Məqalələr‎ > ‎

Yadındamı, Aqil Abbas?

18 Nis 2015 00:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Nis 2015 00:41 güncellendi ]
        
Aprelin 1-də dünyaya gəldin. Biz ona "Aldatma günü" deyirik. Dünya "Gülüş günü" kimi qeyd eləyir. Hər ikisi qəbul olunandır - onda da, bunda da gülüş var. Bilmirəm, bəlkə o zaman Məhəmməd kişiyə "oğlun olub" desələr də əvvəlcə inanmayıb. Axı, aprelin 1-i... Səni ilk dəfə görəndə özünü gülməkdən saxlaya bilməyib. Səni qarışla ölçüb:
        - Ə, bu bir qırıqdı. Bundan nə olacaq?!
        Amma sən oldun. Aqil Abbas oldun. Yazıçı, jurnalist, ssenarist, millət vəkili, fəxri adlara, mükafatlara layiq görülmüş Aqil Abbas! Yaxşı dost, sadədən sadə insan, gülənlə gülən, ağlayanla ağlayan Aqil Abbas!
* * *
        Pulumuz qurtarmışdı. Sənin kirayə qaldığın evdən çıxıb nəşriyyata payi-piyada gedirdik. Nərimanovun heykəlinin önündən keçəndə (Allah o kişiyə rəhmət eləsin) yerə səpələnmiş pulları gördüm. Fikrini yayındırmaq üçün o kişinin heykəlinə baxıb nəsə soruşdum. Sən başını qaldırıb o möhtəşəm insandan danışanda, mən yerə səpələnmiş pulları yığdım. Hamısı 5-lik idi. Ayılanda əlimdəki pullara baxıb şok keçirdin:
        - Ə, bunları hardan aldın?
        Nərimanovu göstərdim:
        - Odeyy, o kişi verdi.
        - Mən ölüm? - deyib çaşqınlıqla bir əlimdəki pullara, bir də Nərimanova baxdın.
        İkimiz də o kişiyə rəhmət oxuduq. Belə xoşbəxtlik tələbəni hər zaman tapmır. Və öz aramızdı, həmin gün yaxşıca yeyib-içib, kef elədik.
* * *
        Günlərin birində dedin ki, bir tanış adam rəhmətə gedib. Oraya baş çəkək. Lökbatana çatanda elə ilk hüzr mağarının yanında maşından düşdük (Onu da deyim ki, respublikanın bütün mollaları və müğənniləri səni "daimi kliyent" kimi tanıyırlar, toyda, yasda səni görməyəndə dilxor olurlar).    Astadan soruşdum:
        - Aqil, əminsən ki, düz gəlmişik?
        Az qala bomba kimi partladın:
        - Nə danışırsan, ə?! Mən bura yüz dəfə gəlmişəm.
        
Mağara girdik. Az adam vardı. Və əlbəttə, həmişə olduğu kimi, səni tanıdılar. "Növbətçi" molla ayağa qalxıb ikiəlli salamlaşdı. Bir əliboş qayıtmadı. Ovcuna pul basdın. Başqaları da yaxınlaşıb görüşdü. Cavan bir oğlan bizimlə üzbəüz oturub dil-ağız elədi:
        - Sağ olun, Aqil müəllim, ayaqlarınız var olsun. Zəhmət çəkmisiniz.
        - Nə zəhmət? - deyə xoşgörü yaratdın, - Mənim borcumdu. O kişinin xətrini çox istəyirdim.
        Oğlan tutuldu. Amma sən öz işindəydin:
        - Allah rəhmət eləsin! Gözəl kişiydi. Hər dəfə məni danlardı ki, az görünürsən, ürəyim səni istəyir. Heç olmasa ayda bir dəfə gəl görüşək. Adam indi heyfslənir. Qabaqlaşanda küçənin ortasında öpüşürdük. Gözəl kişiydi, əsl o köhnə kişilərdən.
        Oğlan qıpqırmızı olmuşdu. Nəhayət, dözə bilmədi. Bayaqdan bəri ürəyimi bürüyən şübhə özünü doğrultdu:
        - Aqil müəllim, rəhmətə gedən atam deyil e, anamdı.
        Mən həm sarsıldım, həm də az qala bomba kimi partlayacaq gülməyimi zorla saxladım. Amma sənin o an, məhz o an, heç saniyələr keçməmiş vəziyyətdən çıxma qabiliyyətin məni heyrətə saldı:
        - Bilirəm anandı! (Əlbəttə, bilmirdin, Aqil!) Belə, bilirsən kişi kimi arvad idi. Ona görə belə deyirəm. Mən onu heç vaxt qadın kimi qəbul eləməmişəm. Sənin anandı, amma mənim gözümdə bir kişidi, əsl kişi!
        Oğlanın rəngi açıldı. Mən də rahat nəfəs aldım. Üzrxahlıq eləyib mağardan çıxdıq. Maşına oturanda:
        - Ə, sən öl, düz gəlməmişik e. Onların evi bax o məktəbin arxa tərəfindədi.
        Özümü saxlaya bilmədim:
        - Aqil, getməyinə gedirik. Amma bir məsələni dəqiqləşdir. Rəhmətə gedən arvaddı, yoxsa kişi?
        Qəhqəhə çəkdin:
        - Ə, yox, o kişidi...
* * *
        Qarabağ müharibəsinin ağır günləri idi. Birlikdə Tərtərə getdik. Sərdar Həmidovla, Nəcməddin Sadıqovla, əsgərlərlə görüşdük. Əynində qəşəng bir köynək vardı. Sarımtıl əsgər köynəyi, daha doğrusu, amerikan zabitlərinin geyindiyi forma. Yolboyu gözüm onda qalmışdı.
        Səhər sən Ağdama, mən Kəlbəcərə getməliydik. Dedim:
        - Aqil, o köynəyi dəyişək.
        Daş atıb başını tutdun:
        - Nə danışırsan, ə? Bunu bilirsən hardan gətizdirmişəm?
        - Haradan gəldiyi maraqlı deyil. İndi burdadı. Sənin əynindədi.
        - Yox, üz vurma.
        - Qulaq as!
        - Yox e...
        
- Qulaq as! Gör nə deyirəm. Baax, döyüşdə ölənin qanlı köynəyini ailəsinə göndərirlər, illah da biz tərəflərdə. Bax, təsəvvür elə ki, məni Aterkdə, ya da elə Çaparda vurdular. Nə olacaq?
        - Nə olacaq? Biz kimdən artığıq?
        - Onu demirəm. Məni vuranda qanlı köynəyimi Bakıya göndərəcəklər. Sənin ailən-uşağın baxacaq ki, bu köynək Aqilindir. Ağlaşıb, qarışacaqlar bir-birinə. Mənim uşaqlarım sevinəcək. Deyəcəklər ki, bu bizim atamızın köynəyi deyil, amma görəcəklər ki, dünyada ölüm deyilən bir şey var. Az-çox hazır olacaqlar.
        - Nağıl danışma! - dedin.
        - Qulaq as! Mağar quracaqlar, molla çağıracaqlar, şəklini böyüdüb baş tərəfdə asacaqlar. Qohum-qardaş, dost-tanış tökülüb gələcək. Ehsanın qoxusu məhləni bürüyəcək. Elə molla Yasin oxumağa başlayanda sən çatıb maşından düşəcəksən. Əynində də mənim köynəyim. Mollanın səsi batacaq. Aləm dəyəcək bir-birinə. Arvad-uşaq ağlaşa-ağlaşa üstünə qaçacaq. Qohum-qardaş səni duz kimi yalayacaq. Mollanı yola salıb ya Ağadadaşı, ya da Teymur əmini, ya da elə hamını çağıracaqsan. Vur-çatlasın başlayacaq. Ehsan da hazır, sadəcə olaraq istiqaməti dəyişəcək.
Güldün. Köynəyi çıxardın:
        - Ə, al, e al! Amma vurulsan ora-bura göndərməsinlər. Arvad-uşaq qanbağır olar...

* * *

        Qələm dostlarımız bir aksiya keçirdilər: "Bizə təzyiq edirlər!" şüarı ilə Cəlil Məmmədquluzadəyə və Mirzə Ələkbər Sabirə şikayət etməyə getdilər. Mirzə Cəlili tez tapdılar. Sonra Şamaxıya, Sabirin məzarına üz tutdular. Amma... Heç biri o böyük insanın məzarını tanımırdı. Yerli camaatdan soruşmaq istəyəndə, yenə sən dadlarına çatdın. Onları Sabirin məzarına apardın:
        - Baxın, bu şikayət etməyə gəldiyiniz, tez-tez istinad etdiyiniz, hər sözündən bəhrələndiyiniz kişinin məzarıdır. Sabirin məzarıdır, böyük Sabirin. Arizi-qəmlər əlindən ürəyi şişmiş Sabirin...

* * *
        Biz həm də bir növü yerli də sayılırıq. Sovet hökumətinə, bolşeviklərə qarşı amansız mübarizə aparan babanın - qaçaq Abbasın məzarı Kəlbəcərdədi. Qaçaq Abbas haqqında söylənən əfsanələr bu gün də yaddaşlardadır. Rəhmətlik Məhəmməd kişi hər yay Kəlbəcərə gələndə səni də özü ilə götürürdü. Babanın məzarını o sənə göstərmişdi - Bağlıpəyədə uyuyan babanın - qaçaq Abbasın.
        Aqil, babalarımız o torpaqları, gözəl Qarabağı düşmənə vermədilər. Onları diz üstə qoydular. Biz isə...
        Əziz dostum, biz onlara layiq olmadıq. Qəhrəmanlığımız ya şeirlərimizdə, ya da söyüş dolu yazılarımızda oldu.
* * *
        Ad günün mübarək! Yenəmi o şablonu deyim:
        - İnşallah, gələn dəfə ad gününü...
        İnşallah, Aqil, nə bilmək olar?! Bəlkə elə doğrudan da gələn dəfə...

        Redaksiyadan: Dəyərli Aqil Abbası doğum günü münasibətilə "525"çilər də ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırlar.
Mənbə: 525.az

        P.S. Şəki bələdiyyəsinin kollektivi də "525"çilərin təbrikinə qoşulub hörmətli millət vəkili Aqil Abbası növbəti doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı arzulayır.