Məqalələr‎ > ‎

ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)

4 May 2016 06:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 May 2016 06:33 güncellendi ]








Qalib ƏSƏDƏOV,
həkim-nevropatoloq

        1926-cı il dekabrın 7-də Nuxa Xalq Xəstəxanasının ümumi iclası xəstəxanaya həmin illər Səhiyyə Komissarı işləyən Möhsüm Nəcməddin oğlu İsrafilbəyovun /Qədirlinin/ adının verilməsi haqda qərar çıxarır. Həmin tarixdən Şəkidəki xəstəxana Qədirli adına Nuxa Xalq Xəstəxanası adlanır. Xəstəxana o vaxtlar Xan Sarayını əhatə edən Qalanın ərazisində yerləşirdi.
1926-cı il iyunun 13-də Nuxa Qəza İcraiyyə Komitəsi Rəyasət heyətinin iclası keçirilir. Həmin iclasda Nuxa Qəzası Səhiyyə Şöbəsinin müdiri Ağa Hüseynov Vərəm dispanseri açılmasının və həmin dispanser üçün bina ayrılmasının vacibliyini qeyd edir. İclasda yeni Vərəm dispanseri tikilməsi, həm də Qışlaq ambulatoriyasının yaradılması haqda qərar verilir.
1927-ci ilin avqustun 3-də Nuxa Qəza İcraiyyə Komitəsinin Rəyasət heyəti Cəfərabadda xəstəxana tikilmsi haqda qərar verir. Bu bütöv Nuxa mahalında ilk kənd xəstəxanası kimi tarixdə özünəməxsus yer tutub.
        
1929-cu il yanvarın 31-də Vərəm dispanserinin binası artıq hazır olur. Mirqasım Ocaqov həmin dispanserin ilk baş həkimi olur.
        Həmin illərdə Nuxa Xalq Xəstəxanasının əlavə II və III korpusları tikilib istifadəyə verilir. Həmin illərdə pullu diş və protez müalicəxanası təşkil edilir. Kərimov Cəmaləddin müalicəxananın ilk Baş həkimi olur.
        1930-cu il oktyabrın 29-da Böyük Oktyabr Sosialist İnqilabının 13-cü ildönümü münasibətilə şəkidə təntənəli surətdə Nuxa Tibb Məktəbinin açılışı olur.
        1933-cü il aprelin 3-ü Baş Göynük kəndində xəstəxana açılır.
        Mən o vaxtlar anaya, uşağa olan qayğının yüksək keyfiyyətli xidməti göstərən bir əmrlə sizi tanış etmək istəyirəm.
        1936-cı ilin sentyabrın 6-da əhaliyə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyan Nuxa Səhiyyə şöbəsinin müdiri Ağa Hüseynov belə bir əmr imzalayır:

        “Xəstəxanada doğulan bütün uşaqlar anaları ilə birgə akuşerkaların müşayiəti ilə xəstəxana faytonunda evlərinə çatdırılmalıdır. Növbətçi akuşer hər səhər Baş həkimə onların yaşadıqları ünvana çatdırılması barədə raport verilməlidir”.

        
Bəli, həmin qayğının anaya, uşağa verilən yüksək qiymətin təzahürüdür ki, 1937-ci il aprelin 23-də Nuxa rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsi uşaq xəstəxanasına yer təyin edilməsi haqda qərar çıxarır və 1 il keçdikdən sonra uşaq xəstəxanası artıq istifadə üçün hazır olur. Stasioanarı və ambulator xidməti birləşdirən bu tibb müəssisəsi uşaq məsləhətxanası adlandırılır. V. X. Avfer Baş həkim təyin olunur.
        1937-ci il mayın 18-də Nuxa şəhər xəstəxanasında rentgen kabinet təşkil edilir. Həkim Semyonov həmin kabinetə təhkim olunur. Artıq 1937-ci ildə Şəkidə aşağıdakı Səhiyyə idarələri fəaliyyət göstərirdi: Şəhər xəstəxanası, Vərəm dispanseri, Uşaq xəstəxanası, Sanitar stansiya, Dəri - Zöhrəvi dispanseri, Malyar dispanser. Bütün bu Səhiyyə idarələrinin təşkili Ağa Hüseynovun adı ilə bağlıdır. Həmin illərdə Rayon Səhiyyə Şöbəsi və Şəhər Səhiyyə Şöbəsi ayrı - ayrı fəaliyyət göstərirdi. Rayon Səhiyyə Şöbəsinə 1948-ci ilədək Ağa Hüseynov rəhbərlik edib. Şəhər Səhiyyə Şöbəsinə isə Tiqran Cavadov, Əsəd Əmirov, İsmayılov, Ağa Hüseyn Ələkbərov rəhbərlik edib. Bəli, bu şəxslər şəhərimizin ilk həkimləri idi.
        
1942-ci ildə dahi mütəfəkkir, həmyerlimiz Mirzə Fətəli Axundovun anadan olmasının 130 illiyi münasibətilə şəhər xəstəxanasına Axundovun adı verilir.
        1941-ci il II Dünya müharibəsi başlayır. Hər yerdə olduğu kimi Şəkidə də səfərbərlik başlayır. Abdulhəmid Həmidov, Ağəli Nəsirov, Ələsgər Əkbərov, Yaqub İskəndərov, Əhməd Mustafayev, Sadəddin Həmidov, Şöyüb Məhərrəmov, Kamal İmamverdiyev, Zərifə Mustafayeva, Mülayim Cəfərova, Pakizə Manafova və yüzlərlə tibb işçisi SSRİ adlanan Vətənimizin müdafisəinə yollanırlar.
        Əsmər Həsənova 1941-ci ilin avqustunda 7-ci dəniz Süvari Briqadasına hərbi feldşer göndərilir. Bu igid azərbaycanlı qızı Sevastopolun 250 gün davam edən müdafiəsində işirak edir. Əsmər Həsənova “Hərbi Dəniz əlaçısı” döş nişanı ilə təltif olunub.
        
Əsabəli Hacıyev 685-ci atıcı polkda tibb xidməti rəisi işləyir. Sonra Yuqoslaviyada təşkil olunmuş 4111 № li hərbi qospitalın rəisi işləyir. Əsabəli Hacıyev rəşadətlərinə görə “Qırmızı ulduz”, “VM” ordeni, “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
        Cəvahir Abbasova Şimali Qafqaz, Uzaq Şərqi Sibirin tibb sanitar batalyonlarında, hərbi səhra qospitallarında cərrah kimi fəaliyyət göstərmişdir. Cəvahir xanım rəşadətlərinə görə “Qırmızı əmək Bayrağı”, “Vətən Müharibəsi” ordeni 13 medalla təltif edilmişdir. Həmin illərdə Şəkidə 4658 № li hərbi qospital təşkil olunur.

        Müharibədən sonra dinc quruculuq illəri başlayır. Şəki Səhiyyəsi öz inkişaf yolunu davam etdirir. 1946-cı il sentyabrın 17-də Nuxa Rayon Zəhmətkeş Deputatlar Sovetinin qərarı ilə 10
çarpayılıq Kiçik Dəhnə kənd xəstəxanası təşkil edilir. 1948-ci il fevralı 5-də Kərimov Cəmaləddin Nuxa Rayon Səhiyyə Şöbəsinin müdiri təyin olunur. Bu ildə artıq Nuxa rayonunda 13 həkim, 23 tibb bbacısı işləyirdi. Şəhər xəstəxanasında cərrahiyyə, infeksion, terapiya, Lor, Göz, Laboratoriya, Rentgen şöbələri fəaliyyət göstərirdi. 1948-cı il iyunun 1-də terapiya şöbəsi nəzdində 10 çarpayı nevroliji xəstələr üçün ayrılır. Cəvahir Abbasova həmin xəstələrə təhkim olunur.

        15 sentyabr 1948-cı ildə istefada olan polkovnik, respublikanın əməkdar həkimi, cərrah, gözəl təşkilatçı, vətənpərvər insan Fərrux Yunis oğlu Həmidzadə Nuxa Rayon Səhiyyə Şöbəsinə müdir təyin olunur. Şəki Səhiyyə ocaqlarının müharibədən sonrakı inkişafı yeni müalicə idarələrinin, xəstəxanaların təşkili bu yorulmaz insanın adı ilə bağlıdır. Həmin dövrdə Şəki Səhiyyəsi Bakıdan sonra ən qüvvətli müalicə ocaqlarından sayılır. 1948-ci ilin 16 noyabrında xəstəxanada bütün sutka ərzində növbətçilik təşkil edilir. 1951-ci ilin aprelin 19-da Vərəm Sanatoriyası fəaliyyətə başlayır. Elə həmin il Təcili Yardım Stansiyası təşkil edilir.

        
1950-ci ildə şəhər Səhiyyə Şöbəsinə Respublikanın Əməkdar həkimi Nəsib Abdurrəhmanov rəhbərlik edir. O, 1913-cü ildə şəkidə anadan olmuş, fəhlə işləmiş, 1939-cu ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmiş, 1946-cı ilədək Sovet Ordu sıralarında xidmət etmişdir. 1950-63-cü illərdə şəhər Səhiyyə Şöbəsinə başçılıq etmiş, sonra isə 1976-cı ilədək şəki Birləşmiş Xəstəxanasının Baş həkiminin müavini işləmişdir. Müharibədən sonrakı illərdə Şəki Səhiyyəsinin inkişafında Nəsib həkimin böyük rolu olmuşdur. Məhz, Nəsib həkimin təklifi ilə o vaxtlar hər il səhiyyə aylığı keçirilir, bütün tibb işçiləri səfərbər edilir, zibilliklər, infeksiya ocaqları təmizlənirdi. Nəsib həkim Şəki şəhərinin fəxri vətəndaşıdır. 1952-ci ildə Nuxa Rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 8 iyul tarixli iclasında şəhər Səhiyyə Şöbəsinin müdiri Nəsib Abdurrəhmanovun məruzəsindən “Nuxada ağ ciyər vərəminə tutulmuş xəstələrin müalicəsi müsbət nəticələr verir. Respublikanın bir neçə rayonlarından gəlmiş bu cür xəstəliyi müalicə etmək üçün ixtisaslı həkim kadrlar var. Fizioterapevtik kabinet lazımi avadanlıqla təchiz edilərək müalicə üçün istifadəyə verilib. Laboratoriya vasitəsilə 12 barmaq bağırsaq şirəsinin analiz edilməsi, sidikdə şəkərin miqdarının təyini kimi tədqiqat işləri indiyə kimi yalnız Bakı şəhərində aparıldığı halda son zamanlardan başlayaraq bu müayinə metodları xəstəxanamızda aparılır. Həmçinin 1952-ci ildən başlayaraq şəkərli diabet və bruselyoz xəstəliklərinin müalicəsi Nuxa xəstəxanasında aparılır.

        
Yeri gəlmişkən həmin dövrdə şəhərimizdə laboratoriya şöbəsinin təşkil edilməsində, inkişafında Səadət Abidovanın əvəzsiz xidmətləri olmuşdur. Səadət xanım şəhərimizin ilk laborant həkimi olub. 1953-cü il oktyabrın 28-də 84 № li Mərkəzi Aptek açılıb və Vahabov onun müdiri təyin olunur. Həmin illərdə şəhərimizdə Səhiyyə Maarif Evi təşkil olnur. 1954-cü ildə Nuxa şəhər Nuxa Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayə Komitəsi şəhərdə yeni, iri xəstəxananın tikilməsi üçün torpaq sahəsi ayrırır. Həmin ildə Polikliknika ilə xəstəxana birləşdirilərək Birləşmiş şəhər Xəstəxanası adlanır. 1955-ci ildə Cabbar Rəhimov xəstəxananın Baş həkimi təyin olunur. Təyin olunduğu gündən xüsusi səylə işə başlayan Cabbar Rəhimov 1955-ci ildə Nuxa şəhər Zəhmətkeş Deputatlar Sovetinin V çağırış VI sessiyasında həkimlərin iş şəraitinin ağır olduğunu nəzərə alaraq yeni xəstəxananın tikintisini surətləndirməyi təkidlə xahiş edir.

        Həmin illərdə o dövr üçün olduqca cəsarətli, mən deyərdim ki, hətta təhlükəli bir əmr verilir. Mən sizi Nuxa Səhiyyə Şöbəsinin 38 № li tarixi əmrlə tanış etmək istəyirəm. İkinci bendi Fərrux Həmidzadə ozundən əlavə edib. Mərkəzdən gəlen dirəktivdə bəle bir bənd yoxdur.

        “Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarına uyğun olaraq rayon müalicə profilaktika idarələrində azərbaycan dilini tətbiq etmək məqsədilə əmr edirəm:

        1. İdarələrdə bütün işlər azərbaycan dilində aparılsın.
        2. İDARELERE RUS DILINDE DAXIL OLAN ERIZELERE ANA DILINDE CAVAB VERILSIN!!! .
        3. Azərbaycan dilini bilmədən işçi və qulluqçular üçün Səhiyyə Maarif evində Azərbaycan dilini öyrənən dərnək təşkil edilsin.

3 aprel 1957-ci il. NUXA SƏHİYYƏ ŞÖBƏSİNİN MÜDİRİ
FƏRRUX HƏMİDZADƏ” 

        Bəli, həmin ildən başlayaraq bütün müalicə idarələrində sənədlər ana dilimizdə tərtib olunmağa başlayır. O zaman Azərbaycan sovet hakimiyyəti qurulan vaxtdan 37 il keçmişdi.
                                                                                                                                              
                                                                                                                                                (Ardi var)

        P.S. Bu yazı həkim-nevropatoloq Qalib Əsədovun hələ çap olunmamış kitabındandır. Vaxtaşırı yazının ardını bu səhifədə dərc edəcəyik. Əsər həmçinin, "Şəki Bələdiyyəsi" qəzetində də hissə-hissə çap olunacaq.

        Şəkillərdə (yuxarıdan aşağı) - 1. Həkim mirqasım Ocaqov; 2. Həkim Avfer; 3. Həkim Ağa-Hüseyn Ələkbərov xəstəni müayinə edir; 4. İlk rentgen kabineti; 5 Sarğı otağı; 6. İlk sovet apteki; 7. Poliklinikada gözləmə otağı.

        Yazının I hissəsi bu linkdə: http://belediyye.sheki.org/meqaleler/16032016-1