Məqalələr‎ > ‎

“Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam” (müsahibə)

6 Kas 2015 08:43 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Kas 2015 09:24 güncellendi ]
Bu günlərdə adətim üzrə tanışlarımla sənət adamları barədə söhbət edirdim. Handan-hana Əfqan adlı bir tanışım tanınmış tarzən, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblının sabiq konsertmeysteri Əbülfət Məmmədrəhimovun ağır xəstə olduğunu söylədi. Ertəsi gün Əbülfət müəllimi yoluxmaq məqsədilə onun kirayənişin qaldığı mənzilə gəldik.






Qvami MƏHƏBBƏTOĞLU,
"Zaman-Azərbaycan" qəzeti

        ... Əbülfət müəllim bizi, yəni gözlənilməz qonaqları görən kimi: “Gəlişinizi gözləmirdim”, - deyərək yorğan-döşəkdən qalxmaq istədi. Ona mane olmaq istədik: “Elə belə də söhbətləşərik”, - dedik. O, təklifimizlə razılaşmadı. Oğlu Pərvinin köməyi ilə stol arxasına keçən Əbülfət kişi ondan müsahibə almaq niyyətində olduğumuzu biləndə heç bir əsas gətirmədən buna etiraz etdi. Lakin inadkarlığımız qarşısında az sonra yumşaldı.

        - Əbülfət müəllim, sözün düzü, bilmirik, adınızın qarşısında hansısa rəsmi titul var, yoxsa yox?

        - 63 yaşım var. 40 ildən çoxdur ki, sənət aləmindəyəm, daha doğrusu, professional səhnədəyəm. Lakin indiyədək nəinki Əməkdar artist adına, heç bir fəxri ada belə layiq görülməmişəm. Sözün düzü, əvvəllər heç rəsmi adlar barədə düşünməzdim. Deyirdim, əşi, hamı məni sənətkar kimi tanıyır, elə bu ad bəsimdir. Lakin sənət aləmində hələ öz sözünü deməmiş neçə-neçə uşaq-muşağa belə adlar veriləndə və onlardan bəziləri bu barədə təşəxxüslə danışanda başa düşdüm ki, yox, rəsmi ad da lazımmış. Vallah, nə gizlədim, son vaxtlar bu barədə düşünəndə halım istər-istəməz dəyişir.

        - Bununla bağlı təqdimatınız, müraciətiniz olubmu?

        - Əlbəttə, olub. Özü də dəfələrlə. Mədəniyyət və Turizm Nazirliyindən ünvanıma gələn bir məktubda mənə rəsmi ad veriləcəyinin nəzərdə tutulduğu bildirilib. Amma o vaxtdan on ildən çox keçməsinə baxmayaraq, hələ bir nəticə hasil olmayıb. Yeri gəlmişkən, Heydər Əliyev Sarayında Xalq artisti Mirzə Babayevin 100 illiyi ilə bağlı keçirilmiş tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mənimlə söhbətində bu il mənə ad veriləcəyini (söhbət 2013-cü ildən gedir) bir daha xatırladıb. Amma onun vədindən sonra neçə dəfə təqdimat oldu. Mən isə hələ də onların nəzərində qaldım.

        - Ondan sonra sizə heç bir məlumat verilmədi?

        - Yox, görünür, belə getsə, elə nəzərdə tutula-tutula qalacağam.

        - Amma Əbülfət müəllim, eşitdiyimə görə bəzən sizi Xalq artisti kimi təqdim edirlər...

        - Mənim fikrimcə, xalq tərəfindən sevilən hər bir sənətkarın belə təqdim olunması təbiidir. Daha doğrusu, haqqıdır. Doğrudur, belə hallarda buna etiraz edirəm. Hə, yadıma düşmüşkən, bununla bağlı sizə bir əhvalat danışım. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı Türkmənistanda çıxış edərkən ansamblın solisti, Xalq artisti, xətrini dünyalar qədər istədiyim Gülyanaq Məmmədova məni tamaşaçılara Xalq artisti kimi təqdim etdi. Mən də konsertdən sonra Gülyanaq xanıma zarafatla dedim ki, mənə bu adı nə zaman verdilər ki, xəbərim belə olmadı. O da dedi ki, o ada layiq olanlara başqa cür müraciət etmək istəmirəm. Hətta eşitdiyimə görə, bu ad məsələmlə bağlı sənətimin xiridarları da müvafiq qurumlara öz sözlərini deyiblər.


“Əgər çatdırılsaydı...”

        - Yəqin, bununla bağlı ölkə başçısına da müraciət etmək fikriniz var?

        - Mən artıq Prezidentimiz İlham Əliyevə müraciət göndərmişəm. Lakin hələ ki bir cavab almamışam. Mənə elə gəlir ki, müraciətim cənab Prezidentə çatdırılmayıb. Əgər çatdırılsaydı, mədəniyyət və incəsənət işçilərinə hər zaman öz diqqət və qayğısı ilə seçilən ölkəmizin başçısı mənim məsələmi çoxdan həll edərdi. Görünür, yenidən bir müraciət göndərməli olacağam. Mehriban xanıma da müraciət etmək fikrim var... Yeri gəlmişkən, mən ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən bir sıra tədbirlərdə iştirak etmişəm. İndiki kimi yadımdadır. 2001-ci ildə “Gülüstan” sarayındakı tədbirdən sonra Heydər Əliyev R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblının üzvləri ilə görüşdü və bizim çıxışımızdan məmnun olduğunu söylədi. Rusiya prezidenti Vladimir Putin də onunla idi. Ulu öndər ona bizim ansambl barədə qısa məlumat verməklə yanaşı, Gülyanaq və Gülyaz Məmmədova bacılarını göstərərək: “Bu iki bacıdan bir daha olmayacaq”, - dedi. Heydər Əliyev bu iki bacının səslərinin vurğunu idi.

        - Bəs İlham Əliyevlə necə, yaxından görüşmək sizə nəsib olubmu?

        - İlham Əliyev prezident seçiləndən sonra onunla görüşmək mənə nəsib olmayıb. Amma buna qədər bir dəfə onunla görüşmüşəm. Bunun da maraqlı bir tarixçəsi var. Strasburqda Heydər Əliyevin iştirakı ilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv qəbul edilməsinə həsr olunmuş tədbir keçirilirdi. Nümayəndə heyətinin tərkibində İlham Əliyev də vardı. Həmin tədbirdə bizim ansambl da iştirak edirdi. Bütün bunları deməkdə sözümün canı var... Bir gün mən AŞPA-nın yerləşdiyi binanın ərazisində gəzərkən İlham Əliyevlə rastlaşdım. O, əlini çiynimə qoyub: “Buranın ərazisi böyükdür, azarsan”, - deyərək məni məskunlaşdığımız yerə qədər ötürdü. Bu yerdə bir məsələni də xatırlatmaq istəyirəm. Mən indiyədək ansamblların tərkibində bir musiqiçi kimi dünyanın 15-ə yaxın ölkəsində respublikamızı təmsil etmişəm.

“Hər dəfə Ələfsəri dinləyəndə”

        - Əbülfət müəllim, eşitdiyimizə görə siz tardan başqa digər simli alətlərin də sirlərinə bələdsiniz...

        - Hə, elədir. Sazı, udu, gitaranı dillənidirirəm. Bəzən ansamblda bu alətlərdə ifa edənlər tədbirlərə qatılmayanda onları əvəz etmişəm. Bunlardan başqa, qarmon, nağara, qoşa nağaranın da sirlərindən agaham. Onu da deyim ki, mən hələ kiçik yaşlarımdan nağara çalmağı öyrənmişəm, özü də müəllim yanına getmədən. Hətta toylara da gedərdim. Daha sonra qarmona meyl salmışam. Buna da səbəb o zamanlar bu musiqi alətinin ən yaxşı ifaçısı Aftandil İsrafilov olub (Tale elə gətirdi ki, sonradan o, məni filarmoniyaya dəvət etdi). Yəni o, qarmonu dilləndirəndə yaman təsirlənirdim. Bu sevgimdən halı olan atam mənə Moskvadan qarmon da gətirdi (Yeri gəlmişkən, rəhmətlik atam Yaqub kişi musiqini çox sevərdi). Bu musiqi alətini də sərbəst öyrəndim. Lakin sonradan nə sirr idisə (hələ də bu mənə sirr olaraq qalır) birdən-birə könlümə tar düşdü və Şəki Şəhər Uşaq Musiqi Məktəbində Nüsrət Mikayılovun sinfində bu alətin sirlərini öyrənməyə başladım. Daha sonra Şəki Şəhər Orta İxtisas Musiqi Məktəbində təhsilimi davam etdirmişəm. 1980-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində tarın daha incə sirlərini öyrənmişəm. Burada isə müəllimim Xalq artisti Ramiz Quliyev olub.

        - Bəs musiqi aləmini seçməyininzdə hansısa bir qüvvənin rolu olubmu?

        - Mənim əmim Şəkili Ələfsər (Rəhimov Ələfsər Allahverdi oğlu) respubika miqyasında tanınmış zurna ifaçısı olub. (Yeri gəlmişkən o, zurna alətinə yenilik edərək, ona səkkizinci dəliyi açmaqla bu alətin imkanlarını artırıb, daha gözəl səslənməsinə nail olub). Xalq şairimiz Bəxtiyar Vahabzadə bu istedadlı ifaçı haqqında deyib: “Mən hər dəfə Ələfsəri dinləyəndə ayaqlarım yerindən üzülür, xalqımın keçdiyi min illik yollarından keçir, tariximizə - ulu babalarımızın ruhuna qovuşuram”. Məhz o, mənim bir musiqiçi kimi yetişməyimdə çox zəhmət çəkib. Nə yazıq ki, o, məni tez tərk etdi. Onun ölümü məni, sözün həqiqi mənasında, sarsıtdı.

“Əmimin rolu danılmazdır...”

        - Bir tarzən kimi hansı məktəblərdə çalışmısınız?

        - Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, A. Zeynallı adına Musiqi Kollecində, 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllim vəzifəsində çalışmışam. Onu da deyim ki, mən hələ Azərbaycan Dövlət Konservatoriyasını bitirən ili bu mədəniyyət ocağında çalışa bilərdim. Lakin... Gəlsənə bu barədə ətraflı danışmayım?

        - Niyə ki, sirdir məgər?

        - Yox. Deməli, belə. Konservatoriyada təhsilimi başa vurandan sonra bu təhsil ocağının rektoru Elmira Abbasova mənə dedi ki, bəs istəyirəm sən burada pedaqoq kimi fəaliyyətini davam etdirəsən (Mən 5 il konservatoriyanın orkestrinin konsertmeysteri olmuşam). Amma onun ətrafındakılar (adlarını çəkmək istəmirəm) buna imkan vermədilər. Nəticədə mənim təyinatımı Şəkiyə verdilər. Əbəs yerə demirlər ki, paxıllıq sanki bizim boyumuza biçilib. Bu yerdə bir məqamı da vurğulamaq istəyirəm: 1990-cı illərin əvvəlində tanınmış bəstəkar Süleyman Ələsgərov məni konservatoriyaya müəllim kimi dəvət etdi. Lakin işlərimin çoxluğundan bir ildən sonra oranı tərk etməli oldum.

        - Dünya miqyasında tanınmış sənətkarımız Rəşid Behbudovla tanışlığınız var idi?

        - Yox, mahnılarına sevə-sevə qulaq asdığım o kişini görməmişəm. Mən Rəşid müəllimin yaratdığı kollektivə onun vəfatından təxminən ay yarım sonra dəvət olunmuşam. Bu kollektivə də mənim namizədliyimi pianoçu Oqtay İsmayılov və qarmonçalan Kamil Vəzirov vermişdilər. Amma sən demə, bundan əvvəl də, daha doğrusu, 1983-cü ildə məni bu kollektivə dəvət ediblərmiş. Lakin əmim Ələfsər (o da bu kollektivin üzvü olub) bu barədə mənə heç nə deməmişdi. Sonradan bu məsələnin üstü açılanda əmim dedi ki, bəs, ay bala, sən dörd bacının bir qardaşısan, istəmədim ki, rayonu tərk edəsən. Dediyinə görə, atam da razılıq verməyibmiş. Amma yenə deyirəm, mənim bir ustad sənətkar kimi yetişməyimdə əmimin rolu danılmazdır.

“Elçin Cəlilovdan danışmaya bilmərəm”

        - Əbülfət müəllim, mahnı bəstələmisiniz?

        - Yox, mənim fikrimcə, hər adam öz işi ilə məşğul olsa, yaxşdır.

        - Hərdən tək qalanda hansı mahnını səsləndirirsiniz?

        - “Çahargah”ı... Bilmirəm, bilirsiniz, ya yox, “Çahargah”da heç bir yalvarış, sızıltı və inilti motivləri yoxdur. Bu muğam üsyandır. Hərdən Sərvər İbrahimov, Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyevin ifalarına da qulaq asmaqla təkliyi yola verirəm... Hə, bir də Gülyanaq və Gülyaz Məmmədova bacılarının oxuduqları hər bir mahnı ruhumu oxşayır. Mən bu bacıları lap balacalıqlarından tanıyıram. Bir zamanlar çəkiliş üçün birgə Bakıya gələrdik. İndiyədək yadımdadır, balaca olduğuqlarına görə yol boyu əmim də, mən də onlara qayğı göstərərdik. Bu bacılarla münasibətim indi də yaxşıdır. Sağ olsunlar, məni də öz tədbirlərinə dəvət edirlər. Amma qoy bir söz deyim, yəqin, bacılar məndən inciməzlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, Gülyazla müqayisədə Gülyanaq hər cür auditoriyanı tez ələ almağı bacarır.

        - Təbii ki, hər insanın yaxın dostları olur...

        - Dostlarım, tanışlarım çoxdur. Onların adlarını çəksəm, qorxuram ki, hansınınsa adını unudum. Amma müğənni Elçin Cəlilovdan (Allah rəhmət eləsin!) danışmaya bilmərəm. Onunla o qədər baməzə işlərimiz olum ki... Qoy birini deyim. Bir dəfə Fransada qastrolda idik. Bizim qaldığımız otelin birinci mərtəbəsində parfümeriya mağazası vardı. Oranın salonunda prob üçün müxtəlif ətirlər qoyulmuşdu. Deməli, biz hər dəfə yuyunandan sonra liftlə mağazaya düşüb həmin ətirlərdən üz-gözümüzə vururduq. Beləcə, 3-4 gün keçdi. Növbəti dəfə ora girəndə həmin o prob üçün qoyulmuş ətirləri görmədik. Sən demə, məhz bizə görə onları yığışdırıblarmış.

“Xaricdə müalicəmə ehtiyac var”

        - Əbülfət müəllim, bugünkü Azərbaycan musiqisi barədə nə deyə bilərsiniz?

        - Bəri başdan deyim ki, çox hörmətli Mehriban xanım Əliyevanın sayəsində bu gün muğamımız özünün ən xoş günlərini yaşayır. Lakin bu sözləri musiqimizin digər sahələri barədə deyə bilmərəm. Bu gün bizdə şou baş alıb gedir. Fikrimcə, bu heç də yaxşı hal deyil. İmkanım olsaydı, şounu bütün telekanallardan yığışdırardım.

        - Yəqin oğlunuz da sizin sənətinizi davam etdirir?

        - Tara, saza marağı var, amma o, Asəf Zeynallı adına Musiqi Kollecinin vokal şöbəsini bitirib.

        - Onun ifasından razısınızmı?

        - O hələ ki, professional deyil...

        - Əbülfət müəllim, xəstəliyiniz barədə məlumatı olan sənət adamları sizi ziyarət edirlərmi?

        - Hə, sağ olsunlar... Amma fikrimcə, Mədəniyyət və Turizm Nazirliyinin mənim vəziyyətimdən xəbəri yoxdur. Amma sağ olsun Səhiyyə Nazirliyi. Mənim vəziyyətimlə mütəmadi maraqlanırlar. Görülən tədbirlərə baxmayaraq, özümü hələ də yaxşı hiss etmirəm. Xarici ölkələrin birində müalicəmi davam etdirməyi məsləhət görürlər. Lakin buna mənim imkanım yoxdur. Ümidim imkanları şəxslərə qalıb. Onu da deyim ki, Rəşid Behbudov adına Mahnı Teatrının ansamblı buraxıldıqdan sonra işsizəm... Vəziyyətimlə əlaqədar artıq neçə aydır ki, tədbirlərə da qatıla bilmirəm. Özüm də kirayədə yaşayıram...