Məqalələr‎ > ‎

SƏNAN ƏFSANƏSİ

15 May 2014 08:51 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 15 May 2014 08:59 güncellendi ]

22 il əvvəl 19 yaşlı Sənan Əkbər oğlu Rüstəmov Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur


    Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. 


Uşaqlıq illəri

    Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə III-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban adına 2 saylı musiqi məktəbinin tar şöbəsinə sənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. 1984-cü ildən "Qarabağ bülbülləri" ansamblının ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. 

    
O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. Sənan 1989-cu ildə Ağdam şəhər 2 saylı orta məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermiş, ancaq müsabiqdən keçə bilməmişdi. O, Ağdama qayıdaraq 50 saylı texniki Peşə Məktəbinin bir illik Mühasibat şöbəsinə verilmiş və məktəbə daxil olmuşdur. 25 iyun 1990-cı ildə həmin məktəbin mühasibatlıq kursunu əla qiymətlərlə bitirmişdir. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbiində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.

Müharibə həyatı

    
Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Döyüşdən sonra onu Tərtərə, ordanda Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Cənan 1992-ci il mart ayında Malıbəyli-Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. 
    
Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.
    Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.

    Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.


*  *  *

“Kəşfiyyatçının xatirələri”

Polkovnikin xilası, şəhidin son arzusu, “komandiri öldürün” əmri...

Qarabağ müharibəsinin gerçək hekayətlərini kəşfiyyatçı Rey Kərimoğlu yazır:   


    Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
    Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
    Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
    Döyüşün qızğın vaxtında qəflətən səmada “krokodil” markalı hərbi vertolyot göründü. Ağdam tərəfdən gəldiyindən bizim olduğunu müəyyənləşdirdik. Yəqin Briqadadan bizə kömək üçün göndərmişdilər. Amma vertolyot ermənilərin yox, Şirin Mirzəyevin olduğu dəstənin mövqeyini vuranda çaşıb qaldıq. Elə bildik, Şirin Mirzəyev qarışıq uşaqlar həlak oldu. Vertolyot növbəti dövrələrinin birində ermənilər tərəfindən vuruldu...
    Biz Ağbulağın fermasının yanında mövqelərimizi möhkəmlədib Abdal Gülablıya tərəf qayıtdıq.
    Vurulan vertolyotun iki pilotundan biri- azərbaycanlı (Onun haqqında, sonrakı taleyi barədə məlumatımız yoxdur. R.K.) bizim əsgərlərin nəzarətində olan əraziyə, ikincisi-polkovnik leytenant Şuvaryov isə ermənilərin nəzarətində olan əraziyə düşdü. Özü də ağır yaralı halda. Ermənilər onu əsir götürdülər. Amma əsgərlərimiz buna mane olmağa çalışırdılar.

Onun son döyüşü
18-ci yazı

    Əsgərlərimiz artıq sol cinahda bayaqdan bizə göz açmağa imkan verməyən BMP-nin yaxınlığına çatmışdılar. Artıq sözün əsl mənasında ölüm-dirim savaşı gedirdi. Əvvəllər kəşfiyyat dəstəsinin, indi isə 3-cü (Salahlı) batalyonunun komandiri olan Əkbər Məmmədov, həmin batalyonun 2-ci rotasının komandiri Sənan Rüstəmov, 1-ci batalyonun kəşfiyyatçısı Ziyad Əliyev, minaatanlar dəstəsindən Şamil Əbilov və digər dəstələrdən olan əsgərlərimiz var qüvvələriylə döyüşürdülər.
    Ermənilər tərəfə düşən və yaralı halda əsir götürülən polkovnik-leytenant Şuvaryovu azad etmək üçün hücuma keçdik. Bu elə surətlə baş verdi ki, ermənilər geri qaçmağa başladılar. Sənan Rüstəmov Şuvaryovu çıxararaq nisbətən təhlükəsiz yerə gətirdi.
    Sonra bəlli oldu ki, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolent ermənilər tərəfdə qalıb.
    Sənan heç kəsi gözləmədən yenidən düşmən tərəfə qayıdır, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolenti götürüb, geri dönür. Bu zaman BMP-nin üstündəki iri çaplı pulemyotdan atılan atəşlə Sənanı vururlar. Bu hadisə mənim yaddaşımda əbədi olaraq bax beləcə qaldı:

Sənan necə şəhid oldu...

    ...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür...
    Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Artıq nə mənası var...
    Çox gənc olmasına baxmayaraq, Sənanla dəfələr dərdləşmişdim. Keçmişindən çox danışmışdı. On doqquz yaşlı gəncin keçmişindən nə qədər danışmaq olarsa... Həzin və şirin səsi vardı Sənanın. Təbi gələndə bir də gördün avtomatını tar kimi sinəsinə çarpazlayıb oxuyur... Ən çox da “Qarabağın maralı”nı oxuyurdu. Bilirdim ki, sevdiyi var. Hərdən özü söz salardı ondan, arada soruşurdum ki, kimdir sevdiyin? Cavab verməzdi, yayınardı cavabdan. Cəmi bir gün əvvəl bunları demişdi mənə:
    - Qaqa, saa deyəjəm! Amma heç kimə demə ha! Papam bilsə...
    Amma yenə demədi. Vədinə əməl etmək qismət olmadı.
    İndi gözəl bir yaz günündə, təbiətin ən füsunkar çağında, insanın qanının qaynadığı, yaşamaq eşqinin artdığı bir vaxtda bu sevdalı gənc oğlan qollarım arasında can verirdi.
    Heyf! Onda sevdiyi qızın adını təkidlə soruşmadığıma peşman idim. Amma gec idi, çox gec... Çünki indi o, ruhu Tanrı dərgahına hazırlaşan bir yaralıydı. Bir az sonra isə Şəhid olmuş cəsədi ana və bacısının qarşısında ağrıya, təsəlliyə çevriləcəkdi...
    Gözlərindən yaş axmağa başladı. Göz yaşları barıt tüstüsünə, palçığa və qana batmış sifətindən çənəsinə doğru iki çığır açdı.
    Uşaqlar növbəti həmlə ilə irəli atıldılar. Ermənilər bu qəfil və olduqca cəsarətli həmlədən özlərini itirib, qaçmağa üz tutdular. O qədər çaşmışdılar ki, təptəzə BMP-ni də işlək vəziyyətdə döyüş meydanında qoyub qaçırdılar. Hamısı qaçsa da, BMP-nin pulemyotçusu, Sənanı vuran erməni ələ keçdi.
    Ziyad süngü bıçağının arxası - küt yeri ilə o erməninin başına vura-vura öldürdü...
    Həlak olandan sonra Sənanın əsgər paltarının cibindən Şuvaryovun sənədi çıxdı. Şirin Mirzəyevin tapşırığı ilə Rauf Fərəcov bu sənədi Bakıda hərbi hospitalda yatan yaralı Şuvaryova verir. Şuvaryov Raufdan xahiş edir ki, onu və qiymətli sənədləri xilas edən əsgərə təşəkkür edərsən! Rauf ona deyəndə ki, o əsgər şəhid olub, Şuvaryov ağlayır...

SƏNAN

    Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub, Ağdam şəhər 2 saylı orta məktəbi bitirib. Ağdamda Qurban Pirimov adına 2 saylı musiqi məktəbinin tar şöbəsində oxuyub. “Qarabağ bülbülləri, ansamblını fəal üzvü olub. Elə uşaqlıqdan idmana böyük maraq göstərən Sənan hələ 16 yaşı olmasına baxmayaraq, kişilər arasında sambo güləşi üzrə respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib.
    1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur, hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkir. 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə tez-tez hücum etmələrindən narahat olan Sənan sovet ordusunda xidmətdən imtina edərək, 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirir. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçındərbənddə (“Xaçınstroy”) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir.
    1992-ci il yanvar ayında Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan ayağından yaralanır.
    O, 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən mühüm əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas İsgəndərov və Aydınla birlikdə iştirak edir.
    Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub.
    Xüsusi ilə qeyd edim ki, Sənanın atası Əkbər Rüstəmov digər iki oğlu - Sarvan və Kənan da torpaqlarımızın erməni təcavüzündən müdafiəsində əvvəldən axıra qədər iştirak ediblər. Ata üç oğlu ilə birlikdə vətənin müdafiəsinə qalxıb. Əslində Rüstəmovlar ailəsi cəmiyyətimiz üçün örnək ola biləcək bir ailədir.

Sənanın uzaqgörənliyi

    Bir dəfə səhərə yaxın kəşfiyyatdan qayıdıb batalyona gəldik. Yuyunub, adama bir stəkan isti çay içib, sonra yatıb dincəlməliydik. Kimsə xəbər gətirdi ki, bir qəhrəman döyüşçünün valideyninə qarşı hansısa məmur haqsızlıq edilib. Onda biz çox narahat olduq, o haqsızlıq edən adamın dərhal tapılıb cəzalandırılması üçün dostlara xəbər göndərdik. Hamımız “Belə də haqsızlıq olar?”, “Belə də ədalətsizlik olar?” deyə bərk əsəbiləşmişdik.
    Bunu özümüzə əməlli-başlı dərd eləmişdik. Bax onda Sənan müharibədən sonra mənim dəfələrlə şahidi olacağım hadisəni öncədən görürmüş kimi dilinə gətirdi:
    - Eh, ay uşaqlar! Hələ bu nədir ki, təki sağlıq olsun! Müharibə qurtarandan sonra qaçıb gizlənən fərari gədələr o qədər bizim valideynlərimizə, əzizlərimizə qarşı belə ədalətsizlik edəcəklər ki, bu onların yanında toya getməli olacaq!

Komandiri öldürmək tapşırığı

    Abdal Gülablı kəndini ermənilərdən təmizləyib “Keçi cığırı” deyilən posta yaxın bir yerdə, dağın döşündə bir çəmənlikdə Şirin Mirzəyevlə görüşdük. Səhv etmirəmsə, Sənanla birlikdə iki əsgər itirmişdik biz bu döyüşdə. Əsgərlərimizin ölümünə çox acıyırdı...
    Şirin Mirzəyevin rəhbərlik etdiyi dəstə ortadan ermənilərin mövqeyinə ağır zərbə vuraraq Filman Abbasovun rəhbərlik etdiyi qrupla birləşmişdi. Öyrəndik ki, ikinci ekipajdan Abdalın girəcəyində vertolyotun Şirin Mirzəyevin olduğu mövqeyi atəşə tutmasının səbəbini soruşublar. O da deyib ki, “yuxarıdan” əmr verilmişdi ki, Şirin Mirzəyevin bir komandir olaraq erməniyə əsir düşməsinin qarşısını almaq üçün, təhlükə gerçək olan anda onu məhv etmək lazımdır...

Mənbə: http://525.az

*  *  *

Sənan əfsanəsi

Eyvaz ƏLİYEV

    Yer üzündə baş verən və ya qəsdən törədilən bütün hadisələr kimi müharibənin də öz psixologiyası, öz fəlsəfəsi və başqa səciyyəvi özəllikləri var. Qorxmaz, cəsur oğullar hərb meydanında dərhal fərqlənir, nəyə qadir olduqlarını igidlikləri, şücaətləri ilə göstərə bilirlər. Bir sözlə, müharibə sinəsində əbədi vətən sevgisi yaşadan, məqam gələndə o sevgi uğrunda ölümün ağuşuna atılmağı bacaran cəngavər oğlanların sınaq meydanıdır. Canında, qanında bu keyfiyyətlər olmayan insanlara o meydanda yer yoxdur.
    Elələri hardasa əl-ayağa dolaşacaq, hrdasa gizlənəcək, məqam tapanda isə yoldaşlarını darda qoyub qaçacaq. Savaş meydanı müharibənin qan qoxuyan ağzına güllə sıxmağı bacaran əsl qəhrəmanların yeridir. Müharibələrdə həlak olan qəhrəmanlar, xüsusən də Vətən yolunda müqəddəs savaşa girib şəhid olanlar həmişə anılmalı, xatirələri hər an əziz tutulmalıdır. Şəhid Sənan Rüstəmov da həmçinin...
    Qarşımda yenicə çapdan çıxmış bir kitab var. Qarabağ savaşında şəhid olmuş Sənan Rüstəmov haqqında nəfis şəkildə tərtib edilmiş "Sənan əfsanəsi" kitabı. O Sənan ki əslində bu dünyada bir şimşək ömrü yaşadı. Qısa zaman kəsiyindəki ömür yoluna əməli, işi, hünəri və yüksək döyüş əzmilə şimşəklərtək işıq saçdı. Beləcə, Sənan şücaətinin müqabilində ürəklərdə yeni bir işıq yandı. Heç zaman sönməyəcək əbədi bir işıq! Sənan çox qısa, lakin olduqca mənalı ömrünün on doqquzuncu pilləsində şəhidlik kimi əbədi bir zirvəyə ucalıb orada qərar tutdu. Belə baxanda, 19 yaş nədir axı? Bəzən el arasında bu yaşda olan cavanlara "ağzından süd iyi gələn", "ana uşağı" deyirlər. Ancaq on doqquz illik çox qısa bir ömür yaşamış Sənan tale kitabına o qədər mənalı sətirlər yazıb ki, onun igidliyinə, bacarığına, çevikliyinə heyrətlənməyə bilmirsən. Və adama elə gəlir ki, Sənan bu dünyadan vaxtsız gedəcəyini bilirmiş. Ona görə də çalışırmış ki, nə qədər sağdır, bir iz qoysun.
Görkəmli alim, professor Elçin İsgəndərzadənin araya-ərsəyə gətirdiyi kitabı vərəqlədikcə Sənanın böyüyüb tərbiyə aldığı ailə, təhsil aldığı məktəb, canından artıq sevdiyi Qarabağ torpağı, iştirakçısı olduğu döyüşlər haqda adamda çox zəngin təəssürat yaranır.
    Aydın olur ki, lap kiçik yaşlarından şer-sənət vurğunu olan Sənan Ağdamdakı 2 saylı Musiqi Məktəbinin tar sinfini bitirib. İstedadını yüksək qiymətləndirən Murad Rzayev onu "Qarabağ bülbülləri" ansamblına solist aparıb. Öz məharəti ilə üz ağardan balaca Sənan gözəl tar çalmaqla yanaşı, atası Əkbər müəllimin məşqçiliyi altında sərbəst güləşlə də məşğul olub. Lakin sonradan sambonu seçib. Beynəlxalq dərəcəli idman ustası Mübariz İbrahimovun məşqçiliyi ilə mühüm yarışlara hazırlaşıb. 1989-cu ildə 16 yaşında ikən respublika çempionu olub.
    Az sonra Sənan SSRİ idman ustası normasını yerinə yetirir və məşqçi kimi fəaliyyətə başlayır. Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmaq üçün müsabiqədən keçə bilməyən Sənan ruhdan düşmür. Rayondakı texniki peşə məktəblərinin birində oxuyur, mühasiblik ixtisasına yiyələnir. Lakin idmanla musiqi qoşa qanad kimi həmişə onu özünə cəlb edir. Bu gün hansısa konsertdə yüksək istedad nümayiş etdirən gənc tarzən sabah güləşçi kimi müxtəlif idman yarışlarının qalibi olaraq pərəstişkarlarına sevinc bəxş eləyir.
    Kitabdakı yazılardan görünür ki, 1988-ci ilin fevralında Qarabağda başlayan hadisələr gənc Sənanın taleyində həlledici rol oynayıb. 1991-ci ildə Sovet ordusunda hərbi xidmətə çağırılan Sənan hərbi hissənin 60 əsgəri ilə birlikdə Müdafiə Nazirliyinə gəlib qarabağa getmək arzusunu bildirir. Nəhayət, o, 17 nəfərlə Ağdama gələrək Azərbaycanın Milli qəhrəmanı Şirin Mirzəyevin rəhbərlik etdiyi alayın kəşfiyyatçı rotasında xidmətə başlayır. Döyüşdən döyüşə hərbi biliyini artıran, kəşfiyyatçı kimi püxtələşən Sənan ən çətin tapşırıqları yerinə yetirməkdə əsl şücaət göstərir.

"Sənan əfsanəsi" kitabından sətirlər

    - Sənan əvvəl atasının yanında sərbəst güləşlə məşğul olurdu. 85-ci ildən sonra mənim məşqimə - sambo güləşinə gəldi. Sambo güləşinə tez alışdı. Respublikanın bir çox rayon və şəhərlərində Ağdamın şərəfini qoruyurdu. Çox keçmədi ki, respublikadan kənarda - Rusiyada, Belarusiyada və başqa respublikalarda Azərbaycanın idman şərəfini layiqincə qorudu. Sənan dəfələrlə ölkəmizə qızıl, gümüş və bürünc medal gətirdi. Müxtəlif turnirlərin qalibi oldu.
Çox gənc olmasına baxmayaraq 16 yaşında (1989) Azərbaycan çempionu oldu. Onu da qeyd edim ki, Sənan mənim yetirdiyim ilk SSRİ idman ustasıdır. O, ağır təbiətli, iradəli, əsl qorxmaz bir insan idi.

Mübariz İbrahimov
Azərbaycanın əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Hakimlər Kollegiyasının sədri

    - 15 may 1992-ci il. Abdal və Gülablı kəndləri uğrunda döyüş. Sənan Rüstəmovun sözün həqiqi mənasında fədakarlıq və qəhrəmanlıqla zəngin olan və gəncliyə örnək ola biləcək son döyüşü. Ölümündən sonra oxuduğu məktəbin təqdimatı və Ağdam rayon XDSİK-nin qərarı il Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verildi. Lakin mən hesab edirəm ki, onun göstədiyi qəhrəmanlıq və şüurlu fədakarlıq müqabilində bu çox azdır. Çünki o, həqiqi qəhrəmandır -Azərbaycanın Milli qəhrəmanı.

Əlövsət Sadıqov
Ağdam şəhər 2 saylı orta məktəbin sabiq direktoru

    - "Qarabağ bülbülləri" ansamblının solisti, tar və ud alətinin mahir ifaçısı Sənanı döyüşçü kimi təsəvvür etmirdik. Lakin mən tələbəmin məğrurluğunu, şücaətini, mətanətini, vətənə bağlılığını görüb fəxr edirdim.

Murad Rzayev

    - Sənanın göstərdiyi qəhrəmanlıq o vaxt dillər əzbəri olmuşdu. Sənanla biz də fəxr edirdik, axı atası və qardaşları ilə birgə döyüşürdük. Hərdən gəlib bizimlə görüşürdü. Sənanın qəhrəmanlığı, Sənanın yolu hər zaman hər bir gəncə örnək olmalıdır. Hər kəs onun kimi Azərbaycanımızın hər qarışını sevməlidir. Düşmənlərə qarşı nifrətli olmalıdır.

Barat Quliyev
polkovnik-leytenant

    - 7-8 may 1992-ci il. Nəzərdə tutulan əməliyyat planını dəqiqləşdirmək və düşmənin məkrli niyyətini öncədən aydınlaşdırmaq üçün Sənan Əkbər və Çingiz Məmmədovla bir daha kəşfiyyata gedir və çox mühüm strateжi əhəmiyyətli xəritə əldə edib hərbi hissəyə gətirir.
    Əslində ermənilərlə mübarizəyə hələ 1988-ci ildən başlayan igid Sənanın 1991-ci ildən sonrakı döyüş yolu Ağdam, Ağdərə, Sırxavənd, Canyataq, Qazançı, Kiqan, Gülyabat, Pircamal, Naxçıvanik, Umudlu, Xocalı və digər istiqamətlərdə aparılan döyüşlərdən keçib. Hər döyüşdə düşmənə gözlnilməz zərbələr endirən Sənan 1992-ci ilin aprelində alayın kəşfiyyat rotasının komandiri təyin edilir. Kəşfiyyatçı kimi dəfələrlə çətin tapşırıqlar dalınca gedib üz ağardan Sənan komandir kimi daha məsuliyyətli hərəkət edir, hər bir işi alay komandiri ilə, necə deyələr, yüz ölçüb, bir biçirdi ki, əməliyyat zamanı lazımsız itki olmasın. Çünki onların qarşısında hələ çox çətin vəzifələr - itirilmiş torpaqların azad olunma vəzifəsi dururdu. Bütün qeyrətli Azərbaycan oğulları kimi Sənangil də bu istəklə hərəkət edirdilər.
    - 1992-ci il may ayının 15-də ermənilər böyük hərbi qüvvə ilə Ağdamın Abdal-Gülablı kəndinə hücum etdilər. Sənan Rüstəmovun bölüyü də bu döyüşdə böyük hünər göstərdi və ermənilərin xeyli canlı qüvəsini məhv edib, çoxlu silah-sursat ələ keçirdi.
    Azğın düşmənin vurduğu "SU-25" tipli qırıcı təyyarəmizin pilotunu da azad edən Sənan oldu. O, yenidən ön xəttə gəlib döyüşə-döyüşə orda düşmən əlinə keçən vacib sənədləri tabora gətirməyə müvəffəq oldu. Bu, misli görünməmiş, bəlkə də əfsanəvi bir hünər idi.

    Bəli, bu, 19 yaşlı Sənanın Qarabağ torpağı uğrunda son döyüş oldu. Müxtəlif sənədlər, sənansevərlərin xatirələri, жurnalistlərin mətbuat səhifələrində çap edilmiş ayrı-ayrı məqalələrindən, ailə üzvlərinin danışdıqlarından, barəsində dəyərli sözlərdən ibarət olan kitabı həyəcansız oxumaq olmur.

    Kitabda Sənan Rüstəmovun misilsiz hünər göstərərək şəhid olmasından sonra 836 saylı hərbi hissənin rəhbərliyi tərəfindən ona "Milli Qəhrəman" adı verilməsi üçün ölkə başçısına ünvanlanmış sənədin də surəti salınıb. Kim bilir, on bir il əvvəl göndərilən bu sənəd hansı məmurun masasının gözündə kif atır. Şəhid Sənanın xatirəsinə göstərilən bu laqeydlik onun anasının, bacısının kitabda yer almış ürək sözlərində də hiss edilir.
    Elə bir жurnalist kimi, bir Azərbaycan vətəndaşı kimi bu biganəliyə görə mənim də ürəyimdən bir göynərti keçdi. Axı cismani ömrünü 11 il əvvəl başa vurmuş Sənan Rüstəmov 19 yaşında ikən ölümün gözlərinə güllə sıxmağı, canını vətən yolunda qurban verməyi bacardı. Axı ona da haqqı çatanı vermək lazımdır.
    "Sənan əfsanəsi" kitabını oxuyarkən diqqətimi bir bənd şer çəkdi: 

            Vətən yolunda canından keçən
            Minlərlə şəhiddən biridi Sənan.
            "Sənan öldü" -deyə düşünmə ki sən
            Bütün şəhidlərtək diridi Sənan.

    Bu şerin müəllifinə haqq qazandırmaya bilmirəm. Doğrudan da Sənan diridi, sağdı. Ölümündən 11 il keçəndən sonra da onun adı, əməli anılır.
    19 yaşlı Sənanın igidlikləri, şücaətləri ilə tanış olduqca adamın içində güclü bir Vətən sevgisi, intiqam hissi baş qaldırır. Yerindən qalxıb hayqırmaq, birbaş Qarabağa -işğal altında qalan torpaqlarımızın nicatına doğru qaçmaq istəyirsən.
    Son olaraq Sənana Allahdan rəhmət, belə gözəl əsəri araya-ərsəyə gətirən Elçin qardaşımıza isə təşəkkürümüzü bildiririk. Çünki hər bir şəhid haqqında yazılan belə gözəl kitab ilk növbədə o şəhidə qoyulan mənəvi abidədir. Həmişə 19 yaşında qalacaq Sənan o abidəni hələ sağ ikən özü ucaltdı...