Məqalələr‎ > ‎

İmran Bədirxanlı: “Jurnalistika ürək, sevgi, bir də yazmaq istedadı tələb edir” (müsahibə)

25 Oca 2015 11:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Oca 2015 11:11 güncellendi ]
        İmran Bədirxanlı Xaçmaz rayonunun Həsənqala kəndində fəhlə ailəsində doğulub.
        O, 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra “Səhər” qəzetındə əmək fəaliyyətinə başlayıb. Daha sonra “Zaman-Azərbaycan”, “Həftə”, “Gün səhər” qəzetlərində və “Samanyolu” telekanalında çalışıb. 2005-ci ildən İctimai Teleradionun əməkdaşı olan İmran Bədirxanlı əvvəl radioda müxtəlif səpkili verilişlərə müəlliflik və aparıcılıq edib, telekanalın “TV-1” jurnalının redaktoru olub. Hazırda “Carçı-Film” Yaradıcılıq Birliyinin böyük redaktorudur. Sabah - yanvarın 25-də İmran bəyin 50 yaşı tamam olur. Bu münasibətlə keçmiş əməkdaşımızı redaksiyamıza dəvət edib söhbətləşdik, ötənləri xatırladıq. Yubilyarla söhbətə ənənəvi sualla başlamaq istədik.

        Amma...

        - İmran bəy, 50 illik ömrünüzün 23 ilini jurnalistikaya...

        - Gəlin onu sonraya saxlayaq... İcazə verin, bura gələrkən xəyalımın məni apardığı illərə qısaca ekskurs eləyim, sonra istədiyiniz sualları verin. Hər şeydən əvvəl mən doğma ocağıma gəlmişəm. Bu ocaqla bağlı mənim şirin, faydalı və unudulmaz xatirələrim var. Ürəyim doludur, qoyun bir az onu boşaldım.
        “Zaman-Azərbaycan” mənim vətənimin müstəqilliyinin yaşıdıdır. “Zaman” mənim üçün təkcə bir jurnalistika məktəbi deyil, həm də bir həyat tərzi, əxlaq və düşüncə məktəbi oldu. Bəlkə də “Zaman” mərhələsi olmasaydı, İmran Bədirxanlı bir başqa xarakterli, bir başqa yönlü jurnalist olardı, bunu etiraf eləyirəm. Əgər “Zaman”ın mənə verdikləri nədir?” soruşsanız, deyərdim ki, “Zaman” mənə yeni düşüncə tərzi verdi, müasir türkçülüyə, İslama və dünyaya pəncərə oldu. Peşə prizmasından yanaşsaq, təvazökarlıqdan uzaq olsa da deyim ki, universiteti fərqlənmə ilə bitirmişəm, mən sovet jurnalistikasının nəzəri biliklərini yaxşı mənimsəmiş bir adamam. Amma mən “Zaman”da jurnalistikanın sovet nəzəriyyəsinin kamil olmadığını anladım. “Zaman”da Türkiyə qəzetçiliyinin, onun vasitəsi ilə də Avropa jurnalistikasının dəyərlərini öyrəndim. Bu təcrübə bütün sonrakı mərhələlərdə mənə yaşıl işıq yandırdı. İlk dəfə spotun - yəni yazının canını bir neçə cümlədə yazıb fərqləndirmə ilə oxucuya təqdim olunmanı mən “Zaman”da gördüm. Guşə yazısının nə olduğunu bizə “Zaman” öyrətdi. İndi kimsə etiraz eləyə bilər ki, guşə yazısı bizdə əvvəllərdən olub. Mən isə deyirəm ki, hər sütuna salınan yazı guşə yazısı deyil. Hadisəyə, mahiyyətə qısa və lakonik şəkildə münasibət ortaya qoymaq, artıq peşəkarlıq söhbətidir. Bunu mən “Zaman”da öyrəndim. 23 illik jurnalist həyatımın ən əziz və doğma mərhələsini mən “Zaman”da keçmişəm. Sonradan bir “Samanyolu” TV mərhələsi də oldu. Təəssüf ki, 2000-ci ilin iyulunda baş verən yanğından sonra telekanalda uzunmüddətli təmir getdi və bu əməkdaşlıq orada qırıldı. Yaxında da, uzaqda da olsam, həmişə “Zaman” mənim içimdə, mən də “Zaman”ın içindəyəm. Burada hazırda tanıdığım və tanımadığım hər bir əməkdaş mənim üçün əzizdir.

        - İndi ki, “Zaman” xatirələrindən başladınız, onda bura gəlişinizin tarixini də bilmək maraqlı olardı...

        - “Zaman-Azərbaycan” qəzetinə gəlməzdən əvvəl “Səhər” qəzetində parlament müxbiri işləyirdim. O vaxt “Səhər” qəzeti bütün Azərbaycanda ən çox sevilən və hörmət edilən qəzetlərdən biri hesab edilirdi. “Səhər” qəzeti həmin dövrdə 120 min tirajla çıxırdı və satışı da çox yüksək idi. Təbii ki, belə bir qəzetin parlament müxbiri olmaq məsuliyyətli iş idi. Parlament müxbiri olduğum vaxt mən “Zaman-Azərbaycan” qəzetində xəbər şöbəsinin müdiri işləyən Nədim Yalçınla tez-tez görüşür, tədbirlərdə birgə iştirak edirdik. O dövrdə “Səhər” qəzeti Nəşriyyatın birinci mərtəbəsində, “Zaman-Azərbaycan” qəzeti isə ikinci mərtəbədə, bizim üstümüzdə yerləşirdi. “Zaman” hər mənada bizdən üstdə idi. Boş vaxt tapan kimi ikinci mərtəbəyə qalxaraq Nədim bəy və qəzetin digər əməkdaşları ilə görüşürdüm. O vaxt mənə “Zaman-Azərbaycan”ın özü də, işçiləri də fərqli təsir bağışlayırdı. Çünki buradakı iş prosesi yerli qəzetlərin iş prosesindən fərqli xüsusiyyətlərə malik idi. “Zaman-Azərbaycan”da çalışanlar arasında heç bir kollektivdə, heç bir iş yerində görmədiyim səmimilik, mehribanlıq vardı. İş elə gətirdi ki, Nədim Yalçın məni “Zaman-Azərbaycan”a işə dəvət etdi. Mən burada xəbər sorumlusu kimi yazıları yoxlayır, lazımi düzəlişləri edirdim. İlk günlərdən də kollektivə qaynayıb-qarışdım. Ürfan bəylə, Əli bəylə, Aydın bəylə, Əziz bəylə və digərləri ilə aramızda səmimi münasbət yarandı.
        Bu yerdə bir məqamı da qeyd etmək istəyirəm. Mən “Zaman-Azərbaycan” qəzetinə işləməyə gələndə burada işləyənlərin arasında bir-iki nəfər istisna olmaqla sırf jurnalist, demək olar ki, yox idi. Ona görə də bu məsələ mənə həmişə qəribə gələrdi. Yəni mən ixtisasca jurnalist olduğum üçün kənardan bu sahəyə gələnləri başa düşə, qəbul edə bilmirdim. “Zaman-Azərbaycan”da da məni ən çox təəccübləndirən bu oldu. Ancaq burada çalışandan, kollektivlə daha yaxından tanış olandan sonra gördüm ki, qəzetin əməkdaşları ixtisasca jurnalist olmasalar da, sahəni peşəkar jurnalistlərdən pis bilmir, əksinə, çox şeylərdə onlardan daha üstündürlər. Yəni nəzəri baxımdan burada çalışanlar jurnalistikanı dərindən bilməsələr də, praktiki baxımdan peşəkar jurnalistlərdən geridə qalmırdılar.
        Şübhəsiz ki, jurnalistika fakültəsini bitirənlərin heç də hamısı yaxşı, peşəkar jurnalist olmur, digər sahələrdə də belədir. Jurnalistika istedad tələb edir. Jurnalist olmayan, ancaq yaxşı yazmaq istedadı, yaxşı qələm sahibi olan və hazırda bu sahəyə kənardan gələn, ancaq qələmi ilə tanınan çoxlu sayda məşhur jurnalistlər var. Yəni bu peşə ürək, sevgi, bir də yazmaq istedadı tələb edir.

        - Onda belə çıxır ki, yazmaq qabiliyyəti olan hər kəs jurnalist ola bilər...

        - Etiraz etmirəm, ola bilər. Amma jurnalistika təkcə yazmaq deyil, həm də elmdir. Rusiya Elmlər Akademiyası, səhv eləmirəmsə, 2001-ci ildən jurnalistikanı elm qrifinə salıb. Moskva Dövlət Universitetində 3 və ya 4 nəfər jurnalistika elmləri doktoru, 6-7 nəfər jurnalistika elmləri namizədi var. Jurnalistika predmeti, subyekti, obyekti olan, diğər elmlərlə əlaqəsi öyrənilən, tədqiq və tətbıq olunan elmdir. Jurnalistika nə tarixdir, nə psixologiya, nə sosiologiyadır, amma eyni zamanda bunların hamısıdır.

        - İmran bəy, siz əmək fəaliyyətinizə qəzetdə başlamısınız. İndi isə televiziyada çalışırsınız. Bu dəyişikliyə uyğunlaşmaq çətin olmadı ki?

        - Mən televiziyaya çox qısa zamanda adaptasiya oldum. Mənim üçün çətinlik olmadı. Mən bu qənaətdəyəm ki, qəzet jurnalistikanın əlifbasının yarandığı bir media məbədidir. Həm də ən qədim institutdur. Radio-televiziyada önə çıxarılan daha çox danışıq, reportajı hazırlamaq və hadisəni tamaşaçıya operativ çatdırmaq məsələsidir. Burada sözləri dal-qabaq demək, təkrarçlılığa yol vermək o qədər də hiss olunmur. Qəzetdə isə yazdığın hər söz, hər cümlə dəqiq olmalıdır, burada səhv edə, təkrarçılığa yol verə bilməzsən. Bu baxımdan belə hesab edirəm ki, yazılı mətbuat radio-televiziyada çalışanlar üçün bir məktəbdir. Bir dəfə Almaniyanın ZDF telekanalının məsul bir işçisindən soruşdum ki, siz işçini hansı meyarlarla seçirsiniz. Cavabı bilirsinizmi necə oldu? Dedi ki, biz əməkdaşlarımızı yazılı mətbuatda ən azı 5 il təcrübəsi olan jurnalistlər arasından seçirik. Çünki yazılı mətbuat, dediyim kimi, radio-televiziya jurnalistikası üçün bir baza, bir məktəb rolunu oynayır. Leksikonun zənginləşməsi, fərdi üslubun, təsvir-təhkiyə vərdişinin, ələlxüsus da müşahidə, analitik düşüncə qabiliyyətinin yaranıb-formalaşması məhz qəzetdə baş verir.

        - İmran bəy, sizi 50 illik yubileyiniz münasibətilə qəzetimizin kollektivi adından təbrik edir, sizə yeni karyera uğurları arzulayırıq.

        - Çox sağ olun. Mən də öz növbəmdə “Zaman-Azərbaycan” qəzetinin əməkdaşlarına gələcəkdə daha böyük uğurlar qazanmağı, iki qardaş ölkə arasında oynadıqları körpü funksiyasını sona kimi yerinə yetirməyi arzulayıram.
Söhbəti Elvin Əliyev qələmə aldı
Mənbə: Zaman.az