Məqalələr‎ > ‎

"Avropa Parlamentinin qərarı müharibəyə çağırışdır"

16 Nis 2015 12:30 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Nis 2015 12:38 güncellendi ]
16.04.2015. Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə dünyanın müxtəlif ölkələrində əsas müzakirə mövzusuna çevrilib.

Azərbaycan və Türkiyədə isə məsələ birmənalı şəkildə rədd edilir. Milli Məclisin deputatı Cavanşir Feyziyev məsələ ilə bağlı münasibət bildirib.

O qeyd edib ki, bu qətnamə istər hüquqi, istər siyasi, istərsə də mənəvi baxımdan heç bir əsası olmayan sənəddir. Əslində buna sənəd də deyə bilmirəm. Avropa parlamentinin qəbul etdiyi bu sənəd heç bir məntiqə söykənmir. Birincisi, nəzərə almaq lazımdır ki, nə Türkiyə, nə də Ermənistan Avropa Birliyinin üzvü deyil.

“Demək ki, Avropa parlamentinin səlahiyyətində deyil ki, öz sərhədlərinin hüdudlarından kənarda olan Türkiyə və Ermənistan arasındakı münasibətlərə dair qanun qəbul etsin.

Bu sənədin həmin ərazidə heç bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz. Digər tərəfdən, Avropa Birliyi ermənilərin iddia etdikləri və heç bir əsası olmayan məsələyə bu şəkildə münasibət bildirirsə, yəqin ki, onu da bilirlər ki, bu cür qondarma məsələləri gündəmə gətirmək və bunu dünyanın gündəminə çıxarmaq həmin ölkələr arasında nifaq salmaqdan, münasibətləri daha da gərginləşdirməkdən başqa bir şey deyil.

Bu sadəcə olaraq Türkiyə və türkdilli dövlətlərə qarşı qəbul olunmuş bir qətnamədir. Avropa Birliyi təsisatları öz addımları ilə onu göstərir ki, Avropa Birliyi ona üzv olmayan dövlətlərə qarşı qərəzli münasibət sərgiləyir. Avropa Birliyi bununla da sözdə iddia etdiyi demokratiya, söz və fikir azadlığı, insan haqları kimi prinsiplərə əslində əməl etmədiyini nümayiş etdirir. Bu, hər şeydən öncə, Avropa Birliyi tərəfindən digər ölkələrə qarşı ikili münasibətin, daha dəqiq desək, siyasi riyakarlığın və ikiüzlülüyün təcəssümüdür.

100 il qabaq baş vermiş hadisələrə qərəzli və saxtakar yanaşma millətlər arasında sülhün möhkəmləndirilməsinə deyil, əksinə, xalqlar arasında nifrətə və ədavətə yol açır. Bu yanaşma 1915-ci ildə baş verən hadisələri bəhanə gətirərək müasir Türkiyə və Ermənistan Respublikalarını üz-üzə qoymaqdan başqa bir şey deyil.

Görünür ki, Avropa Birliyi də məhz buna çalışır. Avropa Birliyi dövlətləri də, Avropa Parlamenti də anlamalıdırlar ki, bu məsələnin hazırki Türkiyə və Ermənistana heç bir aidiyyatı yoxdur. Bu məsələdə nə Ermənistan Respublikası iddiaçı tərəf kimi, nə də Türkiyə Cümhuriyyəti cavabdeh tərəf kimi çıxış edə bilər. Çünki o zaman nə Ermənistan dövləti var idi, nə də Türkiyə Cümhuriyyəti".

Cavanşir Feyziyev bildirib ki, Avropa Birliyinə daxil olan dövlətlər ədalət və haqq prinsiplərini öz əməllərində yox, yalnız sözdə önə çəkirlər.

“Özlərini insan haqlarının, söz və fikir azadlığının, ədalətli beynəlxalq siyasi münasibətlərin müdafiəçisi kimi göstərməyə cəhd edirlər. Əməldə görünən isə tamamilə bunun əksidir. Avropa Parlamentinin son qətnaməsi də məhz belə əməllərdən biridir.

Elə həmin Avropa dövlətləri 1918-ci ildə türk toplumunun içində qondarma Ermənistan dövləti yaratmaqla, bütün sonrakı dövrlərdə bu oyuncaq dövlətin mövcudluğundan türk dünyasına təzyiq vasitəsi kimi istifadə ediblər. Bu yanaşma bu gün də öz mahiyyətini dəyişməyib. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, bu cür qızışdırıcı fitnəkarlıq hərəkətləri nə erməni millətinə, nə də Ermənistana fayda gətirməyəcək.

Özgələrin yedəyində getmək əvvəl-axır millət olaraq ermənilərin və dövlət olaraq Ermənistanın deqradasiyasına gətirib çıxaracaq. Ermənistan dövlətinin Avropadakı və ABŞ-dakı dəstəkçiləri də bilməlidirlər ki, belə siyasət yeritməklə, onlar Ermənistana da xeyir gətirmirlər. Bütün bunlar yalnız dünya türk toplumuna, ilk növbədə Türkiyəyə və Azərbaycana təzyiq göstərmək məqsədi ilə edilir. Tarixin ibrət dərslərini unudanlar bilməlidirlər ki, ədalətə, səmimiyyətə, dövlətlər arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməyən bu cür qərarlar bumeranq effekti ilə onların özlərinə qarşı çevrilə bilər. Belə qərəzli münasibətinin qarşılığında həm Türkiyə, həm də Azərbaycan Avropa Biriyinin bütün strukturları ilə olan münasibətlərinə yenidən baxmalıdır.



Öz vətəndaçlarının sülh və əmin-amanlıq şəraitində, yüksək rifah cəmiyyətində yaşamasını təmin etmək üçün nə Türkiyənin, nə də Azərbaycanın Avropa Birliyinə inteqrasiya olunmasına heç bir ehtiyac yoxdur. Beynəlxalq siyasət meydanında yer alan bugünkü siyasi oyunlar bir daha ümumtürk birliyinə nail olmağın nə qədər zəruri olduğunu təsdiq edir. Avropa Parlamentinin qərarı isə bütün türk dünyasına qarşı yönəlmiş bir təhdiddir, sülhə və əməkdaşlığa yox, gərginliyə və müharibəyə çağırışdır. Dünya və Ermənistan bunu istəyirsə, həm Türkiyə, həm də Azərbaycan öz tarixi torpaqlarını və milli qürurlarını əldə silahla da olsa qorumağa hər an hazırdır”.
www.modern.az
URL: Qat.az