Məqalələr‎ > ‎

“Qurultayda səslənən fikirlər hər birimiz üçün stimul olmalıdır”

9 Haz 2016 00:56 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 9 Haz 2016 00:57 güncellendi ]
Minəvvər Vahabova: “Bizim məqsədimiz Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi uğurunda əlimizdən gələni əsirgəməməkdir” 

        Dünya azərbaycanlılarının hər beş ildən bir qurultayının keçirilməsinin özəlliyi budur ki, xaricdəki soydaşlarımız vətəndə bir araya gəlirlər. Və onlar sonradan vətəndən sanki yeni güc alır və böyük qurultay təəssüratları ilə yaşadıqları ölkələrə qayıdırlar. Elə ABŞ-dakı Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova da bu təəssüratlarını bizimlə bölüşüb. İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edən Minəvvər Vahabovanın sözlərinə görə, Azərbaycanda olmağına çox sevinir: “Belə qurultaylar, forumlar, konfranslar diaspor liderlərinin
toplanması, problemlərinin müzakirəsi üçün çox faydalıdır. Qurultayda səslənən fikirlər hər birimiz üçün stimul olmalıdır. Qurultayın açılışında cənab Prezidentin də çıxışından o qənaətə gəldik ki, hər kəs bizim diaspor təşkilatlarının bir çətir altında işləməsini istəyir. Bu, çox vacibdir. Çünki biz, xaricdə yaşayan azərbaycanlılar ölkəmizin təbliği üçün əlimizdən gələni etməliyik. Fərqi yoxdur hansı yollarla, yəni hər bir gördüyümüz işlər dənizdə bir damla da olsa, Azərbaycanın xeyrinədir”.
        M.Vahabova dedi ki, xaricdə yaşayan azərbaycanlıların əsas məqsədi vətənə xidmət etməkdir: “ABŞ-dakı Azərbaycan diasporu da ölkəmizlə bağlı həqiqətləri konqresdə, senatda qaldırmalıdır. Biz, Azərbaycan həqiqətlərini aksiyalar, piketlər, məktublar və s. yollarla ABŞ-da yaymalıyıq. Acınacaqlı haldır ki, xaricdə Azərbaycanı tanımayan insanlar var. Şəxsən mənə çox pis təsir edir ki, Ermənistanı tanıyırlar, Azərbaycanı tanımırlar. Bizim məqsədimiz Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi, çiçəklənməsi uğurunda əlimizdən gələni əsirgəməməkdir”. 

Fuad HÜSEYNZADƏ,
"Palitra" qəzeti