Məqalələr‎ > ‎

Yusif Şükürlünün poeziyasında elmi-fəlsəfi düşüncə tərzi

16 Ara 2015 01:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Ara 2015 01:15 güncellendi ]












Şəfəq
 MƏMMƏDOVA,

AMEA Şəki Regional elmi mərkəzi 
“Molekulyar biofizika” şöbəsinin əməkdaşı


        
XX əsrin II yarısında ədəbiyyata gələn, ixtsasca fizik olmasına baxmayaraq bədii istedadı ilə əbəbiyyat təmsiçilərinə meydan oxuyan Yusif Şükürlünün yaradıcılığı mövzu etibarilə zəngindir. Yazıçının nəsr dili realist təsvirin ən sadə, yaddaqalan detallarına söykənirsə, şeir dili fikrin ən dərin qatlarını çulğalayır. Şairin obrazlar sistemi cöxşaxəlidir. Burada insan əzalarından tutmuş, təbiət detallarına qədər hər şeyi görmək mümkündür. Fəlsəfi düyğuların təsiri ilə yazılan bu qəbildən olan şeirlərində şair “dərin fikir şairi” adını almağa layiqliyini sübut edir.
        Məlumdur ki, insan uca Tanrının yaratdığı ən ali varlıqdır. Böyük Yaradan ona görmək üçün göz, eşitmək üçün qulaq, qoxu duymaq üçün burun, dad bilmək üçün dil-ağız və əqli inkişaf etdirmək üçün baş-beyin verib.
        Yusif Şükürlünün “Çəhrayı gödəkçə” kitabında verilmiş “Tanrı qurğuları”, “Qisasdan qorxun” şeirlərində elmi-fəlsəfi ovqat aparıcıdır. “Tanrı qurğuları” şeirində şair insana: - Səbəb nə oldu ki, belə yüksəldin? sualını ünvanlamaqla onun ən ali varlıq, şüur, ağıl sahibi olduğunu təsdiq edir. Şairə görə, Tanrı ona görə insanı önə verib ki, təbiəti qoruyub saxlasın. Şair şeirin birinci bəndində nahaq deyil ki, insanı yer üzünün sahibi adlandırır:

                Sən,ey Yer üzünün sahibi, insan!
                Yerdənmi yarandın,Göydənmi gəldin?!
                Nədən, önə verdi səni Yaradan?
                Səbəb nə oldu ki, belə yüksəldin?

        Şairin “Tanrı qurğuları” şeiri başabaş insan və kainat kontekstində yazılmışdır. Şair nəzm sahəsində olan istedadının gücü ilə həyatın dörd ünsürünün vəhdətini şeirdə oxucusunun diqqətinə çatdırmağı unutmur. Fəlsəfi düşüncənin zirvəsi kimi şair Günəşə Yerin tacı kimi baxır. Tanrının qurğusu elə qurulub ki, “yaxın” və “uzaq” bir-birini üstələmir. Yaxın-uzaqlığın təzadlılığı şeirdə aşağıdakı kimi öz əksini tapıb:

                Yeri öz tacında saxladı Günəş,
                Çox dəqiq seçildi “yaxın”, “uzaq”da.
                Ona yaxın olsaq: - yandırar atəş,
                Ondan uzaq olsaq: - dondurar şaxta.

        Şairə görə insan beyni hər şeyə qadirdir. İnsan adi oyuncaqlardan tutmuş, mürəkkəb maşınlara,kompyuterlərə qədər hər şeyi hazırlayan varlıqdır. İnsan düşünmək, danışmaq və fikir söyləmək qüdrətinə malikdir. Onun qüdrəti oxumağı, yazmağı, fiziki və əqli əməklə məşğul olmağındadır.

                Əsas üstünlüklər! – insan aldığı:
                Düşünmək, danışmaq, fikir deməkdir.
                igər canlıların bacarmadığı:
                - Oxumaq, yazmaqdır, əqli əməkdir.

        Lakin düşünən, danışan, fikir söyləyən insan həmişə yaradıcı varlıq kimi insanlığa xidmət etmir. Şair insana bəzən torpağı, suyu, havanı korlayan varlıq kimi baxır:

                Tanımaq istəsə insan insanı,
                Görər ki, Tanrının qürğusuyuq biz.
                Korladıq torpağı, suyu, havanı,
                Dunyanın bəlası, sorğusuyuq biz.

        Şair elmi fikir sahibi kimi, bəzən yüksək elmi nəticələrin bəşəriyyətə xidmət etmədiyi qənaətini oxucusu ilə bölüşür. Meşələrin insan əli ilə qırılıb süni göllərin salınması. Təbiəti çirkləndirən zavodların, göyü dələn göydələnlərin tikilməsi şairin ürəyincə deyil. Bu narazılığın ifadəsi aşağıdakı bənddə bədiiləşir:

                Gör necə dəyişdik biz yer üzünü,
                Süni göllər qurub, meşələr qırdıq!
                Göydələn binadan tikdik yüzünü,
                Ozonu min dəfə raketlə cırdıq!

        Şairin şeirin ikinci hissəsində vermiş olduğu göz, səs, dil, ağız, dad anlayışlarına münasibəti onun elmlərin fəlsəsini mükəmməl bilməsini oxucuya bildirir. “Göz” anlayışına münasibətində şairin qənaəti sırf elmi-fəlsəfi istiqamətdədir. Bu bir tərəfdən şairin tarixi-fəlsəfi biliyinin təsdiqidir. Şairə görə, insanın gözləri və qulaqlaqrı ona görə ikidir ki, görülənlər geniş, eşidilənlər çoxluq məzmunu kəsb etsin. Şairin bir elm adamı-alim kimi qənaəti belədir ki, göz əşyanı görmək üçün bir vasitədir, əsas məsələ gözün görüb beyinə ötürdüyü siqnalların hansı səviyyədə aktiv olmasındadır:

                Fotocihaz gözün sadə forması,
                Telecihaz gözdən edilib kopya.
                Görməkçün vacibdir gözün olması,
                Gözlə yox, beyinlə görülür əşya.

        Y. Şükürlünün rənglər dünyası da çoxcəhətlidir. Şairə görə, göz üç rəngi -yaşıl, göy və qırmızı rəngi daha çox seçir. Şairin bu qənaətlərində milli düşüncələri də sətiraltı mənada özünü biruzə verir. Şair yaşıl, göy və qırmızı rənglərinə milli atributlar kimi baxır və yaşıl rəngdə islamçılığını, göy rəngdə türklüyünü, qırmızı rəngdə müasirliyini axtarır. Buna görədir ki, şair yazır:

                Yaşıl, göy, qırmızı-üç rəng seçir göz,
                Üç rənglə dünyanı əlvan görürük.
                Gözdən rəng seçimi öyrənib də biz,
                Monitor üçün ekran hörürük.

        Şair “Qisadan qorxun” adlı şeirində təbiət-insan qarşılaşmasını daha kəskin verib insanı təbiətin qənimi kimi səciyyələndirir. O, elmlərin inkişafını insan əməli ilə kainata qənim hesab edir. İnsan kimyanı öyrənərək barıt kəşf edib, fizika elmi inkişaf edərək bəşəriyyətə insanlığa qənim olan nüvə bombasını bəxş edib. İnsan özü dünyanın dərdinə çevrilib:

                Kimyanı öyrənib barıt yaratdıq,
                Nüvə bombasını fizika verdi.
                O geniş dünyanı bizlər daraltdıq,
                İndi insan olub dünyanın dərdi. 

        Şairə görə, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs təbiəti qorumalıdır:

                İstər dinsiz ol sən, ya bütpərəst ol,
                Musəvi, müsəlman, ya xaçpərəst ol.
                Hər kim olursan ol,-sev təbiəti!
                Qoru dünyamızı, ona dürüst ol.

        Şeirin sonunda şairin sülhsevər ruhu, hərbə, müharibəyə nifrəti diqqəti cəlb edir:

                Təbiətə ağır zərbədi, Yusif,
                Partlayan hər bomba, atılan mərmi!
                Onunçün nifrətin hərbədi, Yusif,
                Bu gözəl dünyamız hayıf deyilmi?!

        Apardığımız qısa təhlillərdən gördüyümüz Yusif Şükürlü poeziyasında elmi üslubu bədii üslubla vəhdətdə götürməyi bacarıb diqqətəlayiq forma və məzmun gözəlliyi yarada bilən bir şair təsiri bağışlayır.
        Sonda, bu tədqiqat işinin başa gəlməsində əməyi olan görkəmli alim, AMEA Şəki Regional Elmi Mərkəzin “Folklorşünaslıq və El sənətləri” şöbəsinin rəhbəri, ADPU-nun Şəki filialının Baş müəllimi Kamil Adışirinova minnətdarlığımı bildirirəm.