Məqalələr‎ > ‎

Ramiz Orsərin şeirləri

12 Oca 2015 04:47 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 12 Oca 2015 04:48 güncellendi ]








Vaqif YUSİFLİ


        Şəki əzəldən Azərbaycanın sənət ocaqlarından biri olub və indi də bu ənənəni yaşadır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadədən tutmuş ta orada yaşayan bu günün bir cavan şairinə qədər zəngin söz, musiqi, teatr dünyası var bu bölgənin. Milli dramaturgiyamıza öz komediyaları ilə yeni bir nəfəs gətirən Sabit Rəhman, poeziyamızda əbədi yaşayacaq ustad şair Bəxtiyar Vahabzadə, bənzərsiz aktyor, səhnədə həm xeyirxah, həm avam, həm də qəddar insan obrazları yaradan İsmayıl Osmanlı, Azərbaycan ədəbi tənqidinin sonuncu korifeyi Yaşar Qarayev, gözəl şair Arif Abdullazadə, qəfil ölümün sıralarımızdan qopardığı, amma xatirəsi daim ürəklərdə yaşayan mütəfəkkir alim Aydın Məmmədov Şəki torpağında dünyaya göz açıblar. Şəki unikal bir bölgədir və burada şəkililərin şirin ləhcəsindən tutmuş gülüş mədəniyyətinə, bənzərsiz adət-ənələlərindən, folklor duyumundan, torpağa məhəbbətindən tutmuş sözə, musiqiyə münasibətinə qədər hər şey bizdə belə bir təsəvvür oyadır: 
BURA QƏDİM AZƏRBAYCAN DİYARIDIR.

        Bu gün Şəki qaynar ədəbi-mədəni mərkəzimiz Bakıdan yüz kilometrlərlə uzaq olsa da, orada sözün, musiqinin, teatrın, folklorun nəsimi əsməkdədir. Deməli, istedad üçün təkcə paytaxtda yaşamaq əsas şərt deyil, regionda da yaşayıb sənət aləminə incilər bəxş etmək olar. Bu gün Şəkidə Vaqif Aslan, Namizəd Xalidoğlu kimi müasir poeziyamızda yeri olan, təkcə Şəkidə deyil, Azərbaycanımızda tanınan istedadlı şairlərimiz var. O sırada Ramiz Orsərin də adını çəkə bilərik. AYB-nin üzvü olan Ramizin şeir kitablarının sayı onu ötüb, "Azərbaycan" və "Ulduz" kimi əsas ədəbi orqanlarımızda da şeirləri ilə rastlaşırıq.
        Mən onun 2013-cü ildə işıq üzü görmüş "Bu Vətəndə" şeirlər kitabı və bu il çap olunacaq "Qarabağ dərdi" əlyazması ilə tanış oldum. Şeirlərindəki sadə və təbii ifadə tərzini, həyata, gözəlliyə, dünyaya, təbiətə və cəmiyyətə öz fərdi duyumuyla yanaşmanı hiss etdim. Olsun ki, onun şeirlərinin heç də hamısı poetik səviyyəsinə görə eyni deyil, biri digəri ilə müqayisədə irəlidi, ya geridi (deməli, şeirlər arasında rəqabət gedir), amma heç biri səmimiyyətdən, şairin oxuculara aşıladığı təbii hisslərdən uzaq deyil. Bu şeirlərin hamısına xas olan bir ümdə cəhəti qeyd edim: şair hər şeirində üzünü oxucuya tutur, onunla şeir dililə söhbət eləyir, ona inana da bilərsən, inanmaya da. O şeirdən hətta heç nə yox, bir-iki misra yadda qalsa, deməli, şairlə söhbətin tutdu. Məni onun şeirləri içərisində daha çox məhrəm duyğularla ifadə olunan nümunələr cəlb elədi. Budur, Atası haqqında yazdığı bir şeir:

            Yaşamaq şirindir, yanmaq da şirin,
            Hər şeyin yerini biləsən gərək.
            Ağlayanda qəşş et, ürəkdən ağla,
            Güləndə ürəkdən güləsən gərək.

            Bilmirəm atamın arzu, diləyi,
            Dünyadan umduğu başa gəldimi?
            Aldada bildimi zalım fələyi,
            Göz dolusu bircə kərə güldümü?

            Canından can verib ucaltdı bizi,
            Günü-güzəranı qarışqa işi.
            Hamıya, hamıya yaxşılıq etmək
            Gündəlik işiydi, özəl vərdişi.

            Atam da bilirdi, gələn gedəcək,
            Əzəldən dünyanın işi belədi.
            Mələklər könlünü ələ alınca
            Anamın yanına səfər elədi.


        Bu şeirdə bir Ata obrazı əks olunub və şair çox da təfərrüata varmadan onun əməllərini, övladları üçün candan keçdiyini, həmişə yaxşı işlər gördüyünü bəyan edir. "Göz dolusu bircə kərə gülməyən" bu Ata ümumiləşmiş bir obraza çevrilir.
        Ramiz Orsərin şeirlərində hər hansı nəsnəyə, əşya və predmetə (istər maddi, istərsə də mücərrəd planda olsun) məna vermək, bu xüsusda nəsə təzə söz demək təşəbbüsləri az deyil və görürsən ki, bu cəhdlər uğurlu deyimlərə yol açır. Məsələn, "Kasıbdıq" şeirində çox maraqlı həyati detallar var. Deyir ki: "məmur zalım oğlu Sabiri oxuyur, dodağı qaçmır, Mirzə Fətəlini oxumayıb, çünki ondan baş açmır. Üzeyir bəyi, Cəlili soruşdum, Dedi: "Kimdir onlar?" - bu, ən dəhşətli kasıblıq deyilmi? Təbii ki, əşyalara, məfhumlara məna vermək, onları gözlərimiz qarşısında canlandırmaq, adilikdə qeyri-adilikləri əks etdirmək şairdən istedad tələb edir. Deyək ki, Süd kimi bir gün necə ola bilər?

            Süd qoxulu, süd rəngində
            süd kimi bir gün
            asılıb göy üzündən,
            İçində üzüboz külək,
            Həsrət, sən, bir də mən.


        "Dəli külək", "Buludlar" kimi təbiəti vəsf edən şeirlərdə də bir özünəməxsusluq duyulur. Bu tipli şeirlərdə şair ürəyi ilə təbiətin ahəngi qoşalaşır, təbiət ürəyə köçür, ürəkdə isə təbiətin səsini eşidirsən.
        Ramizin "Yalan ritmləri"ində həyata, cəmiyyət hadisələrinə biganə qalmayan bir insanın etirazları ifadə olunur. Olsun ki, bu şeirlərdə publisistika bəzi məqamlarda poeziyanı kölgələyir, amma yalan haqda yazılanların yalan olmadığına inanırsan.

            Yalan-palan içrə ömür sürməyi,
            Sən, mən hardan bilək, məmurlar bilər.
            "Millətin başına corab hörməyi",
            Sən, mən, hardan bilək, məmurlar bilər.

            Rüşvət verib, rüşvət almaq yolunu,
            Öz xalqının boğazından çulunu,
            Usta-usta çıxarmağın yolunu,
            Sən, mən, hardan bilək, məmurlar bilər.


        Əyalətdə yaşamağın da öz qayğıları, çətinlikləri olur, amma böyük şəhərlərlə müqayisədə bəlkə bir şair üçün mövzu qıtlığı yaranacağı yalan sözdür. Hər şeydən əvvəl əyalətdə-bir kənddə, bir qəsəbədə, bir balaca şəhərdə müşahidə etdiklərin yetərincədir. Təbiət var - seyr elə, gözəllikləri duy, hər fəslin öz ahəngini şeirə gətir. İnsanlar var - növbənöv, çeşid-çeşid, onların sevincini, dərdini duy. Ancaq burada da məmur rüşvətxorluğu, zəhmətsiz pul qazanmaq ehtirasları, şirin vədlərlə insanları aldadıb onları zorla, könülsüz də olsa seçki məntəqələrinə çağıran şəxslərin hiylələri ilə qarşılaşırsan. Və təbii ki, Ramizin şeirlərində də əyalət "əhvalatları" öz əksini tapır.

            Yaşadığım həyat-nağıl-həyat,
            İçi dolu noğul həyat.
            Sular axır, axır durulmur.
            Verən verməkdən,
            Alan almaqdan yorulmur.
            Nağıllardakı div,
            İndi div adamdı.
            Yediyi, içdiyi,
            Alma deyil, su ha deyil,
            Xurmadı, badamdı.
            Vicdanına vurulan qandaldı
            Aldığı daşbaşlar.


        Bəli, bu da nağıldı, amma qorxulu nağıl. Ancaq bu qorxulu nağıllar təkcə bir əyalətin, bir kəndin, bir qəsəbənin içini sarmır, bütün məmləkəti bürüyür. Çünki: "Həmzələr köç atan yerdə, Koroğlular yetişmir". Çünki: "Satan lotu, alan lotu. Küçə lotu, dalan lotu. Elə bil ki, çayır otu, Tırhatırla ələnməkdə ələyimiz. Dərəbəylik xitabətdə, Tayı yoxdur bəlağətdə. Qeyrət zəlil itaətdəgPartapartla əyişməkdə mələyimiz". Çünki: "Dərdlərim, əli qoynunda dayanıb ümid qapısında, boğulhaboğulda. Ümid qapısı bağlı, Açarı da qurd oğlunda".
        Əlbəttə, bu əyalət "əhvalatları" nə qədər qorxulu və ürəkbulandırıcı olsa da, bir şairin içindəki zərif duyğuları, sevgiyə, gözəlliyə, təbiətə mehrini söndürə bilməz. Ramizin sevgi şeirləri mən deyərdim, onun şeirləri içərisində xüsusi vurğulanmalı, haqqında ayrıca söz açılmalı şeirlər sayıla bilər. Bu şeirlərdə yalançı, süni, qondarma hisslər yoxdur, ancaq yaşanılmış duyğular öz əksini tapır. Onun sevgi şeirlərində bu günün sevən aşiqinin ürək döyüntüləri əks olunur. Özünündür o hisslər, amma bizim də duyğularımıza yad deyil. Budur, şair üzünü yağışa tutub deyir ki:

            Ayrılıq buludu alıb üstümü,
            Bəxtim zora düşüb məndən küsdümü?
            Söndürüb odumu, qovub tüstümü,
            Bu yağan yağışın insafı yoxmuş.

        Həsrət motivləri üstündür bu şeirlərdə. Amma Ramiz həsrətdən yazanda da onun obrazını yaratmağa can atır və çox zaman buna nail olur:

            Bir həsrətin bir qapısı,
            Bir qapının iki üzü.
            Bir üzündən sənin şəklin asılıb,
            Bir üzündən mənim.
            İşə bax,
            Deməyə dilim də gəlmir,
            Şəkillərimiz də
            bir-birini görmür,
            göz-gözə gəlmir.
            Bir qapılı,
            iki üzlü
            bir həsrət,
            Gözlərimizə də, həklimizə də
            kəsilib qənim.


        Sevgidə hər şey gözəldir. Onun hicranı da, üzüntüsü də, sevinci də. Sevdiyin qızın bir adi təbüssümü də. Hətta səsi də. "Sənin səsindən harda var?! Adımı belə çəkməmişdi heç kəs. Səslərin bürküsündən boğulurdum, Səsin verdi mənə yeni bir nəfəs".
        Ramiz Orsər Qarabağ dərdini də dilə gətirir və bu dərdi doğrudan da yaşadığını "Qarabağ dərdi" poemasında ifadə etməyə, o dərdi poeziyanın da dərdinə çevirməyi bacarır. Məsələ burasındadır ki, aylar, illər ötdükcə bu dərdin çözülməməsi, ürəklərdə isə qubar bağlaması şeirdə də intizar, həsrət motivlərini ön plana çıxarır. Ordu var, güc var, qeyrət var, amma torpaqlar hələ də işğal altındadır. Ona görə də şairin nisgilinə, səbrinin tükəndiyinə haqq qazandırırsan:

            Daş səbri,
            dəmir dözümü al əlimizdən,
            Yalançı heyrətləri,
            Tülkü qeybətləri
            Yığışdır obamızdan, elimizdən.
            Ayıl məstliyindən,
            Qurtul dözüm şikəstliyindən.
            Qoyma dolsun yaşa dərdi.


        Ramiz Orsərin şeir dilində ara-sıra xırım-xırda əyintilər gözə dəysə də, ümumən bu dil səlisdi, adamı yormur. O, fikrini mümkün qədər yığcam şəkildə ifadə etməyə çalışır. Söz oyunbazlığına yol vermir. Hər üç vəzndə özünü sınayır və deyim ki, heca ilə sərbəstdə yolun düzünü gedir, əruzda isə bir az da mükəmməl olması gərək. Şeirlərinə ilıq bir yumor da qarışır. Hiss olunur ki, Ramiz xalqın, el-obanın, camaatın - Şəki əhlinin dünyaduyumuna, düşüncə tərzinə yaxşı bələddir. Ancaq bütün bunlarla yanaşı, onu da deməliyəm ki, Ramiz Orsər hələ öz şair potensialından, istedadından tam, dolğun şəkildə istifadə etmir. Çox arzu edərdim ki, onun şeirlərində poeziya işığı daha da artsın, bədii təsvir vasitələri rəngarəng olsun, bəzən adi danışıq tonundan əl çəksin. Amma onun yolu dolanbac deyil, əsl şair yoludur və bu yolda ona yeni uğurlar arzulayıram!