Məqalələr‎ > ‎

20 Yanvar və hakimiyyət (müsahibə)

6 Oca 2015 23:46 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 Oca 2015 00:17 güncellendi ]
Murad NƏBİBƏYOV,
Şəki, 5 yanvar 2015

20 Yanvar faciəsinin 25-ci ildönümü 
ərəfəsində İctimai Dəfn Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor 
QÜDRƏT ƏBDÜLSƏLİMZADƏ ilə müsahibə.






        - Qüdrət müəllim, mənim özüm və düşünürəm ki, həm də oxucularımız üçün Sizin başçılıq etdiyiniz İçtimai Dəfn Komissiyası ilə o dövrdəki hakimiyyət arasındakı münasibətlər haqqında bilmək maraqlı olardı... 

        - Müstəqilliyi uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı sərt divan tutmaq planı Moskvada qərəzkarliqla hazırlanaraq, Azərbaycanda amansızlıqla həyata keçirilmişdir. Yerli hakimiyyət orqanları isə həmin günlərdə nə qədər gücsüz, səriştəsiz, xalqdan uzaq və Mərkəzdən mütilliklə asılı olduqlarını biabırçılıqla sübut etdilər.
        Belə bir çətin, qorxulu, fövqəladə vəziyyət şəraitində, Yanvar ayının 20-də səhər saatlarında Bakıda, keçmiş Mərkəzi Komitənin binası qarşısında icazəsiz keçirilən ümumxalq mitinqinin tələbi, iradəsi və hökmüylə İctimai Dəfn Komissiyasının formalaşması, “Hakimiyyətin mənbəyi xalqdır” həqiqətinin ifadəsi idi.
        Tankların gürultusu, vertolyotların uğultusu, yaxından-uzaqdan eşidilən güllə səsləri altında, göz yaşlarını qəlbinə axıdan xalqın mərkəzi və yerli hakimiyyət orqanlarının bu qanlı cinayətin izlərini ört-basdır etmək istədikləri bir anda İctimai Dəfn Komissiyası təşkil edərək, müxtəlif millətlərə mənsub Şəhidləri Bakının ən uca ərazisində - qardaşlıq qəbristanlığında torpağa tapşırmaq əzmi, millətimizin tarixi xidməti, gələcək məsələlərə mübarizlik nümunəsi, İlahi müdriklik hikməti kimi dəyərləndirilməlidir. 
        Şübhəsiz, belə biz ağır məsuliyyəti üzərinə götürmüş, fəhlə və ziyalıdan, din xadimi və inşaatçıdan, jurnalist və qulluqçudan ibarət “Müstəqil qurum”, əmrlə idarə olunan, göstərişlərlə işləyən həm mərkəzi, həm də yerli hakimiyyət orqanları üçün nəzərdə tutulmamış əngəl, arzulanmaz qüvvə, əlavə başağrısı idi. Ona qarşı münasibət də aşkar düşmənçilik, gizli təxribatlar, fitnəkar hərəkətlər, hədə-qorxu üzərində qurulmuşdur. 


        - İctimai Dəfn Komissiyası ilə mərkəzi və yerli hakimiyyət orqanlarının gərgin münasibətlərini konkret faktlarla izah edə bilərsinizmi?

        - Əlbəttə və bu yalan məlumatlar yayan, xalqa böhtanlar atan, dini əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edən totalitar rejimlər üçün xarakterik haldır. Konkret faktlara gəldikdə:
        - Yanvar ayının 20-də hərbiçilərin Şəhidlər üçün qəbirlər qazılmasına mane olmaları və bu işi necə olursa-olsun dayandırmaq cəhdlərinin, xalqın dinc müqaviməti nəticəsində baş tutması;
        - İctimai Dəfn Komissiyasının yanına “xeyirxah məsləhətçiləri” gələrək, bu işdən əl çəkmələrini tövsiyyə etmələri və komissiya üzvlərinin həbs olunacaqlarını bildirmələri;
        - Hərbiçilərin fitnəkar xarakterli atəşləri, söyüşləri, istehzalı, gülüşləri, yersiz yoxlanışları, dəfn komissiyası üzvlərinin şəxsiyyətlərinin yoxlanması, onların hüquq-mühafizə orqanlarına çağrılaraq hədələnmələri;
        - “Sapı özündən baltalar”ın əhali arasında hərbiçilərin gecəliklə buranı dağıdacaqları vahiməsi yaymaları və Şəhidlərin burada dəfninin mənasız olduğuna insanları inandırmaq cəhdləri;
        - Dəfn günü yerli hakimiyyət orqanları nümayəndələrinin iştirakı ilə bir qrupun Dağüstü parkda Kirovun heykəlini dağıtmaq bəhanəsiylə, hərbiçiləri buraya cəlb etmək və beləliklə də daha dəhşətli faciəyə imkan yaratmaq niyyətlərini;
        - İctimai Dəfn Komissiyası üzvlərinin çıxışlarında 20 Yanvar hadisələrində həlak olanların sayının güya artırılması, onun faciə adlandırılmasına qarşı çıxmalarını göstərmək olar.
        Lakin haqq və ədalət naminə hakimiyyət, habelə hüquq-mühafizə orqanlarında çalışan Niyazi Qaraşov, Ədalət Əzizov, Abdulla İbrahimov, Tofiq Bağırov, adlarını bilmədiyimiz insanların öz yaxın adamları, hətta onların vasitəsilə yalnız İctimai Dəfn Komissiyasına etibar etdikləri xəbərləri, məlumatları, qoruyucu tədbirləri hec-cür unutmaq olmaz...

        - Söhbətimizdən görünür ki, İctimai Dəfn Komissiyasının fəaliyyət göstərdiyi 42 gün (yanvarın 20-dən martın 2-dək) ərzində orada bir çox yadda qalan hadisələr baş vermişdir. Onları necə xatırlayırsınız? 

        - Haqlısınız, “Şəhidlər Xiyaban”ında yaşanmış hər gün yenicə Şəhid olmuş insanların, aldıqları güllə yaralarından həlak olanların dəfni, müxtəlif yerlərdən gəlmiş nümayəndələrin ziyarərləri, xarici jurnalistlərlə aparılan müsahibələr, həbs olunanların azad edilməsi üçün imzalar toplanması, Şəhid olanların və yaralananların sayının dəqiqləşdirilməsi, hər gün minlərlə adamın ziyarətinin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, zəruri səliqə-səhman yaradılması, iməciliklər təşkil olunması, buraya Bakı kəndlərindən könüllü sürətdə gül-xicək gətirilməsi, təcili yardım xidmətinin növbə çəkməsi, şəhərin taksi motor parkı işçilərinin hər gün burada ziyarətə gələn yaşlı adamlara, əlillərə, uşaqlı ailələrə təmənnasız qulluq göstərmələri və digər ilk növbədə çox sadə gündəlik adi görünən, lakin Ümummilli həmrəyliyin ifadəsi olan hadisələrlə səciyyələnmişdir. Bu mənada, 42 günün hər biri “əsrə bərabər” kimi səciyyələndirilə bilər. 
        Yeri gəlmişkən, tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanında təsvir etdiyi hərbiçilərin yerli əhalini ata-baba qəbristanlığına buraxmamaları hadisəsi Qanlı Yanvar günlərində Bakida təkrar olunmuşdu... Şəhid Fəridə Abbasovanın Nardaran qəbristanlığında dəfninə hərbiçilər icazə vermədiyindən, mərasim iştirakçıları geri qayıtmağa məcbur olmuşdular. 
        Xatırlayıram, yağışlı-yağmurlu soyuq Yanvar günlərindən biri idi. Pərişan və nimdaş geyimli 15-16 yaşlı bir oğlan göz yaşları içində Dəfn Komissiyası üzvlərinə yaxınlaşaraq, həlak olmuş kor atasını bir həftə axtardıqdan sonra, bir gün meyitxanada tapdığını söylədi. Dəfn Komissiyasının bir neçə üzvü və köməkçilərimiz dərhal oraya getdilər. Rus gülləsinin qurbanı olmuş əlil R.V.Yermiçyevin tabutu qayğı və ləyaqətlə “Şəhidlər Xiyabanı”na gətirildi. Qaranlıq havada, şam işığında hamımızın alt paltarına qədər islandığımız vəziyyətdə Şəhidi dəfn etməyə başladıq... Bu məqamda Boris Vasilyeviçin oğlundan atasının tabutda deyil, azərbaycanlı şəhidlər kimi basdırılması xahişi hamımızı kövrəltdi. Komissiya üzvlərindən kimsə astadan soruşdu: “Oğlum, bəlkə anan razı olmadı?” Məlum oldu ki, oğlanın anası ağır xəstədir, bacısı isə ondan xeyli kiçikdir. Hamı bir anlığa susdu... Mən fikrimi bildirdim: “O böyük oğul kimi” indi evin kişisidir. Onun sözü bizim üçün qanundur. 
        Axşamdan xeyli keçmiş, məsciddə şeyx həzrətləri və onun ətrafındakıların hüzurunda, başqa məsələrlə yanaşı, kor rus əlilinin necə dəfn etdiyimizi, habelə bu imkansız ailəyə maddi-mənəvi kömək göstərməyin zəruriliyi barəsində razılığa gəldikdə, hamı dərindən mütəəssir olaraq, mərhumun ruhuna dualar oxudu. Hacı Allahşükür Paşazadə dərin kədər içində fikirli-fikirli dedi: “Amma bizi islam təməlçiliyindən günahlandırırlar... İlahi, millətimizi şər-böhtandan qoru, onun nəcibliyini, böyüklüyünü hifz et, pak dinimizə, xeyirxah əməllərimizə, xoş niyyətimizə özün qüvvət ver Amin.
        Yadımdadır, rəsmi bir yığıncaqda 20 Yanvar hadisələrini faciə adlandırdıqda, vəzifə sahiblərindən biri aşkar əsəbiliklə bildirdi: “Bəlkə bu sözü heç işlətməyək...” Mən boğuq və kədərli səslə sakitcə cavab verdim: “Bəs anaların fəryadını ərşə dirəyən, körpə balaları yetim qoyan, bacıları qardaşsız edən, nişanlı qızlara qara paltar geyindirən o məşum şənbə gecəsini necə adlandıraq?..
 Doğrudanmı biz bu qədər...” İnsafən hamı başını aşağı salıb susdu və mən oranı tərk etdim. 

        - Sizcə, Qanlı Yanvar hadisələri qaçılmaz və labüd idi, yoxsa bunun qarşısını almaq olardı?

        - Tarix və onda baş verən prosesləri təhlil edərkən, qədim yunanların “düşüncə tərzi cəzalandırıla bilməz” fikri unudulmamaqla yanaşı, eyni zamanda “elə etsəydilər belə olardı” ehtimalları da həqiqət sayıla bilməz.
        Bu mənada həm o günlər, həm də sonralar müxtəlif formalarda səslənmiş “özümüzü bir qədər təmkinli aparsaydıq, faciə baş verməzdi” mövqeyi, ictimai-siasi cəhətdən səhv mənəvi-əxlaqi dəyərlər baxımından isə qəbul edilməzdir. Diktatura kimi hakimiyyət, təkpartiyalı siyasi quruluş, bir nəfərin son sözünün həlledici olduğu bir cəmiyyətdə qarəzkarlıqla düşünülüb və amansızlıqla həyata keçirilmiş yanvar qırğını, fikrimizcə qaçılmaz idi. Ölkənin başqa ərazilərində və müxtəlif millətlərin imperiya ağalığına qarşı müstəqillik ideyalarının baş qaldırdığı bir vaxtda, Mərkəzə qarşı mübarizənin ön sıralarında gedən Azərbaycan xalqına divan tutulması, yaranmış konkret tarixi şəraitin məntiqli nəticəsi idi.
        İtkilərimiz və yaşadıqlarımız faciənin ağırlığına baxmayaraq, biz milli tariximizin bu mübariz səhifəsi ilə fəxr etməli, heç vaxt unutmamalıyıq ki, azadlıq və istiqlal ideyaları həmişə qurbanlar tələb etmişdir, çünki: “Torpaq uğrunda ölən varsa Vətəndir”. Keçmiş imperiyanın tədricən öz nüfuzunu itirərək, çökdüyü bir vaxtda, ölkənin taleyini təəsüf ki, ağıl və düşüncə üzərində qurulmuş siyasət deyil, ilk növbədə güc və təhlükəsizlik orqanlarının diktə etdikləri ssenarilər idarə etmişdir. Bu özünü vaxtilə İspaniya, Cənubi Amerika və Afrika ölkələrinin timsalında bütün çılpaqlığı ilə göstərmişdir. Tarixdən isə yaxşı məlumdur ki, “nadan hakimiyyət-hakimiyyət deyil” və “tək adamın hakimiyyəti dövlət sayıla bilməz” (Sofokl).

        - O çətin və unudulmaz günlərin şahidi kimi daha nələri demək istərdiniz?

        - Doğrudur, sırf təsadüf yox, bəlkə də alın yazısı hökmüylə o proseslərin içərisində olan minlərlə adamlardan biri kimi Şəhid ola bilməsək də, lakin şahid olduq... Necə deyərlər:
                Ölmək üçün hələ vaxt var, zaman var
                Ölmək asan, Azad olsa bu Vətən.

        Nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır; vahid və bölünməz Azərbaycan ideyası hayata keçirilməmişdir; milli ideolgiyamız tam formalaşmamışdır; cəmiyyətin sosial qütbləşməsi prosesinin gələcək nəticələri lazımınca dərk olunmamışdır; elm və təhsilin səviyyəsi aşağıdır; “daxili düşmən” axtarışları davam etməkədir; sivil iqtidar-müxalifət münasibətləri qurulmamışdır; rüşvətxorluq; korrupsiya; süründürməçilik; məmur özbaşnalığı halları aradan qaldırılmamışdır; insan haqq və hüquqları pozulmaqdadır; “hakimiyyətin əsl mənbəi xalqdır” və “Xalqın səsi haqqın-ədalətin səsidir” hikməti gündəlik həyat tərzi normasına çevrilməmişdir, milli adət-ənənələr, zaman sınağından çıxmış mənəvi-əxlaqi dəyərlər, xalqımıza məxsus mentalitetlər inteqrasiya-qloballaşma axarında tədricən əriyib simasızlaşmaq, sönükləşməkdədirsə, deməli başımız üzərində dolaşan müqəddəs Şəhid Ruhları narahatdır...
        Şəhidlərimizin qanları bahasına əldə olunmuş istiqlal və azadlıq bayrağını daha da ucaltmaq üçün dövlətçilik prinsiplərinə sədaqət, vətəndaş həmrəyliyi əsasında demokratik dəyişikliklər yolu ilə irəliləmək müstəqil Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu yüksəltmək hər birimizin şərəf-qeyrət borcudur.
        Allah Şəhidlərimizə rəhmət eləsin. AMİN! 

        - AMİN! Qüdrət müəllim, vaxt tapıb bizimlə görüşdüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.