Məqalələr‎ > ‎

Kəmalə Nəbibəyova: "Ürəyim hər zaman öz torpağımla bir döyünür" (müsahibə)

15 May 2016 23:14 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 May 2016 00:11 güncellendi ]
"Vətənə olan aşırı sevgim genetikdir". "...Axşamlar günün yorğunluğunu atmaq üçün Qara dənizin sularında xəyala dalaraq Xəzərimə qovuşuram"


İstanbulda yaşayan həmyelimiz,
tanınmış sənətçi Kəmalə Nəbibəyovanın 
Doqquz.az saytına müsahibəsi





        -Xoş gördük. Öncə özkeşminiz haqqında oxucularımıza bilgi vermənizi istərdik.
        - Salam. İlk öncə Azərbaycanımın bu ağır və məsuliyyətli anlarında dözüm və səbr, şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm.
        Mən ziyalı bir ailədə dünyaya göz açmışam. Ulu babam sərkərdə olub. Tanınmış Nəbibəyovlar nəslindənəm. Bunu xüsusi qeyd etmek istəyirəm ki, Vətənə olan aşırı sevgim genetikdir. Bir bacı, bir qardaş olmuşuq ailədə. Ərköyün böyümüşəm. Uşaq vaxtı yaşıdlarım gəlinciklə oynardı, mən isə oyuncaq silahla oynayardım. Uşaqlıqdan istədiyimi əldə etməyə öyrəşmişəm. Sumqayıt şəhərində 13 nömrəli məktəbi bitirdikdən sonra S.Hacıbəyov adına musiqi texnikumuna qəbul olundum. Ailə qurdum. Musiqi məktəbində fortepiano müəlliməsi işləyirdim. Aktiv olduğum üçün gənc olmağıma baxmayaraq, Həmkarlar Təşkilatının sədri seçildim. Məktəbdə musiqili tamaşalar hazırlayırdım. Hər kəs mənə sənin yerin bura deyil, təhsilini davam etdir -deyirdi. Və baxmayaraq ki, iki körpə övladım vardı, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çox yüksək balla qəbul oldum. Yenicə qəbul olmuşdum, bədii qiraətə maraq göstərməyə başladım və bu məndə çox uğurlu alınırdı. Az tv -də olan ədəbi-bədii proqramlarda tez-tez çıxışım olurdu. Çox keçmədi, İRS folklor ansamblında aparıcı olaraq fəaliyyətə başladım. Vaxtaşırı Azərbaycanın müxtəlif TV kanalları vasitəsilə çıxışlarım olurdu. Sumqayıtda fəaliyyət göstərən Dünya TV-də müəllif proqramı açdım. Müəllif departamentinin rəhbəri idim. O zaman çox peşəkar kollektivimiz vardı. Maddi çətinliklərə baxmayaraq, böyük işlər görürdük. Bu gün şəhərimdə fəaliyyət göstərən TV- də çox böyük inkişafı görüncə sevinirəm. Dəyirman adlı verilişimdə ilk qonağım ölməz sənətkarımız Nəsibə Zeynalova oldu. Uzun müddət Mədəniyyət Mərkəzinin rəhbəri oldum. 2010-cu ildə QHT qeydiyyatdan keçirərək fəaliyyətimi davam etdirdim. Bununla yanaşı Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa idim. 2014 –cü ildə məsləkdaşım Fuad Kazımovla Turan teleteatrı yaratmağı qərara aldıq.

        - Təhsil illəri yadınızda necə qalıb? Kimlərdən dərs aldınız?
        - Təhsil illərim çox möhtəşəm olub. İlk gündən şanslı oldum. Respublikanın əməkdar artisti mərhum professor Firdovsi Naibov, respublikanın əməkdar artistı Ağalar Bayramov, Kəmalə Mehdiyeva, Məleykə Məmmədovadan dərs aldım. Daim çəkilişlərdə idim. Universiteti və magistraturanı qırmızı diplomla bitirdim. Çox gözəl tədbirlərdə çıxışlarım olurdu. Sumqayıt şəhərində demək olar ki, əksər tədbirlərdə iştirak edirdim.

        - Bir qədər əvvələ qayıdaq. Bayaq Turan teatrının adını çəkdiz. Uzun zəhmət bahasına araya-ərsəyə gətirdiyiniz Turan teleteatrının taleyi necə oldu bəs?
        - Turan teleteatrı ilk gündən uğurlu addımlar atdı. Heç bir dəstək gözləmədən şəxsi vəsaitimiz hesabına iki kiçik film çəkdik. İlk tamaşamız R.Behbudov adına mahnı teatrında nümayiş etdirildi. Ətrafımıza çox gözəl kollektiv toplaya bildik. Bu gün Fuad Kazımovun rəhbərliyi altında uşaq tamaşaları hazırlanır və fəaliyyətimiz davam etməkdədir. Mən də öz növbəmdə uzaqdan da olsa teatrın yaşaması üçün əlimdən gələni əsirgəməyəcəm.

        - Son zamanlar Türkiyəyə köçmüsüz. Bu haqda mətbuatda bəzi bilgilər gedib deyə, oxucularımız üçün bu köçün səbəblərini bilmək maraqlı olardı.
        - Bəli. Çox maraqlı bir sualdır. Bu sualın cavabı çox uzun da ola bilər… Turan teleteatrı bildiyiniz kimi şoudan uzaqdır. Yalnız vətənpərvər mövzulara müraciət edir. Mənim bir layihəm ortaya çıxdı. Aygün Həsənoğlunun “Adsız qadın” monopyesi… Xocalıda baş verən, Azərbaycanda minlərlə ailənin düçar olduğu bəlaları, soydaşlarımızın başına gələn müsibətləri özündə əks etdirən bir əsərdir. Tamaşanın hazırlıqlarına çox məhdud imkanlarla başladım. Teatrımızın rejissoru Elçin İmanov çox ğözəl quruluş verdi tamaşaya. Məşqlərimiz davam edirdi. Bu layihə ilə bağlı dünyaya səs salacaq çox fərqli fikirlərim vardı. Lakin bir gün ağlıma bu tamaşanı Azərbaycanın hüdudlarından kənara çıxarmaq gəldi. Bu fikir məni və Elçini rahat buraxmırdı. Təbii ki, əlimizdə bunun üçün lazımi vəsait belə yox idi. Mən Vətənimin haqq səsini duyurmaq üçün gəldim. Ehtiyacdan flandan deyil. Bununla bağlı ailəmdə də problemlər yaşadım. Çünki həqiqətən Vətəni tərk etməyə maddi ehtiyacım yox idi. Məni anlamaq üçün məni diqqətlə dinləmək lazım idi. Sağolsun valideynlərim bu məsələdə mənə hər zamankı kimi dəstək oldular.
        Gəldim çıxdım İstanbula… Burada İstanbul Azərbaycan Kültür evinin adını duyar duymaz missiyamızın üst - üstə düşdüyünü düsünüb üz tutdum oraya. Başqan Hikmet Elplə tanış olduqdan, uzunuzadı söhbətlərimizdən tam dəqiq ünvana gəldiyimi anladım.

        
- Bəlkə bu məqamda İstanbul Azərbaycan Kültür Evi haqqında oxucularımıza bilgi verəsiz...
        - Əlbəttə, üzvü olduğum kültür evini oxucuya tanıtmaq istərdim. Doğurdan da qürur duyulasıdır. AZƏRBAYCAN KÜLTÜR EVİNİN QURULUŞU VE MİSSİYASI: 2007- ci ildə qurulan İstanbul Azərbaycan Kültür Evi missiya olaraq İstanbul kimi çox böyük bir şəhərdə mədəniyyətimizə maraq duyanları bir araya gətirmək üçün müxtəlif tədbirlər hazırlayır.
        Azərbaycan mədəniyyətini və Türkiyə-Azərbaycan arasında var olan keçmişdən gələn köklərinin dərinliyini hər iki ölkənin insanına tanıtmaqdır. Öncəliklə, mədəniyyət və incəsənət istiqamətində görülən çalışmalarla ictimaiyyətimizin təqdirini qazanmış olan Kültür Evinin İstanbulun bir çox ilçəsində təşkil etdiyi konsert, panel ve konfranslarda Türk toplumunun maarifləndirilməsində vacib bir boşluğu doldurması ümidi ilə toplumumuzdan gələn istək üzərinə 2015 – ci ildən etibarən çalışma sahəsi genişləndirilmiş, nəşriyyat işinə də başlanılmışdır.
        Açıqlıq gətirmək üçün deyim: İstanbul Azərbaycan Kültür Evi olaraq, Azərbaycanın daxili siyasətinin bir tərəfı olmadan, Azərbaycanın bütünlüyünü əhatə edəcək şəkildə mədəniyyətimiz ilə bağlı çalışmaları yürütmək niyyəti ilə çox böyük layihələrə imza atır.
        2008 – ci ildən etibarən Türkiyədə hər il müntəzəm olaraq, Novruz Bayramı bir bayram kimi, musiqimizlə və şənlik havası ilə qeyd olunur.
        Türk tarixinə qara bir ləkə olaraq vurulmaq niyyəti ilə Ermənilərin “qondarma soyqırım yalanı”nını tarixi faktlara söykənərək bir çox panellər konfranslar, tədbirlər təşkil edərək maarifləndirici məlumatlar çatdırır.
        31 Dekabr tarixində “Azərbaycan mədəniyyəti Günləri" adı altında çeşidli proqramlar təşkil olunur.
        Türkiyə-Azərbaycan arasında keçmişdən gələn dərin əlaqələrin il dönümlərində müxtəlif tv, qəzet, jurnal kimi mətbuatda məlumatlandırma və tədbirlər təşkil olunur.
Azərbaycan mədəniyyətində önəmli bir yer tutan səhnə sənətinin Türkiyədə tanıdılması və yaşadılması ilk növbədə qarşıya qoyulan məqsədlərdən biridir.

        
- Hazırda hansı layihələr üzərində işləyirsiz? Qarşıda nə kimi planlarınız var?
        - Fəaliyyətimizin ilk ayında Barış TV -də həftəlik proqram olan "A dan Z –yə" proqramının 4 bölümünü "A dan Z – yə Azərbaycan" olaraq çəkib göstərdik. İstanbul Azərbaycan Kültür evinin layihəsində müəllif-aparıcı olaraq əlimdən gəldiyi qədər mədəniyyətimizi , incəsənətimizi, mətbəximizi, folklorumuzu, tariximizi dünya ictimaiyyətinə tanıtmağa çalışdım. Son zamanlar Azərbaycanın Dağlıq Qarabağla sərhəd zonasında yaranmış hərbi vəziyyətlə bağlı artıq əyləncə xarakteri daşıyan bu proqramda iştirak etməyi məqsədə uyğun hesab etmədiyim üçün proqramdan ayrılmalı oldum. Düşünürəm ki, Azərbaycanda yüzlərlə evdə şəhid analarının göz yaşı tökdüyü bir vaxtda əyləncə bizə yaraşmaz və fəaliyyətimi başqa layihələrə yönəltdim. Hazırda Aygün Həsənoğlunun minlərlə şəhid anasını simvolizə edən “Adsız Qadın” əsəri üzərində işləyirik və Oda teatrı ilə Firuz Mustafanın “Müqəvva“ monodramı üzərində gərgin iş gedir. Hər iki tamaşanın quruluşçu rejissoru Turan Teleteatrının rejissoru Elçin İmanovdur. Bununla bağlı hələ çox açıqlama vermək istəmirəm. Tamaşaların premyerasından sonra İstanbul Azərbaycan xətti ilə hər iki layihə Türkiyənin bir çox yerlərində göstəriləcək. Eyni zamanda İstanbulda fəaliyyət göstərən müxtəlif teatrlardan təkliflər almaqdayam.

        -Bildiyim qədəri ilə poeziyaya çox bağlı adamsız. Boş vaxtlarınızda öz-özünüzə söylədiyiniz və ya zümzümə etdiyiniz şeir hansıdır?
        - Fəaliyyətimin müxtəlif sahələrə haçalanmasına baxmayaraq bədii qiraətin həyatımdakı rolu böyükdür. Bir çox şeirləri sevsəm də, bunlardan biri bu yaxınlarda dünyasını dəyişmiş Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun “Dünya Türkün olacaq” adlı şeiri və Əli Kərimin “Qayıt” şeiri hər zaman mənim üçün əvəzedilməzdir. İştirak etdiyim tədbirlərdə də bu iki şeiri sevə-sevə söyləyirəm.

        - Unudub soruşmadığım, Yurdumuza və Doqquz.az saytının oxucularına söyləmək istədiyiniz nəsə varmı?
        - Bizi duyan və eşidən Azərbaycandakı oxuculara yalnız bir şeyi demək istərdim, harda olmağınızdan aslı olmayaraq hər zaman kökünüzü, tarixinizi unutmayın və danmayın. Xalqın haqq işini müdafiə edən insanlara bu yolda dəstək olun.
        Son olaraq bir şeyi qeyd etmək istərdim, yaxşı olardı ki, hər kəs öz bacardığı sahədə çalışsın. Çünki hər bir iş peşəkarın əlində olduqda o işin keyfiyyəti və səviyyəsi yüksək olar. Gəlin hamımız bildiyimiz işlə məşğul olaq. Yurdumdan nə qədər uzaqlarda olsam da, ürəyim hər zaman öz torpağımla bir döyünür. Gərgin iş qrafiki hər nə qədər darıxmağa imkan verməsə də, axşamlar günün yorğunluğunu atmaq üçün Qara dənizin sularında xəyala dalaraq Xəzərimə qovuşuram…

Söhbətləşdi: H.NAMİQ,
Mənbə: Doqquz.az
10 may 2016 17:05