Məqalələr‎ > ‎

Hardasa görmüşəm...

6 Tem 2015 12:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Tem 2015 12:41 güncellendi ]








Hidayət ELVÜSAL


...Avtobus adamla dolu idi. Və hamı o sərxoş kişiyə qulaq kəsilmişdi. Yanında oturan qadına:
- Mən səni hardasa görmüşəm!
- Yuxunda görmüsən, - deyə qadın üzünü yana çevirdi.
- Yoox! Mən ölüm hardasa görmüşəm. Ama yadıma sala bilmirəm.
- Yadına daş düşsün sənin.
- Düşsün! Madam ki, sən məsləhət görürsən, qoy düşsün.
- Yerə soxum sənin boyunu!
Kimsə səsləndi:
- Ay bacı, sərxoşdu, fikir verməyin. Yola verin getsin.
- Bunun yolu cəhənnəmlikdir elə!
Kişi başını buladı:
- Heç evə gedə bilmirəm. Cəhənnəmə necə gedim?
- Narahat olma! Əzrail qolundan tutub aparacaq.
- Sən mənim canım?!
- Sən öləsən! Özü də “Vağzalı” ilə.
- Toy olacaq?
- Əzrailin toyunda Elariz Məmmədov oxumur.
- Bəs kim oxuyur?
- Ya Hyuston oxuyur, ya da Barış Manco.
- Gözəl!
Yenə kimsə dilləndi:
- Ay bacı, yazıqdı, fikir verməyin!
- Bunu yazıq ilan vursun!
Ağbirçək qadın da xanımı sakitləşdirmək istədi!
- Bədbəxt adamdı. Qarğış eləmə!
- Bunun boyuna qamış ölçüm.
Kişi yenə bağırdı:
- Sən mənim canım, səni harda görmüşəm? Özzüm ölüm görmüşəm! Prosto, yadıma sala bilmirəm. Sən azərstarda oxumamısan?
- Öl e, öl!
- Özzüm ölüm, oxumusan. Ya azərstarda oxumusan, ya da xalqın artistində. Qəşəng də səsin var.
- Var! Sən öləndə üstündə ağı deyəcəm. Qəşəng bayatılar oxuyacam.
- Oxu, qurban olum, oxu! O bir dənə mahnı var e, oxu, gözəl, oxu, gözəl, qoy səsin…
- Kül sənin başına! Adını kişi qoymusan!
Kimsə yenə dilləndi:
- Ay bacı, onu eşitmək istəmirsizsə, yerinizi dəyişin.
Kişi:
- Yox, sən mənim canım xətrinə dəyməyin. Qoyun yanımda otursun. Vallah, hardasa görmüşəm.
Bayaqkı adam:
- Ay bacı, bəlkə doğrudan da sizi hardasa görüb?
Qadın bir qədər susdu, sonra ağır-ağır dilləndi:
- Görüb, ay qardaş, görüb.
- Harda görüb?
- Harda görəcək, ay qardaş, evdə görüb.
- Nə?!
- Hə!! Bu ölmüş ərimdi. Bayaq yenə pivəxanadan tapmışam. Evə aparıram.
Kişi sevindi:
- Sən mənim canım, gördünüz. Deyirəm axı, bunu hardasa görmüşəm.
-
-
Mənbə: Tezadlar.az