Məqalələr‎ > ‎

“Yaxşı adamlar”

17 May 2016 07:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 May 2016 08:00 güncellendi ]














Zamiq ZƏRDABİ


        90-cı illərin əvvəllərində "kamisyonnu”lar yaranmağa başlayanda bundan yararlananlardan biri atam olmuşdu. Yaşadığımız şəhərin mərkəzi küçələrindən birində, evimizin yüz metrliyində bir mağaza açmış, qısa müddətdə işləri sürətlə irəli apararaq, rayonun müxtəlif kəndlərində ümumilikdə yeddi mağaza sahibinə çevrilə bilmişdi. İşlər umduğumuzdan daha yaxşı gedirdi. Ölkədə hamının pis dolandığı vaxtlar idi. Ailələr bir tay un üçün qır-qızılını, evinin əşyalarını satır, uşaqlar bir-birinin, yaşca böyük qohumların ayaqqabılarını, pal-paltarını geyinərək böyüyürdü. Belə bir zamanda biz çətin yaşayışı ancaq kənardan müşahidə edən varlı ailələrdən birinə çevrilmişdik. Tay-tuş uşaqların, sinif yoldaşlarımın həsəd dolu baxışları altında təzə aldığımız "Volqa”nı sürmək, hamıdan fərqli geyinmək, cibində həmişə pul olmaq mənimçün yeni olduğu qədər də qəribə hiss idi. Amma qəfil iflas nə ixtisasca iqtisadçı olan, nə uzun müddət kooperativ təşkilatlarda iş təcrübəsi olan atamın savadı, dünyagörüşü, nə də başqa cəhdlər bizi "bankrot”dan qoruya bilmədi.
        Qısa müddətdə yığılmış var-dövlət, qazanıldığından da az zaman içində hara uçdu, hara sovruldu, nə onda bildik, nə də indi. Bircə onu bilirəm ki, dəhşətli borc yığılmışdı üstümüzə. Dost-tanışa, qohum-əqrəbaya, bütün bunlar azmış kimi sələmçilərə olan borcların necə və hansı yolla qaytarılacağı barədə heç olmasa kiçik bir ümidimiz belə yox idi.
        Həmin günlərin birində səhər ev əhli hələ tam yuxudan ayılmamış qapımız döyüldü. Qonşu rayondan olan məşhur sələmçi Abbas yanında da iki nəfərlə gəlmişdi. Giriş qapısının arxasında atamı təhdid edərək, son iki ayın ödənilməmiş sələmi ilə birlikdə borcun əsas məbləğini ödəmək üçün bir gün vaxt qoydu və "bu işlərin yaxşı qutarmayacağını” xatırladıb getdi. Quldur xislətli adamlar idi bunlar. Qorxulu vəziyyət yaranmışdı. Həmişə dağlardan uca bildiyim, savadına, həyat təcrübəsinə, kişiliyinə görə hamıdan üstün sandığım atamın sanki beli bükülmüşdü. Bir qədər başını əlləri arasına alıb oturduqdan sonra durub geyindi. Bu halında onu tək qoymamaq, ən azından getdiyi yerlərə birgə getmək üçün mən də qalxdım. Evdən çıxdıq. Həyətə düşüb 15-20 addım
        aralanmışdıq ki, skamyada oturub siqaretini tüstülədən qonşu Qurban dayı ayağa qalxıb əvvəlcə atamla, sonra mənimlə görüşdü. Hal-əhval tutduqdan sonra - qonşu, fikirli görünürsən axı, nə problemin var? - deyə soruşdu. Atam yəqin ki, onun probleminə heç vaxt köməyi dəyə bilməyəcək dədədən-babadan lüt gəlib, lüt də gedəcəyi gözlənilən bu kasıb qonşunun sualından yayınmaq üçün – heç, ay Qurban, həyatdı da yaşayırıq. Elə də olur, belə də - dedi.
        - Yox e, a kişi, bir de görək, dərdin nədir, bəlkə elə çarəsi bizdədir. Bir əlac etdik, bəlkə.
        - Sən çarə edəcək şey deyil, a qonşu. Borc yaman yığılıb belimə. Pul problemlərim var.
        - Sənə nə qədər pul lazımdır ki, ay Vilayət. Məndə bir az pul var. Onunla düzələrsə canla-başla verərəm.
        Bayaqdan Qurban kişini ciddiyə almayıb, yəqin ki, canını qutarmaq üçün pul problemi olduğunu deyən atamın gözlərinə işıq gəldi elə bil:
        - Vallah, a Qurban, ağcabədililərə bir az pul borcluyam. Sabaha qədər vaxt qoyublar. İndi də çıxmışdım, gedim, görüm hardan tapıram, kimdən tapıram. Iki "paçka şirvan” əsas borcdu. Bir "paçka” da iki ayın faizi.
        
- A kişi, bunu dərd edirsən sən? Məndə bir az pul var. 5 paçka puldur. Axşam gəl götür onu. Mənə 5-6 aydan sonra lazım olacaq. Gedib niyə özgəyə ağız açırsan ki.
        Atam bu mərdliyin, xeyirxahlığın, insanlığın qarşısında sarsılmış, təəccübdən, sevincdən gözləri bərəlmişdi. Hələ mən az qalırdım ağlayam şadlığımdan.
        - Allah səni qonşuluqdan əksik eləməsin, Qurban – deyib, atam bu arıq, uzun adamı sinəsinə elə sıxdı ki, bəlkə də, Maqdalena İsanı heç vax belə sevgiylə qucaqlamamışdı.
        Evdəkiləri sevindirmək üçün geri qayıtdıq. Hər şeyi olduğu kimi, birnəfəsə, bir-birimizin sözünü kəsə-kəsə, həyəcanla xəbər verdik. Bayaqdan bəri yas ab-havası dolaşan evdə, bir anda bayram əhval-ruhiyyəsi yarandı, hamının çöhrəsinə sevinc qondu. Bu vaxtacan sıradan biri kimi baxdığımız, sovet dövründə çilingər işləmiş, indi işsiz-gücsüz, sadə həyat tərzi keçirən qonşu Qurban kişi gözümüzdə birdən-birə dəyişmiş, əsl xilaskara çevrilmişdi.
        Balaca bacım oxuduğu nağıldan yadına salıb onu Səxavətli Hatəmə, hamıdan böyük bacım Hacı Zeynalabdin Tağıyevə, mən isə varlılardan çalıb-çapdığını kasıblarla bölüşən Koroğluya, Qaçaq Nəbiyə bənzədirdim. Hətta bunun üstündə mübahisə belə etdik. Arada mətbəxdə qab-qaşıq yuyan anamın Qurban kişiyə, onun iki balasına, nəslinə-nəcabətinə, əmvatına ünvanlanmış duaları, atamın "sən demə bizim ətrafımızda Qurbandan etibarlı insan yox imiş” kimi ifadələr işlətməsi gün boyu davam etdi. Günün qəhrəmanı idi Qurban dayı. Hamımız onun adını ən kövrək hisslərlə çəkir, bütün günü dualar edir, ona can sağlığı arzulayırdıq.
        ... Nəhayət axşam düşdü. Gedib pulu gətirmək üçün hamımız səbirsizləşsək də, atam "Qoy yeyib-yığışsınlar. Gedib narahat etməyək camaatı”- deyərək daha səbirli davrandı. Bir qədər keçdikdən sonra mənə - dur bir yerdə gedək - deyərək, ayağa qalxdı.
        Qapını Nazlı xala açdı. Bir az təəccübqarışıq ifadə ilə bizi salamlayaraq Qurban kişiyə səsləndi:
        - Qonağımız var, ay Qurban.
        - Bay, xoş gəlib səfa gətirmisiz, həmişə siz gələsiz – otaqdan əvvəl "taxta” başı, sonra bədəni çıxan Qurban kişi də sanki bizi görüb təəccüblənmişdi.
        Otağa keçib oturduq. Qonşu olsaq da o qədər gediş-gəlişimiz olmamışdı. Əvvəla Qurbanın arvadı Nazlını cavanlığında o qədər də yaxşı demirdilər, ərinin iş yoldaşıyla oturub-durması barədə haqqında söz-söhbətlər gəzirdi. Buna gördə də atam bu ailəni yaxına buraxmamışdı heç vaxt. Sırf mənə qalanda isə Qurban kişinin iki oğlu olsa da məndən xeyli böyük olduqları üçün yoldaşlığımız olmamışdı. Biz uşaq olanda onlar yeniyetmə oğlanlar idi. İndi də böyüyü Bakıda oxuyur, balaca tayı isə əsgərliyini çəkirdi. Sadə, bəlkə də 20 il əvvəl təmir olunmuş, köhnə mebelli bir mənzilləri vardı.
        Ordan-burdan danışdıq. Qurban kişi cavanlığından, əsgərliyindən, komandiri necə döyməyindən, ən çox da sevimli məşğuliyyəti olan balıq ovundan gop dolu söhbətlər edir, biz isə qulaq asırdıq. Qurban kişinin mərdliyinə olan sonsuz hörmətimizdən dolayı, gülümsəyərək, hər dediyini təsdiqləyərək,
        səbirlə dinləyirdik. Ayrı heç nə səlis nitq qabiliyyətli, maraqlı, ibrətamiz söhbətlər edən atamı belə boş söhbətlərə qulaq asmağa məcbur edə bilməzdi. Amma saatlar keçir, içdiyimiz bir neçə stəkan çay qarnımızda keçməli olduğu bütün yerləri keçib, qırıq-qırıq sancılarla sanki siqnal verərək çölə çıxmaq istəyini bildirirdi. Bir yandan da hələ pulun əlimizdə olmamasından yaranan narahatçılıq. Pulu alıb cibimizə qoysaq lap səhərədək otrub, yorulmadan söhbətləşərdik. Nəhayət atam dözməyib utana-utana, sıxıla-sıxıla mətləbin üstünə gəldi.
        - A Qurban, gecə də keçir, sizi narahat etməyək bu vaxtı. O amanatı gətirsən gedərdik biz də.
        Qurban kişi bir qədər asta səslə - paa, a qonşu, deməzsənmi günorta qaynım Baxış gəlib, bu köpəyin qızı da götürüb pulu verib qardaşına. Gəlib dişimin dibindən çıxanı demişəm – deyib, üzündəki qəzəb ifadəsini qoruyaraq, sanki arvadın eşidib eşitməməsini yoxlayırmış kimi mətbəxə sarı boylandı.
        Ömrüm boyu bir də heç vaxt helə bir şok keçirmədim. Həmişə də mənə elə gəldi ki, o hadisədən 15 il sonra ürək tutmasından vəfat edən atamın ürəyinə ilk çat həmin gün düşdü. Qurban kişi nələrsə danışır, biz eşitmirdik. Qulağımda ağır bir uğultu vardı. Atam yavaşca durub pencəyini götürdü. Qapıda Qurban kişinin "narahat olma, qonşu, beş-on günə qaytarsıdı. Həll edərik, nə problemdi ki, bu” sözlərinə atamın necə acı-acı gülümsəməsi gözümün önündən getmir.
        Gedəndə quş kimi uçub getdiyimiz 20 metrlik məsafə geri qayıdanda qutarmaq bilmirdi. Elə bil yüz ildi yol gedirdik. Heç birinin yatmayıb bizi gözlədiyi ailə üzvlərinə bir də on beş dəqidədən sonra bir kəlmə - vermədi - deyə bildi atam.
        Həmin gecə heç kim yatmadı evdə. Səhərəcən bütün yataqlardan pıçıltılar gəlirdi. Keçəl Həmzəyə, Nəbinin kinoda bığını qırxdığı kişiyə oxşadırdım Qurban kişini. Anam da bacılarım da Qurban kişiyə, iki balasına, nəslinə, nəcabətinə, ölüsünə-dirisinə səhərəcən söyüb-qarğıdılar. Arabır atamın pıçıltısı eşidilirdi: - Nakişi köpəyoğlu, yalançı oğraş.
        Qurban kişinin pul verməməsi, pul verəcəm deyib aldatması cəhənnəm, dərd o idi ki, bir gün ortada itmiş, pul tapmaq üçün heç bir cəhd edilməmişdi. Səhər tezdən isə, nə olacaq, Abbasın hədə qorxusu nə ilə nəticələnəcək, heç kim bilmirdi.
        ...Səhər mən yuxudan duranda atam evdə yox idi. Pul tapmağa getmişdi. Günortaya yaxın gəldi. Sevincək, gülərüz. Anam qabağına yeriyib təbəssümlə soruşdu:
        - Tapa bildin?
        - Yox tapmadım – atam da təbəssümlə, nəşəli əhvalla cavab verdi.
        Hamımız təəccüb içindəydik. Pul tapmamaq nədir, bu sevinc nədir. Yoxsa fikirdən atamın başına havamı gəlmişdi. Yoxsa yenə Qurban kimi kimsə söz vermişdi.
        Atam:
        - Dünən axşam Abbası da, o yanındakı iki nəfəri də öldürüblər deyərək əlini əlinə sürtdü. Mənə baxaraq: - Oğul, nərdi gətir, dədə-bala bir-iki tas çırpaq - deyib gülümsədi.
        ... Nərdin şaqqıltısının fonunda mahnı oxuyan balaca bacımın səsi gəlirdi:
        - Yaxşı adamlar, yaxşı adamlar,
        Abbası öldürdü yaxşı adamlar...
Mənbə: Sabahinfo.az