Məqalələr‎ > ‎

Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)

19 Ağu 2015 00:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 Ağu 2015 01:10 güncellendi ]
        Həmsöhbətimiz Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Akademik Vavilov adına nişanla təltif edilmiş Vladimir Dövlət Universtetinin hüquq institutunun Bələdiyyələrin Konstitusiya hüquqları kafedrasının müdiri, həmyerlimiz professor Sabir Məmmədovdur. 

Söhbətləşdi: Sadıq FƏTƏLİYEV








        - Sabir müəllim, sizin uşaqlıq illəriniz Şəkidə keçib, bəlkə bir az həmin illərə qayıdaq?
        - Bəli, mənim daim xatırladığım uşaqlıq illəriv heç vaxt yadımdan çıxmır. Mən 1968 -ci ildə Şəkidə, fəhlə ailəsində anadan olmuşam. Ailəmiz kasıb yaşayırdı. Məktəb illərində arada mən də bacardığım işdən yapışıb, pul qazanır, ailəmizə az da olsa maddi köməklik göstərirdim. Yay aylarında çayçı yanında da işləmişəm. 1976-cı ildə şəhər 19 saylı orta məktəbin I sinfinə gedib, 1986-cı ildə orta təhsilimi başa vurmuşam. Məktəb illərində bir çox dərnəklərə və idman qruplarına getmişəm. Ancaq ən çox xoşum gələn radio texnika dərnəyi olub. Elə fikrim də orta məktəbi qurtaran kimi sənədlərimi radiotexnika mühəndisliyinə vermək idi.
        
- Bəs orta məktəbi qurtardıqdan sonra arzunuzun dalınca gedə bildinizmi?

        - Getmək istədim, amma sənədlərimi politexnik institutun radio-mexanika fakültəsinə versəm də, təəssüf ki, qəbul ola bilmədim. Buna baxmayaraq arzu arzuluğunda qalırdı,.. sənədlərimi apardım Bakı energetika texnikumuna və qəbul oldum. Elə təzəcə dərslərə başlamışdıq ki, bizi Neftçala rayonuna pambıq yığmağa apardılar. Pambıqdan qayıdan kimi isə məni ordu sıralarına çağırdılar. İki il Sakit okean hərbi dəniz donanmasında qulluq etdim.
        - Sabir müəllim, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilinizi davam etdinizmi?
        - Düzü arzum ali məktəbə qəbul olmaq idi, ona görə də, texnikumdan sənədlərimi götürüb Azərbaycandan getdim Rusiyanın Vladimir şəhərinə. Orada Politexnik institutun hazırlıq kursuna daxil oldum. Nəhayət, mənim və valideynlərimin arzusu 1990-cı ildə qismən yerinə yetdi. Yəni Vladimir Politexnik İnstitutuna qəbul oldum. Qismən deyirəm ona görə ki, anam məni hqqşünas kimi görmək istəyirdi. Anamın arzusunu da həyata keçirmək üçün həmişə yollar axtarırdım... Bir müddətdən sonra ona danalı oldum.
        - Deməli siz, öz arzunuzun üstündən xətt çəkib ananızın arzusunu üstün tutdunuz?
        - Düzü, ilk diplomumu anama göstərəndə başa düşdüm ki, o, nə qədər sevinsə də, ürəyində yenə də mənim hüquqşünas olmağımı istəyir. Ona görə də, mən yenidən sənədlərimi Vladimir Dövlət Universitetinin hüquq fakültəsinə verdim və ora da daxil oldum. Yaxşı oxuduğuma görə məni müəllim assistent vəzifəsinə təyin etdilər. 2001-ci ildə hüquqşünas diplomunu da aldım. Bununla anamın arzusunu yerinə yetirsəm də, çox təəssüf ki, 2002-ci ildə onu itirdim. Ancaq mən anama söz vermişdim ki, hüquqşünaslıq sahəsində nə qədər yüksək pillələr varsa, çalışıb hamısını fəth edəcəm. Odur ki, sənədlərimi aspiranturaya verdim. Aspiranturada oxuya- oxuya məni hümanitar fənlər fakültəsinin dekan müavini vəziyfəsinə qoydular. Nəhayət, 2007-ci ildə Moskva Dövlət Universitetinin nəzdində olan dissertasiya şurasında hüquqşünaslıq üzrə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsini aldım. 2009-cu ildə məni işlədiyim institutda “Konstitusiya və bələdiyyə hüquqları” kafedrasına müdir təyin etdilər. 
        - Sabir müəllim, bu əldə etdiklərinizlə ananızın arzularını tam yerinə yetirdinizi düşünürsünüzmü, yoxsa hələ davamı var?
        - Yox, anamın arzularını tam yerinə yetirmək üçün illər lazımdır. Mən hələ də bu istiqamətdə çalışıram. Kafedraya rəhbərlik edə-edə, arada sənədlərimi Vladimir şəhərində yerləşən "Rossiyskaya Akademiya Qosudarstvenoy Slujbı i Narodnoqo Xozyaystva pri prizdenta Rossiyskoy Federasii" Akademiyasının "Qosudarstvennaya i mnuisipalnoqo slujba" fakultəsinə verib, 2013-cü ildə oranı da qırmızı diplomla başa vurmuşam.
        - Bütün bu danışdıqlarınızın müqabilində Rusiya höküməti tərəfindən yəqin ki, çəkdiyiniz zəhmət yetərincə qiymətləndirilib...
        - Bəli, 2010-cu ildə elmi işlərimə görə Rusiya Elmlər Akademiyası tərəfindən mənə professor rütbəsi, Əməkdar elm və təhsil işçisi adı verilib. Bunlarla yanaşı, RF-in bir sıra medalları ilə təltif edilmişəm. Həmçinin Avropa Elmlər Akademiyası məni üzv qəbul eləyib. Hazırda yenə də elmi-yaradıcılıq işlərimi davam etdirirəm.
        - Yəqin ki, bu qədər gərgin iş şəraitində doğma şəhərimizlə tez-tez əlaqə saxlaya bilmirsiniz...
        - Yox, həmişə çalışıram Şəkidən xəbərim olsun və buna da nail oluram. Əvvəlcə onu deyim ki, heç olmazsa ildə bir dəfə doğma şəhərimizə gəlirəm. Başqa vaxtlar isə, internetdə çoxlu həmyerlimizlə dostluq edirəm və onların vasitəsilə Şəkidə baş verən hadisələrdən xəbər tuturam. Şəki mənim üçün dünyada ən doğma məkandır...
        
- Eşitmişəm iki oğlunuz var... Onlar da sizin tutduğunuz yolu davam etdirirlərmi?
        - Hə, böyük oğlum Tərlan hazırda hüquq fakültəsinin II kursunda oxuyur. Elə bilirəm o, mənim davamçım olacaq. Kiçik oğlum Tural isə hələ orta məktəbdə təhsil alır.
        - Sabir müəllim, soydaşlarımıza, həmyerlilərinizə olan arzularınızı da bəlkə dilə gətirəsiniz...
        - Soydaşlarıma, həmyerlilərimə ən böyük arzum azad olunmuş Qarabağı, və yüksək səviyyədə inkişaf etmiş Azərbaycanı görməkdir. Bir də hamınıza, o cümlədən, artıq Rusiyada da tanınmış “Şəki Bələdiyyəsi”nin oxucularına möhkəm can sağlığı, uzun ömür arzulayıram. Gənclərimizə isə tövsiyyəm yalnız Oxumaqdır.
        - İstirahət vaxtınızdan kəsib bizim müsahibəyə vaxt tapdığınız üçünsə qəzetimiz adından biz siaə minnətdarlığımızı bildiririk. Biz də oxucularımız və bütün Şəkililər adından sizə ailənizlə birlikdə möhkəm can sağlığı, gələcək elmi fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.