Məqalələr‎ > ‎

Yuxarıbaş memarlıq qoruğu və Şəki rayon ərazisində arxeoloji qazıntılar və təsadüfi tapıntılar haqqında

7 Tem 2014 03:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 Tem 2014 03:35 güncellendi ]










Muxtarov Nəsif,
AMEA Arxeologiya Etnoqrafiya 
İnstitutunun Şəki Arxeologiya 
Folklor qrupunun baş elmi işçisi


Şəki şəhər, Yuxarıbaş memarlıq qoruğu və Şəki rayon ərazisində 

arxeoloji qazıntılar və təsadüfi tapıntılar haqqında

(1806-2014-cü illər)

 M Ə L U M A T

 

Şəki Azərbaycanın qədim tarixə malik dilbər guşələrindən biridir. Şəki arxeoloji abidələri haqqında məlumat olaraq onu qeyd etmək lazımdır ki, Şəki şəhəri dedikdə 1772-ci ildə Kiş çayın müntəzəm sel və daşqınlarına sinə gərsə də, sirli aləmə qovuşan Şəki şəhəri haqqında yox, həmin faciədən sonra yaxın qonşusu olan Nuxa kəndinə tərəf sığınan Şəkidən danışmaq lazımdır.

1772-ci il faciəsinə qədər Qafqaz Albaniyasının ən böyük vilayətlərindən biri olan Şəki vilayətinin mərkəzi şəhəri, mənbələrin göstərdiyi kimi düzənlik ərazidə yerləşirdi, mühüm ticarət mərkəzi olmuşdur. Şəhər 12 qapılı və bürclü qala divarları ilə əhatə edilmiş, əhalisi sıx olan mühüm ticarət mərkəzi olmuşdur. Şəki vilayətinin sərhəddi isə Alazan-Türyançay arası və Qafqaz dağlarından (Salavatdan Kür çayına qədər) uzanmışdır. Qədim, antik və orta əsrlərdə onun ərazisi müxtəlif dəyişikliklərə məruz qalmışdır. Hal-hazırda Şəki rayonunun ərazisi 2900 km2 ərazini əhatə edir. Qax, Yevlax, Göygöl, Oğuz, Ağdaş və DMR-sı ilə həmsərhəddir. Bu məlumatda əsasən bu sərhədlər daxilində indi mövcud olan Şəki rayonundan, onun mərkəzi Şəki şəhərindən (keçmiş Nuxa şəhəri) söhbət açılır.

1772-ci il faciəsinə qədər Şəki şəhəri Nuxa, Dodu, Kiş, Qoxmuq, Salıncaq, Qışlaq, Oxud kəndləri ilə üzük qaşı kimi dövrəyə alınmışdır. 1772-ci il daşqını Şəki şəhərini məhv etməklə bərabər Dodu, Oxud, Kiş, Salıncaq, Qışlaq kəndlərinə də böyük ziyan vurmuş, şəhər əhalisi və bu kəndlərin əhalisi dağ ətəyinə tərəf sığınmış, bir hissəsi isə Azərbaycanın başqa ərazilərinə köçmüşlər. Deyilənə görə köç edən şəkililər Ağdaş ərazisində Şəki, Kürdəmir ərazisində Atbulaq kəndlərini salmışlar. Əsas əhali Nuxa kəndinin düzənə yaxın ərazilərini, Qurcana çayın orta və aşağı axarı əraziləri, Dodu ilə Nuxa arası yerləri və s. məskunlaşdırmışlar.

Nuxanın 1772-ci ildən sonrakı tikililəri, onun düzənə tərəf inkişafı da bunu təsdiq edir.

Istər Nuxa, istərsə də Şəki şəhərinin ətraf kəndlərində indi də qorunub saxlanan etnonim, hidronim, toponim, oykonim və s. adların qədim dillərdəki sözlərlə izahı, bu söz və məfhumların Azərbaycanın erkən əkinçi-maldar tayfalarının bu günə qədər gəlib çatan sözlərlə sinonim olması onun qədim tarixinə iz salır.

Cənubi Qafqazda ilk dövlət birləşməsi olan Albaniya zəngin inkişaf etmiş bir dövlət olmuşdur. Albanların daha çox sıx məskunlaşdığı ərazilərdən biri də Şəki (mənbələrdə Sakasena, Şakki, Şəki və s. kimi qeyd edilir) vilayəti olmuşdur. Bu vilayətin inkişaf trayektoriyasında mühüm mərhələlərdən biri də Böyük İpək yolu olmuşdur. İpək yolu sonrakı dövrlərdə Nuxanın da bir qəsəbə, şəhər kimi tərəqqisində böyük rol oynamışdır.

Şəki vilayəti ərazisində mövcud olan arxeoloji, tarixi, memarlıq, epiqrafik və s. abidələr bu diyarın qədim tarixinə işıq salır. Yeri gəldikcə bu abidələrin bütün ərazi və aidiyyatına görə haqqında söhbət açılır, qısa məlumat verilir. Bir faktı qeyd etmək yerinə düşər: əgər ikinci dünya müharibəsinə qədər Şəki rayon və şəhər ərazisində cəmi bir arxeoloji abidə qeydə alınmışdısa, indi bu abidələrdən bu və ya digər dərəcədə yalnız elmi tədqiqata cəlb edilənlərin sayı 20-ə qədərdir, tarixi və memarlıq abidələrinin ümumi sayı 300-ü ötməkdədir ki, onların da əksəriyyəti şəhər ərazisində qeydə alınıb və 1 qoruq vardır- Yuxarıbaş memarlıq qoruğu. Onu da qeyd etmək lazımdır ki, Yuxarıbaş tarixi memarlıq qoruğunun sərhədləri, bufer zonası əslinə qalanda Nuxa şəhərinin (o zaman –Nuxa qəzası) sərhədləri ilə demək olar ki, üst-üstə düşür (sonrakı 10 ilin inkişafı nəzərə alınmazsa).

Onu qeyd etmək lazımdır ki, Şəki və Nuxanın qədim zamanlardan inkişafında ilk dəfə məskunlaşmasından başlayaraq indiyə qədər tərəqqi və tənəzzülündə 1234 km uzunluğu olan, düzən ərazidə qollara ayrılaraq Əyriçaya qovuşan Kiş çayı mühüm əhəmiyyət daşıyır. Kiş çayı dərəsi, Kiş aşırımı (salavat) eneolit dövründən başlayaraq mühüm rol oynamışdır. Bu strateji əhəmiyyət daşıyan dərə və keçid Dağıstana, Şimali Qafqaza, Avropaya aparan ara yollardan biri olmuşdur. Qədim dövrdə axtarışı ilə ilk dəfə bu yola iz salan insan, sonrakı tərəqqilərdə də onun əhəmiyyətinə daha da dərindən yanaşmışdır. Yalnız Şəki şəhəri deyil, yuxarıda qeyd etdiyimiz kənd, şəhər tipli (Nuxa) yaşayış məskənləri bu yolun üstündədir və demək olar ki, cənub-şimal əlaqələrində onu daim stimullaşdırmışdır. Bu cəhətlər heç şübhəsiz hələ qədim zamanlardan Şəkinin bir şəhər kimi yaranmasında və inkişafında böyük əhəmiyyət daşımış, antik və ilk orta əsrlərdə İpək yolunun mühüm məntəqələrindən biri olmuşdur. Bu isə Şəkinin bir sənətkarlıq, ticarət mərkəzi kimi, meqapolis kimi nüfuzunu diqtə etmişdir. Sənaye çevrilişinə, ilk burjua islahatlarına qədər, ondan sonrakı onilliklərdə də, hətta indidə sənətkarlığın elə sahəsi olmamışdır ki, o öz dövründə öz sözünü demiş olsun. Tarixin bütün dövrlərində, hətta qapalı natural təsərrüfat daxilində Şəki sənətkarları ən azı 30 sənət sahəsində vilayət, ölkə və xarici təlabat üçün istehsalı davam etdirməsinlər. Bu isə şəhər statusunun ən böyük şərti və göstəricisidir. Əsrlər boyu Şəkidə azadlıq və müstəqilliyin bəhrəsi, dadı unudulmamış, bu isə iqtisadiyyat, ticarət və sənətkarlığı daim stimullaşdırmışdır.

Mənbələr göstərir ki, Şəki hökmdarlığı, xanlığı dövrlərində və xanlığın ilk 10 illərində Şəki şəhərində daha çox yerli xammala əsaslanan, yerli, ölkə, dünya ticarəti predmetinə çevrilən sənət sahələri şəhərlə birlikdə yaranmışdır. Dəmirçilik, silahsazlıq, palançılıq, nalbəndlik, misgərlik, qalayçılıq, zərgərlik, gümüşbəndlik, duluzçuluq, dabbaqlıq, sağrıçərdlik, papaqçılıq, kürkçülük, başmaqçılıq, şərbaflıq, boyaqçılıq, həkkaklıq, bənnalıq, dülgərlik, xarratlıq, şəbəkəçilik, təkəlduzçuluq, kümkülük, toxuculuq, ipəkçilik və s. belə sahələrdəndir.

Tarixi Şəki vilayətində mövcud olan müdafiə istehkamları göstərir  ki, inkişafın bütün dövrlərində mühəndislik böyük rol oynamışdır. Azərbaycan, eləcə də Şəki qədimdən üzü bu tərəfə müxtəlif imperiyalar, dövlətlər tərkibində olsalar da, bu sənət sahələri tənəzzül etməmiş, əksinə dövrə, təlabata uyğun təkmilləşmi, yeni sənət sahələri əxz edilmişdir. Bu fenomen qabiliyyət həyatın bütün sahələrində olduğu kimi kulinariya, mətbəx mədəniyyətində də özünü göstərmişdir.

İndi minillərlə yaranan bu salnamənin fərəhli və şərəfli səhifələrini biz bir muzeylərdə, daşlaşmış abidələrdə görür və bir də arxeoloji abidələrdə izləyir, pıçıltısını, hənirtisini duyur, şərəf hissi ilə əcdadlarımızın, insanlığın bu möcüzəsinə heyran qalaraq, bədahətən deyirik: Şəki min illərin, qərinələrin, əsrlərin və onları yaradan, yaşadan, duyan və qoruyan insanların hər ilməyi, hər nəfəsi bir abidəyə çevrilən xalı, tariximizin qüdrət mənbəyidir.

Şəkinin arxeoloji abidələri haqqında məlumatın mənbəyi aşkar edilmiş, qeydiyyata götürülmüş, elmi tədqiqata bu və ya digər dərəcədə cəlb edilmiş, mənbə və məxzlərdə, monoqrafiyalarda qeyd edilmiş arxeoloji abidələrdir.

Yuxarıda qeyd etdiyimiz kimi Şəki şəhər və rayon ərazisində arxeoloji abidələr bəzi istisnalarla 80-ci illərə qədər demək olar ki, öyrənilməmişdir. Bəzi abidələrin adlarına isə keçən əsrin 20-ci illərində mənbələrdə təsadüf edilmişdir. Arxeoloji abidələrin öyrənilməsini şərti olaraq 3 dövrə bölmək olar: II Dünya müharibəsinə qədər, 70-ci illərə qədər və 80-ci illərdən sonra. Bu haqda ayrıca tədqiqat məqaləsi yazılmışdır. Istər Şəki rayonu və Şəki şəhəri və istərsə də Yuxarıbaş tarixi memarlıq qoruğunun ərazisində arxeoloji abidələrin öyrənilməsi bəzi istisnalar olmaqla əsasən 3-cü dövrə aiddir.

Yuxarıbaş tarixi memarlıq qoruğu üzrə

1. Giləhli məhəlləsində 2 dəfə arxeoloji qazıntı aparılmışdır:

a) 1935-ci ildə Ələkbərov qazıntı aparmış və ikinci dəfn adəti (assuari) aşkar etmişdir. Bu küp qəbrinin e.ə.III-II əsrlərə aid olduğu qeyd edilir. Ev 109.56-57.

b) 1984-cü ildə B.Məmmədov və N.M.Muxtarov Giləhli məhəlləsində Gödək minarənin qarşı tərəfində Nadirin həyətində arxeoloji qazıntı aparmış və 1) burada nekropol olduğu; 2) kollektiv dəfn icra edildiyi məlum olmuşdur. Assuari olsa da küpdə deyil. Siyahıda ev 109.57.

Ərazidə aparılan yerüstü kəşfiyyat, toplanılmış yerüstü material və məlumatlar nekropolun ərazisinin böyük olduğunu və burada 3-4 yüz il dəfnin icra edildiyi qənaətini əsaslandırır.

2. Mustafa bəyin yeri və qəbiristanlıq ərazisi-Xan yaylağına gedən yol. Burada arxeoloji qazıntı aparılmamış, lakin arxeoloji kəşfiyyat aparılmışdır. Dərələrdə (lagerin günçıxan tərəf dərəsi) uçmuş yerlərdə orta ölçülü küp, kiçik duluz qabları qeydə alınmışdır. Bu materiallar rənginə, formasına, texnologiyasına görə (qara rəngdə, qaramtıl rəngdə, qırmızı və qırmızımtıl, gilinin tərkibinə narın qum qatılıb, qulplar qövsvari, dodağı yana meyl edir və s.) onların Giləhli  nekropolu ilə həmdövr olduğu aydınlaşır.

Lakin təsadüfən dərənin taclığa açılan ərazisində 2 ədəd duluz qabı parçası aşkar olub. Onlar başqa texnologiya və rəngdədir (boz rəngdə, qulpu dairəvi). Bu texnologiya inkişaf etmiş dəmir dövrü üçün (e.ə.VI-V əsrlər) daha səciyyəvidir. Bu parçaları təsadüfi saymaq mümkün deyil. Burada ərazi mürəkkəb relyeflidir və sonralar müxtəlif məqsədlə istifadə oluna bilər.

3. Vəzirxan (mülk) burada yerüstü kəşfiyyat zamanı aşkar olan qab parçaları (əsas süfrə və mətbəx qabları) sarı, qırmızımtıl, qaramtıl rəngdədir, gilinin tərkibi qarışığı olan da var, olmayanda, kobud hazırlanana da təsadüf edilir. Tapıntıları son antik, ilk orta əsrlərə (e.ə.II-b.e.II-III əsrləri) aid etmək olar. Burada yaşayış olduğu şübhə doğurmur. (xəritədə 7)

4. Qurcana çayın başlanğıc hissəsi ətrafı (sol hissəsi), uçmuş yerlərdən toplanan materiallarla mülkdən toplanmış materiallar bir-birinə oxşasa da, bunların daha çox ilk orta əsrlərə aid olduğu şübhə doğurmur. (xəritədə 5)

5. Giləhli məhəlləsi, I rayonunun yuxarı hissəsi ərazisində bir çox həyət və bağlarda təsərrüfat işləri görülərkən (Arzu, İntizar, Mahir İlyasov və s.) aşkar olunan saxsı, bişmiş kərpic parçaları burada ilk orta əsrlərdə (əvvəli və ortası) və VIII-X əsrlərdə (ara-sıra şirli qab parçaları) yaşayış olduğunu göstərir (xəritədə2,4, ev 11.002 və 10.979).

6. Dərə məhəlləsinin Karl Marks küçəsinə birləşdiyi yer (Zülüşün həyəti). Saqqızlar adlanır. Burada təsərrüfat quyusu qazarkən 1.5-2 m dərinlikdən keramika parçaları aşkar olmuşdu. Bu saxsı məmulatına əsasən burada nekropol olduğu güman edilir. Alınan məlumata görə arxeoloji materialların Yaloylutəpə mədəniyyətinə aid olduğu güman edilir. Burada e.ə.IV-II əsrlərdə yaşayış məskəni də ola bilər. Toponimika-Saqqız birbaşa sak sözü ilə bağlanır. (xəritədə 8, ev 10.433)

7. Həmin məhəllədə başqa bir həyətdə təsərrüfat işi görərkən aşkar edilən saxsı parçaları burada X-XII əsrdə yaşayış olduğunu göstərir. Materiallar şirli və naxışlı keramikadan ibarətdir (xəritədə 10, Sarıtorpaq, ev 10.291).

8. Qoruq ərazisində Qurcana çayın sağ sıldırım tərəfində indiki yer səthindən 2,3-5 m dərinlikdə çay yatağına tərəf saxsı tünglərin olduğu (Akifin həyətində) məlumdur. Belə saxsı tünglərdən ilk orta əsrlərdən yeni dövrə qədər istifadə edilib. Onlara taclıq su şəbəkəsində də,  hal-hazırda bir çox həyətlərdə də təsadüf edilir (xəritədə 3).

9. Yuxarıbaşda həyətlərin bir çoxunda təsərrüfat işləri görülərkən saxsı, bişmiş kərpic parçalarına təsadüf edilir. Belə bir təsadüf Səttar dayının həyətində də olub. Burada təmir işləri görülərkən orta ölçülü küp parçaları aşkar olmuşdur. XII-XV əsrlərdə daha çox istifadə edilib. (xəritədə 11, ev 10.755).

Aparılan müşahidələr, toplanılan materiallar və məlumatlar Nuxa şəhərinin ərazisinin antik dövrdən məskunlaşdığını və ilk orta əsrlərdən şəhər tipli yaşayış məskəninə çevrildiyini əsaslandırır. Material az olsa da, güman etmək olar ki, 1-4 rayon əraziləri, Qurcananın yuxarı axar hövzəsi və ətrafı daha erkən, yəni e.ə.VIII-VII əsrlərdə də məskunlaşıb. Yaşayış yeri sonralar –antik və ilk orta əsrlərin əvvəllərindən qərbə və cənubi qərbə tərəf inkişaf edib.

Şəki şəhər və rayon ərazisində 80-ci illərdə (1983-85) arxeoloji kəşfiyyat qazıntıları aparılmışdır. Şəhərin şimali qərb hissəsi (keçmiş Myasnikov küçəsi) rayon ərazisində isə Oxud kəndində Alagöyüt, Kiş kəndində Doxun ərazilərində kəşfiyyat qazıntısı aparılmışdır. (Arxeoloji dəstə rəisi R.Göyüşov).

10. Çaqqal dərəsində qəbiristanlıq tərəfdə uçmuş və qazılmış yerlərdən saxsı aşkar olur (ilk orta əsrlər), bəzi təpəliklərin kurqan və ya tikinti qalığı olduğu güman edilir (xəritədə 12).

11. Qalanın həyətində iki yerdə arxeoloji material əldə edilmişdir. Qalanın aşağı qapısı ilə Qalareya arası və bürc ətrafında (orta əsrlər) və Xan sarayının yan giriş qapısından aşağı 1.5-2 m, divardan 1.5 m aralı qazılarkən çay daşı ilə üstü örtülü yer, ondan şimala tərəf kiçik bardaq parçaları (ilk orta əsrlər) və yerin 0.45 m2 əraziyə kiçik yumurtavarı ağ və mərmər tərkibli daşlardan döşəmə aşkar edilmişdir. Lakin ulu öndərin Şəkiyə gəlişi ilə əlaqədar qazıntı dayandırılmış, asvaltlanmış və bir daha həmin ərazi açılmamışdır (xəritədə IV, Qalareya tərəf xəritədə 9).

12. Qoruq ərazisində 1-ci rayonun yolu ilə qəbiristanlığa aparan yolun sol tərəfində Təpənin yeri adlanan düzənlikdən son antik, ilk və inkişaf etmiş orta əsrlərin əvvəllərinə aid qarışıq materiallar (saxsı) aşkar olmuşdur (xəritədə 6). Deyilənə görə burada qədimlərdə su dəyirmanları da olmuşdur. Bu Nuxanın ilk məskunlaşma və erkən inkişaf dövrünə təsadüf edə bilər. Nuxanın şəhər tipli qəsəbə və şəhər kimi inkişafı ərazisinin düzənliyə və digər tirələrin ətəklərinə, dərə düzənliklərinə, dağ ətəklərinə tərəf genişlənməsi Şəki faciəsindən (1772-ci il daşqını) sonrakı dövrə təsadüf edir.

Abidələrin, xüsusən arxeoloji və memarlıq abidələri Nuxanın, yəni Yuxarıbaş memarlıq qoruğu və onun bufer zonasının topoqrafiyasını 3 dövrə bölməyə imkan verir:

I dövr. Ərazinin yaşayış yeri kimi ilk dəfə məskunlaşdığı dövr. Bu dövrün  öyrənilən, siyahıya alınan və güman edilən arxeoloji abidələri əsas etibarı ilə yuxarı karvansaradan üst hissədə dağ ətəyi, dərələr, başqa sözlə Qurcana çayın Dərə hamamına qədər olan yuxarı hövzəsi daxildir. Onun şimal, şimali-şərq sərhədlərini indi həmin ərazilərdə mövcud olan qəbiristanlıqlar ərazisi, ona yaxın ərazilər təşkil edir. Bu dövrü inkişaf etmiş dəmir dövrünə aid daha çox boz, qaramtıl boz, qırmızımtıl, qulpu və gövdəsi şaquli, üfüqi dalğalı cızma xətlə naxışlanmış, üzəri parıltılı, parıltısız keramika təmsil edir. Eyni zamanda bu dövr antik dövrə aid Yaloylutəpə arxeoloji mədəniyyətinə aid keramikanın təmsil etdiyi dövrlə başa çatır. Təxminən biz bu dövrü e.ə.VII-IV əsrlərin əvvəlinə aid hesab edə bilərik. Təəssüf ki, bu dövrə aid əlimizdə olan faktik material olduqca azdır və ərazilər barmaqla sayılır. Lakin bu dövrün dini təsəvvürləri, ictimai vəziyyət, iqtisadiyyat və ticarət əlaqələri haqqında oxşar materiallara əsaslanaraq onlarla müqayisə edilərək bir çox səciyyəvi fikirlər söyləmək mümkündür. Hər şeydən əvvəl atəşpərəstlik, bütpərəstliyin mövcud olduğu, sinifli cəmiyyət münasibətlərinin varlığı, ticarət və sənətkarlığın (metaləritmə, silahsazlıq, duluzçuluq, toxuculuq və s. zəngin kulinariya və mətbəx mədəniyyəti) əkinçilik və maldarlığın inkişafı şübhəsizdir.

Onu da qeyd edək ki, erkən məskunlaşmanı bu dövrlə məhdudlaşdırmaq əlimizdə olan və aparılan müşahidə və materialların bu günki səviyyəsinə əsaslanır.

Qurcanaçay hövzəsinin yuxarı hissəsinin relyef, landşaft quruluşu, flora və faunası xüsusiyyətləri güman etməyə əsas verir ki, bu xronologiya daha da dəqiqləşdirilə bilər. Demək olar ki, Kiş çayı dərəsində 2-ci bir Qurcanaçayın (Kişin ortasından axıb Kiş çayına birləşən Qurcana çayından söhbət gedir) eyni parametrlərlə mövcudluğu bu gümana dəstək verir.

Nuxa Qurcanaçayı dərəsindən də qədim tarixə malik baş keçidə aparan yol Xan yaylağı, Qızılbərə tərəfdə bu aşırıma birləşir. Daha dəqiq desək Dağıstan, Şimali Qafqaz və Avropaya  aparan yolun Kiş aşırımına (salavata) aparan yolun  3 ayrıcının üstündə, başlanğıcında 3 qədim yaşayış məntəqəsi yerləşib və onlar hərəsi Kiş çayın bir qolu üstündədir: 1) Kiş Qurcana çayı üstündə; 2) Qaynar Qaynar çayı üstündə; 3) Nuxa Qurcana çayı üstündə. Bu hər 3 yola nəzarəti isə qədim Şəki şəhəri yerində məskunlaşmış insanlar ediblər ki, onların etnogenizində türk soyları Qaslar, saklar, albanlar sonrakı mərhələlərdə iştirak ediblər. Bu qədim soylar isə bu ərazinin eneolit dövrünün erkən əkinçi, maldar tayfaları olaraq Kişdə I əsr alban məbədində e.ə.IV minilliyin sonu III minilliyin əvvəllərinə aid müqəddəs keçi kultu ilə bağlı inanc yerində qoyublar. Odur ki, Kiş çayın əks tərəfində olan qədim Nuxa yaşayış yerinin qədim tarixinin bu səhifələri oxunmalıdır. Onu isə indi orada yaşayan zəhmətkeş varislərin köməyi, səyi və vətənpərvər mövqeyi ilə tapmaq, oxumaq mümkündür. Qədimdən mövcud olan təbii şərait belə gümanlara əsas verir. Amma bəlkə də yaşı minilləri geridə qoyan Nuxanın yaşını 2-3 min illərlə hesablamağa məcburuq. Halbuki Kiş çayı dərəsini qartala oxşatsaq, onun başı indi sirli aləmə qovuşan Qədim Şəki, sol qanadı hələlik yaşı 5-6 minə dirənən Kiş, sağ qanadı isə tarixi 2-3 min illə kifayətlənən Nuxa hesab etmək olar. Onun  dimdiyi toxunan Əəyriçayda-Daşüzdə isə e.ə.XVI-XIV əsrlərə aid Azərbaycan dövlətçiliyi tarixindən, ənənəsindən soraq verən nüfuz, hakimiyyət rəmzi olan tunc maral (ştandart) boylanır. Quyruğu isə Kiş çayı aşırımına kölgə salır.

1-ci mərhələnin, yəni I məskunlaşma mərhələsinin aid olduğu dövrü (e.ə.I minilliyin əvvəlləri) əsas qəbir abidələrinə və təsadüfi tapıntılara görə müəyyən mənada tarixi inkişafın ümumi və səciyyəvi inkişaf qanunauyğunluğuna görə götür-qoy etmək mümkündür. Erkən dəmir dövrü və inkişaf etmiş dəmir dövrü arxeoloji materialları bu dövrün Xocalı-Gədəbəy mədəniyyətinin uyğun mərhələsi ilə üst-üstə düşür (Daha çox Kiş arxeoloji materialları), rayon ərazisində isə bu materiallara Tərəkey yaşayış yerində, Ağdərə kurqanlarında, Cüyürlü nekropolunda, Ağqabırrı, Nuxa I və II, Sarqan I,II,III və IV yaşayış yerlərində, Yoncalı nekropolunda, Təpəbaşı yaşayış yeri və nekropolunda (ekspozisiya I,II,IV,VIII, Cıdırlı nekropolu və yaşayış yerində, Daşüz kərpic zavodu karyerində, Quruşqalı yaşayış yerində təsadüf etmək olur). Nuxada Mülk, Vəzirxanda isə bu dövrə aid tapıntılar cüzi və təsadüfidir.

Bu dövr, yəni e.ə. I minilliyin I yarısı Azərbaycanda ilk quldar dövlətlərinin yarandığı dövrdür. Azərbaycan Respublikası ərazisində dövlətin çiçəklənmə dövrü e.ə.IV əsrdən Atropatena və Albaniya dövlətləri hesab edilir. E.ə. I minilliyin  yarısında şimaldan Kimmir (Qımır) və Skif-Sak (Sak tayfalarına şah skiflər də deyilir, alban tayfaları da bu tayfa birləşməsinə daxil olub) daxil olur və onlar Kür çayının orta axarı və hövzəsində Skif-Sak çarlığı yaradırlar. Bu çarlığın ərazisi təxminən indiki Azərbaycan ərazisi ilə üst-üstə düşür.

Nuxanın, konkret Şəki Yuxarıbaş memarlıq qoruğu ərazisində bölgümüzdə 1-ci mərhələyə düşən arxeoloji materiallar bu dövrə aiddir.

Quldarlıq münasibətlərini yalnız bu materiallar əsasında reallığa yaxın şərh etmək mümkün olmasa da, bu dövrü, onun inkişaf qanunlarını, məhsuldar qüvvələri, istehsal münasibətlərini, ictimai əmək bölgüsünün uyğun inkişaf mərhələlərini bilib, onun əsasında təsəvvür etmək, güman etmək, həqiqətə yaxın bir model qurmaq mümkündür. Onun ən böyük əlaməti əmlak bərabərsizliyi, ağa-qul, bir sözlə asılılıq münasibətləridir ki, bu da ictimai-iqtisadi inkişafın, məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələn istehsal münasibətlərini diqtə edir. Qoruq ərazisindən tapılan arxeoloji materiallar içərisində keramika müəyyən təsəvvür yaradır ki, bu təsəvvürü də uyğun abidələrlə müqayisə yolu ilə əldə etmək mümkündür.

Şəki şəhərinin ətraf ərazilərində (Kiş, Oxud, Qışlaq, Salıncaq, Dodu və s.) aparılan arxeoloji tədqiqatlar I dövrün arxeoloji abidələrinin e.ə.IV minilliyin sonundan ilk orta əsrlərə qədər olan dövrdə mövcudluğunu göstərir. Təəssüf ki, ərazicə eninə olan bu xronologiyanı hər hansı bir abidədə təbəqələr əsasında hələlik izləmək mümkün olmayıb. Lakin onların varlığının bu işarəsi göstərir ki, Şəki bu dövrlərin şahididir, tərəqqinin bu mərhələləri bu ərazidə yaşanılıb.

2-ci dövr də özünü yalnız memarlıq abidələri ilə təmsil etmir. Bu dövrü abidələrin topoqrafiyasına əsasən Yuxarıbaş memarlıq qoruğunun Yuxarıbazar, Dəyirman arx, Arxüstü, Sarıtorpaq, Dərə hamamı (Xoçik qəbiristanlığı istiqaməti daxil olmaqla) sərhədləndirə bilərik. Aşağı karvansara, Şəkixanovların evi, Ticarət küçəsi və s. sonralar bu ərazidə tikilib.

Aşkar olunan arxeoloji materiallar daha çox son antik, ilk orta əsrlər və inkişaf etmiş orta əsrlər dövrlərini təmsil edir. Burada şüşə materialının həm çeşidi, həm sayı artır, şirli məişət qabları (xeyrə, dörə, kasa, çıraq və s.) çoxalır. Həndəsi və nabati naxışlar qablara xüsusi gözəllik verir. Naxışların üzəri anqoblu və anqobsuzdur. Qoruq ərazisindən tapılan qablar Azərbaycanın erkən orta əsr şəhər abidələri ilə müqayisə edilir və onların VII-XVI əsrlərə aid dövrləri ilə müqayisə edilir. Şirsiz duluz qablarının əvvəlki dövrə aid zoomorf forması və onlara aid detallar aradan qalxır, naxışlar tam yoxa çıxır. Lakin bu proses birdən baş vermir. Təkamül izlənilir. Tapıntılar mədəni qat haqqında təsəvvür yaratsa da, sonrakı dövrə aid tikintilər aparılan zaman dağıdılıb. Odur ki, onun dövrləri ardıcıl izlənilə bilmir. Tapıntıların zənginliyi, çox çeşidliyi, sosial-iqtisadi sahədə böyük dəyişikliklərin getdiyini, urbanizasiya mərhələləri baş verdiyini göstərir. Artıq biz mənbələrin göstərdiyi Nuxa kəndi yox, Nuxa şəhər tipli yaşayış yeri və Nuxa şəhəri haqqında düşünə bilirik. Bu ərazi həm də bu dövrdə dini mərkəz, hökmüdar mərkəzi və s. kimi göstərilən Şəkiyə ən yaxın ərazidir, hətta onu rabat hissəsi də hesab etmək olar.

Nuxa konkret Yuxarıbaş memarlıq qoruğu ərazisində 2-ci dövr məskunlaşmanın başa çatması, köhnə istehsal münasibətləri bazasında yeni istehsal münasibətlərinə keçid ilə başa çatır. Bu dövr tarixi və siyasi ədəbiyyatda Azərbaycan ərazisində feodalizm formasiyasının yaranması və inkişafı kimi qəbul edilir və Alban dövlətinin mövcudluğu dövrü kimi (e.ə.IV-b.e.VII əsrləri) qeyd edilir. Bu həm də Azərbaycanın bəzi mərhələlərdə nominal müstəqilliyinə son qoyularaq, yeni bir imperiya tərkibinə bir əyalət kimi qatıldığı dövrün başlanğıcıdır. Bu ideologiyaların, istehsal münasibətlərinin, asılılıq münasibətlərinin, dini dünyagörüş və mədəniyyətlərin və s. dəyişdiyi bir dövrdür. Məhz bu dövrdə yerli əhali iki dəfə dövlət dinini dəyişməyə məcbur edilmiş, iki dəfə müxtəlif dini, siyasi, mədəni dünyagörüşlərlə üz-üzə qoyulmuş, onların caynağında, qaynağında, qoynunda öz ənənəvi etnomədəni mahiyyətini vahidliyin, milliliyin müasirliyə təsiri və əks təsir trayektoriyasında qoruyub saxlaya, inkişaf etdirə bilmişdir. Bu ikinci dövrdə xristian dini əvvəlki bütpərəst  və arxaik dinlərin qalıqları üzərində öz təntənə və səadətini qurmağa səy göstərmişdir (Şəkidə və konkret Yuxarıbaş memarlıq qoruğu ərazisində və xüsusən I əsr Kiş Alban məbədi simasında Albaniyada xristian memarlığının 1-ci dövrü abidələri. Məğlublar sırasında Yuxarıbaş memarlıq qoruğu ərazisində  Giləhli antik və ilk orta əsrlərə keçid dövrü, son antik dövrü nekropolu, Kişdə həmin dövrlərə aid Doxun nekropolu və Kiş I əsr Alban məbədi ərazisində bəzi qəbirlər rayon ərazisində Təpəbaşı, Qaraməryəm, Alagöyüt, Yoncalı I, Sarıca, İbrahimkənd və s. nekropollar), islam dini isə yeni imperiyaya Ərəb xilafətinə qatdığı torpaqlarda müsəlman dininin qələbəsini təmin etməyə çalışmışdır. Şəkini hər tərəfdən dövrələyən məzarlıqlar bu azadlıq və humanist bayrağın şahidi, bəzi qəbirlər isə həm də şəhididir. Islam öz mədəniyyətini öz bayrağı və dini altında yaymış və təntənə etmişdir. Memarlıq abidələri bu mədəniyyəti daha qabarıq əks etdirir.

 Bu mərhələdə sənətkarlıq sahələri daha da inkişaf edib. Bəzi sənət sahələrində keyfiyyət dəyişikliyi özünü göstərir. Feodal istehsal üsul və münasibətlərinə uyğun natural təsərrüfat daxilində yeni sənətkarlıq və sənət sahələri, peşələr yaranır. Bu inkişafın atributları elə özüdür. Şəki özü bir meqapolis, hökmdarlıq, siyasi, mədəni mərkəz kimi inkişaf edir. Onun təsiri altında Nuxada sənətkarlıq mərkəzləri inkişaf edir. Toponimika bu sahədə ən yaxşı köməkçidir. Bu gün Nuxa, yəni indiki Şəki şəhərində olan məhəllə, nəsil, pir, ziyarət adlarına, (o cümlədən Yuxarıbaş memarlıq qoruğu ərazisində olan) Şəki rayonu ərazisində rast gəlirik. Misal olaraq Mədolar, Saqqızlar, Dodu, Yarımal və s. pirlərə gəldikdə Saqqız, Dodu, Sarlıq və s. pir və ziyarətgahları göstərə bilərik.

 İstər arxeoloji abidələr və istərsə də demoqrafiya və ona uyğun tikililər indiki Şəki şəhərinin məhəllə adları, epiqrafik (qəbir abidələri, lapidar abidələr və s.) yazılı mənbələrlə müqayisəli öyrəndikdə 2-ci dövr bir qədər, 3-cü dövr isə bütövlükdə öyrənilə bilir və hər üç dövrün inkişaf dinamikası Nuxanın bir şəhər kimi yaranması, formalaşması və inkişfı dinamikasını izləməyə imkan verir. Bu dinamika 3-cü dövrün orta inkişaf mərhələsində özünü daha qabarıq göstərir və memarlıq abidələri, orta əsr şəhərlərinə məxsus plan quruluşu ilə təsdiq edilir.

3-cü dövr eyni zamanda Şəki şəhərinin yerinin sel, su daşqınları ilə tam məhv edildiyi nəticəsində Nuxanın bir şəhər kimi yeni dövrə qədəm qoyduğunu göstərir. Şəki öz missiyasını bütövlükdə Nuxa şəhərinə verir. Lakin bu proses-Şəki şəhərinin məhv olması, Nuxa şəhərinin inkişafı birdən birə 1772-ci illərdə baş verməyib. Bundan əvvəlki yüz illiklərdə Nuxa və Şəki mənbələrdə verilir. Kiş çayı həlledici zərbəni birdən birə yox, 1 neçə 100 ilə vura bilib. Son hadisənin miqyası daha böyük olub, hətta bu sel, daşqın Əyriçayın sağ sahilində olan Qudula, Qaradağlı kəndlərinə də ziyan vurub və rəvayətə görə Qaradağlı kəndini Əyriçaya tərəf daha da sıxışdırıb. Küngüt çayının Eymir kəndini öz sel və sularına qərq etməsi də həmin dövrə təsadüf edir və Eymirlilər Fazıl kəndinə sığınıblar. Tarix öz fəlakət və faciələri ilə doludur və bu tərəqqi və tənəzzül məqamlarını yəqin edir.

3-cü dövr bu proseslərin tarixidir. Nuxa birdən –birə şəhərə çevrilməyib, Şəki şəhəri isə sirli aləmə birdən birə qovuşmayıb. Bu proses ilk orta yüzilliklərdən başlayaraq davam edib və son nöqtə 1772-ci ildə qoyulub. Şəki şəhərinin missiyasını nə üçün məhz Nuxa davam etdirib. Bu xüsusi və hər tərəfli tədqiqata ehtiyacı olan bir mövzudur.

3-cü mərhələ ilk orta əsrlərdən inkişaf etmiş orta əsrlər dövrünü əhatə edir və yeni dövrə -sənaye çevrilişi dövrü başlayana qədər davam edir. Bu dövrü də şərti olaraq VIII-XIX əsrin ortalarına qədər hesab edə bilərik.

Bu dövrdə feodalizm tam bərqərar olur, feodal münasibətləri həyatın bütün sahələrində qalib gəlir və sürətli inkişafa başlayır.

Siyasi sahədə, dövlətçilik sahəsində Qafqaz Albaniyasının Sakaşena, Şaki, Şakki, Şəki kimi tanınan böyük iqtisadi potensiyaya malik inkişaf etmiş böyük bir vilayətində də feodal pərakəndəliyi dövrü öz izini qoyur. Vilayətin mərkəzi Şəki şəhəri və onun yaxın əraziləri bu mübarizəyə qoşulur. Babək ordusu tərkibində Bəzzdə, Naxçıvan azadlıq, yurdsevərləri tərkibində Əlincədə, monqollara qarşı sığnaq və qalalarda vuruşan şəkililər nəhayət hökmüdarlıq titullarına uyğun nominal müstəqilliyi Azərbaycan ərazisində ilk dəfə azadlıq və tam müstəqillik bayrağı qaldıraraq Xan titulu ilə əvəz edirlər. Bu xanlıq və onun yaratdığı inersiya Çar müstəmləkəsi yaranana qədər və xanlıq ərazisi ləğv edilib, üsyanlarla müşahidə edilən burjua islahatları aparılan dövrə qədər davam edir. Dərviş Məhəmmədlə başlayıb müəyyən fasilələrlə davam edib, Çələbi xanla başa çatan bu hərəkatın dövrü tarixdə uzun sürməsə də, həyatın bütün sahələrində bəzi səciyyəvi cəhətləri ilə yadda qalıb və onun daha da qüvvətli təkan verdiyi elə sənət sahələri də var ki, bu gün də yaşayır (papaqçı, halvaçı, məişət avadanlığı, şərbablıq, şirniyyat və s.)

Eyni zamanda bu dövr təklif və tələbinə uyğun elə sənət sahələri vardır ki, sürətlə inkişaf edir, yeni bazarlar əldə edir, böyük İpək yolu ilə və Böyük İpək yolunu yaşayır və yaşadır. XV əsrdə İpək yolu əhəmiyyətini itirsə də, Nuxa və şəkililər onun əhatə etdiyi əraziləri əhatə edir (ipək, zərgərlik, gön-dəri, şirniyyat, sərraclıq, silahsazlıq, dəmirçilik). Elə sənət və istehsal sahələri də var ki, həm yeni yaranıb, inkişaf edir, həm də öz dövrünü sənaye-fabrik istehsalına görə başa çatdırır (barıt, odlu silah istehsalı, silahsazlıq, çini və şüşə qablar istehsalı və s.).

Bir meqapolis kimi Şəki şəhərinin taleyində Şəki xanlığının yaranması başqa bir nəticə də verdi. Əsrlər boyu Şəki şəhərini sel təhlükəsi və daşqınlarla hədələyən Kiş çayı 1772-ci ildə hətta Midiya, Əhəməni, yunan, Roma imperiya qoşunları tərkibində və azadlıq ləzzətli sosial ədalət həsrəti ilə onlara qarşı vuruşan şəkililərin baş şəhərini öz fəlakəti altında məhv etdi. Şəki Kiş çayın o biri üzündəki Nuxa, Kiş və s. yerlərə sığındı və Nuxanın yeni intibah dövrü başlandı. Bu dövrdən həyatın iqtisadiyyat və siyasətin, geniş mənada mədəniyyətin qədim izlərini Nuxa şəhərində axtara bilərik. Onun da qeyd edək ki, Nuxanın bir meqapolis kimi, meqapolisin isə mərkəzi kimi Yuxarıbaş memarlıq qoruğunun yüksələn xəttlə intibahı da bu faciədən sonra yaranır və sürətlənir.

Uzun bir tarix yaşanmasına baxmayaraq, Şəki şəhəri və istərsə də şəhərin Yuxarıbaş memarlıq qoruğu ərazisində eninə genişlənmə keçən yüz ilə qədər o qədər də əhəmiyyətli olmayıb. XIX əsrin sonlarından Şəki şəhərinin ərazisi getdikcə genişlənməyə başladı. Bu hər şeydən əvvəl Şəkidə sənaye, xüsusilə ipəkçilik sənayesi və yüngül sənaye (yeyinti sənayesi və yeni iqtisadi quruluşa uyğun olaraq şəhər təsərrüfatı, tikinti və tikinti materialları istehsalı sahələrinin, ticarət və s. sahələrin artımı ilə müşahidə edilir. XX əsrin 60-cı illərindən Şəki şəhəri Qurcana çayın orta axarını, onun su hövzəsini, Dərmanarx çayının bütün hövzəsini (yuxarı hissəsi istisnadır) əhatə edir. Köhnə manufakturalar, davellər, fabrik və zavodlara çevrilir, ipəkçiliyin yeni (baramadöyən, ipəkayıran və toxuyan) sahələri vahid bir şəbəkə kimi inkişaf edir. Şəki Azərbaycan Respublikasının mühüm sənaye, aqrar-sənaye mərkəzlərindən birinə çevrilməklə, Şimali-qərbi Azərbaycanın meqapolisi kimi tarixi ənənəni yaşamaqda davam edir. Şəhərin ətraf ərazilərində Şəkini üzük qaşı kimi dövrələyən bir çox kəndlər böyüməkdə olan sənaye şəhərinə köçür, kəndlər tərk edilir (Salıncaq, Dodu, Ağalı), daha yaxın kənd tipli qəsəbə və kəndlər sürətlə böyüyür (Qoxmuq, Oxud, Kiş), Qışlaq isə şəhərə birləşir. Hələ ötən əsrin 60-cı illərinə qədər Qışlaq özü üç yerə bölünürdüsə (Qışlaq, kənd ayağı və dağ dibi hissəsi) və həm bu hissələr, həm də Qışlaqla şəhər arasında böyük bağlar, otlaq və meşə sahələri qalırdısa, artıq 60-cı illərdə nəinki bu “boşluqlar” dolur, hətta Şəki şəhərinin yuxarı (Nuxa) hissəsində, xüsusən Qurcanaçayın orta və aşağı hissəsində, qədim Nuxanın dağ ətəyi hissələrində “sıxlıq” başlayır. Şəhər digər tərəfdən Kiş çayın yatağı ilə qədim Şəki şəhərinin məhəllə adları bəzi nəsil adları bütövlükdə şəhər ərazisində və xüsusən inkişafın qeyd etdiyimiz mərhələsində və Yuxarıbaş memarlıq qoruğu ərazisində bu inkişafın dinamikasını əks etdirir.

Yaxın kəndlər olan Kiş, Oxud, Qoxmuq, Zəyzid kəndləri də dağ ətəklərinə, dərələrə doğru inkişaf edir. O zaman deyildiyi kimi Qoxmuq kəndinin Kiş çayı yatağına düşən hissəsində sənaye rayonu yaradılması ilə bərabər Qoxmuq kəndi düzən əraziyə doğru da genişlənməyə başlayır. Oxud kəndinin Kiş çayının yatağına düşən hissəsi Kiş çayın yan erroziyası ilə ömrünü başa vurur, vaxtilə tərk olunaraq Oxuda birləşən Alagöyüt kəndinin yerləşdiyi ərazilərə tərəf genişlənir. Kiş kəndi də bu prosesi yaşayır. Xantamar ərazisi məskunlaşır, Dərə məhəlləsinin çaya yaxın düzən əraziləri tərk edilir, Dağ ətəyi ərazi və otlaqlar məskunlaşır, Maflar, Duluzlar, Cour məhəllələri “sıxlaşır”.

Qaynar, Salıncaq, Kin, Tompal, Əhmədbəyli, Quruşqalı, Yaşmil, Ağalı kimi yaşayış yerləri, qışlaq hissələri isə birdəfəlik tarixin salnaməsinə, sirli səhifələrinə yazılır. Onların, orda yaşayan bir çox nəsillərin adları isə məhəllə adlarında yaşamaqda davam edir. Bu proses XX əsrin zorakı miqrasiyaları, təbii və siyasi fəlakət və faciələri sürətləndirir. XIX əsrin zorakı və siyasi miqrasiyalarının yerləri dolur və ya tarixə yazılır. Daşbulaq, Göybulaq, Cumakənd, Şorsu bu siyahıda özünə yer alır. Eyni zamanda şəhərdə yeni məhəllələr  yaranır (Pirimlər, Daşbulaq, Çayqırağı, Dovşandüzü və s.).

Şəki şəhəri, onun ərazisi və yaxın ətraf əraziləri tarixin bu eniş-yoxuşlarını, tərəqqi və tənəzzül, fərəh və kədərini yaşaya-yaşaya bir meqapolis kimi, mühüm bir sənətkarlıq, ticarət, elm, mədəniyyət mərkəzi kimi 1000 və 100 illərin sınağına sinə gərərək, öz tarixinin yaddaşı, canlı salnaməsi kimi Yuxarıbaş memarlıq qoruğu kimi fərəh salnaməsini yadigar qoymuşdur. Bu salnamə əslinə qalanda adının Nuxa memarlıq qoruğu olmasını şərtləndirən Nuxa şəhəri salnaməsinin özüdür. Bu gün də onun ərazisinin, Azərbaycan və region üçün hər mirvarisi, muncuğu bir tarix olan boyunbağı rolunu oynayan varlığını nəfsin zorakılığından qorunması özü dünya mədəniyyəti toplusunda tutduğu şərəfli yeri qorumaq kimi şərəf işidir.