Məqalələr‎ > ‎

Azərbaycanla Gürcüstan arasında canlı körpü

4 Şub 2015 04:35 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Şub 2015 04:36 güncellendi ]
GİYA PAÇXATAŞVİLİ: 
“Mən heç vaxt ruhlarla alver etməmişəm!...”




Qiymət MƏHƏRRƏMLİ,
"Elimiz. Günümüz" qəzetinin
baş redaktoru


Müsahibimiz Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-tərcüməçi Giya Paçxataşvilidir.

        - Giya, artıq neçənci dəfədir sizin barənizdə yazı yazıram, lakin yazmaqla tükənməyən, bəhs etməklə sonuclanmayan həyat hekayətlərinin müəllifi kimi yenidən sizə üz tuturam: yeni yaş dönəmi ərəfəsində necəsiniz? Nə var, nə yox?
        - Ən öncəsi bundan başlayaq ki, sizli-mənli hamımız bilirik ki, 54 yaşıma Lamarasız girirəm. Təbii ki, 29 yanvar ad günüm kimi ancaq sənədlərdə qalacaq... Bununla belə, onun ruhunu şad etmək üçün ötən ildə xeyli sayda tərcümə və müəllif kitablarım çıxdı.
        - İşiniz öz qaydasında, tərcüməçilik və poeziya sahəsindəki fəaliyyətiniz də öz yerində. Bilirəm, bu baxımdan Tanrı sizi bəxtli yaradıb. Bəs xəyal qırıqlığınıza səbəb nədir?
        - Lamaramın və mənzilin yoxluğu. Özünüz də görmüşdünüz ki, o, yeni ev üçün hər şey almışdı. Lakin...
        - Bəs necə oldu ki, hökumətimiz jurnalistlərə, yaradıcı insanlara bu qədər ev payladı, həyat şəraitini yaxşılaşdırdı, sizə çatanda qarşınızdan qara pişikmi keçdi?...
        - Məlum həqiqətdir ki, hələ ötən ilin mayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, o cümlədən də Mətbuat Şurasının sədri Əflatun Amaşov siz dediklərinizi və ədəbiyyatdakı az-çox xidmətlərimi nəzərə alaraq, Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova “daşdan keçən” məktub göndərmişdilər. Görünür, “daşdan keçən” məktub başdan keçmədi. Düzdür, millət vəkilləri Aqil Abbas və Qənirə Paşayeva məsələni yoluna qoyacaqlarına əminliklə söz versələr də, onların vədləri sabun köpüyü kimi elə havadaca buxarlanıb getdi. Odur ki, elə əvvəlki durumdayam.
        - Durumunuz da ki, göz qabağındadı...
        - Mənim məsələm yağışdan çıxıb yağmura düşən adamın məsələsinə bənzəyir. Belə ki, şəhərin mərkəzində - “İnqilab” küçəsindəki evimizi kürüyən Asan Xidmətin birinci və baş ofisi bizi oradan Keşləyə gözdən iraq bir yerə tezbazar quraşdırılan çölü bəzək-içi təzək bir yerə köçürtdü. Həmin mənzildə kitablarım da, paltarlarım da kif atır. Görün onda mənim səhhətim nə gündə olar... Mənə deyirlər ki, şükür elə ki, kirəpulu vermirsən. Odur ki, qalmışam Bakı-Qax arasında.
        - Giya, sizcə üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiya Yazarlar Birliklərinin üzvü, bir neçə beynəlxalq mükafatlar laureatı, 36-dan artıq tərcümə və müəllif kitabının sahibi (və... daha başqa yüksək keyfiyyətlərinizi sadalamıram...) olan bir ziyalıya nədən bu qədər biganəlik göstərilir? Bunun günhkarı kimdir, sizcə? Sizmi, ətrafınızdakılarmı, yoxsa bu işlə birbaşa əlaqəsi olanlar?
        - Vallah, Qiymət xanım, ətrafımdakılardan gileyim yox! Onlar olmasaydı, yəqin ki, indi bu müsahibəni məndən almazdınız... Qohumluqdan da yüksəkdə duran dostlarıma eşq olsun. Sualın birinci hissəsinə gəldikdə, deyə bilərəm ki, nə yaradıcılığımda, nə də həyatımda məddah olmuşam.... Yararlanmaq mənlik deyil! Odur ki, problemin kökünü zamanı bu kökə salan məmurlarda axtarın!
        - Bəs sizin milliyyətcə bir gürcü olaraq Azərbaycan xalqı üçün elədikləriniz?! Axı sizi dəyərli insanlarımız gürcü olmaqdan əfzəl, əsil müsəlman, əsil türk, eyni zamanda bəşəri bir şəxsiyyət hesab edirlər!
        - Əmanətə xəyanət məsələsini eşitmisiniz, yəqin... Mən nə Vətənə, nə də dostlara xəyanət edib başqa ölkələrin gəlişigözəl təkliflərinə uyub Azərbaycandan gedə bilməzdim. Çünki mənə görə, hələ məmurlar və dövlət strukturları Azərbaycan demək deyil... Ədəbiyyat, zəngin mənəviyyat və dostlara bağlılıqdır mənimçün Azərbaycan! Əks halda...
        - Givi, axı vaxt gedir, ömür tükənir. Həm də bu cür şəraitdə itirən biz oluruq. Azərbaycan xalqı, Azərbaycan poeziyası, Azərbaycan tərcümə ədəbiyyatı, Azərbaycan jurnalistikası... – bir sözlə, Azərbaycan ziyalılığı! Və s. və il. Bu hal nə vaxtacan belə davam edəcək?
        - Qoyun bu suala mənimlə gəncliyimdən - tələbəlikdən gələcəyə birlikdə addımladığımız, indi isə Milli Məclis kreslolarında əyləşən məmurlar cavab versinlər... “Görmürlər məni” şeirim bu suala tutarlı cavabdı, məncə!
        
- Biz sizinlə dəfələrlə könül söhbətləri etmişik. Bugünkü söhbətimiz isə şəhidlərimizin müqəddəs ruhlarını ziyarətdən qayıtdığımız günə - Qara yanvar faciəsinin 25-ci ili gününə təsadüf etdi. Bu bir təsadüfdümü, ya hər nədisə, deyə bilmərəm. Lakin bunu bilirəm ki, Azərbaycan xalqının müstəqillik mücadiləsinə Giya Paçxataşvilinin – Yetim Gürcünün qatqısı çox olub. Bir qədər də bu barədə...

        
- Yuxarıda bəhs etdiyim şeirdə “Dərd daşımaqla məşğulam” misrası var. Əslində bu, dərd yox, dərdlərdir - Fikrət Mursaqulov dərdi, Qarabağ dərdi və Qara Yanvar dərdi. Hələ Lamara dərdimi demirəm... O günlərə qayıtmaq həqiqətən də ağırdır. Lakin 9 aprel 1989-cu il hadisələrini görüb analiz edən insan kimi deyə bilərəm ki, 20 yanvar faciəsindən daha əvvəl bu hadisənin qaçılmazlığını duyub olduqca narahat günlər yaşayırdım. O vaxt Bakıya “təşrif buyurmuş” Primakovla Bakatinə də (Y.M.Primakov Moskvada mənə dərs demişdi) narahatlığımı bildirmişdim... Lakin Sovet İmperiyasının soyqırım maşını artıq işə salınmışdı. Ona görə də, əlimdən gələn barrikadada dayananlara 9 aprel hadisələrindən ibrət götürüb, bir az ehtiyatlı davranmalarını xahiş etməyim idi. Hadisələrin qarşısının alınmasına cüzi də olsa köməyim dəysin deyə, hətta şəhərin mərkəzində qaldım o günləri.
        - Hadisənin səhərisi günü beynəlxalq aləmə müraciət hazırlanmalıydı. Bu barədə ətraflı danışsanız, yaxşı olardı...
        - Siz deyən müraciət Qafqaz Şeyxülislamı Allahşükür Paşazadənin müraciətidir. O zaman şeyx həzrətləri mərhum şairimiz Bəxtiyar Vahabzadəyə həmin müraciətin qaralamasını təqdim etsə də, o vətənpərvər şəxsiyyətin işi həddindən çox olduğundan “onu başqasına verin”, demişdi. Yanvarın 20-si səhər 10:2
0-də biz Azərbaycan Korlar Cəmiyyətinin mətbəəsində (Fabritsius küçəsi, 40 – indiki Ceyhun Hacıbəyli küçəsi) yığışmışdıq ki, Sovet İmperiyasının partiya biletlərini yığıb onları məhv eləyək. Hamımız – mətbəənin direktoru Ələsgər Səmədov, partiya komitəsinin sədri Nadir Şirinov, mən və bir neçə fəhlə direktorun kabinetindəydik. Çox narahat anlar idi. Axı, komendant saatı Bakını iflic etmişdi... Qəfildən darvazanın bərk döyülməsi səsinə mən və baş mühəndis Gennadi Vasilyeviç aşağı düşdük. İki qara maşından din xadimləri düşüb bizə tərəf gəldilər. Onlar bizə sözügedən qaralamanı verdilər ki, 3 saat ərzində Azərbaycan və rus dillərində tərcümə olunub çap edilsin. Biz onlara dedik ki, bu işə bir saat da kifayətdir. Əlyazmanı götürən kimi, Əhmədlidə yaşayan Xristenko Valya adlı çapçımızı təcili olaraq işə çağırdıq. Təbii ki, nəqliyyat pis işlədiyindən onun tez gələcəyinə heç də ümid yox idi. Fürsətdən istifadə edib heç nəyə yaramayan qaralamanın yenidən beynəlxalq normalara uyğunlaşdıraraq, Azərbaycan variantını işlədik və mən onun yarımca saatın içində rus variantını da mükəmməl şəkildə hazırladım. Nəhayət, Valya xanım da gəldi və poliqrafçıların yaxşı bələd olduqları rameyra maşınında hər dildə 3 min tiraj olmaqla müraciəti hazırladıq. Təbii ki, sifarişçilər gözləmədikləri qədər tez bir zamanda və yüksək keyfiyyətlə hazırladığımız həmin müraciəti götürüb dünya ölkələrinə yaydılar. Sözsüz ki, komendantın təhlükəsini göz altına almış Ələsgər Səmədova da, Nadir Şirinova da təşəkkürün böyük payı düşür. Hamı bilir ki, o günü bircə “Səhər” qəzeti və Azərbaycan Korlar Cəmiyyəti əsil igidlik göstərib informasiya blokadasını yarmışdılar. İnanın ki, Qiymət xanım, bu müraciətlə bağlı həqiqət, 25 ildən sonra olsa da, bu şəkildə ilk dəfə olaraq sizin qəzetiniz vasitəsilə ictimaiyyətə çatdırılır. Çünki mən heç vaxt ruhlarla “alver edib” bunu nə televiziya, nə də digər informasiya vasitələrində demişəm. Bu mənim vətəndaşlıq məramıma ziddir.
        - Givi, bu gün məhz həmin şəhidlərin, hansı ki, doğrudan da, siz onları heç vaxt hərraca çıxarmadınız, məzarlarını ziyarətə getmişdik birlikdə. Və artıq 25 ildi gedib-gəlirik ora. Nə dəyişib o gündən-bu günə... Şəhidlərimizin qanını ala bilmişikmi, sizcə?
        - Təəssüf hissiylə vurğulaya bilərəm ki, bu dəfə onların ziyarətinə acizanə bir ovqatla getmişdim. Axı, azadlıq uğrunda canını fəda etmiş bu nakamların hansı arzusu yerinə yetib ki?... Qarabağımı qaytarmışıq? Xocalı şəhidlərininmi qisasını almışıq?...
        Qiymət xanım, yəqin mənim “Atəşkəs var, sülhün niyə gec oldu?” misram yadınızdadır. O zaman da, indi də ürək ağrısı ilə deyirəm və bunu çox müsahibələrdə demişəm: heç istəməzdim ki, Qarabağı Zəngəzurun aqibəti gözləsin və siyasi ah-vayların mövzusuna çevrilsin. Yetər “balanslaşdırılmış siyasət” deyə-deyə xalqı aldadaq! Axı, prezidentdən tutmuş az-çox siyasətdən baş çıxaranlaradək hamı yaxşı bilir ki, Qarabağ probleminin açarı Kremlin seyfindədir. Mənə elə gəlir ki, şəhidlərin ruhu hələ də narahatdır.
        Bir məsələyə də toxunmaya bilmərəm: bu dəfə Şəhidlər Xiyabanında nə azan səsi eşidildi, nə ehsan paylanıldı, nə də nəqliyyat pulsuz oldu. Bumudur şəhidlərə ehtiramımız? Şəhid məzarı üstünə aparılacaq qərənfili 50 qəpiyə satan millətdən gözləmək olar? Ağrılı həqiqətdir, deyilmi?
        
- Dekabrın sonlarında siz Gürcüstanda işgüzar səfərlərdə oldunuz. Bu barədə mətbuatda təzadlı məlumatlar getməkdədir. Bunlara açıqlamanı öz dilnizdən eşitmək daha yaxşı olar.
        - Yenicə yola saldığımız 2014-cü il dekabrın 26-da “Təzadlar” qəzetində bu barədə məlumat verilsə belə, “Elimiz.Günümüz” qəzetinə məmnuniyyətlə bu barədə aşağıdakıları deyə bilərəm: hamıya məlumdur ki, Gürcüstan siyasi hakimiyyətinə Rusiya meyilli qüvvələr gəldikdən sonra həmin respublikanın demokratik dayaqları laxlamağa başladı. Bunun ən böyük ağrısını orada yaşayan Borçalılar çəkir. O Borçalılar ki, Gürcüstanın müstəqilliyi yolunda Zviad Qamsaxurdiyadan tutmuş, Mixeil Saakaşviliyə qədər daima dövlətçiliyin qorunmasında, demokratiyanın möhkəmlənməsində Gürcüstan siyasi hakimiyyətinin yanında olmuşlar. Təbii ki, yaşadığım müstəqil Azərbaycanın qonşu Gürcüstana etdiyi mənəvi, siyasi-iqtisadi dəstəyini unutmaq olmaz. Bu məlum həqiqətlərin fonunda Zəlimxan Məmmədli və Salman Murğuzovun “persona no-qrata” edilməsi nə Azərbaycana, nə də Gürcüstana şərəf gətirəcək siyasi addımdır. “Borçalı” İctimai Cəmiyyətinin sədri, Milli Hərəkatın canlı qazisi Zəlimxan Məmmədliyə bu sayaq ögey münasibət ən azından yaxın tarixi keçmişimizə və müasir demokratikləşmə yolunda gedən proseslərə, o cümlədən, Azərbaycan-Gürcüstan dostluğuna və qardaşlığına vurulan zərbədən başqa bir şey deyil. Bakı-Tiflis-Axalkalaki-Qars kimi siyasi və iqtisadi əhəmiyyəti olan nəhəng layihənin gerçəkləşməsi ərəfəsində bu anlaşılmaz məsələ məncə, keçmişin “ağ ləkə”sini xatırladır. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin siyasi mövqeyi, ümumbəşəri baxışları həm Azərbaycan, həm Gürcüstan siyasi dairələrinə yaxşı bəllidir. 6 il dalbadal keçirilən Elat Bayramı isə onun fəaliyyətinə tutulan ləkəsiz bir güzgüdür. Məhz bu həqiqətləri indiki Gürcüstan hakimiyyətinə çatdırmaq üçün mən heç kimdən, nə siyasi sifariş, nə də maddiyyat güdən bir addım kimi qəbul edə bilmərəm. Bu mənim gürcü əsilli Azərbaycan vətəndaşı olaraq, ürəyimin diqtəsi ilə həyata keçirdiyim səfər idi.
        Qürurla vurğulaya bilərəm ki, 2014-cü il dekabrın 23-ü səhər saat 11:20-də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Tbilisidəki Allabari iqamətgahında görüşümüz baş tutdu. 10 dəqiqəlik bağlı qapı arxasında keçən görüşdə mən ona Zəlimxan Məmmədlinin kimliyini, hansı mərama qulluq etdiyini çatdırmaqla illər boyu fəaliyyət göstərdiyini əks etdirən diskləri, o cümlədən Borçalı ziyalılarının ona ünvanlanmış məktubunu çatdırdım. Cənab prezident bu işi şəxsi nəzarətə götürərək, Zəlimxan Məmmədlinin mobil telefon nömrəsini aldı və qısa müddətdə bu siyasi anlaşılmazlığın aradan qaldırılacağına söz verdi.
        İkinci görüşümüz Gürcüstandakı Azərbaycan səfirliyində baş tutdu. Lakin təəssüf edirəm ki, səfirlə görüşümüz yalnız Zəlimxan Məmmədlinin ona telefon zəngi açmasından sonra baş tutdu. Məni qəbul edən səlahiyyətli səfir Azər Hüseynlə söhbətimiz də işgüzar şəraitdə keçdi. Cənab səfir bildirdi ki, o, Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun ona ünvanladığı məktubu rəhbər tutaraq, Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib və söz verdi ki, bu məsələ çözülüncə onun nəzarətində olacaq.
        Eyni mövzuda üçüncü söhbətimiz Gürcüstan Daxili İşlər Nazırliyində oldu. Orada da bildirdilər ki, bəzi mətbuata açıqlaya bilməyəcəyimiz nüanslar dəqiqləşdiriləndən sonra məsələyə aydınlıq gətiriləcək.
        Ümidvaram ki, Gürcüstanın indiki siyasi hakimiyyəti bu siyasi anlaşılmazlığa son qoyaraq ədaləti bərpa edəcəklər.
        Yeri gəlmişkən, bundan bir gün öncə - dekabrın 22-də Gürcüstanın tanınmış şairi Rafiq Hümmət və publisist Cambul Məmmədovla (?) görüşdük. Söhbətimiz müasir gürcü ədəbi prosesindən getdi və Cambul müəllim “101 Gürcü şəxsiyyəti” adlı kitabını mənə hədiyyə etdi. Sonra Tbilisi şəhəri, Qorqasali küçəsindəki təzə təmirdən çıxmış və müasir tələblərə cavab verən Mirzə Fətəli Axundov adına muzeyi ziyarət etdim. Muzeyin direktoru Leyla Əliyeva Qiymət Məhərrəmlinin şəxsində bütün Azərbaycan ziyalılarına salamlarını yetirməyimi rica etdi və çox arzuladı ki, Tbilisidəki M.F.Axundov adına muzeylə Şəki şəhərindəki eyniadlı muzey arasında dostluq əlaqəsi yaradılsın. Leyla xanım söz verdi ki, məhz bu məqsədlə Şəkiyə qonaq gələcək.
        - Givi, yeni ilə başlamışıq. 2015-dən gözlədikləriniz, umacağınız, eləcə də verəcəyiniz töhfələr nə olacaq?
        - Mən verəcəyim töhfələrdən başlamaq istərdim: bu il mənə Borçalını sevdirən, eyni zamanda Azərbaycan ədəbiyyatına və mənəviyyatına gətirən mərhum Fikrət Mursaqulovun iyulun 10-da 60 ili tamam olur. Onun ruhunu sevindirmək üçün rus dilində şeirlər kitabını nəşr elətdirmək niyyətindəyəm. Bu il həm də Vəli Xramçaylının 60 yaşı tamam olur. Ona da bu səpkidə bir hədiyyə etmək istərdim. Yaxşı olardı ki, 20-dən artıq müəllifdən etdiyim disklərdə yatan tərcümələrim sponsorların köməyi ilə işıq üzü görəydi. Axı, yuxarıda qeyd etdiyim kimi, məni yaşadan dostlarım və ədəbiyyatdır. Bu ildən başqa umacağım yoxdur!
        - Bəs ev?
        - Qiymət xanım, gəlin bu suala öz şeirimdən bir bəndlə cavab verim:

        Evsizlik evimi yıxdı,
        Kasıb könlüm hey darıxdı.
        Ay karıxdı, il duruxdu,
        Bəxtim öldü, dirçəlmədi...


        P.S. Müsahibim daha sözü uzatmadı. Heç buna ehtiyac da yox idi. İllər boyu aramızda yaşatdığımız səmimi dost münasibətimizdən mənə yaxşı tanış olan Bizim Givi elə bu cür də danışmalıydı. Düzü-düz, əyrini-əyri... Riyadan uzaq, rəngdən, boyadan tamamilə azad bir ruhun təcəssümü kimi alındı bu səmimi söhbətimiz.
        Çox insaflı adamdı Givi. Allah onun insafını almasın, umacaqsız olduğundandır ki, başına hər cür qəziyyə gəlir, evli olmaqdan savayı. Arzu edirəm ki, 2015-ci ildə səlahiyyətlilərimiz səlahiyyətlərindən istifadə edib, ona halal haqqını verələr. Givimiz evli ola! Allaha təvəkkül!

        * * *

Giya Paçxataşvili

    Görmürlər məni

Tanrıya uzanan yolam,
Vədlərdən tox, “yox”dan bolam.
Oyundankənar bir qolam, -
Odur ki, görmürlər məni.

Dərd daşımaqla məşğulam,
Dəftərə, kitaba qulam.
Sulara qərq olmuş çulam, -
Odur ki, görmürlər məni.

Vəzifə arayır oğru,
Ölür bağrıçatdaq doğru,
Hamı şan-şöhrətə doğru, -
Odur ki, görmürlər məni.

Teleaşıqlər, şortular
Dünyanın zövqün pozdular.
Meydan sulayır lotular, -
Odur ki, görmürlər məni.

Giviyəm, nurlu sabaham,
Lamaraya səcdəgaham.
Yerdə yaşayan Allaham, -
Odur ki, görmürlər məni.

        Ürəyim

Ürəyim – dostlara açılan masa,
Yanında Qiymətim, Osmanım vardır.
Orada İlhamla Pünhan olmasa,
Deməli, “gor” adlı ünvanım vardır.

Ürəyim – dostları isidən ocaq,
Orada Şamxalla Azər üşüməz.
Yaxşılıq istəyin – var qucaq-qucaq,
Pislik daşımağa, vallahi, dəyməz.

Ürəyim – yarımçün kirəsiz oda,
Lamaram orada yaşar əbədi.
Əgər mən varamsa, yaşayır o da,
Şeirimlə yapmışam sevgi məbədi.

Ürəyim – Qax-Bakı ünvanlı bir yol,
Marşrutu bəllidir yalnız Allaha.
Əzrayıl çəkəcək ölümümə qol...
Hələ ki gedirəm üzü sabaha.

Ürəyim – dostlara açılan masa:
Onlarla yaşayıb, onlarla vurur.
Haçansa bu yetim gürcü olmasa,
Bilin ki, ruhları yeni eşq qurur...
Bu sevgi başında Lamara durur!