Məqalələr‎ > ‎

«Borçalı» Cəmiyyətinin nümayəndəsi Gürcüstan Prezidenti ilə görüşdü

26 Ara 2014 01:44 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Ara 2014 01:51 güncellendi ]
        
Giya Paçxataşvili: «Gürcüstan Prezidenti «Borçalı» Cəmiyyəti rəhbərliyinin Gürcüstana buraxılmaması məsələsini şəxsi nəzarətə götürəcəyini bildirdi…»


        Xəbər verildiyi kimi, Gürcüstanın Daxili İşlər Nazirliyi «Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmasını yasaqlayan qərar qəbul edib. Lakin bu qərar Gürcüstanda yaşayan borçalılar tərəfindən birmənalı qarşılanmayıb. Z.Məmmədli isə «Təzadlar»a açıqlamasında bildirmişdir ki, əgər hər hansı bir hərəkətində Azərbaycan-Gürcüstan dostluğuna xələl gətirən hallara yol verilibsə, Gürcüstanın hüquq-mühafizə orqanları qarşısında cavab verməyə hazırdır.
        Bu gün isə baş verənlər ətrafında sensasiyalı məlumat aldıq. Belə ki, «Borçalı» Cəmiyyətinin fəallarından olan dəyərli gürcü qardaşımız, şair, publisist, tərcüməçi, "Səməd Vurğun medalı" laureatı, Azərbaycan və Gürcüstan Yazıçılar birliklərinin üzvü Giya Paçxataşvili (təxəllüsü: Givi) «Təzadlar»a zəng edərək bildirdi ki, o, bu günlərdə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşüb və «Borçalı» Cəmiyyətinin sədri Z.Məmmədlinin Gürcüstana buraxılmaması barədə fikir mübadiləsi aparıb.
        Xəbərin ciddi və əhəmiyyətli olduğunu nəzərə alaraq onu redaksiyamıza dəvət etdik. Gürcüstan Prezidenti ilə uşaqlıq və tələbəlik dostu olduğunu bildirən Giya Paçxataşvili bizimlə söhbətində bildirdi ki, o, Gürcüstan Prezidentinə ilk növbədə Azərbaycan-Gürcüstan dostluğundan, bu sahədə Azərbaycan prezidenti İlham Əliyevin xidmətlərindən danışıb… Sonra isə «Borçalı» Cəmiyyəti ətrafında yaranmış məlum problemlərə toxunub. Prezident Georgi Marqvelaşvili bildirib ki, ona bu barədə ona başqa şəkildə məlumat verilib və o da öz növbəsində bu yöndə heç bir problemin olmadığını bildirərək, söz verib ki, məsələni şəxsi nəzarətinə götürərək, aidiyyəti qurumlara lazımi tapşırıqlar verəcək, tezliklə nəticəsi barədə dostunu - Giya Paçxataşvilini də məlumatlandıracaq.
        - Civi, Gürcüstan Respublikasının prezidenti Georgi Marqvelaşvili ilə belə bir görüş hansı zərurətdən irəli gəldi? Prezidentlə görüş səndə hansı təəssüratlar yaratdı?
        - Gürcüstanın prezidenti Georgi Marqvelaşvili ilə görüşməkdə əsas məqsəd «Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmasını yasaqlayan qərara aydınlıq gətirmək və bu problemin çözülməsi idi. Ona görə də uşaqlıq və tələbəlik dostumla görüşümün səbəbini əvvəlcədən bildirdim və o, mənimlə görüşməyə razılıq verdi. Dekabrın 23-də onunla "Avlabari" Prezident iqamətgahında görüşdüm.
Görüşümüz olduqca səmimi və mehribanlıq şəraitində keçdi. İlk növbədə «Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstiana buraxılmaması məsələsini danışdım. O cümlədən, Borçalı ziyalılarının məktubunu, «Borçalı» Cəmiyyətinin fəaliyyəti ilə bağlı diskləri və digər materialları prezidentə təqdim etdim. Prezidentlə söhbət zamanı Gürcüstanın xarici və daxili işlər nazirliklərinin Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasına açıqlama vermədiklərini də vurğuladım. Gürcüstan Prezidenti «Boçalı» Cəmiyyətinin rəhbərliyinin Gürcüstana buraxılmaması məsələsini şəxsi nəzarətə götürəcəyini bildirdi. Prezideti hətta Zəlimxan Məmmədlinin telefon nömrəsini məndən aldı və məsələləri ayırd edəndən sonra zəng edəcəyini vəd etdi.
        Prezidentlə görüşdən sonra Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn məni qəbul etməyə (Zəlimxan Məmmədlinin zəngindən sonra) razılıq verdi. Biz bir daha məlum məsələni müzakirə etdik. Səfir bildirdi ki, cənab prezidentin səyi nəticəsində siyasi anlaşılmazlıq buzları əriyəcək və Zəlimxan Məmmədli ilə müavini Salman Murğuzovun haqqı bərpa ediləcək.
        - Daha kimlərlə görüşdün və hansı məsələlər müzakirə olundu?
        - Gürcüstanın Daxili İşlər Nazirliyində də oldum. Orada mənə bildirdilər ki, müəyyən dövlət sirlərini mühafizə etdiklərinə görə mənə geniş açıqlama verə bilməyəcəklər. Lakin hər şeyin öz qaydasına düşəcəyinə calışacaqlarını bildirdilər. Mən də Z.Məmmədlinin hər hansı bir hərəkətində Azərbaycan-Gürcüstan dostluğuna xələl gətirən hallara yol veribsə, Gürcüstanın hüquq-mühafizə orqanları qarşısında cavab verməyə onun hazır olduğunu bildirdim. Gürcüstanın Daxili İşlər Nazirliyində də görüşümüz qarşılıqlı anlaşma şəklində keçdi və Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirəcək halların qarşısının alınacağına söz verdilər.
        Görüşlər zamanı müxtəlif məsələlərlə də bağlı söhbətlər apardıq. Bilirsiniz, görüşlərimin məqsədi bu idi ki, Borçalı aborigenlərinin haqları bərpa olunsun və onların Bakıdakı təmsilçisi Zəlimxan Məmmədli təqib və təzyiqlərə məruz qalmasın. Çünki bir qaxlı olaraq deyim ki, sabah eyni mələsə Qaxda yaşayan gürcülərin də başına gələ bilər.
Elbar ŞİRİNOV
Mənbə: Tezadlar.az, 25/12/2014