Məqalələr‎ > ‎

Necəsən, əsgər?

1 Nis 2016 23:02 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Nis 2016 23:04 güncellendi ]
(Taqım komandirinin gündəliyindən)
(222 sözlük roman)












Firuz MUSTAFA


        Artıq səhər açılmaqda idi.
        Günəşin şəfəqləri gecəni, alayımızın əsgərləri isə düşməni qovmağa başlamışdı.
        Biz döyüşə-döyüşə kəndə daxil olduq. Qırmızı kirəmitli evlərinin çoxuna od vurub yandırmışdılar. Kəndin üstünü qətran kimi qalın tüstü layı bürümüşdü.
        
Korun-korun tüstülənən evlərdən birinin yanından keçərkən sanki bir səs, daha doğrusu uşaq hıçqırtısı eşitdim. Sövq-təbii ayaq saxlayıb ətrafı dinşədim.
        Evın həyətinə daxil olub ehtiyatla daş pillələri qalxdım. Bir əlimi avtomatın tətiyindən çəkməyərək o biri əlimlə qapını açdım.
        Gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Döşəmənin üstündə qan içində gənc bir qadın, qadının sinəsi üstündəsə bir körpə vardı. Körpə anasının döşünü əmərək hıçqırırdı.
        Qadın ölmüşdü.
        Mən körpəni qucağıma alıb diqqətlə bu balaca varlığın üzünə baxdım. İndi onun hıçqırtısı kəsmişdi. Qəddar dünyanın işlərindən hələ heç nə anlamayan əl boyda uşağın iri, heyrətli və məsum baxışları mənim üzümə dikildi.
        Mən bir müddər nə edəcəyimi kəsdirə bilmədim.
        Qərara aldım ki, kəndin arası ilə hərəkət edən, öndəki dəstədən qırılıb qalan əsgərlərimizdən bir neçəsini haraylayım. Axı qan gölməçəsinin içindəki bu gənc qadını dəfn etmək lazım idi.
        Bəs bu dilsiz-ağızsız körpəni belə dar macalda hara, kimə təhvil vermək olardı?
        Yaxınlıqdakı kəndlərin çoxu boşaldılmışdı.
        Uzaqa atılan toplar yalquzaq kimi ulaşırdı.
        Nəsə bir şey fikirləşib tapmaq lazım idi.
        Mənim yanımda silah-sursatdan başqa bir şey yox idi.
        Birdən ağlıma qəribə bir fikir gəldi; cəld şalvar cibimin birindəki güllə daraqlarını boşaltdım. Uşagı ehtiyatla boşalmış nəhəng cibimə qoyub başını sığalladım:
        - Hə, necəsən, əsgər?