Məqalələr‎ > ‎

Azərbaycan Türkiyə qardaşlığının möhkəmlənməsində Şəkililərin rolu

18 Ağu 2016 05:51 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Ağu 2016 05:52 güncellendi ]
        Türk Millətinin tarixi çox zəngindir. Əsrlərdən süzülüb gələn bu tarix fərqli boyların qurduğu dövlətləri, imperiyaları özündə ehtiva edib. Bəzən vahid və böyük düşmənə qarşı birlikdə mübarizə aparan Türklər, bəzən də öz aralarında taxt və iqtidar mübarizələriylə məşğul olublar. Xüsusilə İslam dininin qəbulundan sonra keçmiş ənənəyə sadiq Türk boyları ilə yeni dinə sitayiş edən Türk boyları arasında bir dərin uçurum meydana çıxmışdır. Məhz İslam dinini qəbul edən Səlcuqlu Türklərinin 11-ci əsrdən etibarən Xəzər Dənizinin şərqindən ayrılaraq Azərbaycana gəlmələrinin bir səbəbi də şaman kültürünü yaşatmaya davam edən Oğuz boyları ilə bərabər yaşamamaq istəyi idi.

Ramin SADIQOV,
yrd.doç.dr, Türkiyə

        Şübhəsiz Azərbaycan torpaqlarına (şimal və cənub şəklində ayırmadan bütün Azərbaycan torpaqları nəzərdə tutulur) İslam dini xəlifə Ömərin Sasani dövlətinin paytaxtı Mədaini (Ktesifon) 637-ci ildə ələ keçirməsindən sonra gəlməyə başlamışdı. Xəlifə Osman və daha sonraki xəlifələr dövründə də Azərbaycanda İslam dini sürətlə yayılmışdı. Xüsusən Əməvi və Abbasilər dövrlərində Azərbaycana köçürülən Ərəb əhalisi sayəsində bu fəaliyyət daha da sürətləndi. Lakin bununla bərabər ölkənin xüsusən şimal-şərq torpaqlarında yaşayan Türk boyları hələ də keçmiş Xristianlıq və digər dini inanclarını qoruyub saxlayırdılar. Məhz bu Türk boylarının 11-ci əsrdən etibarən Səlcuqluların Azərbaycana gəlişi ilə tam şəkildə İslam dininə keçdikləri anlaşılır. 
        Səlcuqlular İslam dinini qəbul etdikdən sonra artıq Oğuz boyları ilə birlikdə yaşaya bilməyəcəklərini başa düşərək özləri üçün yeni yurdlar aramağa başladılar. Dolayısıyla qərbə doğru irəlilədilər. İstiqamətləri Xəzərin cənubundan dolanaraq Anadolu və Azərbaycana doğru keçmək oldu. İlk əvvəl Anadoluya keçmək çox da əlverişli deyildi. Çünkü Bizans dövləti nə qədər zəifləmiş olsa da bir imperiya kimi varlığını davam etdirirdi. Bu səbəbdən Səlcuqlular Azərbaycanın şimalına, Qafqazın ətəklərinə və Kür çayı vadisinə doğru yayıldılar. Onların ardından isə Xəzərin şərqindən ayrılan bir çox Türk boyları Azərbaycana pənah gətirdi. Şübhəsiz yeni gələn Türk boyları, əsrlər boyu bu torpaqda öz dillərini və mədəniyyətlərini yaşadan Türk boylarının məskunlaşdığı ərazilərdə daha sıx yerləşməyə başladılar. Beləliklə də Azərbaycanın bir Türk yurdu halına gəlməsi məsələsi tamamlanmış oldu.
        
1071 tarixində Bizans ilə Səlcuqlu Türkləri arasinda meydana gəlmiş Malazgird meydan müharibəsi Anadolu qapılarını Türklərə açdı. Beləliklə həm Xəzərin güney sahilinə yerləşmiş, həm də Azərbaycanda məskunlaşmış Türk boyları Anadoluya doğru köçməyə başladılar. Üstəlik Anadolunun Orta Asiya və Qafqaz coğrafiyasına oxşar ərazilərini özlərinə yurd elədilər. Bu səbəblə əvvəlcə Anadolu sahillərinə yox, daha dağlıq və yaşıllıq sahələrə yerləşdilər.
        Təhminimizcə xüsusilə Osmanlı dövlətinin təməlinin atıldığı Söyüd, Biləcik, Göynük kimi yer adlarının Azərbaycanın şimal-şərqində yerləşən Şəkidəki yer adlarıyla oxşar olmasının səbəblərindən biri də budur. Ehtimal ki, daha əvvəl Azərbaycanın şimal şərq bölgəsini özlərinə yurd etmiş Türk boyları, daha sonra Anadoluya keçincə buradakı məskən adını getdikləri yerlərə veriblər. Zatən bu boyların yerləşdikləri ərazilərin oxşar olması bu ehtimalı gücləndirir. Lakin təbii ki, bu sahədə daha geniş elmi araşdırmalar aparılmalı, daha dəqiq mənbələr ortaya çıxarılmalıdır.
        Göründüyü kimi tarixən qardaş boyların yaşadığı bu iki Türk yurdu, digər Türk yurdlarına nəzərən bir birilərinə daha sıx bağlıdır. Buna görə də “Bir millət iki dövlət” ifadəsinin nə qədər yerində söyləndiyi açıqca anlaşılır. Bu gün Anadolunun hansı tərəfinə gedilsə Azərbaycan termini xalq tərəfindən böyük bir sevinclə qarşılanan, “Can Azərbaycan” deyə tələffüz edilən bir ifadə şəklidir. Anadolunun sevinci Azərbaycanın sevinci, Anadolunun kədəri Azərbaycanın kədəri olur. Belə olmasaydı Qarabağ hadisələrinin ən qızğın çağlarında Anadolu xalqı hər gün küçələrə axışıb “Qarabağ bizimdir, bizim qalacaq” deyə şüarlar səsləndirməzdi. Belə olmasaydı Anadoluda baş verən zəlzələlər zamanı bölgəyə ilk yardım əlini uzadan Azərbaycan olmazdı.

Şəkililərin Türkiyə Azərbaycan qardaşlığının möhkəmlənməsindəki rolu 

        
İllər əvvəl çox dəyərli ziyalımız, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin Türk Yurdu dərgisində çıxmış “Şekililer Osmanlı Sarayında ve Türkiye ordusunda” adlı məqaləsi əslində bilmədiyimiz bir çox məsələyə aydınlıq gətirdi. Həmin məqalə ilə anlaşıldı ki, Şəkidə anadan olmuş, ancaq təhsil almaq, ya da yaşamaq üçün Anadoluya getmiş bəzi Şəkililər həm Osmanlı sarayında, həm də Türkiyə cumhuriyyəti ordusunda yüksək pilləyə qədər yüksələ bilmiş, qardaş dövlətimizə böyük töhfələr vermişdirlər. Onların arasında Məmməd Emin Darğazadə Osmanlı sarayında yüksəlmiş, Topqapı sarayında böyük nüfuza sahib olmuşdur. Türkiyə ordusunda yüksəlmiş qardaşlardan Mahmut Berköz 1949-1950-ci illərdə Türkiyənin 3. Ordu komandanı olaraq xidmət etmiş, Nuri Berköz isə 1949-1950-ci illərdə Jandarmeriya Genel Komundanı kimi çalışmışdır.
        Təbii ki, xatırladığımız məqalə əslində bizim üçün yeni üfüqlər açdı. Bu səbəbdən son zamanlardakı tədqiqatlarımızda Ədalət müəllimin bizə göstərdiyi yolla gedərək Anadoluda işləmiş Şəkililəri təsbit etməyə çalışmaqdayıq. Heç şübhəsiz, Şəkidən köçüb Anadoluya yerləşmiş insanlar çoxdurlar, hansı ki bir çoxu haqqında məlumat almaq mümkün deyil. Lakin tarixi səhifələri çevirdikcə bəziləri haqqında bilgilər ortaya çıxmaqdadır. Xüsusən Osmanlı arxivindəki Sicil-i Əhval dəftərləri bu məsələdə bizə xeyli kömək etməkdədir. Ancaq o dəftərlərdəki qeydlər üzərində çox diqqətlə işləmək lazımdır, çünki dəftərlərdə Şəki, Nuxa, Noxa adları çox vaxt Dağıstan vilayəti ilə birlikdə işlənir. Hətta dəftərdə Dağıstanlı görünən bir çox məşhur şəxslər var ki, biz onların həqiqətən Şəkili olub olmadıqlarını düzgün təsbit etməkdə çətinlik çəkirik.
        
Əfsuslar olsun ki, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Osmanlı dövlətinə təhsil almaq və ya başqa niyyətlə Şəkidən köç etmiş bir çox insanın doğum yeri, yaxud gəldiyi yer Dağıstan kimi qeydə alınmışdır. Bunun niyə belə qeydə alındığını tam olaraq bilmək mümkün olmasa da, o dövrün Osmanlı məmurlarının bəzilərini Tiflis quberniyasına bağlı Noxadan gəlmiş, bəzilərini isə Dağıstan vilayətinə aid Nuxa və ya Şəki kimi qeyd etmələrindən yanlışa yol verdiklərini təxmin etmək mümkündür. Bu səbəbdən mənbələr üzərində işləyərkən olduqca diqqətli davranmaq lazımdır.
        Son araşdırmalarımızda Osmanlı dövlətində və Türkiyə Cumhuriyyətində çalışmış daha üç Şəkili məşhurun adını təsbit etməyə nail olduq. Bunlar Əbdülqədir Kəmali Paşa, Əli Rza Əfəndi və Abdülfəttah Əfəndidir.
        Əbdülqədir Kəmali Paşa 1833-cü ildə Şəkidə anadan olmuş, sonradan İstanbula gəlmiş və Osmanlı sarayında ali məqamlara yüksəlmişdir. Belə ki, paşa ünvanını aldıqdan sonra öncə 1890-1891-ci illərdə Kosova vilayəti valiliyi, 1891-1892-ci illərdə də Mosul valiliyi vəzifələrini icra etmişdir. Elə Mosul valiliyində çalışırkən orada vəfat etmişdir.
        Əli Rza Əfəndi 1862-ci ildə Şəkidə anadan olmuş, Osmanlının böyük din alimlərindən biridir. Atasının ölümündən sonra 1882-ci ildə İstanbula köçərək elm tədris etməyə başlamışdır. Belə ki, Fateh camesində dövrün məşhur alimlərindən Hafiz Şakir Əfəndidən dərs almışdır. Təhsilini başa vurduqdan sonra 1915-ci ildən Fateh Mədrəsəsində müəllimliyə başlamışdır. Orada Hədis və Təfsir dərsləri vermişdir. 1925-ci ildə vəfat etmiş və İstanbulda Ədirnəqapı məzarlığında dəfn olunmuşdur.
        Digər bir Şəkili isə məşhur din alimi isə Abdülfəttah Əfəndidir. Doğum tarixi və soyadı tam olaraq bilinməsə də, mənbələrdə Şəkidə anadan olduğu qeyd olunmuşdur. O da atasının ölümündən sonra dostu Əli Rza Əfəndi ilə birgə 1882-ci ildə İstanbula gəlmişdir. Fatehdə Hafiz Şakir Əfəndinin yanında tədris almış, sonradan Qocamustafa paşa məktəbində din dərsləri müəllimi olmuşdur. 1932-ci ildə Zonquldağda yaşayan oğlunun yanina getmiş və 1935-ci ildə orada vəfat etmişdir.
        Göründüyü kimi təsbit etdiyimiz bu üç şəxs Osmanlıda yüksək pilləyə çıxmağı bacarmışdırlar. Şübhəsiz Osmanlıda və Türkiyə cumhuriyyətində ləyaqətli, savadlı kadrların irəli çəkilməsi və dəyərləndirilməsini Azərbaycan Türklərinə verilmiş qiymətin böyüklüyü kimi görmək lazımdır. Ümid edirik ki, yeni mənbələr ortaya çıxdıqca, tarixin səhifələri bizə neçə yeni mühüm şəxslərin adlarını və fəaliyyətlərini açıqlayacaqdır.