Məqalələr‎ > ‎

RƏFİBƏYLİLƏR nəslinin layiqli davamçısı - AKİF BƏŞİR OĞLU RƏFİYEV

25 Şub 2016 03:31 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2016 03:33 güncellendi ]










İlham AABBASOV, 
Ədliyyə Akademiyasının baş müəllimi- 
hüquq üzrə fəlsəfə doktoru 
baş ədliyyə müşaviri 
prokurorluğun fəxri işçisi

        Atalar gözəl deyib: «Ot köküüstə bitər». Rəfibəylilər nəsli Gəncə şəhərində tanınmış şəxslər yetişdirib. Vaxtilə həmin nəslin nümayəndəsi Xudadət bəy Ələkbər oğlu Rəfibəyli, ixtisasca həkim olmasına baxmayaraq, Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edilmişdir. Həmçinin, X.Ə.Rəfibəyli 17 iyun 1918-ci ildə Gəncə şəhərində Səhiyyə və sosial təminat Naziri kimi yüksək vəzifədə-Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının üzvü olmuşdur. 

        Bu nəslin davamçılarından biri də Rəfiyev Akif Bəşir oğludur. O, 23 mart 1936-cı ildə Gəncə şəhərində anadan olmuş, 1960-cı ildə ADU-nun (indiki BDU-nun - İ.A.) hüquq fakültəsin bitirmişdir. A.B.Rəfiyev 1961-ci ilin noyabr ayına kimi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-krimnalist işləmişdir.
        A.B.Rəfiyev 1961-ci ildə Azərbaycan Respublikası Prokurorluq orqanlarına işə qəbul edilərək, Şamxor (indiki Şəmkir-İ.A.) rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, 1964-cü ildə o, keçmiş Azərbaycan SSR Prokurorluğunun məhkəmələrdə cinayət işlərinə baxılması üzrə nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilərək, 1966-cı ilə qədər həmin vəzifədə işləmişdir. Onun yüksək nəzəri biliyi və peşə hazırlığı nəzərə alınaraq, 1966-cı ildə İsmayıllı rayon prokuroru vəzifəsinə təyin olunaraq, 1970-ci ilə qədər həmin vəzifədə işləmişdir. A.B.Rəfiyev 1970-1976-cı illərdə Mingəçevir şəhər, 1976-1979-cu illərdə Zaqatala rayon, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru vəzifələrində işləmişdir. O, 1981-ci ilin sonunda keçmiş Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı və keçmiş SSRİ Daxili İşlər Nazirinin əmrinə əsasən köçürmə qaydasında Daxili İşlər orqanlarına xidmətə qəbul olunmuş və Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəisi, həmçinin, Nazirliyin Kollegiya üzvü təyin edilmiş, 1989-cu ildən, eyni zamanda, Daxili İşlər Nazirliyinin müavini vəzifəsində çalışmışdır.
        A.B.Rəfiyev 1989-cu ildə, məlum qondarma Dağlıq Qarabağ hadisələri başladığı müddətdə respublikada, xüsusilə Dağlıq Qarabağda cinayətkarlığa qarşı mübarizədə, eləcə də sabitliyin təmin olunmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar hüquqşünası fəxri adına layiq görülmüşdür. Ümumiyyətlə, o, həmin vəzifələrdə işləyərkən məlum qondarma Dağlıq Qarabağ hadisələri ilə bağlı respublikanın ən qaynar nöqtələrinə ezamiyyətə getməkdən çəkinməmiş, keçmiş Dağlıq Qarabğın rayonlarında, Qubadlı,Zəngilan və Ermənistanla sərhəddə olan digər rayonlarında ezamiyyətlərdə olmuş və ekstermal şəraitdə xidməti vəzifəsini nümunəvi yerinə yetirmişdir.
        1973-cü ilin axırları olardı. Bakıdan respublika Prokurorunun kadr işləri üzrə müavini mərhum İmran Rəsulbəyov mənə zəng etdi və mənim Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsinə dəyişilməyimə razı olub-olmamağımı soruşdu. Dedim ki, bir halda ki, siz məsləhət bilirsiniz, razıyam, belə də oldu. Mən 1974-cü ilin yanvar ayında Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsinə təyin olundum.
        Mingəçevir şəhər prokuroru Akif Rəfiyev də çox savadlı, səriştəli, böyük təşkilatçılıq qabiliyyətiinə malik bir prokurorluq işçisi idi. O, tabeçiliyində olan işçilərə xüsusi qayğı ilə yanaşırdı. O heç vaxt daxili telefonla zəng edib işçisini yanına çağırmazdı. Lazım olanda zəng edib soruşardı ki, nə işlə məşğulsan? Əgər şahid və ya digər şəxsi dindirirdimsə, deyərdi ki, işini qurtar, yanıma gəl. O bilirdi ki, dindirmə prosesini yarımçıq qoymaq olmaz. Belə ki, müstəntiq şahid və digər proses iştirakçıları ilə psixoloji kontakt yaradırsa,dindirməni davam etdirmək lazımdır. Təcrübə göstərirdi ki, şahidlə psixoloji kontakt yaradıb, iş üzrə etirafedici ifadə almaq məqamında bu işi yarımçıq qoyub, prokurorun yanına gedib-gələrkən, şahid prokurorluğun dəhlizində gözləyərkən bəzən yaxın adamları vəziyyəti öyrənir və ona psixoloji təsir göstərir. Müstəntiq qayıdıb onu dindirərkən, o artıq ifadəsini dəyişir.
        Şəhər prokuroru Akif müəllim bu məsələlər müstəntiqin səlahiyyətinə və vəzifəsinə aid olmasa da, çalışırdı ki, mən prokurorluq fəaliyyətinin bu sahəsinin də incəliklərini öyrənəm.
        Təsadüfü deyildir ki, ilk dəfə respublika prokurorluğu tərəfindən fərəhləndirmə qaydasında yazılı qol saatı ilə təltif edilməyim də, bilavasitə, şəhər prokuroru Akif müəllimin təşəbbüsü ilə olmuşdur.
        Akif müəllim bütün əməliyyat müşavirələrinin protokollarını yazmağı mənə həvalə edir, yazdığım protokolları diqqətlə oxuyur və müvafiq düzəlişlər edirdi. Mən Akif müəllimin bu qayğısının bəhrəsini müstəqil vəzifədə-rayon prokuroru vəzifəsində işləyərkən hiss etdim.
        Yuxarıda qeyd etdim ki, Akif müəllim daxili telefonla zəng edib, heç vaxt müstəntiqi xidməti otağına çağırmazdı. Bu dəfə isə belə olmadı. Akif müəllim daxili telefonla zəng edib, məni otağına dəvət etdi. Mən onun otağına daxil olarkən gördüm ki, o, telefonla danışır, danışıqdan belə başa düşdüm ki,o, respublika prokurorluğu ilə danışır. Akif müəllim telefonda dedi:
        - Niyə bacarmır, bacarar, savadlı və səriştəli işçidir.
        Akif müəllim telefonun dəstəyini mənə verib dedi:
        - Respublika Prokurorunun kadr işləri üzrə müavini İmran Rəsulbəyovdur. Danış.
        Mən telefonun dəstəyini götürüb, onunla salamlaşdım.
        İmran müəllim mənə dedi ki, səni müstəqil vəzifəyə-rayon prokuroru vəzifəsinə tövsiyə etmək istəyirik-Puşkin rayon, yaxud Zəngilan prokuroru vəzifəsinə, razısanmı?
        Mən Puşkin rayon prokuroru vəzifəsinə təyin edilməyimə razılıq verdim və bir neçə gün sonra yeni təyinat yerinə getdim. Yalnız mən onda başa düşdüm ki, Akif müəllim nə üçün mənə müstəntiqin xidməti vəzifəsinə dəxli olmayan işlərin-şəhər partiya komitəsinə arayış lahiyyələrini hazırlamağı, idarələrarası əməliyyat müşavirələrinin protokollarını hazırlamağı və s. işləri görməyi tapşırırmış.
        1975-ci ilin oktyabr ayında isə respublika prokurorluq orqanlarının bir qrup əməkdaşı ilə birlikdə bizi müstəqil vəzifəyə - rayon prokuroru vəzifəsinə tövsiyə etdilər. O cümlədən, bu sətrlərin müəllifi Puşkin rayon (indiki Biləsuvar rayonu – İ.A) prokuroru vəzifəsinə təyin edilməmizə namizədliyimiz irəli sürülmüşdü.
        Həmin dövrün qaydasına görə rayon prokuroru vəzifəsinə təyin ediləcək şəxsləri keçmiş Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi şəxsən qəbul edir, qəbuldan sonra namizədlər Mərkəzi Komitənin katibliyində təsdiq edilirdilər. Keçmiş Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi ümumilli lider Heydər Əliyev müstəqil vəzifəyə təyin ediləcək şəxsləri qəbul edirdi. Ümumilli lider Heydər Əliyevin qəbulunda olmaq isə bizim üçün böyük şərf işi idi.
        Beləliklə, şəhər prokuroru Akif Rəfiyevin bilavasitə təşəbbüsü ilə 1975-ci ilin oktyabr ayında Belasuvar rayon prokuroru vəzifəsinə təyin edildim.
        Onu da qeyd edim ki, şəhər prokuroru Akif Rəfiyevdən çox şey öyrənmişəm. Belə ki, o, mənə statistik hesabatların tərtib olunması, şəhər partiya komitəsinə göndərilən arayışların yazılma qaydasını, bir sözlə, prokuror işinin incəliklərini öyrədirdi.
        2001-ci ilin may ayında mən köçürmə qaydasında Ədliyyə Nazirliyinə dəyişilərək, Nazirliyin yanında Hüquq-Tədris Mərkəzinin elmi-tədqiqat sahəsi üzrə direktoru müavini vəzifəsinə işə təyin edildim. Bu dövrdə Akif müəllim artıq Ədliyyə Nazirliyinin müavini idi. Akif müəllim Ədliyyə Nazirinin müavini olduqdan sonra ona III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru - İ.A.) xüsisi rütbə dərəcəsi verilmişdi.
        Ədliyyə Nazirliyinə işə keçdikdən sonra Akif müəllimlə Nazirlikdə görüşür və keçmiş birgə fəaliyyətimizdən söhbət açırdıq.
        Akif müəllim ABŞ, İngiltərə, Fransa, İtaliya, Türkiyə, İran, Çexoslavakiya, Almaniya, Bolqarıstan və daha bir sıra xarici ölkələrdə xidməti ezamiyyədə olmuşdur.
        Ümumiyyətlə, Akif müəllim 42 ildən artıq müddətdə prokurorluq, daxili işlər və ədliyyə orqanlarında səmərəli işləmiş, hüquqi biliklərin izahında fəal iştirak etmişdir. O, hüquqi mövzuda yazılmış 100-dən artıq məqalənin müəllifidir.
        Akif müəllim 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasinda pedoqoji fəaliyyətini davam etdirir, eyni zamanda hazırda Bakı şəhəri Binəqədi rayon Ağsaqqallar Şurasının sədri, Müharibə və Əmək veteranıdır.
        Akif Rəfiyevin 2 övladı, 6 nəvəsi vardır.

        Bu ilin mart ayının 23-də onun 80 yaşı tamam olacaq. Bu əlamətdar yubiley münasibəti ilə Akif müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, Qafqaz uzunömürlülüyü, işlərində daha böyük naliyyətlər, şəxsi həyatında isə xoşbəxtlik arzu edirik. 

* * *
        Şəki Bələdiyyəsinin kollektivi də bu təbrikə qoşulub, bütün Şəkililər adından hörmətli generalı anadan olmasının 80 illik münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, həyatda daim zirvələrdə olmağı arzulayır.

Şəki Bələdiyyəsi,
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi