Məqalələr‎ > ‎

Azərbaycan bayrağı haqqında bilmədiklərimiz...

7 Kas 2014 23:15 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Kas 2014 02:30 güncellendi ]










Dos. f.d. Faiq ƏLƏKBƏROV 
(Qəzənfəroğlu) 


        9 noyabr Azərbaycanda Bayraq Günü bayramıdır. Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 noyabr Milli Bayraq Günü bayramına çevrilmişdir. 
        Xatırladaq ki, 1918-ci il noyabrın 9 da Azərbaycan Cümhuriyətinin qurucusu, ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Milli Şura o vaxt Türkiyə bayrağına çox oxşar olan Azərbaycan bayrağını dəyişərək belə bir qərar almışdır. Bununla da müstəqil Azərbaycan bayrağının son cizgisi bəlli olmuşdu. Hələ, o dövrdə birbaşa və dolayısıyla Azərbaycan Bayrağı haqqında bir çox nəzm və nəsr əsərləri yazılmışdır. Indi həmin əsərlərdən bir neçəsini oxucularımızın diqqətinə çatdırmaq istrədik. Çünki bizlər Cümhur­iy­yət dövründən başımızın üzərində dalğalanan üçrəngli bayrağın mənəvi mahiyyətini dərk etməliyik. Yəni bu quru şüarçılıqla, populizmlə və sairlə bağlı olmamalıdır.
        Şübhəsiz əsrlərində Azərbaycan bayrağına ən çox yer verən milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadədir. “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını ilk kəs Azərbaycan Parlamentinin ali kürsüsündən səsləndirən milli ideoloqumuz deyirdi: “Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbay­canı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy­yətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir”.
        Rəsulzadə «Azərbaycan Cümhuriy­yəti» kitabında üçboyalı Azərbaycan bayrağının anlamını belə açıqlayırdı: «Bayrağındakı məzmun, fikir surətilə müasir bir türk və islam siyasi mövcudluğuna qovuşmaq ümidilə…». Fikrimizcə, burada qeyd edilən «müasir bir türk və islam» kəlməsi göstərir ki, müasirlik dedikdə, ilk növbədə milli və dini sahədə, yəni islamda və türklükdə yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü – dünyəvilik (layiqlik) nəzərdə tutulur. Bunu, Rə­sulzadənin bayrağın mənası ilə bağlı kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir daha təsdiq edir: «Azərbaycan bayrağındakı mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də – təcəddüd (yeniləşmə) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» – düsturunu ifadə etmiş olur».
        Milli ideoloqumuz “Çağımızın Səyavuşu” əsərində üzünü gəncliyə tutaraq dedikləri bu gün də öz əhəmiyyətini itirməmişdir:
        “Ey gənclik!
        Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, on min müşkülatla ucaldaraq dedi ki:
        Bir kərə yüksələn bayraq bir da enməz!
        Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda
        - Ya qazi və ya şəhid olacaqsan!».

        Rəsulzadə yox yerdən bir bayrağın ucaldılmasını deyərkən, heç də tariximizdə müstəqil dövlətlərin olmamasına, yaxud da əsrlər boyu ancaq əsarət altında yaşamağımıza işarə etməmişdir. Sadəcə, milli ideoloq onu ifadə etməyə çalışmışdır ki, artıq bir əsrə yaxındır çar Rusiyası Azərbaycan Türk millətinin azadlığını əlindən almış və milli bayraqdan məhrum etmişdir. Çar Rusiyası bunu edərkən isə Azərbaycan türklərinin vahid milli bayrağı olmamış və o, ayrı-ayrı xanlıqlar şəklində idarə olunmuşdur. Bu mənada, Azərbaycan türkləri 1918-ci ildə artıq parçalanmış bir millət deyil, vahid millət şəklində meydana çıxmış və vahid milli bayrağını qaldırmışdır.
        Tanınmış aydınımız, milli operanın banisi Üzeyir Hacıbəylinin fikrincə, bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi boya isə mədəniyyətə işarədir.
        Milli ziyalılarımızdan Nağı Şeyxzamanlının fikrincə də, hər bir Azərbaycan türkünün ürəyi iki müqəddəs varlıq ilə doludur: «Birisi din duyğusu, digəri milli duyğu. Azərilər bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarında da əks etdirmişdilər. Azərbaycan bayrağı üçrənglidir: yaşıl rəng islamiyyəti təmsil edir. Qırmızı rəng və ay-ulduz müasirçiliyi təmsil edir. Üçüncü rəngi olan mavi isə soyunu təmsil edir. Hər bir azərinin fikri istiqlal duyğusu ilə doludur»
        Milli aydınımız Məhəmməd Hadi Azərbaycan Cümhuriyyətinin istiqlalını sonsuz sevgi və hərarətlə qarşılamış, istiqlalımıza öygülər yağdırmışdır. «Türkün nəğməsi» şeirində o yazırdı ki, türkün tökülən qanları, məfkurə yolunda gördüyü işlər hədər gedə bilməz və onlar getdiyi istiqlal yoldan geri dönməyəcəklər:

                    Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
                    Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
                    Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
                    Məfkurə yolunda tökülən qan hədər olmaz.

        Azərbaycan Cümhuriyyətinə həsr etdiyi «Məfkureyi-aliyyəmiz» şeirində isə Hadi, gənc türk dövlətinin varlığını dünya millətlərinə isbat etməyi zəruri hesab etmişdi. Onun fikrincə, Azərbaycan türklərinin milli ideyası da məhz şanlı və şərəfli həyat yaşamaqdır:

                    Məfkurəmiz yolunda nə lazımsa etməli,
                    Məqsədə doğru əzmü-xüruşanla getməli.
                    Çıxsın dilərsə qarşımıza həp məzarımız,
                    Qorxmaz məzardan bu dili-əzmkarımız.

        Hadi birmənalı şəkildə Azərbaycan Cümhuriyyətini türk dövləti adlandırmışdı: «Ey Türk dövləti, və ya bəxti-növcavan».
        Azərbaycan türk aydınlarından Hüseyn Cavid də yaradıcılığında Turan və Azərbaycan bayrağndan bəhs etmişdir:

                    Bir zamanlar şərəfli Turanın
                    O cihani ğəyuri qavğanın
                    Qəhrəman, bərguzidə evladı,
                    Türklərin adlı-şanlı əcdadı
                    Saldırıb titrədirdi yer yüzünü,
                    Hökm edər, dinlətirdi hər sözünü.

        «Qoca bir türkün vəsiyyəti» şeirində də Cavid qeyd edirdi ki, ilk vəzifəmiz türk millətinin şanlı tarixini, mədəniyyətini və mənəviyyatını öyrənmək olmalıdır. Yəni ilk növbədə, milli mənsubiyyətimizi tanımalı və türk olmağımızla fəxr etməliyik:

                    Bir millətin tarixidir kökü, yurdu, yuvası,
                    Tarixiniz baş ucundan hərgiz əksik olmasın.
                    «Altay» dağı, «Makan» çölü, «Yasın» ovası,
                    Birər aydın səhifədir, hər türk gərək anlasın…

                    Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
                    Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.
                    Baqın, görün tarixiniz sizə nələr göstərir,
                    Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz…

                    Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır,
                    Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.
                    Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır…
                    Arş iləri! Qomşular yol aldı, geri qalmayın!

        Azərbaycan türk ziyalılarından Abdulla Şaiq «Marş» şeirində turançılıq məfkurəsindən çıxış edərək yazır ki, türklər Turan yolunda birləşməli, ünlə, zəfərlə, şanla tarixini doldurmalı və düşmənlərinə yerini göstərməlidirlər:

                    Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
                    Ünlə, zəfərlə, şanla tariximiz doludur.
                    Yürüyəlim irəli, haydı, millət əsgəri,
                    Keçmişimiz şan, zəfər, durmayalım biz geri.
                    Yıldırımlı gözünüz qan ağladır düşmənə.
                    Qorxaq, alçaq, xainin bu meydanda işi nə?!
                    Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
                    Altqn ordu, irəli! Dağlar-daşlar aşalım!
                    Türk qafasında qorxu yuvalamaz, düşmənim!
                    Həp dəmirdən yapılmış ruhum, qəlbim, bədənim.
                    Süngümüzün ucundan damar qətrə-qətrə qan,
                    Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşman.
                    Dalğalanır üstümdə şanlı Turan bayrağı,
                    Alovlanır qəlbimdə «Ərgənəkon» ocağı.
                    Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
                    Turanda gün doğunca zülmətlə çarpışalım!.

        Milli aydınlarmızdan Əhməd Cavad da H.Cavid, A.Şaiq, C.Cabbarlı və başqa Azərbaycan türk mütəfəkkirlər kimi, həm turançılığı, həm də onun müstəqil bir qolu olan Azərbaycan türkçülyünü təbliğ etmişdi. Fikrimizcə, onun turançılığı «Çırpınırdın Qara dəniz» şeirində daha aydın şəkildə ifadə olunmuşdu. Cümhuriyət dövründə isə Ə.Cavad ümumi türkçülüklə, türk birliyi (turançılıqla) ilə yanaşı, konkret Azərbaycan türkçlüyünü şeir vasitəsilə təbliğ etmişdir. Belə ki, o, «Azərbaycan bayrağına» şeirində Türküstandan, Turandan, üç boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin birliyindən söz açmışdır:

                    Türküstan yelləri öpüb alnını
                    Söylüyor dərdini sana, bayrağım!
                    Üç rəngin əksini Quzğun dənizdən
                    Ərmağan yollasın yara, bayrağım!
    
                    Gedərkən Turana çıxdın qarşıma,
                    Kölgən Dövlət quşu, qondu başıma!
                    İzn ver gözümdə coşan yaşıma -
                    Dinlətsin dərdini aha, bayrağım!

                    Qayi xan soyundan aldığın rəngi,
                    Qocalmış Elxanla müsəlman bəgi.
                    Elxanın övladı, dinin dirəgi,
                    Gətirdin könlümə səfa, bayrağım!
        
                    Köksümdə tufanlar gəldim irəli,
                    Öpüm kölgən düşən mübarək yeri!
                    Allahın yıldızı, o gözəl pəri,
                    Sığınmış qoynunda Aya, bayrağım!.

        Milli istiqlala və türkçülüyə bağlı olan Cəfər Cabbarlının da yaradıcılığında milli romantizmin nümayəndəsi kimi, milli amillər mühüm yer tutmuşdu. Cabbarlı «Azərbaycan bayrağına» adlı şeirində üç boyalı-üç mənalı Azərbaycan türk bayrağının fəlsəfi-ideoloji izahını belə vermişdir:

                    Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
                    Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
                    Mələklərin qanadımı üzərimə kölgə salan?
                    Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
                    Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
                    Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
                    Fəqət bizim bayrağımız ucaları pək seviyor,
                    Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
                    Kölgəsində ay əyilib bir gözəli qucmada.
                    Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
                    Şu görünüş bir ananın şəfqətinə oxşayor.
                    Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
                    Bu ay, yıldız, boyaların qurultayı nə demək?
                                Bizcə böylə söyləmək!
                    Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
                                Bir türk oğlu olmalı!
                    Yaşıl boya islamlığın sarsılmyan imanı,
                                Ürəklərə dolmalı!
                    Şu al boya azadlığın, təcəddüdün fərmanı,
                                Mədəniyyət bulmalı.
                    Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!
                    Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
                                Səhərlərə uçmuşdur
                    Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
                                Yurdumuzu qucmuşdur!
                    Allah, əməllərim edib şu bayrağı intiqal,
                    Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
                    Yürəyində bir dilək var, o da doğru kəsilsin,
                    O gün olsun bir göy bayraq Turan üstə açılsın.

        Əbdülxaliq Cənnəti 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunmuş «Bayrağımız» şerində yazırdı:

                    Olsa meydanda əgər şəqqəgüşa bayrağımız,
                    Düşmənin qəddini etməzmi düta bayrağımız?

                    Çün hilali çəkib ağuşə səadət təcmin,
                    Məhi-nov tək olub əngüştnüma bayrağımız.

                    Görsə köksündəki ay-yulduzu, göz xirələnir,
                    Bərqi-lame kimidir çöhrənuma bayrağımız.

                    Donadılmış gül ilə, səbzə ilə, zənbəq ilə,
                    Sanki gülşəndə tapıb nəşvü nüma bayrağımız.

                    Qibleyi-taəti-ixfvanı-səfadır, əlhəq,
                    Kəfəni-cismi-şərifi-şühəda bayrağımız.

                    Ta ki türk oğlu ayıqdır, vətəni qoruyacaq,
                    Yatmayıb, yatmayacaqdır əbəda bayrağımız!

                    Cənnəti, xiteyyi-Azərbaycan cənnətdir,
                    Sayə salmış ona tuba kimi ta bayrağımız.

        Hesab edirik ki, ötən əsrdə mövcud olan ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi uyğulamaq lazım deyildir. Ancaq bu o da demək deyil ki, biz Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan milli ideyaları bu gün yalnız tarixin, ya da milli identikliyin hissələri kimi görməliyik. Ən azı ona görə ki, 20-ci əsrin əvvəllərində Azərbaycan milli ideyasının təcəssümü olan üçrəngli-üçmənalı (türkləşmək, müasirləşmək və islamlaş­maq), eyni zamanda vahidliyi və bütövlüyü (milli ruhlu azərbaycançılığı) ifadə edən bayrağı ucaldan Azərbaycan Cümhuriyyəti olmuşdursa da, onu həmin əsrin sonlarında yenidən dövlət bayrağı kimi qəbul edən də biz azərbaycanlılarıq. Hər halda, bugünkü Azərbaycanın dövlət bayrağı ötən əsrin əvvəllərində təməli qoyulmuş Azərbaycan milli ideyasının – azərbaycançılığın bariz təcəssümüdür.