Məqalələr‎ > ‎

ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (III hissə)

24 Haz 2016 09:02 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 24 Haz 2016 09:03 güncellendi ]








Qalib ƏSƏDƏOV,
həkim-nevropatoloq

        1959-cu il oktyabrın 17-də Nuxa şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi ilin sonuna kimi yeni, sanitariya normalarına cavab verən uşaq xəstəxanasının yaradılması haqda qərar çıxarır. Elə həmin ildə 20 çarpayılıq Onkoliji Dispanser fəaliyəə başlayır. M. Səfərəliyev Onkoliji Dispanserin ilk baş həkimi olur. 1960-cı ildə Nuxa Səhiyyə sistemində 92 nəfər həkim işləyirdi. Nuxa rayonlararası Birləşmiş Xəstəxana artıq 200 çarpayılıq olmaqla burada cərrahiyyə, sümük-vərəm, terapiya, yoluxucu xəstəliklər, mama və ginekologiya şöbələri fəaliyyət göstərirdi. 1961-ci ildə xəstəxanaya görkəmli ftiziatr Ənvər Qaffarov Baş həkim təyin olunur. 1962-ci il dekabrın 27-də 25 çarpayılıq psixonevroloji dispanser yaradılır. Zahid Əfəndiyev psixonevroloji dispanserin ilk baş həkimi olur.
        
1963-cü ildə Birləşmiş Xəstəxananın adı dəyişdirilərək Nuxa şəhər Sanitar xəstəxanası adlanır. Həmin ildə Səhiyyə sistemində struktur dəyişiklikləri baş verir. Nuxa rayon və səhiyyə şöbələri ləğv olunur. Səhiyyə şöbəsi müdirinin bütün səlahiyyətləri xəstəxananın baş həkiminə verilir. Fərrux Həmidzadə sanitar xəstəxananın baş həkimi təyin olunur.
        1964-cü ildə Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitunun Şəkidə XXVI səyyar sessiyası keçirilir. Sessiyanın materialları içərisində sümük-vərəm şöbəsinin müdiri Vladimir İvanoviç Danilovun “fəqərə vərəminin cərrahi müalicəsinə dair” elmi məqaləsi daxil edilir. Bu gözəl sənətkar, zəhmətkeş insan Böyük Vətən müharibəsi illərindən 1968-ci ilə qədər Şəkidə yaşayıb - işləmişdir. Şəkidən köçüb getdikdən sonra Novoçerkask şəhərində 90 yaşında vəfat etmişdir. Danilov, Saratov Universitetinin tibb fakultəsini bitirmiş, gənclik illərində məşhur rus cərrahı Vişnevskinin yanında işləmişdir. Sonra tale onu Qubaya və oradan da Şəkiyə gətirib çıxarmışdır. İnsan bədənində elə bir nahiyyə yox idi ki, onu cərrah bıçağı işləməmiş olsun. Əməliyyatlarının çoxunda onurğa beyninin
keyləşdirilməsi üsulundan istifadə edirdi. O, Şəkidə ilk dəfə anesteziologiya yardımının əsasını qoymuşdur. Bir çox cərrahi əməliyyat üsulları var ki, onu birinci dəfə Azərbaycanda mərhum Danilov başlayıb. Azərbaycanda ilk sümük-vərəm şöbəsini Həmidzadə ilə o təşkil etmişdir. Təkcə onu qeyd etmək lazımdır ki, bu yeni şöbədə 1957-1964-cü illər ərzində 1070 xəstə müalicə edilib. Şöbənin zirzəmidə yerləşməsinə baxmayaraq Şəki cərrahları mürəkkəb cərrahi əməliyyatlar, həttta plastik əməliyyatlarla da məşğul olurdular. Həkimləri Təkmilləşdirmə İnstitunun professoru “Azərbaycan” tibb jurnalının redaktoru Hüseyn Hüseynov Şəkidə səyyar elmi sessiyada olarkən cərrahiyyə, sümük - vərəm şöbələrinin işi ilə tanış olub, xəstələri yoxlayır və Danilova deyir: “Vladimir İvaniviç, mən heç təsəvvür edə bilməzdim ki, Şəkidə belə bir mürəkkəb cərrahi əməliyyatlar edilir. Belə bir şəraitdə əldə etdiyiniz nailiyyətlərə görə sizə Qəhrəman adı verilməlidir.” Mənə elə gəlir ki, dövrünün məlum problemlərini, maddi-texniki bazanın zəif olduğunu bəhanə edərək öz uğursuzluqlarının üstünü ötr-basdır etmək istəyənlər bu gözəl sənətkardan ibrət dərsi almalıdırlar. Həqiqi sənətkar hər bir şəraitdən çıxış yolu tapıb öz qabiliyyətini göstərməlidir.
        1965-ci il yanvarın 13-ü müstəqil sanitar epidemioliji stansiya yaradılır. Nuxa şəhər sanitar xəstəxanasının adı dəyişdirilərək Nuxa şəhər Mərkəzi Xəstəxanası adlandırılır.
        1966-cı ilin may ayında Göz xəstəxanası təşkil edilir. İsmayıl Qaffarov xəstəxananın ilk baş həkimi olur.
        1976-cı ildə müstəqil Əsəb xəstəlikləri şöbəsi təşkil edilir. Cəvahir Abbasova həmin şöbənin ilk müdiri olur.
        
1967-ci ildə Mərkəzi Xəstəxana yeni binaya köçür. Yeri gəlmişkən indiyə kimi fəaliyyət göstərən bu xəstəxananın yeri haqqında İcraiyyə komitəsində qızğın müzakirələr gedir. Belə ki, əksəriyyət həmin xəstəxananın şəhərin kənarında olmasına və əhalınln gediş gəlişi üçün çətinlik yaradacağına görə etoiraz edirdilər. Həmin vaxt indiki Dram Teatrinin ərazisində şəhər bitirdi və orda avtovokzal yerləşirdi. Qərara gəlirlər ki, yeni bir avtobus marşrutu açsınlar və bu problem həll olunsun. Hal hazırda həmin ərazi şəhərin mərkəzi hesab edilir.
        1968-ci ilin noyabrında xəstəxanaya Məmməd Hacıyevin adı verilir. Elə həmin il xəstəxananın adı dəyişdirilərək Mərkəzi rayon Xəstəxanası adlandırılır. 1968-ci il dekabrın 14-də təsərrüfat hesablı diş müalicə və protez ambulatoriyası ləğv olunaraq yerində stomotoloji poliklinika yaradılır. Zahid Gülüzadə poliklinikanın ilk baş həkimi olur. Gülüzadə o vaxt şəhərin müxtəlif yerlərində məskunlaşan stomotoloqları bir yerə cəmləməyə nail olur.
        1970-ci illər Şəki Səhiyyəsi üçün xüsusilə əlamətdar olur. Sözsüz ki, o vaxtlar respublikanın rəhbəri Heydər Əliyev cənablarının Azərbaycan Səhiyyəsinə xüsusi diqqəti və qayğısı, həmin səhiyyənin tərkib hissəsi olan Şəki Səhiyyəsində də öz müsbət töhvələrini verirdi. Təkcə 1974-cü ildə Nevropatoloqların Ümumittifat Konfransı, Onkoloqların Plenumu, Akuşer - Ginekoloqların qurultayı, terapevt və kardioloqların elmi konfransı, epidemioloqların seminarı və onlarla bu cür elmi yığıncaqlar keçirilib. Azərbaycanın o zamankı rəhəbərliyi tərəfindən təşkil edilən bu elmi yığıncaqların Səhiyyə kadrlarının hazırlanmasında, onların peşə hazırlığının yüksəldilməsində əvəzsiz rolu olmuşdur. Heydər Əliyevin Azərbaycan rəhbərliyində olduğu dövrdə yeni Səhiyyə ocaqları yaradılırdı.
        
1970-ci il oktyabrın 1-də şəhərimizdə Qanköçürmə stansiyası fəaliyyətə başlayır. Baş həkim vəzifəsinə Əliyev Vaqif təyin olunur.
        1972-ci il dekabrın 16-da Onkoliji dispanser yeni binaya köçməklə bərabər onun çarpayı norması 20-dən 60-a qaldırılır.
        Elə həmin ilin dekabrın 20-də xəstəxanada yeni travmatologiya şöbəsi açılır. Akif Hüseynov ilk şöbə müdiri təyin olunur. Şəkidə travmatoloji xidmətin təşkilində Yaqub İsgəndərovun böyük xidmətləri olub. 1972-ci ilin dekabrında 50 çarpayılıq Endokrinoloji dispanser fəaliyyətə başlayır. Aslan Fərəcov dispanserin ilk baş həkimi olur.
        1973-cü ildə Şəki Mərkəzi Rayon Xəstəxanası artıq 550 çarpayılıq idi. 1974-cü ildə mayın 1-i Şəki Səhiyyəsinə ağır itki üz verir. Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Fərrux Həmidzadə vəfat edir. Canını cavan yaşından müharibədə qoyan, Respublikanın qədim, böyük şəhəri Şəkidə əsgər müalicə ocaqlarını təşkil edən, bir çox orden və medallarla təltif edilən, ehtiyatda olan polkovnik, Respublikanın Əməkdar həkimi Həmidzadənin vaxtsız ölümü arzusunda olduğu bir çox işləri yarımçıq qoydu. Arzusu idi ki, şəkidə tibb şəhərciyi təşkil etsin, elmi-tədqiqat vərəm və travmatologiya-ortopediya institutlarının filialını açsın. Respublikada yaşayan müharibə əlilləri üçün sanatoriya tipində xəstəxana tikdirsin.
(Ardı var) 

        Şəkillərdə 1. Sarğı otağı. 2. Tibb Texnikumunun direktoru Əbdürrəhmanov. 3. Uşaq müalicəxanası. 4 Şəhərimizin ilk həkimlərindən olan Neymanzadə 

* * *
         Yazının əvvəlini aşağıdakı linklərdə oxuya bilərsiniz:

                I hissə:   - http://belediyye.sheki.org/meqaleler/16032016-1

                II hissə:  - http://belediyye.sheki.org/meqaleler/04052016-2