Məqalələr‎ > ‎

Azərbaycanda ilk özəl teleteatrın təsisçisi olan sumqayıtlı xanım (MÜSAHİBƏ)

12 Eyl 2014 12:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 12 Eyl 2014 12:19 güncellendi ]
Kəmalə Nəbibəyova:
"
Turan ərazisində yaşamış bu xalq dünyaya Mete, Atilla, AlpArslan, Çingiz xan, Əmir Teymur, Şah İsmayıl Xətai, Atatürk, Heydər Əliyev kimi cahangirlər və dövlət xadimləri vermişdir."

Budəfəki müsahibəmiz Azərbaycanda ilk özəl teleteatrın təsisçisi Kəmalə Nəbibəyova ilədir. Onunla söhbətimizdə Azərbaycanda bir ilk olan "Turan" teleteatrının fəaliyyətindən və bir çox digər maraqlı məqamlardan xəbərdar olacaqsınız. Xatırladaq ki, Kəmalə xanım sumqayıtlıdır.

- Sizi rejissor ve teleaparıcı kimi tanımışıq. Bu gün isə ölkədə ilk özəl teleteatr olan “Turan”ın (TT) təsisçisi kimi tanıyırıq.

- Bəli, fəxr eləyə bilərəm ki, “Turan” teleteatrı vətənimizdə yaradılmış ilk özəl teatrlardan biridir. Teatrın təsisçisi mən olsam da, direktoru ixtisasca rejissor olan Fuad Kazımovdur.

- Maraqlı ad seçmisiniz – “Turan”…

- Turan - dedikdə dünya tarixinə nəzər salarkən Yaponiyadan tutmuş Balkanlara qədər geniş bir ərazi insanın gözü qarşısında canlanır. Bu geniş ərazidə müxtəlif vaxtlarda dünyanın ən qədim xalqı olan türklər yaşamışdır və yaşamaqdadır. Turan ərazisində yaşamış bu xalq dünyaya Mete, Atilla, AlpArslan, Çingiz xan, Əmir Teymur, Şah İsmayıl Xətai, Atatürk, Heydər Əliyev kimi cahangirlər və dövlət xadimləri vermişdir.
Məqsədimiz müxtəlif sahələrdə çalışan insanları birləşdirən "Turan" teleteatrının məqsədi bütün türkdilli dövlətlərin tarixini, mədəniyyətini, folklorunu bir araya toplayıb dünyada təbliğ etməkdir.

- Kəmalə xanım, teatrın yaranmasından az vaxt keçməsinə baxmayaraq bu addımınız türk dilli ölkələr arasında, xüsusən də Türkiyədə populyarlıq və böyük alqışlar qazanmışdır.

- Zeynəb xanım, heç nə asanlıqla başa gəlmir. Xüsusən teatr ilk kövrək addımlarını atanda. Buna baxmayaraq çətinliklər bizi qorxutmamışdır. Bir şeyi də unutmuruq ki, biz çox məsuliyyətli işə başlamışıq.

- Siz bu yaxınlarda otellərin birində “Turan” teatrının tanıtma konfransını keçirdiniz.

- İlk növbədə konfransın keçirilməsində bizə göstərdiyi dəstəyə görə Röyal otelinin rəhbərliyinə təşəkkür edirik. Bu konfransda İsveçrədən, Türkiyədən qonaqlar gəlmişdi. Respublikamızın adlı-sanlı elm xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, YeniAzərbaycan Partiyasının gənclər təşkilatı da iştirak edirdi. Konfransdan sonra bir çox türk dövlətlərindən əməkdaşlıq haqqında təkliflər alınıb.

- Eşitdiyimizə görə “Turan” teleteatrının "Turan yurdu" jurnalı da tezliklə işıq üzü görəcək.

-Bəli, "Turan yurdu" jurnalının baş redaktoru Orxan Abdullayevdir. Jurnalın məqsədi yeniyetmələr arasında Turan tarixini gənclərə çatdırmaq, onun ayrılmaz hissəsi olan bugünkü Azərbaycanın necə inkişaf etməyini bütün dünyaya bəyan etməkdir.

- Yenidən “Turan” teatrının fəaliyyətinə qayıdaq. Siz qısametrajli filmlər çəkməyə başlamısınız. Filmlər hansı mövzuda çəkilir?

- Bəli, biz bu sahədə işlər görürük. Tərbiyəvi, vətənpərvərlik mövzusunda filmlər çəkməyi planlaşdırmışıq.

- Yaxın zamanlarda “Turan” teatrını böyük lahiyələrdə görə biləcəyikmi?

- Bəli, bizim ən böyük lahiyəmiz məşhur ssenarist və dramaturq Vaqif Lətifoğlunun ulu öndər Heydər Əliyevə həsr olunmuş "El atası" ikipərdəli tamaşası olacaq. Vaqif muəllim həmçinin “Turan” teatrının bədii rəhbəridir. Teatrın ərsəyə gəlməsi üçün kollektivimiz böyük səylə çalışır və inanırıq ki, tezliklə bu əsər respublika tamaşaçılarının böyük hörmətini qazanacaq.

- Kəmalə xanım, bəli, siz başda olmaqla sizin kollektiv çox məsuliyyətli və şərəfli bir işə qoşulmusunuz. Belə çətin bir işin məsuliyyəti də böyükdür...

- Bəli, bu işə başlayarkən mən başda olmaqla kollektivimiz bu məsuliyyəti dərk etmişdi və çətinlikdən qorxmayaraq daima irəli getməyi və Azərbaycan tamaşaçısının hörmətini qazanmağı öz qarşımıza məqsəd qoymuşuq. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin poemasında aşağıdakı misralar tez-tez yadıma düşür: "Mən də bir aslanam, düşünsən bir az, aslanın erkəyi, dişisi olmaz".

- Maraqlı müsahibəyə görə çox sağ olun. İnanırıq ki, “Turan” teleteatrı az bir müddətdə Türk dünyasının mədəni mərkəzlərindən birinə çevriləcək.

- Çox sağ olun. Sizinlə həmsöhbət olmaq mənim üçün maraqlı oldu.

Söhbətləşdi: Zeynəb Abdullah, 
Mənbə: Xeberle.com
29-08-2014
URL: http://xeberle.com/xeber-azrbaycanda-ilk-ozl-teleteatrn-tsiscisi-olan-sumqaytl-xanm-musahb-t7784.html