Məqalələr‎ > ‎

Tarda ifa edən yeganə elmlər doktoru (müsahibə)

19 Ağu 2015 10:13 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 Ağu 2015 10:16 güncellendi ]
        Müsahibimiz Sankt-Peterburq Dövlət Universitetində çalışan, Tarix və Mədəniyyət İnistutunun lektoru, 
sənətşünaslıq elmləri doktoru, professor Faiq Çələbidir. 
Söhbətləşdi: Şahnaz KAMAL






        – Xoş gördük, Faiq müəllim. Sizinlə yenidən görüşməyimə çox şadam. Biz, Azərbaycanın Milli Mədəni Muxtariyyətının bazar günü məktəbində , qısa müddət də olsa, bir yerdə çalışmışıq. Siz tarixi, mən ədəbiyyatı tədris edirdim. Elə məktəbdən başlamaq istərdim. Sankt- Peterburqda Azərbaycan məktəbi nə vaxt yaradılıb?
        – Xoş gördük. Mən də Sizi görməyimə şad oldum. Sankt-Peterburqda Azərbaycan məktəbi 80-ci illərin sonunda yaradılmışdı. Onu biz yaratmışdıq: mən, Zülfiyyə Abbasova və Həsən Məsimov. Təşkilat işləri ilə Zülfiyyə xanımın həyat yoldaşı, tibb xidməti polkovniki, professor Rahib Abbasov məşğul olurdu. Zülfiyyə xanım həm məktəbin müdiri, həm də Azərbaycan dili müəllimi idi. Musiqini və ədəbiyyatı mən tədris edirdim. Həsən müəllim isə əvvəl rəsm dərsini, sonra isə tarix dərsini deyirdi.
        - Şagirdlərinizin sayı necə, çoxmu olurdu?
        - Hə, çox olurdu. Azərbaycanlılardan başqa rus, yəhudi də olurdu. Biz dediyimiz dərs üçün pul almırdıq. Yığılan pul dərs deyilən yerin icarəsinə gedirdi. Bu məktəb öz fəaliyyətini 1998-ci ilə qədər davam etdirdi. Düzdür, arada fasilələr olurdu. Bu və ya digər səbəblərdən dərsi dayandırmalı olurduq. Ancaq sonradan yenə bərpa edirdik. Əsas problemimiz də yerlə bağlı olurdu. 1998-ci ilə Sankt-Peterburqda Milli Mədəni Muxtariyyət yaradılanda məktəb muxtariyyətın tərkibinə keçdi, fasilələrlə də olsa, dərslər keçirilirdi. Elə indi də məktəbin fəaliyyətini bərpa etməyə çalışırlar.

HEÇ BİR MADDİ TƏMƏNNA GÜDMƏDƏN ƏLİMİZDƏN GƏLƏNİ EDİRDİK

        – 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Peterburqda bir neçə Azərbaycan cəmiyyəti yaradıldığını eşitmişəm.
        - Elədir. Biri bizim qurduğumuz “Azəri” cəmiyyəti idi. Sonra Muxtariyyət elə bu cəmiyyətin əsasında quruldu. İndi muxtariyyətin qəzetinin adı da “Azəri”dir. Bir də Paşa adlı soydaşımız vardı, o cəmiyyət qurmuşdu. Təəssüf ki, həmin cəmiyyətin adını unutmuşam. Onda indiki kimi deyildi. Burada yaşayan azərbaycanlılar daha vətənpərvər idilər. 90-cı illərin əvvəlləri oyanma dövrü idi. Heç bir maddi təmənna güdmədən əlimizdən gələni edirdik. Sözün əsl mənasında xalqımızı sevir, onun uğrunda əlimizdən gələni etməyə çalışırdıq. İndi ayrı cürdür, hərə özünü düşünür.
        - Burada elə o vaxtdan erməni cəmiyyətləri çox idi.
        - Ermənilər bizdən tez ayılmışdılar. Onlar artıq 85-86-cı illərdən açıq şəkildə Dağlıq Qarabağ davasına başlayırdılar. Bir tarixçi alim vardı, Karen Yüzbaşyan, erməni cəmiyyətinin sədri idi. Çox savadlı adam idi. Yaxşı da natiqlik qabiliyyəti vardı. O tez-tez erməniləri yığıb toplantılar keçirərdi. Onlar o vaxtdan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.
         Mən Faiq Çələbini həm də bir tarzən kimi tanıyıram. Dəfələrlə tədbirlərdə ifanızı dinləmişəm. Çox şövqlə ifa edirsiniz. Hiss olunur ki, ifa zamanı o musiqini yaşayırsınız.
        - Mən tarı çox sevirəm. Deyim ki, mən, elmlər doktoru olan və eyni zamanda tarda ifa edən yeganə azərbaycanlıyam. Daha bir tarzənimiz də var, Davud Məmmədbəyov. O, Moskvada yaşayır. Elmlər namizədidir, həm də məclislərdə, tədbir və konsertlərdə tarda ifa edir.
        – Sizin gözəl müəllimləriniz olub. Bildiyim qədəri, Mirzə Mansur Mansurovun, Bəhram Mansurovun tələbəsi olmusunuz.
        - Doğrudan da müəllim sarıdan bəxtim çox gətirib. Siz deyən kimi, Mirzə Mansur Mansurovdan, Bəhram Mansurovdan dərs almışam. Mənim bir müəllimim də vardı – Məmməd Saleh İsmayılov. Üzeyir Hacıbəyovun tələbəsi olmuşdu. Bizə “Azərbaycan xalq musiqisinin nəzəriyyəsi” ixtisasından dərs deyirdi. Ondan da çox şey öyrəndim.
        - Faiq müəllim, bu yaxınlarda dostlar arasında Sovet dövründə tarın qadağan edilib edilməməsi ilə bağlı müzakirəmiz olmuşdu. Bu barədə siz nə deyə bilərsiniz, tar qadağan olunmuşdumu?
        – 1922-28 ci illərdə Xalq Maarif Komissarı işləmiş Mustafa Quliyev tara, ümumiyyətlə muğama, Şərq musiqisinə qarşı çıxıb. Tarı, muğamı rədd edib, tamamilə ləğv olunmasına çalışıb. Ondan sonra tara hücumlar başlanıb.

MƏNCƏ, TARI BAĞIROV XİLAS ETDİ

        - Sizcə, tarı nə və yaxud da kim xilas etdi?
        - Məncə, tarı Bağırov xilas etdi. Çünki Mustafa Quliyevdən sonra, dediyim kimi, tarın, muğamın üstünə çox düşmüşdülər. “Oxuma tar, oxuma tar, Səni sevmir proletar” –deyirdi Süleyman Rüstəm.
        - Müşfiq də “Oxu, tar!” dedi...
        - Onda müşfiqlər az idi. Əgər Bağırovun aşkarda və ya gizlində əmri olsaydı, tarı da, muğamı da məhv edəcəkdilər. Ancaq Bağırov bu məsələ ilə bağlı heç nə deməyib, susub. Ona baxıb qalanlar da susdu. Tar yaşadı.
        - Faiq Çələbi- soyadınızı duyunca Şəkidən olduğunuza şübhə qalmır.
        - Şəkili olsam da Bakıda böyümüşəm. O vaxt Oktyabr rayonu, indi Yasamal rayonu adlanan ərazidə yaşayırdıq. Bakı onda indiki kimi deyildi. Özü də, insanları da tamam başqa cür idi. O vaxtın Bakısı mənə daha doğma, daha yaxındır. 
        Soyadıma gəlincə, bəli, “Çələbi” deyəndə ağla ilk növbədə Şəki gəlir. Ancaq bu soyad Türkiyədə daha çox yayılıb. “Çələbi” səlcuq saraylarında titul olub. Sonra Cəlaləddin Ruminin oğlu Sultan Vələd özünə təxəllüs götürüb. Ondan sonra bütün nəsli Çələbi soyadını daşıyıb.Sonralar da sarayda ancaq şairlər, sərkərdələr, tanınmış şəxslər Çələbi təxəllüsünü daşıya bilərdilər. Dediyim kimi, bizə də Türkiyədən gəlib.
        - Faiq müəllim, hal-hazırda hansı işlərlə məşğulsunuz?
        - Sənətşünaslıq elmləri doktoru, professoram. Sankt-Peterburq Dövlət Universitetində işləyir, Tarix və Mədəniyyət İnistutunda mühazirə deyirəm, konsertlərdə, tədbirlərdə çıxış edirəm. “Koroğlu eposu və atalar sözlərinin qarşılıqlı münasibətləri” mövzusunda geniş bir məqaləni çapa vermişəm. O məqalənin davamını işləyirəm, çox güman ki, kitab olacaq.
        - Faiq müəllim, sizə bütün işlərinizdə uğurlar arzulayıram. Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
Mənbə: 1905.az
19.02.2015
Sankt-Peterburqdan xüsusi olaraq 1905.az portalı üçün.