Məqalələr‎ > ‎

Ölü dildə sevgi məktubları (hekayə) - Firuz MUSTAFA

2 Ağu 2016 12:03 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Ağu 2016 12:05 güncellendi ]
        Emil Bünyadzadənin xasiyyətində əmələ gələn dəyişiklik ilk növbədə onun arvadı Fəridənin diqqətini çəkmişdi. Sonra bu barədə qonum-qonşular da eşidib-bildilər. Əslində, bu baş verən dəyişikliyə heç “dəyişiklik” demək də düzgün deyildi; son zamanlar kişinin hərəkətlərində bir qəribəlik, daha doğrusu, əcaiblik hiss olunmaqda idi.
        Bu dünyada səbəbsiz heç nə baş vermir. Hər şeyin sonu olduğu kimi, bir əvvəli də olur. Elə poladəritmə zavodunun keçmiş mühəndisi Emil Bünyadzadənin də birdən-birə dəyişməsinin bir səbəbi, necə deyərlər, baiskarı vardı və bu baiskar qismində onun arvadı Fəridə özünü görür, elə özünü də qınayırdı. Əlbəttə, bütün bunlar (yəni Fəridənin özünü ittiham etməsi) iş-işdən keçəndən sonra baş vermişdi, çünki onun ərini artıq heç bir qüvvə “tutduğu yoldan” qaytarmaq iqtidarında deyildi.
        Emil Bünyadzadənin uzun illərdən bəri işlədiyi zavod öz fəaliyyətini dayandırandan sonra işçilərin hərəsi baş götürüb bir səmtə dağılışdı. Çətin vaxtlar idi. İşsiz qalanlar arasında heç şikayət-filan edən də yoxdu. Bir də kimə, haraya şikayət ediləsi idi ki? Material-məmulat gəlmirdi, dəzgahlar köhnəlib sıradan çıxmışdı, buna görə də zavod bağlanmışdı. Sanki adamlara haradansa “başlı başını saxlasın” –deyə, xüsusi bir tapşırıq verilmişdi. Hamı vurnuxsa da, heç kəs səsini çıxarmırdı. Hərə öz başının hayında idi.
        Emil Bünyadzadə də bir xeyli ora-bura qaçdı, sənətinə uyğun iş axtardı. Münasib iş tapa bilməyəndə başqa sahələrə baş vurdu, dost-tanışa ağız açdı. Amma bir iş hasi olmadı. Belə olanda o, üz tutduğu adamlara hərdən belə bir “tezislə” müraciət etməyə başladı: “Nə iş olur-olsun, təki olsun. Mən işləmək istəyirəm”. O, hətta, qara fəhlə belə işləməyə hazır idi. Amma iş yağlı əppək olub göyə çəkilmişdi. Artıq onu bəzi tanışları istehza ilə qarşılayırdı: ”Rəhmətliyin nəvəsi, iş nə gəzir? İşi itiribsən ki, gəzirsən də? İndi hər təzə açılan iş yerinə hər kəs öz yaxın qohum-əqrabasını yığır... İş axtaranacan get adam axtar.”
        Emil Bünyadzadə bu tənələrdən sonra bir müddət evdən çıxmadı. Çünki adamla dolu olan bu gen dünyada onun “adamı” yox idi.
        Amma o, boş oturmağı xoşlayanlardan deyildi. Əvvəl-əvvəl özünün köhnə kitablarını təzədən vərəqləməyə başladı. Buna görə uşaq həkimi işləyən arvadı onu bir-iki dəfə sancdı: “Nədir, yoxsa ixtisasını artırmaq istəyirsən? Olmaya fikirləşirsən ki, təzədən metallurgiya zavodları tikiləcək, səni də poladəritmə sexinin mühəndisi kimi yeni vəzifəyə qoyacaqlar?” Deyəsən, arvadı öz rişxəndində haqlı idi. Doğrudan da, innən belə kim idi zavod tikən? Tikmək bir yana, indi vaxtilə tikilənləri elə bir yandan söküb harasa daşıyırdılar.
        Bir müddət sonra Emil Bünyadzadə “öz sahəsinə” aid kitabları bir tərəfə atıb başladı arvadının köhnə kitablarını eşələməyə. Fəridənin dili yenə dinc durmadı: “A kişi, deyəsən indi də həkim olmaq istəyirsən hə? Mühəndisliyindən yaman yarıdıq, qaldı həkimliyin”.
        O, əvvəlcə bu kitablara elə-belə, boş-bekarçılıqdan, uzaqbaşı adi maraq xatirinə baxırdı. Sonra necə deyərlər, məsələ ciddiləşdi, Emil Bünyadzadə bütün vaxtını mütaliə ilə keçirməyə başladı. Amma o, əsla tibbə aid kitablar oxumurdu. Arvadı gözucu baxıb görürdü ki, ərinin az qala bütün günü oxuduğu bir-iki kitab var; bunlar Fəridənın çoxdan bəri bir kənara atdığı latın dili dərslikləri idi; indi qadının nəyinə gərək idi bu cür kitablar? O, hətta, bu cür kitabların olduğunu belə, çoxdan unutmuşdu.
        Emil Bünyadzadə bütün günü mütaliə edirdi. Latın dilinə niyə belə maraq göstərməsinin səbəbini heç özü də düz-əməlli bilmirdi. Doğrudan da, ona nə olmuşdu belə? Bir iş-güclə məşğul olmaq əvəzinə huş-guşla dil öyrənməyə onu vadar edən nə idi? Özü də, heç kəsə lazım olmayan bir dil. Ölü dil.
        Hiss olunurdu ki, Fəridənin öz ərinə həm acığı, həm də yazığı gəlir. Qadın arada ona öz dəyərli məsləhətlərini verməyi də unutmurdu: “Ay bəxtəvərin oğlu, bilmirsən ki, indi latın dili heç kəsə gərək deyil? Bu dildə olan bəzi terminləri biz məcbur olub öyrənmişik, işimizin xatirinə, o sözlər də təkcə resept yazanda kara gəlir. Belə dil öyrənənsənsə, onda ingilisi öyrən, bəlkə xaricə-zada gedəsi oldun, işinə yarayar. Ya da öyrən Çin dilini, indi bütün dünya alver üçün Çinə axışıb gedir, əhalisinin sayı da, maşallah, az qala dünyanın yarısı qədərdir. Yox, bu da ağlına batmırsa, onda esperanto dilini öyrən, süni dil olsa da, onun öz azarkeşləri olur. Yoxsa ki, latın... Sənə bu lazımdır bəyəm?”
        Arvadının dediklərində, necə deyərlər, həqiqət notları olsa da, Emil Bünyadzadə öz işində idi, əlinə düşən o saralmış kitablardakı sözlərin az qala hamısını əzbərləmişdi. İndi ona nəinki tibb sahəsində təhsil alan tələbə, hətta, latın dilindən dərs deyən ən hazırlıqlı müəllim belə həsəd apara bilərdi.
        Bir dəfə haradansa əlinə düşən qəzetlərin birində qəribə yazıya rast gəldi; şəkildən oxucuya gülümsəyən bir xanım, geniş müsahibə vermişdi. Maraqlı olan burası idi ki, uzaq Kubada yaşayan Mayvelis adlı bu xanım latın dilinin gözəlliyindən söhbət açır, onun incəliklərindən danışırdı. Müsahibədə ən maraqlı cəhət isə bu idi ki, xanım bu dili öyrənmək istəyənlərə öz təmənnasız xidmətini təklif edirdi. Uzaq ölkədə yaşayan bu xanım, hətta, öz elektron poçtunun nömrəsini də yazmışdı.
        Emil Bünyadzadə eləməyib tənbəllik, qısa bir vaxt ərzində, çox məhdud olan kompüter savadını təkmilləşdirdi və günlərin bir günü müsahibə verən o kubalı xanıma ilk məktubunu yazmaq qərarına gəldi. Məktub öz qısalığına görə Ginnesin rekordlar kitabına düşə bilərdi, orada cəmi-cümlətanı bir kəlmə söz vardı ki, o söz də latınca yazılmışdı: “Salve!” Yəni, salam. Vəssalam.
        Tezliklə Mayvelisdən cavab gəldi: “Salve!” Qadının yazdığı məktub təbii ki, Emil Bünyadzadənin yazdığından daha əhatəli idi. Düzdür, oradakı sözlərin heç də hamısı tanış deyildi. Amma açıqca hiss olunurdu ki, əcnəbi ölkədən yazılan məktub qadını sevindirib; Mayvelis xanım okeanın o tayından yeni dil öyrənən həmkarını alqışlayırdı: “Multos successus opto!” Yəni ki, mən sizə uğurlar arzu edirəm. Məktub gecə yazıldığı üçün xanım sonda ona şirin yuxu arzu etməyi də unutmamışdı: “Molliter cubes!” Yəni gecən xeyrə qalsın.
        Emil Bünyadzadə eləməyib tənbəllik növbəti məktubunu yazdı. O, qıza xoşbəxtlik arzu etdi: “Perpetua felicitate floreas!” Sonra bu məktuba belə bir “yağlı” cümləni də əlavə etməyi özünə borc bildi:“Accipe vota mea sincera!” Latınca bu, “mənim xoş arzularımı qəbul edin” demək idi. Onların “Salve!” ilə (yəni salam ilə) başlayan məktublar adətən “Fac te videam!”la, yəni xudahafizlə bitirdi.
        O, bu cür ruhlandırıcı məktublardan sonra latın dilinin bütün incəliklərini, cik-bikini öyrənmək qararına gəldi. Gecə-gündüz saralmış kitablar əlindən düşmürdü. Ağlına qəribə fikirlər gəlirdi :sanki o, bu dili nə zamansa öyrənmiş, sonra hansı səbəbdənsə, vəlvələdən ya da zəlzələdən, öyrəndiyi dili tamam unutmuşdu; indi budur, onun başında köhnə biliklərin bərpası gedirdi. O, bu dili çox sürətlə öyrənməkdə idi. Hətta, bəzən yuxuda uzaq Havananı görür, orada Mayvelislə görüşür, onunla latın dilində danışırdı. O, indiyəcən özündə belə bir keyfiyyətin, yəni sürətlə dil öyrənmə qabiliyyətinin olduğunu hiss etməmişdi.
        Yadındadır, gözəl, günəşli bir bahar günü Mayvelisin ad günü oldu. Emil Bünyadzadə onu təbrik etdi: “Congratulor tibi de natali tuo! Sine tibi de natali tuo gratuler et optima quaeque comprecer!” Yəni ad gününüz mübarək! İcazə verin sizi belə bir əziz gündə ürəkdən təbrik edim.
        Emil Bünyadovzadədə get-gedə belə bir əminlik yaranmağa başlamışdı ki, onun qədim əcdadları mütləq latın olub. Bəyəm bu dünyada bir ölkədən o biri ölkəyə, bir qitədən o biri qitəyə köç edən millətlər, daha doğrusu, tayfalar və ya adamlar az olub? O, qıza elə bağlanmışdı ki, az qala öz dost-doğmaca arvadı Fəridəni unutmuşdu. İndi onun məktubları bu sözlərlə bitirdi: “Con amore”, yəni sevgilərlə.
        Sən demə, əsl sevgi də hələ irəlidə imiş. İndi kompyuterin uzaq Havanaya çatdırdığı məktublarda bir cümlə tez-tez işlənməkdə idi: “Vos amo”. Yəni, mən səni sevirəm. Qısa və aydın. Adamın öz sevdiyi qıza bundan gözəl bir söz tapıb deməsi müşkül məsələ idi.
        O, Mayvelisə ürəkdən bağlanmışdı. Deyəsən, elə qız da ona biganə deyildi, çünki o da məktublarında tez-tez bu qısa və gözəl “Vos amo” sözünə üz tuturdu.
        İndi onun ünvanına, daha doğrusu, elektron poçtuna, uzaq Kubadan məktubla yanaşı latın dilində çoxlu materiallar gəlirdi. Aman Allah, bu latın xalqı necə istedadlı imiş...
        Əlbəttə, Emil Bünyadzadənin ürəyindən keçirdi ki, uzaq Kubaya getsin, o gözəllər gözəli Mayvelislə görüşsün, kam alıb kam versin. Amma necə, hansı üzlə, hansı pulla? Kim deyir ki, eşq hər şeydən ucadır? Yox, deyəsən, bu qəddar, bu amansız dünyada elə eşqin də bir ucu gedib pula çıxır. Pulu olmayan öz sevgisinin və ya öz sevgilisinin arxasınca necə gedə bilərdi? Düzdür, latınların indi bu dünyada oğulları qalmasa da, atalarının gözəl bir sözü var: “Quilibet fortunae suae faber”, yəni ki, hər kəs öz xoşbəxtliyinin dəmirçisidir. Deməli, belə çıxırdı ki, yalnız isti kürədən çıxarıb zindanın üstə çəkiclə döyülən dəmiri xoşbəxtliklə müqayisə etmək olar. Paho, bu, nə qəliz məsəldir! Evin yıxılsın, ay xoşbəxtlik, sən lap bədbəxtliyin yanında, onun beş addımlığında imişsən ki. Yəqin elə onunçün deyirlər ki, xoşbəxtliklə bədbəxtlik, yox ey, sevinclə kədər, yox-yox, toyla yas doğma qardaşdır. Allah kəssin belə “qardaşlığı”.
        Emil Bünyadzadə artıq nəinki latınca danışırdı, o, hətta latınca düşünməyə başlamışdı. Evdə tək-tənha olanda Mark Anney Lukan, Tit Lukretsi Kar, Lusili, Horatsi, Nazon, Antonio Minturno kimi şairlərin latınca şeirlərini əzbər söyləməkdən həzz alırdı. Yol gedəndə isə əl-qolunu ölçə-ölçə uca səslə latınca mətnlər deyirdi. Belə vaxtlarda o, özünü tarixin sübhçağında, dünya elminə və mədəniyyətinə böyük töhfələr vermiş latın alimlərinin arasında hiss edir və xəyalən sinəsini xitabət kürsüsünə dayayıb nitq irad edir, qiymətli latın kəlamlarından xırıd edirdi.
        Mayvelislə məktublaşma da öz qaydasında davam etməkdə idi. Qız onu hamıdan yaxşı anlayırdı; axı onların hər ikisinin əcdadı latın idi.
        Ətrafındakıların heç biri Emil Bünyadzadəni başa düşmək səviyyəsində deyildi. Başa düşmədikləri bir yana, hələ üstəlik aşkarda-gizlində onu dolamaq istəyirdilər. Qonum-qonşular onlarla rastlaşanda salam əvəzinə “Salve!” deyərək əllərini yellədib sirli şəkildə gülümsəyən bu kişinin arxasınca baxıb başlarını yellədirdilər. Axı Emil Bünyadzadə uzun illər idi ki, onların qonşusu idi, özü də yaxşı qonşu olmuşdu. Bəs indi ona nə olmuşdu belə? Vay yazıq Fəridənin halına. Özü də təcrübəli həkim xanımdır, görəsən ərinin dərdinə niyə əlac eləmir?
        Emil Bünyadzadə Kubaya getmək barədə arzusunu Mayvelisə də yazmışdı. Qız da onun yolunu gözləyirdi. Bircə qalırdı pul tapıb yola çıxsın. Amma pulu haradan tapmalı olacağını bilmirdi.
        İndi Fəridə ilə Emil Bünyadzadə ayrı-ayrı aləmlərdə yaşayırdılar. Qadın sanki öz ərindən gizlənməyə çalışırdı. Amma bunun ər üçün elə bir əhəmiyyəti yoxdu; o, artıq heç kəslə, heç nə ilə maraqlanmırdı; ta iş axtarmaq niyyətindən də daşınmışdı; bütün fikri-zikri Kubada, Mayvelisin yanında idi.
        Günlərin bir günü onların evinin qarşısında bir maşın dayandı. Maşından düşənlər pilləkənləri qalxıb onların yaşadığı mənzilə daxil oldular. Həmin gün Fəridə də evdə idi. Gələnlər qadınla nə barədəsə asta səslə danışdılar. Bu xısınlaşmadan sonra evə təşrif buyuran ağxalatlılar Emil Bünyadzadəni aşağı dəvət etdilər. O, etiraz etmədi. Həyətdə ağ rəngli bir maşın dayanmışdı. Emil Bünyadzadə gözucu maşının üstündəki yazıya baxdı, orda “Ambulatoriya” yazılmışdı. Bu, şübhəsiz ki, latın sözü idi. Bəlkə bu maşın və buradakı ağxalatlılar Kubadan, Havana şəhərindən gəlmişdilər? O, heç bir təklif gözləmədən dinməz-söyləməz maşına qalxdı.
        ...Emil Bünyadzadənin elektron ünvanına uzaq Kubadan uzun müddət məktublar gəldi. Amma o məktublara cavab verən yoxdu. Mayvelisin lap bu yaxınlarda göndərdiyi son məktubda latınca yazılmış cəmi bir söz vardı: “Valebis!”, yəni əlvida.
Mənbə: 525-ci qəzet (525.az)