Məqalələr‎ > ‎

Çanaqqala zəfəri- Türkün yenidən oyanışı

19 Kas 2014 10:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Kas 2014 02:30 güncellendi ]
Tarix yazdırılmaz, yazılar! 











Ramin SADIQOV, 
Tarix doktoru, Türkiyə 


Sözönü, yaxud Türkün Çanaqqala qüruru

        İllər əvvəl Bakıda keçirilən bir beynəlxalq konfransa dəvət almış, Türkiyədən gəlmiş elm adamları və müavinətə çıxmış səfirlərin də müsafir olduğu konfransda iştirak etmişdim. Mövzu qondarma Erməni “soyqırımı” və buna qarşı Azərbaycan -Türkiyənin atacağı addımlarla bağlı idi. Fərqli məruzələrin, maraqlı müzakirələrin və sualların səsləndirildiyi konfransda diqqətimi ən çox çəkən fikir, keçmiş bir Türk səfirinin bir suala verdiyi cavab olmuşdu. 2015-ci ildə bütün dünyada qondarma Erməni “soyqırımı”nın 100 ili ilə bağlı tədbirlərin keçiriləcəyinin planlandığı, Türkiyə siyasətinin həmin hadisə ilə bağlı nə kimi tədbirlər planı hazırladığına dair verilən suala, keçmiş səfir diplomatik bir üslub və siyasi bir dillə, “2015-ci ildə biz Çanaqqala Zəfərinin 100 ilini qeyd edəcəyik, bizim tədbirimiz budur” deyə cavab vermişdi. 
        Şübhəsiz qürurla söylənmiş, bilərək ifadə olunmuş bir cavabdı bu. Eyni zamanda keçmiş səfirin, yerinə, şəraitinə görə hazırcavab bir diplomat olduğunu da göstərirdi. Hər il dünyada sürətlə yayılan və bəzi dövlətlər tərəfindən bilərək qabardılan, üstəlik Türkiyə siyasətinə təzyiq kimi istifadə olunan qondarma “soyqırım” söhbətləri, şanlı tarixini yaxşı bilən, tarixində heç bir millətə qarşı mənfi siyasət aparmamış, buna rəğmən tarix boyu zülmə, haqsızlığa, qətliamlara məruz qalmış milyonlarla insana qucaq açmış Anadoludan gələn bir siyasətçinin ustaca cavabı ilə nöqtələnmişdi. 
        Həqiqətən də Türkiyə tarixinin şanlı səhifələrindən biri 1915-ci ilin Mart ayında Çanaqqalada yazılmışdır. İşğala, əzilməyə, yox olmağa, əcnəbi hakimiyyətinə razı olmayan və “xəstə adam” adlandırılan bir xalq, yoxluqdan özünü var etmişdir. Yeddi ayrı cəbhədə hegomon dövlətlərə qarşı vuruşan Anadolu ərənləri “Çanaqqala keçilməz” şüarı ilə sinələrini mərmilərə sipər edərək son damla qanlarına qədər Çanaqqala boğazından düşmən gəmilərinin keçməsinə icazə verməmişdilər. 

Çanaqqalaya doğru dövlətin vəziyyəti... 

        XIX əsr boyunca Osmanlı dövləti çox ağır günlər keçirmişdi. Əsrlər boyunca qüdrətinin nişanəsi olan Osmanlı ordusu (Yeniçəri ocağı), dövlətin zəifləməyə başlaması ilə birlikdə böuük problemlər çıxaran daxili bir bəlaya çevrilmişdi. Müharibəyə iştirak etməmə, cəbhədən qaçma, komandanları, dövlət adamlarını və hətta soltanları qətl etmə kimi azğınlığın səbəbkarı olan Yeniçəri Ocağı, soltan II. Mahmudun 1826-cı ildəki böyük həmləsi ilə tarixə qarışdı. Osmanlı tarix kitabları bu hadisəni “Vaka-i Hayriyyə” yəni “Xeyirli Hadisə” kimi qələmə almışdı. II. Mahmud üsyankar Yeniçəri ordusunu ləğv etdikdən sonra onun yerinə yeni ordu quruculuğuna başlamış, lakin bu arada dövlət xarici təhdidlər təhlükəsi ilə üzləşmişdi. 1828-1829-cu illərdə baş verən Osmanlı-Rus hərbi, yeni qurulan ordunun kifayət olmadığını sübut etmiş, alınan məğlubiyyət sadəcə Rusların deyil, Osmanlı torpaqlarında gözü olan qərb dövlətlərinin də iştahasını açmışdı. Beləliklə 19-cu əsr boyunca Osmanlı dövlətinə qarşı gah qərb və gah da Rusiya tərəfindən olan müdaxilələr nəticəsində dövlət xeyli zəiflətmiş, 20-ci əsrin əvvəllərinə dövlət böyük torpaq itkiləri və borc içində girmişdir. 
        
Osmanlı dövlət siyasətinin burulğanlar içində qıvrandığı, hökümət daxili fərqli çəkişmələrin yaşandığı, inqilabların tuğyan etdiyi bir ərəfədə hakimiyyətə gələn İttihad və Tərəqqi Partiyası, gizli hesab və gözləntiləri nəticəsində 4 il içində dövləti böyük oyunların qurbanına çevirdi. Nəticə fəlakətli oldu. İttihad və Tərəqqinin güvəndiyi Almaniyanın məğlubiyyəti, ardından bağlanan Mudros sülh müqaviləsi Osmanlının əlini-qolunu qırdı, Anadolu hegomon dövlətlərin işğalına məruz qaldı. Lakin Mustafa Kamal Atatürkün başlatdığı Milli Mübarizə hərəkatı qısa zaman içində yadelli işğalçıların Anadoludan uzaqlaşdırılması, ardından da yeni cumhuriyyətin, Türkiyə Cumhuriyyətinin qurulması ilə nəticələndi. Atatürkün başlatdığı mübarizə ilə əslində Türk ordu gücü yenidən öz sözünü dedi. Siyasi çəkişmələrin səbəb olduğu torpaq itkiləri dayandırıldı, işğalçı güclər ölkədən çıxarıldı, “ölkədə sülh, dünyada sülh” şüarı ilə yeni Cumhuriyyət sağlam təməllərini atdı. 

        Birinci Dünya Müharibəsi insanlıq tarixinin qarşılaşdığı şiddəti, ölümləri, fəlakətləri ilə ilk qlobal müharibə idi. Bu müharibə nəticəsində bəzi dövlətlərin sərhədləri dəyişdi, yeni dövlətlər meydana çıxdı. Şübhəsiz müharibəyə imperiya kimi başlayan Rusiya, Osmanlı və Avstriya-Macarıstan, müharibə sonunda tarixə qarışaraq bünyəsində yeni dövlətlərin yarandığı dövlətlər oldular. 
        Halbuki İttihad və Tərəqqi höküməti gələcək fəlakəti əvvəldən görə bilməmişdi. Bu da o hökümətin, sadəcə günlük siyasi həvəslər ardınca qaçdığını söyləyənlərin, qocaman imperiyanı düşürdüyü vəziyyət göz önünə alındığında haqlı çıxdığını göstərmişdir. 
        Əslində 20-ci əsrin əvvəllərində dünyanın böyük bir müharibəyə doğru getdiyi açıqca görünürdü. Ona görə də bəzi dövlətlər bir birləri ilə ittifaq qurur, tərəflər yavaş yavaş bəlli olurdu. Belə bir dövrdə özünə Avropada dost və müttəfiq axtaran yeni Osmanlı höküməti İngiltərə və Fransadan mənfi cavab aldıqdan sonra Almanyaya yaxınlaşmış və 2 avqust 1914-cü ildə Almanya ilə gizli bir müqavilə bağlamışdı. 
        Müharibənin əsas və gerçək səbəbi, kapitalist dövlətlər arasındakı iqtisadi və siyasi mənfəət çəkişmələri idi. Lakin başlanğıç səbəbi, 28 İyun 1914-cü ildə Avstriya Macarıstan imperatoru vəliəhdinin Bosniyada bir Serb millətçisi tərəfindən öldürülməsi olmuşdu. Avstriya Macarıstan imperatorluğunun Serbiyaya müharibə elan etməsi ilə I. Dünya müharibəsi başlamışdı. 
        Osmanlı dövləti ilk əvvəl tərəfsiz (bitərəf) olduğunu elan etmişdi. Ancaq eyni zamanda ölkədə qismi səfərbərlik aparılmışdı. Bu arada Goben və Breslav adlı iki Alman gəmisi İngiltərə donanmasının hücumundan qaçaraq Osmanlı dövlətinə sığınmış, hökumət bu gəmiləri aldığını bildirmiş və adlarını da dəyişdirərək Yavuz və Midilli qoymuşdu. Oktyabr ayının sonlarında Qaradənizə tətbiqat üçün çıxan bu gəmilər, Odessa və Sevastopol limanlarını bombalamaya başlamışdılar. Beləliklə Osmanlı dövləti 30 Oktyabr 1914-cü ildə müharibəyə girmişdi. 
        Osmanlı dövlətini müharibəyə sövq edən İttihad və Tərəqqi partiyası öndərlərində şiddətli bir Alman heyranlığı vardı. Almanyanın müharibəni qazanacağına kəsin inanırdılar. Ayrıca Balkan müharibəsində itirilən torpaqları geri ala bilmək ümidi, Turançılıq ideologiyası və Almanyanın yeni texnologiyasından yararlanmaq istəyi, İttihad və Tərəqqi hökumətinin müharibəyə girmək istəməsinin ana səbəbləri arasında idi. 
        Osmanlı dövləti müharibəyə girdikdən sonra fərqli cəbhələrdə savaşdı. Böyük məğlubiyyətlər alsa da Türk tarixinin səhifələrinə yazılan şanlı zəfərlər qazandı. Məhz Çanaqqala Zəfəri də bunlardan biridir. 

Çanaqqala Zəfəri - Türkün yenidən dirilişi

        Beləliklə Birinci Dünya müharibəsində Çanaqqalanın əhəmiyyəti və qərb dövlətlərinin Çanaqqala üzərindəki planları haqqında məlumatlara keçək. 
        Əslində Osmanlı dövlətinin müharibəyə qatılmasından sonra qərb dövlətləri Boğazlar məsələsini əsas gündəmə aldılar. Bu münasibətlə Londonda toplanan savaş məclisi, Çanaqqala Boğazından İtilaf dövlətlərinin hərbi gəmilərinin keçilməsinə qərar verdi. Düşmənin planına görə Antanta donanması Çanaqqala Boğazını keçməklə Rusiyaya kömək çatdıracaq, beləliklə Almaniya qarşısında mübarizə aparan Rusiyaya yardım aparılarkən, qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın yükü bir az azaldılacaqdı. Çanaqqala Boğazının hədəf seçilməsi xüsusi düşünülmüşdü. Çünkü o dönəmdə boğazın müdafiəsi sadəcə 20 topla təmin olunurdu. Cəbbəxana da olduqca az idi və düşmən bunu yaxşı bilirdi. 
        Lakin düşmənin unutduğu bir şey vardı. O da Türk millətinin tarixdən gələn üstün savaş qabiliyyətinə sahib olmasıydı. Halbuki tam Çanaqqala müharibələrindən qısa bir müddət əvvəl Balkan müharibələrində Osmanlı dövləti böyük bir məğlubiyyət almış, 3 həftə içində torpaqlarının 5/1-ini itirmiş, Meriç çayına qədər Avropadakı torpaqları əlindən çıxmış, ordusu dağılmışdı. Lakin qısa müddət ərzində Türk ordusu yenidən şəkillənmiş, düşmənin ağlına gəlməz dərəcədə özünə güvəni təmin etmişdi. 
        İngilis və Fransızların Çanaqqalaya dənizdən hücum üçün son hazırlıqları 1915-ci ilin Fevral ayına doğru yekunlaşdı. 19 Fevral səhər saatlarından etibarən isə güclü hücum başlandı. Lakin gözlənilən nəticə zəif idi. Çünkü gəmilərdən atılan top mərmilərinin çoxu Türklərin mövqelərinə düşmədi. Bu arada İngilis gəmiləri Çanaqqala şəhəri yaxınlarına qədər irəliləyərək mina axtarma və təmizləmə işlərini gördülər. 
        
18 Mart günü İngilis və Fransız gəmiləri tərəfindən böyük bir hücum başladı. 16 hərbi gəmi boğaza girərək Türk mövqelərini atəşə tutdu. İngilislər bu dəfə zəfər qazanacaqlarından əmin idilər. Dövrün İngilis Dəniz Qüvvətləri naziri Çörçill belə deyirdi: “Çanaqqalaya Quin Elizabethi də göndərdik. O, dünyanın ən qorxunc zirehli gəmisidir. Türk mövqeləri nədir ki? Bir neçə top atışıyla Çanaqqalanı alt-üst edəcəyik” 

        Lakin düşmən gəmiləri heç gözləmədikləri anda Türk mövqelərindən yaylım atəşləri açıldı. Tüstüdən heç bir yerin görünmədiyi bir anda İngilislərin Bouvet gəmisi batırıldı. Onun yerinə keçmək istəyən İrresistible gemisi də eyni aqibəti yaşadı. Davamında Ocean, İnglexible, Suftren və Gaulois gəmiləri boğazın buz kimi sularına qərq oldu. Bu nəticə düşmən donanması üçün fəlakət demək idi. Elə də oldu, İngilis və Fransızlar geri çəkilməyə başladılar. Beləliklə düşmən orduları geri püskürdüldü, Antantanın Çanaqqalanı keçərək Rusiyaya kömək aparmaq planları alt-üst oldu. 
        Dəniz savaşlarında müvəffəq olmayan Antanta dövlətləri bu səfər quru hücumuna hazırlandılar. Bu məqsədlə İngilis, Fransız, Avstraliya, Yeni Zellandiyadan və digər müstəmləkə bölgələrindən toplanmış ordular İngilis general Hamilton rəhbərliyində toplandı. Osmanlı orduları isə Alman generalı Liman Von Sanders komandanlığı altında düşmənin hücumunu gözləməyə başladı. 25 Aprel səhəri Fransızlar Gəlibolu yarımadasına çıxdılar. Lakin Türk ordusu tərəfindən qarşıları alındı. Uzun müddət boyunca iki tərəf arasında bəzən şiddətli, bəzən zəif savaşlar baş verdi. Ancaq heç bir tərəf üstünlük saxlaya bilmədi. 6-7 Avqust gecəsi isə İngilislər böyük bir hücuma başladılar. 4 gün davam edən bu hücum Mustafa Kamal Atatürkün səyləri nəticəsində dayandırıldı. Düşmən irəliləyə bilməyəcəyini artıq anladı, 19-20 Dekabr tarixindən etibarən də quru döyüşlərinə son verərək çəkilməyə başladı. 
        Beləliklə Fevral ayından Dekabra qədər davam edən Çanaqqala savaşlarında İngilislər 205 min, Fransızlar 47 min itki verdilər. Şübhəsiz güclü qərb ölkələrinin hücumuna məruz qalan Osmanlı ordusunun itkisi daha çox, 253 min idi. Vətən torpağını canından çox sevən 253 min insan şəhid oldu, lakin yurduna düşmən ayağı dəydirtmədi. 
        Çanaqqalada ən böyük məğlubiyyəti İngilislər aldı. “Üzərində günəş batmayan” ölkə imicləri çökdü. Çörçillin planları baş tutmadı. Ingilislərin güclü donanması boğazda məhv oldu. Antanta dövlətlərinin boğazı keçərək Ruslara kömək aparması xəyalları dənizdə boğuldu. Nəticədə iqtisadi və siyasi cəhətdən çətin günlər keçirən Rusiyada inqilab baş verdi və Rusiya müharibədən çəkildiyini açıqladı. 
        Bu zəfər Türklər arasında Milli Mücadilə ruhunun dirçəlməsinə səbəb oldu. 19-cu əsrdən bəri ümumiyyətlə hərb meydanlarında məğlub olan Osmanlının qazandığı ən böyük zəfər kimi Türk toplumu üzərində müsbət təsir yaratdı. 
        Bəli, Türk xalqı yenidən dirildi. Bir əsrdən çoxdur davam edən siyasi, iqtisadi, fikri problemlərlə bitab düşən, müharibələr, üsyanlar, təxribatlar içində boğulan bir xalq yenidən öz sözünü dedi. 1071-ci ildən atalarından miras qalan Anadolunun bir zərrəsinə düşmən ayağının dəyməməsi üçün bütün varlığı ilə Çanaqqalanın müdafiəsinə qalxdı. Anadolu, düşməninin çox güclü, təchizatlı, amansız, vicdansız olduğunu yaxşı bilirdi. Lakin öz qəlbində və ruhunda daşıdığı iman gücünün dünyadakı bütün güclərdən üstün olduğunu da hərkəsdən yaxşı dərk edirdi. Beləliklə, vuran qoluna qüvvət verən iman və ilhamıyla “Çanaqqala keçilməz” deyib yeri göyü titrətdi, düşmən əsgərlərinin Çanaqqalada məzarını qazdı. 
        Çanaqqalada Azərbaycandan da könüllü əsgərlərin vuruşduğuna və orada şəhid olduğuna dair mənbələrdə məlumatlar vardır. Hətta onlardan bəzilərinin məzar daşları da Çanaqqala şəhidliyində mövcuddur. Azərbaycanın bir sıra bölgələrindən gedib uzaq Anadoluda şəhid olan vətən övladları, kökü tarixə dayanan Azərbaycan-Türkiyə qardaşlıq nümunələrinin bir nişanəsidir. 
        Məhz gələn il 100 illik yubileyi qeyd olunacaq Çanaqqala Zəfəri Türkün yenidən dirilişinin, tarixə köklənmiş dövlətçilik sevgisinin və yadelliyə qarşı nifrətinin ən yüksək zirvəsidir. 
        100 il öncə bir tarix beləcə yazıldı... Şübhəsiz tarixi yazmaq çətin, yazdırmaq asandır... Ancaq əbədi qalan yazdırılan deyil, yazılan tarixdir...
Mənbə: əki bələdiyyəsi" qəzeti