Məqalələr‎ > ‎

Salaməleyk, daim oyaq və narahat türk ruhlu, Vaqif Aslan!

2 Ara 2015 10:06 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Ara 2015 23:23 güncellendi ]






Nurlan Ağa


        Azərbaycanın müxtəlif bölgələrində yaşayan və yaradıcılıqla məşğul olan bir sıra söz yaradıcıları, şairləri, yazıçıları vardır. Onlardan biri də Şəki elindən olan Vaqif Aslandır. Vaqif Aslan Şəkidə dünyaya gəlib və yaradıcılığını məhz həmin şəhərdə qurub. Şair-publisist, araşdırmaçı və tərcümələr müəllifi, hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki bölməsinin sədri olan V.Aslanın bu il 65 illik yubileyi tamam olur. Bu münasibətlə filologiya elmləri doktoru Yeganə İsmayılovanın Vaqif Aslanın yaradıcılığındakı Dədə Qorqud motivlərindən bəhs edən həmin yazısını təqdim edirik:

        
“Kitabi Dədə Qorqud” dastanlarındakı yüksək bədii sənətkarlıq, onun estetik xüsusiyyətləri daha çox şair və yazıçılarımıza ilham vermiş, onlar öz ulu əcdadlarının yaratdıqları bu abidədən zaman-zaman ilhamlanaraq böyük milli qürur hissi ilə onun təsiri altında yazıb-yaratmışlar. Sözümə tədqiqatçı G.Əliyevadan gətirdiyim sitatla başladım. Yenə də hörmətli tədqiqatçının fikirləri ilə davam etmək istəyirəm. Xüsusən, 70-90 cı illərdə Azərbaycanda vətənpərvərlik və azadlıq duyğularının geniş vüsət aldığı dövrdə “Dədə Qorqud” dastanları şairlərə daha çox ilham vermiş, onun motiv və obrazlarından, sənətkarlıq xüsusiyyətlərindən, poetik keyfiyyətlərindən istifadəyə meyl artmışdır. Bu dövr poeziyasını araşdırarkən dastanların mətnindən və motivlərindən bir neçə aspektdə istifadə edilməsinin şahidi oluruq: Qorqud atanın sözünə, ruhuna bir xilaskar, müdrik bir məsləhətçi, bir öndər kimi müraciət edilməsi. Bu müraciət çox vaxt imperiyanın yumruğu altında əzilməkdə, ümidini itirməkdə olan şairlərə bir növ ümid verir, onların arxasızlıq, köməksizlik hissini aradan qaldırır, mübarizəyə ruhlandırır, bu mübarizədə qələbə əldə ediləcəyinə inandırır.
        Şair Vaqif Aslanın şeirlərində Dədə Qorqudun milli yaddaşla bağlılığı, bu yaddaşın başlanğıcı və əsas atributu kimi tərənnüm olunması bu obrazın arxaik mifoloji düşüncədəki semantikası ilə tam təsdiq olunur.
        Müasir poeziyamızda “Kitabi Dədə Qorqud” motivlərindən istifadə ənənəsi dövrün ab-havasına uyğun olmuşdur. “Dədə Qorqud” ruhu Azərbaycan ədəbiyyatını heç vaxt tərk etməmişdir. Poeziyamızda “Dədə Qorqud” motivlərindən istifadə kiçik janrlardan (şeirlərdən) monumental janrlara (poemalara) doğru istiqamət götürmüşdür. Bu cəhətdən B.Vahabzadə, N.Xəzri, B.Səhənd, Z.Yaqub, V.Aslan, A.Abdullazadə və b. şairlər “Dədə Qorqud” ruhunda poemalar da yazmışlar.
        
Əlbəttə bu, folklor və ədəbiyyat məsələsidir. “Kitabi Dədə Qorqud”un hər hansı şairin, yazıçının yaradıcılığına təsiri məsələsi tarixi poetikanın inkişafının folklor və ədəbiyyat mərhələlərinin qarşılıqlı münasibətləri ilə əlaqədardır və müasir Azərbaycan poeziyasında “Dədə Qorqud” motivləri şair Vaqif Aslanın yaradıcılığında mühüm yer tutur. Əslində, V.Aslan “Dədə Qorqud” poetik cazibəsindən bir növ ayrı düşə bilmir, sənətkarın poetik ilhamı hansı mövzulara üz tutursa tutsun, zamanla yenə də “Dədə Qorqud” dünyasına qayıdır. Bəlkə, məhz buna görə də tədqiqatçı R.Orsər onu “Dədə Qorquddan qor alıb qutlanan şair” adlandıraraq yazır: “Qədim Oğuz elində - Şəkidə doğulub, boya başa çatmağındandır ki, Vaqif Aslan şeirlərinə qordan istilik və işıq, qutdan isə qutlu sübh şəfəqləri hopmuşdur”; ...“Vaqif Aslanın misralarına oğuz ruhunun təmizliyi hopmuşdur. Bu ruh həmişə onu izləyir, bəd nəzərlərdən qoruyur...”
        V.Aslanın Dədə Qorqud “havasına” yazdığı şeirlər, əsasən, onun “Oğuz elinə salam” adlı kitabında bir yerə toplanmışdır. Kitab iki hissədən ibarətdir. “Salaməleyk say bəylər” və “Banu Çiçək eşqinə”. Birinci hissədəki şeirlər oğuz dastanının motivlərini özündə əks etdirir. Bir çox şeirlər birbaşa oğuz eposu personajlarının adını özündə daşıyır: “Qanlı Qoca”, “Dəli Domrul”, “Qazan xanın yuxusu”, “Dəli Ozan”, “Təpəgöz”, “Aruz Qoca”, “Dirsə xan” və s.
        Birinci hissənin və ümumən kitabın ilk əsəri olan “Oğuz bəyləri və xatunlarına Vaqif Aslan salamı” şeirində, əslində, kitabdakı “Dədə Qorqud” motivləri əsasında yazılmış şeirlərin ümumi ruhu ifadə olunmuşdur. Hər bəndi 7 misradan ibarət olmaqla 12 bənddən ibarət olan bu şeirin hər bir bəndi (7 ci misra) “Ruhunuz qarşısında baş əyir Vaqif Aslan” rədif misrası ilə tamamlanır. Bu şeirlə sənətkar Oğuz elinə salam verir, ona hörmət və məhəbbətini izhar edib müqəddəs oğuz ruhları dünyasına girməyə, onları müasir düşüncəmizə gətirməyə, tərənnüm etməyə icazə istəyir:

            Salam, ağ ban evləri qızılı tağlı bəylər!
            Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!
            Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər!
            Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər!
            Keçərək neçə qışdan, keçərək neçə yazdan
            Ruhunuz qarşısında baş əyir Vaqif Aslan

        Göründüyü kimi, şeir bütün poetik varlığı ilə “Dədə Qorqud” şeirinin “havasına” – poetik deyiminə köklənmişdir. Poetik ritm vahidlərinin misralar arasında və misralar daxilində təkrarlanması V.Aslanın oğuz şeirinin ruhunu duyduğunu bariz şəkildə göstərir. Şeirin “oğuz” melodikası insanı elə sehrləyir ki, bəzən müasir şairin şeirini oxuduğunu unudursan: sanki bunlar V.Aslan yox, naməlum bir oğuz ozanının şeiridir.
        Şeirdə oğuz dünyası bir bütöv olaraq görünür. Sənətkar pillə-pillə baxış nöqtələrini dəyişir: gözümüzün önündə oğuz dünyasının əlvan mənzərələri canlanır. Mənzərə nə qədər zəngin olursa olsun, oğuz dünyasının şeirdəki nizamı pozulmur: poetik elementlərin düzümü oğuz dünyasının ilahi sahmanını özündə əks etdirir. V.Aslan “deyimi” şeirin əvvəlindən sonuna qədər oğuz “deyiminin” poetikasına köklənir. Şeir “oğuznamə” poetikasına uyğun olaraq müqəddəs dəyərlərin daşıyıcısının – Dədə Qorqudun tərənnümü ilə bitir:

            Bəxti açılan saatda, ruhun gələn günündə,
            Adı görklü ərlərin toyunda, düyünündə,
            Dədəm Qorqud nidası, Dədəm Qorqud ünündə,
            Məhəmməd Mustafanın üzü suyu yönündə
            Amin! Səcdəyə gəldim ağ alnınız önündə!
            Göy-qara bağlayanlar çıxsınlar daha yasdan
            Ruhunuz qarşısında baş əyir Vaqif Aslan

        Maraqlıdır ki, şeirin sonuncu bəndində Dədə Qorquda müraciət edilməsi ilə “Kitabi Dədə Qorqud” boylarının sonunda Dədə Qorqudun gəlib yum verməsi arasındakı əlaqə formal səciyyə daşımır. Burada ilk baxışdan görünməyən dərin forma-məzmun bağlılığı var. Eposun boylarının sonunda Dədə Qorqud gəlib “oğuznamə” qoşur. V.Aslan da “Oğuz elinə salam” kitabının ilk şeiri ilə oğuz bəyləri və xatunlarına salam verdikdən sonra oğuz igidləri və xanımlarının şərəfinə şeir oğuznamələr qoşmuş, onları öz mənəvi “ustadı” Dədə Qorqud kimi tərənnüm etmişdir.
        V.Aslanın yaradıcılığında “Kitabi Dədə Qorqud” a müraciət bütün hallarda milli-mənəvi dəyərlərlə bağlıdır, şair eposa bu dəyərlərin qaynağı kimi müraciət etmişdir. Eposdan milli-mənəvi, milli-əxlaqi keyfiyyətlər - ədalət, humanizm, gözəlliyin tərənnümü, ana müqəddəsliyi, vətənpərvərlik, doğruçuluq, əxlaqi saflıq, etibar kimi bəşəri problemlərlə şairin yaradıcılığında qarşılaşırıq. Özünü bir milli şəxsiyyət kimi axtaran, milli özünütəsdiq ideyaları ilə yaşayanlar bu ali duyğuları “Dədə Qorqud” dastanlarında tapırlar. Məhz buna görə Vaqif Aslanın dastanın obraz və ideyalarından istifadəsinin kökündə məhz milli ideyalar, milli özünütəsdiq idealları durur. Çünki, Vaqif Aslan “ədəbi vicdan” ölçüsü ilə, “meyar-şəxsiyyətdir” formulası ilə ruhu daim oyaq, həssas bir qələm sahibidir. Onun şeirlərində əqli idrakla hissi idrak vəhdət təşkil edir. Fəlsəfi ideyalarla, duyğularla dolu olan Vaqif Aslan şeirlərində əsl narahat türk ruhu daim oxucunu izləyir.
Mənbə: Lent.az