Məqalələr‎ > ‎

AMEA əməkdaşlarına verilən maaş çox aşağıdır (müsahibə)

2 Oca 2015 03:30 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Oca 2015 03:32 güncellendi ]
Elnur ELTÜRK,
Mənbə: Bao.az, 01.01.2015

        Faiq Ələkbərov: "Əgər elmi dərəcə almaq istəyənlər uyğun elm ocaqlarında bir neçə dəfə doktorluq tezislərini müdafiə edirlərsə, artıq AAK-a ehtiyac qalmır"

        Son zamanlar Azərbaycanda əsas müzakirə məsələlərindən biri elm və təhsil sahəsindəki problemlərdir. Özəlliklə, Azərbaycan elminin ciddi bir sınaq qarşısında olması artıq heç kəsə sirr deyil. Azərbaycanda ən az maaş sisteminə malik AMEA-da maaşların qaldırılması əvəzinə, burada ciddi iş rejiminin tətbiqi edilməsi alimlərin maddi vəziyyətini bir qədər də pisləşdirib, eyni zamanda mənəvi-psixoloji gərginliyi artırıb. Bu məsələlərə aydınlıq gətirmək üçün AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərovla (Qəzənfəroğlu) həmsöhbət olduq. Çünki Faiq Ələkbərov AMEA, AAK və Təhsil Nazirliyi sistemindəki nöqsanlarla bağlı həm KİV də, həm də elmi jurnallarda maraqlı mülahizələri ilə fərqlənir. Müsahibimizə ilk suallımız bugünkü şəraitdə AMEA-da işləməyin şərtləri ilə bağlı oldu...

        - Faiq müəllim, bugünkü şərtlər daxilində Azərbaycanda elmlə məşğul olmaq nə dərəcə də mümkündür?

        - Bu gün sözün həqiqi mənasında Azərbaycanda elmlə məşğul olmaq fədakarlıq, cəsarət və bürokratik əngəllərə qarşı mübarizə tələb edir. Hər halda, elm sahəsinə çalışanlar yaxşı bilirlər ki, Azərbaycanda dissertasiya yazmaq daha asandır, nəinki hansısa sənədləşmə işləri ilə məğul olmaq. Əslində isə vəziyyət tam tərsinə olmalı, yəni dissertasiyaların elmliyi və yeniliyi önə çəkilməli, sənədləşmə işləri isə asan olmalı idi. Ancaq görünən odur ki, Azərbaycanda daha çox formallığa üstünlük verilir, nəinki elmliliyə. Maraqlıdır ki, son zamanlarda elmlilik və yenilik əvəzinə, bu sənədləşmə işləri əvvəlki illərlə müqayisədə, daha da "ciddiləşdirilib". Hətta, artıq fəlsəfə doktoru və fəlsəfə elmləri doktoru olmaq istəyənlər ölkəmizlə yanaşı, xaricdə də ən azı bir neçə məqalə dərc etdirməlidirlər. Üstəlik, bu məqalələr yalnız Ali Attestasiya Komissiyasının (AAK) qəbul etdiyi, tanıdığı elmi jurnallar olmalıdır. Ən qəribəsi odur ki, AAK az qala hər il tanıdığı jurnalların siyahısını dəyişir. Bütün bunlar isə maddi imkanla birbaşa bağlıdır. Azərbaycan elminə ayrılan xərclərlə isə həm özünün maddi tələbatlarını ödəmək, həm də elmi işlərlə məşğul olmaq çox çətindir. Özəlliklə, elmlər doktoru olmaq üçün gərək ömrünün böyük bir hissəsini Azərbaycanda və xaricdə məqalə yazmağa, sənədləşmə işlərini qaydaya salmağa həsr edəsən. Əgər nisbətən gəncsənsə problemlər daha da çoxalır. Halbuki bu elmi dərəcələrə görə verilən pul rəmzi xarakter daşıyır. Yəni Azərbaycanda namusla, halal yolla yaşayaraq elmlə məğul olmaq o deməkdir ki, şəxsi və ailə həyatını elmə qurban verirsən. Çünki fəlsəfə doktoru və elmlər doktorlarının aldıqları uyğun olaraq 250-350 manat arasındakı maaşla, maddi cəhətdən alimin özünü və ailəsini təmin etməsi mümkün deyildir. Ona görə də, halal və namuslu yol tutan alimlər məcburdurlar ki, 2-3 yerdə işləsinlər. Bu isə, bütün hallarda insanlığa və cəmiyyətə zərbədir.

        - Sizcə, Azərbaycanın elmində ciddi islahatlar həyata keçirmək üçün nə etmək, yaxud da nədən başlamaq lazımdır?

        - İlk növbədə AMEA və AAK sistemində sözün həqiqi mənasında islahatlar aparılmalıdır. Əvvəllər də dediyim kimi, burada söhbət yalnız yeni qanunların, qərarların qəbul edilməsindən deyil, bütövlükdə bu ali elm orqanlarının daxili mahiyyətinin və məzmununun da yeniləşməsindən gedir. Çünki bu gün elm sahəsində yeni qanunların, qərarların qəbul edilməsinə baxmayaraq (məsələn, Elmin İnkişafına Yardım Fondu və s.), ciddi irəliləyişlərin olmamasının başlıca səbəbi, hələ də bu sistemdə yüksək vəzifə tutan bir çox şəxslərin, əsasən sovet dövrünün standartları və qaydalarından çıxış etmələridir. Çox təəssüflər olsun ki, elm sistemində nüfuz sahibi olanlar bir çox hallarda tərifləyib yüksəklərə qaldırdıqları SSRİ dövründəki elm və təhsil sisteminin müsbət deyil, məhz mənfi cəhətlərini özlərində yaşadır və təcəssüm etdirirlər. Xüsusilə, o mənfi cəhətlərini ki, hələ də elmin azad bir sahə olmasını qəbul etməkdə çətinlik çəkir, oybektiv fikirləri eşitməzlikdən gəlir, kimlərinsə diktəsi əsasında addımlar atmağı məqsəduyğun hesab edirlər. Bu gün erməni alimləri hər hansı bir məsələdə yüzdə yüz saxtakarlığa yol verdikləri halda belə, bunun elə bir inamla ifadə edirlər ki, az qala həqiqiliyi şübhə doğurmur. Məsələn, sözdə "erməni genosidi" buna ən gözəl nümunədir. Çünki bütün ermənilər, özəlliklə erməni alimləri bunun üçün bir məktəb keçirlər. Bizim xoşumuza gəlib-gəlməsindən asılı olmayaraq onlar türklüyə nifrət üzərində "elm" öyrənir və beynəxalq konfranslarda da bunu ifadə edirlər. Amma onların türklüyə nifrətləri öyrəndikləri "elm"in yalnız bir hissəsidir. Onun digər tərəfində ABŞ, Rusiya və AB-nin dəstəyi ilə Türkiyə və Azərbaycan torpaqlarına sahib çıxmaqdır. Özü də erməni alimləri bunu, çox düşünülmüş və sistemli şəkildə həyata keçirirlər. Yəni artıq onlar bu sahədə dünyada bir "erməni tarixi", "erməni coğrafiyası", hətta "erməni fəlsəfəsi" belə formalaşdirmağı bacarıblar. Biz isə bu sahədə ermənilərlə müqayisədə özümüzü yeni hesab etməklə, haradasa sığortalamaqla məşğuluq.
        Halbuki 150 il, 100 əvvəl erməni alimlərinin yalanlarına qarşı çıxan və onların iç üzünü ortaya qoyan Həsən Bəy Zərdabilər, Əhməd Bəy Ağaoğlular, Əli Bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr, Mirzə Bala Məmmədzadələr və başqaları olublar. Ancaq indi bir çoxları iddia edirlər ki, bu günə qədər yalnız ermənilər hansısa işlər görüblər və onlara cavab verən alimlərimiz olmayib. Guya, yalnız indi erməni alimlərinə və ideoloqlarina tutarlı cavablar verilir. Bu tamamilə yanlış fikirdir. Əksinə, vaxtilə erməni ideoloq və alimlərinə Həsən Bəy Zərdabi, Əhməd Bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə və başqaları daha tutarlı cavab veriblər, nəinki indiki alimlərimiz. Məncə, indiki alimlərimizin əksəriyyəti erməni yalanlarına qaşı tutarlı cavablar vermək əvəzinə, ya yalnız quru şüarlar səsələndiməklə, ya ciddi elmi mahiyyət daşimayan əsərlər yazmaqla, ya da beynəlxalq tədbirlərdə özlərini təbliğ etməklə məşğuldurlar. Hesab edirəm ki, bu gün erməni alimlərinin yalanlarina qarşı tutarlı əsər hələ yazılmayıb. Doğrudur, bu sahədə çalışan alimlərimiz var, amma onlar da kifayət qədər maddi imkana malik deyillər. Hətta, elə səviyyəli alimlərimiz var ki, maddi imkansızlıqdan beynəlxalq konfranslara qatıla bilmirlər. Amma əvəzində nəniki erməni alimlərinə, hətta onların tələbələrinə cavab verə bilməyən bəzi "alimciklər" var ki, az qala hər ay beynəlxalq tədbirlərə qatılırlar.

        - Sizcə, Azərbaycan elminin qurtula bilmədiyi mühafizəkar ənənələri hansılardır?

        - Məncə, Azərbaycan elmində sovet dövründən qorunub saxlanılmış mənfi ənənələrdən biri idarəetmə, subordinasiya və s. məsələlərdə inzibati-amirlik sistemindən istifadə olunmasıdır. Halbuki əgər biz azad, demokratik, hüquqi vətəndaş cəmiyyətində yaşamağın vacibliyindən bəhs edir, hətta belə bir cəmiyyətdə artıq yaşadıtımızı iddia ediriksə, onda inzibati-amirlik sisteminin tələb və qaydalarından deyil, artıq şüquqi və demokratik sistemin norma və qanunlarından çıxış etməliyik. Hüquqi və demokratik sistemin tələb etdiyi isə odur ki, elmdə yuxarı vəzifə tutanların (direktor, şöbə müdiri və s.) və elmi dərəcəsi olanların (akademik, fəlsəfə elmləri doktoru, fəlsəfə doktoru və s.), onlarla və yüzlərlə kitab və məqalələləri çıxanların deyil, sözün həqiqi mənasında cəmiyyət üçün xeyirli və yararlı, milli və demokratik ruhlu yeni ideya, yeni fikir irəli sürənlərin sözü keçərli və qiymətli olmalıdır. Bir sözlə, elmdə hörmət və ehtiram vəzifəyə, elmi dərəcəyə, yaş nisbətinə və s. görə deyil, alimlərin biliyi, novatorluğu, elmi obyektivliyi və s. əsasında müəyyənləşdirilməlidir.
Başqa bir ənənə isə varisliklə bağlı olub SSRİ sistemində çalışmış şəxslərin o dövrdə olduğu kimi, sözün bütün mənalarında qapılarını milli və demokratik düşüncəli gənclərin üzünə bağlayıb, onu yanız ideoloji və şəxsi maraqlarına uyğun gələnlərin üzlərinə açmalarıdır. Bir sözlə, elmdə varisliyin millilik, keyfiyyət, istedad ilə deyil, tamam başqa xüsusiyyətlər (kosmopolitlik, kəmiyyət, tabeçilik və s.) əsasında ötürülməsidir. Azərbaycan elmində yaşadılan "ənənələr"dən biri də milli və demokratik fikirlərə qarşı olan aqqresiyadır. Bir çox alimlərimiz sözdə demokratiya və azad fikirdən bəhs etdikləri halda, istər elmi konfranslarda, istərsə elmi kitablarda və məqalələrdə bunu eşitmək və görmək istəmirlər. SSRİ dövründə olduğu kimi, az qala hamının eyni cür düşünməsi, eyni cür danışması, eyni cür yazması və s. tələb olunur. Başqa bir "ənənə" isə SSRİ dövründə olduğu kimi, kitab və məqalələrin keyfiyyətinə deyil, kəmiyyətinə üstünlük verilməsi, yeri gəldi-gəlmədi bol-bol təriflərə yol verilməsidir.
        Gördüyümüz kimi, Azərbaycan elmindəki "ənənələr" AMEA və AAK sistemində SSRİ dövründə olduğu kimi, heç də pis yaşadılımır, hətta deyərdik ki, çox yaxşı qorunub saxlanılıb.

        - Sizin sözlərinizdən belə çıxır ki, müstəqilliyimizi bərpa etdikdən sonra, Azərbaycan elmində müsbət mənada heç bir yenilik olmayıb?

        - Çox təəssüflər olsun ki, nadir hallarda rastlaşdığımız müsbət dəyişiklikləri nəzərə almasaq, bütövlükdə Azərbaycan elmində ciddi, əsaslı yeniliklər olmayıb. Məsələn, bu günədək AMEA əməkdaşlarına verilən maaş nəinki Avropa ölkələri, zətta MDB dövlətləri ilə müqayisədə çox aşabıdır. Artıq Azərbaycan elmində belə bir fikir formalaşdırılıb ki, AMEA sistemində çalışanlar ailəsini saxlaya biləcək qədər maaş tələb etməsinlər. Əgər bunu tələb etsəniz, onda belə bir cavab alarsınız ki, bura akademiyadır, elm ocağıdır, yəni burada insan kimi yaşamaq üçün zəruri olan maaşın alimə verilməsindən danışmaq, tələb etmək olmaz. Ona görə də, bu barədə söz açanlara verilən cavab budur ki, kim insan kimi yaşamaq üçün zəruri olan maaş almaq istəyirsə, gedib başqa yerdə çalışsın. Qeyd edək ki, AMEA institutlarında aşağı-yuxarı elmi dərəcəsi olmayanlar 150-200, fəlsəfə doktorları 250-300, elmlər doktorları və şöbə müdirləri 350-400, direktor müavinləri, direktor 450-600 manat arasında maaş alırlar... Müqayisəsi doğru olmasa da nəzərnizə çatdıraq ki, AMEA-nın girişindəki nəzarətçilər fəlsəfə doktorlarından çox maaş alırlar.... Bu anlamda gənclərin AMEA-ya yalnız elmi ad və elmi dərəcə əldə etmək üçün üz tutmaları təbiidir. Çünki burada işləyənlərin 95 faizi heç vaxt şöbə müdiri, direktor müavini, direktor olmayacaqlar. Deməli, AMEA və AAK gənclər üçün perspektivli iş yeri və karyera deyildir...

        - Yeri gəlmişkən, bu il AMEA əməkdaşlarının iş rejimi ilə bağlı bəzi addımlar atıldı, keçid-kontrol mərkəzi yaradıldı. Buna sizin və digər elm adamlarının münasibəti, reaksiyası necə oldu?

        - Bildiyimiz qədər məqsəd o olmalı idi ki, AMEA əməkdaşları gündəlik 8 saatlıq iş rejimindən kənara çıxmasınlar. Bununla da guya, elmin keyfiyyəti artmalı idi. Məncə, AMEA rəhbərliyinin bu son "yeniliyi" keyfiyyəti artirmaqdan daha çox, elmə az-çox xidmət edən 15-20 faiz (bəlkə də bundan da az) əməkdaşların da buradan uzaqlaşmasına gətirib çıxaracaqdır və çıxarır da. Çünki onlar elmə xidmət naminə əsas iş yeri hesab etdikləri AMEA da çalışmaqla yanaşı, məcburən bir neçə yerdə pedaqoji fəaliyyət də göstərirlər. Sözdə elmi keyfiyyətin qalxmasına hesablanmış keçid-kontrollu ciddi iş rejimi isə əslində o deməkdir ki, alimin hansı məhsulu verməsi önəmli deyil, 8 saatın tamamını AMEA da olması vacibdir. Bu baxımdan görünən odur ki, iş rejimini sərtləşdirməklə elmin keyfiyyətini qaldırmaq istəyənlər üçün, sözün həqiqi mənasında elmə xidmət edənlərin itirilməsi də önəmli deyildir.

        - Maraqlıdır, Sovetlər Birliyi dönəmində elmi məqalələr və kitablar dövlət hesabına çap olunurdu. Bəs indi vəziyyət necədir?

        - Doğrudur, hazırda bəzi institutlar insafən müəllif kitabı çap edirlər. Amma birincisi, bu kitabların 100 nüsxə çapı onun əhəmiyyətini və elmi dövriyyəsini minumuma endirir, ikincisi onun fiziki keyfiyyəti çox aşağıdır. Bu baxımdan son zamanlar bəzi institutlarda bir müəllif üçün 100 nüsxənin nəşrinin də dayandırılması əslində faciə deyil. Halbuki dünyanın əksər ölkələrində elmi kitabı və elmi məqaləsi çap olunanlar nəinki ciblərindən pul ödəyirlər, üstəlik bu uğurlarına görə onlara mükafat və qonorar verirlər. Tirajına və keyfiyyətinə də söz ola bilməz. Digər tərəfdən, bugünkü dissertasiyalar və kitabların heç də az olmayan qismi bir-birinin təkrarı, ümumi söz yığınağıdır. Bunun üçün, son 10-15 ildə AAK-a göndərilmiş bəzi dissertasiyaları və ölkədə nəşr olunmuş kitabları oxumaq kifayətdir. Hətta iş o yerə gəlib çatmışdır ki, bur neçə dəfə dövlət rəhbərliyi səviyyəsində bu məsələ qaldırılmış, qanuna zidd əməllərinə görə AMEA və AAK sistemindəki bəzi şəxslər işlərindən kənarlaşdırılmışlar. Ancaq bu məsələnin köklü həlli baxımından yetərli olmamışdır. Hesab edirəm ki, Ümumiyyətlə AAK-ın varlığı Azərbaycan elmi üçün önəmli deyil. Əgər elmi dərəcə almaq istəyənlər uyğun elm ocaqlarında bir neçə dəfə doktorluq tezislərini müdafiə edirlərsə, artıq AAK-a ehtiyac qalmır. AAK sözün həqiqi mənasında elmi dərəcəyə iddialı olanları süründürməçiliklə, get-gəl etməklə mənəvi-psixoloji cəhətdən əzir. Ancaq bu adlara bir o qədər də layiq olmayanlar (xüsusilə, vəzifəli olanlar, ya da vəzifədə adamı olanlar) isə belə problemlərələ qarşılaşmırlar. Digər tərəfdən, iddiaçının müdafiə etdikləri Dissertasiya Şuraları ilə AAK arasında uyğunsuzluqlar var. Biri iddiaçını elmi dərəcəyə layiq bildiyi halda, bəzən ikinci bunu təsdiq etmir. Bu zaman məlum olur ki, ikisindən biri doğru qərar qəbul etməmişdir. Amma məsələyə daha obyektiv yanaşsaq görərik ki, bəzi hallarda baltanın sapında da, küpündə də var. Məncə, məsələnin ən yaxşı həlli Dissertasiya Şuralarının keyfiyyətinin artırmaq, nöqsanları aradan qaldırmaqdır. Əgər bu məsələ həll olunarsa, o zaman AAK-a da ehtiyac qalmaz.

        - Faiq müəllim elmi dərəcə (fəlsəfə doktoru və elmləri doktoru) almaq istəyənlərin xaricdə məqalələrinin nəşr olunması və xarici konfranslarda iştirak etməsi tələbinə münasibətiniz necədir?

        - Fikrimizcə, bu məsələ, Azərbaycan elminin ən yaralı yeridir. Yəni artıq biz az-maz qazandığımız maaşımızı ailəmizi saxlamaqla kifayətlənməməli, üstəlik bu az maaşdan hətta xarici ölkələrin jurnallarına da "yardım" etməliyik. Üstəlik, xarici konfranslarda iştirak etməklə də elmi dərəcəyə layiq olduğumuzu özümüzə, daha doğrusu AAK-ın və AMEA-nın rəhbərliyinə sübut etməliyik. Qeyd edək ki, AAK-ın qərarı ilə fəlsəfə doktoru və elmləri doktoru dərəcəsi almaq istəyənlər üçün xaricdə məqalələr nəşr etdirmək, xarici konfranslara qatılmaq məcburidir. Bu isə o deməkdir ki, xaricdə məqalə nəşr etdirmək rəsmi şəkildə "yenilik"dir. Ən maraqlısı isə odur ki, əgər siz minumum 300-400 dollar ödəyib xaricdə bir məqalə nəşr etdirsəniz, institut rəhbərliyi bunu qiymətləndirib nə vaxtsa sizə 5-10 manat mükafat da yaza bilər! Amma o da, nadir hallarda... Hər halda heç bir məntiqə uyğun deyil ki, elmi dərəcə almaq istəyən bir iddiaçı öz hesabına xaricdə məqalə çap etdirir və buna layiq olduğunu isbatlamış olur. Deməli, elmi yeniliyi olub, amma xaricdə nəşr etdirməyə pulu olmayan iddiaçı isə bu anlamda iddia etdiyi elmi dərəcəyə layiq deyil. Bunu xarici konfranslarda iştirak məsələsinə də aid etmək olar. Birmənalı şəkildə hər hansı elmi dərəcəyə (fəlsəfə doktoru, elmlər doktoru) iddialı şəxs aldığı təqaüd və maaşla xaricdə keçirilən konfranslarda iştirak etmək maddi imkanına sahib deyil. Bu konfranslara qatılmaq üçün kənar maddi dəstəyə mütləq ehtiyac var ki, bu anlamda şəxsən mən bu günə qədər iştirak etdiyim 3 xarici konfransa görə əsasən, pedaqoji fəaliyyət göstərdiyim universitetlərdən birinin rəhbərliyinə borcluyam. Halbuki birincisi, mən AMEA sistemində zəruri səviyyədə maaş almaliyam ki, xarici konfranslarda öz hesabıma iştirak edim, bu anlamda mənə kanardan maddi dəstək verənlərə özümü borclu hesab etməyim. İkincisi, bu mümkün deyilsə, o zaman çox cüzi miqdarda tələb olunan bu maddi dəstəyi AMEA özü ödəməlidir. Amma xarici ezamiyyətlər üçün institutlara ayrılan maliyyə o qədər azdır ki (hər halda mənə belə deyirlər), o da bir neçə elmi işçinin ezamiyyətinə ancaq çatır. Bunun üçün isə gərək ilin əvvəlində müraciət edəsən və s.

        - Bildiyimiz qədər son vaxtlar dövlət orqanlarında çalışmış yüksək çinli sabiq məmurlar AMEA-nın institutlarına axın edirlər...

        - Artıq demək olar ki, bu dəb halını alıb. Belə ki, vaxtilə yüksək vəzifələrdə çalışan, yaxud çalışmaqda olan bir çox məmurlar, millət vəkilləri ya gəlib burada elmi dərəcələr alırlar, ya da institutlarda müxtəlif vəzifələr (direktor, direktor müavini, şöbə müdiri və s.) tuturlar. Bir sözlə, əsas elmi bilik və alimlik keyfiyyətləri deyil, "əsas" keçmiş vəzifəlilik, pululuq, ya da kiminsə adamı olmaqdır. Şübhəsiz, buna son qoyulmalıdır..

        - Son suallımız bu yaxınlarda keçirilən akademik və müxbir üzv seçkiləri ilə bağlıdır. Mətbuatda bu barədə ziddiyyətli fikirlər öz əksini tapdı...

        - Bir çox alimlərimiz var ki, bu adlar uğrunda mübarizə aparmaqdan yorulmurlar. Yəni dəfələrlə namizədliklərinin irəli sürürlər ki, müxbir üzv, ya da akademik olsunlar. Məncə, onlar biliklərinin elmə, elmi yeniliklərə sərf etmiş olsaydılar, Azərbaycan elmi daha çox qazanmış olardı. Amma bu elmi ad ubrunda mübarizə onları nəinki elmdən uzaqlaşdırır, bəzən də sağlamlıqlarını qurban vermək həddinə də çatdırır. Ümumiyyətlə, mən müxbir üzv, ya da akademik adı uğrunda keçirilən seçkilərin əleyhinəyəm. Məncə, xalqının inkişafında, onun dünyaya tanıdılmasında mühüm rol oyanamış istənilən alim avtomatik olaraq bu adlara layiqdir. Mən bu adlar uğrunda mübarizəyə qoşulmuş, amma istəklərinə çatmamış bir neçə alimimizi tanıyıram ki, seçkilərdən sonra onlarda necə ruh düşkünlüyü və əsəb xəstəliyi yaranıb. Çünki onlar da istədikləri elmi ada layiq olduqlarını düşünürlər. Eyni zamanda bu seçkilərdə fəlsəfə sahəsində heç bir alimimizin nə akademik, nə də müxbir üzv seçilməməsi də çox düşündürücüdür. Bütün bunlar elm adamlarında istər-istəməz suallar və şübhələr yaradır. Ona görə də, bu adların verilməsi ilə bağlı məsələ Avropa standartlarına uyğun həll edilməlidir.