Məqalələr‎ > ‎

Dəli köynəyi

18 Nis 2015 00:54 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Nis 2015 00:55 güncellendi ]
        ...Nə oldu, nə olmadı, o qədər də anlamadım. Eşitmişdim ki, həmin o məktəbdə müəllim deyib ki, get evdəkilərə söylə, pul gətirsinlər. Mən də avam oldum, soruşdum:
        - Süpürgə pulu istəyirlər?
Cavab gəlmədi. Yenə avam-avam soruşdum:
        - Müəllimin ad günüdür? Bayramdır? Sinif rəhbərinin dayısı nəvəsi diş çıxardıb, yoxsa əri maşınını harasa sürtüb?
Yenə cavab gəlmədi. Amma mən avamam axı, əl çəkmədim:
        - Sən Allah nə olub? Çarli Çaplinin ad günüdür? Bəlkə İngiltərə kraliçası nəticəsini qucağına alanda uşaq yaramazlıq eyləyib? Yoxsa, Fidel Kastronun başına bədbəxtlik gəlib, məndən gizlədirsiniz?
        Dedilər kraliça sağ-salamatdır, Fidel Kastro dumbul kimidir, amma sənə nə isə olub.
        - Mənə?
        - Hə, sənə! Məgər məktəbdən pul istəyəndə belə-belə bədbəxtliklərin baş verməsi vacibdir?
        - Bəs, o pulu niyə istəyirlər?
        Baxdılar bir-birinin üzünə. Sonra mənə dedilər ki, mütləq çıldağa getməlisən. Yəqin gecə yuxunda şou-biznesin qara eynəkli, çığır-bağır salan uşaqlarından bir-ikisini görmüsən, əsəblərin xarab olub.
        Mən dedim, onlar dedilər, olmadı. Çıldağa getdik. Zalım oğlu kürəyimin ortasına o yanan şeyi nətəhər yapışdırdısa, “cızz” elədi. Yandım, yaxıldım. Amma növbədə xeyli qadın xeylağı vardı və utandığımdan səsimi çıxarmadım. Amma o “cızz” eləyən şeyin zərbindən gözümün yaşı muncuq-muncuq töküldü.
        Geri qayıdanda dözmədim, yenə avam-avam sourşdum:
        - Axı niyə o məktəbdə pul istəyirlər? Başqa millətlər pul xərcləyir, uşaqlara savad verir. Geyindirir, yedirir, içirir, amma bizdə şagirdləri təpə-qapaz eləyirlər ki, get pul gətir.
        Baxdılar bir-birinin üzünə. Avamam axı. Yenə dedim:
        - Axı, məktəbdə reket olmaz, müəllim olar. Müəllim də soyğunçuluq eləməz. Şagirdlərə dərs verər, bilik öyrədər.
        Yenə baxdılar bir-birlərinin üzünə.
        - Bəlkə birinin pulu yoxdur, yavan çörək yeyir. Bu milləti soyub-talayan azdır, bir tərəfdən də “müəllim” qiyafətinə girmiş cibgirlər meydan sulayır? O hansı məktəbdir? Haradadır, neçə saylıdır, müəllimin adı nədir?
        Dinmədilər. Evə gələndə məni yuxu tutdu. Elə əcaib-qəraib şeylər gördüm ki. Bir dəstə “müəllim” əllərində top-tüfəng üstümə gəlirdi. Əvvəl cibimi soydular, sonra paltarlarımı soyundurub, gözdən itdilər. Yuxudan hövlank oyandım.
        Doğrudan da əynimdə bircə köynək qalmışdı. Qolları o qədər uzun idi ki, əllərimi çıxarıb, gözümü ovuşdura bilmirdim. Birtəhər ayağa qalxdım. Güc-bəla ilə güzgüyə yaxınlaşdım. Oy daad...
Bu nədi, ə? Ə, bu dəli köynəyidi. Sən öl odu. Bunu mənə niyə geyindiriblər? Elə bu vaxt dost-tanış ağxalatlı həkimlərlə bərabər içəri girdi.
        - Ay doxdur, bu nədi?
        Həkim boynunun ardını qaşıdı:
        - Bu şeydi... şagird formasıdı.
        - Nə?
        - Şagird formasıdı.
        - Mən şagird olmaq istəmirəm.
        Həkim gülümsündü:
        - Bilirəm. Şagirdləri soyurlar, döyürlər, söyürlər. Amma sənə toxunmayacaqlar.
        - Niyə?
        - Çünki sən həqiqəti söyləyirsən, ədalət axtarırsan.
        - Hə, axtarıram!
        - Onlar də səni gözləyirlər.
        - Kim?
        - Ədalət müəllim, Həqiqət xanım.
        Güldüm:
        - Ay doxtur, avam-avam danışmayın. Nə Ədalət, nə Həqiqət?
        Bir-birlərinin üzünə baxdılar. Həkim:
        - Deyəsən ayılıb, həm də ağıllanıb.
        - Hə, doxtur, səhər-səhər çıldağa aparmışdıq.
        - Malades! Yəqin ağlı başına gəlib.
        Səsimi atdım başıma:
        - Ə, çıxın rədd olun burdan! Juliklər! Sən öl sizi bir-bir bu pəncərədən ataram!
        Oy daad! Cumdular üstümə. Köynəyin qollarını qabaq tərəfdən qarpazlayıb, arxada bərk-bərk bağladılar. İstədim həkimə bir kəllə atam, olmadı. İki yekəpər gədə məni yumaq kimi büküb, atdılar təcili yardım maşınına.
        İndi burdayam. Əynimdə də həmin o köynək. Özünü öymək olmasın, yaraşır. Amma daha dinmirəm. Həkim arabir soruşur:
        - Rüşvət alan var?
        - Yox!
        - Xalqı soyan var?
        - Elə şey olar?
        - Ədalətsizliyə rast gəlmisən?
        - Əttövbə!
        - Müəllimlər, həkimlər, məmurlar, səlahiyyət sahibləri... kiminsə cibinə göz dikir?
        - Ağlı başında olan belə şər-böhtan söyləməz!
        - Gözəl! - deyə həkim razı qalır.
        Və elə buna görə də dünən məni buraxdılar. Xəstəxananın darvazasından çıxanda həkim özünü mənə çatdırdı:
        - Bunu yadından çıxarma!
        - Bu nədi, doxdur?
        - Köynəkdi... O o o... zad köynəyi. Sənin əyninə yaxşı olur, həm də yaraşır. Yenə orda-burda axmaqlasan lazım olacaq.
        Axmaqlamaram. Amma hər dəfə o məktəbin, məhz o məktəbin, o bir... lənət şeytana! Özümü saxlayıram.
        Amma həm də sevinirəm. Köynək doğrudan da əynimə görəydi. Amma qandal, həbsxana... Tez qulaqlarımı çəkirəm. Evə çatanda isə köynəyi şifonerdən asıram yerinə və:
        - Allah, sənə şükür! - deyib uşağın yanına keçirəm, - Bala, müəllimin mənə görə bir ismarıcı, tapşırığı, qulluğu yoxdur ki?
        - Yox, ay dədə, yoxdu. Amma bayaq bələdiyyədən gəlmişdilər. Dedilər ki, eviniz qanunsuz tiklib.
        - Niyə, bala? Bütün sənədlər yerli-yerindədir.
        - Dedilər şirinliyi çatmayıb.
        Hirs vurdu beynimə. İstədim ağzımı açım, gözüm şifonerə sataşdı. Həm də qapı döyüldü. Açdım. Sahə müvəkkili idi.
        - Ağsaqqal, qonşular şikayət eləyirlər ki, Aygün Kazımovadan çox Mirey Matyeyə qulaq asırsan. O fransızlarla başqa əlaqən-zadın yoxdur ki?
        Anladım. Başımla işarə elədim ki, gözlə, gəlirəm. Şifoneri açdım. Bir pencəyimə, bir də o köynəyə baxdım. Dərindən köks ötürüb, əlimi pencəyin qoltuq cibinə saldım...
        Şükür buna da, şükür!