Məqalələr‎ > ‎

Sevda As Sonay: "İllərdən bəri bütün həyatımızı buna həsr etmişik."

8 Eyl 2016 23:26 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 8 Eyl 2016 23:30 güncellendi ]
Özündə həm rəssamlığı, həm şairliyi, həm pianino ifaçılığı, həm də vokal sənətini birləşdirən təbrizli xanım Sevda As Sonayla müsahibə. 




Söhbətləşdi: Sevda MİRZƏ,
TRT/AZƏRBAYCANIN əməkdaşı


        Müəllif Sevda Mirzə: Özündə həm rəssamlığı, həm şairliyi, həm pianino ifaçılığı, həm də vokal sənətini birləşdirən təbrizli xanım. Təxəllüsü Sevda As Sonay olan Fəridə Əsxərniya. Hal-hazırda Ankarada yaşayan bu xanım doğruları o qədər həssas notlara basaraq söyləyir ki, təsirindən bir müddət çıxmaq olmur. Beləliklə, Sevda xanımın Sevda təxəllüsündən söhbətə başlayırıq.

        Müsahib Sevda As Sonay:
14 yaşlarımdan şeir yazmağa başlamışam. Sevda təxəllüsünü niyə mən seçdim? Çünki mənim içimdə olan dəryalarca sevgi, sevda var, öncəliklə ana dilimə, ana torpağıma, bir azərbaycanlı, bir türk olduğuma görə. Bu sevgi məndə o qədər dərindir ki, bütün yazılarımla, duyğularımla, sənətimlə bağlı içimdə böyük bir sevda oyandırıb. Bu sevda oyandığında mən baxdım-gördüm şeirlərimdə sevdadan başqa bir şey yaza bilmirəm. O anlamda mən Sevda adını özümə təxəllüs seçdim.


        Müəllif Sevda Mirzə: Siz həm şair, həm rəssam, həm də vokal müğənnisisiniz. Bunların üçünün də bir arada – bir qadın üzərində cəmlənməsi çox ağır bir işdir.

        Müəllif Sevda As Sonay: Bu üç sənət uşaqlıqdan mənimlədir: anamla bağlıdır, anamın nisgilləri ilə bağlıdır, anamın oxuduğu bayatılarla bağlıdır, çəkdiyi rəsmlərlə bağlıdır. O, mənim əlimdən yapışıb kiçik bir ev çəkdi, yanında da bir ağac. Bu, məndə gözəl duyğu oyatdı ki, “Mən böyüyəndə rəssam olacağam”. O, bayatıları oxuduqca, mən o şeirləri dinlədikcə, yəni öz keçmişimi duyduqca uşaqlıqda məndə şair olmaq duyğusunu yaratdı içimdə. Və bununla yanaşı mahnı söyləmək, oxumaq həvəsi. İlk mahnı mən nəyi oxumuşam? – “Dağlar qızı Reyhan”ı. Bizim evimizin gözəl bir baxçası var idi. Ağaclar-filan var idi. 6-7 yaşım olardı. O ağacların içərisində mən “Dağlar qızı Reyhan”ı oxuyardım. O zaman Rəşid Behbudov İrana Tehrana gəlib konsert vermişdi. O zaman səfə deyirdik, yəni valları var idi onun, dinləmişdim. Bir onları əzbərləmişdim, bir də “Məşədi İbad”da (“O olmasın, bu olsun” kinofilmində) olan ariyaları, oxumaları. Bunlar o qədər məndə gözəl duyğular yaratmışdı ki. Rübabənin də mahnılarını oxuyurdum sevərək, Şövkətin də. Bir zaman anladım ki, mənim vokal səsim var, muğam yox. Baxmayaraq ki, hamısına ayrı-ayrılıqda sevgilərim var idi, hətta aşıq musiqisinəcən.
        
Sonra mən təhsilə başladım İranda. Bildiyiniz kimi, orada musiqi akademiyası yoxdu, amma gözəl musiqi evləri var. Mən solfecioya (musiqi nəzəriyyəsinə) başladım. Az-çox Azərbaycan mahnısı öyrəndim. Amma bu, məni qane etmədi. Rafiq Umrəni ilə Təbrizdə tanış oldum. Sağ olsun, bunu hər zaman demişəm, onlara çox minnətdaram. Mənim həyatımda önəmli rolları oldu. Bir məktub yazdılar o zaman Gülnaz xanım Abdullazadəyə, Üzeyir Hacıbəyov adına Konservatoriyaya. Mən bu məktubu götürdüm Gülnaz xanıma. Onlar da məni çox gözəl qarşıladılar. Heç zaman unutmaram onların məni belə sevərək qarşılamalarını. Məni professor Elmira xanım Quliyeva ilə tanış etdilər. Bakıda Elmira xanım mənimlə dərsə başladı o gün mən evə gəldiyimdə sankiüzümdə başqa bir həyat açılmışdı, uçurdum göylərdə. O qədər bu sənəti sevirdim! Bakıda qalmaq, Üzeyir Hacıbəyov adına Konservatoriyanın pillələrini çıxmaq mənimçün böyük bir həsrət, böyük bir arzu idi, uşaqlığımdan yaşatdığım. Sanki anamın həsrətini yaşayırdım. O pillələri çıxanda mən Üzeyir Hacıbəyovun rəsmini gördümmü, göz yaşlarımı saxlaya bilmədim. Çünki anamın duyğularını, həsrətini yaşadır onlar məndə, içimdə. Mən oradan elmi musiqi təhsilini davam etdirməyə başladım.


        Müəllif Sevda Mirzə: Siz söyləyirsiniz ki, “anamın həsrətini yaşatmağa başladım”. İstəyırdim soydaşlarımıza, dinləyicilərimizə çatdıraq ki, sizin ananız Quzey Azərbaycandandır (Azərbaycan Respublikasından).

        
Müsahib Sevda As Sonay: Mənim anam 14 yaşında Bakıdan gəlmiş Güneyə. O vaxtdan Bakının həsrətini yaşatmış içində, ömrünün sonuna qədər. Amma Bakıya gedə bilmədi. O ki həsrət yaşamışdı, ona görə deyirəm: “O Bakı həsrəti, o dənizi görmək həsrəti”. Bakı musiqisi, Bakı laylaları, Bakı bayatıları, Bakı muğamları – bunlar hamısı içimizdə yaşamış. Təbrizdə bir bağlantı var idi, istər musiqi, istərsə də şeir-sənət sahəsində.

        Bizim evdə uşaqlıqdan bir rəsm çəkmə ortamı var idi. Həm böyük bacım, həm də qardaşım gözəl rəssam idilər. Onlar mənim ən böyük müəllimlərim sayılır. Bir çox sərgilərdə oldum inqilabdan sonra. Birinci qadın idim ki, mən rəsmlərimi sərgiyə qoymuşdum. Bu yolu biz açdıq. Gözəl Sənətlər Akademiyasının qız tələbələri yavaş-yavaş başladılar orada sərgiyə qoymağa işlərini, indiyə qədər də davam edir. Amma musiqi mənim dünyamı tutdu. O qədər aldı ki dünyamı. Mən orada həm də bir müəllim kimi çalışmağa başladım. Keçmiş zamanlarda heç dəyər verilmirdi.
        İnqilabdan sonra bizə dəyər verildi yox, biz bu dəyəri qazandıq öz əməlimizlə.

        Müəllif Sevda Mirzə: Nəinki Təbriz şəhəri, ümumiyyətlə, Güney Azərbaycan bütövlükdə, başdan ayağa istedadlı insanlar aləmidir. Siz də bir neçə istedadı özünüzdə yaşatmısınız. Büruzə verməyiniz, ortaya çıxarmağınız elə bu mühitlə əlaqədardır. Dinləyicilərimiz, təbii ki, sizdən bir musiqi istəyirlər. Buna görə də, hətta zümzümə etsəniz belə, bizə bir musiqi ifa edin, zəhmət olmasa.

        
Müəllif Sevda Mirzə: İranda qadının səsi varsa belə, onun yalnız xorda oxumaq imkanı var, solo yox.


        Müsahib Sevda As Sonay: İranda qadın təbii ki, xorda oxuya bilir. Mənim İranda bir neçə xanım şagirdlərim olub. Onları həm xora hazırlamışam, həm də bir solist kimi Tehran yarışmalarında olublar, birinci yerləri qazanıblar. Tehranda mənim də bir solist kimi qızlar yataqxanasında açıq həyətdə bir konsertim olub, sadəcə xanımlar üçün.

        Müəllif Sevda Mirzə: Təbrizdən – Azərbaycandan yol almısınız Türkiyəyə, Ankaradasınız.

        Müsahib Sevda As Sonay: Mən İranda olan o basqına rəğmən eləyə bildim həm Tehrandakı farslara, həm də azərbaycanlı bacılarımıza bir Azərbaycan qadını olaraq azərbaycan səsini dinlədim. Neçə ildir bir dartışma, bir sıxıntı var içimdə. Bu məsələdə heç bir iş görə bilmədim burada. Heç bir yardım da görmədim heç bir Azərbaycan dərnəyindən...Üz tutub gəlmişik Türkiyəyə, Güney Azərbaycanın bir türk səsini dünyaya çatdırmaq üçün ki, “Biz də varıq. Biz də bu həyatda varıq. Biz də əmək vermişik. İllərdən bəri bütün həyatımızı buna həsr etmişik”... Elə bir qurum yoxdur ki, gəlsin, ən azından, Azərbaycan tamaşaçısına bir neçə proqram hazırlayaq. Təəssüf. Biz Güney Azərbaycandan bu dəstəyi görmürük. İrandan, təbii ki, dəstək olmayacaq. Azərbaycandan, Türkiyədən, Türkiyədəki azərbaycanlıları sevənlərdən biz bu dəstəyi gözləyirik. Axı, biz ailə sayılırıq...Quzey Azərbaycan yetəri qədər özünü tanıtdırıb, amma bizdə heç zaman o imkanlar olmayıb. Bizim əlimizdən tutub bizə yardım etmək lazımdır. Biz maddi heç nə istəmirik. Hətta bedava (təmənnasız) konsertlər verək. Niyə? - Öz kültürümüzü yaşatmaq, səsimizi çatdıqmaqdan ötrü. Səs deyəndə sadəcə mahnı oxumaq səsi deyil, Güney Azərbaycanın səsini, insanlarımızın səsini yaşatmaqdan ötrü deyirəm.

        
Müəllif Sevda Mirzə: Güney Azərbaycan adının səslənməsi elə o deməkdir ki, bütün digər xalqlar, dövlətlər anlasın ki, Azərbaycan təkcə Quzeydən ibarət deyil. Quzey Azərbaycandan – 8-9 milyondan sayı dəfərlərlə çox olan 30-35 milyonluq bir Güney Azərbaycan da var. Sizin söyləmək istədiyiniz, təbii ki, budur. Söhbətimizin mövzusu genişdi, amma vaxtımız müəyyən bir zaman çərçivəsindədir. Siz bir ailə olaraq Azərbaycan mədəniyyətinin içindəsiniz. Sizin bütün canınız, qanınız, xəmiriniz Azərbaycan mədəniyyətindən, incəsənətindən yoğrulub. Ailənizdə hər şey var: söz - yəni şairlik, rəssamlıq - yəni fırça və bir də oxu səsi. Bütün bunlar sizdə birləşib. Ailə sözünü niyə işlətdim? Çünki Almaniyada Berlində qardaşınız, Azərbaycan Kültür Ocağının ağsaqqalı Ələsgər bəy Məhin qoruyub saxlayır bu mədəniyyəti. Biz ona da sizin vasitənizlə təşəkkürümüzü bildiririk.


       


         Müsahib Sevda As Sonay (Fərdiə Əsxərniya): Mən də sizə təşəkkürümü bildirirəm. Və sizdən çox məmnunam. Siz davamlı Təbrizdə olmusunuz, proqramlar hazırlamısınız, az-çox oranın kültürü ilə, insanları ilə tanışsınız, oradakı qaynaqları bilirsiniz. Buna görə sizinlə danışmaq mənə də rahatdır. Çünki bizi bilən, duyan, anlayan biri ilə danışırıq. Məmnunam və mutlu oldum bu görüşdən.

Mənbə: www.trt.net.tr

* * *

        “Körpü” verilişi (28-ci), mövzu: Sevda As Sonay (Fərdiə Əsxərniya) ilə müsahibə, yayınlanma tarixi: 16.07.2016.
        “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.
        TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.