Məqalələr‎ > ‎

Əməkdar memar Nərgiz Əsgərzadə

2 Eki 2016 00:59 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Eki 2016 01:01 güncellendi ]
Azərbaycanın elmi ictimaiyyətinə 
ağır itki üz verib.
Respublikamızın tanınmış memarı, memarlıq namizədi, Əməkdar memar Nərgiz xanım Əsgərzadə dünən 
Bakıda 87 yaşında dünyasını dəyişib.
ALLAH RƏHMƏT ELƏSİN.







Nərgiz xanım haqqında AMEA Şəki Regional Elmi Mərkəzinin 35 illik yubileyi ərəfəsində mərkəzin elmi katibi vəzifəsində işləyən, Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq namizədi, Nərgiz xanımın yaxın dostu İradə xanım Rövşən qəzetimizə bir yazı təqdim etmişdi. Həmin yazını olduğu kimi bir daha diqqətinizə çatdırmaq istəyirik. Onu da qeyd edək ki, artıq iki ildir ki, İradə xanım da aramızda yoxdur. Allah onu ruhunu şad eləsin.

* * * 
Biliyi mənimsəməyin ən qısa yolu – müdrik müəllimə 
səmimi məhəbbətdir. 

        Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Mərkəzi gələn ay 35 illik yubileyini qeyd etməyə hazırlaşır. Ötən bu müddət ərzində Elmi Mərkəzin fəaliyyəti Akademiyanin Rəyasət Heyətinin təsdiq etdiyi elmi-tədqiqat işlərinin planlarına uyğun həyata keçirilmiş, görülən işlərin nəticələri Rəyasət Heyətinin geniş iclasında müzakirə edilmiş və qəbul olunmuşdur.

        Başlanğıcda Fizika İnstitutunun bir laboratoriyası kimi fəaliyyətə başlayan Elmi Baza artıq 20 ilə yaxındır ki, Elmi Mərkəz kimi fəaliyyət göstərir. Bu gün yeddi laboratoriya və 70 nəfərə qədər işçi çalışır.

        Bu yazıda biz həmin laboratoriyalardan yalnız biri – “folklorşünaslıq və el sənətləri” laboratoriyasının fəaliyyətindən və bu laboratoriyadan ötrü əlindən gələni əsirgəməyən bir İnsanda söhbət açmaq istəyirik.

        “Folklorşünaslıq və el sənətləri” laboratoriyası fəaliyyəti Elmi Mərkəzin çox hörmətli, ağbirçək qadını olan, hamının hörmətini qazanmış, respublikamızın əməkdar memarı Nərgiz xanımın adı ilə bağlıdır desək yanılmarıq. Nərgiz xanım Elmi Mərkəzin Elmi İşlər üzrə direktor müavini işlədiyi vaxtlarda həmin laboratoriyanın ixtisaslı mütəxəssislərlə təmin olunmasında müstəsna rol oynamışdır. Xatırladaq ki, bu laboratoriyaya bir müddət tanınmış pedaqoq filologiya elmləri namizədi, mərhum şair Nurpaşa Hümmətli rəhbərlik etmiş, sonralar onu filologiya elmləri namizədi Ulduz Mürşüdova əvəz etmişdir.
        Nərgiz xanımın bir təcrübəli mütəxəssis kimi bu laboratoriyanın fəaliyyətində geniş, əhatəli, işgüzar təklifləri sayəsində, bir çox sahələrdən, kəlağayıçılıq, yun corabların növləri, adları, Şəki memarlığının milli xüsusiyyətləri və s. haqqında xeyli məqalələr dərc olunmuşdur. Nərgiz xanım Elmi Mərkəzdə aparılan işlərlə yanaşı şəhərin ictimai işlərində də yaxından iştirak etmiş, uşaq evinin kollektivi ilə uzun müddət sıx əlaqə saxlamış diqqət və qayğısını kimsəsiz balalardan əsirgəməmişdir.
        Onun 2007 il avqustun 1-də səhhəti ilə əlaqədar ərizə yazıb işdən çıxmasına mərkəzin kollektivi çox təəssüfləndi. Elmi Mərkəzdə 17 illik fəaliyyətindən sonra onun yoxluğunu hiss etməmək mümkün deyil. Azərbaycanın Əməkdar memarı, həmyerlimiz Nərgiz Saleh qızı Əsgərzadə hazırda Bakıda yaşasa da, kollektivimiz onunla daima əlaqə saxlayır.
        
Nərgiz Əsgərzadə 1926-cı ildə Bakıda müəllim ailəsində dünyaya göz açıb. Atasının Bakıya köçməsinin çox qəribə tarixçəsi var. Gənc yaşlarında Salehin yaxşı tütək çalmağı varmış. Müsavat höküməti yenicə qurulan vaxtlar idi. Dahi bəstəkar Üzeyir Hacıbəyov gənc respublikanı qarış-qarış gəzir, yeni yaratdığı orkestr üçün ifaçılar toplayırdı. Şəkidə bir dəmirçi dükanının qabağından keçendə tütək səsinə ayaq saxlayır. Bir gəncin çalğısı onu tutur. Yaxınlaşıb oğlandan soruşur ki, klarnetdə də çala bilərmi? “Hə” cavabını aldıqdan sonra dahi bəstəkar gənc Salehi və onun yaxın qohumu, tarı gözəl ifa edən, gələcəyin böyük aktyoru İsmayıl Osmanlını da özü ilə Bakıya aparır. Lakin onların orkestrdəki fəaliyyətinə Müsavat hökumətinin süqutu ilə son qoyulur, ifaçılar pərən-pərən düşür. Nərgiz xanımın atası Saleh əvvəlcə fəhlə fakultəsinə yazılıb oranı bitirir, sonra isə universitetin riyaziyyat şöbəsinə daxil olur. O, indiki Neft Akademiyasının (o vaxtlar Texniki Universitet adlanırdı) ilk ali riyaziyyat müəllimlərindən idi. 36 il həmin ali məktəbdə dərs deyen Saleh müəllim, Azərbaycanda ilk riyaziyyat dərsliklərini hazırlasada, onların işıq üzü görməsinə nail ola bilmir. Buna da səbəb 1937-ci il represiyası idi. O illərin qara kölgəsi Saleh müəllimgilin ailəsinin üzərini də çökür: Nərgiz xanımın əmisi Mövsüm Əsgər oğlunun nahaqdan günahlandıraraq tutulması yaxınların, doğmaların arzularının qarşısına sədd çəkir.

        Nərgiz xanım həmişə öz anası və ailəsi haqqında həyəcanla danışır. Həmidə xanım (Nərgiz xanımın anası) bacarıqlı ədəbiyyat müəllimi kimi Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub. Həmidə xanım ailəsində beş övlad böyüdüb tərbiyə edib: Çingiz, Nərgiz, Ruhəngiz, Firəngiz, Pərviz (əfsuslar olsun ki, ailənin sonuncu övladı Pərviz çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib). Nərgiz xanım kövrəlməmiş kiçik qardaşını xatırlaya bilmir: “Pərviz çox istedadlı idi. Onun böyük gələcəyi vardı. Təəssüf ki, bəzən həyat çox amansız rəftar edir insanlarla. Qardaşımı çox tez itirdik. Amma həyat dərd verdiyi kimi hiss etditmədən onun üstünə sağalda çəkir. Yaxşı ki, Tanrı bizə yaradıcılıq qabiliyyəti bəxş edib”.
        
Nərgiz xanımın hələ uşaq yaşlarından rəssamlığa böyük meyli olub. Cürbəcür şəkillər çəkib, toxuma, tikmə kimi əl işləri ilə məşğul olub. Bu qabiliyyəti də onu gətirib memarlıq fakültəsinə. Institutu qurtarıb “Gənc alimlər” dərnəyinə üzv olub, laborant işləyib və sonra aspiranturaya daxil olub. O vaxtlar elmi şura Tiflisdə olduğu üçün o, bu şəhərdə 1961-ci ildə memarlıq naxışları üzrə dissertasiya müdafiə edir.

        Nərgiz xanımın həyat yoldaşı, Məmməd Rəhimov ixtisasca mühəndis-energetik idi. Məmməd müəllimin atası Şəkidə ilk fabriklərindən birinin sahibi olub. Bu ailə ləyaqətli övladlar böyüdüb, onların əsl vətəndaş kimi yetişmələri üçün əllərindən gələni ediblər. Nigar anasının yolunu seçib –memar olub, Nicat isə gözəl ingilis dili mütəxəssisidir, həm də yaxşı musiqiçi.
        Nərgiz Əsgərzadə ictimai işlərdən də yaxasını kənara çəkməyib. Komsomol təşkilatının katibindən başlamış Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, Azərbaycan SSR EA Qadınlar Şurasının sədri vəzifələrinə seçilib. 1971-1990-cı illərdə Azərbaycan MEA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində direktor müavini işləyib. Azərbaycan SSR Ali Sovetinin 1986-cı il 3 oktyabr tarixli fərmanıyla ona Azərbaycan SSR əməkdar memarı adı verilib.
        1990-cı ildən 2007-ci il avqustun 1-dək Nərgiz xanım Şəki Regional Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həm də o, mərkəzdə “El sənətləri” qrupuna rəhbərlik edib.
Nərgiz xanımın Şəki Regional Elmi Mərkəzində fəaliyyətə başlamasının əsas səbəbkarlarından biri, mərkəzin direktoru, geologiya – mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadənin dedikləri: 
        
Bakıda və digər iri şəhərlərdə fəaliyyət göstərən əksər Şəki ziyalıları kimi Nərgiz xanım da adətən yay istirahətini doğma yurdunda keçirər və hər dəfə də Elmi Mərkəzə baş çəkər, onun fəaliyyəti ilə maraqlanardı. Onun mərkəzimizə hər gəlişini biz əlamətdar bir hadisə kimi qarşılayar və bu gəliş kollektivimizdə ruh yüksəkliyinə səbəb olardı. O vaxtlar milli oyanış illərinin başlanğıcı kimi respublikada qədim adət-ənənələrin qorunub saxlanması, müstəqilliyə doğru ilk addımlar atılan vaxtlarda bizim kollektivdə hər həftə bir seminar keçirilir, hərə öz müzakirə mövzusuna aid öz fikrini sərbəst və çəkinmədən söyləyərdi. Belə seminarlardan birində təsadüfən Nərgiz xanım da iştirak edirdi. O, bu seminarda müharibə illərinin ağır vaxtına aid o illərin yaşlı ailə başçılarının davranışından, onların heç bir təhsili, savadı olmadığı halda böyük bir nəslin idarə olunmasında göstərdikləri qabiliyyət və bacarıqları haqda elə maraqlı faktlar danışdı ki, hamının rəğbətini qazandı. Bununla yanaşı, Şəki xan sarayında bir neçə dəfə aparılan təmir işlərində onun bir mütəxəssis kimi yaxından iştirakı və eyni zamanda el sənətləri sahəsində mükəmməl biliyə malik olması məni məcbur etdi ki, çox təkidlə ona Şəkiyə köçüb öz evlərində yaşamağı və Elmi Mərkəzdə Elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyi təklif edim. Iki ilə yaxın aramızda aparılan danışıqlardan sonra o, çox çətinliklə Bakıda Nizami muzeyində işlədiyi direktor müavini vəzifəsindən çıxıb, Şəkiyə gəlməyə razılıq verdi.

        Nərgiz xanım Şəkiyə gələndən sonra Elmi Mərkəzin fəaliyyətində xeyli canlanma yarandı, folklorşünaslıq və el sənətləri laboratoriyasında bir – birinin ardınca xeyli kitablar və məqalələr çap olunmağa başlandı. Şəki folklorunun toplanması, regionda yaşayan azsaylı xalqların folklorunun öyrənilməsi, elmi kadrların hazırlanması işləri günün tələbləri səviyyəsinə qaldırıldı. Iki nəfər aspirant namizədlik dissertasiyası müdafiə etdi. Bir nəfərin elmi işi müdafiəyə təqdim edilib, bir nəfər dissertant isə öz elmi işini tamamlamaq üzrədir. Bu qeyd olunan uğurların hamısında Nərgiz xanımın çox böyük xidmətləri olub.
        O, Elmi Mərkəzə öz zəngin arxivini təhvil verib. Arxiv materialları içərisində çox qiymətli məlumatlar vardır ki, onlar gələcək araşdırmalarını gözləyir.
        Son aylarda səhhəti ilə əlaqəli – gözlərinin bir qədər zəifləməsi səbəbli o, işdən bir az aralansa da biz onu daim kollektivin üzvü hesab edir, onun zəngin təcrübə və biliyindən istifadə etmək fikrindəyik.
        Nərgiz xanıma uzun ömür, can sağlığı arzusuyla bu qısa sətirləri tamamlayır və onun haqqında bundan sonra da silsilə məqalələr dərc etmək ümidi ilə yaşayacağıq.

Şəki Regional Elmi Mərkəzinin elmi katibi, geologiya-mineralogiya elmləri namizədi 
Hüseyin Mustafabəyli Nərgiz xanım haqqında: 

        
Nərgiz xanımı mən 1990-cı il yanvar hadisələrində tanımışam. Birinci dəfə onun çıxışını dinləyəndən sonra o, vicdanlı və səmimi vətəndaşlıq mövqeyi ilə yadımda qaldı. Sonralar Nərgiz xanımla bir kollektivdə işlərkən onun sadəliyi və zəhmətkeşliyi mənə bir örnək oldu. Hamıya böyük qayğı ilə yanaşması, insanları sevindirmək üçün çalışmalarını görüncə bu ağbirçək xanımın xalqımız üçün həqiqi bir millət vəkili ola biləcəyini anladım. Lakin artıq Nərgiz xanımın 70 illik yubileyi keçirilmişdi və onun bu işə girişməsi gec idi. Bununla belə hər hansı bir deputatlığa namizəd Şəkidə uzun illər tökülüb qalan problemləri nece həll edəcəyi haqda vədlər verəndə həmişə yadıma Nərgiz xanım düşür. Düşünürəm ki, əgər Şəkidən Nərgiz xanım millət vəkili seçilsəydi – hər şey öz yerini tapardı. Nəinki Şəkidə, eləcədə Azərbaycanın heç bir yerində yöndəmsiz binaların tikilməsinə o imkan verməz, camaatın xeyrinə olan bütün işlərdə ön sırada gedərdi. Nərgiz xanımın elmi fəaliyyətinə gəlincə, onun haqda öz yetirmələrinin fikirləri mənim üçün də həmişə maraqlıdır. Daha Nərgiz xanım bizimlə işləməsə də, kollektivimiz hər gün onu xatırlayır, onun məsləhətlərindən, tövsiyələrindən bu gün də yararlanır və Uca Tanrıdan ona möhkəm can sağlığı diləyir. 
* * *
        Yuxarıda bildirdiyimiz kimi, bu gün artıq Nərgiz xanım Haqq dünyasındadır. Bir daha ona Uca Tanrıdan rəhmət diləyib, yaxınlarına və əzizlərinə Allah səbr versin deyirik.
        Nərgiz Əsgərzadənin xatırəsi onu tanıyanların, vaxtilə onunla bir yerdə işləmiş insanların yaddaşında daim yaşayacaqdır.