Məqalələr‎ > ‎

"... 35 il yaşayıb-işlədiyim Bakıdan qaçmışam..."

2 Nis 2014 10:21 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 May 2015 11:42 güncellendi ]
əki bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyovla olan müsahibə.

"ƏDALƏT" qəzeti, 22 oktyabr 2013-cü il.

Söhbətləşdi: Təranə ŞƏMS


        
- Murad müəllim, əvvəla sizin qəzetin yubiley sayının işıq üzü görməsi münasibətilə həmkarınız olaraq səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm, zəhmət tələb edən fəaliyyətiniz davamlı və daimi olsun. İstərdim qəzetin fəaliyyəti ilə əlaqədar müəyyən suallara aydınlıq gətirəsiniz.

        - Diqqətinizə görə minnətdaram.

        - İxtisasca mühəndis olduğunuz halda, hansı zərurət sizi jurnalist olmağa vadar etdi?
- Mənim jurnalist olmağım, əslində jurnalist yox, bir qəzet işçisi olmağım sırf təsadüf nəticəsində olub. Jurnalist adını mən öz üzərimə götürə bilmərəm. Azərbaycanın çox tanınmış və peşəkar jurnalistləri var, onlar eşidər, sonra çıxılmaz vəziyyətdə qalaram... Özünüz dediyiniz kimi, mənim ixtisasım mühəndislikdi. Politexnik İnstitutunu qurtardıqdan sonra da uzun müddət Bakı Elektrik Ştampları zavodunda texnoloq, sahə rəisi və sex rəisi vəzifələrində işləmişəm. İstehsalat kooperativinin sədri olmuşam. Ötən əsrin sonlarında məlum hadisələr nəticəsində mənim çalışdığım zavod da bir çox digər sənaye müəssisələri kimi tənəzzülə uğradı. Millətimizin 70 il həsrətində olduğu müstəqilliyi, azadlığı əldə etdiksə də, bu bizə çox baha başa gəldi. Torpaqlarımızın 20 faizi işğal olundu, bir milyon soydaşımız 20 ildən çoxdur ki, ata-baba yurdunun həsrətiynən yaşayır. Minlərlə şəhid, yaralı və əlil qazandıq... Hələ bu azmış kimi, aparılan naşı iqtisadi siyasət nəticəsində bir çox istehsal müəssisələrimizi - zavodlarımızı, fabriklərimizi, kombinatlarımızı da itirdik... Mənim kimi mühəndislərin də böyük hissəsi işsiz qaldı və hərə özünə bir iş axtarmağa başladı. Rəhbərlik etdiyim kooperativ də 1993-94-cü illərdə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və məhsulun maya dəyərinin getdikcə bahalaşması səbəbindən iflasa uğradı. 
Elə o vaxtdan da boş vaxtlarımda "Azərbaycan" nəşriyyatında çalışan dostlarımın yanına gəlib-getməyə başladım. Qəzetçilikdə ilk gördüyüm iş skanvord tərtib eləmək oldu. Vaxt ötdükcə isə tanınmış jurnalistlərimizdən olan Hidayət Elvüsal, Yusif Misiroğlu, Oqtay Salamov və başqaları məndə yazı yazmağa həvəs oyatdılar. Beləcə də qəzetçilik fəaliyyətim başladı. Qardaş Türkiyənin "Zaman-Azərbaycan", "Ədalət", "Kriminal" qəzetlərində müxbir, şobə müdiri, baş redaktorun müavini kimi vəzifələrdə çalışdım. Digər bir çox qəzetlərlə də əməkdaşlıq edirdim. 2005-ci ildə isə artıq Bakıda yaşaya bilmədim, böyük şəhər elə bil məni sıxırdı. Gəldim doğma Şəkimizə...

        - "SƏKİ BƏLƏDİYYƏSİ" qəzetinə 2005-ci ildən rəhbərlik edirsiniz. Çoxmu çətinlikləriniz olub?

        - Çətinlik bircə qəzeti tək buraxmağımdadı. Qəzetə işçi cəlb etməyə bələdiyyənin maddi imkanları yoxdur. Bələdiyyə ancaq qəzetin çap xərclərini ödəyə bilir. Abunə və satış məsələsi də böyük problemdi. Ona görə də qəzetimiz ayda bir, iki ayda bir dəfə işıq üzü görür. Böyük fasilə ilə çap olunduğu üçün də, qəzetin həcmini - səhifələrinin sayını artırmaq məcburiyyətində qalıram. Artıq neçə vaxtdır ki, qəzet 24-32 səhifə həcmində çıxır.

        - Bir jurnalist kimi, bugünkü ədəbi mühitə münasibətiniz necədir?

        - Yenə də bir jurnalist kimi?.. Bir jurnalist kimi yox, bir oxucu, bir vətəndaş və əslində, ədəbiyyat sahəsindən uzaq olan bir insan kimi onu deyə bilərəm ki, bu gün Azərbaycanda ədəbi mühit çox mürəkkəbdir. Mətbuatdan aldığım məlumatlara görə, yaşlı yazarlarla gənc yazarlar yola getmirlər. Bəlkə də mənə belə gəlir... 

        - Türk dünyasının dahi mütəffəkir şairi, filosofu Bəxtiyar Vahabzadənin ölümündən sonra bu gün xalqı öz arxasınca apara biləcək, sözünü xalqın dilində danışacaq söz xiridarı varmı?

        - Ta qədimdən bütün məmləkətlərdə xalqın ürək sözünü deyən şairləri, yazarları olub... Xalqla hakim qüvvələr arasında bir körpü rolu oynayıb onlar. Bizim Nizamimiz, Nəsimimiz, Axundovumuz, Məmmədquluzadəmiz, Sabirimiz, Məmməd Arazımız, Xəlil Rzamız da belələrindən olub. O cümlədən, Bəxtiyar Vahabzadə... Onlar həqiqətən xalqın dilindən danışıb, millətin dərdlərini böyük ürək yanğısıyla ifadə ediblər. Bu gün isə yaxşı şairlərimiz, yazıçılarımız kifayət qədər olsa da, böyük təəssüf hissiylə qeyd edərdim ki, xalqı öz arxasınca apara biləcək elə bir dahimiz yoxdu. Əlbəttə, bu mənim subyektiv fikrimdi və yəqin ki, bu fikrimə görə də məni çoxları qınayacaq...

        - Eloğlumuz, xalq şairi Bəxtiyar Vahabzadəyə Şəki əhlinin fikirləri birmənalı olmayıb, bu soyuqluq ədəbi mühitdə çox insanları düşündürür. Bəs şairin öz ellilərindən incik düşməsinin səbəbi nə idi? 

        - Mənim Bəxtiyar Vahabzadə ilə hələ institutda oxuduğum 1970-ci illərdə ünsiyyətim və görüşlərim olub. Bakıda, Şəkidə bir neçə dəfə evlərində də olmuşam. O, elə bir dahi insan idi ki, onun haqqında mənim fikir söyləməyə sadəcə mənəvi haqqım çatmır. Lakin heç vaxt əziz şairimizin nəinki öz ellilərindən incik düşdüyünü, heç digər bölgələrimizdən olan soydaşlarımızdan da incik düşdüyünün şahidi olmamışam. Əksinə o, bütün sövetlər ölkəsini təlatümə salan "Gülüstan" poemasının 1959-cu ildə ilk dəfə öz elində yerli "Nuxa fəhləsi" qəzetində dərc edilməyi böyük qürur hissi keçirirdi. Ellilərinin də ona qarşı soyuqluğunu hiss etməmişəm. Təbii ki, ağzıgöyçəklər hər yerdə olduğu kimi, Şəkimizdə də var və şair haqqında ara-sıra xoşagəlməyən fikirlər səsləndirirlər. Və mənə elə gəlir ki, bunun da əsas səbəbi Bəxtiyar Vahabzadənin Vətənimizin ən böyük elm məbədi olan Dövlət Universitetinin professoru olması və orda həmyerlisi olan tələbələrə lazımi qədər "dayılıq" etməməsi olub. Bu da təbii ki, onun obyektivliyindən irəli gəlib. 

        - Bir müddət dillərdə çox hallanan, nankor adlandırılan Əkrəm Əylisliyə vətəndaş olaraq sizin şəxsi münasibətinizi bilmək maraqlı olardı. Mümkünsə bu barədə?

        - Bilirsiz, Əkrəm Əylisli də vaxtilə çoxlarının sevimli yazıçısı olub, "Xalq yazıçısı" kimi böyük ada layiq görülüb. Lakin onun düşmən dəyirmanına su tökən "Daş yuxular" əsəri özünü "sapı özümüzdən olan balta" tituluna layiq gördürdü. Əylislinin həmin əsəri yazmaqda məqsədinin nə olduğunu deyə bilməsəm də, damarlarında təmiz türk qanı axan bütün soydaşlarım kimi, birmənalı olaraq mənim üçün də elə bir adam artıq yoxdur.

        - Torpaq, millət təəssübkeşi olmanız qəzetinizin tərtibatından bəllidir. Səkinin qədimiliyi onun sakinlərinə nəyi verir, nəyi alır?

        - Biz hamımız sosial vəziyyətimizdən, tutduğumuz vəzifədən və harada olmağımızdan asılı olmayaraq Vətənimizin, torpaqlarımızın, millətimizin təəssübkeşi olmalıyıq. Hələ də igid oğullarımız işğal olunan torpaqlarımız uğrunda öz canlarından keçirlər. Bir daha təkrar etmək istəyirəm, damarlarında təmiz türk qanı axan hər bir soydaşımız bu gün Vətənimiz uğrunda hər şeyə hazır olmalıdır. Şəkinin qədimliyinə gəlincə, bu şəkililərə, eləcə də bütün azərbaycanlılara böyük qürur hissi keçirməyə imkan yaradır. Şəkinin indikindən də çox tarixi abidələri olub, qorunub saxlananlar bəlkə də onların heç yarısı deyil. Eşitdiyimə görə, Şəkidə Zaqafqaziyanın beş ən böyük karvansarası olub ki, onların yalnız ikisi qalıb. Qədim Şəkinin hər bir məhəlləsində məhəllə məscidi və məhəllə hamamı olub. İndi məscidlər də, hamamlar da çox az qalıb. Şəki Qoca Şərqdə ilk dövlətçilik ənənələrini yaradan bir xanlıq olub. Çələbi xan haqqında hamının kifayət qədər məlumatı var. Nadir şah kimi qəddar insanın qabağından qaçmayan, onun hücumlarının qarşısını böyük igidliklə alan Çələbi xan Şəki xanlığında ilk dövlət yaradıb və dövlətçilik üsuli-idarəsilə məmləkəti idarə edib. Hələ də elə bir sərkərdənin Şəkidə abidəsinin olmaması bütün şəkililəri narahat edir desəm, yanılmaram. 
        Bu gün ölkəmizin digər regionlarında olduğu kimi, Şəkidə də quruculuq işləri, tarixi abidələrin bərpası, yeni turizm obyektlərinin inşası həyata keçirilir. Bu da əlbəttə, bütün şəkililəri sevindirir. Lakin Şəkinin qədimliyi, enişli-yoxuşlu relyefi bu işlərin daha da sürətlə aparılmasına maneçilik törədir. Bir məsələni də qeyd etmək istərdim ki, şəhərin qədim məhəllələrində ara-sıra inşa edilən müasir üslublu tikililər də elə bil ki, Şəkinin qədimliyinə xələl gətirir...

        - Sizcə, Avropaya inteqrasiya bizim millətə lazım idimi? XXI əsr sizə necə təsir bağışlayır?

        - Bilirsiz, mən heç də fikirləşmirəm ki, biz avropalılardan, amerikalılardan, daha nə bilim, haralılardan geridə qalmışıq ki, onlara da inteqrasiya edək. Ümumiyyətlə, hər bir insan bir ömür - öz ömrünü yaşayır. Vaxtilə də o ömrün orta uzunluğu 70-75 il idisə, indiki statistika bu göstəricinin getdikcə azaldığından xəbər verir. Və hər bir insanın da ömrünə harada yaşamasından asılı olmayaraq, kütləvi qırğına səbəb olan bir-iki müharibə düşür. Belə olan təqdirdə, öz adət-ənənəsini kənara qoyub, insan hansısa başqa adət-ənənələr hökm sürən cəmiyyətə inteqrasiya etməlidirmi? Söhbət məhz Avropadan gedirsə, biz avropalıların yaxşı cəhətlərini özümüzə inteqrasiya etsək, daha yaxşı olar. Avropaya inteqrasiya etdikcə cəmiyyətimizdə açıq-saçıqlıq daha da artır, gənclərimiz milli-mənəvi əxlaqdan uzaqlaşır... Məncə, bu da gələcəyimizi təhlükə altına bilər... 
XXI əsr isə vaxt məfhumu kimi normal təsir bağışlayır. Önəmli olan əsrin neçənci olması yox, həmin əsrdə baş verən hadisələr, cəmiyyətin inkişafında nəzərə çarpan inişaf və geriləmələrdir. 

        - Sovet dovrünün gəncliyilə müqayisədə internet əsrində GƏNCLİK necə görünür?

        - İnternet əsrində gənclik hiss olunacaq dərəcədə cılız görünür. Gənclər arasında münasibətləri internet soyudur. Hətta sosial şəbəkələr gənclərin arasında nifaq salır, onları cinayətə də sövq edir. Amma internetdən də imtina etmək mümkün deyil. Ona görə də, gələcəyimizin sağlam ruhda böyüməsi üçün gənc nəslin üzərində böyüklərin nəzarəti vacibdir.

        - Bəlkə bir az Səkinin maddi rifahından bəhs edəsiniz? 

        - Bayaq qeyd etdim ki, bu gün Şəkidə də respublikamızın digər bölgələrində olduğu kimi, uzunmüddətli sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir. Bu da şəhərin inkişafında, tarixi memarlıq abidələrinin bərpa edilməsində, yeni turizm-istirahət obyektlərinin tikintisində, istirahət parklarının salınmasında özünü çox yaxşı göstərir. Bu gün şəhərdə mavi yanacaq və elektrik enerjisi problemi də tamamilə aradan qaldırılıb, hazırda su və kanalizasiya sisteminin yenilənməsi üzərində işlər aparılır. Şəhər bələdiyyəsi tərəfindən küçələrin böyük əksəriyyəti təmir olunub, yeni asfalt örtüyü salınıb, arxların demək olar ki, hamısı təmizlənib, yararsızları isə yenidən qurulub. Yeni xəstəxana binası tikilib, köhnəsinin fasadı təmir olunub. Sabit Rəhman adına Dövlət Dram Teatrının binası tamamilə yenidən qurulur və bu yaxınlarda istismara tam hazır olacaqdır. Zaqafqaziyanın ən böyük karvansarası - Aşağı Karvansara qədimiliyi saxlanılmaqla yenidən bərpa edilib, müasir standartlara cavab verən şadlıq evləri, restoranlar, kafelər tikilib əhalinin istifadəsinə verilib. Belə misalları çox çəkmək olar. Lakin çatışmazlıqları da yaddan çıxartmaq olmaz. Bu da əsasən sənaye-istehsal obyektlərinin fəaliyyətsizliyində özünü büruzə verir. Hələ də vaxtilə bütün dünyada öz məhsulu ilə məşhur olan ipək müəssisəsi - "Şəki-İpək" ASC-nin işi bərpa olunmayıb. Sovet dönəmində özünün 5-6 fabrik və zavodu ilə 7-8 min nəfərlik kollektivi olan bu nəhəng müəssisə demək olar ki, hələ də iflic vəziyyətindədi. Dəfələrlə bu nəhəng istehsal müəssisəsinin yenidən fəaliyyət göstərməsinə cəhdlər edilsə də, bir nəticə hasil olmayıb. Vaxtilə bir neçə zavoda, artelə malik olan ASC-də hazırda heç iki min nəfər insan çalışmır. Şəhərdə bir neçə yeni tikilmiş istehsal müəssisələri də hələ tam gücü ilə istismara verilməyib. Elə bilirəm ki, bu dediklərim Şəkinin maddi rifahını əks etdirir...

        - "Bələdiyyə" qəzeti olaraq, Şəkinin problemlərini aidiyyəti yerlərə çatdıra bilirsinizmi?

        - Bu gün Azərbaycanda beş minə yaxın KİV qeydiyyatdan keçib, bizim qəzet də onlardan biri. Həmin qəzetlərin toxunduğu problemlərin taleyi necə olursa, bizim yazdıqlarımız da elə... Hətta bəzi yazılarımıza görə məhkəməyə verilən vaxtlarımız da olub... Amma mən problemlərin qəzet səhifəsində işıqlandırılmasından çox, birbaşa aidiyyəti orqanların rəhbərlərinə çatdırmağa daha çox üstünlük verirəm. Respublika mətbuatında da Azərbaycanın problemlərinin sensasiya xatirinə, "şok" xəbərlər kimi işıqlandırılmasının əleyhinəyəm. Çünki qəzet elə bir şeydir ki, onu düşmənlərimiz də oxuyur və öz yazdıqlarımızdan bizə qarşı istifadə edirlər. Ona görə də, mən rəhbərlik etdiyim qəzetdə daha çox uğurlardan, məşhur insanlarımızdan, tariximizdən bəhs etməyə üstünlük verirəm. 

        - Respublika Prezdentinin bölgəyə gəlişindən sonra hansısa dəyişiklik özünü göstərdimi?

        - Əslində, dəyişiklik həmişə dövlət başçısının səfərindən əvvəl daha çox nəzərə çarpır. Şəhərdə olan çatışmazlıqlar Prezident gələnə qədər operativ surətdə hamının köməkliyi ilə aradan qaldırılır. Odur ki, əhali arasında bir fikir də formalaşıb: "Nə olaydı, Prezident tez-tez gəlib-gedəydi..." Prezident getdikdən sonra isə hər şey öz axarı ilə davam edir.

        - Murad müəllim, ziyalı kimi Sovet dövrünün təhsil sistemilə bugünkü təhsil müqayisədə özünü doğrulda bilirmi?

        - Mən sovet quruluşuna qarşı silahlı mübarizə aparan nəslin nümayəndəsi də olsam, o vaxtkı təhsil və səhiyyə sistemi haqqında pis heç nə deyə bilmərəm. Fikrimcə, sovet təhsil sistemi bütün dünyada özünü yaxşı tərəfdən göstərmişdi. O vaxtlar müəllimlər də yüksək maaş alırdılar və gənc nəslin təlim-tərbiyəsində, savadlanmasında əllərindən gələni edirdilər. Bu gün isə təhsil sistemində aparılan islahatların, tədrisin metodikasında edilən dəyişikliklərin, imtahan qaydalarında testlərin tətbiqinin hansı modelə əsaslandığını deyə bilməsəm də, bütün bunların işi daha da mürəkkəbləşdirdiyi göz qabağındadı. 

        - "NƏBİBƏYOV" soyadını daşımanız çiyinlərinizə çoxmu məsuliyyət qoyur?

        - Nəbibəyov soyadının 200 il, bəlkə də daha çox tarixi var. Ulu babam Qasım bəy bildiyimə görə, 1830-cu ildə anadan olub və soyadı Nəbibəyov olub. Özü də, dörd oğlu da hərbçi, yüksək çinli zabit olublar. Babam Hüseyn bəy Nəbibəyov və qardaşları I Dünya Müharibəsində, Port-Artur döyüşlərində göstərdikləri şücaətlərə görə rus imperiyasının müxtəlif mükafatlarına layiq görülüblər. Əliağa Şıxlinskinin, Səmədbəy Mehmandarovun yaxın silahdaşları olublar. 1918-ci ildə ADR-in yaradılmasında da yaxından iştirak ediblər. Babamın qardaşı polkovnik Bəhram bəy isə 1930-cu ildə sovet hakimiyyətinə qarşı Şəkidə baş vermiş silahlı üsyana rəhbərlik etdikdən sonra nəslimiz repressiyaya məruz qalıb və yalnız 1980-ci ildə bəraət almışıq. Repressiyadan, təqiblərdən yaxa qurtarmaq üçün bəzi qohumlarımız soyadlarını dəyişib müxtəlif xarici ölkələrə üz tutsalar da, bizim ailəmiz soyadı saxlamaqla Azərbaycandan kənara çıxmayıb. Bu soyadı daşımağıma görə orta məktəbi qurtardıqdan sonra heç sənədlərimi Azərbaycan Dövlər Universitetinin hüquq fakültəsinə götürmədilər. Oxuduğum politexnik institutun 3-cü kursundan isə məni repressiya olunmuş nəslin nümayəndəsi olduğuma görə xaric etmişdilər. Hərbi xidməti keçdikdən sonra isə yenidən ali məktəbə bərpa olunub ali təhsil almışam. Belə olan təqdirdə, təbii ki, soyadıma görə böyük məsuliyyət daşıyıram. Və Nəbibəyovlar nəslinin nümayəndəsi olduğum üçün böyük qürur hissi keçirirəm.

        - QARABAĞ qara dərd olduğu üçün, aşılanmış bu ifadəni dilimə gətirmək istəmirəm (yəni, "Qarabağ qayıdacaqmı?"), sadəcə soruşmaq istərdim, Azərbaycan bütövləşə bilərmi?

        - Qarabağ bütün dünya türklərinin ürəyində sağalmaz yaraya çevrilib desəm, elə bilirəm ki, mübaliğə olmaz. Tarixçi olmasam da, eşitməmişəm ki, müharibə yolu ilə, insanların qanı bahasına alınmış torpağı işğalçı tərəf öz xoşuyla, sülh yoluyla geri qaytarsın. Əgər biz sülh yolunu tutmuşuqsa, torpaqlarımızın qayıtması prosesi şübhəsiz, uzun mərhələlərdən keçəcək. Bu gün dünya birliyi dediyimiz BMT, ATƏT kimi qurumlar 20 ildə heç nə edə bilməyibsə, bundan sonra da onlara arxayın olmaq məncə əbəsdir. Bu məsələni ancaq bizimlə nankor qonşularımızın bir masa arxasında çoxsaylı danışıqları həll edə bilər. Əgər dığalar adam olarsa. Yox, onlar gələcəkdə də indi tutduqları mövqedə qalacaqlarsa, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, torpaqlarımızı müharibə yolu ilə qaytarmalıyıq. Artiq bu işi həyata keçirəcək güclü ordumuz da var, ixtisaslı hərbçilərimiz də. Və Azərbaycanın bütövləşməsi özümüzün əlindədir...

        - Azərbaycan bir üzükdürsə, onun parlayan daşı Bakıdır. (belə demək mümkünsə) Bu daş elə hey cilalanır, lakin brilyanta çevrilə bilmir. Bəlkə zərgər naşıdır? Yaxud daş özü kefiyyətsizdir?

        - Şəkidə oturub, Bakı haqqında mən nə fikir söyləyə bilərəm ki... Təkcə onu deyə bilərəm ki, 35 il yaşayıb-işlədiyim Bakıdan mən qaçmışam (gülür)... Bu gün Bakı zahiri gözəlliyi ilə göz oxşayırsa da, batini o qədər də ürəkaçan deyil... Bu da mənim subyektiv fikrimdir...

        - Bu gün öz yerişlərini unudanlar nəyi yaddan çıxarırlar?

        - Başqasının ayaqqabısını geyinənlərdi öz yerişlərini unudanlar. Onlar qınından çıxıb, qınını bəyənməyən tısbağaya bənzərlər. Belələri unudurlar ki, nə qədər başqalarını yamsılasalar, bir o qədər geridə qalacaqlar.

        - Əlində qələmi olan hər yazan SNAYPER jurnalist ola bilərmi? Bu keyfiyyətlər harda və nə vaxt özünü göstərməlidir?

        - Ola bilər, baxır kimi nişan alır o snayper... Bu gün oliqarxlara, böyük vəzifə sahiblərinə tuşlanan "snayper güllələri" bumeranq kimi geri qayıdır...

        - Bazarda yeyinti məhsulları bu qədər bahadırsa, bəs "söz" bazarında niyə ucuzluqdur? Yəni, söz üçün də pul xərcləməliyik?

        - Yeyinti məhsulları indiki zamanda nə qədər baha olsa, o qədər ekoloji təmiz olar... Söz bazarında isə özünə qiymət qoymayanlardır sözü ucuz edənlər. Belələrinin vecinə deyil, dedikləri sözün qarşılığında hansı sözü eşidəcəklər. Özünə hörmət edənlər isə elə söz deməyə çalışırlar ki, gözlədikləri sözü də tərəf-müqabilindən eşitsinlər. Sözün dəyərini bilən insanlar həyatın da mənasını dərk edənlərdir...