Məqalələr‎ > ‎

ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (I hissə)

16 Mar 2016 07:03 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 May 2016 06:12 güncellendi ]








Qalib ƏSƏDƏOV,
həkim-nevropatoloq


        Zirvələri uca göylərə dikələn, qocaman Qafqazın cənub yamacında ormanlı dağların səfalı qoynunda möhtəşəm Şərq şəhəri özünə məskən salmışdır. Şəki şəhəri. Şəkinin əlverişli təbii şəraiti, əkinə yararlı münbit çay vadiləri, bərəkətli düzənləri, səfalı yaylaqları, mülayim qışlaqları çox erkən onu firavan yaşayış guşəsinə çevirmişdir. Şəki lap qədim zamanlardan bütün Şərqdə öz ulu loğmanları, təbibləri ilə məşhur olmuşdur. Bəli, Azərbaycanımızın elmi, mədəniyyəti, ədəbiyyatı qədim tarixə malikdir. Bu gün biz sizə Azərbaycan təbabətinin tərkib hissəsi olan Şəki səhiyyəsindən, onun dünənindən, bugünündən, burada fədakarcasına ömrünü insanlara hədiyyə edən həkimlərdən, artıq tarixə öz adlarını əbədi həkk etmiş səhiyyə fədailərindən söz açmaq istəyirik.

        
Şəki təbabəti öz indiki səviyyəsinə birdən - birə gəlib çatmamışdır. Onun şərəfli keçmişi , inkişaf mərhələləri və əsası vardır. Çox təəssüf ki, tarixi məxəzlər Şəki təbabətinin qədim və orta əsrlərdəki vəziyyətindən o qədər də müfəssəl məlumat vermir. Məlumdur ki, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra (1805-1806) dinimizə qarşı mübarizə kompaniyası adı altında o vaxta qədər istıfadə etdiyimiz ərəb əlifbası ilə yazılan bütün kitablar, məlumatlar, dinə aid olub-olmamasından asılı olmayaraq kütləvi şəkildə yandırılıb məhv edilirdi. Şəki həkimləri haqqında ilk doğru - dürüst məlumata XIX əsrin ortalarında çar məmurlarının tərtib etdikləri sənədlərdə rast gəlirik. Həmin illərdə elə həkimlər vardı ki, onlar təbabəti hərtərəfli bilirdilər. Belələrinə “Zemskiy vraç” deyərdilər. Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra belə həkimlərdən bir neçəsi bizim vətənə köçüb fəaliyyətə başlayır. 1843-cü ildə Nuxa mahalına Pyotr Aleksandroviç Klapitonov qəza həkimi təyin olunur. Bəzi mənbələrdə onun adı Klapitonaşvili kimi göstərilir. Həmin dövrdə ilk dəfə olaraq Nuxa mahalında çiçək yoluxucu xəstəliyinə qarşı peyvənd aparılır. 1898-ci ildə Nuxa mahalına Fyodorov həkim təyin olunur. Çar məmurlarının hesabatlarında göstərilir ki, yerli əhali öz mədəni geriliyi ucbatından həkimlərə tibbi yardım üçün qorxa - qorxa müraciət edir, əsasən yerli türkəçarələrin yanına gedirlər. Xalqın xaşpərəst həkimlərə müraciət etməməsini rus məmurları “avamlıq” hesab edirdilər. Bu təmamilə yanlış fikirdir və əhali şəriət qanunlarını əsas tutduqlarından onara müraciət etmək istəməyiblər. Şəriət qanunlarına əsasən hətta kafirlərlə əl verib görüşmək belə yasaq edilirdi.

        
Bəli, həmin dövrdə əzab çəkən insanların yeganə köməkçiləri xalq təbabətinin sirlərinə yiyələnmiş türkəçarələr, sınıqçılar, dəlləklər, aralıq mamaları, çöpçülər və başqa bilicilər idi. Onlar xəstəliklərin müalicəsi üçün otlar və toxumlardan, köklər və meyvələrdən geniş istifadə edirdilər. Xüsusi şəxslər dərman bitkilərinin yığılması, qurudulması, saxlanılması və ticarəti ilə məşğul olurdular. ətrafların çıxıqlarının və sınıqlarının müalicəsi üçün tərpənməz sarğılardan istifadə olunurdu. Qan almaq, küpə (dopu) qoymaq, dağlamaq və çöp çıxarmaq geniş yayılmışdı. Nuxa qəzasında bu cür xalq bilicilərindən biri Həkim baba idi. Ona Limon baba da deyərdilər. Bu müdrik qoca təbabətin vurğunu idi. Limon bitkisini daha çox sevərdi. Onun Şəkidə, indiki Dram Teatri yerləşən ərazidə, böyük bir limon bağı vardı. Müharibə illəri və müharibədən bir neçə il sonra ibtidai sinif dərsliklərində Həkim baba haqda uşaqlara məlumat verilərdi. Həmin dərsliklərdən məlum olur ki, Həkim baba bir çox cərrahi xəstəlikləri, irinli yaraları, qaraciyər xəstəliklərini müalicə edərmiş. Özünün dərman bitkilərindən hazırladığı məlhəmləri işlədərmiş. Xırda cərrahi əməliyyatlara da apararmış.

        XVII əsrin sonu, XVIII əsrlərdə Şəki iqtisadi cəhətdən sürətlə inkişaf edir və Rusiyada ipəkçiliyin mərkəzi və “Qafqazın Lionu” adlandırılırdı. Qafqaz səfərinə çıxan dahi fransız yazıçısı Aleksandr Dümanın qeydlərində Şəkinin (Nuxa) təsviri, onun bazarının zənginliyi və buradan Fransaya iki yəhər, bir qilinc alıb aparması, Burada Xalisəqarızadə Əbdülqəni Nuxəvinin şəxsi kitabxanasının zənginliyini orada olan nadir əlyazmalarının nümunələrini görərkən heyrətlənməsini gizlətmədiyini bildirməsi o dövrlərdə şəhərimizin nə dərəcədə inkişafından xəbər verir.

        Əbdülqəni Nuxəvi 1863-cü ildən Şəkinin Baş qazisi olarkən yazdığı “Qazıxana dəftəri əsərində 1865-1880-ci illər ərzində Şəkidə evlənənlərin nikahı haqqinda və dünyasını dəyişənlərin hansı xəstəlikdən vəfat etməsini qeyd etməsi, bizə düşünməyə əsas verir ki, ondan da qabakı dövrlərdə də Şəkidə xalqın sağlamlığının qeydinə qalanlar olub və onlar haqqında da məlumatlar yazılıb. Lakin məlumatların bu günümüzə qədər gəlib çatmaması (məhv edilməsi) başqa mövzunun söhbətidir.

        O dövrün loğmanlarından danışarkən Nağıbəyovlar haqqında məlumat vermək istərdim. Əbdürrəhman ağa Nağıbəyov Şəkidə çox imkanlı şəxslərdən biri olub. Onun iki oğlu və bir qizi vardı. Oğlanlarından Məmmədtağı bəy tacir, Hacıbala bəy isə həkim idi. Hacıbala bəy əvvəl rus-müsəlman məktəbində oxumuş, sonra isə tibbi təhsil almışdı. O Qafqazın müxtəlif şəhərlərində, bir müddət isə İranda həkim işləmişdir. Sonra isə həkimlik fəaliyyətini doğma şəhərində davam etdirir.

        
Qədimbəyovlar nəslindən olan Qədimov Əliabbas Əli oğlu 1901-ci ildə Rusiyanın Kazan universitetinin hüquq fakültəsinə daxil olub, 5-ci kursa qədər oxuduqdan sonra 1905-ci il inqilabı ilə əlaqəli siyası mübarizə iştirakçısı kimi məsuliyyətə cəlb edilmə təhlükəsi yarandığından Təbrizə, oradan isə Hacı Zeynalabdin Tağıyevin himayədarlığı ilə Türkiyəyə gedir. İstanbulda tibbi təhsil alır. Universitet təhsilini başa vurduqdan sonra bir müddət Türkiyədə işlədikdən sonra Azərbaycana qayıdır. Şəkidə öz müalicəxanasını açır.

        O dövrdə Hacı Cabbar və onun yoldaşı Pəpə nənə bütöv Nuxa mahalında məşhur ara həkimi kimi tanınırdılar. Onlar xəstəliklrin müalicəsində əsas etibarilə dərman bitkilərindənistifadə edirdilər. Yeri gəlmişkən həmin nəsil indi də Şəkidə “Həkimlər” ləqəbi ilə tanınır.

        1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Ağa Hüseynov Xalq Səhiyyə Komissarlığının nümayəndəsi kimi Nuxa qəzasına göndərilir. İşinə həddən artıq məsuliyyətlə yanaşan, tutduğu vəzifənin məsuliyyətini dərk edən Ağa Hüseynovun şəhərimizdə səhiyyə sisteminin yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Bu adam sözün hər mənasında sənətinin fədaisi idi. Yorulmaq bilmədən çalışan, Şəkidə bir çox səhiyyə müəssisələrinin təməlini qoyan Ağa Hüseynovun tərcümeyı halı haqqında təssüf ki, ətraflı məlumat əldə edə bilmədim.

        1923-cü il iyunun 20-də Nuxa Qəza İcraiyyə Komitəsinin qərarı ilə 20 çarpayılıq Nuxa Xalq Xəstəxanası açılır. Ağa Hüseynov bütöv Nuxa mahalında birinci olan və həm də Qax, Balakən, Zaqatala, Oğuz, Qəbələ rayonlarının əhalisinə xidmət edən Nuxa Xalq Xəstəxanasının ilk Baş həkimi olub. Lakin təqribən 1 ay keçdikdən sonra 15 iyul 1923-cü ildə Nuxa Qəza İcraiyyə Komitəsinin qərarı ilə Nuxa Xalq Xəstəxanasının binasında hərbi lazaret yerləşdirilir. Həmin il avqustun 30-da Nuxa Qəza İcraiyyə Komitəsinin Rəyasət heyətində yeni xəstəxananın layihəsi, smetası müzakirə olunur. Nuxa Qəzasının Səhiyyə şöbəsinin müdiri işləyən Ağa Hüseynov təkidlə xəstəxananın tikintisini sürətləndirməyi tələb edir.

        18 sentyabr 1923-cü ildə Nuxa Qəza İcraiyyə Komitəsinin qərarı ilə 3 № li Sovet apteki açılır. Təsərrüfat hesabı ilə işləyən həmin aptekə Belski müdir təyin edilir. Bu aptek bütöv Nuxa mahalında ilk əczaxana idi.

        
30 mart 1924-cü ildə Nuxa Qəza İcraiyyə Komitəsi Rəyasət heyətinin qərarı ilə 5 çarpayılıq Doğum Evi işə başlayır. Həmin Doğum Evində 1 kiçik tibb işçisi ştatı olur. Deyilənlərə görə, istər inqilabdan qabaq, istərsə də inqilabdan sonra Şəki mamaları içərisində Züleyxa xala və mama Zəhra böyük şöhrət qazanmışdılar. “Petinin qızı - Züleyxa” adı ilə Şəkidə məşhur olan bu nurani qocada necə səliqə, işinə, xəstələrə qarşı necə məhəbbət olub. Züleyxa xala qışın çovğununda, yayın istisində, payızın yağışında bütün Şəki kəndlərinə doğuşa köməyə gedərdi. Sonralar Nuxa Səhiyyə İdarəsinə “polutoranka” adlanan maşın verirlər. Neçə - neçə qadının doğuşunu sənətinin vurğunu olan bu qadın maşının kuzovunda tutub.

        1925-ci ilin dekabrın 12-də Nuxa Qəza İcraiyyə Komitəsinin Rəyasət heyətinin qərarı ilə zöhrəvi xəstəliklərin artması ilə əlaqədar “Dəri - Zöhrəvi dispanseri” açılır və Qutkin müdir təyin olunur.

        1926-cı il yanvarın 1-i Nuxa Xalq Xəstəxanasının I korpusu işə başlayır. Məmməd Hacıyev baş həkim təyin olunur. Hacıyev Məmməd Cabbar oğlu 1885-ci ildə Şəkidə anadan olub. 1916-cı ildə Odessa Universitetinin tibb fakultəsini bitirmişdir. 1926-cı ilə qədər Kerç şəhərində xəstəxananın Baş həkimi işləmişdir. Sonra isə ömrünün axırına kimi, yəni 1955-ci ilə qədər Şəki şəhər Rayonlararası Mərkəzi Xəstəxananın Baş həkimi olmuşdur. Məmməd Hacıyev “Azərbaycan SSR əməkdar həkimi”, “Azərbaycan SSR Əmək Qəhrəmanı” kimi fəxri adlara layiq görülmüşdür. Hal hazırda Şəki Mərkəzi Rayon Xəstəxanası Məmməd Hacıyevin adını daşıyır.
                                                                                                                                                (Ardi var)

        P.S. Bu yazı həkim-nevropatoloq Qalib Əsədovun hələ çap olunmamış kitabındandır. Vaxtaşırı yazının ardını bu səhifədə dərc edəcəyik. Əsər həmçinin, "Şəki Bələdiyyəsi" qəzetində də hissə-hissə çap olunacaq.

Şəkillərdə (yuxarıdan aşağı) - 1. Şəkidə ilk xəstəananın görünüşü; 2. Uşaq müalicəxanasın qeydiyyat şöbəsi; 3. Xəstəxananın yeməkxanası; Cərrahiyyə kabineti.