Məqalələr‎ > ‎

Hidayət ELVÜSAL: Ya həqiqəti deyək, ya da susaq

1 Oca 2015 02:52 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 02:56 güncellendi ]








Hidayət ELVÜSAL


        
Xalq yazıçısı Anarın “Anlamaq dərdi” məqaləsində belə bir ifadə var: “Mirzə Cəlil (Cəlil Məmmədquluzadə - red.) haqqında ya həqiqəti yazmaq, ya da heç yazmamaq lazımdır”.
        Bu sözlərin hədəfini bir qədər dəyişdirsək, belə deməyə, belə yazmağa haqqımız var: “Bu gün Türkiyə haqqında qarşılıqlı münasibətlərimizin heç olmazsa bəzi nüansları barədə ya həqiqəti yazmaq, ya da heç yazmamaq lazımdır”.


        ABŞ-ın sabiq prezidenti Bill Klintonun bir sözünü bu başdan xatırlatmaq, baş verən hadisələrin panoramına az da olsa aydınlıq gətirər: “Biz ötən əsrin (XX əsrin-red.) 20 ilini və bu əsrin (XXI əsr) 20 ilini Türkiyəyə həsr edirik”.
        Deməli, Türkiyədə baş verən bəzi olaylarda ABŞ-ın birbaşa təsiri var. Bunlar adi gözlə görünə bilən hadisələrdir, Türkiyənin daxili və xarici siyasətində özünü büruzə verir. Bizi ən çox maraqlandıran isə əlbəttə, qardaş ölkənin Azərbaycanla bağlı atdığı addımlarıdır. Türkyə və Azərbaycan bir-birlərinə həmişə dəstək olur, eyni mövqedən çıxış edir. Beynəlxalq təşkilatlarda, tədbirlərdə hər iki ölkə birgə qətiyyət göstərir. Belə tədbirlərin birində erməni prezident Sərkisyanın Türkiyəyə yönəlik növbəti hücumuna Azərbaycan prezidenti İlham Əliyevin: “Türkiyə burada təmsil olunmur, amma mən buradayam” - deyə təpki göstərməsi böyük rezonans doğurdu. Hətta Türkiyə müxalifətinin, türk ziyalılarının Azərbaycan prezidentinin ünvanına söylədikləri təşəkkürləri dəfələrlə eşitmişik. Bu, qardaşlığın, birliyin, qətiyyətin əməli bir nümunəsidir və diqqət etsək həm siyasətdə, həm də iqtisadi sahələrdə Azərbaycan Türkiyəyə daha isti, daha səmimi münasibət bəsləyir.
        Niyə “daha” sözünü işlədirik? Bəzi səbəbləri var. Buna görə qeyd etdik ki, bəzi həqiqətləri yazmalıyıq, ya da susmalıyıq.
        Amma... Elə hadisələr baş verir ki, susmaq olmur.
        Bu gün Türkiyədə baş verənlərə etinasızcasına baxa bilmərik. Çünki elə hadisələr baş verir ki, birbaşa Azərbaycana dəxli var. Əgər o zaman Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd məntəqəsinin açılmasına Azərbaycan xalqının, Azərbaycan prezidenti İlham Əliyevin kəskin etirazı, xəbərdarlığı olmasaydı, Ərdoğan hökuməti bu qapıları açacaqdı. Telekanallarda bəziləri bu qapıların açılmasını Türkiyənin “kendi çıkarılarına” uyğun olmasını gecə-gündüz söyləməkdən doymurdular. Ürəklərindəki erməni məhəbbətini gizlətməyənlər elə primitiv səbəblər gətirirdilər ki, insan bu dayaz düşüncə qarşısında donub qalırdı: “Əgər İqdırda biri xəstələnərsə, onu Ankaraya deyil, İrəvana, daha yaxın yerə aparmaq asan olar”.
“...Və bunun üçün “kardeş”
dediyiniz Azərbaycana
xəyanət etməyə, namərdlik
göstərməyə ehtiyac yoxdur...”


        Bu siyasət dəllallarına deyən yox idi ki, o xəstəni ora-bura sürüməyə dəyməz. Sadəcə olaraq İqdırda bir xəstəxana, bir-iki həkim kifayət edər. Və bunun üçün “kardeş” dediyiniz Azərbaycana xəyanət etməyə, namərdlik göstərməyə ehtiyac yoxdur.
        Uzun zaman davam edən bəzi qüvvələrin bu “sınaq testi” həm Azərbaycanda, həm də Türkiyədə kəskin etiraza, müqavimətə rast gələndə zirvədəkilər:
        - Belə bir şey yoxdur! O sərhədlərin hansı şərtlərlə açılacağı hamıya məlumdur. Biz qardaşıq, dostuq və həmişə də belə olacaq, - dedilər.
        Amma bu qədər uzun bir zamanda - hansı səbəbdən susduqları barədə bir kəlmə də söyləmədilər.

ANKARA UNİVERSİTETİNİN REKTORU

        ...Və onun kimilər “Qrant Dink” cəmiyyətinin təşkil etdiyi bir toplantı keçirdilər. Məqsəd Ermənistanla Türkiyə arasındakı həmin sərhəd qapısını - Əlicanı ermənilərin üzünə açmaq idi. Bu qapı Xocalı faciəsindən sonra bağlanıb. Bayaq dedik ki, açılması üçün şərtlər qoyulub.
        Ankara Universitetinin rektoru erməni ordusunun Xocalıda törətdiyi soyqırımdan xəbərdardırmı? Bilirmi ki, orada körpələr, yaşlı insanlar, qadınlar, silahsız insanlar vəhşicəsinə qətlə yetirilib? O rektor və onun kimi simasızların bu erməni məhəbbəti haradan qaynaqlanır?
        Əgər o rektor və onun kimiləri ermənilərin Türkiyədə də törətdikləri vəhşilikdən xəbərləri yoxdursa... o nə rektordur? Hansı savada, hansı biliyə, hansı qeyrətə, namusa malikdir? Belə bir adamın hərəkətini ölkə rəhbərliyində bilən yoxdurmu? Axı, onların xəbəri olmadan bu və buna bənzər hər hansı tədbir keçirilə bilməz. Deməli, AKP və onun rəhbərləri yeni bir “sınaq testi”nə start veriblər. Elə isə o rektora və ona qol-qanad verənlərə bir məsləhətimiz var:
        -Ürəyinizdəki erməni məhəbbətindən Qrant Dinkə də pay düşürsə, bir kişilik edin. Qrant Dinkin Türkiyə TV-lərində bu gün də qorunub saxlanan bir çıxışındakı sözləri belə tədbirlərin keçiriləcəyi yerlərdə ya dilə gətirin, ya da yazın başımızın üstündən asın. “Ağos” qəzetinin bu erməni yazarı belə deyib: “O zaman ermənilər türkləri öldürüb. Türklər də erməniləri. Vəssalam! Soyqırım yalanı ABŞ-ın Qərbin uydurduğu bir yalandır”.
        Bax, belə, rektor cənabları! Mənbəyi də dedik, Türkiyə TV-lərinin demək olar ki, hamısında Qrantın bu etirafları var. Madam ki, onun adını daşıyan cəmiyyətin təşkil etdiyi xəyanət tədbirində başda oturursan, onun dediklərini də dilə gətir.
        Cəsarətin çatarmı? Yox! Çatmaz! Namərdlərin cəsarəti olmur, hiyləsi, yalanı olur! Həm də... belə qələtləri böyüklərin tapşırığı ilə eləyirlər.
        Amma namusla, cəsarətlə, qardaşcasına hərəkət edən türk qardaşlarımıza təşəkkür etməyi də özümüzə borc bilirik. Məhz bu xəyanət zamanı onlar Hollandiyada həqiqəti sübut edən başqa bir tədbir keçirdilər. Hollandiya-Azərbaycan-Türkiyə Dostluq Cəmiyyəti Xocalı faciəsini əks etdirən möhtəşəm sərgi təşkil etdi. Bu sərgidə yalnız Rusiya və Avropa jurnalistlərinin lentə aldıqları, erməni faşizmini əks etdirən fotolar, film Ankaradakı rektorun və ona tapşırıq verənlərin simasını ortaya qoydu.
        Görürsənmi cənab rektor! Hamı sənin və yanındakılar, sənə tapşırıq verənlər kimi namərd, satqın, kollaborasionist deyil. Əsl türkdür! Həqiqəti söyləyən, cəsarətli, namuslu türk! Sənə qol-qanad verən, zirvədəkilərə yaltaqlanmaqla vəzifəni qoruyub saxlayan səbəblər isə...

ERMƏNİLƏR HAKİMİYYƏTƏ GƏTİRİLİR

        Baş nazir Əhməd Davudoğlunun baş müşaviri vəzifəsinə erməni Mahçupyan təyin olunub. Türk millətinə, Azərbaycana açıq düşmənçiliyi ilə tanınan erməni yazar. O erməni ki, uydurma soyqırımın tanınması üçün Türkiyədə və Avropa ölkələrində dəridən-qabıqdan çıxıb. RKK lideri Ocalanı telekanallarda öyməkdən, tərifləməkdən doymayan erməni. Və bu təyinatdan cəmi 2-3 gün sonra Türkiyə mətbuatında işğal altında olan Dağlıq Qarabağdakı ermənilərlə bağlı yazı dərc olundu. Milliyyəti şübhəli olan Türkiyə jurnalisti erməniləri eninə-boyuna əzizləyəndən sonra onlardan birinin alçaq cümlələrini qələmə alıb:
        -Biz (ermənilər) Qarabağın bir hissəsini (?!!) azad etmişik (?). Amma qalan hissəsi (?!!) hələ də Azərbaycanın nəzarəti altındadır...
        Əgər biz - Azərbaycan jurnalistləri Türkiyə barədə belə yazı dərc etsəydik, Ərdoğanın AKP-si özünü cırıb dağıdardı. “Bengü türk” TV-də çıxış edən əsl türk qardaşımız isə belə dedi:
        -Azərbaycan belə bir şərəfsizlik, düşmənçilik müqabilində ən azı nota verə bilərdi. Amma neynəsin? Qardaş qardaşa necə nota versin?
        Və o, bir proqram boyu AKP-nin bağrına basdığı yazarın əsl simasını açıb tökdü. İndi nə olacaq? Heç bir şey. AKP-nin şablon yalanı özünü çox gözlətməyəcək. Ya Davudoğlu, ya da elə hər hansı bir AKP naziri:
        - Bunlar Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən ünsürlərdir...
        Amma həqiqət belə deyil. Bir də deyirəm: Türkiyə mətbuatını az qala mikroskop altında izləyən hökumət bunu bilir və susur (Son həbslər, hadisələr bariz nümunədir). Yenəmi test eləyir? Bəli! Azərbaycanı bir daha sınayır. Belə sarsaqlamalarla onun səbrini, reaksiyasını yoxlayır. Erməniyə yüksək vəzifə vermək AKP-nin öz işidir, daxili işlərinə qarışmırıq. Amma belə şərəfsiz, namussuz çıxışlara bizim reaksiyamız dəyişməzdir.
        “Kardeş” dediyin millətə düşmənçilik etmək namərdlikdir. Və belə namərdliklər zaman-zaman müxtəlif cür meydana çıxıb, hər dəfəsində də ən əvvəl türk ziyalıları tərəfindən qınanıb.

NURU PAŞA VƏ XƏLİL PAŞA

        ...Türk ordusuna, türk millətinə, ümumilikdə Türkiyəyə xəyanət edib, qulağının birini itirməklə canını qurtarıb aradan çıxan Andronik qisasını Azərbaycandan almağa başladı... Əhalini Naxçıvandan, Vedibasardan, Basarkeçərdən başlayaraq, Qubaya qədər hər yerdə qılıncdan keçirdi. Laçında Soltan bəyin, Kəlbəcərdə Məşədi Cəmilin müqavimətinə rast gəldiyindən oralardan yan keçməyə məcbur olub və qalan yerlərdə qanı su yerinə axıdıb... Yalnız Nuru paşanın komandanlığı ilə Qafqaza gələn türk ordusu işğalçı, vəhşi erməniləri bu torpaqlardan uzaqlaşdırıb.
        Azərbaycan xalqı Nuru paşanı bu gün də ehtiramla yad edir. Ədəbiyyatda, o dövrü qələmə alan insanların yazılarında xatırlanmasa da, məlumdur ki, Azərbaycanın zənginləri bunun müqabilində türk ordusuna halallıqla, yardım məqsədi ilə xeyli qızıl da bağışlayıblar.
        Amma çox keçmədən yenə də Türkiyənin “kendi çıkarıları” üçün ordu geri çəkilib. Daha sonra 11-ci Qırmızı Ordu işğala gəlib. Ordunun qabağına Xəlil paşa düşüb. Rus işğalına müqavimət göstərməyə qalxan Azərbaycan Ordusunu, Milli hökuməti inandırıb ki, 11-ci ordu burada qalmayacaq, keçib gedəcək. Qardaş sözünə inanan milli hökumət bolşeviklərə müqavimət göstərməməyi tapşırıb. Azərbaycana daxil olan qırmızılar... xalqı qan gölündə boğub, dövlətimiz müstəqilliyini itirib.
        Bunları korşalmış tarixi yaddaşımızı bir daha itiləmək üçün dedik...

ATATÜRK

        Bu böyük dahi, böyük sərkərdə, türk qəhrəmanı böyük hörmətə layiqdir. Onun adını hörmətlə çəkir, xatirəsini əziz tuturuq. Atatürk, yorulmuş, əzilmiş, yaranlanmış türk ordusundan ingilis, fransız, yunan işğalına bəh-bəh deyənlərdən əlini üzüb, kəndbəkənd, oba-oba gəzib dolaşıb, vətənsevər, qeyrətli insanları toplayıb yeni bir ordu yaradıb. Bu ordunun o vaxt qəhrəmanları da oldu, qorxaqları da. Bu gün Atatürkün Türkiyə qarşısındakı xidmətlərini danmaq istəyənlər o qorxaqların, satqınların namərdlərin, xainlərin nəvə-nəticələridir.
        Türkiyənin taleyini həll edən Çanakkala savaşında Azərbaycan türkləri də qəhrəmancasına vuruşub, canlarını qardaş xalqın, qardaş ölkənin azadlığı uğrunda qurban veriblər.
        Atatürk məhv olmuş, dağıdılmış, çökmüş, qurumuş Osmanlı imperiyasından bir dövlət - Türkiyə Cümhuriyyətini qurmağı bacardı. Həm də bu Cümhuriyyət elə ilk gündən dünyəvi bir dövlət olaraq meydana çıxdı. Atatürk bu səbəbdən nə qədər unutdurulmağa çalışılsa da, adına-ünvanına böhtanlar yağdırılsa da, ermənilər, AKP, hətta RKK tərəfindən "əyyaş", "faşist" adlandırılsa da dahidir, Cümhuriyyətin qurucusudur, Türkiyənin xilaskarıdır.
        Bu və başqa səbəblər üzündən hörmətlə yad etdiyimiz Atatürk ilk milli bankı da Nərimanovun göndərdiyi borc deyil, bağışladığı qızıllar hesabına qurub. Bu, tarixi faktdır!
        Azərbaycana qarşı sonradan məcbur olduğu soyuq münasibətə baxmayaraq o böyük insana hörmət etməmək mümkün deyil. Ümumiyyətlə isə, tarixdən bəllidir ki, Türkiyə Cümhuriyyətinin bəzi rəhbərləri öz ölkələrinin mənafeyi, yəni "kendi çıkarıları" naminə "kardeş" dedikləri, dost bildiklərini həlledici sonda qurban verməyə hazır insanlar olub. Bu da güman ki, Osmanlıdan miras qalan bir adətdir... Zənnimcə, Məmmədəmin Rəsulzadənin Türkiyədən uzaqlaşdırılması da bununla bağlıdır.

ONLARIN HƏR BİRİ

        İsmət İnönü o zaman Stalinin bir ismarıcı ilə zülümdən, işgəncədən qaçıb Türkiyəyə pənah aparan 140-a qədər azərbaycanlını sərhədin bu tərəfinə çıxarıb. O insanlar elə orada güllələnib. Səbəb yenə də Türkiyənin "kendi çıkarıları" olub.
        Kimi deyim? Tansu Çillər bütün hakimiyyəti boyu erməniləri Türkiyədə qarşılayıb, salamlamaq arzusu ilə yaşadı. "Bircə o günü görsəydim..." deyə ürəyindəkiləri gizlətmədi.
        Süleyman Dəmirəl Qarabağ müharibəsi zamanı bir qədər də qabağa getdi. Ermənistan ordusu aclıqdan işğal etdikləri Azərbaycan torpaqlarından çəkilmək məcburiyyətinə qalanda məhz o, düşmənlərin dadına yetişdi. O zaman Rusiyanın da vəziyyəti çox ağır idi. Ermənistana ərzaq yardımı göstərə bilmirdi. Amma hayların imdadına Dəmirəl çatdı. Ermənistana 100.000 ton (!) taxıl göndərdi. Bildiyimə görə, Mərhum prezident Heydər Əliyev o vaxt bundan çox təsirlənmişdi, əsəbləşmişdi.       Amma neyləmək olardı...
        Elə burada qeyd edim ki, bir vaxtlar bu rəqəmi 50.000 ton bilirdim və belə də yazmışdım. Amma sonralar AKP rəhbərliyinin müəllimi Nəcməddin Ərbəkanın bir rəsmi çıxışına rast gəldim: Ərbəkan bu rəqəmin məhz 100.000 ton olduğunu qeyd etdi.

O Kİ, QALDI ƏRDOĞANA...

        Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyub Ərdoğan güclü bir şəxsiyyətdir, bacarıqlı, mübariz, meydanşir adamdır. Qəzəblidir, israrçıdır, ünvanına söylənən hər hansı tənqidi qəbul etmir və bəzən az qala söyüşə qədər əsəbiləşir. O, kütləni söylədiyi hər şeyə inandırmaq, yönləndirmək, idarə etmək bacarığına malikdir. Ərdoğan liderdir. Bugünkü Türkiyədə ona qarşı gələ biləcək nə iqtidar, nə də müxalifət rəhbəri var.
        Ərdoğan və onun rəhbərlik etdiyi (əslində bu gün də hökumət, AKP onun təsiri, rəhbərliyi altındadır) partiya utopik islamçılardan ibarətdir. Yenidən Osmanlı eşqi ilə yaşayan bu insanların hamısı din üzərindən siyasət yürütməklə məşğuldur. Bəzən adi başörtüsü aylarla mübahisə predmetinə, çəkişmələrə səbəb olur, gündəmi dəyişir, siyasi mahiyyət kəsb edir.
        Ərdoğan məzhəbçidir. O, sünni təriqətinin nümayəndəsi, mühafizəkarı, təbliğatçısıdır. Xristian dininin ən müxtəlif cərəyanlarına isti münasibət göstərsə də, şiə təriqətinə olan nifrətini gizlətmir. "Camiyə ayaqqabı ilə giriblər" - deyə Gəzi Parkı hadisələrində üsyan edən Ərdoğan, İstanbulun göbəyində şiələrin Məhəmmədiyyə məscidinin yandırılmasına, Quranın kül olmasına səssiz qaldı. Suriyadakı savaşdan qaçan sünni ərəbləri, kürdləri hətta erməniləri, bu günün özündə belə Qarabağı işğal edən, ermənilərlə çiyin-çiyinə olan yezidiləri məhəbbətlə qarşıladı. Kərkükdən, Suriyanın ayrı-ayrı bölgələrindən qaçıb Türkiyəyə sığınmaq istəyən türkləri... geri qaytardı, passport (?!) istədi. Səbəb... onların şiə təriqətinə mənsub olmaları...
        Ərdoğan ötən il ermənilərin uydurma genosid günü təəssüfünü bildirdi. Əslində bu təəssüf Ərdoğanın üzürü kimi qəbul edildi və ermənilərə qol-qanad verdi:
        -Görürsünüzmü? Biz deyirdik axı! Türklər ermənilərə qarşı soyqırım törədiblər, Azərbaycanlılar indi də əziyyət verirlər. Bunu Ərdoğan da etiraf edir.
        Və Ərdoğanın bu hərəkəti əslində Azərbaycana da bir zərbə idi. Ermənilər onun dilindən "əzabkeş", "soyqırıma uğrayan" millət "statusunu" möhkəmlətdi və Azərbaycan Qarabağda torpaqlarının azadlığı mübarizəsinə qalxarsa bu, türklərin yeni bir həmləsi kimi qarşılanar - deyə dil boğaza qoymurlar. Əlbəttə, onlar bu fikirdədir, Ərdoğanın təqdim etdiyi siyasi "kozır" onları belə düşünməyə, belə danışmağa ürəkləndirir.
        Qarşıdan 2015-ci il gəlir. Uydurma soyqırımın 100 illiyi. Ermənilər bu saxta tarixə ciddi hazırlaşırlar. Hökumət də az iş görməyib. O hadisələr zamanı türk qızlarını, türk qadınlarını əsir alıb, başlarına müsibətlər açan ermənilərin xatirinə Aktamar kilsəsinə 5 milyon xərc çəkərək təmir-bərpa işləri gördürüb. "Ermənilər də vergi ödəyir" deyə özünə haqq qazandıran Hökumət ya o tarixi bilmir, ya da elə çox gözəl bilir... Yoxsa ermənilərin ödədiyi vergilər müqabilində başqa işlər də görünə bilərdi. Məsələn, İstanbul fahişəxanalarının sahibi, gorbagor Manukyanın dövlətə ödədiyi vergilər hesabına bu işi görmək mümkün idi.
* * *
        ...Bütün bunlara baxmayaraq, Azərbaycanın ən yaxın dostu, qardaşı, tərəfdaşı Türkiyədir. Ərdoğan olsa da, olmasa da Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Kimin baş nazir, kimin cümhur başqanı olması vacib deyil. Vacibi iki dövlətə malik olan türk milləti qardaşlığı həmişə qoruyub, saxlayıb. Liderlər gəlib-gedəndir, qalan Vətəndir, Millətdir. Eyni qapı, eyni dili, eyni dini, eyni taleyi yaşayan Millət - Türk Milləti!
        Bu ifadə, yəni Türk Milləti, AKP-də xoş qarşılanmasa da, bu torpaqların əsl sahibləri Türk Millətidir.

"AZƏRBAYCAN!" DEYƏNDƏ...

        Türk tarixində sünni-şiə qarşıdurmasının banisi Osmanlı soltanlarından biri - Yavuz Sultan Səlim olub. Səfəvilər dövlətinə, şiə təriqətinə olan düşmənçiliyi səbəbindən Şah İsmayıl Xətaiyə qarşı müharibəyə başlayıb. Ələviləri, şiələri hər yerdə qılıncdan keçirib. On minlərlə türk Yavuz Sultan Səlimin qurbanı olub. Və... İstanbulda, hətta inşası mübahisəli olan 3-cü körpüyə Ərdoğan... Yavuz Sultan Səlim adını verdi. Ələvilər, cəfərilər - şiələr üsyan səslərini ucaltdı. Amma sözündən dönmədi.
Uydurma, saxta "ergenekon" düzməcəsində tutulan bir general da vardı - Əngin Alan. Ötən əsrin 90-cı illərində Azərbaycana gəlmişdi. Hələ formalaşmamış, dağınıq, zəif Azərbaycan Ordusunun güclənməsi üçün əlindən gələni etdi. "Ergenokon" çökdükdən sonra hamı azad edildi. Əngin paşa çox-çox sonralar zindandan çıxdı. Həm də millət vəkili ola-ola. Niyə? Əngim Alan bir türk əsgəri, türk generalı, sərkərdədir. Öcalanın, yəni bu gün AKP-nin hesablaşdığı, bəzən isə açıq-açığına yalvardığı bu qatilin qollarına qandal vuran türk oğludur!
        "Star" TV-nin aparıcısı, Türkiyənin ən tanınmış simalarından olan Uğur Dındar Azərbaycanın millət vəkili, o zaman Əlican sərhəd qapısının açılmasına qarşı fəal mübarizə aparan Qənirə Paşayevanı elə canlı yayımda qarşıladı. Qənirə xanımın təqdim etdiyi Azərbaycan Bayrağını öpdü və bununla da AKP-yə bütün dünyaya mesaj verdi. Çox keçmədi onu "Star"dan çıxardılar.
        Xocalı faciəsinin ildönümündə yüz minlərin qarşısında Azərbaycan xalqı ilə həmrəyliyini bildirən, o zamanın daxili işlər naziri İdris Naim Şahin yəqin ki, yadınızdadır. ABŞ-dakı erməni sürüsü səs-səsə verdi. O, ölkənin Türkiyədəki səfirinə xəbər göndərdi - İdris Nail Şahin cəzalanmalıdır. ABŞ deyə, AKP də yerinə yetirməyə?! İdris bəy vəzifəsindən qəflətən uzaqlaşdırıldı.
Mehmet Pərincək Türkiyədəki, Moskvadakı arxivlərdə çalışıb erməni yalanlarını təsbit etdi. Bütün bunları bir kitab halına gətirdi. Bu kitab Azərbaycanda nəşr olunandan sonra gənc tədqiqatçı yazarı Türkiyədə həbs etdilər. Səbəb... çox gülüncdür - xalqlar arasında narazılıq "yaradırmış". Görəsən hansı erməni yazarı, yaxud türk satqını "sülh" nəğməsi oxuyurmuş?
        Belə misallar çoxdur. Mən ən gülməli bir-iki misal da gətirməklə sizi yormaq istəmirəm. Əməliyyat yolu ilə özünü qadına çevirən keçmiş kişi, bugünkü arvad Bülənd Ersoy "Azərbaycan dövləti nə deməkdir?" - deyə böyük bir qələt elədi. Bu... Elend Bersoy (!) şəxsiyyətinə, fiziki, psixoloji durumuna uyğun olaraq belə söylədi və... sonra üzr istədi.
        "Yaxşı Cazibə" telefilmi yadınızdamı? Əlbəttə, hamı baxırdı. Bir azərbaycanlı qızın İstanbul macərasından bəhs edirdi. Daha ağıllı, əxlaqlı, əsl azərbaycanlı qızının belə təqdim olunması bilirsinizmi kimi narahat edib? İnanmazsınız! AKP rəhbərlərindən birinin arvadını… Məhz onun tapşırığı ilə rejissora, ssenaristə hədə-qorxu gəlib: -Sən Azəri qızını Türk qızından (nə fərqi varmış?) üstün tuta bilməzsən. Bizim də qızlarımız var…
        Mən dəqiq faktı deyirəm… Çox keçmədi nəticəsini gördük - filmin sonunda Cazibə gəzəyən, fırıldaqçı… bir qız kimi təqdim olundu. Əlbəttə, bunun bir düzməcə, sarsaqlıq olduğunu hamı bildi. Rejissor da üzr istədi.
        Ümumiyyətlə isə Türkiyədəki bəzi qüvvələrin düşmənləri Şah İsmayıl Xətai, Atatürk, Nazim Hikmət, Əziz Nesin (Allah rəhmət eləsin. Bunların simasını o zamandan açıb göstərib) və… ələvilər-şiələr… Və bu gün Türkiyədə iqtidara yaxın mediada Azərbaycana, Azərbaycanın önəmli insanlarına, ölkə rəhbərliyinə qarşı dərc olunan yazılar, TV proqramlarında deyilənlər təsadüfi hadisələr deyil. Bütün bunlar AKP-nin bəzi rəhbər kadrları tərəfindən, onların razılığı, tapşırığı əsasında baş verir. Bu sahədə ən aktiv rolu Baş nazirlikdə oturanlardan biri, o eynəkli "media güdükçüsü" oynayır. İndi Mahçupyan da bu işin başındadır.
        Bu həmlələr ABŞ-ın “gözvurması” ilə Türkiyənin Azərbaycanı təhdid altında saxlamaq, küncə sıxışdırmaq məqsədi güdür. Amma bilmirlər ki, bu mümkün deyil. Biz hər şeyi, hər kəsi görürük. Sadəcə olaraq səbrimiz böyükdür və... ən əsası- siyasi manevrlər imkanımız onların anlaya bilməyəcəkləri qədər genişdir, həm də çox genişdir. Azərbaycan prezidenti İlham Əliyevin məqamında atdığı addımları göz önünə gətirmək yetər! Kimin kimi və nələri itirəcəyini dilə gətirməyə isə ehtiyac yoxdur, hər şey göz qabağındadır.
        “Yunanlarla növbəti döyüşdən, qələbədən sonra savaş meydanını gəzən Atatürkün gözü düşmən bayrağına sataşır. Yerə atılmış, toz-torpağa bulaşmış düşmən bayrağına”
Sadəcə olaraq bəzilərinə görə Türkiyədən, əsl türk qardaşlarımızdan umu-küsü edə bilmərik. Heç türk milləti də bunu istəmir. Böyük Türk Milləti yenilməzdir, ayrılmazdır, birdir, qardaşdır. Bu qardaşlığı nə ABŞ, nə PKK, Öcalan, nə AKP, nə Mahqunyan, nə də Fətullah Gülən poza bilər.

BAYRAQ!

        Bursada keçirilən bir futbol matçı yadınızdadırmı? Ermənilərlə türklər 1 saat 30 dəqiqə top oynadılar. Prezidentlər - Sərkisyan və Abdullah Gül də orada idi. Polis stadiona gətirilən Azərbaycan bayraqlarını... Bu yerdə yenə Atatürkü xatırladım. Yunanlarla növbəti döyüşdən, qələbədən sonra savaş meydanını gəzən paşanın gözü düşmən bayrağına sataşır. Yerə atılmış, toz-torpağa bulaşmış düşmən bayrağına.
        - Bu nədir?! - deyə qəzəblə əsgərlərin üstünə gəlir.
        - Düşmən bayrağıdır, paşam, yunan bayrağıdır.
        Atatürk əsgərlərin üzünə baxır:
        - Mən də görürəm ki, düşmən bayrağıdır. Amma o bayraq bir millətin, bir dövlətin qürurudur.         Qaldırın onu yerdən!
        Əsgərlər düşmən bayrağını qaldırırlar.
        AKP isə “kardaş” dediyi Azərbaycanın bayrağını Bursada, ermənilərlə top oynacaqlar deyə, Sərkisyanın xətrinə dəyər deyə ayaqlar altından qaldırtmadı...
        Və bu gün həmin AKP Hakkaridə, Diyarbəkirdə, Şanlı Urfada, Mərsində... daha haralarda öz bayrağına, Türk Bayrağına da sahib çıxa bilmir, ya da bunu istəmir. “İstiqlal” marşından da imtina etmək ərəfəsindədirlər. Əgər sabah, ya o biri gün “Türkiyə Federativ Cümhuriyyəti”, yaxud “Anadolu İslam Cümhuriyyəti” kimi ifadələr eşidib, görsəniz, təəccüblənməyin. ABŞ-, Fətullah Gülən və AKP Türkiyəni oraya aparır...

İQTİDAR

        ...AKP öz hakimiyyətini möhkəmlədir. Ordunun gücü “məlum razılaşmaya” (Bu barədə danışmağı hələlik lazım bilmədik) əsasən azaldılır. Türk generalları, türk əsgərləri həbsxanaya atıldılar. Ordunun bu hala düşməsi ABŞ-AKP “projesinə” tamamilə uyğundur. İndi jandarm da Türk Silahlı Qüvvələrindən ayrılıb... polisə təhvil verilir. Ordu get-gedə zəiflədilir, alternativ əsgərlik uyğulanır, polis gücləndirilir - onun öhdəsinə ordudan alınan ağır texnika, silah, jandarm və sahil güvənliyi qüvvələri verilir. Niyə? Ölkə daxilində niyə güclü polis rejimi yaradılır?
        Hökumət əsgərlə dil tapa bilmir və yenidən onun üstünə gedir. Tabeliyində olan media vasitəsilə yenidən Türk əsgərini qaralamağa çalışır. Və bütün bunların bizə dəxli var. Biz də qardaş Türk milləti kimi güclü, dünyəvi Türkiyə arzulayırıq. İmam-Xətib məktəbləri, 7-8 yaşında hicablı qızlar, qız-oğlan, sünni-şiə, qadın-kişi... ayrımçılığı, daha nələr, nələr... ölkəni gözdən, gücdən salır. Belə işləmələrlə “Yeni Türkiyə” ola bilməz. Cümhuriyyətdən, Bayraqdan, “İstiqlal” marşından dünyəvi təhsildən imtina etmək, olsa-olsa Əski Türkiyə yarada bilər. Bütün bunlar Türkiyənin daxili işləridir - deyə bilərsiniz. Amma bizə də dəxli var. Baş verənlərə bir qədər də diqqətlə baxsaq, görərik ki, dəxli var. Həm də birbaşa dəxli var.
        Deməyə, yazmağa çox şeylər, çox məsələlər, mətləblər olsa da hələlik bu qədərini oxucuların nəzərinə çatdırırıq. Həm də elə “bu qədəri” də az deyil...

LİDERLƏR

        Qeyd etdik - Ərdoğan güclü şəxsiyyətdir. O, Türkiyəni bəzən xoşhaxoşluqla, bəzən isə zorla idarə edir. Sosial dayaqları möhkəmdir. Gündəmi istədiyi anda dəyişmək bacarığı var. Əsəbidir, narahatdır. Qəzəblə danışır, əksər vaxtlarda səsini yüksəldir, qışqırır, təhdid edir, ona mane olanları sındıra biləcəyini sərgiləyir. Osmanlı arzusu ilə yaşayır, özünü get-gedə sultanlar kimi aparır, tarixdə qalmaq üçün hər cür cəhdləri göstərir. Türkiyəni itaətə, məzhəbçiliyə, dini siyasətə, diktatorluğa alışdırır.
        Cümhuriyyət Xalq Partiyası Dəniz Baykala qurulan tuzaqdan sonra zəifləyib. Kamal Kılıçdaroğlu diktatorluğa meyllidir, xəyalpərəstdir, “AKP-nin etdiklərini mən də edə bilərəm” düşüncəsi ilə ABŞ-a Fətullahçılara, PKK-ya yarınmaq istəyir. Partiya daxilində ən kritik, mühüm qərarlar alarkən heç kəslə məsləhətləşmir. Prezident seçkiləri zamanı islamçı Ekmeletdin İhsanoğlunu namizəd göstərməklə və Milli Hərəkat Partiyasının lideri Dövlət Bahçəlini də bu işə qoşmaqla müxalifətin məğlubiyyətini gerçəkləşdirdi. Kılıçdaroğlu özünü Atatürk kimi göstərməyə çalışsa da, zamanı “Mən Dersimli Kamalım!” - deməklə ürəyindəkiləri bildirdi. Dersim (indiki Tunceli) polkovnik Seyid Riyanın və onun adamlarının Qərb ölkələri ilə əlbir olub. Cümhuriyyəti bölməyə qalxan bir bölgədir. O üsyanda kürdlər və ermənilər ön sırada olublar. Üsyan yatızdırılıb, Seyid Riza edam edilib.
        Kılıçdaroğlunun “Dersimli Kamal” olması indi Türkiyənin gündəmini dəyişən bir gedişdir və AKP bu fürsətdən yetərincə yararlanır.
        Dövlət Bahçəli təmiz, düzgün türkçülüyün keşiyində duran bir insandır. Dövləti idarəetmə təcrübəsinə malikdir. Ağıllıdır, cəsarətlidir, türk təəssübkeşidir. Amma yaşlanıb. Bilmirik, MHP-yə yeni bir lider hazırlayıbmı, ya yox. Amma Türk dövlətini, türk millətini, türkçülüyün, Cümhuriyyətin qorunmasında MHP yenə çox mühüm rol oynaya bilər.
        İşçi Partiyası daha fəal, dönməz, əyilməz bir təşkilatdır. Onun lideri Doğu Pərincək üsyankardır, açıq sözlüdür, imperializmə qarşı həyatını, ailəsini sipər etmiş bir insandır. Türkiyəni ilgiləndirən bir çox qaranlıq məqamların, məqsədlərin üstünü məhz o açıb, cəsarətlə söyləyib. Həbsxanaya atılıb, yenə sözündən, mübarizəsindən dönməyib. Səmimi, təmiz, düzgün insandır. Rəhbərlik etdiyi partiya da, onun gənclik qolu da mübarizdir, vətənpərvərdir. Atatürkün, Cümhuriyyətin kurallarına sadiqdir. Qondarma “erməni soyqırımı” haqda məhkəmə işi açan, qələbə qazanan Pərincək bu qələbəni zindanda bayram edib.
        Fətullah Gülən Türkiyəni illər boyu AKP ilə birgə idarə edib. Hər yerə, hər təşkilata öz adamlarını yerləşdirib. Ərdoğan dəfələrlə, dönə-dönə onun adını hörmətlə çəkib. ABŞ-dan geri dönməsini istəyib. Siyasi dinçilik, islami dövlət, orta çağlara dönüb, bunu yenilik kimi qələmə vermək hər ikisinin arzusu, ideyasıdır. Türk generallarının, komandirlərin, ziyalıların həbsi Fətullahçı güruhun əli ilə həyata keçirilib. Bu güruhun əlində geniş maliyyə imkanları, təşkilatlanmış canlı qüvvə, silahlı, fanatik insanlar var.
        Dörd nazirin, onların oğlanlarının rüşvətə bulaşması üzə çıxarılandan sonra Ərdoğanla Fətullah Gülənin arası pozuldu. Bundan istifadə edən Kılıçdaroğlu Fətullahçılara tərəf əyildi, onlarla ünsiyyət qurdu. Və bu, AKP-nin deyil, CHP-nin Fətullah camaatı ilə birgə hərəkət etdiyini demək üçün Ərdoğana imkan verdi. Camiyyənin məktəbləri yenə də fəaliyyət göstərir, adamları məclisdən tutmuş hər yerdə var. Bu qarşıdurma uzun sürəcək kimi görünür. Çünki uzun müddət birgə olublar, bir olublar, ölkəni Ərdoğan demişkən, paralel idarə ediblər.
* * * 
        ...1915-ci, Türkiyə üçün ən kritik, həlledici illərdən birinə qədəm qoyuruq. Bu ildə çox hadisələrə şahid olacağıq. Heç gözləmədiyimiz olayların baş verəcəyi indidən görünür. 7 qoldan, 24 boydan gələn Böyük Türk Milləti növbəti sınaq, imtahan qarşısındadır. Bir-birimizin əllərindən daha bərk yapışmaq vaxtıdır. Türkiyənin varlığı, bütünlüyü, yenə də güclü, qüdrətli olması Azərbaycan üçün də vacibdir, həm də çox vacibdir!

        P.S. Yazı çapa hazırlanarkən Türkiyədə Fətullahçıların həbsinə start verildi... Türk əsgərini, türk ziyalılarını həbsə atan bu güruh nəhayət ki, ədalət qarşısındadır...

Mənbə: Tezadlar.az
18, 21 dekabr 2014