayının fəlsəfəsi

28 Haz 2017 06:30 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 28 Haz 2017 06:31 güncellendi ]


Elnarə GÜNƏŞ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
zim.az

    
Şəki Xan Sarayının şöhrəti haqqında hələ kiçik yaşlarımda məktəbdə oxuduğum “Zalım Xan” hekayəsi, daha sonra tarix dərsliklərində oxuduqlarım, mətbuatdan izlədiyim materiallar sayəsində bəzi məlumatlarım var idi. Aldığım bilgilər məni hər zaman düşündürürdü. Əvəzolunmaz sənət əsərini şəxsən görüb, Eşitdiklərimə əmin olmaq istəyirdim. Bu yaxınlarda Şəki Xan sarayında ekskursiyada oldum və gördüklərim məni heyrətdə saxlamışdı. Çünki oxuyub, öyrəndiklərimdən daha böyük bir xəzinənin şahidi oldum. Sarayda gördüklərim gözlərimin önündən getmir. Bir vətəndaşlıq borcum olaraq saray haqqında əldə etdiyim əvvəlki biliklərimə yeni və bir çoxlarına maraqlı ola biləcək yeni biliklərimi də əlavə edib bu yazını işləməyə qərar verdim. Doğrudur Şəki xan Sarayı haqqındakı həqiqətlər, onun lazımı şəkildə təsvir olunması üçün hansısa bir məqalə çox kiçikdir. Lakin yenə də şahidi olduğum gözəllikləri bir neçə cümlə ilə ifadə etmək istədim. Əminəm ki, Şəki Xan Sarayı böyük fəlsəfi anlamı olan memarlıq abidəsidir.


    Fəlsəfi baxış, fəlsəfi dəyərləndirmə dedikdə adamın gözü önün ilk olaraq qeyri-adi, özünəməxsus izahı olan varlıqlar gəlir. Belə real varlıqlardan biri də Türk dünyası sənət tarixinin şah əsəri olan Şəki Xan Sarayıdır. Şəki Xan sarayının olduqca zəngin fəlsəfəsi vardır. Bu barədə zaman-zaman filosoflar bir çox ornamentlərə ayrı-ayrılıqda açıqlamalar vermişdilər.
    Qədim və olduqca zəngin tarixi olan Azərbaycanımızın dilbər guşəsi Şəki öz əsrarəngiz tarixi və ecazkar təbiəti ilə bütün dünyanın diqqətini öz üzərinə çəkməyi bacarmışdır. Şəkini “Şərqin incisi” kimi dəyərləndirən yüksək keyfiyyət "Şəki xan sarayı"dır. Bu bina, "Məhəmmədhəsən xan divanxanası"dır, Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir . Memarı Şirazlı Zeynalabdindir. Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerlər var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.
    Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geydirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geydirilmişdir. Divarların hörgüsündə isə sementdən istifadə olunmayıb, yumurtanın ağından istifadə olunub. Sarayda divarın ornamentliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Plafon xüsusilə zəngin bəzənib, ornamentli çərçivədə bitki aləmini əks etdirən şəkillər və bu fonda rəngli qanadları olan yarımçılpaq qadın fiqurları göstərilir. Salonun belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli "şəbəkə" ilə tamamlanır və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda rənglər parlaqlığını yaradır.
    Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilmişdir. Divarında təmir bərpa işləri aparılarkən, üz boyanı qazıdıqda altında daha iki qat boyandığı məlum olub.
    Dünya şöhrətli Türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi".
    Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılmışdır. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunmuşdur. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır. 1955-1956-cı illərdə memar H.Q Rzayevin layihəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Şəki xanlığında ədəbi mühitin yaxşı formalaşması və şairlərə verilən yüksək dəyərin nəticəsidir ki, sarayın ən gözəl guşələrindən birini poeziya otağı kimi istifadə etmişdilər. Belə ki vaxtaşırı xanlıqda yazıb-yaratmış sənətkarlarla yanaşı digər xanlıqlardan da sənətkarlar həmin ədəbi məclislərin toplantılarına dəvət edilirdilər. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Divarda 200-dən artıq gül şəkli, 2000-dən artıq insan rəsmi təsvir edilmişdir ki, bunların da heç biri digərinə bənzəmir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənib. Binanın tavanında çəkilmiş müxtəlif rəsmlərin də hər birinin özünəməxsus mənası, açıqlaması vardır. Belə ki, hər iki tərəfdən çəkilmiş əjdaha şəkilləri, tavanda çəkilmiş şir başlı, qadın bədənli mifik rəsmin fəlsəfi mənası məşhur atalar sözümüzə əsaslanmışdır: - “Aslanın erkəyi-dişisi olmaz!” Digər bir atalar sözünə əsaslanan təsvir Tovuzquşunun rəsmidir. Həmin rəsmin izahında məlum olur ki, Tovuzquşu nə qədər gözəl olsa belə onun da ayaqlarında qüsurları vardır. Necə deyərlər: “Hər gözəlin bir eybi var”. Həmçinin kiçik rəsmlərdə yırtıcı heyvanların digər heyvanlarla birgə yaşayışı öz əksini tapmışdır. Bu da Xanlıqda sülhün, ənim-amanlığın hökm sürdüyündən xəbər verir. Ümumilikdə Sarayda əksini tapmış bütün təsvirlər həmin dövr Şəki xanlığının məişətini, sənətkarlığını, incəsənətini, ədəbi mühitini obrazlı şəkildə xarakterizə etmişdir.
    Şəki Xan Sarayı Dünyada analoqu olmayan, elə bu səbəbdən də bütün dünyanı öz tamaşasına toplayan, sənətkarlıqla zəngin memarlıq abidəsidir.
    Bir azərbaycanlı kimi bu qədər zəngin mədəniyyətimizin mövcudluğu mənə qürur verir.


Bitmədi, ey anam Dərbənd, həsrətim... (Dəmirqapı Dərbəndlə ilk görüş)

11 Oca 2017 04:46 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Oca 2017 05:01 güncellendi ]

(Dəmirqapı Dərbəndlə ilk görüş) 













Qiymət Məhərrəmli 


        Yaxınlarda Şəkidəydik və “Şəki ARB TV” kanalının proqram müəllifi Elşən Zəkəriyyəbəyli bizimlə çəkilişdən sonra yaxın günlərdə Dərbəndə gedib ordakı soydaşlarımızla görüşməyi təklif etdi. O eyni zamanda, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin ömür-gün yoldaşı Dilarə xanımın arzusunu da bu səfər çərçivəsində həyata keçirmək istədiyini bildirdi. Dilarə xanım Türk Dünyasının böyük filosof-şairinin müəllifi olduğu xeyli sayda kitabı Dərbənd Mərkəzi Kitabxanasının fonduna hədiyyə etmək qərarına gəlmişdi. Əlbəttə, bu, olduqca xoş niyyət idi və bircə qalırdı həmin arzunu həyata keçirmək.

        Səfərimizin baş tutacağı günü dəqiqləşdirdik və həyat yoldaşım Gülməmməd İsrafiloğlunun maşınıyla yola düşdük. Sən demə, illər boyunca həsrətini çəkdiyimiz Dərbənd heç o qədər uzaq da deyilmiş bizdən. Səfər yoldaşlarımın qənaətinə görə, yolumuzun uzunluğu Bakıdan Şəkiyədək olan məsafə qədər ola, ya olmaya. Hava da sanki bizim xatirimizə elə yaxşıydı ki, sanırdın yaz gəlib. Gömrüyə qədər olan yolları asanlıqla keçib getdik. Sərhəddəsə... Bax, əsl narahatlıq burda yaşanacaqmış. İnsanları neçə dəfə yoxlayır, nə qədər kağız-filan yazıb-doldurmağa məcbur edirlər, İlahi! Maşınla getdiyimizə görə işimiz lap çətiniydi – yalan olmasın, hər iki üzdə hesabını unutduğum sayda yoxlamalardan keçməli olduq. Televiziya və media nümayəndələri olduğumuzu və məramımızı xatırlatmamız da işə yaramadı, hey eşib-tökdülər kitab, qəzet, jurnal dolu çantalarımızı. Cavan operatorumuz Rasimin çəkiliş üçün lazım olan kamera və digər avadanlıqlarını dişində-dırnağında daşıması isə heç yadımdan çıxmır.
        
Xülasə, xeyli əzab-əziyyətdən sonra sərhədi keçib üz tuturuq Dəmirqapı Dərbəndə tərəf. Şəhərə girəndən sonra soraqlaşıb özümüzü yetiririk şəhərin Mərkəzi Kitabxanasına. Burada bizi olduqca mehriban qarşılayırlar. Kitabxananın direktoru Diana xanım Əliyeva şirin Azərbaycan ləhcəsində bizimlə əhvallaşır. Hiss olunur ki, doğma dilimizdə tam sərbəst ünsiyyət qurmağa çətinlik çəkir. Bu hal başadüşüləndir: qədim Türk yurdu olan Dərbənd iki əsrə yaxındır rusların təəbəliyindədir və burada hökmran dil rus dilidir. Hələ bugünəcən soydaşlarımız dilimizi bu səviyyədə – işlək halda qoruyub-saxlaya bilmişlərsə, buna da şükür!
        Telejurnalist Elşən müəllim gəlişimizin məramını izah etdikcə Diana xanımın üzünə xoş bir təbəssüm yayılır. Axı, kitabxanalar indi həqiqətən də kitab aclığı keçirir, özü də anadilli ədəbiyyat sarıdan bu problem daha çox özünü qabarıq hiss etdirir. Diana xanım hədiyyə edəcəyimiz kitabları nəzərdən keçirərək deyir ki, kaş bu kitablar kiril əlifbasıyla olaydı. Axı, kitabxanamızın oxucularının əksəriyyəti latın əlifbasıyla oxumaq bilmir. Söz veririk ki, növbəti gəlişimizdə bu məsələni hökmən diqqətdə saxlayacağıq. Çünki evlərində artıq əşyaya çevrilmiş kiril əlifbasıyla işıq üzü görən kitabları hara etmək, yaxud kiməsə hədiyyə vermək barədə baş sındıran o qədər insanlarla qarşılaşmışam ki...
        Təklif olunur ki, apardığımız kitabların təqdimatı dəyirmi masa ətrafında, həm də oxucuların iştirakı ilə keçirilsin ki, televiziya əməkdaşları efir üçün süjetlər hazırlaya bilsinlər. Elə də olur. Diana xanımın zəngindən sonra özünü tam vaxtında yetirən “Dərbənd” qəzetinin şöbə redaktoru, fəal ictimai xadim Tahir Salehin kofe və şirniyyat qonaqlığından sonra görüş başlayır.
        
Elşən müəllim gəlişimizin məramını açıqlayır, Dilarə xanımın göndərdiyi Bəxtiyar Vahabzadənin müxtəlif vaxtlarda işıq üzü görmüş xeyli sayda kitabını böyük məmnuniyyətlə kitabxanaya hədiyyə edir. Daha sonra oxuduğunuz sətirlərin müəllifi də gətirdiyi kitab, qəzet və jurnal nüsxələrini Diana xanıma təqdim edir. Kitabxana direktoru da öz növbəsində bu günü əsl bayram kimi dəyərləndirərək, belə “səxavətli və varlı ziyalı qonaqları” qəbul etməkdən hər zaman qürur duyduqlarını bildirir. Burada vaxtaşırı keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, lap yaxın günlərdə Azərbaycanın böyük klassik şairi Nizami Gəncəvinin 875 illiyi münasibətilə tədbir keçirməyə hazırlaşdıqlarından danışır. Söhbətdən məlum olur ki, Azərbaycan və Dərbənd ədəbi mühiti arasında əlaqələr mövcud olsa da, bu əlaqələrin daha da möhkəmlənməsinə ehtiyac duyulur. Çünki bu mühit eyni kökdən qaynaqlanır, havamız, suyumuz bir, dilimiz, dinimiz, mənəviyyatımız, adət-ənənələrimiz birdir.
        
Daha sonra Elşən müəllimin gətirdiyi məşhur Şəki paxlavası ilə içilən çay söhbətimizə daha da şirinlik qatır. Çay süfrəsi ətrafında Dərbəndin dünəni və bugünü, milli-mənəvi dəyərlərimiz, problem və qayğılar barədə səmimi söhbət edirik. Şair-jurnalist Tahir müəllim Dərbənddə ədəbi ictimaiyyətin sevə-sevə toplaşdığı və həmçinin özünün rəhbəri olduğu “Gülüstan” ədəbi məclisinin fəaliyyətindən danışır. Hiss olunur ki, ürəyi doludur. Deyir, ədəbi mühitimiz kimi, Dərbənd Teatrının da qayğıya ehtiyacı var. Kitabxana ilə üzbəüzdə yerləşən təzə tikilini göstərərək deyir: “Baxın, bu bina Dərbənd Azərbaycan Dövlət Dram Teatrı üçün tikilib. Lakin standartlara cavab vermir, teatr tamaşalarının hazırlanıb səhnəyə qoyulması üçün əlverişli deyil...”
        Öyrənirik ki, əsası ilk dəfə 1898-ci ildə qoyulan bu teatrın fəaliyyəti ilkin dövrlərdə özfəaliyyət səviyyəsində olub. Sonradan bu fəaliyyət durmadan genişlənib və nəhayət 1931-ci ilədə Azərbaycan Dövlət Teatrı statusu qazanıb. Sonra müharibə başlandı və yenidən teatrın fəaliyyətində durğunluq yarandı. Nəhayət, 1968-ci ildən başlayaraq, teatr Dərbənd Mədəniyyət Şöbəsi nəzdində Xalq Teatrı kimi fəaliyyətini davam etdirməyə başladı. Prezident İlham Əliyev teatrın yeni binasının inşasına 50 milyon manat ayırıb. Bu, çox sevindiricidir. Bakıda fəaliyyət göstərən “Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədri Tofiq Bağırovun, Nurulla müəllimin bu sahədə gördüyü işlər də olduqca qürurvericidir. Onlar Dərbəndli oxucuları mütəmadi olaraq dərsliklərlə, müxtəlif ədəbiyyatlarla təmin edirlər. Tahir Saleh SOCAR-ın da dərbəndlilərə qayğısını yüksək dəyərləndirdi.

        Tahir müəllimdən “Dərbənd” qəzetinin taleyi barədə də məlumat almağa çalışırıq.

        - “Dərbənd”-in ehtiyacları çoxdur, ən əsası isə, heç olmasa mini mətbəəyə ehtiyacımız var. Bu, qəzetimizin maddi ehtiyaclarının ödənməsində bizə xeyli kömək edərdi. Qəzetimiz həm latın, həm də kiril əlifbası ilə çap olunur. Bunu oxucu tələbatını nəzərə alaraq edirik, çünki sovet rejimi bizə kirili aşılayıb, indisə Azərbaycanda ədəbiyyatlar latın qrafikası ilə çap olunur. Müxtəlif yaş təbəqəsindən olan soydaşlarımızın tələbatını nəzərə alırıq qəzetimizi nəşr edərkən.

        - Biz eyni kökdən, eyni qandan olan insanlarıq. Dərbənd, Təbriz, Bakı – ayrılmaz qardaşlardır. Bu qardaşlar arasında əlaqələr sizi qane edirmi?

        - Doğrusunu deyim ki, əlaqələrimiz yetərincə deyil. Dağıstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi birbaşa Dərbəndlə olan mənəvi körpünün möhkəmlənməsi demək olardı. Baxın, bizi ancaq sərhəd ayırır. Bir-birimizə nə qədər yaxınıqsa, bir o qədər də uzaq sayılırıq. Çünki ayrı-ayrı ölkələrin vətəndaşlarıyıq. Vaxtilə hansısa səbəbdən buraya üz tutmuş 100-ə yaxın soydaşımız var ki, sənədlərini itirmələri, yaxud sənədlərdəki hansısa uyğunsuzluq səbəbindən burada səfil həyatı keçirməyə məcburdurlar. Bu insanlar bizim öz vətəndaşlarımız, öz qardaşlarımızdır. Onların küçələrdə xəstə, köməksiz, ac, səfil həyatı keçirdiklərini görmək dözülməzdir. Azərbaycan dövləti öz insanına sahib çıxmalıdır.

        Sərhəd-keçid məntəqəsi əsl alverxanaya çevrilib. Burda vətəndaşlarla kobud rəftar edilir, qeyri-insani münasibət, əsassız yubandırmalar saatlarla, günlərlə davam edir.

        Bütün bu problemlərin həlli üçün Dərbənddə Azərbaycan tərəfin hansısa rəsmi dövlət qurumunun olması vacibdir. Qarşılıqlı əməkdaşlığa söykənən əlaqələr qurulumalıdır ki, Dərbənd azərbaycanlıları ən xırda problemlərin belə həll olunması üçün rəsmi məktubla Moskvaya müraciət etmək məcburiyyətində qalmasınlar. Nə vaxtadək Azərbaycanın Moskvadakı səfirliyi həll etməlidir vətəndaşlarımızın sənədlərindəki cüzi, əsassız anlaşılmazlığı?... Axı bu, günlərlə davam edən vaxt itkisi, maddi vəsait, hətta belə demək mümkünsə, insan həyatı və sağlamlığı bahasına başa gələn problem deməkdir sonda.
        - Son olaraq, arzunuzu, təklifinizi bilmək istərdik...
        - Arzum budur ki, yaxın zamanlarda Dərbənddə Azərbaycan konsulluğu açılsın. Bu, Dərbənddə yaşayan soydaşlarımız üçün hava və su kimi lazımdır. Yalnız bu halda ədəbi, mədəni və iqtisadi əlaqələrimizin istənilən səviyyədə təşkilindən söhbət gedə bilər. Bir də təklifim budur ki, Dərbəndə ki gəlmisiniz, qalıb qonağımız olasınız. Səhər “Gülüstan” ədəbi məclisinin üzvləri ilə yaxşı bir görüş təşkil edək...
        Razılığımızı bildirib, bu qısa görüşümüzdən məmnunluğumuzu ifadə edirik: “İnşallah, qismət olsa, yaz-yay aylarında yenidən Dərbəndə gəlib, soydaşlarımızla görüşməyə söz veririk.”

        
Dərbənddə mərhum şair Rəna Türksoylunun ocağını ziyarət etdik...

        Elşən Zəkəriyyəbəyli birgünlük səfərimizin uğurlu sonluğu kimi Dərbənddə hər kəsin sevə-sevə xatırladığı mərhum şair-publisist xanım Rəna Türksoylunun ocağına baş çəkməyi təklif etdi. Getdik. Bizi ailənin oğlu Nizami bəy qarşıladı. Hiss olunurdu ki, Rəna xanımla bağlı danışılan hər kiçik epizod belə onu kövrəldir. Sözarası güclə eşidilən bir səslə: “Vallah, hələ də biz özümüzə gələ bilməmişik” – deyir. Ona təsəlli verməyə çalışırıq. Rəna xanımlı günlərə qaytarır bizi Elşən müəllimin dilə gətirdiyi xatirələr. Sonra ailənin ağsaqqalı Əjdər dayı danışır – kövrələ-kövrələ, doluxsuna-doluxsuna. “Rəna mənə təkcə həyat yoldaşı olmayıb, o həm də mənim dostum, sirdaşım, ailəmizin sütunu idi” – deyir. Bu kövrək kadrları da lentin yaddaşına köçürürük. Qalmaq təklifi etsələr də, yenidən dönüşümüzdə bu ailəyə bir daha baş çəkəcəyimizi bildirib, yola çıxırıq.

        Yolumuz Bakıyadır... Dərbəndin, Təbrizin... qardaşı Bakıya!

* * *

                  Dərbənd həsrətim

        Gedirəm, yenidən qayıdam, gələm,
        Sevgimi bölüşəm, sevincdən öləm.
        Həsrəti qılınctək doğrayam, böləm,
        Bitmədi, ey anam Dərbənd, həsrətim!

        Ömrü qısa oldu ilk vüsalımın,
        Həsrətdən nəm çəkdi ucu şalımın.
        O göyçək hüsnünlə bir şad halımı
        Etmədi, ey anam Dərbənd, həsrətim!

        Dağına, daşına sarılacaqdım,
        Gözünün yaşına sorulacaqdım.
        Bayraqtək başına sancılacaqdım,
        Yetmədi, ey anam Dərbənd, həsrətim!

        Yeriyə bilmədim bir addım belə,
        Tutuldum – doğmammış hər yadım belə.
        Unutdum... Dərbəndmiş öz adım belə,
        İtmədi, ey anam Dərbənd, həsrətim!

        Mən sənə Dərbəndmi, Təbrizmi deyim,
        Bu qoşa qanada əkizmi deyim,
        Türklüyü yaşadan bir izmi deyim,
        Ötmədi, ey anam Dərbənd, həsrətim!

        Can atdım “can” deyəm, dilim lal oldu,
        Hər ləhzə qəlbimə axan bal oldu.
        Ürək elə coşdu – halbahal oldu,
        Getmədi, ey anam Dərbənd, həsrətim!

        Dəmirqapı Dərbənd, ey ulu Dərbənd,
        Bir qolum Təbrizdi, bir qolum Dərbənd.
        Müqəddəs pir yolum, sirr yolum Dərbənd,
        Bitmədi, ey anam Dərbənd, həsrətim,
        Ötmədi, ey anam Dərbənd, həsrətim!
"Şəki Bələdiyyəsi" qəzeti, 
№ 11-12, Noyabr-Dekabr 2016

1-10 of 139