Məqalələr‎ > ‎

Milli aydınlarımıza ögey münasibətin arxasında nə dayanır?

2 Oca 2015 03:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Oca 2015 03:45 güncellendi ]
Yaxud da Sovet məfkurəsindən qurtulmayanların 
Rəsulzadələri, Ağaoğluları, Hüseynzadələri 
təftiş etməyə nə haqları var?!


Faiq ƏLƏKBƏROV,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, 
fəlsəfə doktoru, dosent


        Hazırda cəmiyyətdə daha çox tənqid olunan, dövlət səviyyəsində əsərləri ən az çap olunan milli aydınlarımızdır. Məsələn, dövlət səviyyəsində milli aydınlarımızdan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Almas Yıldırım, Əmin Abid Gültəkin və başqalarının cəmi bir cildlik «Seçilmiş əsərləri» işıq üzü görmüşdür. Halbuki Ə.Hüseynzadənin, xüsusilə Ə.Ağaoğlunun bütün külliyyatının nəşrinə böyük ehtiyac vardır. Ən çox diqqət çəkən isə odur ki, milli ideoloqumuz, Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dövlət səviyyəsində heç bir cildlik olsun belə «Seçilmiş əsərələri» də işıq üzü görməmişdir. Hazırda M.Ə.Rəsulzadənin 4 cildlik «Əsərləri» nəşr olunmuşdur ki, onu da şəxsi təqaüdü hesabına çap etdirən tanınmış ziyalımız Şirməmməd Hüseynovdur. Yalnız Rəsulzadənin 130 illik yibileyinin keçirilməsi ilə bağlı Azərbaycanın dövlət başçısı İlham Əliyevin sərəncamından sonra, Rəsulzadənin əsərlərinin dövlət səviyyəsində də nəşr olunacağı gözlənilir.
        Ancaq bütün bunların əvəzində SSRİ dövründə əsərləri çap olunmuş Azərbaycan türk aydınlarının bütün əsərləri dövlət səviyyəsində latın qrafikası ilə yenidən nəşr olunmuşudur. Əlbəttə, biz onun əleyhinə deyilik ki, niyə M.Rahim, C.Cabbarlı, S.Rüstəm, R.Rza, S.Vurğun, C.Məmmədquluzadə, S.Rəhman, H.Cavid və başqalarının əsərlərinin tam külliyyatı yenidən – latın qrafikası ilə Azərbaycan oxucusuna çatdırılır. Sadəcə, bütün bunlarla yanaşı SSRİ dövründə əsərlərinə tamamilə yasaq qoyulmuş Rəsulzadələrin, Ağaoğluların, Hüseynzadələrin və başqalarının da bütün külliyyatının dövlət səviyyəsində nəşrini görmək istəyirik. Fikrimizcə, onların əsərləri Azərbaycan cəmiyyətində geniş yaylması həm də ona görə lazımdır ki, istər elmi ictimaiyyət, istərsə də kütlə arasında həmin mütəfəkkirlərimizin irəli sürdükləri milli ideyalar haqqında dolğun bilik formalaşsın.
        Bütün bunların niyə məhz bu formada baş verməsini əsaslandırmaq üçün AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov mətubatda bəyan edir ki, ötən əsrdə Azərbaycanı Səməd Vurğun daha yaxşı təbliğ etmişdir, nəinki mühacirətdə yaşayan aydınlarımız. Bu mənada, mühacirət ədəbiyyatı S.Vurğun səviyyəsində deyil. Belə ki, M.Ə.Rəsulzadə­nin, C.Hacıbəylinin və başqalarının ədəbiyyata dair böyük əsərləri olsa da, ədbiyyat üçün paralaq hadisə deyildir. Birincisi, bu cür müqayisə aparmağın və milli aydınlarımızı üz-üzə qoymağın özü yanlışdır. İkincisi, mühacirətdəki milli aydınlarımızın irsinin bu günə qədər Azərbaycan cəmiyyətinə tam çatdırılmadığı bir dövrdə, onlara bu cür yuxarıdan aşağı münasibət doğru deyildir. Unutmaq olmaz ki, Rəsulzadələr, Ceyhun Hacıbəylilər, Almas Yıldırımlar, Əmin Abid Gültəkinlər kimi onlarla milli aydınlarımız yalnız ruhən deyil, həm də cismən Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış, bu yoldda şəhid olmuşlar. Onların irsi SSRİ dövründə Azərbaycan cəmiyyətindən gizlədildiyi halda, bu gün isə natamam şəkildə topluma çatdırıl­maqdadır. Məsələn, təkcə Rəsulzadənin «Azərbaycan şairi Nizami» əsəri çağdaş Azərbaycan ədəbiyyatının şah əsəridir.
        Bütün bunlardan xəbərsiz kimi durub demək ki, S.Vurğuna, C.Cabbarlıya Azərbaycan cəmiyyətinin daha çox ehtiyacı var, nəinki mühacirətdəki milli aydınlarımızın, bu gerçəkliyin ifadəsi deyildir. Daha doğrusu, bu cür mülahizələr sovet dövrünün yetişdirmələri olan ziyalıların özünü qorumasıdır. Fikrimizcə, burada S.Vurğunu, C.Cabbarlını önə çəkmək də nisbi bir məsələdir. Bu bir növ S.Vurğunun, C.Cabbarlının kölgəsi altında özünümüdafiə, yəni sovet dövrünün ziyalısı olmağın üstün bir şey kimi cəmiyyətin şüuruna yeritməkdir. Bütün bu özünümüdafiədə S.Vurğundan, C.Cabbarlıdan və başqa SSRİ dövründə yaşamamış ziyalılardan sui-istifadə etmək heç bir halda məntiqə uyğun deyildir.
        Bunu, N.Cəfərovun bir tərəfdən sovet dövrünün ideyalarına uyğunlaşan ziyalılara (S.Vurğun və b.) haqq qazandırdığı halda, M.Ə.Rəsulzadəni təftiş etməyə davam etməsi də göstərir. Rəsulzadənin millətin tarixi ilə bağlı ciddi səhvlərinin olduğunu yazan N.Cəfərovun fikrincə, bunlardan biri də, milli ideoloqun «Əsrimizin Siyavuşu» əsərində açıq mətnlə dediyi «Azərbaycan xalqı bir fars ata ilə bir türk ananın oğludur» fikridir: «Yəni Siyavuşun atası fars, anası isə türk idi. Bu baxış olduqca qeyri-ciddi və və yanlış bir baxışdır. Mən xatırlatmaq istəmirəm, amma tədqiqatçılar yaxşı bilirlər ki, Rəsulzadənin həyatında çox ciddi problemlər, düzgün qərar çıxarmamaq məqamları və ziddiyyətləri olub. Burada söhbət ondan gedir ki, kimisə ideallaşdırarkən diqqətlə baxmaq lazımdır. Çünki bunun arxasınca onun ideyaları gəlir. Kimisə ideallaşdırırsansa, onun ideyalarına sözsüz və şübhəsiz əməl etməlisən, bu isə mümkün deyil».
        Bizcə, Rəsulzadənin «Əsrimizin Siyavuşu» əsərindəki ideya xətti yenə də təhrif olunmuşdur. Çünki milli ideoloq heç də N.Cəfərovun dediyi kimi, bütövlükdə Azərbaycan xalqını fars ata ilə türk ananın oğlundan törəmə olduğunu iddia etməmişdir. Ümumiyyətlə, məsələnin bu cür qoyuluşu əsil mahiy­yəti ya doğru­dan da görməmək, ya da da görüb görməməzlikdən gəlməkdir.
        Birincisi, Rəsulzadə bu əsərində azərbaycanlıların fars ata və türk anadan olması mülahizəsindən çox türk, fars və ərəb mədəniyyətinin islamlıq mədəniyyətini yaratdığını, bundan da bir sıra müsəlman millətlər kimi Azərbaycan xalqının da təsirləndiyini bildirmişdir. Yəni burada Rəsulzadə ortaq mədəniyyət ideyasını irəli sürmüşdür. Bu mənada, onun fikrincə çağdaş dövrdə milləti müəyyənləşdirən amil qan və irq (etnos) təsirindən çox ortaq biliklə - mədəniyyətlərlə, ideologiyalarla bağlıdır: «Dili, dini, əxlaqı, adəti, tarixi və ənənəsi bir olan xalq milli bir mədəniyyət yaradır: dinləri, dilləri və yaxud tarixi müqəddəratları, hətta bəzən coğrafi mövqeləri bir olan millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər sıxı olur ki, xətti-zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir» [188, 31]. Fikrimizcə, burada «iki millətdən bir millət nümunəsi meydana gəlir» ifadəsi qan deyil, daha çox mədəniyyət və ideologiya mənasında başa düşülməlidir. Çünki milli ideoloq əvvəlcədən bəyan edir ki, artıq çağdaş dövrdə milləti qan və irq deyil, ortaq milli şüur, yəni mədəniyyət və ideologiya (türk-islam mədəniyyəti) müəyyənləşdirir. Deməli, Azərbaycan xalqının mədəniyyətinin əsasını türk və fars mədəniyyəti, müəyyən qədər də ərəb mədəniyyəti təşkil edir.
        Rəsulzadə bununla da Azərbaycan xalqının həyatında fars atanın deyil, fars mədəniyyətinin, müəyyən qədər də ərəb mədəniyyətinin mühüm təsir göstərdiyini yazmışdır. Çünki onun fikrincə, xristianlıq mədəniyyəti Avropa mədəniyyəti adlandırılıdığı kimi, bu xalqların mədəniyyyəti də İslam və Şərq mədəniyyəti kimi tanınmışdır. Deməli, Azərbaycan mədəniyyəti də islamlıq və şərq mədəniyyətinin tərkib hissəsidir. Bu çox doğru bir təsbit idi. Belə ki, eyni sözləri fars və ərəb mədəniyyəti haqqında da demək olar. Yəni hər bir millətin mədəniyyəti nə qədər özünəməxsus olursa olsun, o müəyyən mənada digər mədəniy­yətlərin də təcəssümüdür. Bu isə ümumilikdə, İslam-Şərq mədəniyyəti kimi də ifadə oluna bilər.
        Bütün bunlar o deməkdir ki, Rəsulzadə N.Cəfərovun iddia etdiyi kimi Azərbaycan xalqını fars atanın türk ananın oğlu deyil, Azərbaycan mədəniyyətini fars, türk və ərəb mədəniyyətinin ortaq mədəniyyəti – islam mədəniyyəti kimi görmüşdür. Başqa sözlə, milli ideoloq burada Azərbaycan xalqının etnik kimliyindən çox mədəniyyətinə diqqəti yönəltmiş, bu mədəniyyətə türk mədəniyyəti ilə yanaşı, fars və ərəb mədəniyyətinin əsaslı təsirindən bəhs etmişdir. Rəsulzadənin bu zaman ərəb mədəniyyəti ilə nisbətdə fars mədəniyyətinə daha çox diqqət yetirməsi isə əsassız olmamışdır. Çünki ərəb mədəniyyəti ilə müqayisədə fars və türk mədəniyyəinin qarşlışqlı əlaqələrinin tarixi, bu zaman müəyyən mübadilələrin olması daha qədim dövrə gedib çıxır.
        Bu o deməkdir ki, Rəsulzadə bu əsərində Azərbaycan xalqının həyatında fars qanından deyil, fars mədəniyyətinin təsirindən bəhs etmişdir. Digər tərəfdən əsrlər boyunca farslar və türklər birbirləri ilə qaynayıb qarışımışdır ki, Rəsulzadənin müəyyən mənada buna da toxunması normal bir haldır. Hər halda, bu gündə danılmaz faktdır ki, «Azərbaycan xalqı» dedikdə, yalnız türklər nəzərdə tutulmur. Bunu bir qədər aşağıda daha geniş şəkildə toxunacağmız üçün, burada yalnız onu qeyd edə bilərik ki, Azərbaycan xalqı anlayışının tərkibinə türksoylu etnoslarla yanaşı, farsdilli (tat, talış, kürd və b.) və qafqazdilli (ləzgi, avar və b.) etnoslar, o cümlədən milli azlıqlar (rus, gürcü, ərəb və b.) da aiddirlər. Şübhəsiz, bunların arasında türksoylu etnoslardan sonra farsdilli etnoslar müəyyən çəkiyə malik olduğu üçün Rəsulzadə bunu bir qədər qabarıq şəkildə vermişdir.
        Bu mənada, İran və Turan mədəniyyətinin ortaq məhsulu kimi Siyavuşun timsalında Firdovsinin bunu qələmə alması, Rəsulzadənin isə bunu ideoloji yöndə şərh etməsində qeyri-adi heç nə yoxdur. Çünki istər Firdovsinin, istərsə də Rəsulzadənin Siyavuşu rəmzi xarakter daşıyır. Xüsusilə, Rəsulzadə Siyavuşu fars ata türk ananın oğlu olmasından çox Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının tərkibinin rəngarəngliyinə və mövcud mübahisələrə diqqəti yönəltmək istəmişdir: «İndiki Azərbaycandan ibarət olan bura əhalisinin türkmü, yoxsa farsmı olması çox zaman münaqişəli olub insanlarına, xalq ədəbiyyatına, aşıq dastanları ilə çoban türklərinə, ənənə və adətlərinə baxanlar türk, rəsmi yazılarına baxanlar da fars demişlər. Kimisi bunlar türkləşmiş farslar, kimisi farslaşmış türk deyə nəbul etmişdir» [188, 32]. Rəsulzadənin bu sözlərindən belə nəticə çıxarmaq olar ki, Azərbaycan əsasən, türklərin yaşadığı bir yurd olmaqla yanaşı, farslaşmanın təsirinə məruz qalmışdır. Bu isə, N.Cəfərovun iddia etdiyi kimi, qeyri-ciddi və yanlış baxış olmaqdan çox həmin dövrün mənzərəsinin obyektiv təhilidir. Bu təhilin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Turanın mərkəzi və açarı olsa da, zaman-zaman İran-Fars mədəniy­yətinin və elminin təsirinə məruz qalmışdır. Bunun da nəticəsində canı və qanı türk olan Azərbaycan xalqı, xüsusilə Güney Azərbaycan türkləri İran-Fars elminin və mədəniyyətinin təsirilə (şiəliyin bunda mühüm rolunu da qeyd etməklə) şüur baxımdan xeyli dərəcədə farslaşmışdır.
        Bu mənada, Rəsulzadə haqlı idi ki, bir çox zaman azərbay­canlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özələrini hiss etmişlər. Ümumiyyətlə, bütün Türk aləmi bəzi dövrlərdə İran mədəniyyətinin və elminin təsiri altında olmuşlar. Bu mənada, Rəsulzadənin İran və Turan savaşlarına, İranvə Turan mədəniyyətlərinin qarşılıqlı əlaqlərinə diqqət yetirməsi də başa düşüləndir. Yəni burada söhbət Azərbaycan xalqının həyatında fars atanın qanından deyil, İran mədəniyyətinin və İran elminin təsirindən gedir. Bunu, Rəsulzadənin aşağıdakı fikirləri də təsdiq edir: «Azərbaycan xalqında xoşbəxt bir həyat yaşamaq üçün tarixə lazım olan sağlam bir türk qanı və canı mövcud olduğu kimi, bu zəmində pöhrələyəcək gəlişmə fidanını daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi» [188, 34]. Fikrimizcə, milli ideoloqun bunda haqlı olmasında ən bariz nümunə M.F.Axundzadədir. Belə ki, türk qanı daşımasına baxmayaraq özünü şüur baxımdan İran-Fars mədəniyyətinə aid etmişdir. İlk dövrlərdə Ə.Ağaoğlu da İran-Fars şiəliyinin təsiri altında olmuşdur.
        Fikrimizcə, burada önəmli məsələ Rəsulzadənin türk millətinin üstünlüyünü önə çəkməkdənsə milli birlikdən, qardaşlıq­dan, tolerantılıqdan, bütövlükdən çıxış etməsidir. Yəni Rəsulzadə türklərin Azərbaycanda (şimalı-cənbulu) mütləq çoxluğunu bildiyi halda, İran-Fars və Turan-Türk köklü Siyavuşu bir örnək olaraq göstərməsi və mədəniyyətlərin müştərəkliyindən bəhs etməsi istər o dövr üçün, istərsə də zəmanəmizdə ən doğru addımdır. Bizə elə gəlir ki, Cəfərov diqqəti Rəsulzadənin uzaqgörənliyinə yönəltmək əvəzinə, bunu tamamilə başqa mənada yozmasının özü düşündürücüdür. Maraqlıdır, əgər Rəsulzadə Azərbaycanda yaşayan bütün əhali­nin hamısının türk olduğunu yazsaydı, yalnız Türk mədəniyyətindən bəhs etsəydi onda cəfərovların buna münasibəti müsbətmi olacaqdı? Fikrimizcə, yox. Rəsulzadə belə bir iddia ilə çıxış etmiş olsaydı, o vaxtda, indinin özündə də onu millətçilkdə suçlaycaqdılar.
Mənbə: Modern.az
22.03.2014