Məqalələr‎ > ‎

“Tarixi şəxsiyyətlər haqqında ziddiyyətlərə son qoyulmalıdır” - MÜSAHİBƏ

14 Mar 2014 11:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 14 Mar 2014 11:35 güncellendi ]

Faiq ƏLƏKBƏROV: “Tarix kitablarında Azərbaycan ərazisi haqqında dəqiq təsəvvür formalaşdırılmır”

Milli ruhlu insan olmaq məfhumu çox zaman yanlış anlaşılır. Və ya bu xüsusiyyətlərə sahib olmağın nə demək olduğu  cəmiyyətə yanlış şəkildə təqdim  olunur. Məqsədli şəkildə. Bu cür insanlara geri kafalı donu geyindirməyə çalışanlar  da çoxdur. Amma tariximizə nəzər salsaq görərik ki, sovet dövrünü çıxmaq şərtilə, bütün əsrlər boyu millətin öndə gedənləri, ən yüksək səviyyədə təhsil alanları, dünyagörüşü kifayət qədər geniş olanları, idarəçiləri həm də birinci növbədə milli ruhda olan insanlar olub. 
Mövzu ilə bağlı söhbətimizi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi Faiq Ələkbərovla davam etdirdik.

-Faiq müəllim, milli ruh anlayışını yeni nəslə necə çatdırmaq lazımdır?  
 
-Bizdə 70 il sovet Rusiyası dövründə milli ruhun əvəzinə  beynəlmiləlçilik adı altında “sovet ruhu” formalaşdırmağa çalışıblar. Azərbaycan müstəqilliyini bərpa etdkdən sonra yeni ruhda formalaşan nəslə ehtiyac var idi. Amma bu cahədə ciddi problemlər var. Bu əsasən təhsil və elm sahəsi ilə bağlıdır. Çünki yeni yetişən nəslin bilikləri müəllimlər və alimlər tərəfindən formalaşdırılır.  Müəllimlərin, alimlərin əksəriyyəti sovet dövrünün yetişdirmələri olduğundan yeni nəsli milli ruhda formalaşdırmaqda çətinlik çəkirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var.
Milli ruh dedikdə söhbət nədən gedir? Sovet dövründə ümumi vətən anlayışı var idi. Milli ruh anlayışında Azərbaycan vətəni, millətimizn əxlaqı məsələləri önə çəkilməlidir.  Yeni nəsil öz vətəninə, millətinə bağlı ruhda formalaşmalıdır. Amma çox təəssüf edirəm ki, hələ də bu sahədə çatışmazlıqlar var. 
 
-Hansı problemlər var?

-Mənim fikrimcə, orta məktəbə gedən şagirdlərin hansı ruhda formalaşdırıldığı tam dəqiq deyil. Bir tərəfdən dediyim kimi, müəllimlər  sovet dövrünün müəllimləridir. Şüurları sovet dövrünün təsirindən kənara çıxmayıb.  Bu da onların tamam başqa ruhda formalaşmasından irəli gəlir. Orta məktəb müəllimlərinin bayrağa, atributlara olan münasibəti istənilən səviyyədə deyil. İnsanın öz torpağına, millətinə bağlı olması, Vətən əxlaqı, öz dilinə hörmət etməsi kimi amillər çox ciddi məsələlərdir. Milli ruhda formalaşmanın birinci amili doğma dilə hörmətdir. Azərbaycan türkcəsində danışan gənclərin dillərində rus və başqa dillərdən olan çoxlu ifadələrə rast gəlmək olur. Bu milli ruhun kasadlığından irəli gəlir. Biz dünyaya ana dilində açılırıq. Gözümüzü açanda bu dildə danışırıq. Əgər bizim anamız özü yarı rus, yarı ingiliscə danışırsa, bu zaman o insanın özünə hörməti istənilən səviyyədə olmur. Bu proses hansısa qanunlar, zorakılıqla yox, təbii şəkildə formalaşmalıdır. 
Ən ciddi məsələlərdən biri də tarixi şəxsiyyətlərimizə yanaşmada ziddiyyətlərin olmasıdır. Sovet Rusiyası öz müstəmləkə siyasətinə uyğun olaraq Koroğluya, Şah İsmayıl Xətayiyə və digərlərinə müəyyən bir münasibət formalaşdırmışdı. Bu təsirlər hələ də keçməyib.  Ədəbiyyat, tarix sahəsində olan bütün tarixi şəxsiyyətlərimizlə bağlı çox ziddiyyətli məqamlar var. Kitablarda bir söz yazılır, müəllimlər  tamam başqa fikirlər söyləyirlər.  Bu isə gənclərdə milli ruhun natamam olmasına səbəb olur. Milli ruh nədir, şüurdur. Insan öz ruhunu şüur vasitəsilə ifadə edir. Hesab edirəm ki, bu məsələ ilə bağlı təhsil sahəsində çox böyük yeniliklər olmalıdır. Söhbət təhsil nazirinin yenilənməsindən yox, təhsil sahəsində yeniliklərdən gedir.   
 
-Dərsliklərimizdə də kifayət qədər çatışmazlıqlar var...

-Və dərslik məsələsi...Orta məktəb tarix və ədəbiyyat kitablarımızı, ali məktəb dərslikləri ilə müqayisə edin. 6-cı sinif tarix kitabında Azərbaycan xalqının tarixinə aid deyilənlərlə Azərbaycan Milli Elmlər Akademiyasınım 7-cildlik tarix kitabı arasında nə qədər ziddiyyətlər vardır.   Eyni sözləri orta məktəbdəki ədəbiyyat dərsliyi ilə AMEA-nın Ədəbiyyat İnstitutunun  Azərbaycan ədəbiyyatı ilə bağlı akademik əsərləri haqqında da demək olar. Dərslikləri yazanlarla akademik ədəbiyyatı hazırlayanlar ayrılıqda öz fikirlərini ifadə edirlər. Bu doğru deyil. Hər hansı bir müəllif, belə çıxır ki, xalqın ədəbiyyatını deyil, öz fikirlərini irəli sürür.  Orta məktəb şagirdlərinə bu cür dərsliklər təqdim etmək çox yanlışdır. Şagirdlər orta məktəbdə tarixə olan münasibətlə ali məktəbdə olan fikirlər arasındakı ziddiyyətləri görür və onda şübhələr yaranır. AMEA institutlarının işlədikləri dərsliklərlə orta məktəb dərslikləri uzlaşma şəklində hazırlanmalıdır. Bu uzlaşma  yoxdur. Halbuki millətin tarixi, dünyagörüşü dəqiq olmalıdır. Çünki yeni yetişən nəsil ilk gündən  öyrəndiklərinin ali məktəbdə də davamını görməlidir. Bütün bunlar isə milli ruhun formalşmasına təsir edir, gənclərin özünə inam, öz vətəninə bağlılıq hisslərinin kifayət qədər olmamasına gətirib çıxarır. Biz öz tariximiz, ədəbiyyatımız, fəlsəfəmiz haqqında doğru-dürüst bilgilər əldə etmiriksə şübhəsiz ki, bu gənclər antiazərbaycan, antitürk məqsədli insanların təsirinə düşəcəklər.   Bu məsələdə maraqlı olan bir sıra təşkilatlar belə gənclərin bir hissəsini öz tərəflərinə çəkirlər. 
Orta məktəb müəllimləri, xüsusilə də ibtidai sinif müəllimlərinin dünyagörüşü öyrənilməlidir. Bu məsələdə Təhsil Nazirliyi xüsusi məsuliyyət daşımalıdır. Çünki müəllimin dünyagörüşündən  çox şey asılıdır. 
 
-Dərsliklərin tez-tez dəyişdirilməsi hansı mənfi nəticələr doğura bilər?

-Başqa bir problem  dərsliklərin dəyişdirilməsi ilə bağlıdır. Hər zaman  tarix, coğrafiya, ədəbiyyat dərsliklərində dəyişikliklərin olması ilə bağlı fikirlər səsləndirilir. Nəticədə şagirdlər  10 il əvvəlkilər başqa bir tarix öyrənirlər. 10 ildən sonra başqa bir tarix öyrənirlər ki, bu çox yanlışdır. Millətin bir tarixi olar və onu bütün gənclər eyni şəkildə öyrənməlidirlər.
Vahid tarix konsepsyasının olmaması gənclərin düşüncəsində konkret olaraq bir neçə ziddiyyət yaradır. Onlardan birincisi Azərbaycanın ərazisinə olan münasibətdir. Tarix kitablarında Azərbaycan ərazisi haqqında dəqiq təsəvvür formalaşdırılmır. Müxtəlif məlumatlar göstərilir. Faktiki olaraq Azərbaycanın ərazisi 86, 6 min kvdrat km göstərilir. Yazmaqda çətinlik çəkirlər və yaxud da yazmaq istəmirlər ki, Borçalı, İrəvan, Gorus, Qafan Azərbaycan tarixinə nə dərəcədə bağlıdır. Dediyim kimi ərazi problemi bir nömrəlidir. Hələ də biz gənclərə ərazimizin dəqiq nə qədər olduğunu göstərə bilməmişik.  1920-ci ilin aprelində Azərbaycan ərazisi işğal altına düşdükdən sonra götürülən  86 minə sahib çıxırıq. Bu çox yanlışdır. Ən azı Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə sahib çıxmalıyıq. Özümüzü AXC-nin varisi hesab edirik. Əgər belədirsə, nə üçün Azərbaycan Sovet Respublikasının ərazisi üzərində dayanırıq. Bəzi hissələr mübahisəli olsa da, mübahisəsiz olan 114 min kv km əraziyə  niyə sahib çıxmaq istəmirik? 
 
-Azərbaycan ərazisində mövcud olan dövlətlərə yanaşmada hansı qüsurlar var?

-Qeyd etdiyim ərazi məsələsi probleminin davamında Azərbaycanda mövcud olan dövlətlərə  yanaşmada olan sorunlar gəlir. Dövlətlərin təqdim edilməsində yanlışlıqlar var. Söhbət coğrafiyanın yox, millətin tarixindən  gedir. Əgər belədirsə,  türk dövlətlərinin tarixindən söhbət getməlidir. Azərbaycanda türklərlə yanaşı, digər etnik qruplar da yaşayıblar. Qurulan dövlətlərdə digər etnik qrupların da payı olub. Ancaq hesab edirəm ki, burada coğrafi dövlət anlayışı yox,  millətin tarixi anlayışı önə çəkilməlidir. Bu da tarix konsepsiyası məsələsində problem olaraq qalır. Eyni zamanda, sovet dövrünə məxsus tarix konsepsiyasından çıxış edərək türklərin buraya sonradan gəlmə olma məsələsi irəli sürülür. Bu çox yanlışdır.  Azərbaycan dövlətinin mühüm bir qisminin Ermənistanın işğalı altında olduğu dövrdə  gəlmə olduğumuzu   irəli sürmək nə dərəcədə doğrudur? Azərbaycanda yaşayan digər etnik qruplarla yanaşı, Azərbaycan türklərinin də burada yerli əhali olması haqqında bir konsepsiya formalaşdırılmalıdır. Əks təqdirdə bizim işğal altında olan torpaqlarımıza sahib çıxmağımızın özü sual altına düşər. 
Qeyd etdiyim kimi tarixi şəxsiyyətlər haqqında ziddiyyətlərə son qoyulmalıdr. Bəzən bizdə sovet dövründə olduğu kimi yenə də bir neçə hökmdara sahib çıxırlar. Sahib çıxmaq yalnız tarix kitablarında Uzun Həsənin adının çəkilməsi deyil. Hesab edirəm ki, Azərbaycanda Eldəkizlərin, Uzun Həsənin, Qaraqoyunlu dövlətinin xadimlərinin heykəlləri qoyulmalıdır. AXC-nin banilərinin heykəlləri olmalıdır. Yalnız istiqlal muzeyi yox, ən qədim dövrdən mövcud olan dövlətlərimizin banilərini gündəmə gətirən muzeylər olmalıdır. Nəyə görə  Orta Asiyada, Qırğızıstanda Tomrisin, Dədə Qorqudun, Uzun Həsənin heykəli olsun, ancaq bizdə olmasın? Əgər özümüzü bu dövlətlərin varisi sayırıqsa, nədən  onların möhtəşəm heykəllərini ucaltmayaq ki, gənclər də  baxıb fəxr etsinlər. Əgər biz gənclərdə torpağa, tarixə olan qürur hissi yaratmasaq, təbii ki, onlar sabah torpaqlarına sahib çıxmaqda problemlər yaşayacaqlar. Tarixi şəxsiyyətləri, bu torpağı göz bəbəyi kimi qoruyanları tanıyıb sevdikcə torpaqlarına da sahib çıxacaqlar. 
 
-Faiq müəllim, uşaqların milli ruhda formalaşmasında ailələrin rolu nə dərəcədə əhəmiyyətlidir?

-Yeni nəslin milli ruhda formalaşması üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, bu gün bir qism Azərbaycan ailələri öz övladlarının hansı ruhda böyüdülməsi məsələsinə ciddi yanaşmırlar. Hətta bir çox analar övladları ilə bərabər əcnəbi serialları izləyirlər. Ən ciddi problemlərdən biri də budur ki, Azərbaycan ailələlərində get-gedə atanın rolu aşağı səviyyəyə enir. Azərbaycan ailələrində atanın nüfuzu hər zaman ciddi rol oynayıb.  Atanın nüfuzunun aşağı düşməsi gənclərin özünü dərk etməsində də problem yaradır. Bu məsələdə ailələrin üzərinə böyük məsuliyyət düşür. Bizim valideynlərin də əksəriyyəti sovet dövrünün tərbiyəsi ilə böyüyüblər və  övladlarına mili ruhu aşılamaqda çətinlik çəkirlər. Biz bilirik ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Avropanın, ABŞ-ın  ailələrimiz üzərində təsir etmək imkanları yaranıb. Bu gün ABŞ, Avropa hansısa qurumlar vasitəsilə  ailələlərimizə asanlıqla daxil ola və təsir göstərə bilirlər. Bəzən bizə bunu qloballaşma, çoxmədəniyyətlilk kimi göstərirlər. Amma hər bir şeyin əndazəsi olmalıdr. Xüsusilə, torpaqları işğal altında olan millətlərin başqa millətlərə qucaq açması ölçüdə olmalıdır. Çünki torpaqlara ancaq milli ruhlu insanlar sahib çıxacq. Ona  görə bu məsələdə diqqətli olmaq lazımdır. Onlarla əməkdaşlıq etsək də, Azərbaycan ailəsi öz dəyərlərinə söykənməlidir.

Söhbətləşdi: Aygün İBRAHİMLİ,  
URL: www.olaylar.az
URL: http://www.olaylar.az/news/interview/73774