Məqalələr‎ > ‎

Bələdiyyələr: reallıqlar, problemlər, perspektivlər

24 Eyl 2014 02:24 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 24 Eyl 2014 02:26 güncellendi ]












Əli MƏSİMLİ,
millət vəkili, 
İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri



    Demokratiya məktəbi hesab olunan bələdiyyə institutunun inkişaf səviyyəsi hər bir ölkədə yerli demokratiyanın səviyyəsinin göstərici kimi çıxış edir. Azərbaycan bələdiyyələri malik olduqları qısa tarixi dövr ərzində əldə olunmuş müsbət nəticələrlə yanaşı, həllini gözləyən xeyli sayda problemlərin mövcudluğu gələcək bələdiyyə institutunun əsaslı islahatlarının həyata keçirilməsini zəruri edir. 2014-cü ilin dekabrında Azərbaycanın həyatında mühüm hadisələrdən biri kimi növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də bu ərəfədə bələdiyyələrin 15 ildə keçdiyi yola nəzər salmaq, bu sahədə əldə olunan nəticələr, qarşılanan problemlər və ölkəmizin iqtisadi tərəqqisinə, yerli problemlərin həllinin sürətlənməsinə və əhalinin sosial rifahına xidmət edə biləcək perspektivlər barədə düşünmək yeinə düşər.

Reallıqlar 

    Azərbaycanda 15 ilə yaxındır ki, bələdiyyələr fəaliyyət göstərir. Bu müddət ərzində yerli özünüidarə orqanlarının fəaliyyətini birbaşa tənzimləyən 30-dan artıq qanun və digər normativ aktlar qəbul edilmiş, bələdiyyə institutunun formalaşması və inkişafı istiqamətində bir sıra zəruri addımlar atılmışdır. Bununla yanaşı «Yerli özünüidarə haqqında» Avropa Xartiyasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 avqust 2002-ci il tarixdə qüvvəyə minmişdir.
    Hər ilin fevralında Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələrinin təhlili göstərir ki, bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək, abadlaşdırma və quruculuq işlərində fəal iştirak etmir, sosial-iqtisadi xarakterli mühüm layihələr həyata keçirirlər. İşini həmin səviyyədə qurmağı bacaran bələdiyyə idarəçiliyinin səmərəliliyi artmaqda davam edir. Bu qəbildən olan bələdiyyələrdə yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşır, ictimai əlaqələri güclənir.
    Bununla belə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində göstərildiyi kimi, “2013-cü ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1855, 2012-ci illə müqayisədə 17 faiz çox müraciət daxil olmuşdur. Aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olmuşdur. Beləliklə, müraciətlərin 52 faizi torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olmuşdur. Daxil olan müraciətlərə baxılarkən 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırılma aparılmış, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilmiş, 25 müraciət üzrə materiallar isə ümumi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir”. …”Nazirlik tərəfindən aşkar edilmiş bu və ya digər qanun pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 3445 tövsiyə verilmiş, müvafiq metodik vəsaitlər hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Bələdiyyələrin fəaliyyəti araşdırılarkən ötən il ərzində 3460 hektar torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınmış, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196 hektar, xüsusi mülkiyyətə verilmiş 240 hektar, istifadəyə verilmiş 21 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır”. “Bir sıra bələdiyyələr tərəfindən mütləq təqdim edilməli olan bələdiyyə aktları qanunla müəyyən edilmiş müddətə ekspertizaya göndərilməmişdir. Belə halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmiş və bununla bağlı 364 bələdiyyə sədri (bəziləri isə hətta iki dəfə) inzibati məsuliyyətə cəlb edilmişdir. Prokurorluğa göndərilmiş 26 materialdan 7-si üzrə cinayət işi başlanmış, onlardan 3-ü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilmiş, bir cinayət işi üzrə artıq ittiham hökmü çıxarılmışdır. Həmçinin bir material üzrə cinayət işinə xitam verilmiş, 3 material üzrə cinayət işinin başlanması rədd edilmiş, digərləri isə baxılmaqdadır. Hüquq pozuntularının profilaktikası məqsədi ilə hər bir fakt üzrə onları doğuran səbəb və şərait təhlil edilmiş, həmin pozuntulara yol verilmiş bələdiyyələrə müvafiq tövsiyələr göndərilmişdir”.

    Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən aparılmış təhlil və ümumiləşdirilmələr nəticəsində bələdiyyələrin fəaliyyətinə aşağıdakı hüquq pozuntularının xarakterik olması müəyyən edilmişdir:
    – bələdiyyə sədrləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi;
    – yerli büdcədən düzgün istifadə edilməməsi;
    – icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi;
    – sənədlərin saxtalaşdırılması;
    – maliyyə sənədlərinin gizlədilməsi və ya məhv edilməsi;
    – şəffaflığın təmin edilməməsi.


Problemlər

    Görülən işlər bir qrup bələdiyyənin fəaliyyətinin timsalında özünü müsbət təcrübə ola biləcək səviyyədə doğrultsa da, bələdiyyələrin xeyli hissəsinin işi günün tələbləri səviyyəsindən çox aşağıdır. Bunun səbəbləri çoxdur. Həmin səbəblər arasında bələdiyyələrin hüquq və sələhiyyətlərinin onların səmərəli fəaliyyəti üçün yetərli səviyyədə olmaması, maliyyə imkanlarının aşağı olması, bələdiyyələrlə icra hakimiyəti orqanları arasında gerçək münasibətlərin mövcud qanunvericiliyə uyğun gəlməməsi və çox vaxt özünü bələdiyyələrin tabeçılık münasibətləri şəklində göstərməsi onların fəaliyyətinə mənfi təsir göstərir. Bələdiyyələrin statusundakı bu cür qeyri-müəyyənlik onların səlahiyyətləri dairəsinin məhdudluğunda da özünü büruzə verir. Təcrübədə bələdiy­yələrin «təbii səlahiyyətləri»nə aid edilən bütün fəaliyyətləri (kommunal xidmətlərinin təşkili, ərazilərin abadlaşdırılması, bələdiyyə ərazisində yaşayan vətəndaşların uçot və qeydiyyatı, sosial xidmətlərin təşkili, su təchizatı və s.) Azərbaycanda müxtəlif icra hakimiyyəti qurumları həyata keçirir. Hazırda ölkəmizdə bələdiyyə institutunun real səlahiyyət sferası bələdiyyə yollarının saxlanması, dövlətin sosial proqramları ilə əhatə olunmayan aztəminatlı vətəndaşlara sosial yardımların göstərilməsi, qəbristanlıqların saxlanması və yas mərasimlərinin təşkili ilə məhdudlaşır. Bununla yanaşı bələdiyyələrin kadr potensialının arzu olunan səviyyədə olmaması, bələdiyyə üzvlərinin xeyli hissəsinin peşəkarlıq və idarəetmə qabiliyyətinin aşağı olması, bələdiyyələrin ifrat dərəcədə xırdalanması və çoxunun optimal hesab edilə biləcək ölçüdən kənar olması və s. bu kimi amillər onların fəaliyyətinin səmərliliyinə mənfi təsir göstərir.

Perspektivlər

    Azərbaycanda yerli özünüidarə islahatlarının gələcək perspektivləri xeyli dərəcədə hökumətin, bələdiyyə assosiasiyalarının, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların fəaliyyətinin koodinasiyasının səmərəlilik dərəcəsindən asılı olacaqdır. Artıq hökumətin islahatlara gedəcəyinə işarə edən müəyyən təşəbbüsləri müşahidə olunur. Qanunvericiliyə edilən əlavə və dəyişikliklərdə bələdiyyələrin rolunun artırılması, bələdiyyələrin maliyyə və kadr potensialının gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər gedir və yerli problemlərin həllini öz üzərinə götürməyə hazır olan yaşayış məntəqələrində bələdiyyələrə yerli özünüidarə statusunun veril­məsi və s. kimi mühüm məsələlərlə bağlı islahatların aparılması nəzərdə tutulur.
    Milli Məclisin payız sessiyasında “Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir. Həmin qanun layihəsinə əsasən ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Bu qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək.
    Beynəlxalq praktikadan və bələdiyyələrin optimal ölçüsü anlayışından çıxış etməklə demək olar ki, 9,5 milyon əhalisi olan Azərbaycan üçün 1717 bələdiyyə- lazım olduğundan xeyli çoxdur. Həm də onların 90 faizə yaxını kənd bələdiyyələridır və onun da xeyli hissəsinin fəaliyyətinin səmərəliliyi aşağıdır. Azərbaycanda bələdiyyələrin sayı xeyli çox olduğundan, islahatlar konteksində onların fəaliyyətinin səmərəliliyinin artırılmasının optimal yollarından biri də bələdiyyələrin sayının yaradıcılıq tətbiq etməklə azaldılmasıdır. Bu baxımdan bələdiyyələrin sayının azaldılması siyasətinin davam etdirilməsinə müsbət yanaşır və zəruri hesab edirik.
    Bununla yanaşı həm də onu qeyd etmək lazımdır ki, artıq bir dəfə Azərbaycanda bələdiyyələrin birləşdirilməsi yolu ilə onların sayının azaldılması təcrübəsindən istifadə olunub. Həmin təcrübəyə əsaslnaraq demək istərdik ki, bələdiyyələrin birləşdirilməsi məsələsi mexaniki bir tədbir kimi yox, obyektiv monitorinqlər aparılmaqla, islahatların tərkib hissəsi kimi həyata keçirilməlidir. Ona görə ki, islahatları davam etdirmədən bələdiyyələrin mexaniki surətdə birləşdirilməsi öz işini nümunəvi quran bir sıra bələdiyyələrə münasibətdə müsbət nəticə verə bilsə də, ümumilikdə götürdükdə islahatları davam etdirmədən 3-4 bələdiyyənin birləşməsi sadəcə həmin bələdiyyələrdə mövcud olmuş problemlərin də birləşməsindən uzağa gedə bilmir. Ona görə də obyektiv monitorinqlər aparılmalı, bələdiyyələrdə mövcud olan problemlər aşkarlanmalı, onların obyektiv və subyektiv səbəbləri və bələdiyyələrin optimal ölçüləri müəyyənləşdirilməlidir. Bundan sonra bələdiyyələrin birləşməsi istiqamətində lazımı addımlar atılmalıdır. Bununla yanaşı bələdiyyələrin hüquqlarının artırılması istiqamətində real nəticə verə bilən islahatlar davam etdirilməlidir. Son illər qanunvericilik sənədlərinə edilən dəyişikliklərdə bələdiyyələrin rolunun artırılası məsələri də özünə yer tapmağa başlayıb. İdeya belədir ki, bələdiyyə institutunu möhkmləndirmək və fəaliyyətinin səmərəliliyini artırmaqdan ötrü bələdiyyələrin səlahiyyətləri artırılsın və buna hazır olan bələdiyyə çəkə biləcəyi yük qədər salahiyyətə malik olsun. 

    Bələdiyyələrin maliyyəsi aşağıdakı mənbələr hesabına formalaşır:

    1. Fiziki şəxslərdən torpaq vergisi;
    2. Fiziki şəxslərdən əmlak vergisi;
    3. Torpaq satışından və icarədən əldə olunan vəsait;
    4. Dövlət büdcəsindən transfert.


    Bələdiyyələrin gəlirləri əsasən torpaq satışı və icarəsindən, eləcə də dövlət büdcəsindən ayrılan dotasiyadan formalaşır. Bələdiyyələr onların səlahiyyətlərində olan vergiləri yığa bilmirlər. Ona görə də bələdiyyələrin maliyyə imkanları çox məhduddur. Məsələn, büdcədən bələdiyyələrə ayrılan vəsait 2011-ci ildəki 3,5 milyon manatdan son iki ildə 5,2 milyon manata çatdırılsa da, bu çox azdır. Həmin vəsaiti ölkə üzrə mövcud olan bələdiyyələrin sayına böldükdə hər bələdiyyəyə orta hesabla 3 min manat (əslində rayon mərkəzlərinə aid bələdiyyələrə 7-8 min manat. Kənd bələdiyyələrinə 1700-2000 manat) pul düşür. Bələdiyyələrin bütün gəlirlərini üst-üstə gələndə isə heç 40 milyon manata çatmır ki, bu da orta hesabla hər bələdiyyəyə ildə 23 min manat pul deməkdir və ya ölkə əhalisinin sayına böldükdə, ildə adambaşına 4 manat 20 qəpik pul düşür. Təbii ki, belə bir maliyyə imkanları şəraitində əmək haqqları verildikdən sonra qalan hissəyə elə də ciddi işlər görmək olmur.

    2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsindən asılı olaraq ödəyəcəklər. Milli Məclis tərəfindən qəbul edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, əmlak vergisi 30 kvadrat metri ötən sahənin hər kvadrat metrinə görə hesablanacaq.
    Müvafiq olaraq, 30 kvadrat metrədək sahə əmlak vergisinin ödənilməsindən azad olunur. Qüvvədə olan qanunvericiliyə görə, əmlakın dəyəri 5 min manatdan azdırsa, vergi tutulmur. Dəyər bu məbləği keçərsə, vergi binanın dəyərinin 0,1 faizini təşkil edir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Məcəlləyə dəyişikliklərə əsasən, gələn ildən Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə görə aşağıdakı vergi dərəcələri tətbiq olunacaq: Bakı şəhəri üzrə - hər kvadrat metr sahəyə görə 40 qəpik, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə - 30 qəpik, Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla) rayon mərkəzləri üzrə - 20 qəpik, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) - 10 qəpik. Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq olaraq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunacaq.
    Fiziki şəxslərdən əmlak vergisinin yığılmasında edilən dəyişikliklər (hər kvadrat metr sahəyə görə rayonda 10-20 qəpik, Bakıda 40 qəpik vergi yığımı) bələdiyyələrin gəlirlərinin indikində 2 dəfə artıq olmasına gətirib çıxara bilər.


    Bələdiyyələrin səlahiyyətləri «Yerli özünüidarə haqqında» Xartiyanın bilavasitə bələdiyyələrin səlahiyyətləri ilə bağlı məqamları əsas götürülməklə artırılmalıdır. «Yerli özünüidarə haqqında» Xartiyanın bilavasitə bələdiyyələrin səlahiyyətlərinə aid olan bəndləri aşağıdakılardır:
    · Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri konstitusiya və ya qanun ilə müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
    · Yerli özünüidarə orqanları onların səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər.
    · Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.
    · Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir hakimiyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud məhdudlaşdırıla bilər.
    · Mərkəzi və regional orqanların səlahiyyətlərinin həvalə edilməsi zamanı yerli özünüidarə orqanları imkan daxilində onların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq sərbəstliyinə malik olmalıdırlar.

    Bu müddəalar yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrə geniş səlahiyyətlərin verilməsini, həmçinin bu səlahiyyətlərin icrasında yerli özünüidarə orqanlarının müstəqil qərarvermə hüquqlarına malik olmasını nəzərdə tutur.

    Bələdiyyələr birləşdirildikdən sonra onların problemlərinin həlli istiqamətində təsirli tədbirlər görülməlidir. Həmin tədbirlər arasında aşağıdakıları daha zəruri hesab edirik:

    1. Bələdiyyələrin «Yerli özünüidarə haqqında» Xartiyanın tələblərinə müvafiq surətdə statusunun artırılması və onların səlahiyyət dairəsinın genişləndirilməsi.
    2. Bələdiyyələrlə icra hakimiyəti orqanları arasında münasibətlərin köklü surətdə yenidən qurulması, onlar arasında optimal səlahiyyət bölgüsünün həyata keçirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanlarının təsir dairəsindən çıxarılması və öz cavabdehliyi şəraitində sərbəst fəaliyyətinin təmin edilməsi.
    3. Bələdiyyələrə sabit maliyyə mənbələrinin verilməsi, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin məbləğinin artırılması və bələdiyyələrin maliyyə imkanları genişləndirilməsi üçün təsirli tədbirlərin görülməsi.
    4. Bələdiyyələrə səriştəli, seçildiyi bələdiyyə ərazisinin problemlərinə bələd və onun həlli yollarını bilən insanların seçilməsinə üstünlük verilməsı.
    5. Bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffalığın artırılması.
    6. Qanunvericilikdə müəyyən edilmiş qaydada bələdiyyələrə real maliyyə təminatı olan işlərin tapşırılması və onun keyfiyyətlə həyata keçirilməsinə təmin edən dövlət və ictimai nəzarətin təmin edilməsi.
    7. Bələdiyyələrə əlverişli şərtlərlə daxili və xarici mənbələrdən kredit alınmasına şərait yaradılması.
    8. Əhalinin maarifləndirilməsi və bələdiyyələrin işində fəal iştirak etmək istəyən kəsiminin sayının artırılmasının təmin edilməsi. Bu əsasda yerli özünüidarəetmədə vətəndaş iştirakçılığı və ictimai hesabatlılığının gücləndirilməsi.
    9. Bələdiyyə Assosiasiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması və Azərbaycan bələdiyyələrinin beynəlxalq və yerli idarəçilik sisteminə inteqrasiyasının təmin edilməsi.
    10. Bələdiyyələrin fəaliyyətinə dövlət nəzarətinin səmərəliliyinin artırılması. Ədliyyə Nazirliyinin bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələr tərəfindən yol verilən qanun pozuntularının qarşısını almaq istiqamətində xeyli iş görür. Həmin orqana həm də elə səlahiyyət verilməlidir ki, bələdiyyələrin hüquqlarının pozulmasının qarşını da ala bilsin. Bütün bunların yekunu kimi həm də cəmiyyət və idarəetmə orqanları səviyyəsində bələdiyyələrə qarşı formalaşmış laqeydlik mühiti aradan qaldırılmalıdır.

Mənbə: "Şəki bələdiyyəsi" qəzeti.
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən http://belediyye.sheki.org/ 
saytına istinad zəruridir.