Məqalələr‎ > ‎

Məhəmməd Əmin Rəsulzadənin nəvəsindən maraqlı etiraf... (müsahibə)

3 Oca 2015 11:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Oca 2015 11:17 güncellendi ]
Lalə NOVRUZLU,
Mənbə: Moderator.az
03.01.2015

        "Tələbəlik illərimdə yerim olmadığı üçün zirzəmidə yaşayırdım"
        "Sovet dönəmində 36 yaşa kimi Rəssamlar İttifaqına qəbul etmirdilər"


        M.Ə.Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadə
Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

        - Rais bəy, Azərbaycana, onun keşməkeşli tarixinə möhürünü vurmuş bir şəxsiyyətin nəvəsisiniz. Siyasətdə olmağınız üçün M.Ə. Rəsulzadənin adı kifayət idi, amma Siz siyasəti deyil, məhz rəssamlığı seçdiniz...

        - Siyasətlə hər bir insan məşğul ola bilər. Mən rəssamlığa başlayanda siyasət barədə düşünmürdüm. Bu sənətə həvəs məndə uşaqlıqdan yaranıb. Hər zaman istəmişəm ki, rəssam olum. Düzdür, həyatımda çətin anlarım olub, müəyyən məhrumiyyətlərlə üz -üzə gəlmişəm. Ancaq mən bu çətinlikləri aşaraq bu günki səviyyəyə gəlib çatmışam. Rəssamlıq sənətinə isə nə dərəcədə yiyələnməyimi başqaları dilə gətirsə daha düzgün olar. Siyasətə gəlincə isə əslində hər bir insan siyasətlə məşğul olur. Biri var peşəkar siyasət, biri də var siyasi prinsiplərlə yaşamaq. Əlbəttə ki, hər bir vətəndaş kimi mənim də öz siyasi prinsiplərim var.

- Yaxşı rəssam olmaq üçün hansı daha çox lazımdır-İstedad, yoxsa mükəmməl təhsil?

- Düzünü desəm rəssamlıq yanaşma tərzindən asılıdır. Rəssam üçün həm istedad, həm də peşəkarlıq lazımdır. Bunlarla yanaşı insanda zəhmətkeşlik də olmalıdır. “Düşünən insan” heykəlinin müəllifi Auqisti Roden ilk dəfə heykəltəraşlıq üçün imtahan verəndə imtahandan kəsilir. Müəllimlər ona məsləhət bilirlər ki, özünə başqa peşə tapsın, bu sənət onluq deyil. Lakin o təslim olmur, daim öz üzərində çalışır və sonda imtahanlardan əla qiymətlər alaraq instituta qəbul olur. İndi onun əsərləri bütün dünyada tanınır. Yəni rəssam olmaq üçün istedad, çalışqanlıq və təhsil olmalıdır. Bununla yanaşı rəssamlıq üçün mədəni hazırlıq lazımdır. Yəni əsəri qavramaq, dərk etmək bacarığı da vacib şərtlərdən biridir.
Bilirsiniz, rəssamlıq digər yaradıcı peşələrdən daha mürəkkəbdir. Ona görə ki, digər sahələrdə müəllif fikrini tədricən tamaşaçıya çatdırırsa, rəssamlıqda isə rəssam fikrini bir an içində bildirməlidir. Yəni tamaşaçı rəsmə baxan kimi onun mahiyyətini anlamalı, rəssamın nə demək istədiyini qavramalıdır. Bunun üçün də rəssam da hər sahəni bilməlidir. Indi bir çox rəssamlar “müasirlik” edərək elə rəsmlər çəkirlər ki, baxırsan ki, bu janrda rəsmlər Avropada çoxdan, yəni bir neçə əsr bundan öncə yaranıb.

        - Bəzən yaradıcı insanlar dilə gətirə bilmədiklərini öz əsərlərində əks etdirirlər. Sizdə belə hal olubmu?

        - Əlbəttə, sənətdə rəmzlər deyilən bir anlayış var. Buna simvolizm də deyirlər. Elə sözlər var ki, onları dilə gətirmək olmur. Sovet dönəmində Sovet ideologiyasına xidmət etməyən insanlar repressiyaya məruz qalırdılar. Həmin dövrlərdə bunu açıq aydın demək olmurdu. Məhz buna görə də repressiya hadisələrinə uyğun rəsmlər yaradır, adına isə “Çili”və ya başqa bir ad verirdilər. Hökümət bu əsəri başa düşüb nə qədər lazımdırsa pul ödəyib gizlədirdilər ki, başqaları da bunları görməsin.

        - Əsərlərinizdə daha çox təbiətə üstünlük verirsiniz...

        - Mən təbiəti çox sevirəm, daha çox Azərbaycan təbiətini rəsmlərimdə əks etdirirəm. Azərbaycan gözəl ölkədir, onun gözəlliklərini görməmək, tərənnüm etməmək qeyri- mümkündür. Ümumiyyətlə yaradıcılıq fikirlərini, hisslərini izah etmək üçün ən yaxşı vasitədir. Ancaq bizim təbiət elədir ki, onun gözəlliyini abstrakt etməyə insanın əli gəlmir. Insan sevdiyi məkanı təsvir edərkən əlbəttə ki, ona sevgisini, ürəyini, gözəl hislərini də qatır.

        - Avtoportretlərə o qədər də üstünlük vermirsiniz...

        - Avtoportretlərim var, ancaq onları üzə çıxarmıram. Ümumiyyətlə, rəssamlar hər zaman ömürlərinin sonuna yaxın avtoportret çəkirlər, daha sonra isə dünyaların dəyişirlər. Ancaq mənim rəsmimi çəkiblər. Tələbəlik illərimdə yerim olmadığı üçün zirzəmidə yaşayırdım. Halbuki, bizim Bakıda 3 evimiz vardı. Mənə bir zirzəmini də çox görürdülər. Güc – bəla ilə bu zirzəmini mənə verdilər. Zirzəmidən düz iki maşın zibil çıxardım. Oranı təmizlədikdən sonra yaşamağa başladım. Orada həm yaşayırdım, həm də yaradıcılıqla məşğul olurdum. O zaman dostlarım yanıma gəlirdilər. Onlar hər zaman deyirdilər ki, sən bizə ruh verirsən. Beləliklə, onlar mənim portretimi çəkmişdilər.

        - Sifarişlə rəsmlər çəkirsinizmi?

        - Olanda çəkirəm. Sovet dönəmində siyasi insanlar bizə rəsm sifarişləri verirdilər. Bununla yaxşı dolanmaq olurdu. Rəsm əsərlərimiz satılmayanda sifarişlə olan rəsmlərimizdən dolanırdıq. O zaman bir portret üçün ən azı 500 manat ödəyirdilər. İndi isə tamam fərqlidir. Sifariş verənin zövqündən asılıdır. Yəni dəqiq qiymət olmur.

        - Gənc rəssamlardan kimlərin əsərlərini bəyənirsiniz?

        - Gənc və istedadlı rəssamlarımız çoxdur. Sovet dönəmində 36 yaşa kimi Rəssamlar İttifaqına qəbul etmirdilər, mən də gənc rəssam idim. Düşünürdüm ki, hələ tezdir, rəsmlərimi üzə çıxarmırdım. Bir dostum var idi. Həmişə təkid edirdi ki, rəsmlərini Rəssamlar İttifaqına göstər. bir gün bir neçə rəsmimi əlimdən alıb çərçivəyə saldırıb özü ilə apardı. Bir gün gəldi ki, bəs səni təbrik edirəm, sənin rəsmlərini çox bəyəniblər. Hələ o zaman ümumittifaq sərgisinə hər rəssamın rəsmini çıxarmırdılar. Dostumun məndən aldığı rəsmlərin ikisi ümumittifaq sərgisinə göndərdilər. Biri isə beynəlxalq sərgiyə göndərildi. Yəni mən gəzmirdim, əsərlərim bütün dünyanı gəzirdi.
        Bundan sonra 1-2 il ərzində məni Rəssamlar İttifaqına qəbul etdilər.
        İstedadlı rəssamlar var ki, çoxları mənim tələbələrim olub, çox gözəl əsərlərin müəllifləridirlər.