Məqalələr‎ > ‎

Bəraət

20 Nis 2015 06:31 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Nis 2015 06:32 güncellendi ]
Oxşar taleyi yaşamış gənclik dostlarım Rafael və Yaşarın vaxtsız itirdikləri övladlarının xatirəsinə ithaf edirəm.







Akif ƏSƏDULLAYEV

        Neçə gün idi ki, Mahirin sevinci yerə, göyə sığmırdı.Uşaqlıqdan arzusunda olduğu,hətta, yuxularında belə gördükdə uzun müddət həmin yuxunun təsirindən əhval-ruhiyyəsinin yüksək olduğu bir ana-məqama yetişmişdi. Yadına düşürdü ki, uşaq çağlarında ən çox arzuladığı o idi ki, sinifdə oturduğu şagird masası mühərrikli olsun.Hər gün onu sürə-sürə evə getsin və ertəsi gün yenə də məktəbə qayıtsın. Atasının təzə 07 markalı jiquli maşını alması Mahiri elə bil ki, nağıllar aləminə aparmışdı. Bu qədər tezliklə həyətlərində özlərinə məxsus minik maşınının olması,hətta,onda bir qədər lovğalıq da yaratmışdı.Axı,sinif yoldaşlarından çox olsa 2-3-ü bu sevinci yaşamışdı.
Mahir artıq məktəbi qurtarmışdısa da tez-tez sinif yoldaşları ilə ğörüşür rastlaşdıqları bəzi məqamların öyünəsi v cəhətlərini bir-biri ilə bölüşürdülər.Söz yox ki, maşına sahib olmaq bu cəhətlərin ən birincilərinin siyahısına daxil idi.
        Mahirin maşına olan həvəsini duyan qonşusu Paşa dayı vaxtaşırı onu öz maşınına oturdub yumaq üçün aparar və qayıdanda maşın sürməyi öyrədərdi. Mahir qısa müddətdə maşın sürməyi elə mənimsəmişdi ki, son vaxtlar Paşa dayı ona maşını sərbəst surətdə sürməyi etibar edirdi.
Öz təzə maşınlarını rayonun küçələri il idarə etdikcə ona elə gəlirdi ki, göyçək gənc qızlar nəzərlərini oğrun-oğrun ona dikirlər.
        Bu gün Mahir səhər tezdən yüksək əhval-ruhiyyə ilə oyanmışdı. Atası dünən gecədən bildirmişdi ki, rayondan bir qədər aralıda yerləşən kəndə dostunun oğlunun toyuna gedəcəklər. Atası qayıdan baş içkili olduğuna görə maşını Mahir idarə edəcəkdi. Mahirin həvəsi təkcə maşını sürməklə məhdudlaşmır,həm də atasının bu cür etibarını qazana bildiyi üçün qürrələnirdi. Maşını dünən maşın yuma yerində yaxşıca yudurmuşdusa da Mahir yenə də həyətdə yaş əski ilə bəzi toz qonan yerlərini silirdi ki,daha yaxşı parıldasın. Elə təzəcə işini qurtarmışdı ki,atasının səsini eşitdi:
        - Ay oğül, Mahir, hardasan?
        Mahir başını qaldıraraq:
        - Ay ata, gəldim,- deyə cavab verdi və əlindəki əskini maşının qabaq oturacağının kənarına qoyaraq yüyürərək evə girdi.
        Atası əlində hazır tutduğu pulları Mahirə verib dedi:
        - Maşında benzin azdı get 20 litr benzin doldur, yəqin bilirsən də hansı məntəqədən dolduracaqsan?
        - Bəli, ay ata, bilirəm.
        Mahir bilirdi ki,atası öz dostlarına məxsus olan yanacaq doldurma məntəqəsini nəzərdə tutur.Yanacaq doldurma məntəqəsi evlərindən çox da aralıda deyildi. Məntəqəyə çatıb maşını saxladı, ədəb-ərkanla atasının dostu Əhməd dayıya salam verdi və onun xeyir-duasını eşitdi:
        - Ay allah mübarək eləsin, o günlər olsun ki, bu maşında sənin gəlinini gətirək.Axır ki, atan da yığdığı pulları xərcləməyə başladı, - deyib zarafatından da qalmadı.
        Mahir benzin çəninin qapağını açaraq uzun müddət sürücülük təcrübəsi olan ahıl yaşlı insanlara xas olan əda ilə:
        - Əhməd əmi, 20 litr benzin burax,-dedi.
        Benzini doldurub qurtardıqdan sonra benzin çəninin qapağını möhkəm-möhkəm bağladı və Əhməd kişiyə yaxınlaşıb kiçik pəncərədən atasının yanacaq üçün verdiyi pulları ona uzatdı.
        Əhməd kişi başını qaldırıb:
        - Ay oğul, qonaq ol, qoy o da sənə əmi payı olsun,- dedi.
        Mahir isə cavabında:
        - Çox sağ olun, Əhməd əmi,mən atamın bütün dostları ilə fəxr edirəm,Allah siz ağsaqqalları biz gənclərə çox görməsin,-deyərək maşına oturdu və məntəqədən çıxaraq evə sarı sürdü.
        Atası ilə kəndə girəndə Mahirə elə gəldi ki, hamının diqqəti onların maşınına yönəlib. Gənc oğlan və qızların yanından ötdükcə qamətini daha da dikəldir, hamının diqqət mərkəzində olmağa çalışırdı.
        Onlar toy məhəlləsinə daxil olduqda məclis artıq başlamışdı. 3 nəfər onlara yaxınlaşıb xoş-beş elədilər:
        - Ay qardaş,siz xoş gəlmisiniz,həmişə siz gələsiniz, maşınınız da mübarək olsun,həmişə toylara sürəsiniz,sayalı maşın olsun,o gün olsun bu maşında bax bu gözəl oğlana gəlin gətirək.
        Mahirin atası Şirəli dayı da öz xeyir-duasını söylədi:
        - Çox sağ ol, ay Cavad, toyunuz mübarək olsun, Allah xoşbəxt eləsin, oğullu-qızlı olsunlar. Arzum budu ki, həmişə bu kəndə xeyir işlərə gələk.
        Bundan sonra atası ilə Mahiri məclisin ən görkəmli yerində oturtdular və onlar üçün təzədən yemək gətirdilər.Məclisin gedişi,musiqi,sağlıqlar o qədər ürəkaçan idi ki, başqa vaxt olsa idi Mahir qətiyyən bu məclisdən getmək haqda fikirləşməzdi.Həm də Mahir belə toylarda uzun-uzadı oynamaqdan doymazdı.Ancaq maşın sürmək həvəsi ona elə hakim kəsilmişdi ki, tezliklə məclisin qurtarmağını arzulayırdı.Tez-tez saatına baxır,yerində qurcalanırdı,vaxt isə elə bil ki, yerimirdi.
Nəhayət, Mahirin istədiyi məqam çatdı,məclis sona yetişdi.Atası dostları və məclisdəki tanışları ilə görüşüb ayrıldı. Mahir sükanın arxasına keçib maşını işə saldı,ətrafdakıların diqqətini cəlb etmək üçün səs siqnalı da verdi. Maşını kənd yolu ilə sürdükcə sükanı gah bir əli ilə gah iki əli ilə tutur,qabağına çıxan kiçik bir daş parçasının da yanından məharətlə keçib atasına bacarıqlı bir sürücü olduğunu sanki sübut etmək istəyirdi. Mahirin bu günkü səfəri, ilk dəfə olaraq maşını uzaq məsafəyə sürməsi demək olar ki,çox uğurlu alınımışdı.
        Ertəsi gün istirahət günü idi. Mahir yuxudan gec ayılmışdı,hələ də dünənki təəssüratları,aldığı ləzzət onu tərk etməmişdi. Əl-üzünü yuyub yemək yedikdən sonra dostları ilə görüşmək üçün adəti üzrə həmişə yığışdıqları yerə getdi.Dostları ilə söhbət zamanı uzun bir məsafəni sərbəst surətdə maşın sürdüyü haqda ləzzətlə danışaraq iovğalığından da qalmadı.Dostları ilə görüşü onda həmişəkindən maraqlı və şən ovqat yaratdı.Ünsiyyətləri o qədər maraqlı keçmişdi ki, artıq nahar yeməyinin vaxtının yetişdiyini heç kim hiss etməmişdi.
        Mahir evə girəndə atasını evdə görmədi. Şirəli dayının şəkəri olduğuna görə,adətən yeməyə vaxtında gələrdi. Mahir yamanca acmışdı,ona görə də ürəyi bərk tələsirdi ki, atası tez gəlsin həmişə olduğu kimi bir yerdə nahar eləsinlər.
        Atası evə girəndə heç salamlaşmadan üzünü Mahirə tutub soruşdu:
        - Mən sənə benzin doldurmaq üçün nə qədər pul vermişdim?
        - 11 manat, nə olub ki, ay ata?

        Mahirin anası Sənəm xala da söhbətə müdaxilə etdi. Ərini diqqətlə süzərək:
        - Nə olub sənə gözümə bir təhər dəyirsən?
        - Daha nə olacaq,
- Şirəli kişi qəfil çaxan ildırım kimi partladı,- Mən buna benzin doldurmaq üçün pul vermişəm o isə məntəqədəki mənim dostlarıma 1 manatını əksik verib. Əgər ona pul lazımdırsa mənə deyəydi,mən nə vaxt ondan pul əsirgəmişəm ki?Bu nə biabırçılıqdı. Məni dostlarımın arasında başı aşağı elədi....
        Atası qəzəblə uzun- uzadı danışsa da Mahir heç nə eşitmirdi, daş kimi donub qalmışdı. Birdən elə bil ki, yuxudan yenicə ayılmış kimi:
        - Ata,vallah,..- söyləmişdi ki, Şirəli kişi ağzı köpüklənmiş halda daha da bərkdən qışqırdı:
- Nə ata, sənin kimi oğulun atası olmaqdansa ömürlük atalıq mərtəbəsinə həsrət qalmaq daha yaxşıdır.
        - Ata, yerdə göydə sənin inandıqların nə qədər varlıqlar varsa onların hamısna and içirəm ki, sənin mənə verdiyin pulun hamısını mən onlara vermişəm. Məni ən dəhşətli ildırım vurub külə döndərsin,ən vahiməli yırtıcılara yem olum əgər onları aldatmışamsa. Mənim üçün sənin kimi atanın oğlu olmaqdan qiymətli heç nə yoxdu,ata.Sənin əvəzinə mənə bütün dünyanı belə bağışlasalar o dünya mənim üçün boşluqdan başqa bir şey ola bilməz.
        Mahirin bu qədər səmimiyyət və ürək yanğısı ilə söylədiyi sözlər,nəinki, atasını yumşaltmadı əksinə onu bir az da qəzəbləndirdi.
        - Kəs səsini, yaramaz,eylədiyin naqislik bəs eləmir hələ mənim dostlarıma da qara yaxırsan? Otur maşına!
        Sənəm xalanın ərini sakitləşdirmək cəhdləri də bir nəticə vermədi.
        Mahir nə maşına necə oturduğunu hiss elədi, nə də ki, atasının yüksək surətlə məhəllələrindən çıxdığını. Həmişə qabaq oturacaqda atasının yanında xüsusi əda ilə oturub kimin oğlu olduğunu camaata nümayiş etdirməklə fəxr edən Mahir indi arxa oturacaqda yerləşib sanki,yumağa dönmüşdü. O bir robot kimi elə bil ki, bütün hissiyyatlardan məhrum idi. Atasının onu hara apardığı da onun üçün mənasız idi. Şirəli kişi maşını yanacaq doldurma məntəqəsində düz idarəetmə kabinəsinin qabağında saxladı. Atası ilə bərabər Mahir də maşından düşüb cihazların dalında əyləşmiş Əhməd əmisi ilə həmişəki kimi görüşüb öpüşdülər. Hələ də bu vəziyyətdən heç nə anlamayıb keyləşmə vəziyyətində qalan Mahiri atasının Əhməd kişiyə hirslə etdiyi müraciət sanki yuxudan ayıltdı:
        - Sən bir buna fikir ver, elədiyi qələt bəs eləmir,üstəlik boynuna da almaq istəmir,and-aman eləyir ki, pulu sənə düzgün verib. Sən bir bunun nanəcibliyinə bax.
        Əhməd kişi amiranə görkəm alaraq Şirəli kişini sakitləşdirməyə çalışdı:
        - Ay Şirəli, axı sən niyə belə səbirsizlik göstərirsən,mən bu məsələni sənə ona görə çatdırdım ki, biz uşaqlarımızın belə hərəkətlərindən vaxtında xəbərdar olub qarşısını almalıyıq ki, gələcəkdə daha böyük hadisələr baş verməsin. Cavan uşaqdı da bir səhvdi eləyib,yəqin bir daha təkrar olunmaz.
        Əhməd kişinin bu “ lütfkarlığı” elə bil ki, zəhərli,iti bir ox kimi Mahirin kürəyinə sancıldı. Çətinliklə özünü toplayıb zəif, xırıltılı səslə:
        - Əhməd əmi, axı mən atamın verdiyi pulun hamısını sizə verdim,yəni doğrudanmı sizin mənə qarşı inamsızlığınız bu dərəcədədi ki,..
        Mahir hələ dalısını demək istəyirdi ki, atasının silləsi onun sifətində tapança kimi çatladı:
        - Belə vicdansız oğullar böyüdən ataların valideynliklə öyünməyə heç bir haqqı yoxdur.
        Şirəli kişi çığıra-çığıra,əllərini bir-birinə vura-vura uzun-uzadı nə isə danışırdı,ancaq,Mahir artıq heç nəyi eşitmək iqtidarında deyildi.Yanacaqdoldurma məntəqəsindən çıxıb necə yola düzəldiyini də hiss eləmədi. Yolda addımladıqca Mahirə elə gəlirdi ki,hamının diqqəti ona yönəlib. Başını şapalaq dəyən tərəfə doğru mümkün olduğu qədər əyərək,sanki,üzünü gizlətməyə çalışırdı. Elə bil ki,sifətinin həmin hissəsində irinləmiş,üfunətli bir yara var idi.Mahirə elə gəlirdi ki, onunla qarşı-qarşıya gələn insanlar bu üfunətdən yaxa qurtarmaq üçün ondan xeyli aralı dolanırdılar.Bu yollardan keçərkən həmişə başına soğanı kələğayı bağlayaraq abır-həya üçün kələğayının uc hissəsini aşağıya doğru sallayan gəlinlərə bənzətdiyi ağaclar indi onun gözləri qarşısında ağızlarını geniş açaraq ona hücum çəkmək istəyən nəhəng timsahlara bənzəyirdi.Ətrafda ən xırda həşəratdan tutmuş nəhəng binaların divarlarına qədər canl-cansız hər nə vardısa Mahir onların kinayəli qəh-qəhəsini eşidirdi.Qarşısına çıxan hər şeyi nağıllarda oxuduğu gedər-gəlməzə yollanan qəhrəmanların qarşısına çıxan əcaib varlıqlara bənzədirdi.İnsanların gözünə görünməmək birdən-birə yox olmaq istəyirdi.İndi Mahirin çöhrəsində fərəh və sevincdən əsər-əlamət yox idi. Onda yüksək maraq və coşqunluq yaradan təzə maşın artıq Mahirin nəzərində onu hər daim udmağa hazır olan qorxunc əjdaha kimiydi. Fikirləşirdi ki,görəsən yer üzündə ondan da bədbəxt bir varlıq varmı? Bir anlığa ağlına gəldi ki, bəlkə qayıdıb atasını bir də inandırmağa çalışsın. Ancaq necə? Mahir bilirdi ki, atası öz dostlarına Allaha inandığı qədər inanırdı. Hesab elədi ki,onun bu addımı atasını daha da özündən çıxara bilər,ona görə də bu fikrindən daşındı. Axı o atasını o qədər çox istəyirdi ki,onun bir daha hirslənməsinə yol verə bilməzdi. Dağıdılmış bir binanın yanından keçəndə fikirləşdi ki,bəlkə o xarabalıqda gizlənsin bir də qaranlıq düşəndə ordan çıxib evlərinə yollansın ki,heç kim onu görməsin. Yenə də ehtiyat elədi ki, birdən onu o vəziyyətdə tapıb nə üçün belə elədiyini soruşarlar. Mahirin beynində o qədər “niyə”lər, “bəlkə”lər dolaşırdı ki, nə onlara cavab tapa bilirdi, nə də çıxış yolları.
        -Yəni doğrudanmı bir neçə saniyə ərzində atam ilə mənim aramda o qədər dərin uçurum yarandı ki, mən haqlı olduğumu doğma atama izah eləyə bilməyim.Atam mənə həmişə tövsiyə eləyirdi ki, oğul,aqıllərimiz deyib ki, ən çətin vəziyyətdən ən azı iki çıxış yolu var.Hanı o yol? İlahi, sən özün mənə bir yol göstər.Axı öz atasının etibarını,məhəbbətini itirib nifrətini qazanan oğulun hansı yolu qala bilər?İndi mən doğulduqdan sonra cəmi bircə dəfə atasının sevincli üzünü görüb dünyasını dəyişən körpələrə necə də həsəd aparıram.Mənim böyüyüb bu yaşa çatmağım vacib idimi?Ey hər şeydən əli üzülüb ümidlərini sizə bağlayan insanların son ümid yeri olan göylər, ey bütün insanları günahları ilə birgə öz ağuşuna alıb təmizliyə qovuşduran yerlər,doğrudanmı, öz atasının nifrətinə tuş gələn oğullara göstərmək üçün heç bir yolunuz yoxdur?- deyə Mahir öz-özünə danışdıqca vahimələnir,elə bil ki,atası ona daha da əlçatmaz görünürdü.
        Mahir yeridikcə ayaqlarının altında qalan ən kiçik qum dənəcikləri belə sivri, deşici alət kimi fırlanaraq sanki,sümüklərini ovurdu. Həmişə onu atasına yaxınlaşdıran,doğmalaşdıran yollar indi addımba-addım onu atasından uzaqlaşdırır,yadlaşdırırdı.Yanacaq doldurma məntəqəsindən evlərinə qədər olan məsafə o qədər də uzun olmasa da Mahirin çöhrəsində elə üzüntülər vardı ki, ona baxan hər bir adam fikirləşərdi ki, yəqin o bir neçə gündür ki, yol qət edir. Öz döngələrinə dönəndə Mahiri daha böyük bir dəhşət bürüdü. Ona elə gəldi ki,onların döngələrini tamamilə daraldıblar. Nəfəsi təngiməyə başladı,ürəyi elə döyünürdü ki, elə bil döş qəfəsini yarıb çıxacaqdı.Həmişə döngələri ilə evlərinə doğru yeridikcə divarın dibi uzunu axıb gedən arx suyunu onu müşayiət eliyən ağ rəngli su sonalarına bənzədirdi. İndi isə birdən-birə ona elə gəldi ki, həmin axar su geriyə qanrılıb onu çalmağa hazır olan ağ rəngli qorxunc bir ilandır. Ümumiyyətlə dalanlarında gözünə sataşan ən kiçik böcəklər belə ona nağıllarda oxuduğu gedər-gəlməz yollarda peyda olan əcaib heyvanlar qədər vahiməli və qorxunc görünürdü.
        Qapılarının qabağına çatanda Mahirin titrəməsi bir az da artdı,fikirləşdi ki,anası onun bu halını görüb özünü necə aparacaq.Birdən ondan nə baş verdiyini soruşsa nə cür izahat verəcək. Bəlkə də bütün baş verənlər kimlər üçünsə çox adi bir hadisədir,Mahir üçünsə heç cürə xilas olması mümkün olmayan dərin bir bataqlıqda boğulmaq qədər faciəli idi.Qonşulardan kiminsə onu bu vəziyyətdə görəcəyindən ehtiyatlanan Mahir tələsik qapilarını açıb həyətə girdi.Bir istədi ki,anasını haraylayıb bütün olanları ona nağıl edib atasına izahat verməsini xahiş etsin,birdən yadına düşdü ki,axı üzündə atasının silləsi böyüklüyündə iyrənc bir yara var. Anası bu yaranı görməsin deyə tələsik öz otağına girdi.Mahirin qəfildən baş verən hönkürtü ilə ağlaması ,sanki,bütün divarları yırğaladı.Bu məqamda əgər hönkürtünün şiddətini ölçən bir cihaz mövcud olsaydı yəqin ki, göstərici ən son nöqtədə dayanardı.Onda görünərdi ki,insan üçün öz doğmalarının zərbəsini dadmaqdan dəhşətli heç nə ola bilməz.Hətta isti göz yaşları da bayaqdan atasının silləsindən sonra hissiyyatını itirmiş,keyləşmiş sifətini isidə bilmirdi..Bayaqdan gərginlikdən,həyəcandan boğulub,göyərmiş sifəti daha da tanınmaz olmuşdu. Öz otağını, detektiv əsərlərdən oxuduğu ən ciddi cəzaya müsəlləh olan məhbusların saxlanma kameraları kimi hiss etdi,elə bil otağa zülmət çökmüşdü.Ğöz yaşları içində boğula-boğula çətinliklə qarşısında hiss etdiyi atasına müracətlə:
        - Ata,sən məni niyə vurdun? Axı mənim günahım nə idi? Onsuz da həmişə sənin böyüklüyün, əzəmətin qarşısında dillənmək mənim üçün çətinlik törədib, çünki mən səni dünyanın ən güclü insanı bilmişəm. Heç olmasa azacıq da olsa öz fikrimi çatdırmaq üçün mənə şans verəydin.Ey daima bizə arxa,dayaq olan böyüklük rəmzi olan atalar,heç olmasa övladlarınızı yol verdiyi ilk xətaya görə bağışlamağı bacarın.Atanın qəzəbinə düçar olmaq,onun nifrətini qazanmaq övlad üçün ən dəhşətli cəhənnəm əzabından da betərdi.
        Mahir danışa-danışa otağın aşağı küncünə yuvarlaqlanaraq yığılıb söykədilmiş xalçanın arxasından nəyi isə götürdü,sonra mebelin aşağı gözünü açıb ordan götürdüyünü əlindəkinin içərisinə yerləşdirdi. Elə bu vaxt küçə qapısı açıldı,Mahir hiss elədi ki,gələn anasıdır.Ona görə də tələsik halda yalnız bu sözləri deyə bildi:
        - Bağışla,ata, vicdansız oğullar böyüdən ataların valideynliklə öyünməyə haqqı olmadığı kimi atasının etibarını,məhəbbətini qazana bilməyən oğulların da yaşamağa haqqı yoxdu.
        Mahirin qarın nahiyyəsinə tuşladığı ov tüfənginin tətiyinə pərçimlənmiş barmağının kəskin hərəkəti ilə dəhşətli bir partlayış evin bütün divarlarını titrətdi.Bir anlığa çaş-baş qalıb heç nə anlamayan Sənəm xala bir göz qırpımında sıçrayaraq evə doğru qaçdı.Qapını açıb qan içində boğulan Mahiri gördükdə bir anlığa çaşdı,heykəl kimi dayanıb nə edəcəyini bilmədi,olanları dərk etdikdə isə ah-nalə çəkdi,saçlarını yolub,üzünü cırmağa başladı:
        - Sən neylədin,ay oğul?Niyə evimizi qaraltdın? Səni hansı şeytan yoldan çıxartdı?
        Anası Mahirin başını qucağına alaraq sığallaya-sığallaya sanki ona həyat verməyə çalışırdı.Yanaqlarından bulaq kimi süzülən göz yaşları Mahirin də üzünü xeyli islatmışdı.Anası ağılar deyib ağladıqca Mahirə elə gəlirdi ki, uşaq vaxtı eşitdiyi laylalardı. Bu avaz həmişə olduğu kimi indi də onun ağrilarını söndürürdü.Mahir çətinliklə ğözünü açaraq anasının üzünə baxdı:
        - Bağışla ana, mən hər gün atamın nifrətli baxışları altında əriyib məhv olmaqdansa bu yolu üstün tutdum,bağışlayın ki, sizə oğulluq eləyə bilmədim. Son nəfəsimdə səndən xahişim odur ki,atamı dərd çəkməyə qoymayasan.Bizim də taleyimiz belə gətirdi....
        Sənəm xala diqqətlə oğluna qulaq asır,elə bil ki,oğlunun ona xoş bir xəbər verəcəyini gözləyirdi.İndi bu evdə ən dərin bir sükut,ən dəhşətli bir faciə yaşanırdı.Bu sükut övladının təmizlik və haqq üçün ərsəyə çatdırılmasından ötrü hər şeydən nəfsini saxlayan və əvəzində bu cür mükafatlandırılan bir ananın sükutu idi.Bu sükut övladına həqiqəti müdafiə edib ,qorumağı və yalnız bu cür həyatın insani yaşayış olduğunu aşılayan bir ananın acı təəssüfləri idi.Bu sükut özünü yaşadığı həyata görə borclu saydığı insanların yalnız xoş münasibətlərinə qayğı və nəvazişinə kökləyən məsum bir oğulun sükutu idi.Bu sükut təəssüf doğursa da daha çox heyvanat aləminə uyğunluğu olan təbii seçmə və cəngəlliklər qanunu ilə yaşamağı bacarmayan bir oğulun əbədilik sükutu idi.Yaşanan faciə isə mayası halallıqdan, insani hisslərdən qaynaqlanan, qarşılaşdıqları eybəcərliklərdən qurtarmaq üçün heç bir manevr etməyə hazır olmayan bir ailənin bədbəxt taleyi idi.Bu müdhiş sükutu daha çox laylaları xatırladan,əslində isə ana bətninin dərinliklərindən gələn göynərtinin sədalarını əks etdirən bir bayatı pozdu:

        Dərd-qəmlə dolan balam
        Tək-tənha qalan balam
        Daim haqqa tapındın
        Bilmədin yalan balam.

        Saralıb,solan balam
        Taqətsiz qalan balam
        Qanının bahasına
        Bəraət alan balam.


* * *

        Mahirin dəfninin artıq səkkizinci günü idi. Keçən hər gün Şirəli dayı üçün daha da cansıxıcı,darıxdırıcı olurdu. Bu günü səbirsizliklə gözləyirdi ki,yas mərasiminə gələnləri yola verib arxayınlıqla oğlunun məzarını ziyarət eləsin.O bu ziyarəti öz oğlu ilə canlı ünsiyyət qədər dəyərləndirirdi.Əzizlərini vaxtsız itirən bütün valideynlər kimi Şirəli kişi də artıq Mahiri qəlbində gəzdirir,heç olmasa bircə dəfə də olsa onu sinəsinə basaraq möhkəm-möhkəm qucaqlamaq fikrini özündən uzaqlaşdıra bilmirdi.
        Səhər yuxudan durub əl üzünü yuyanda qəribə hisslər keçirdi. Ona elə gəldi ki,tamamilə yalqızdır və yaxın günlərdə yəqin ki,onu da ölüm gözləyir. Havanın isti keçməsinə baxmayaraq Şirəli kişi yumaq kimi büzüşmüşdü,canına üşütmə gəlirdi.Bu sıxıntıdan qurtarmaq,evdən tezliklə qaçmaq istəyirdi. Elə məhz bu fikirlərin təsiri altında evdən necə çıxdığını,Mahirin məzarının önündə necə dayandığını heç hiss eləmədi də. Səhər çağı olduğuna görə qəbristanlıqda heç kim yox idi,arabir qalxan küləkləri nəzərə almasaq demək olar ki,sakitlik idi. Şirəli kişi birdən coşaraq yas günlərində kişi qüruruna sığışdırmadığı,ətrafdakılara aciz görkəmində görünmək istəmədiyi üçün özünü güclə saxladığı hönkürtü ilə ağlamağa başladı. O ağladıqca elə hiss eləyirdi ki,daxilində yığılıb qalmış kədər,qəm,qüssə,sıxıntılar sürətlə xaricə axır,yüngülləşirdi.Hər dəfə hönkürdükcə arxasınca daha güclü axın başlayırdı.Şirəli kişi yaşlı dövründə ilk dəfə idi ki,bu cür uzun-uzadı və ürəkdən ağlayıb qismən rahatlanırdı.Oğlunun qəbrinin aşağı hissəsində dayanan Şirəli kişi cib dəsmalı ilə üz-gözünü sildikdən sonra bir müddət daş heykəl kimi lal-dinməz dayanaraq gözünü qəbirdən ayırmadı.Elə bil qorxurdu ki,hər hansı bir hərəkəti ilə oğlunu yuxudan ayılda bilər.Bu sakitlikdə xəyal onu uzaqlara, oğul atası olduğu üçün fərəh hissi keçirdiyi, həvəslə ömrünün ən şirin barı hesab elədiyi yeganə oğlunun saçlarını sığallayaraq oxşadığı anlara apardı.Fikirləşdi ki,doğrudan da insanın həyatında necə də sevincli xoşbəxt məqamlar var imiş,hansı ki,kiçicik bir uğursuz cəhddən şirin xatirəyə çevrilir.Sən demə dəhşətli bir faciəni törətmək bir anlıq xoşbəxtlik bəxş etməkdən qat-qat asan imiş.Axı insan ömrü nə qədər uzun olmalıdı ki,hər addımda öz həyatının xoşbəxt sonluqla qurtarmasına mane olmağa hazır olasan.
        Bir müddət beləcə xəyallar aləminə yuvarlanan Şirəli kişi birdən sanki,yuxudan ayıldı.Yenidən qəhər onu boğdu,böyük bir cinayət eləmiş insan kimi məlun-məlun dayandı.Qəbrə doğru əyildi, əlləri ilə torpağı sığallayaraq yalvarış tonu ilə danışmağa başladı:
        - Bağışla,oğul, indi mən sənin önündə oğul qatili, öz həyatını zəhərə döndərən bədbəxt bir ata kimi dayanmışam.Əgər sənin məni bağışlamaq iqtidarında olan bircə hüceyrən də olsa yaşayırsa qoy sənin acı talehli atanın səsini eşitsin. Sən rahatlığa,əbədiyyətə, sonsuzluğa qovuşdun. Bəs atana nə qoyub getdin oğul? O gün sənə qalxan əlim nə ola göydəcə quruyub heykəlləşəydi.O qurumuş əl həm məni oğulsuz qoymaz,həm də hər xırda şeydən otrü oz doğmalarına gücünü göstərmək istəyən atalara ciddi siqnal olardı.Sənə qalxan əlimlə aramızda nə qədər dərin keçilməz bir uçurum yaratdım, oğul,məni bağışla,bağışla məni...
        Yazıq görkəmi almış Şirəli kişi axırıncı sözlərini bir neçə dəfə təkrar eylədi.Aramsız axan göz yaşları keyimiş sifətini tamamilə islatmışdı.Elə bil ki, oğluna daha da yaxın olmaq üçün dizləri üstə çöküb başını aşağı salmışdı.Yaranmış sükutu əsməyə başlayan küləyin təsirindən hərəkətə gələn yarpaqların səsi pozurdu.Əsən yarpaqlar sanki pıçıldaşırdılar,külək sürətlənəndə isə budaqların şaqqıltısı da qarışaraq yüngül də olsa vahimə yaradırdı.Bu məqamda Şirəli kişinin ürəyindən keçdi ki, məzara girib oğlunu sinəsinə basaraq “ qeyrətli oğlum”deyə bağırsın.
        Həmin anda qəbirlərin arası ilə asta-asta yeriyən Şirəli kişi həyatda tam müflisləşmiş,bütün ümidlərini torpağa əmanət qoyub, hiss və duyğulardan məhrum olan robotu xatırladırdı Şirəli kişi xarici aləmdən o qədər təcrid olunmuşdu ki,onu tək qoymaq istəməyərək xəlvətcə gəlib arxasında dayanan, bu gün səhər yanacaq məntəqəsini yığışdırarkən xadimə Ceyran xalanın özü hər daim ehtiyac içində yaşasa belə cihazların arxasından tapıb verdiyi 1 manatı cibində hirslə əzişdirərək acı göz yaşlarına qərq olan Əhməd kişinin dediyi bu sözləri də eşitmədi:
        - Yox,oğul,atan sənin qarşında çoxlarının fikirləşdiyi kimi yox,ona görə günahkardır ki,sənə başqasına nahaqdan sillə vurmağı öyrətməyib.Sən əgər başqasına nahaqdan sillə vursaydın sənə nahaqdan vurulan silləni də bu cürə faciəyə çevirməzdin. Sənin həyatın böyük yaradanın və valideynlərinin sənə bəxş etdiyi dəyərli bir əmanət idi,Özün hələ heç nə qazanmadığın halda nə haqla ona xitam verib əmanətə xəyanət elədin.Ey əsən küləklər, elə sürətlə əsin ki,bir səhvinə görə doğma övladı tərəfindən çox ağır cəzalandırılıb oğulsuz qoyulan atanın faciəsini bütün yer üzünə çatdıra biləsiniz.Qoy bütün oğullar bilsinlər ki, ataların da səhv etmək hüququ var.Ey qüdrətli günəş,elə parla ki,doğma övladı tərəfindən insafsızcasına cəzalandırılan atanın çöhrəsindəki cizgiləri bütün dünyaya göstərə biləsən. Qoy hər qüsura görə övladlarına güc göstərən atalar bu faciəmi unutmasınlar. Xırda bir xətaya görə valideynlərini bu cürə ağır cəzalandıran oğullara bəraət yoxdu.Oğul, Mahir, sən öz qanın bahasına bəraət aldın,bəs mən neyləyim?Bir ehtiyatsız sözlə öz doğmasının həyatına son qoyan,qardaşdan artıq sevdiyi dostunu oğulsuz qoyan adama nə bəraət qazandıra bilər?İndi mənim özümü təmizə çıxarmaq üçün etiraf etməyə də hüququm yoxdur. Axı kim zəmanət verə bilər ki,bu addım yeni bir faciənin başlanğıcı olmayacaq. Deməli mən hər gün dəfələrlə ölmək kimi şərəfsiz bir ömür yaşamağa məcburam. Ən dəhşətli ömür odur ki, bəraət almaq üçün ölməyə də haqqın olmaya.