Məqalələr‎ > ‎

Türk İsmayıl (İsmayıl Haqqı)

12 Mar 2014 06:28 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 12 Mar 2014 06:29 güncellendi ]
        Sovet Rusiyasının “Qızıl ordusu” tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinə son qoyulduqdan sonra Azərbaycan xalqı “qırmızı vəbanın” bolşevizmin əsirinə çevrildi. Hələ Cümhiryyət dövründə  xalqın müəyyən hissəsini, əsasən də aşağı təbəqələri öz tərəflərinə çəkərək, boşeviklər yalançı ideologiyalarını yeritməyə müvəffəq olmuşdular. Hakimiyyəti ələ keçirdikdən sonra isə onların həqiqi üzü ortaya çıxdı. İlk əvvəl “mülki və siyasi bərabərlik” ideoloqları Cümhuriyyətin hökümət nümayəndələrinə qarşı represiyalar törətdilər. Azərbaycan SSR qurulduğu ilk gündən onun müstəqilliyi formal xarakter daşıyırdı. Bütün qanunlar, əmrlər Moskvadan diktə edilirdi. 1922-ci ildə isə həmin formal müstəqillik də aradan qaldırıldı, Azərbaycan SSRİ pərdəsi altında yenidən Rusiyanın müstəmləkəsinə çevrildi. Sover Rusiyasının Azərbaycanda müsətəmləkə siyasətinin həyata keçirilməsində onların əsrlər boyu əlaltısı  sayılan ermənilərin də böyük rolu olmuşdu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra güc orqanlarının başında dayananların böyük əksəriyyəti bu üzdəniraq millətin nümayəndləri idi.

     1920-ci illərin sonunda yeridilən  kollektivləşdirmə siyasəti isə xalqın vəziyyətini xeyli ağırlaşdırdı. Kollektivləşməyə qarşı ölkənin bir neçə yerində üsyanların başlanması bu iqtisadi siyasətin uğursuzluğunu göstərirdi. Üsyanlardan ən böyüyüyü və ən mütəşəkkili Şəki-Zaqatala bölgəsində baş vermişdi. Ancaq üsyan sovet güc orqanları tərəfindən amansızcasına yatırılmış, hərəkatda bölgənin ziyalılarının böyük bir hissəsi məhv edilmişdir. 1930-cu il Şəki üsyanı haqqında ilk elmi əsəri tarixçi Həbibullah Manaflı yazmışdır. Əsərdə üsyan liderləri və iştirakçıları haqqında geniş məlumat verilmişdir. Ancaq üsyan liderlərinin bir neçəsi haqqında məlumatlar arxivlərdə və başqa yazılı mənbələrdə mövcud olmadığından onlar haqqında yalnız yaşlıların söhbətindən əldə edilən məlumatlarla kifayətlənməyə məcbur oluruq.

   1930-cu il Şəki üsyanında dəstə başçılarından biri də,  Şəkidə türk İsmayıl kimi şöhrət qazanmış, ömrünün sonuna qədər bolşevik və ermənilərə qarşı mübarizə aparmış İsmayıl Hacımməməd oğlu  Haqqıdır. Türk İsmayılın fəaliyyəti və ölümü  haqqında Şəkidə bir neçə  mülahizə mövcuddur. Yaşlı insanların bəzilərinin dediyinə görə Türk İsmayıl 1930-cu il üsyanında həbs edilmiş və Şəkinin Baş Göynük kəndində sovet otryadları tərəfindən güllələnmişdir. Lakin AMEA Şəki Regional Elim Mərkəzinin araşdırmaları nəticəsində Türk İsmayıl haqqında həqiqətə daha yaxın məsələlər üzə çıxmışdır. Araşdırmanın aparılmasında bizə Türk İsmayılın nəvələri Cəbrayıl Hacıməmmədov, Vaqif Hacıməməmədov, Aşağı Kəldək kənd sakinləri Qəribli Bakıxan və Abdiyev Camal İbrahim oğlu köməklik göstərdilər.

    Hal hazırda Türk İsmayl (tam adı İsmayıl Hacıməmməd oğlu) adlı adamın ailəsi Şəki şəhərinin Qışlaq hissəsində Ding dəyirmanı ilə üzbəüz olan döngədə yaşayırlar. Nəslin nümayəndələri Hacıməmmədov soyadını daşıyırlar. Ismayıl Haqqı Türkiyənin Kayseri şəhərində doğulmuşdur. Onun Türkiyədəki həyatı barədə heç bir məlumat yoxdur. Təkcə bu bəllidir ki, onun Türkiyədə Sənubər adlı anası və  Əsli, Zakirə, Təhminə adlı üç bacısı olub. Məhz buna görə də İsmayıl Haqqının oğlu Məmmədəmin qızlarının adlarını Əsli, Zakirə və Təhminə qoyub.

    İsmayıl Haqqı 1914-cü ildə - Birinci Dünya Müharibəsi zamanı Cənubi Azərbaycanda döyüşən Osmanlı ordusunda xidmət edirdi. 1914-cü ilin sonu 1915-ci ilin əvvəlində Rusiya-Osmanlı orduları arasında Sarıqamış döyüşü baş vermişdir. Döyüşdə Osmanlı ordusu məğlub olmuş, ruslar çoxlu sayda əsir ələ keçirmişlər. Əsirlər içərisində İsmayıl Haqqı da var idi. İsmayıl Haqqı 1917-ci ilə qədər əsirlik həyatı sürmüşdür. 1917-ci ildə azadlığa buraxılsa da, vətəninə qayıtmamış və Tisflisdə qalmışdır. Tiflisdə olarkən M.Ə.Rəsulzadə ilə tanış olmuş və sonralar dünyaya gələn övladına da böyük öndərin adını qoymuşdu. 1918-ci ildə Türk Ordusu Azərbaycana daxil olanda İsmayıl Haqqı da bu orduya qoşulur. Bu zaman  Qafqaz İslam ordusunun komandanı Nuru paşa ilə dostluq  münasibəti qurur və buna görə də gələcəkdə ikinci övladının adını Məmmədnuru qoyur. 1918-ci ildə vətənimizin başqa ərazilərində olduğu kimi Şəki qəzasında da, ermənilər təxribatlar  törətməyə, milli qırğın siyasəti aparmağa cəhd edirdilər. Vətənin mərd oğulları ilə birlikdə Türk İsmayıl da ermənilərə qarşı mübarizədə fəal iştirak etmişdir. Aşağı Kəldək kəndindən Qəribli Bakıxanın dediyinə görə Baş Kəldəkli Əhməd Alı oğlu danışırdı ki, Türk İsmayıldan qəzada məskunlaşan  bütün ermənilər qorxurdular. Onu da öyrəndik ki, İsmayıl Haqqı ermənilərlə vuruşmaların birində İndiki Oğuz rayonunun Daşağıl kəndinə gəlir (Oğuz o dövrdə Şəki qəzasının tərkib hissəsi idi) və burada muxaslı Amanoğullarından olan Zaman adlı bir kişinin qızı ilə evlənir.

   1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İsmayl Haqqı da, başqa  Cümhuriyyət tərəfdarları  kimi təqiblərə məruz qalır. Onun Türkiyəli olduğu, Müsavat hökümətini dəstəklədiyi üçün təqib edirdilər. İsmayıl Haqqı sovet hakimiyyətinin yeni qurulduğu dövründə Şəkinin Qışlaq ərazisində “Ding dəyirmanı”nın qarşısındakı döngədə özünə ev tikib burada məskunlaşır. Ancaq o konkret olaraq bolşevik hakimiyyətinin ilk günündən ona düşmən kəsilmişdi. Bu səbəbdən qaçaq həyatı sürməyə məcbur olmuşdu. 1920-ci illərdə İsmayıl Haqqı Aşağı Kəldək kəndində fəaliyyət göstərir. Həmin kəndin 90 yaşlı  sakini Abdiyev Camal İbrahim oğlunun dediyinə görə Türk İsmayıl bu kəndə gələn kimi məscid tikdirmiş (indiki məscid eşiyi deyilən yerdə) və bu məsciddə imamlıq etmişdir. O, burda gənclərə dini bilikləri mənimsətməklə yanaşı, onlara silah atmağı da öyrədirdi. Məqsədi isə vətəni rus işğalçılarından xilas etmək idi. İsmayıl Haqqı 1928-ci ildə Rus otryadları ilə döyüşdə Yuxarı Karvansarada yaralanmışdı.

   1930-cu ildə Şəki-Zaqatala bölgəsində kollektivləşmə əleyhinə üsyan başlayanda Türk İsmayil öz silahlı dəstəsilə bolşeviklərə qarşı aktiv mübarizəyə başlamışdı. İndiki “Üç güyüm” adlı yerdə Mir Cəfər Bağırovun zirehli maşınına hücum çəkən qaçaqlar içərisində İsmayıl Haqqı da yer almışdı. Şiddətli döyüşlər getsə də qüvvə bərabərsizliyi özünü göstərdi. Üsyan yatırıldı. Üsyançıların böyük bir hissəsi həbs edilərək Şəki Qalasındakı həbsxanaya salındı. Canını qurtarıb bəziləri silahı yerə qoysalar da, böyük bir hissə qaçaq hərəkatına qoşuldu.Türk İsmayıl da onların sırasında yer almşıdı. Qaçaqların ən çox yığışdıqları yerlərdən biri Aşağı Kəldək kəndində Həzrət Əli Qalası (Qız qalası) deyilən yer idi. Ancaq əfsuslar olsun ki, elə həmin il İsmayıl Haqqı Aşağı Kəldək kəndində haqqın dərgahına qovuşdu. Onu həmin kənddə “Ding qoruğu” adlı yerdə dəfn etdilər.

     Türk İsmayıl haqqında bir çox rəvayətlər olsa da, onlardan bəziləri həqiqətə uyğun deyil. Məsələn bəzi mətbuat səhifələrində Türk İsmayılın şəkli nümayiş etdirilmişdir. Ancaq həmin şəklin başqa bir İsmayıl Haqqıya məxsus olduğu ortaya çıxır. Həmin şəkli Türk İsmayılın yaxın dostu Abdurrahman Lətifova  göstərəndə, o, şəkoildəkinin İsmayıl Haqqı olmadığını söyləmişdir. Abdurrahman Lətifovun dediyinə görə, Türk İsmayıl çox güclu və hündir boylu adam olmuşdur. Şəkildəkinin isə tamamilə başqa bir şəxs olduğunu qeyd etmişdir.

    İsmayıl Haqqının həyat yoldaşı Xədicə xanım 1937-38-ci illərdə represiyaya məruz qalaraq, Özbəkistana sürgün edilmişdir və orada 6 il sürgün həyatı yaşamışdır. Xədicə xanım sürgünə anası ilə yollanmışdı. Sürgündən qayıdanda Anası Bərdədə rəhmətə getmiş və İsmayıl Haqqının Yevlağın Gülöyşə kəndindən olan dostu Abbas adlı bir kişi Xədicə xanımın anasını dəfn etdirmişdir. Hətta Abbas kişi, Xədicə xanım və onlarla birlikdə sürgündən gələn Şəki göz xəstəxanasının müdiri Gülarə (və ya Surayə) xanımı yemək, yol azuqəsi  və miniklə  təmin edir. Xədicə xanım sürgündə olanda onun övladlarını  Daşağıldan bacılığı himayə edir.

    İsmayıl Haqqının oğlu Məmmədəmin  Hacıməmmədov əvvəllər kolxozda sonra isə MTS-də işləyib. O atasından qalan kitablar və atasının dostlarından islam elmini öyrənimişdir. Şəkidə onu Molla Məmmədəmin dayı kimi tanımışlar. Böyük  oğlu Məmmədnuru da zəhmətkeş həyat sürmüş, kolxozda işləmişdir. İsmayl Haqqının nəvəsi Cəbrayılın verdiyi məlumata görə, atası Məmmədəmin dayı danışırdı ki, ermənilər həmişə onların ailəsindən şikayətlər yazırdılar. Ermənilər tez-tez yalan məlumatalarla İsmayıl Haqqının qapısını göstərirdilər. Məmmədəmin dayının boyu hündür olduğundan onu hərbi akademiyaya oxumağa göndərirlər. Ancaq tibbi komisiyada olan erməni həkim onun soyadına baxır və onu yararsız kimi uzaqlaşdırır.

    İsmayıl Haqqının ailəsi hal-hazırda da ilkin məskənlərində - Şəkidə “Ding dəyirmanı”nın yaxınlığğında yaşayırlar.