Məqalələr‎ > ‎

Korrupsiyanı necə cilovlamalı?

4 Ara 2014 09:51 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Ara 2014 09:55 güncellendi ]

Beynəlxalq Şəffaflıq Təşkilatı 2014-cü ilə dair korrupsiya indeksini açıqlayıb. 
Azərbaycan 29 balla 175 ölkə arasında 
126-cı sırada yer alır. 









        “Media forum” saytına danışan İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli öncə deyib ki, Dünya Bankının apardığı araşdırmalara görə, dünya üzrə korrupsiyanın illik dövriyyəsi 1 trilyon dollardan artıqdır. Bu vəsait hesabına dünyada gündəlik gəliri 2 dollardan az olan 2,8 milyard yoxsul əhalinin həyat şəraitini yaxşılaşdırmaq olar: “2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından sonra korrupsiyaya qarşı mübarizə məsələsi daha da aktualdır. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə sosial bir tələbdir”.

Əli Məsimli qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bir sıra hüquqi normativ sənədlər qəbul olunub və 2012-c-ildən korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın yeni mərhələsi başlayıb: “Azərbaycanın korrupsiyaya qarşı mübarizədə uğur qazanması üçün illər tələb olunan elektron hökumət proqramı həyata keçirilir. Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində prezident fərmanları imzalanıb, qanunvericilik aktları hazırlanıb”.

Deputat görülən bəzi başqa tədbirlərin də korrupsiyanın aşağı düşməsinə təsir göstərdiyini vurğulayıb: “Korrupsiya Qavrama İndeksində bu il Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alıb. Nəzərə alsaq ki, ötən il Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada qərarlaşmışdı, bu, irəliyə doğru addımdır. Bununla belə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin nəticələrini köklü surətdə yaxşılaşdırmaqdan ötrü hələ çox iş görülməlidir. Korrupsiyaya qarşı tədbirlərin dairəsi genişləndirilməli və təsir gücü artırılmalıdır. Həm dövlət idarəetmə sistemində, həm iqtisadiyyatda və həm də vətəndaş cəmiyyətində kompleks işlər görmək vacibdir”.

Əli Məsimli bildirib ki, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun apardığı ekspert qiymətləndirmələrində ekspertlərin 27 faizi korrupsiyanın əsas səbəbini şəxsi marağın güdülməsində görür: “Rəyi soruşulanların 26 faizi maaşların yetərli səviyyədə olmamasını, 18 faizi dövlət tənzimləməsi və nəzarəti mexanizminin lazımı səviyyədə olmamasını və bürokratiyanı, 10 faizi cəmiyyətin mənəvi potensialının azalmasını, 9 faizi hüquqi bazanın natamamlığını, 6 faizi hüquqi nihilizmi əsas səbəb kimi görürlər.

Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri sadalanarkən ekspertlər
dövlət orqanlarının işinin təkmilləşdirilməsi (26 faiz), məhkəmələrin müstəqilliyinin təmin edilməsi (14 faiz), qanunvericiliyin təkmilləşdirilməsi (12 faiz), korrupsiyaya qarşı mübarizə aparan orqanların fəaliyyətinin səmərəliliyinin artırılması (11 faiz), məmurların gəlirləri barədə informasiya verməsi (10 faiz), ədalətli rəqabət mühitinin yaradılması, kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması (9 faiz) kimi istiqamətləri önə çəkir”.

Mənbə: "Media forum"