Məqalələr‎ > ‎

Azərbaycanın Gürcüstandan BÖYÜK DOSTU... - GİYA PAÇXATAŞVİLİ - 55

18 Şub 2016 23:42 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 Şub 2016 01:02 güncellendi ]
Giya sınıq qol kimi cəmiyyətin boynundan asılmağı sevənlərdən deyil 















Pünhan ŞÜKÜR



        Böyük ağlı qarşısında baş əydiyim ispan mütəfəkkir Baltasar Qrassian hesab edirdi ki, bəzi dostlar uzaq, digərləri yaxın olduqda daha yaxşıdırlar:
        "Söhbət üçün yaramayan dost məktublaşmada əla ola bilər. Yaxın ünsiyyət zamanı dözülməsi çətin olan nöqsanları məsafə malalayır” (Hərçənd, bu, ayrı söhbətin mövzusudur ki, sənin məsafə saxlamaq istədiyin dost özü sənə sürətlə yaxınlaşmaq istəsə, necə olacaq - P.Ş). Böyük ürəyi önündə diz çökdüyüm, bu il yubileyini qeyd edən Giya Paçxataşvilinin cəmiyyət içində böyük nüfuza
malik, sözləri keçərli, maddi imkanları da orta statistik Azərbaycan vətəndaşının vəziyyətindən yaxşı, necə deyərlər, uzaqdangörünən dostları sırasından onunla uzaqdan görüşənləri, telefonla hal-əhval tutanları az deyildir. Sağ olsunlar, olur ki, zaman-zaman xeyirləri dəyir Giviyə. Səmimiyyətlərinə şübhə yaratmaq, onları vicdan testindən keçirmək istəmirəm. Buna nə haqqım-hüququm, nə də səlahiyyətim çatır. Amma Giyanı yaxından tanıyanlar yaxşı bilirlər ki, onun yanında oldunsa, dostluğun, dostluğa ləyaqətin mütləq sədaqət detektorunda ölçüləcək. Givi ilə qoşa addımladınsa, nəzərə almalısan ki, gözünün pis görməsi səbəbindən sənin yanındaca büdrəmək ehtimalı çoxdur. Söz yox, özü qeyrətinə tapınıb mütləq ayağa qalxacaq. Ona həmin an əl uzada biləcəyinə əmin olmalısan. Giya ilə bir yerdəsənsə, gözə almalısan ki, o, rastlaşdığınız üçüncü şəxsə qafil dediyi sözlə, elədiyi qeyri-ordinar jestlə sürpriz təsir bağışlaya bilər. Və bu söz həmin o ümumi tanışınızı (və onunla birgə səni) məmnun da edə bilər, məyus da. Amma arxayın olun ki, o dediyim sürpriz mütləq və mütləq həqiqətin təntənəsi olacaq. Düz söz isə heç də həmişə şirin olmur. Sadəcə, palaza bürünüb elnən sürünənlər və son məqsəd kimi elin yuxarı başındakı xalçaya doğru irəliləyənlər, adam olub adamlara qoşulanlar və uzaqbaşı adamlara böyüklük etməyi qarşıya məqsəd qoyanlar Givinin çılpaq İnsanlıq həqiqətini anlaya bilməzlər. Düşünürəm ki, bu oçerki oxuyanların arasında elələri yoxdur. Olubsa da, bu sətirlərə yetişincəyə qədər səbrləri tükənib.

        
Bəli, Giya yaxşı bacarır dostluğu. Onun ən böyük dostu, əlbəttə ki, mərhumə həyat yoldaşı Lamara xanım idi. Son nəfəsinədək yanında oldu. Cismən itirəndən sonra Lamaranın ruhu ilə adaxlandığını yazdı:


                Demirəm göylərdə soraqla məni,
                Enib yer üzünə hey ağla məni.
                Qurtar bədənimdən dustaq ruhumu,
                Yenidən özünə adaxla məni.

        Giya haqqında yazılanların da çoxunu oxumuşam. Onların bir çoxu təxminən belə başlayır: "Mən bu sözləri Giyanın xoşu gəlsin deyə yazmıram, həqiqətdi deyə yazıram...” Gəlin görək, Giyanın xoşu gələcək səviyyədə yazı yazmaq asandımı? Yaxud, Giyanın yalandan, yalanların ən qorxulusu olan həqiqət təhrifindən xoşlana biləcəyini təsəvvür edirsinizmi?.
        Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə böyük hörmət göstərir Givi. Xatırlayıram, məhərrəmlik idi. Xəstə yatırdı. Yaşadığı ünvana baş çəkdim. Ağrılardan canını dişinə tutan Givi: "Özün bilirsən, məhərrəmlikdə içmirəm, yoxsa ağrılarımı bir az unudardım” - deyərək müsəlman qonşularına sayğı göstərdiyini ortaya qoydu. Sonra da "internetdə nə var-nə yox, feysbukdakı dostlarımız neyləyir” - deyə soruşdu. Böyük şair Ayaz Arabaçının budəfəki ad gününün Aşuraya təsadüf etdiyini öyrənincə telefonu götürüb ona zəng vurdu: "...Görürsən dəə, müsəlman Pünhan Şükür bu gün məscidə yox, xristian Givini yoluxmağa gəlib. Ondan öyrəndim ad günün olmasını. Təbrik edirəm!”. Ayaz müəllim də layiqli, sualabənzər cavab (yaxud cavababənzər sual) verdi: "Səndən böyük ziyarətgahmı var?”
        
Amma çoxları bu ziyarətgaha birbaşa deyil, nədənsə dolayı yolla gəlir, onu öz adı ilə çağırıb müqəddəsliyinin altını cızmaqdan çəkinir. Məsələn, televiziyaçılar onun şairlik istedadını, tərcüməçilik məharətini, jurnalist qabiliyyətini elə bil mütləq gərək "layihələr çərçivəsində” görüb təsdiqləyələr. Sanki mütləqdir ki, əvvəlcə albinoslar haqda film hazırlansın, sonra da onların sırasından maraqlı biri kimi Giviyə diqqət çəkilsin, bir sözlə, özündən, istedadından qabaq fosforu görünsün. Eşitdim ki, Azərbaycan dövləti onillərlə ev növbəsində dayanan əlil vətəndaşı Giya Paşxataşviliyə nəhayət ki mənzil verir. Amma Azərbaycan Giya Paçxataşviliyə qayğı göstərməməliydi, qədirşünaslıq göstərməliydi. Ölkəyə sağlam vətəndaşların bacarmadığından qat-qat artıq xidmət göstərdiyinə, Azərbaycan ədəbiyyatını xarici dillərə tərcümə etdiyinə, xalqlar dostluğunun möhkəmlənməsi işinə töhfə verdiyinə görə zəhməti dəyərləndirilməli, maddi və mənəvi tərəfdən stimullaşdırılmalıydı. Çünki Giya sınıq qol kimi cəmiyyətin boynundan asılmağı sevənlərdən deyil. Çünki Giya Azərbaycanın Gürcüstandan böyük, daha sadiq dostudur. Bilirəm, bu fikirlə razılaşmayan çox olacaq. Subyektiv qənaətimdir: Neft ucuzlaşan kimi Gürcüstan üzünü ənənəvi tərəf-müqabili Azərbaycandan yana tutub İrana, Rusiyaya və başqa bazar iştirakçılarına tərəf döndərdi. Halbuki, Azərbaycan Neft Şirkəti Gürcüstanda təkcə neft-qaz təchizatçısı deyil, həm də bir çox sosial, humanitar layihələrin müəllifidir. Nəhayət ki, Giya Paçxataşviliyə mənzil verir Azərbaycan. Lamarasını itirən Giviyə, öz ömrünün təravətli illərini, sağlamlığını kirayələrdə çürüdən Giviyə, artıq vəsiyyətini yazan Giviyə.


                Dərd məni ağlatmaqdan
                Özü də kövrək oldu...
                Qəlbimi dağlamaqdan
                Ağlayan ürək oldu.


        Dərdin özünü də ağlaya-ağlaya kövrəldən Givi deyir ki, bu mənzil təyinatı üzrə onun yaşaması üçün yuva deyil, daha çox ölümündən sonra xatırlanması üçün ev - muzeyi kimi xidmət edəcək. Əlbəttə, əgər kandarından bir xatirə lövhəsi asmağı əsirgəməsələr.

        55 yaşın mübarək, Giya! Mükəmməl tərcümə etdiyin İmadəddin Nəsimi kimi laməkan olsan da belə, Sənin mənzilin qədirbilən dostlarının qəlbi, sərraf oxucularının ürəyidi. Buna əmin ol və yaşamağa, yaratmağa davam et. 
Mənbə: Şərq.az


* * *
Giya haqqında vikipediyada:
        Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda anadan olub.
        Bakı şəhərindəki gözdən əlillər təmayülündə oxumuşdur. Orta məktəbi həmin internetdə bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, təhsilini orada bitirir. 
2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" ("Fosvor adam")sənədli filmi çəkilmişdir.
        Giya Paçxataşvili Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin "H.B.Zərdabi" mükafatı ilə təltif olunub[3]. Səməd Vurğunun "Qolos" adlıkitabının tərcüməsinə görə 2006-cı ildə "Səməd Vurğun medalı" ilə təltif olunmuşdur.
        Həyat yoldaşı Lamara xanım 2014-cü ildə vəfat edib.
        Giya Paçxataşvili bir çox kitab və tərcümələrin, şeir və publisistik məqalələrin müəllifidir. Azərbaycan ədəbi ictimaiyyətində həmişə fəallığı ilə seçilir.
        21 tərcümə, 5 müəllif kitabının müəllifidir.