Məqalələr‎ > ‎

Bəhram bəy Nəbibəyov - 130

5 Ara 2014 01:04 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Ara 2014 01:40 güncellendi ]
Sabah - dekabrın 6-da Çar ordusunun, Azərbaycan Cümhuriyyətinin və Sovet Ordusunun zabiti olmuş, 
1930-cu il Şəki üsyanının rəhbərlərindən biri 
polkovnik Nəbibəyov Bəhram bəy Qasım bəy oğlunun 
130 yaşı tamam olacaqdır.

        Bəhram bəy Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olub. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olub. 1904-cü il sentyabrın 2-də oranı birinci dərəcəli diplomla başa vurub. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb.         Bəhram bəy 1909-cu il sentyabrın 7-də poruçik, 1912-ci il avqustun 31-də isə ştabs-kapitan rütbəsinə layiq görülüb.
        Bəhram Nəbibəyov1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli "Müqəddəs Anna""Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir. 1918-ci il noyabrın 27-də Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir. 1919-cu ilin noyabrında Şüvəlan-Türkan istiqamətində Bakının dənizdən müdafiəsinin təşkili onun rəhbərliyi ilə 3-cü topçu batareyasından və 5-ci Bakı piyada alayının bir bölüyündən təşkil edilmiş dəstəyə tapşırılmışdı. Denikin qüvvələrinin dənizdən ehtimal edilən təhlükəsinin qarşısını almaq üçün Şüvəlan-Türkan-Qala xətti üzrə dəniz sahili böyunca müdafıə mövqeləri tutmuşdu. 
        B.Nəbibəyov 1920-ci ilin mart-aprel aylarında cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Onun komandiri olduğu batareya 1920-ci il aprelin 8-də Malıbəyli-Şuşakənd ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. General Həbib bəy Səlimovun hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda B.Nəbibəyovun bu xidmətləri xüsusi qeyd olunmuşdu. 
        Bəhram bəyin Səməd bəy MehmandarovƏliağa Şıxlinski ilə yaxın dostluq əlaqələri olmuşdur. Azərbaycanı bolşeviklər işğal etdikdən - Aprel işğalından (1920) sonra bir müddət sovet ordusu sıralarında xidmət etmiş, Şuşanın və Şəkinin hərbi komissarı olmuşdur. 

      
        Atası - çar ordusunun ştabs-kapitanı, sonralar podpolkovniki Qasım bəy Hüseyn bəy oğlu Nəbibəyov Orta Asiyada uzun müddət hərbi tərcüməçi işləmiş, eyni zamanda Şəkidə ipək istehsalı ilə məşğul olan müəssisələrə malik olmuşdur. 1925-ci ildə 95 yaşında fəfat etmişdir.
        B.Nəbibəyov Şəki Hərbi Komissarlığında işləyərkən - 1930-cu ildə Şəki-Zaqatala bölgəsində (Bideyiz dağı) sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri idi. Həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olmuşdur.

        Qardaşları - kapitan Zahid bəy, kapitan Vahid bəy və polkovnik Hüseyn bəy çar Rusiyasında tanınmış hərbçilər olmuşlar. Zahid bəylə Vahid bəy inqilaba qədər dünyalarını dəyişmiş, Hüseyn bəy isə 1930-cu ildə - bolşeviklər tərəfindən Şəki üsyanı yatırıldıqdan sonra həbs edilmiş və sonrakı taleyi haqda heç bir məlumat yoxdur.
        Bəhram bəyin xatirəsinin əbədiləşdirilməsi üçün dünyaya göz açdığı Qədim Şəki şəhərinin küçələrindən birinə onun adı verilmişdir.
        Müəllifi ixtisasca mühəndis olan Akif Salamoğlunun yazdığı "Ədil xan" romanının 2-ci hissəsi bütövlükdə Bəhram bəyin həyatına həsr edilmişdir.