Məqalələr‎ > ‎

ABŞ-İran böhranında Azərbaycan: Yaxın “qonşu” yoxsa, uzaq “dost”?

21 Şub 2014 05:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Şub 2014 05:06 güncellendi ]
        ABŞ tək qütblü dünyada hegemoniyasını qorumaq və davam etdirmək üçün iqtisadi, siyasi, hərbi gücü və beynəlxalq terrorizm təhlükəsindən istifadə edərək, enerji resurslarına malik olan Yaxın Şərqdə möhkəmlənmək məqsədilə İraqı işğal etmişdir. ABŞ, eyni zamanda digər region ölkələrini “şər yuvası” adlandıraraq təhdid edir. Bəzi mənbələr İraqın işğal edilməsini “Böyük Yaxın Şərq” planının ilk mərhələsi kimi dəyərləndirir. Bəzi tədqiqatçılar isə bu planın əsas məqsədinin regionda İsrailin təhlükəsizliyini qorumaq olduğunu bildirsələr də, ABŞ-ın təhlükəsiz enerji axımına sahib olmaq tələbi bu planın məğzini təşkil edən əsas məsələlərdən biridir.
        ABŞ, İraq problemini tamamən həll etmədən İranı atom silahı əldə etmək istəməklə günahlandıraraq, bu ölkəni “Böyük Yaxın Şərq” planında yeni hədəf olaraq seçmişdir. İran Prezidenti Əhmədinejat da, Don Kixotun yel dəyirmanını qılıncladığı kimi, dövlət adamına yaraşmayan məsuliyyətsiz şəkildə ABŞ-ın işğal həvəsini daha da artıracaq bəyanatlar verməkdə davam edir. Bu eynilə Səddam Hüseynin işğaldan əvvəl verdiyi bəyanatlara bənzəyir. İran dəniz qüvvələrinin İngiltərə hərbiçilərini mübahisəli zonada həbs etməsi və televiziya kanallarında “etiraflarını” dünya ictimaiyyətinə göstərməsi İrana heç bir divident gətirmir. Bunu İran da bilir, ancaq bundan daxili ictimai-siyasi rəyi formalaşdırmaq üçün istifadə edir.
        Dünya və region mətbuatında ABŞ-ın İrana nə vaxt hücum edəcəyi haqqında müxtəlif fikirlər dərc edilir. ABŞ-ın İraq problemini həll etmədən İrana hücüm etməsi və nöqtə vuruşu qabiliyyətinə sahib raketlərlə hərbi, sənaye və strateji obyektləri vurması istisna edilmir. ABŞ İran xalqının ictimai-siyasi və psixoloji əhvalını öyrənmək üçün bir neçə raketi də “səhvən” sivil hədəflərə yönləndirə bilər.
        Tək qütüblü dünyada hegemon dövlət olan ABŞ-ın xarici siyasətindəki hər hansı bir ciddi dəyişiklik təbii ki, beynəlxalq təhlükəsizlik sistemində də hiss ediləcəkdir. Azərbaycan üçün əhəmiyyətli olan bu dəyişikliklərdən milli mənafelərin qorunması baxımından maksimum şəkildə istifadə etməkdir. Bu baxımdan ABŞ-İran böhranı birbaşa Azərbaycanı da maraqlandırır. Çünkü, ABŞ Azərbaycanın geosiyasi vəziyyətini nəzərə alaraq Azərbaycanı da bu problemə tərəf etmək istəyir. 1990-cı illərin sonlarından etibarən ABŞ Azərbaycanda hərbi baza (səyyar hərbi baza) yerləşdirmək istədiyini bildirmişdir. Mərhum Prezident Heydər Əliyev bu mövzuda tədbirli hərəkət etmiş, regional tarazlıq sistemini dəyişdirmək imkan və mexanizmlərə sahib olan dövlətləri (Rusiya, İran) diqqətə almış və bu tələb barədə qəti fikir ifadə etməmişdir.
        Son zamanlarda ABŞ-ın Cənubi Qafqaz ölkələrinin birinə havadan müdafiə sistemini yerləşdirmək istəməsi Rusiya və İranı qıcıqlandırmışdır. ABŞ bu planı barədə konkret ölkə adı çəkməyərək, Azərbaycan və Gürcüstanı çətin vəziyyətdə qoymuşdur. ABŞ-ı regionda “böyük qardaş” olaraq görən Gürcüstabn belə bu məsələyə münasibət bildirməkdə tələsməmişdir. Azərbaycan daha sanballı və təmkinli davransa da, Ermənistan və Rusiya mətbuatında bu ölkəni hədəf göstərən qərəzli yazılar dərc edilmişdir. Bu Azərbaycana qarşı aparılan psixolojik mqharibənin bir parçasıdır və son zamanlarda bəzi problemlərin yaşandığı Azərbayucan-İran münasibətlərində payız havasını xatırladır. Bu şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev siyasətinə davam etməyə çalışır. Amma bu gün beynəlxalq sistem ciddi şəkildə dəyişir və ABŞ-İran böhranı zamanı (bu böhran daha da dərinləşərsə) ABŞ, dünya dövlətlərinin bu məsələdə 11 Sentyabr terror aktından sonra olduğu kimi dövlətləri ya yanlarında yada qarşılarında görəcəkləri haqqında bəyanat verə bilər. Bu cür bəyanatların verilməsi isə xüsusilə İranla qonşu olan dövlətlər üçün böyük əhəmiyyət kəsb etməkdə, fürsət və təhdidləri də bərabərində gətirməkdədir. Təbii ki, bu zaman Azərbaycan da çətin vəziyyətdə qala bilər. ABŞ-ın İrana hücum etməsi bu günkü tarixi-siyasi şəraitdə Azərbaycan starteji maraqlarına xidmət etmir. Bölgədə hər hansı bir silahlı əməliyyatın keçirilməsi Azərbaycanın iqtisadi və siyasi inkişafı qarçısında ciddi maneədir. Belə bir vəziyyətdə ABŞ-ın Azərbaycanın hava məkanını və ərazisini İrana qarşı hərbi əməliyyatlarda istifadə etmək istəyi isə ən son arzu olunan məsələdir.
        Hər şeydən əvvəl İraq problemini həll etmədən Amerikanın qısa və orta müddətdə İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı zəifdir. Bir ehtimala görə Amerika İranın strateji obyektlərini bombalaya və uranın zənginləşdirildiyi ehtimal edilən labaratoriyalara lokal dağıdıcılıq gücünə sahib atom bombası ata bilər, ancaq geniş bir əməliyyat təşkil etməsi perspektivli deyil. Azərbaycan bu məqamı da diqqətə almalı, bəzi məsələlərdə Amerika ilə eyni görüşləri paylaşdığını bildirməli ama heç bir hüquqi öhdəlik qəbul etməməlidir. Azərbaycan “səbr et və izlə” siyasətini həyata keçirməyə çalışmalı, hadisələrin hansı məcrada inkişaf etməsinə diqqət etməlidir.
        Əgər ABŞ, İrana hər hansı bir şəkildə sanksiya tətbiq etməyə və yaxud hərbi əməliyyatlara başlamağa qəti qərar veribsə/verəcəksə, Azərbaycan maksimum bir şəkildə ehtiyatlı davranaraq bu koalisiyada yer alma ehtimalını dəyərləndirməlidir.
        Əgər regionda tarazlıq dəyişəcəksə, yeni tarazlıq sisteminin qurulması mexanizmində Azərbaycan da yer almalıdır. Hadisələrdən kənarda qalaraq deyil hadisələrin içində olaraq müdaxilə etmək mümkündür. Təbii ki, Azərbaycanın bu tarazlıq mexanizmin əsas hissəsi ola bilməsi üçün siyasi və hərbi imkanları məhduddur. Ancaq bütün məhdudiyyətlərə baxmayaraq milli mənafelərini maksimum şəkildə qorumağa çalışmalıdır.
        Cənubi Azərbaycanın müstəqillik və yaxud muxtariyyat əldə etməsi üçün bütün imkanlar və mexanizmalar istifadə edilməlidir. İndiki mərhələdə şimal və cənubun birləşdirilməsi məsələsindən bəhs edilməməli, ancaq bunun orta və uzun müddətdə həyata keçirilməsi üçün lazım olan hər şey edilməlidir.
        Azərbaycanda ABŞ-ın hərbi baza yerləşdirilməsinə prinsip olaraq icazə verilə bilər. Ancaq bu hərbi bazanın İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsinə razılıq verilməməlidir. Bunu təminat altına almaq üçün ABŞ hərbi bazasının yerləşdirilməsi haqqında Azərbaycan və ABŞ arasında imzalanacaq müqavilənin bir maddəsində “Azərbaycanda yerləşən ABŞ hərbi bazasının başqa bir dövlətə qarşı hərbi əməliyyatlarda birbaşa və yaxud dolayısıyla iştirak etməsi mümkün deyildir” fikri xüsusilə vurğulanmalıdır. Bu zaman İran və Rusiyanın da təzyiqləri azala bilər. Bir başqa ifadə ilə ABŞ ordusunun Azərbaycan torpaqlarını istifadə edərək İrana hücum etməsinə icazə verilməməlidir. Bunun nəticələri Azərbaycan üçün çox ciddi ola bilər. (Amma verilməsi ehtimalı da qəti şəkildə rədd edilməməlidir). Azərbaycanın bu haqda ABŞ-ı inandırması üçün ciddi səbəbləri vardır. Hər şeydən əvvəl İran Azərbaycanın qonşusudur və bundan sonra da hər hansı bir şəkildə qonşusu olacaqdır.
        İranda 30 milyondan çox Azərbaycanlı yaşayır və ABŞ hərbi əməliyyatlarda başarılı ola bilməsə Fars rejimi onlar üçün ciddi bir təhlükədir.
        Əfqanıstan və İraqda ABŞ hərbi gücü vardır və hərbi əməliyyatların bu coğrafiyadan başlanması sadəcə Azərbaycanın deyil, Cənubi Qafqazın təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
        Bakı-Tiflis-Ceyhan neft kəməri ciddi təhlükə ilə qarşılaşar. Regionda enerji qaynaqlarına və neft boru kəmərlərinə qarşı İran və Ermənistan tərəfindən dəstəklənən terror aktları təşkil edilə bilər.
        Bütün bunlara baxmayaraq ABŞ Azərbaycanda hərbi baza yerləşdirmək istədiyini, İranın atom silahı əldə etmək cəhdinin qarşısının alınması üçün bu ölkəyə qarşı tətbiq edəcəyi ehtimal olunan iqtisadi, siyasi və hərbi sanksiyalarda Azərbaycanın iştirakını istərsə Azərbaycan tərəfi buna qarşılıq:
        · ABŞ-ın Azərbaycanın torpaq bütünlüyünü tanıdığını bildirməsinə baxmayaraq, Qarabağa müstəqil bir qurum olaraq göstərdiyi iqtisadi və maliyyə yardımlarını dayandırmasını və yaxud bu yardımın paylaşdırılması üçün Azərbaycana verilməsini,
        · Qarabağın ABŞ-dakı nümayəndəliyinin bağlanılmasını,
        · müstəqilliyini yeni qazanmış dövlətlərə yardım edilməsi üçün qəbul edilən Azadlığın dəstəklənməsi aktında (Freedom Support Act) Azərbaycana yardım edilməsini qadağan edən 907-ci düzəlişin tamamilə ləğv edilməsini,
        · milenyum proqramı çərşivəsində 2006-cı ildə Ermənistana göstərilən yardımın Azərbaycana da şamil edilməsini və yaxud Ermənistana verilən bu yardımın azaldılmasını/dayandırılmasını,
        · Ermənistanın Rusiya ilə hərbi ittifaqını (Ermənistanın Rusyanın arxa bağçası olduğunu) diqqətə alaraq Ermənistana edilən hərbi yardımların azaldılmasını,
        · Azərbaycan, işğal edilən torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlara başladığı təqdirdə bu ölkədəki erməni diasporasının Senat və Nümayəndələr Palatasında Azərbaycana qarşı qanunlar qəbul edilməsinə əngəl olmağı,
        · ABŞ-ın Azərbaycana siyasi, iqtisadi və hərbi sanksiya tətbiq etməyəcəyini qaranti altına almağı (yazılı mətn-müqavilə kimi),
        · hərbi əməliyyatlar başladığı təqdirdə Rusiyanın Azərbaycana göstərməsi ehtimal olunan təzyiqlərin azaldılması üçün köməklik göstərməyi,
        · Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının maddi, texniki və canlı qüvvəsinin Ermənistan tərəfindən istifadə edilməsinə və yaxud Ermənistana əlavə silah və sursat göndərilməsinə əngəl olmağı,
        · Avropa Birliyinin Azərbaycana edə biləcəyi təzyiq və sanksiyaların qarşısını almağı və yaxud yüngülləşdirməyi,
        · hərbi əməliyyatlar davam edərkən Azərbaycanın iqtisadi ve maliyyə problemləri ilə qarşılaşdığı təqdirdə uzun müddətliə az faizlə və yaxud faizsiz kredit verməyi,
        · Ermənistana işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün təzyiq göstərərməyi, Azərbaycan hərbi əməliyyatlara başladığı zaman bu ölkəyə ABŞ-ın Ermənistana etdiyi iqtisadi və maliyyə köməyini dayandırmasını,
        · Amerikanın İrana yönəlik hərbi əməliyyatlar nəticəsində Azərbaycanın qarşılaştığı maddi zərərlərin (qaçqın kütləsinin ortaya çıxması v.s.) qarşılanmasını,
        · ABŞ-dan, İranda Azərbaycanlıların yaşadıqları ərazilərin havadan və ağır silahlarla bombalanmamasına təminat verməsini,
        · İran rejimi dəyişdiyi təqdirdə Azərbaycanlıların self determination (xalqların öz müqəddaratını təyin etməsi) haqqından istifadə etmələrinə imkan verməsini, tələb etməlidir.

        Bütün bu müddəalar Azərbaycan dövlətinin gələcəyini dəyişdirə biləcək mahiyyət daşımaqdadır. Başarılı və çox şaxəli bir dövlət siyasət planı təşkil edildiyi təqdirdə, Azərbaycan maksimum bir şəkildə milli manafelərini qoruya bilər. Bunun üçün beynəlxalq sistemin dinamizmləri ciddi bir şəkildə dəyərləndirilməli, regional təhlükəsizliyi təhdid edə biləcək problemlər öyrənilməli, iqtisadi, siyasi və hərbi nöqteyi-nəzərdən ssenarilər hazırlanmalıdır.

Mənbə: "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti