Məqalələr‎ > ‎

YARIMÇIQ QALMIŞ ALİM ÖMRÜ... (video)

3 Eki 2014 04:42 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Kas 2014 02:33 güncellendi ]

  Sentyabr ayının 30-da AMEA Şəki Regional Elmi Mərkəzinə və eyni zamanda Şəkinin elmi ictimaiyyətinə ağır itgi üz verdi. Elm yolu nəinki bir region üçün, bütövlükdə bütün Azərbaycan üçün əhəmiyyətli olan gənc alim, memarlıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Memarlar İttifaqının üzvü, insanlığı bütün insanlar üçün örnək olan İradə Rövşən qızı Məmmədova (İradə Rövşən) uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi.

İradəsinə görə fenomen olan bu məğrur qadın heç vaxt - hətta amansız xəstəliyin bədənində tüğyan etdiyi zaman belə ağlamadı, sızlamadı, müdhiş ağrıların əzabına mətinliklə dözdü. Kollektivə, iş yoldaşlarına, doğmalarına və yaxınlarına həmişə özünü şux, ağrısız təqdim etdi, amansız əcəlin addım-addım onu izlədiyini sanki bilərəkdən hiss etdirmədi, uzun illər əcələ meydan oxudu. Onun danışa-danışa, gülə-gülə ölümü - bu müdhiş xəbər onun uzun illər sevə-sevə, sevilə-sevilə çalışdığı kollektivinin - ŞREM-in əməkdaşlarını, eyni zamanda bütün onu tanıyanların ürəyini dağladı. Gənc alim bir evdən, bir kollektivdən getmədi, bir eldən getdi. Yüksək davranış mədəniyyəti, dərin bilik və zəkası ilə İradə  xanım Azərbaycan memarlıq elminə öz adını qızıl hərflərlə yazdı. Onun 2007-ci ildə böyük uğurla müdafiə etdiyi “Şəki evlərinin interyeri XIX əsrdə və XX əsrin əvvəllərində” mövzusunda dissertasiya işi Şəkidə memarlıq üslubunun milli çalarlarını ortaya qoymaqla,  respublikanın görkəmli alimləri tərəfindən rəğbətlə qarşılandı. İradə Rövşən  gənc idi... Cəmi 46 yaşı vardı. Böyük arzularla yaşayırdı. Ən böyük arzusu Şəki-Zaqatala bölgəsinin evlərinin interyerini doktorluq dissertasiyası arxasında işləmək idi. Lənət olsun amansız əcələ bu gənc tədqiqatçının arzularını yarımçıq qoydu. İradə xanım nəinki öz tədqiqatları, yüksək bədii bə publisistik üsluba malik yazıları ilə də gələcək tədqiqatçıların araşdırmalarına öz adını yazdı. Məhz İradə xanım çalışqanlığına, yorulmadan öz üzərində işləməsinə və üzə çıxardığı elmi məqalələrinə görə Azərbaycan Respublikası Memarlar İttifağının üzvü kimi yüksək ada layiq görüldü.

               
    İradə xanım təkcə yiyələndiyi ixtisas olan memarlıqla maraqlanmırdı, O, həm də yaxşı folklorşünas idi – Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratotiyasına rəhbərliik edirdi. Milli folklorumuzla bağlı onun fikirləri uzun illər folklorla məşğul olan mütəxəssislərin belə təəccübünə səbəb olurdu. Mərkəzdə memarlıq və folklorşünaslıq haqqında dərc edilən bütün kitablarda İradə xanımın əməyi özünü büruzə verirdi. Vaxtaşırı Onun respublikamızda və ölkəmizin hüdudlarından xaricdə çap olunan məqalələri hamının marağına səbəb olurdu. Xüsusən çoxları yerli mətbuat orqanımız olan “Şəki bələdiyəsi” qəzetinin növbəti saylarını səbirsizliklə gözləyirdilər ki, görsünlər İradə xanımın hansı yeni məqaləsi dərc olunub. Doğma Şəkimizin qədim memarlıq adət-ənənələrinə, ulu babalarımızın bizə miras qoyub getdikləri qədim tikililərə İradə xanımın öz yanaşma tərzi vardı. Qədim evlərin bərpa olunub gələcək nəsillərimiz üçün qorunub saxlanılması məsələsi onu daim narahat edirdi. Məqalələrində həmişə görülmüş yaxşı işlərlə yanaşı, neqativ halları, gələcəkdə görülməsi vacib işləri də diqqətə çəkən gənc alim problemlərin həlli yollarını da göstərirdi... İradə xanım haqqında həddindən çox xoş sözlər yazmaq olar... Amma uzunçuluq olmasın deyə, təkcə onu qeyd edək ki, əcəl Onun Şəkinin memarlığına həsr etdiyi növbəti kitabını başa çatdırmağa imkan vermədi...

İradə Rövşənin ömür yolu çox qısa olmasına baxmayaraq əsil məktəb idi. Yüksək ünsiyyət mədəniyyətinə malik olan bu el qızı bütün kollektivin, cəmiyyətdə ünsiyyətdə olduğu bütün insanların sevimlisi idi. Onun vaxtsız ölümü doğmalarına, yaxınlarına və kollektivə psixoloji sarsıntı yaşatdı. Əslində İradə cismən doğma kollektivini, övladlarını, doğmalarını tərk etdi. Onun həmişə gülər, təbəssümlü çöhrəsi ürəklərdə əbədi olaraq özünə yer aldı, daşlaşmış xoş xatirəyə çevrildi. O,  dünyasını dəyişsə də, Onu sevən insanların qəlbində əbədi yaşayacaqdır.

 Şəki Regional Elmi Mərkəzi və Şəki bələdiyyəsinin kollektivləri    

Видео YouTube