Məqalələr‎ > ‎

"Palatanın təklifimizə rəyi çox qərəzli və aşağı əyarlı idi...”

13 Tem 2017 06:50 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 13 Tem 2017 06:59 güncellendi ]
“Təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, 
nazirlərin maaşlarına çatdırılması kursu 
götürülsəydi, 
mən bunu alqışlayardım” 
Əli Məsimli

Azərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Moderator.az-a müsahibəsini təqdim edirik: 



Söhbətləşdi:
Zülfüqar HÜSEYNZADƏ,
Moderator.az xəbər portalının baş redaktoru


        - Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasla bağlı fikirlərinizi almaq istərdik....

        - Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidentinin qobal, regional və ölkədaxili məsələlər kontekstində bir sıra mesajlarını ölkəmizin mənafeləri baxımından çox vacib hesab edirik. İlk növbədə Azərbaycan Prezidentinin bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşünü bizim strateji əlaqələrimizi təsdiqləyən və Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirməsini xüsusi qeyd etmək istərdik. Deməli, Azərbaycan-ABŞ arasında geniş spektrli dialoq öz bəhrəsini verib ki, Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin başlanması mesajı verildi. Bu, həm də o deməkdir ki, Azərbaycan-Amerika münasibətlərində enerji və təhlüksizlik məsələləri ilə yanaşı, həm də təkamül yolu ilə demokratiyanın və islahatlarin genişləndirilməsi və s. bu kimi məsələlər tədricən ön plana çıxa bilər. Dialoq zamanı nəzərdə tutulan həmin məqamlar dolğun şəkildə gerçəkləşməyə başlasa, Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaranacaq. Avropa Birliyi ilə Azərbaycan arasında yeni saziş hazırlanıb həyata keçirilməsi həmin əlaqələri genişləndirəcək. Avropa Birliyi və dünya dövlətləri ilə daha sıx və fəal əməkdaşlıq kursu müstəqilliyinə real məzmun vermək yolu tutmuş Azərbaycanın mənafelərinə və milli maraqlarına tam uyğundu. Çünki Azərbaycanın dövrümüzün yeni çağırışlarına ən dolğun cavabı, rəqabətədavamlı səmərəli inkişafı və əsl sosial- iqtisadi tərəqqisi cəmiyyət həyatının bütün sahələrində sistemli demokratik islahatlardan keçir.

        - Ölkədaxili məsələrə aid hansı məqamları xüsusi qeyd etmək olar?

        - Ötən il Azərbaycan iqtisadiyyatının yaşadığı resessiya ilə əlaqədar olaraq hələ də iqtisadiyyatının ümumi durumunun inteqral göstəricisi olan ümumi daxili məhsul, onun adambaşına həcmi, əhalinin real gəlirlərinin azalmaqda davam etməsi ilə yanaşı, son aylar qeyri-neft sektorunda, sərmayə qoyuluşunda, tikintinin yenidən canlanmağa başlamasında, ödəniş və həm də xarici ticarət balansında, qeyri-neft ixracında özünü göstərən müsbət meyllərin dairəsinin genişləndirilməsi və davamlı xarakter alması xeyli dərəcədə islahatların nə dərəcədə gerçəkləşdirilməsindən asılı olacaq. Ona görə də Srtateji Yol Xəritəsində nəzərdə tutulan istiqamətlərdə tədbirlər, qeyri-neft sektorunun üstün inkişafı, struktur islahatları, sahibkarlığın inkişafı, aqrar islahatlar və s. davam etdiriləcək. Sərmayə qoyuluşlarını artırmaq, xüsusən də regionların sərmayə cəlb edilməsi sahəsindəki manelərin aradan qaldırılması istiqamətində səylər artırılacaq. Bir sıra rayonlarda icra başçıları rəhbərlik etdikləri rayonların inkişafına təkan verməkdən, sərmayə qoyuluşlarını artırmaqdan ötrü bütün imkanlarını səfərbər edib deyə, konkret nəticələr də görünür... Amma elə icra başçıları da var ki, bu istiqamətlərdə nə özü bir iş görür, nə də rayona sərmayə qoymaq istəyənlərə əməlli-başlı bir şərait yaradır. Ona görə də belə rayonlarda problemlər problemin üstünə gəlir, yeni açılan iş yerləri barədə şişirdilmiş rəqəmlər ordakı məşğulluğun real vəziyyətinə uyğun gəlmir. Bu ilin sonlarında öz işini günün tələbləri səviyyəsində qura bilməyən icra başçıları barədə adekvat tədbirlərin görüləcəyi məsələsi çox aktuallaşacaq.
        Dövlət başçısının məmurlar barədə dəfələrlə dediyi fikirlərin bu dəfə də təkrarlanması və bu yöndə real addım atması o deməkdir ki, artıq deyilənlərin gerçəkləşdirilməsi mərhələsi başlanıb. Ona görə də dövlət başçısının çıxışında yenidən əks olunduğu kimi “məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var”... “Məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır”.

        - Milli Məclisin yaz sessiyası və onun növbədənkənar iclaslarını başa vurmaqla siz də 2017-ci ilin birinci yarısına yekun vurdunuz. Milli Məclisin yaz sessiyasının növbədənkənar iclası çağırılanda çoxları elə düşündü ki, islahat xarakterli sənədlərin içində əhalinin dollarla olan kreditlərinə bir əncam çəkiləcək sənəd də olacaq. Amma gözləntilər özünü doğrultmadı...

        - Bəli, hazırda əhalinin xarici valyutada olan kreditləri ətrafında yaranmış gərginliyin yumşaldılması məsələsi ən əsas gözləntidir. Cəmiyyətimizə yaxşı məlumdur ki, biz deputat həmkarım Vahid Əhmədovla birlikdə manatın devalvasiyası zamanı xarici valyutada olan borcların artmasının yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan TƏKLİFLƏR PAKETİ hazırlayıb, aidiyyatı orqanlara göndərmişik. Bizdən əlavə Milli Məclisin sədri də həmin TƏKLİFLƏR PAKETİNİ aidiyyatı orqanlara göndərib. Bizdə olan məlumata görə, ümumiyyətlə götürdükdə həmin təkliflərə münasibət yaxşı olub. Amma təəssüf ki, hələ də rəsmi cavab almamışıq...

        - Deputat həmkarınız Vahid Əhmədov da bizimlə söhbətində təəssüflə bildirib ki, hələ həmin TƏKLİFLƏR PAKETİNƏ rəsmi cavab gəlməyib... Sizin TƏKLİFLƏR PAKETİNƏ münasibət yaxşı olubsa, bəs indiyə qədər niyə rəsmi cavab gəlməyib?

        - Bəli, Vahid müəllim düz deyir, təəəsüf ki, həmin TƏKLİFLƏR PAKETİNƏ rəsmi cavab gəlməyib... Çünki TƏKLİFLƏR PAKETİNƏ Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi mənfi olub. Əslində bunu əsaslandırılmış mənfi rəy yox, çox aşağı əyarlı və qərəzli, ümumi işin xeyrinə olmayan bir rəy, banka dollarla borcu olan yüz minlərlə insann iztirablarına biganəlik nümunəsi adlandırmaq olar.

        - Sizcə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sizin TƏKLİFLƏR PAKETİNƏ mənfi rəy verməsinin səbəbi nədir?

        - Fikrimizcə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bizim TƏKLİFLƏR PAKETİNƏ mənfi rəy verməsinin əsas səbəbi odur ki, özləri xarici valyutada olan kreditləri ətrafında yaranmış gərginliyin yumşaldılmasına yönəlik sanballı, normal br sənəd hazırlayıb ortaya qoya bilmirlər və eyni zamanda həm də bu sahədə irəli sürülən təklifləri, o cümlədən, bizim TƏKLİFLƏR PAKETİNİ həzm edə blmirlər ki, niyə belə bir sənədi onlar yox, biz ortaya çıxara bilmişik.
        Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması məsələsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunanda Vahid müəllimlə biz həmin Palatanın fəaliyyətinə uğurlar dilədik, gözləntilərimizi ifadə etdik və bildirdik ki, yeni yaranan qurum ciddi islahatlar xarakterli addımları köhnə qurumlardan daha maneəsiz və sürətlə ata bilər. Əgər Palata bu yolla getsə, onun fəaliyyətini birmənalı şəkildə dəstəkləyəcəyik.

        - Dəstəklədinizmi?

        - Xeyr, Palatanın fəaliyyətləri bizi qane etmədiyindən buna lüzum olmadı... Hamı bilir ki, biz yalnız islahat xarakterli və mütərəqqi addımları dəstəkləyirik. Təssüf ki, hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Milli Məclisə təqdim etdiyi sənədlər çox vaxt çiy, gecikmiş, yarımçıq xarakterli, problemin birinci dərəcəli məsələsini bir kənarda saxlayıb, bəlkə də üçüncü-dördüncü dərəcəli məsələsinə yönəldilməsinə və islahatların bütün ağırlığının əhalinin və biznesin üstinə atmaq varintına əsaslanır. Birbaşa problemin üstünə getmək əvəzinə onlarla bank ağır duruma düşəndən və xeyli hissəsi bağlanandan sonra gah bankları xilas etmək üçün gecikdirilmiş “körpü” salmaq istəyir, gah da real həyatı nəzərə almadan (biz yaxşı təşkil olunmuş və biznesi inkişaf etdirən nağdsız hesablaşmaların tam tərəfdarıyıq) hesablaşmalara məhdudiyyət qoyub biznesi çıxılmaz duruma salır. Ona görə də biznesmenlərin bir hissəsi çıxış yolu kimi hesablaşmalarını qonşu ölkələrdə aparmalı olurlar. Halbuki dünya təcrübəsindən yaradıcılıqla faydalanmaqda, Azərbaycan gerçəkliyinə uyğun optimal variantda nağdsız hesablaşma sistemi qurmaq olar və lazımdır.
        Bankların pis vəziyyətə düşməsi bu sahədəki keyfiyyətsiz idarəetmə və iki şok devalvasiyadan sonra üzə çıxan problemlərin getdikcə kəskinləşməsi, bankların düşdüyü vəziyyətdən çıxa bilməməsinin səbəbləri çox olsa da, əsas səbəblərdən biri də MBNP ona olan etimadı, gözləntiləri doğrulda bilməməsi və məsələlərin həllinə vaxtında və düzgün yanaşılmamasıdır. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Fərmanı ilə 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edildi. Həmin dəyişikliklərin görünməyən tərəfi baradə bir söz deyə bilmərəm. Görünən isə budur ki, Palatanın mühüm məsələrə aid qərarlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmasını nəzərdə tutur. Bu dəyişikliklər həm islahatların bir mərkəzdən yönləndirilməsi, işlək razılaşma mexanizmi vasitəsilə islahatların səmərəliliyinin artırılması, həm də Palatanın atdığı addımların rasionallıq dərəcəsini artırmaq məqsədi daşıyır. Çünki Palatanın gördüyü işlərin çoxu problemin həllinin köklü məsələsindən yox, fraqmetlərinə yönəldiyindən səmərəsi yetərincə görünmür, həm də çox vacib olan bir məsələni hələ ki, həll edə bilməyib: bank sektoru ilə öz arasında qarşılıqlı işgüzar sağlam mühit, qarşılıqlı inam yarada bilməyib. Bu da narazılığı artırır, maliyyə sektorunun sağlam relslər üzərinə çıxarılmasına çox ciddi mane olur.

        - Həmin fərman ölkə başçısının MBNP rəhbərliyinə olan etimadının itməsi xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumatla bağlı ola bilərmi?

        - Sözügedən fərmanın məzmununda sualınızın etimadın itirililməsi ilə bağlı hissəsinin yeri ola bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin aylıq əməkhaqları ilə bağlı sensasion məlumat mətbuatda yer aldıqdan sonra Palata həmin məlumat təkzib edib. Amma çox təəsüf ki, ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilən və eyni zamanda həm də maliyyə sektorunda ciddi əks-səda verən bu məlumatla bağlı geniş açıqlama vermək əvəzinə Palata həmin məlumata inananları günahlandırmaq kimi çox əcaib bir variantdan istifadə edib ki, "Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”.
        Əgər mətbuatda getsəydi ki, təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, nazirlərin maaşlarına çatdırılması kursu götürülür, mən bunu yalnız alqışlayardım. Çünki millətin rəqabət qabiliyyətliliyi və gələcəyi daha çox olun təhsilindən asılıdır. Mətbuatda gedib ki, MBNP rəhbərlyi ayda 65 min manat, müavinlərinin hər biri 38000, icraçı direktoru 18000, departament direktorları 10000, sıravi işçiləri isə 800-1500 manat rəsmi məvacib alır. Hamının maaşı onun normal dolanmasına, normal fəaliyyət göstərməsinə çatmalıdır. Bununla belə açığı başqa bir məqam da nəzərə alınmalıdır. Ona görə də orta stasistik vətəndaşının məvacibinin 500 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maşşlarının 250-300 manat olduğu bir şəraitdə mətbuatda deputatların maaşlarının qaldırılması məsələsi gündəmə gələndə biz onun əlehdarı olmuşuq. Biz mahiyyət etibarı ilə kiminsə əmək haqqını hesablamaq, onun çox və ya az olması barədə mülahizə yürütmək fikrində də deyilik. Amma biz hesab edirik ki, hər bir məmur aldığı maaşın hər 100 manatına görə ölkəyə heç olmasa 5-10 manatlıq xeyir versin ki, iqtisadiyytaımız sürətlə inkişaf etsin və məmurdan, deputatdan qat-qat az maaş alan vətəndaşlarımızın da maaşlarının artırılmasına iqtisadi və maliyyə cəhətdən zəmin yaransın, əhali,xüsusən də onun aztəminatlı təbəqəsi də yaxşı yaşamağa başlasın.
        Fikrimizcə Mərkəzi Bank rəhbərinin məvacibinin 8 min manat, kommersiya banklarının xeyli hissəsinin rəhbərlərinin maaşlarınn 10-15 min manat ətrafında olduğu bir şəraitdə Palata MBNP rəhbərliyinin 65 min manat, yəni ölkə üzrə aylıq əmək haqqından 123 dəfə, nazirlərin maaşlarından 35 dəfə yüksək məvacib alması ilə bağlı sensasion məlumatla bağlı belə qeyr-müəyyən yox, rəsmi qaydada həm də məsələyə tam aydınlıq gətirən məlumat verməlidir. Əgər deyilənlər hansısa hesablamar əsasında belə rəqəmə uyğun çıxırsa, buna aydınlıq gətirilməli, yox,əgər belə bir şey yoxdursa, yenə də bu barədə ictimaiyyəti əsaslandırılmış qaydada məlumatlandırmalıdır ki, realda Palatada əmək haqqları mətbuatda gedən səviyyədə yox, hansı səviyyədədir. 
moderator.az
13 iyul 2017