Məqalələr‎ > ‎

“Sarıbaş və Sarıbaşlılar” ətrafında düşüncələr (Prof.Rəsul Tahirzadənin eyni adlı əsərini oxuyarkən)

6 May 2014 06:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 May 2014 06:55 güncellendi ]
Vaqif ASLAN,                                                                                          Yazıçılar Birliyi Şəki bölməsinin sədri                                                          Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının baş müəllimi




                                      


         Haşiyə: 2013-cü il noyabrin 20-də Qaxda-Ilisudan bir qədər yuxarıda, bir qisim adamlarin dediyinə görə, Ilisu sultanliğının atlarının saxlanc yeri olduğu üçün “Tövlə tala”, bir qisim adamların dediyinə görə isə  Azərbaycanın Rus imperiyası tərəfindən işğalı dövründə məhz bu talada siyasi danışıqlar getdiyi, rus hərbçiləri Ilisu hakimlərini dilə tutub tovladıqları üçün “Tovla tala” deyilən və  Kürmük çayin günçixan tərəfində yerləşən səfali bir guşədə əslən Sarıbaşdan olub, bizim bölgəmizdə xətri-hörməti, ziyalılığı və xidmətləri ilə xüsusi seçilən, 1947-ci il təvəllüdlü Abdukərim Rəsul oğlu Əliyevin ad gününə yığışmışdıq. Bu qədd-qamətli, təbəssümündən işıq, səsindən isə insana qarşı hörmət və ehtiram yağan Abdukərim müəllim söhbətləri və hərəkətləri ilə bizlərə iradə, inam, sərbəstlik bəxş edirdi.

       Elə ki, qısa bir gəzinti həvəsinə düşdük, onda Abdukərim müəllim Sarıbaşa bir qədər yaxından baxmağı təklif etdi və bu mənim ürəyimdən oldu. Abdukərim müəllimin maşınında Kürmük çayin günçıxan sahili boyunca,  uçurumlar üzərindən burula-burula gedən yol ilə bir qədər getdik. Yolun Kürmrk çaya enişi üzərində dayandıq. Buradan Sarıbaş tam olmasa da, xeyli aydin görünürdü. Başını Yamac dağın döşünə qoyub dərin düşüncələrə dalan Saribaşın xatirələr içərisində uyuduğunu, üzünə  gün işığı düşdükcə gülümsədiyini, üstünə buludların  gölgəsi endikcə  kədərləndiyini gördüm. Elə bil ki, Sarıbaş toylarla və yaslarla dolu xatirələrə bükülmüşdü. O, bu görünüşü ilə xeyrin və şərin qabağinda sinə gərib dayanan, zamanın verəcəyi hər hansi bir hökmü qarşılamağa hazir olan qəhrəmana bənzəyirdi. Sarıbaş  - övladının iyini alan ana, Abdukərim müəllim - anasına can atan bala timsalında idilər. Abdukərim müəllimin  də üz-gözündə işıqlar və kölgələr gəzişirdi...  Sarıbaşa əməlli-başli baş çəkməyimizi gündəmdə saxlamaq şərti ilə məclisə yiğişan dostlarımız çox da darixmasinlar  deyə geri qayitmağı qərara aldiq.

         Məclisin sonunda sağollaşıb dağılışarkən Abdukərim müəllim mənə bir kitab bağışladı. Kitabın müəllifi professor Rəsul Tahirzadə, adı isə “Saribaş və Saribaşlilar” idi.

* * *

      Əlbəttə ki, hər kəsin öz yeri, öz yurdu haqqında   danışmaq və xatirə söyləmək  haqqı vardir. Yurda şeir qoşmaq şairlərin, dastan bağlamaq aşıqlarin, kitab yazmaq isə yazıçılarin işi olsa da,  bunu ensiklopedik səviyyədə ərsəyə gətirmək  hər kəsin işi deyildir. Burada sevgi, imkan və səlahiyyət məsələləri süsusi yer tutur... “Saribaş və Saribaşlılar” kitabını oxuyub belə bir qənaətə gəldim: 1.Bu kitabı kökləri Saribaşin bağrının başindan su içən, su içdikcə nəsil-nəsil göyərən, ürüyüb artan, uryuklu-turuklu olan, özünəqədərki  nəsillərin yurd sevgisini özündə cəmləşdirən, lap elə yazdığı kitab kimi zaman-zaman vərəqləndikcə yurd sevgisini özündən sonraki nəsillərlə paylaşa bilən bir adam yazmışdır.  2. Bu kitabı Ilisuda, Qaxda, Bakıda, Tibilisidə, Sankt Peterburqda, Moskvada və sair yerlərdə olmasından asılı olmayaraq “Ləqihəngi” (“Saribaşı”) havasına  köklənən, yurd-yuvası haqqinda tarixin verdiyi   və tarixən verilən fərmanları, sərəncamları əldə edən, yurdunun itkin düşən daşlarını və daş kitabələrini –Sarıbaş məscidinin qapısı yanında üzərində qala labirintinin cizgiləri olub, 1930-cu ildə (Bax.səh.49-50.) yoxa çıxan, Səngər qalanın divarından qoparılıb, 1939-1940-ci illərdə harasa aparılan yazılı daşı, yəni yükü əyilib daşı qəribliyə düşən Sarıbaşın daşlarını yolu düşdüyü qərib ellərdə (Bax.səh.38.) axtaran, qayıdıb ağsaqqalları, ağbirçəkləri dinləyən, yaddaşını daim par-par parildayan güzgü kimi saxlayan,  təkzibolunmaz faktların ona verdiyi imkanlar əsasinda sözünü demək üçün  məqam gözləyən bir yurdsevər  qələmə almişdır və bu məqamı ona müstəqilliyimiz vermişdir. 3.Əldə etdiyi materialları,  həyatda qazandığı bilikləri bir məcraya gətirmək səlahiyyəyətinə gəlincə isə bu kitabi  insana Tanri tərəfindən fitri olaraq  verilən müqayisə və mühakimə qabiliyyəti fonunda dərin zəkaya və ağla malik olan və  eyni zamanda işıqlı insanlar tərəfindən dəstəklənən bir şəxs araya-ərsəyə gətirmişdir.  O şəxs professor Rəsul Abbas oğlu Tahirzadədir – Sarıbaşlidir. O işiqli insanlar isə Abdukərim Rəsul oğlu Əliyev və onun oğlu Rəsul Abdukərim oğlu Əliyevdirlər – Sarıbaşlidirlar.

* * *

        Bəri başdan etiraf edim ki, keçmiş, indiki və gələcək nəsillərə sevgi çələngi, imkan genişliyi və səlahiyyət böyüklüyü kimi bəxş edilən bu kitab mənə ensiklopedik təsir  bağişladı: çünki orada Sarıbaşın tərcümeyi-halı, demək olar ki,  bütövlüyü və tamlığ ilə verilmişdir. Bu kitabda Sarıbaşin  bu günə qədər bitirdikləri və itirdikləri , bir üzü ağ, bir üzü qara ömrünün rəngləri və naxışları  öz əksini tapmişdir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaşin gündüzlər Günəşlə, Gecələr Ay və ulduzlarla olan söhbətlərini, Baldirğan, Kəkilli (Çayin da kəkillisi olurmuş!-V.As.), Bulannix çaylarin onun qulağina gah piçilti, gah şirilti,  gah da hayqirti  ilə dediklərini Kürmük çayin  gurulaya-gurlaya aləmə necə bəyan etdiyini də bu kitabdan oxumaq olar.

         Bir kəndin ki,  dekabrın 21-dən 22-nə keçən gecəsi “Ulu gecə” (Bax.səh.17.) ola və bu “Ulu gecə” indinin özündə də bir çox ailələrdə hörmət və ehtiramla qarşılana, o əziz axşamda bişirilən xörəklərə ruhlari şad olsun deyə  əcdadlarimizin adı anılmaqla duz salina, o kəndin özünün ululuğuna baş əyməmək olarmi? Təbrizdə buna çillə gecəsi deyilir, qarpız suyu içilir, ləziz xörəklər bişirilir, yurdu qoyub gedənlərin adına duz salınır.

          Bir kəndin ki, fevral ayinin 5-i, 6-sı, 7-si “Günəşin təpədən aşması” günü (Bax.səh.17.) adlana və o üç gün ərzində adamlar “Günəş doğmazdan əvvəl” yuxudan durub “Alagöz dağın başındakı Yellitəpədən Günəşin necə aşmasının tamaşasına” duralar,  əfsunlu gündüzləriylə də insanı Yaradana şükr etməyə çağiran o kəndin sehrinə düşməmək mümkündürmü?

             Bir kəndin ki, Səngər qalasinin yaninda bitən qocaman cökə ağacından  “1941-ci ilin aprelindən etibarən müharibə başlayan günə kimi, hətta, müharibə başlayandan sonra da (Bax.səh.37-38.)  bir xeyli vaxt əməlli-başlı qan axa, nəhayət, qan ağlayan bu ağac  quruya” və yaddaşlara köçə, “Kitabi-Dədə Qorqud” qəhrəmanları kimi:-Qara  başim sənə qurban, ey qurumuş qaba ağac!- demədən o kəndə ayaq basmaq günaha yazilmazmi?

       Bir kəndin ki, adamı hərdənbir qonşusunun sahibsiz qalan evinin qapısı önündə otura, açılıb örtülmədiyi və ya örtülüb açilmadığı üçün  xiffət çəkən qapınnn da könlünü almaq istəyə, o kəndin necə zərif bir ürəyə malik olduğunu görməmək korluq,

                        Bu mənim kəndimdir, könül, dayan, dur!

Burda yarpaqlarin ətrini duyum!

Küsüb bənövşəsi, boynunu burur,

Gəl onu oxşayim, göz üstə qoyum!

 

deyə onun qarşısında diz çöküb torpağını öpməmək nankorluq deyilmi?

        Bir kəndin ki, qərar tutduğu yer Yamac dağin sinəsi, qənşəri Qarşı dağ, sağı Calayer və Alagöz, solu Karal və Ağbulaq dağları, onların da həndəvəri Qaraqaya dağı (Bax.səh.9.) ola,  hər bahar Baldırğan, Kəkilli, Bulannıx çaylarin (Bax.səh.18-19.) çəkdiyi nərələrdən silkələnən bir kəndi

 

Zirvəni qartalli, daği dumanli,

Göyləri hönkürən, ahli, amanli,

Çaylari köpürən görməsəm, olmur!

Şehli lalələri dərməsəm, olmur!

 

deyə hayqıran bir ürəklə salamlamamaq, sonra da

 

Ora günbatandır, bura gündoğan...

Burda bulaqlar da həzin ötüşər.

Qonşu qiz, ay mənə yad kimi baxan,

Asta get, səhəngin əlindən düşər!

 

deyə mürgülü xatirələri oyatmamaq manqurtluqdan xəbər verməzmi?

 

Burda babalar var – dərindən-dərin,

Burda nənələr var – həzindən-həzin.

Burda gözəllər var -  pərdəsi-ismət,

Varliği sadəlik, sevgi, məhəbbət.

Burda oğullar var – ellərə dayaq,

Koroğlusayaq!

 

həqiqətini hər şeydən əvvəl öz – özlüyündə  doğru  bir səmimiyyətlə etiraf edə-edə qabağına çıxan  birinci kişiyə verilən “salam”ın ilahiliyini yaşamamaq ruhun ölümü sayılmazmı?

 

Bu mənim kəndimdir, könül, dayan, dur!

Çəkim ciyərimə yarpaq ətrini.

Vallah, min cənnətə dəyişdirmərəm

Bu sadə torpağın torpaq ətrini.

 düşüncəsi ilə Sarıbaşı ürəyinə sıxmamaq, “babam ocağı” deyilən ocağı qalamamaq  və o ocağın közü ilə “babam çırağı”nı yandırmamaq  hər iki dünyada  bağişlanmaz cinayət olmazmi?

* * *

            Prof. Rəsul Tahirzadənin “Sarıbaş və Sarbaşlılar kitabını oxuduqca “hər hansı bir Azərbaycan kəndinin tarixini yazmaq    müəyyən mənada Qafqazın, bəzi hallarda isə Yaxin Şərqin tarixini yazmaq kimidir” qənaətinə gəldim. Sarıbaşı etmologiyasina görə“tərəf” və “baş” (Bax.səh.54.)  sözləri ilə (Bizim Şəkidə Yuxarıbaş adli məhəllənin olmasini da qeyd etmək istərdim.-V.As.) izah edən, tarixən onun Ilisu və Sarıbaş üçün ortaq ocaq yeri olan “Eski kənd”in və ya “Sarvagel”in davamı  kimi bizim günlərimizə qədər gəlib çatdığını göstərən prof.  Rəsul Tahirzadə yazır: “Sarvageldən 2 km. şimal tərəfə köçənlər öz kəndini Sarıbaş, 4 km. cənuba köçənlər isə “Ülüsü” adlandırmışlar. ...Ən qədim zamanlardan bu iki kəndin... adamları bir-birlərini “xala oğlu” deyib çağırmışlar. ... Sarıbaşlı qadnlar Ilisudan, Ilisulu qadınlar isə Sarıbaşdan od və ya sac götürmək üçün” corab toxuya-toxuya gedib gələrmişlər. “Ülüsü”, “Ülüs” qədim türk dilində “ayrılmış mülk” (yəqin ki, həm də “ulus” -V.As.)  deməkdir. Kənd adamları indi də ora “Ilisu” yox, “Ülüsü” (Bax.səh.33,57.) deyirlər”. (Saribaşin və Ilisuyun  eyni bir toxumdan göyərdiyini  sübut etmək üçün bundan etibarli dəlil tapmaq mümkün deyildir.-V.As.)  “Sarvagel” sözünə gəldikdə isə müəllif onun qədim türk dilində “sarvaq”, “sarvaginta” şəklində olub “saray”, “qala”, “kaşanə”  (Bax.səh.57.) , ”Imarət”, “El”in  isə indiki halda da “el”, “ölkə”, “diyar”(“El” sözünün həm də “nəsil”, “qohum-əqrəba”bildirməsini də bura əlavə edirəm. Məsələn, informativ şəkildə “O, elli-günlü adamdir”, qarğiş şəklində isə “Elin-günün üzülsün” formantlarini xatirlayaq.-V.As.)  mənasəında işləndiyini, Sarvagelin “Qalalı el”(Bax.s.356.) demək olduğunu göstərir, qonşu Dağıstan əhlinin “Sarıbaşı “Sarvagel”, Sarıbaşlıları isə “Sarvagelli” adlandirmasını (Bax.səh.57-58.) xüsusi qeyd edir. (Haykların bizə rast gəldikdə verdikləri “hayes, türkes?”  sualındakı, Dağıstan əhlinin “Sarvagel” və ya “Sarvagelli” çağırışındakı  dəqiqliyin genetik olaraq yaddaş kodlarından gəldiyini qəbul etmək lazımdır-V.As.).

          Tarixdə leqilər haqqında olan ilk məlumatın əvvəlcə Strabon (b.e.ə.63—b.e.23), daha sonra Plutarx (b.e.45-127.) tərəfindən verildiyini xüsusi vurğulayan müəllif XIX və XX əsr tarixçilərinin qərəzli və mütəhərrik mövqelərindən irəli gələn  dolaşıq və qarışıq mühakimələrini  haqli olaraq qəbul etmir, onlarin düzgün elmi nəticəyə gələ bilməmələrini faktik artefaktları nəzərdən  qaçırmalarında (Bax.səh.360.) görür.

          Sarıbaşlıların indi də özünü “ləqi” (Bax.səh.79.) adlandırması (Senin də gücü mağa çatiy.Bir baxaydın necə də oynaxlıydıla...Kim elipdi habıni?-Belə habbı Ləqi eləmişam. Sözün varsa, gəl, habbı ləqiyə di!.s.359.), Qax rayonunun Sarıbaş, Ilisu, Ağçay, Qaşqaçay, Armıdlı, Əmircan, Əmbərçay, Zərnə, Ləkit, Zaqatala rayonunun Əzgilli və Cimcimax, Dağıstanin Aşağı Katrux, Yuxarı Katrux, Miskincə kəndlərində “Ləqi” qrupuna mənsub olan adamların yaşaması,  ləqilərin Axtı şəhərində də binayi-qədimdən mövcudluğu , tarixi mənbələrdə Qafqaz Albaniyasının “26  müxtəlif dildə danişan tayfa birlikləri içərisində çox qüvvətli olan ləqilərin  (leqilərin, liqilərin) də yaşamasının ( Bax.səh.79.) qeyd olunması , həm mənşəyi, həm də dili-ağzı türklüyünə şəhadət verən  ləqilərin tarixən “Ilisu sultanliği” kimi sayılan bir dövlət yaratması (Bax.səh.361-362.) müəllif tərəfindən fakt və arqumentlərlə sübuta yetirilir.  Müəllifin bəzi hallarda bu siyahıya etnitoponim kimi Qaxdan Tovlatalanı, Şəkidən isə Daşüzü (Bax.səh.59.), Gürcüstandan Ləgidağı (Laqodexini) əlavə etməsi, Qas, Kas kimi etnonimlərin ləqilərlə bağliliğini təsdiqləməsi (Bax.səh.361.) təqdirə layiqdir. (Ağdaşin “Ləki”, Cəlilabadın “Ləkin”  kəndlərinin də mənşə cəhətdən “ləqi”lərlə bağlılığını nəzərə alsaq, “ləqi” coğrafiyasının güman edildiyindən də geniş olduğunu təsdiq etmiş olarq-V.As.).

                   Müəllifin “Ləqi” tayfaları haqqında verdiyi məlumatlar etnoqrafik cəhətdən son dərəcə maraqlı, etnogenetik dəqiqləşdirilmələr baxımından isə son dərəcə etibarlıdır.

             Y.H.Cəlalyan “Alban ölkəsinin qisa tarixi” əsərinin V fəslini  “Xonlar tayfasinin bütün Ağvan ölkisində törətdikləri  haqqinda” adi  ilə təqdim edir, Osmanli sultani III Sultan Əhməd (1709-1730) tərəfindən Səfəvilərə qarşi 1712-ci ildən başlayan üsyanlara müvəffəqiyyətlə başçılıq etdiyinə görə Şəki və ona əlavə edilən Zaxur bəylərbəyisi təyin edilən (А.Бакыханов.Ҝүлүстани-Ирәм. сəh.126. Baki, 1962.; Алкадари.Асари-Дагестан.Махачкала, 1929,стр.56.), 1721-1722-ci illərdə Qarabağa hücum edən Ilisu sultanı Əli Sultanın dəstələrini isə hunlar (Bax.  Јесаи Һәсән Ҹәлалјан. Албан өлкәсинин гыса тарихи. 1702-1722. Гәдим ермәни дилиндән тәрҹүмә едәни: Т.И.Тер- Григорјан. Өн сөз мүәллифи вә нәшрә һазырлајан: З.М.Бүнјадов. Бакы, “Ишыг”-1992.сәһ.23.) adlandırır. Məhz elə bu fəsildə “xəzərlər” (ləzgilər)  (Bax.  Јесаи Һәсән Ҹәлалјан. (Göst.əsəri.сәһ.29.) ,  “xonlar” (ləzgilər) (Bax.  Јесаи Һәсән Ҹәлалјан. Göst.əsəri.сәһ.30.) formantlarından istifadə edilir. Yəqin ki,  Əli Sultanın dəstələrinin etnik rəngarəngliyi hunlarin –ləqilərin üstünlüyü ilə müşayiət olunduğundan Y.H.Cəlalyann gözünə bütün etnoslar hunlar kimi görünür.  Bu məqama  xüsusi diqqət yetirən müəllif (Bax.səh.22.) Sarıbaşdan Dağıstana keçən Ağbulaq keçidinin “Hun bol”, Gönəxay keçidinin isə “Hun beli”  adlandığını (Bax.səh.23.) qeyd edir. (Şəxsən mənə görə, “Hun bol” və “Hun beli” sözləri eyni semantikaya malikdir, sadəcə olaraq “bol”  sözü “bel”sözünün fonetik  variantidir-V.As.) Prof.Rəsul Tahirzadə bu bölgədə “türk dilinin xüsusi şivəsində danışan, keçmişlərdə də, indi də özlərini “Ləqi” adlandıran 14 kənddə tədqiqat apardığını” (Bax.səh.58.) və “Ləqihəngi” (“Saribaşı”) kimi  qara zurnada ifa edilən şaqraq bir oyun havasının,  “ləqinaxışı”, “Ləqidağarı”, “Ləqibaşmağı”, “Ləqiçomağı”,”Ləqixəngəli” kimi terminlərin (Bax.səh.361.)  türkün kimliyinə əyani sübut olduğunu, türkün mətbəxdən tutmuş hərb meydanına qədər  dünya mədəniyyətinə nələri verdiyini  göstərir.  Şövkət Əfəndiyevin  1960-ci illərdə yazdığı və bu kitaba daxil edilən “Ləqinamə” şeiri (Bax.səh. 361-362.) isə türk ruhunun poetikasından xəbər verir:        

Bir adam ki, “Şovxun” nədi bilməyə,

Məx sürüyüb, alın tərin silməyə,

Yasda ağlamaya, toyda gülməyə,

Qusur, ona “Ləqi” deməy olarmı?

Dadaş dayı onu yada salarmı? 

 

Miqirqiylə, Quzaytala hardadır?

Muşun harda, Qada-bala hardadır?

Bu suala onda cavab olarmı?

Bilməyənə “Ləqi” deməy olarmı?

                                     (Bax.səh. 361.) 

          Çox ciddi axtarışlar tələb edən bu şərəfli işin öhdəsindən fədakarlıqla gələn müəllif təkcə tarixi faktlarla kifayətlənməmiş, deyimlər və dialektizmlərdən əyani misallar gətirməklə Sarıbaş ləhcəsi və şivəsinin leksik – morfoloji və sintaktik  özəllikləri fonunda arxaikliyini və müasirliyini sinkretik şəkildə günümüzə qədər qoruyub saxlayan türk təfəkkür tərzi formulalarından birini bütün görüntüləri ilə qələmə almışdır. Dilimizin dialektoloji xüsusiyyətləri haqqında çox maraqlı məlumatlar verən bu nümunələrin gələcəkdə daha da dərindən araşdırılması son dərəcə zəruridir.   Sarıbaş ləhcəsində “imiş” köməkçi felinin nəqli keçmiş zamanda “qoparanmışlar” – yəni,  “qoparmış imişlər” (Bax. səh.346.),.. “düşənmiş”-  yəni, “düşmüş imiş” (Bax.səh.353.) şəklində işlənməsi  , “Baldırğanın  çay”, “Qış   hövrünün   dərə”, “Qarax oğlunun düz” (Bax.səh.11-12.) (Yeri gəlmişkən bizim Kiş kəndində də “Qarax daş” deyilən yer vardır.-V.As.), “Qırx açarın cam” (Bax.səh.262.) , ”Dolamanın dik” (Bax.səh.359.) və s. bu kimi söz birləşmələrində mənsubiyyət kateqoriyasının təkcə yiyəlik hal şəkilçisi şəklində  təzhür etməsi diqqəti cəlb edir.  Hələ 1980-1990-cı  illərdə  məşhur geoloq Həsən Çələbi ilə “Sarıbaş ləhcəsində olub, Azərbaycan orfoqrafik lüğətində və Dağıstan əhalisinin dillərində olmayan  360-a yaxın söz toplayan və onların nəşrinə hələlik müvəffəq olmayan”  prof.R.Tahirzadə akad.M. Şirəliyevin “Zaqatala-Qax dialektoloji ekspediyasının ilk yekunları” haqqındakı 1945-ci il tarixli məruzəsindən “... bu ləhcə qədim albanlarla     qıpçaq türklərinin dillərinin qarışığından formalaşmışdır” fikrinə (Bax.səh.358-359.)tezisinə  istinad etməyi unutmamışdır[Əlbəttə ki, dillərin qarşılıqlı zənginləşməsi təbii prosesdir. Sarıbaş deyilişinə xas olan ”Honnan”(“ondan”), “habıni” (“bunu”),  “qıц`a“(“qıtsˆa”-“qılça”)  kimi formantların (Bax.səh.359) Şəki  və Naxçıvan dialektlərində  də işləkliyi türk mənşəli xalqların ləhcələrinin eyni leksik qatdan qidalandığını sübut edir.-V.As.]

        Sarıbaş ləhcəsində işlənən “qaşqala-itburnu”, “göləs-əvəlik”, “kursana-fırfıra”, “yumalamaq-diyirlətmək”, “zinzilə-dağ sürüşməsi”, “çöp salma- püşk atma”, “erkək daş-qara və boz qumdaşı”, “dolama-dolay, sarma”, “törə-adət”, “simsar-qohum”, “ağdam- ağ keçədən hazırlanmış kəndarası yığnaq   yeri” (Təkcə elə bu faktın əsasında “Ağdam”,”Ağdaş”, “Ağbulaq” və  s. kimi toponimləri izah etmək mümkündür.-V.As.), “beymətləb-seçkidə son qərarı verən şəxs”, “səticə-nəticə”, “cıqqılı-azacıq”, “sicim-çatı”, “arxana-pendirin suyu”, “çal-kənarları sıldırım, lakin üstü düzəngah olan otlaq”, “ətənə-buzovla birlikdə düşən son”, “can-iblisin övladı” (Elə buradaca qeyd edim ki, bizim tərəflərdə işlədilən “cana” sözü məhz bu semantikanı ifadə edir: məsələn “onu qırağa eliyin, cana şeydir” və s. –V.As.), “öpgə- kəsilmiş qoyunun ağ ciyərindən bir tikə”, “cik-oxlov”, “kakut-kəkotu”, Hövüc-qoz, ceviz”, “cicimay-cır alma”, “işdan-şalvar”, “diləmə-nişanlama”, “şax-xonça(yenə bizim tərəflərdə edilən “Şaxın qara bəzənsin!” qağışınına diqqəti cəlb etmək istəyirəm.-V.As.), “boyun almaq-gəlin tərəfin yolu kəsib xərac alması”, “həkiyə-hekayə”, “lecan-iy”, “oğat-ovqat”, “ədqun-fərsizliyə, qeyrətsizliyə. əfəlliyə işarə ilə müəyyən şəraitdə kiməsə qoyulan ləqəb“, ”nara-hara-nerə-nərə”, “qələ-ingiloy”, “tələmk-itələmək”, “tökmərək-tösmərək”, “ərdöv-dev adam”, “sital-tərs adam” və bu qəbildən olan yüzlərlə sözün türk mənşəli olduğu göz qabağındadır.

        Prof.R.Tahirzadənin  əsatirlər,  əfsanələr, ovsunlar, mərasim nəğmələri şəklində kitaba daxil etdiyi nümunələr bizim tarixi inanclar sistemimiz, düşüncə tərzimiz haqqında çox qiymətli mənbələrdir. Bunun üzərinə kitaba daxil edilən düzgüləri, bayatıları, atalar sözlərini,  məsəlləri və deyimləri də əlavə etmiş olsaq, onda görülən işin titanikliyi göz qabağında olmuş olar. Hər şeydən əvvəl Sarıbaşın özünə xas olan deyimləri daha maraqlıdır. Özünəməxsus düşüncə tərzi və dünyagörüşü ilə az qala bütün türk dünyasını təmsil etməyə qadir olan bir kəndin öz coğrafiyası daxilində yaratdığı deyimlərdəki obrazlılıq qarşısında heyrətlənməmək mümkün deyildir. “Novruz gəldi yaz oldu, qırx kötük də az oldu” (Bax.səh.18.), “Evdə qonaq var, deməli yaxşı yemək var” (Bax.səh.168.), “Baxma sən xalxa, nəhrəni çalxa” (Bax.səh.359.), “Çoban aciz qalmaz” (Bax.səh.365.), “Axmaq dinmədikcə ağıllıdır”,  “At minənin, arvad saxlayanın”, “Allah vuranda quluna, qalar vuruna-vuruna” (Bax.səh.367.) , “Deşikli muncuq yerdə qalmaz”, “Kəndlərdə Güllük, çaylarda Kürmük” , “Təhlükə ilə bir yorğanda yatana nə qorxu”, “It insana hürəndə insan itə hürməz”, “Şöhrət at belindədir”, “Keşiş çoxalanda kilsədən qaç”, “Yaxşı yoldaş yol basar” (Bax.səh.368.) kimi deyimlərdəki həyatilik, Hallar gələn adam kimi özündən çıxıb” bənzətməsindəki rişxənd və “Səni görüm Al aparsın”, yaxud “Səni görüm Al vursun” (Bax.səh.225.) qarğışlarındakı həm mifoloji, həm də ufaloji təsəvvürlər , “Şaqullarını dirədi” (Bax.səh.222.) ifadəsindəki  gözlərini adama zilləyib baxa – baxa duranlara məzəmmət, “Görüm sənin gözünə at yağı damsın”dakı (Bax.səh.228.)  bəd nəzərin özünə bəd dua, “Başımın, dişimin ağrısı erməniyə, gürcüyə” (Bax.səh.227.) formantındakı inciklik, “Başkəsən ərhəkki (ərhəkki Zaxurluya deyilir) kimi xoruzlanma” (Bax.səh.367.), “Meşleşə gedən həki (Dağıstanlı) kimi sallanma” (Bax. səh. 368.), “Yeddi sudan əmələ gəlmiş vələdüzzina” (Bax.səh.301.) , “Can verdim-yoldaş tapmadım, söz verdim –oynaş” (Bax.səh.367.) , “Fahişə gəzir təptəzə, görənə verirlər cəza” (Bax.səh.368) məsəllərindəki  kinayə və qınaq , “Bizə qorxu Dağıstan tərəfdəndir” (Bax.səh.24.) sözlərindəki tarixi informativlik, “Göynük bayraq qaldırdı” (Bax.səh.129) aforizmindəki yaddaş  Sarıbaşın və Sarıbaşlının kimliyindən xəbər verir. Sarıbaşlıların  və  “Kitabi-Dədə Qorqud” qəhrəmanlarının həyat tərzindəki oxşarlıqlar (əslində eyniliklər) qarşısında insan qeyri-ixtiyari olaraq titrəyir və özünə dönür. Sarıbaşlılar, “hətta, özlərindən iki yaş böyüyə də hörmətlə :-Dədə,- deyib” (Bax.səh.364.) müraciət edirlər. [“Dədə” sözünün “əcdad” mənası ilə yanaşı “böyük” mənasında işlənməsi bizim  Kiş kəndi  üçün də xarakterikdir.  “Mən hələ heş kimi özümə dədə seşməmişəm”, “Buna bax aa, maa dədəlıx eliyir” ifadələrindəki “dədə” sözü “böyük” mənasında işlənmişdir.-V.As. ] “Adımı düz de, mənə beş çanax düyü töküb, ad qoyublar” (Bax.səh.261.) ifadəsində ada münasibət özünü qabarıq şəkildə biruzə verir. Adın qəsdən düz deyilməməsini təhqir hesab etmək  böyükləri  tərəfindən qoyulan adı ləyaqətlə daşımaq ənənəsindən irəli gəlib, Oğuz düşüncə tərzinə söykənir. “Hamilə qadının köhnə bir yay-oxun kirişindən keçirilməsi” (Bax.səh.261.) , “kişinin uşaq doğulan evə  gəlməsinin əxlaqsızlıq hesab edilməsi, qadınlar tərəfindən onun ətəyinin kəsilməsi” (Bax.səh.261.), “yas mərasimlərində qadınların qara və ya tünd göy rəngdə geyinmələri ” (Bax.səh.257.) ,  “səsvermə zamanı böyük bir daş üzərinə iki küpə qoyulub birinə xırdaca ağ, digərinə xırdaca qara daş salmaq, sayılarkən ağ daşın çoxluğunun məsələnin həllinə dəlalət etməsi, daşlar bərabər olduqda seçilmiş beymətləblər tərəfindən son qərarın verilməsi” (Bax.səh.73.) adətləri, “Igid odur, Aladağda at oynada” (Bax.səh.61,368.) , “Baş kəsib qalamı almısan?” (Bax.səh.61.) deyimləri “Kitabi-Dədə Qorqud” dünyasının Sarıbaş timsalında davamıdır. [Sarıbaşda “əmə” sözünün “bibi” mənasında işlənməsi (Bax.səh.92.) mənim çoxdan bəri mürgüləyən yaddaşımı oyatdı. O dəqiqə “Kitabi-Dədə Qorqud”dakı ”Basat Dəpəgözi öldürdigi boyı bəyan edər, xanım, hey!” boyundakı  sözlər yadıma düşdü: Dəpəgöz aydır:“Əmdi qardaşlar,qıyma mana!” Buradakı “əmdi qardaşlar”  (Bax. “Kitabi-Dədə Qorqud”. Bakı, “Yazıçı”, 1988. Mətnin əsli, səh.102.) “süd qardaşları” mənasındadır. Təpəgöz Basata bir döşdən süd içdiklərini xatırladır.”Kitabi-Dədə Qorqud”da “əmdi” sözü ilə bağlı verilən izahat isə belədir: “Müasir dil üçün təbii görünməyən “əmdi” feli ismi “əmzik” mənasında işlənmişdir” (Bax. “Kitabi-Dədə Qorqud”, Bakı, “Yazıçı”, 1988. Qeyd 48, səh.249.) Yəqin ki, diqqətsizlik üzündən buradakı “ismi” sözü “əmzik” sözündən əvvəl yazılmışdır. Aydındır ki, “əmzik” sözü “əm” fel kökünə şəkilçi artırmaqla düzəlmişdir.  Beləliklə, kiminsə atası ilə bir döşdən süd içən qadın onun üçün “əmə”(“bibi”) dirsə, atası ilə bir döşdən süd içən kişi onun üçün “əmi”dir. Bir döşdən süd içən, lakin qardaş olmayan oğlan uşaqları isə, əlbəttə ki, “əmdi qardaşlard”ır -“süd qardaşlarıdır”. Elə buradaca kiçicik bir haşiyə çıxmaq istəyirəm: Gəncə-Qarabağ, Qazax-Borçalı coğrafiyamızda “mama” sözü “bibi” mənasında işlənməkdədir. Şamaxı və onun bir çox kəndlərində “ana”ya “əmə” deyə müracıət edirlər.Şəxsən mən “əmə” sözü ilə “əbə” sözü arasında m//b  əvəzlənməsindən – türk ləhcələrinə xas olan fonetik variantdan başqa bir şey görmürəm. Çünki bizim ləhcəmizdə “bəbə” sözü də vardır, bu söz m//b əvəzlənməsi zamanı “məmə” kimi tələffüz olunur. “Əmi”-“əmdi qardaş-süd qardaşı”-“Əmə-bibi”-“aba-ana”-“abay-ana”-“bəbə - çağa”-“əbə-çağa”-“əbəçi-çağatutan”-“mama-bibi”- “mamaça” sözlərinin kökündə “ana-məmə verən”, “məmə” və “əmmək” semantikası durur və bu sözlər xalis türk sözləridir.-V.As.]

         Qarşıdağ, Ağbulaq dağı, Alagözdağ, Aladağ, Qaradağ və ya Qaraqaya dağı, Calayer dağı, Oğuzqoşun yaylağı, Parasar dağı Sarıbaşın özündə, ondan 30-40 km. aralı Qanıx çayı ətrafında “Ağcaqala”, “Sürməli”,  “Torpaqqala”  kimi qalaların olması isə Sarıbaşın həndəvərində bir “Kitabi-Dədə Qorqud” coğrafiyası yaradır. Sarıbaşlılar arasında Tir Qafur, Dəli Fətəli, Dev Yusif adı ilə hələ də məşhur olan igidlər  “Kitabi-Dədə Qorqud” dastanlarındakı  ”Parasarın Bayburt qalasından aşıb gələn Bamsı Beyrək”, “əli-qolu uzunca, at ağızlı  Aruz Qoca” kimi qəhrəmanları xatırlatmaqdadır.

          Türk ruhundan gələn oynaqlıq, şuxluq və zarafatcıllıq Sarıbaş tapmacalarında tam parlaqlığı ilə əks olunmuşdur: “Bir tapmaca salım, tapmasan birini də salım”(açması-“duz”. Bax.səh.294.), “Səhər durdum, haçaya mindim”( açması-şalvar) , “Ağ toyuq çim-çim edər”( açması-düyü. Bax.səh. 295.).

Bunlarla yanaşı onu da qeyd edim ki, 

Dağ başı qar olubdur,

Dərələr dar olubdur.

Məni yollara salan

Vəfasız yar olubdur. (Bax.səh.294.) 

bayatısındakı həzinlik və kövrəklik 

Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar.

Nə qədər sağam, ağlaram...

Ölləm, torpağım ağlar. (Bax.səh.285.) 

ağısındakı ağrı və sızıltı əlahiddə götürülən bir türk ləhcəsinin bədii imkanlarının nə qədər geniş olduğunu sübut edir.

* * * 

        Sarıbaşın antik və ilkin orta əsrlər tarixinə səyahət edəndə də, rus-alman tarixçisi general Fon-Plottonun  1870-ci ildə yazdıqlarına əsasən  “gürcülər ingiloyların (qələlərin) köməyi ilə 315 il bundan əvvəl, təxminən 1555-ci ildə Sarıbaşlıların üzərinə yeridilər” (Bax.səh.41.) məlumatını verəndə də, 1564-cü ildə Şah I Təhmasibin fərmanı ilə yaradılan İlisu sultanlığından bəhs edərkən ”Zaxur sultanlığın dağ mülkü, İlisu aran mülkü, Sarıbaş azad camaatlıq idi” (Bax.səh.63.) deyə  danışanda da,  1712-ci ildən Səfəvilərə qarşı başlayan üsyanlara müvəffəqiyyətlə başçılıq etdiyinə görə Osmanlı sultanı III Sultan Əhməd tərəfindən Şəki və ona əlavə edilən Zaxur bəylərbəyisi təyin edilən “Əli sultanın1722-ci ildə başçılığı ilə ləqilər Tiflisi tutdular, VI Vaxtanq qaçdı, Kaxetiya çarı II Konstantin (İmanqulu xan) ilə müqavilə bağladılar. Bu müqaviləyə əsasən gürcülər xərac verməli və bölgəyə basqın etməməli idilər, lakin 1725-ci ildə gürcülər yenidən basqın etdilər. Əli Sultanın hücumundan qorxan II Konstantin Türkiyəyə qaçdı. II Konstantinə köməyə gələn türk İbrahim paşa  Zaqatalanın indiki Muğanlı kəndi yaxınlığında məğlub oldu, lakin ləqilər 1727-ci ildə Kaxetiyadan keçib buraya gələn Şirəli paşa ilə müqavilə bağladılar. Əli Sultanın qvardiyasını Sarıbaşlılar təşkil edirdilər” (Bax.səh.85-86.) deyib  tarixi ekskursuna davam edəndə də, “İlisu cümə məscidini və məşhur Ulu körpünü inşa etdirən Əli Sultanın bir versiyaya görə 1732-ci ildə gürcülərlə döyüşdə Siqnax ətrafında şəhid olduğunu, başqa bir versiyaya görə 1734-cü ildə qoca yaşlarında öz əcəli ilə” vəfat etdiyini (Bax.səh.87.) dilə gətirəndə də, ”1803-ü ildə İlisu sultanı Soltan Əhməd rus təbəəliyini qəbul etdi” (Bax.səh.88.) , ”1806-1812-ci illərin rus-türk müharibəsində  öz dəstəsi ilə türklərə qarşı vuruşdu, oğlu Alxaz bəy ruslarla birlikdə Axalsıx qalası üzərinə hücum edərkən  həlak oldu” (Bax.səh.91.) , ”Azərbaycanda İsmayıl Əfəndi Şirvani, Dağıstanda isə onun şagirdi Molla Məhəmməd Yaraği 1820-ci ildən müridizmi  yaymağa başladılar” (Bax.səh.89.) , ”1844cü il  iyunun 9-da Sarıbaş dərəsində ruslarla döyüş oldu, sultanlıq ləğv edildi, rus imperiyasına sədaqətlə xidmət etdiyi üçün kapitan rütbəsindən  general rütbəsinədək yüksələn Daniyal Sultan qızı Kərimətin əri Qazi Məhəmməd Şeyx Şamil oğlunun yanına getdi. Sarıbaş Qax hərbi dairəsi naibliyinə tabe edildi. Xristianlığı qəbul etmiş ingiloy hərbi zabit ona rəhbərlik edirdi” (Bax.səh.88-90.) deyə baş verən hadisələri qələmə alanda da prof. R.Tahirzadə oyanmış yaddaşına istinad etmişdir.

         1877-ci ildə Qafqazın müsəlman əhalisinin zorla və ya rüşvətlə xristianlaşdırılmasına etiraz kimi Dağıstandan başlayan üsyana Sarıbaşlılar da qoşuldular. Sarıbaş üsyanının rəhbəri vaxtilə Şeyx Şamilin naibi və mirzəsi olmuş Sarıbaşlı Molla Muxtar Əfəndi, təşkilatçısı isə onun şagirdi, cavan müdərris Hacı Abdurahman (Bax.səh.95-96.) idi. 15 nəfər Sarıbaşlını Sibirə sürgün etdilər, on ildən sonra onlardan dördü  salamat (Bax.səh.97.) qayıtdı.

         1877-1878-ci il rus-türk müharibəsi zamanı  Qars davasında Sarıbaşlı 12 gəncin türklər tərəfə keçməsi və vuruşa-vuruşa şəhid olması bu kitabda yer alan ən təsirli epizodlardan  biridir. “İslamı qəbul eləmiş Muxtar paşa adlı bir erməni Qarsın komendantı idi” (Bax.səh.91.)  və qəsdən səhv komandalar  verməklə türklərin kütləvi qırğınına səbəb olmuşdu.  İndi sual olunur: “Sarıbaşlı gəncləri  nə vadar etmişdi ki, onlar rus ordusunun əsgərləri ola-ola türk ordusuna keçmişdilər?” Bunun bircə səbəbi var idi: onların türk olmaları və yaddaşlarının oyanması. Nə yaxşı ki, oyanmış yaddaşla döyüşə atılan əsgərlərimiz olduğu kimi oyanmış yaddaşla yazıb-yaradan şair və yazıçılarımız da olmuşdur və vardır.  Prof. R.Tahirzadənin bir hissəsini illərdən keçə- keçə dillərdən topladığı, bir hissəsini Azərbaycan Dövlət arxivindən əldə etdiyi “Qars davası” şeirini kitabına daxil etməsi ilk tarixi təşəbbüsdür.  [Ölkəmiz müstəqil olandan sonra toplayanı və tərtib edəni f.e.n. Təranə Tofiq qızı olmaqla H.K.Sanılının (1878- 1937) Bakı Universiteti Nəşriyyatı tərəfindən 1993-cü ildə işıq üzü görmüş “Seçilmiş əsərləri”ndə “Qars davası” şeiri öz əksini tapmamışdı. –V.Aş] “Qars davası” şeirindən gətirdiyimiz bu nümunə yuxarıda deyilən fikirlərlə, görün, necə də üst-üstə düşür! 

Qarsa getmək üçün dağları aşdım,

Sıldırımlar keçdim, yollar dolaşdım.

Qafqazdanam, türkəm: qaynadım, daşdım...

Bu nə yaman, Allah aman! Gedən gəlmədi!

Kor olasan, Muxtar paşa! Cavan qalmadı!    (Bax.səh.93.)

         Azadlıqsevər Sarıbaşın 1917-1919-cu illərdə 11 müsavatçı, 3 nəfər hümmətçı yetişdirməsi, müsavat ordusuna ilk çağırışdan 20 əsgər verməsi (Bax.səh.116.) təbii bir hal idi. 1930-il aprelin 12-dən 13-ə keçən  gecə Şəkidə başlanan (Bax.Həbibulla Manaflı.Şəki Üsyanı. Bakı, “Zaman” , 2004. səh.47, 50.Bax.yenə Həbibulla Manaflı. Öyünc və güvənc qaynağı.Bakı, “Nurlan”, 2007.səh.144-145.) üsyana dəstək olaraq Qaxda Sadıq Balacayevin,  Zaqatalada qaçaq Şuayın, Məşədinin, Samuxlu Məmmədqasımın , Əbdülməcidin  dəstələri tərəfindən  dərhal xalqın ayağa qaldırılmasını, [(Bax.səh.131). Qeyd: yəqin ki, 1930-cu il hadisələrinə aid sənədlərdəki bəzi dolaşıqlıqlara görə bu hadisə burada “1931-ci ilin aprel üsyanı. Bu üsyanda Sarıbaşlıların iştirakı”.(səh. 127-135) adı ilə təqdim edilir.-V.As.]  “türklər gəlirlər” şaiyəsinə inanıb Sarıbaşdan Qaxa gələn “pişvaz dəstəsi”nin bayraq qaldırmasını, üsyançıların rəhbəri Sadıq Balacayevin üsyancıları cəsarətlə vuruşmağa çağırışına pulemyot atəşi ilə cavab verilməsini, üstünə “Sarıbaş” sözü yazılan bayrağın ələ keçməsini (Bax.səh.129.), təqiblərdən yaxa qurtarmaq istəyən üsyançıların Sarıbaşdan Dağıstana keçmələrini (Bax.səh.128.) , üsyanda iştirakına görə həbs eilən 14 nəfər Sarıbaşlıdan 4-nün güllələnməsini, inək almaq üçün Dağıstana  keçərkən Teymur Məmə və Molla Mansurun yoxa çıxması, Orta Asiyada darmadağın edildikdən sonra Qafqaza səpələnmiş basmaçıları axtaran çekistlər tərəfindən onların həbs edilib Daşkəndə aparılması, bir il səkkiz aydan sonra günahsız olduqları sübut edildiyi üçün Bakıya, oradan da Sarıbaşa qaytarılmaları (Bax.səh.327-331.),  aprelin 16-da Qaxda keçirilən mitinqdə (Bax.səh.132.) AFK sədri M.C.Bağırovun özünün dediyinə görə Şəkinin Qışlaq adlı yerində qızıl əsgər formasında olan adamlar tərəfindən saxlanmasını, gülləbaran edilməsini, Ləzgi Məhəmməd adlı bir nəfər tərəfindən xilas edilməsini (Bax.səh.130.)  də,  üsyanı yatırtmaq üçün bölgəyə gələn AFK-nın sədr müavini İbrahimovun orada xeyli vaxt qonaq qalmasını da (Bax.səh.175.) təbii qəbul etməliyik.

* * *

          Sarıbaş xörəkləri 172 adda olmaqla (Bax.səh.237-246.) dünyanın özünü heyrətə salacaq qədər qədim və zəngin mətbəx mədəniyyətindən, Sarıbaş kişi və qadın geyimləri (Şəkillərin çoxu müəllif tərəfindən akademik Q.S.Çitayanın arxivindən götürülmüşdür) az qala bütün iqlimləri əhatə edə biləcək modelyerlik səviyyəsindən (Bax.səh.248-257.) xəbər verir. Bunu unutqanlıqdan tamamilə uzaq, yaddaşı torpağın və səmanın yaddaşı kimi pozulmaz olan bir xalq edə bilərdi. Sarıbaş yaddaşında torpaqdan gələn ilkinlik,səmadan gələn  bakirəlik və bunların birgəliyi kimi müasirliklə qaynaq edilmiş qədimlik genetik olaraq çulğalaşdığından və irsi kodlarla  nəsil-nəsil gələcəyə ötürüldüyündən Sarıbaşlıları qara qutusu salamat qalmış toxum adlandırmaq olar.

         Sarıbaşın pirləri, üləmaları, əfəndiləri, ara həkimləri, hətta, ovsunçuları, cadugərləri, falabaxanları haqqında da sevgi ilə danışan prof.R.Tahirzadə   o kənddə gördüyü yuxuları da müqəddəs sayır.  O, qələmə aldığı əhvalatlardakı mifoloji, ufoloji, fərdi-psixoloji məqamları da şahidi olduğu hadisələr və özünün yaşantıları kimi təsvir etmişdir. “Ərdov Sarıbaşda”, “Vəhşi insan haqqında rəvayət”,  “Kazım oğlu İsrafilin başına gələnlər”, “Şeyx Səlim əcayib məxluqların toyunda”, “Nəcməddin və əcaib məxluqlar”, “Səmada böyük tavasara bənzər cisim” və s. haqqında olan hadisələr bu qəbildəndir.

          “Sarıbaş və Sarıbaşlılar” kitabını  birnəfəsə oxudum. Ürəklə dyə bilərəm ki,  prof.R.Tahirzadə içindəki yurd sevgisini gah Yamacdağın sinəsindən qaynayan çeşmə kimi Sarıbaşın qulağına pıçıltı ilə demiş, gah da Bulandıx çay kimi özünü qayalara və daşlara çırpa-çırpa, hayqıra -hayqıra söyləmiş, gah da ki, kürlüyündən əl çəkməyən Kürmük çay kimi yeri-göyü silkələyə-silkələyə hamıya və hər kəsə var səsiylə bəyan etmişdir.

          Budur,  prof.R.Tahirzadə  indi də kəndinin rəsmi şəxsləri, dövlət və iş adamları, alimləri, müəllimləri, həkimləri, hərbçiləri, sənətkarları, deputatları, ticarətçiləri, kolxozçuları, mexanizatorları barəsində də eyni coşqu ilə söz açır. Burada da yaddaşda kök salan ilkinlik, bakirəlik və müasirliklə qaynaq edilmiş qədimlik (möhtəşəmlik) özünü göstərməkdədir. Buyurun, baxın, prof.R.Tahirzadənin nitqində “ilk” sözünün işləndiyi məqamlara diqqət edin:

          1.”Sarıbaşda kənd soveti 1920- ci il 11 may günü XI ordunun ... bir bölüyü kəndə daxil olandan sonra bir neçə gün ərzində yarandı. ... İlk kənd soveti sədri Əhməd Mahmud oğlu oldu.” (Bax.səh.142.).

           2.”Kənddə partiya təşkilatı ilk günlərdən fəaliyyətə başlamışdı. Onun ilk özək katibi Lətif Əhmədov olmuşdu.” (Bax.səh.143.)

            3.”Sarıbaşın ilk kooperativini yaradan Əbdülməcid Rəcəbov olmuşdu.” (Bax.səh.144.).

            4.”Sarıbaşda ilk məktəb 1921-ci ildə açıldı. Bu, ibtidai məktəb idi.  Onun ilk müəllimləri Əbdülrəhman Xəlilov, Əbdülməcid Xəlilov olmuşdular.” (Bax.səh.118.)

             5.“1931-ci ilin sonundan kolxoz formalaşdı. ...kolxozun yaranmasını Muzdur Hacı Əfəndi elan etmişdi...  kolxozda 12 nəfər üzv var idi. 1 №- li kolxoz kitabçası Hafizov Əbdüsəmədə verildi... İlk kolxozun adını “Ağbulaq” qoydular”. (Bax.səh.136.).”kolxozun ilk yığıncağında Heydər Heydərov sədr seçildi. Keçmiş yüzbaşının bürünc ... möhrünün üstündəki yazıları kəndin zərgəri Novruz kişi silib “Sarıbaş”, “Ağbulaq” sözlərini yazdı. ... Onu kağızlara his ilə vurdular... Çələbiyev Əmir Süleyman oğlu (1908-1924 ?) ilk kolzozun ilk təsərrüfat briqadiri oldu” (Bax.səh.373.),  1933-cü ildə kolxozun adını dəyişib Azərbaycan komsomolunun yaradıcısı Hüseyin Rəhmanovun adına qoydular. 1938-ci ildə H.Rəhmanovun xalq düşməni çıxması ilə əlaqədar olaraq kolxozun adını dəyişib,.. “Sarıbaş 26 Bakı komissarı kolxozu” qoydular. Kolxoz dağılsa da, bu ad qaldı.” [(Bax.səh.137.). Mən də bunu əlavə edim ki, Azərbaycan müstəqil olan kimi ad qoyanlar və ad qoymaqda pərgar olanlar  “26-lar”-ın da xalqımızın düşməni olduqlarını etiraf etmək məcburiyyətində qaldılar.-V.As.]

          6.”1938-1939-cu illərdə Sarıbaşın indı köhnə məktəb adlanan məktəbi tikilirdi. Bu o zaman üçün müasir bir məktəb idi. (Bax.səh.125, 142.) Təzə məktəbin ilk direktoru Əfəndi Rzayev idi”. (Bax.səh.125.) Məktəbin çox ağır olan boy tirini usta Qasım ilə müəllim Seyfəddin Əhmədov qaldırmışdılar.” (Bax.səh.142.)

         7.”Yelisuyski Həşim Əfəndi Hacı oğlu (1895-1986) Sarıbaşın sovet dönəmində yetışən ilk ziyalı-alimi”  (Bax.səh.391.), “Rəsulzadə Əbdülqaffar Rəsul oğlu (1901-1935) kəndin ilk hüquqşünası” (Bax.səh.423.) , Tahirzadə Abbas Məhəmməd Tahir oğlu (1908-1986) ilk ali təhsilli adamı” (Bax.səh.372.), “Xəlilova Ayşə Xəlil qızı(1933) Sarıbaşın ilk ali təhsilli qadını” (Bax.səh.406.), “Nəzirova Müslimət Xəlil qızı isə (1931) Sarıbaşın ilk ali-pedaqoji təhsilli qadını” (Bax.səh.408.) , “Sofiyeva Aynur Məmmədiyə qızı (1970)1986-cı ildən qızlar arasında SSRİ çempionu, 1991-ci ildən Beynəlxalq Qrosmeystr” adını qazanmış ilk Sarıbaşlı və ilk  Azərbaycanlı qadın (Bax.səh.376.) , “Nəcəfov Niyazi Məhəmməd oğlu (1928)  ilk həkim” (Bax. səh. 417.), “Hafizov Rəsul Mütəllif oğlu (1904-1980) M.C.Bağırovla şəxsən görüşən,  1931-ci ildə aprel üsyanı zamanı “Çekist” dəstələrinin qarşısına gedib onları qarşılayan ilk Sarıbaşlı (Bax. səh.423.), Həmzəyev Süleyman Məhəmməd oğlu (1917-1975) 1966-cı ildən, Mirzəyev Həsən Mirzəli oğlu (1926-2006) isə 1971-ci ildən kəndin Sosialist Əməyi Qəhrəmanları” (Bax.səh.375.), “Məmmədov Bəxtiyar Hacı Mahmud oğlu (1930-2013)  kəndin 1965-1970-ci illərdə   Az.SSR   Ali Sovetində  ilk deputatı” (Bax.səh.416.) , “Əliyev Abdukərim Rəsul oğlu(1947)  Sarıbaş çırağının daim yanması üçün əlindən gələni əsirgəməyən adam(Bax.səh.379-380.), “Əliyev Bəşir Rəsul oğlu (1956)  Azərbaycanda ilk özəl bankın yaradıcısı” (Bax.səh.443.),  Rəsul Abdukərim oğlu Əliyev “Karel Elektronik” şirkətinin Azərbaycan filialının  Baş direktoru (Bax.səh.483.) olub Sarıbaşı şərəfləndirməkdədirlər və s. və i.a. 1931-ci ildən Şəkiyə köçüb, 10 saylı orta məktəbin direkoru vəzifəsinə qədər yüksələn Əbdülməcid Hacıxəlil oğlu Xəlilov [(1898-1945) (Bax.səh.402.)] da, Şəki ikiillik Müəllimlər İnstitutunun məzunlarından biri olan Vəliyullah Bədrəddin oğlu Xəlilov[(1932-2010) (Bax.səh.405.)] da, 1951-ci ildə Şəki Pedaqoji Məktəbini bitirən Ayşə Xəlil qızı Xəlilova [(1933) (Bax.səh.405.)] da Sarıbaşı təmsil etmişlər. Bu günə qədərki vəziyyətində xalqımıza 23 alim, 62 müəllim, 13 həkim, 14 polis və hüquq-mühafizə işçisi,  4 deputat, 20 hərbçi, 30 mühəndis, mexanizator və digər tanınmış adamlar bəxş edən Sarıbaş kəndi Qarabağ uğrunda döyüşlərdə 13 şəhid vermişdir.

        İlkin, bakirə və müasirliklə qaynaq edilmiş yaddaş elə budur.            Öz kəndi haqqında prof.R.Tahirzadə səviyyəsində danışa bilmək üçün  ağlı, biliyi, maddi və mənəvi imkanları ilə yurda xidmət etmək lazımdır.

* * *

     Kitabı oxuduqca Sarıbaş əsilli adamların dağda və aranda yerləşməklə iki yaşayış məntəqəsində məskunlaşmasının şahidi oluruq: bunlardan birincisi Sarıbaş, ikincisi Calayerdir. (Sarıbaşa calanan dağın adı Calayer dağı olduğu kimi ona əkərət (hekarat) yeri kimi calanmış aran yerinin də adı çox təbii olaraq Calayer adlanmalı idi.-V.As.) Müəllif haqlı olaraq “Cəlairlərin bu bölgəyə yürüşləri haqqında əsaslı bir mənbə yoxdur. ... Sarıbaş ...isə skiflər, hunlar... dövründən mövcud olan bir kənddir” deməklə (Bax. səh.25.) onu  cəlair tayfalarının adı ilə bağlamaq isatəyənlərə  etirazını (yenə bax. səh.25.) bildirir. [Şeyx Üveys zamanında-1359-1374-ü illərdə... Arran, Muğan və Şirvan vilayətlərini də Təbrizə qatmağa nail olan Cəlairilər dövləti , (Әбу Бәкр әл-Гүтби әл-Әһәри. Тарих-е Шејх Увејс. Абу Бакр ал-Кутби ал-Ахари. Тарих-и Шейх Увейс.Бакы, “Елм”, 1984. Сәһ.7.стр.81. А.А.Али-заде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIVвв.Баку, 1956, с.378.) birbaşa onu yaradan tayfanın adı ilə bağlı olsa da, Calayerin (əslində “Sarıbaşa  calanmış yer”in) tayfa adı ilə heç bir bağlılığı yoxdur. Dağ ətəyində yerləşən əsas yaşayış məntəqələrinə aid olan arandakı əkin-biçin  yerlərinin  20-30 km. aralıda olması taleyini bizim Şəkinin bir çox kəndləri, o cümlədən Kiş kəndi də yaşamışdır. “Qış-əkinçi, yaz-dilənçi” ifadəsinin tez-tez işləndiyi Kiş kəndinin Şəki şəhərinə yaxınlığı onun tərk edilmiş məskun zonaya çevrilməsinə mane olmuş, əsas yaşayış məskəni kimi qalmasına və inkişafına təkan vermişdir. Əhalisinin çox qismi Şəkinin sənaye obyektlərində, az bir qismi isə Baltalıda, Əyri çay sahillərində və Daşüzdə əkinçilik etmişdir. Sovet dönəmində kəndlinin torpağa məcburi təhkim edilməsi siyasəti gücləndikcə rüşvət, adam tapmaq  və s. yollarla pasport əldə edənlər yaşamaq üçün  ayrı bir yol bilmədiklərindən   Rusiya bazarlarına üz tutmuşlar. Əlbəttə ki, bu  proses kəndin ideologiyasına pozucu təsir göstərmişdir. Bir yandan da əllərində kolxoz  arayışları olan özbək, türkmən, tatar kəndliləri Rusiya bazarlarında sərbəst alver etdikləri halda, Azərbaycan kəndlisi isə kolxozdan və kənd sovetindən arayışı olmadığı üçün hər dəfə tuthatut (oblava) olduqda gizlənə-gizlənə, yaşına-yaşına yaşamağa məcbur olmuşdur.  Bu isə Azərbaycan kəndlisinin dövlətə qarşı olan inamını heçə endirmişdir.-V.As. ]

          Hələ “1873-cü il siyahıya alınmasında Calayerdə 43 ailə, 186 adam” olduğunu (Bax.səh.25.) nəzərə alsaq, Sarıbaşdan Calayerə olan köçü məlum  tarixdən də əvvəlki tarixlərə aid etməliyik. Calayerin rəsmi şəkildə Sarıbaşa calanması isə “1877-ci ildə Qafqaz əhalisinin zorla xristianlaşdırılmasına etiraz kimi “Şahov üsyanı”na qoşulan, 10 il Sibirdə sürgündə olandan sonra” qayıdıb Ağyezli (Ağyazı-V.As.) və Şirak çöllərinin – rəsmi sənədlərdəki 143N-li torpaqların  dövlətin qərarı ilə Sarıbaşlıların istifadəsinə verilməsi üçün 32 il mübarizə aparan və nəhayət, 1819-cu ildə buna nail olan Hacı Abdurahmanın adı ilə bağlıdır. “Ağyezlidə ilk xışı torpağa sancan, təkbaşına 1920-ci illərin ortalarına kimi buralarda çalışan, yeznəsi Qasım kişi və 12 yaşlı nəvəsi Kərim tərəfindən boz bir təpə üzərində dəfn edilən, hal-hazırda qəbrinin yeri də itmiş olan” (Bax.səh.95-99.)  Hacı Abdurahmanın torpaq sevgisi qarşısında baş əyməmək  mümkün deyildir. Axı, Hacı Abdurahman  bütün bunları Sarıbaşı Ağyezli və Şirak çöllərinə köçürtmək niyyətilə deyil, Sarıbaşın qışı qışlaqda, yayı yaylaqda keçirə bilməsi, qoyunçuluqla yanaşı əkinçiliklə də məşğul olub, firəvan yaşaması üçün etmişdi. Hacı Abdurahmanın   Sarıbaşla bağlı əldə etdiyi sənədlərin müəllif  tərəfindən kitabda çap etdirilməsi isə tarixi əhəmiyyət daşıyır.

* * *

        Havası, torpağı və suyu kimi saf şəxsiyyətlər yetişdirən Sarıbaşın Sovet dönəmindəki taleyi də çox ziddyyətli və acınacaqlı olmuşdur. 1905-1910- cu illərin çiçək, 1915-1920-ci illərin cüzam və yatalaq (Bax.səh.114.) xəstəliklərindən keçib gələn,11 müsavatçısı, 3 hümmətçisi olub,  1917-1919-ci illərdə müsavat ordusuna ilk çağırışdan 20 əsgər verən (Bax.səh.116.) Sarıbaş kəndi Sovet Rusiyasının bolşevik oyunları qarşısında heyrət və çaşqınlıq keçirməyə bilməzdi. Müəllif bu prosesi  dərin bir profesyonallıqla açıqlamış, 1920-1930 - cu illərdə tətbiq edilən “yeni geyimlər, yeni idman oyunları, yeni musiqi alətləri, yeni nişanlar, yeni nəğmələr, yeni etnoqrafik dəyişikliklər” (Bax.səh.122.), hətta, “inqilabi bayramlarda iri armud ağaclarının kəsilməsi” (Bax.səh.123.) (qocaman ağacların da köhnəliyin qalığı hesab edilməsi-V.As.) fonunda insan inamının və iradəsinin sındırılması faciəsini ağrılı yaşantıları ilə təsvir etmişdir. 1936-cı ildə Stalin Konstitusiyasına görə “səsdən məhrum edilmə”, “namaz qılmaq, azan vermək qadağası”, “məscidlərin kolxoz anbarına çevrilməsi”, “ərəb-fars  əlifbası ilə yazılan kitabların yandırılması, yaxud qəbristanlıqda torpaqlara basdırılması”, “papağın, başmağın, arxalığın, əbanın və saqqalın repressiyası”, “Stalin kimi bığ qoymaq kompaniyası”,   “kəndlinin kolxoz təhkimlisinə çevrilməsi” (Bax.səh.140.), 1938-ci ildə “Moskvada Azərbaycan İncəsənəti Ongünlüyü”ndə Stalinə, partiyaya, papaninçilərə, kolxoza həsr edilən şit-şit mahnıların oxunması (Bax.səh.124.), 1938-1939- cu illərdə hər bir kənddə, o cümlədən Sarıbaşda “əsgəryaşlı adamlara hərbi təlimlər keçmək” paradoksallığını yaşayanların dünyagörüşlərindəki çatların dərinliyinə fikir verin! 1941-1945 – ci illər Sarıbaş üçün hərbi vəziyyət  illəri olmuşdu. Sarıbaş Azərbaycan və Dağıstan arasında hərbi-strateji məntəqə olduğundan 1942-ci ilin aprel ayından başlayaraq noyabrın əvvəllərinə kimi hər gün minlərlə silahlı döyüşçü  Ağbulaq (Hun bol) Gönəxay (Hun beli)  keçidlərindən keçib Dağıstana getmişdi (Bax.səh.145-146.). Kənddə hərbi hissə və qərargah yaradılmışdı. Azərbaycan KP MK-nın katibi olan akad.İ.D.Mustafayev 1942-ci il boyunca buralarda partizan hərəkatını təşkil etmiş, təxribatçılara və fərarilərə qarşı ciddi işlər aparmış (Bax.səh.1175.), Hərbi Müdafiə Komitəsinin nümayəndəsi kimi  özü də hərbi paltar geyinmiş, hərbi qüvvələrin fasiləsiz olaraq Dağıstana keçməsinə rəhbərlik etmiş, Sarıbaş dağlarında qocalardan və yeniyetmələrdən ibarət partizan dəstələri yaratmışdı. (Bax.səh.146.)

       Ümumazərbaycan dünyagörüşündə olduğu kimi Sarıbaş dünyagörüşündə də əmələ gələn çatlar 1941-1945-ci illərdə daha da dərinləşdi. Müharibəyə göndərilənlərin 184-ü kişi və 10-u gənc qız olmaqla 194 nəfər adamdan (Bax.səh.145.) 38-nin həlak olması, 41-nin itkin düşməsi, 7-nin xəbərsiz qalması, 2-nin həbs edilib yoxa çıxması, 6-nın yaralı qayıdıb ölməsi (Bax. səh.147.) azmış kimi bir tərəfdən Heydərov Rəcəb Şeyxəli oğlunun 1980-ci ildə avtomobil qəzasında faciəli şəkildə həlak olduğu günə qədər Berlində Reyxstaqa sovet bayrağını sancan şəxsin özü olduğunu iddia edə-edə gəzməsi, elə bu iddiasına görə onun həm Berlində, həm də öz yerində dəfələrlə həbs edilməsi  (Bax.səh.151.), bir tərəfdən də müharibə illərində bir çox evlərin oğurlanması, əsgər ailələrinə yalandan qara kağızlar göndərilməsi, qadınlara edilən təcavüzlər (Bax.səh.154-155.) “yəqin ki, bunlardan rəhbərliyin xəbəri olmamış deiyildir” deyə düşünən insanların dövlətə inamını günbəgün  sarsıtmışdı. 1949-cu ildə kənddə ilk SES (Bax.səh.161.) istifadəyə verilsə də, “işıqlıdır lampaları kolxozun” deyərək hər yana səs salsalar da, xalqın ideologiyası zədələnmişdi. Aşıq Nəbinin, Katruxlu aşıq Soltanın oxuduğu mahnılar,  zurnaçı Şimal Həsənin  çaldığı havalar, masabəyi Mahmudov Məmənin çıxışları bu zədələri unutdura bilməmişdi. 1950-ci ildən Sarıbaş və Calayer bir sovetlikdə birləşdirilmişdi (Bax.səh.164.). [Eyni proses- əslində xalqa işkəncə vermək prosesi o dövrdə ümumazərbaycan hadisəsi kimi tüğyan edirdi. Şəkidə bir-birindən 20 km. aralıda yerləşən Baltalı  və Kiş kəndlərinin müstəqilliyimizə qədər  bir sovetlikdə olması, bu faktın bir çox başqa yerlərə də aidliyi, hətta, 1960-cı illərdə Şəki kəndlərinin bütünlüklə Vartaşen (indiki Oğuz) rayonuna tabe edilməsi, Biləciklinin, Göynüklünün, daha nə bilim kimin bir arayış almaq üçün 120 km. yol getməsi, bəzən də buna görə bir neçə gün yolda-izdə qalması nadan, savadsız, kor-koranə idarəetmədən başqa bir şey deyildi. Çox təəssüflər olsun ki, bu nadanlıq müstəqillik illərimizdə də ara-sıra özünü göstərirdi. Ömrü boyu kolxozda işləyən Kiş kənd sakini Aslanov Rəsul Qulu oğlu “Bələdiyyyə seçkiləri”ndən əvvəl “mənə səs ver” deyib kirli ayaqqabıları da yalayan , sadə insanların səsi, manqurt rəhbərlərin “xeyir-duası” hesabına bələdiyyə sədrliyinə qədər gəlib çatan bələdiyyə sədrinə və üzvlərinə özünün kolxozçu olduğunu  sübut edə bilmədi. Ona kolxozçu kimi verilən torpaq sahəsini əlindən alıb “Bələdiyyə Ehtiyat Fonduna” (BEF) qatdılar. Rəsul kişi haqqını tələb edəndə isə torpaq şöbəsindən və arxivdən sənədlər,kənddən isə kəndin təsərrüfat kitabı itdi, məhkəmə şahidləri dinləməyə ehtiyac olmadığını, torpaq məsələlərinə baxmadığını söylədi. Rəsul kişi kimə rast gəldisə, hər iki əlini açıb “Ay camaat, belə də hökumət olar?” deyə-deyə dünyasını dəyişdi.-V.As.]  Məhz elə 1950 –ci ilin ortalarından kənd sovetlərinin siyasi-sosial həyatdakı hökmran rolu zəifləməyə başlamış (Bax.səh.163.), 1960-cı illərdə kolxoz demokratiyasının kolxoz diktaturasına, kolxozların feodal malikanələrinə, kolxoz sədrlərinin feodallara çevrilməsi prosesi (Bax.səh.109.)  başa çatmışdı. Sadəcə olaraq, tarixin təkərləri tərsinə fırlanmışdı, kapitalizmin üstündən keçərkən dal-dalı sürüşmüşdü, sosçuxura düşmüşdü,  sovet dönəmi ideoloqları isə “sosializm” və “kommunizm” sözləri ilə xalqa və özlərinə soyuqluq verir,  xalqın və özlərinin tərləmiş yerlərinə su çırpırdılar. Bu, artıq o ərəfə idi ki,  qarşıdan gələn müstəqillik illərinin işartıları və bu işartılarda öləzimiş kolxozun saralmış sifəti görünürdü. Hələ sultanlıq dövründən Sarıbaşdakı Calayer dağının bir hissəsi Calayerdən olan bir neçə qoyunçuya icarəyə verilsə də (Bax.səh.25.) və bu icarə sovetlər vaxtında öz qüvvəsində qalsa da,1950-ci ildə Calayerin 400 hektardan artıq sahəsi üzümçülük sovxozu yaratmaq adı ilə başqa bir təsərrüfata verilmişdi (Bax.səh.164). [Başqa bir yerdə isə bu məlumat “1960-cı illərdə ... rayon rəhbərləri yuxarıların göstərişi ilə... bu torpaqlardan ... 500 hektara qədərini buradan götürdülər, orada üzümçülük sovxozu təşkil etdilər.” (Bax.səh.109.) - şəklində verilmişdir:-V.As.Bu, Calayer sakinlərinin sayca az olması ilə bağlı deyildi, sadəcə olaraq, taxtabaş idarəçilərin “üstü bəzək, altı təzək” siyasətinin nəticəsi idi. Aran kəndini aran, dağ kəndini dağ kəndi kimi inkişaf etdirmək əvəzinə iclasları, yığnaqları, yığıncaqları, şuraları, məclisləri, hətta, qurultayları da kütləvi təbliğat  və informasiya vasitələrinə çevirən bir dövlət adam aıldatmaqla məşğul idi. “Sarıbaş və Sarıbaşlılar” kitabına nəzər saldıqda Calayerdə 1873 - cü ildə 43 ailə - 186 adam (Bax.səh.25.), 1950-ci ildə 51adam (Bax.səh.164.), 1960-cı ildə 11 ailə - 45 adam (Bax.səh.25.)  yaşadığını görürük. Sarıbaşda isə  1873-cü ildə 115 tüstü-860 adam [(Bax.səh.8.)Bu məlumat başqa yerdə 149 ailə-949 adam şəklindədir. (Bax.səh.25.)-V.As.], 1950-ci ildə 200-ə yaxın ailə - 1000 nəfərə qədər adam [(Bax.səh.8.)  Yenə də başqa bir səhifədə eyni məlumatla bağlı “250 ev – 1500 adam” (Bax.səh.164.) sözləri ilə qarşılaşırıq. İstər-istəməz informasiyalardakı yuvarlaqlıq oxucunun diqqətini çəkir.-V.As.], 1960-cı ildə 300 ailə - 1500 adam (Bax.səh.25.) yaşadığının şahidi oluruq. Bəs yaxşı, necə olur ki, 1960-cı illərdən sonra Sarıbaşda inkişaf ləngiyir, artıq 1984-cü ildə orada 365 nəfər (Bax.ASE, VIII c. Bakı-1984. səh.297.), nəhayət, hal-hazırda isə 24 ailə - 75-ə yaxın adam (Bax.səh.8, 461.)qalır? 1950-ci ildən Sarıbaş və Calayer bir sovetlikdə birləşdiriləndən (Bax.səh.164.), 1960-cı illərdə kənddə layiqli bir qonaq evi tikiləndən (Bax.səh.176.) sonra bu şəkildə tərk edilmənin səbəbini təkcə iqtisad arşını ilə ölçmək düzgün deyildir. Prof. Rəsul Tahirzadə çox doğru olaraq, sovet dönəmində 70 il dinə qarşı aparılan mübarizənin əxlaqi-mənəvi zədələrlə nəticələnməsini “Sarıbaşlıların da bir çoxları dini- islamdan üz döndərdilər” (Bax.səh.215.) sözləri ilə ifadə edir. (Əlbəttə ki, Allahından üz döndərən bir çoxlarının kəndindən də üz döndərmələri təəccüblü deyildir.-V.As.) 1950-ci illərdən “traybalizm” xəstəliyinin cəmiyyətin bütün təbəqələrində özünə yer etməsinin, “rüşvətin. yalanın, qohumbazlığın, tayfabazlığın” baş alıb getməsinin, vəzifələrin, rütbələrin, adların, nişanların alınıb satılmasının (Bax.səh.163-164.) sovet həyat tərzinə çevrilməsini də insanı özündən və kəndindən uzaqlaşdıran əsas amillər kimi qiymətləndirməsi müəllifin problemə dərindən yanaşdığını göstərir. Bəli, insanları ikibaşlı qanunlardan, hiyləgərliklə doldurulmuş maddələrdən, iliyinə qədər yaltaqlıq işləmiş nitqlərdən iyrəndirəndə həmişə belə olur. Əslində bu, insanların Sarıbaşdan incikliyi deyildi, dövlətə, idarəçiliyə, ikiüzlü sosial siyasətə qarşı üsyan idi. Axı, “kolxoza öyrəşməsi çətin olan” (Bax.səh.135.) dağ kəndini də dağ kəndi kimi inkişaf etdirmək  dövlətin əlində elə bir çətin iş deyildi.Üstəlik də bənnaları, qalayçıları, boyaqçıları, atıcıları, zərgərləri, dəmirçiləri, misgərləri,  xəttatları, həkkakları, şəbəkəçiləri, kürkçüləri, keçəçiləri, yun ustaları, xalçaçıları, papaqçıları, dərziləri, qəssabları, çarıqçıları, yəhər qayıranları, ovçuları, dabbaqları (Bax.səh.177-185.) və s.ilə məşhur olan və  şəhər səviyyəsində tarixi inkişaf keçirən bir kəndi başa düşmək, ona asfalt yollar  çəkmək, beynəlxalq turizmin Azərbaycan içindəki marşrutunu genişləndirmək, Azərbaycan qeyri-adiliyini düyaya göstərmək də mümkün idi, indi də mümkündür və haçan istəsələr, onda da mümkün olacaqdır.

* * *

       Prof. R.Tahirzadənin kəndinə üz tutub etdiyi müraciətləri dönə-dönə oxudum, dönə-dönə kövrəldim və qəhərləndim. O ürək yanğısı ilə yazır: “...Ey doğma, ulu və əziz kəndim, Sən yaşamalısan!.. ... Sən yox olsan, “Sarıbaşlı” sözü də ... yox olub gedəcəkdir. Necə ki, “sarvagelli”, “Malaxlı” və b. məfhumlar ... yox olub getmişlər.” (Bax.səh.167.) Burada mənim ürəyimcə olan bir şey də vardır ki, o da doğmalığın ifadəsi olan “sən” sözünün, yanlış da olsa belə, böyük hərflə yazılmasıdır. Mən burada “Yanlış da bir naxışdır” deyimindəki həqiqəti və  “sən” sözündəki doğmalığın böyüklüyünü   yaşadım desəm, düz olar. Kitabının başqa bir yerində isə müəllif: “... 1960-cı illərdən əvvəl olan hadisələri... xatırlayıb  viranəyə çevrilmiş kəndə tamaşa edəndə  insanın ağlamağı tutur” (Bax.səh.176.) deyərək keçirdiyi ağrıları etiraf edir.

       1960-cı illərdə görkəmli tarixçi-etnoqraf Məhəmməd Nəsirlinin  “Sarıbaş gərgin əməyin, təbiətlə ölüm-dirim mübarizəsinin və tam sosial ədalətin hesabına yaşamışdır”  sözlərini xatırlayan (Bax.səh.463.) müəllif  əsas bəlanın  sosial ədalətin pozulması olduğu (Bax.səh.464.) qənaətinə gəlir və kəndin sosial inkişafı üçün təkliflərini verməyi də (Bax.səh.465-466.) unutmur.

        Müəllifə ağır gələn şeylərdən biri də veriliş xatirinə “Sarıbaş eyforiyasının təkrar-təkrar efirə verilməsi, ... Calayerə köçmüş ailələrdəki gənc qızları və qocalıb əldən düşmüş zurnaçı Əlipaşanı Sarıbaşa gətirərək ... adamları çaldırıb oynatdıqdan sonra onların yıxıx divaralara sıxılıb ağladıqlarının” nümayiş etdirilməsidir. Çünki onun ürəyindən:

 

                   Daş qəlblim insanları neylərdin, İlahi?!

                   Bizdə bu soyuq qanları neylərdin,İlahi?!

 

...  Bu dövrdə kim, sidqü səfa qalmayacaqmış...

Bilməm belə dövranları neylərdin, ilahi?! 

 nidası şəklində Sabiranə bir ağrı keçir.

       Mədəniyyət evi kimsəsiz, idarə binaları yiyəsiz, 25 çarpayılıq xəstəxanası boş qalan, o boyda  çoxmərtəbəli orta məktəbində cəmi 15 şagirdi olan Sarıbaş   sakini Calayerdə sənəd alıb, möhür vurdurmaq üçün (Bax.səh.462.) 26 km. eləsinə, 26 km. də beləsinə gedib gəlməsin, neynəsin? Yaylaqları əllərindən alınan, otlaqları onun-bunun çalğısıyla çalınan, qanadları qırılıb quş qəddinə salınan, qışda isti peçin qırağında isinmək əvəzinə  meşəbəyi əlindən canını qoymağa yer axtaran, yazda Sarıbaşda yuva quran qaranquşlardan fərqli olaraq Calayer və Qax bir yana dursun, Zaqatalada və Şəkidə, Gəncədə, Bakıda və Sumqayıtda, Gürcüstanda, Orta Asiyada, Sibirdə, Rusiyada, Ukraynada,  Avropada və Amerikada yuva qurmaq üçün dağılışan (Bax.səh.463.) Sarıbaşlıların ahı bizi tutmazmı, qardaşlar? Dədəm Qorqud zamanında “qara çadırda  qara keçə üstündə əyləşib, qara qoyun qovurması yeməyə”, “Tanrı səni qarğıyıbdır, biz də qarğıyrq” sözlərini eşitməyə məcbur olsa da, özündə güc tapıb “səndənmidir, məndənmidir?” sualını verə bilən Dirsə xan kimi (Bax. “Kitabi-Dədə Qorqud”. Bakı, “Yazıçı”, 1988. Mətnin əsli, səh.34-35; “Kitabi-Dədə Qorqud” ensiklopediyası, I cild. Bakı, “Yeni Nəşrlər Evi”, 2000. Səh.39.) bizim də papağımızı yox, başımızı qabağımıza qoyub düşünməli vaxtımız deyilmi? Tərk edilən kəndlərin por tutan yollarının, göyərən divarlarının, bəbəkləri oyulmuş göz kimi şüşələri tökülmüş pəncərələrinin, açılanda örtəni, örtüləndə açanı olmayan qapılarının qarğışını üstümüzə götürüb bu boyda məmləkəti kənd-kənd, şəhər-şəhər özümüzdən küsdürə bilərikmi? Əcdad ruhlarını incitmək, torpağı küsdürmək olarmı? İnciyib bizlərə yadlaşan ruhların könlünü almaq, küsüb bizlərdən qaçan torpağa çatmaq müşkül işdir, qardaşlar, dərddaşlar, yurddaşlar! Bunu bilənlər bilirlər, bilməyənlər də bilsinlər!

* * *  

     Yenə də Abdukərim müəllimə qoşulub Sarıbaşa kənardan da olsa, baxmaq üçün getdiyimiz yolları xatırlayıram. Sadəcə olaraq, “Sarıbaş və Sarıbaşlılar” kitabını oxuyb  qurtardığım üçün özümü tanış yollarla getdiyim kimi hiss edirəm. Mənə elə gəlir ki, Eskikənddən, Sarvageldən, Səngərqaladan, Qabırtaladan keçirəm, Pirseyid Babanın məzarına salam verirəm, Şeddıxda şəhidlərin ruhu qarşısında salavat çevirir və baş əyirəm. Sonra da Sarıbaşa üz tuturam: 

Salam,  mənim Sarıbaşım!

Sənsən mənim təvəllüdüm,

Sənsən  ömrüm, günüm,yaşım!

 

Sağım, salam! Solum, salam!

Kol-kos basmış yolum, salam!

Salam, yurdum! Salam, elim!

Tanıdınmı öz balanı, Sarvagelim?

Parasardan aşa-aşa,

Kürmük kimi daşa-daşa

Alagözdə at oynadan, axı, məndim!

Bəyəm məni tanımadın, Eskikəndim?

Salam mənim Səngərqalam!

Son mənzilim- Qabırtalam!

Salam üstü mamır tutan qəbir daşım!

Salam, mənim Sarıbaşım!

 

Zirvəsinə çıxılmayan, dağım, salam!

Bar-bəhəri yığılmayan bağım, salam!

İçilməyən bulaqlarım, içim səndən!

Keçilməyən irmaqlarım, keçim səndən!

Durul daha, Bulandığım,

Ay başına dolandığım!

Qurban olsun sənə başım,

Sarıbaşım!

  

Ey por tutan qapım-bacam!

Gəlmişəm ki, səni açam!

Olanları ürəyinə salma bir də!

Toya həsrət, yasa həsrət qalma bir də!

Qoy çalınsın “Sarıbaşı”m - “Ləqihəngim”!

Qabaqdadır hələ cəngim!

Gəlmişəm ki, üşüməsin ocaq daşım!

Sarıbaşım!

Sarıbaşım!

 

 26 noyabr-26 dekabr 2013.

l            

 

 

 

 

 

 

 

                          Sarıbaş kəndinin uzaqdan görünüşü.

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

                       

 

                                   Vaqif Aslan.

 

 

Prof.Rəsul Abbas oğlu Tahirzadə.(1933). “Sarıbaş və Sarıbaşlılar” kitabının müəllifi.

 Əliyev Abdukərim Rəsul oğlu.(1947). Qax rayon 112 saylı Seçki Dairəsinin sədri. “Sarıbaş və Sarıbaşlılar” kitabının çap olunmasında şəxsi təşəbbüs və təmənnasız himayədarlıq göstərən  Əliyevlər ailəsinin kişisi.

Sara Xəlilova Hacı Abdurəhman qızə.(1955) Qızıl Aypara Cəmiyyəti Qax rayon bölməsinin sədri. “Sarıbaş və Sarıbaşlılar” kitabının çap olunmasında şəxsi təşəbbüs və təmənnasız himayədarlıq göstərən  Əliyevlər ailəsinin qadını.

 

 

Rəsul Abdukərim oğlu Əliyev.(1980). Türkiyənin telekommunikasiya avadanlıqları istehsalçısı olan “Karel Elektronik”  şirkətinin baş direktoru. “Sarıbaş və Sarıbaşlılar” kitabının çap olunmasında şəxsi təşəbbüs və təmənnasız himayədarlıq göstərən  Əliyevlər ailəsinin övladı.

Aynur Sofiyeva Məmmədiyə qızı.(1970).  Sarıbaşlı qadın.

Beynəlxalq qrossmeystr. Azərbaycan Respublikası Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini.

   

                                   Sarıbaş kəndi   

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

                            Sarıbaşlı şair.