Məqalələr‎ > ‎

“Cəmiyyətimizdə aqressiya savadsızlıqdan qaynaqlanır” (müsahibə)

27 Eyl 2016 00:52 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Eyl 2016 00:53 güncellendi ]
Nevropatoloq Qalib Əsədov: 
“Zəhərli ilanlardan və zəlzələdən 
necə qaçırsınızsa, 
mübahisələrdən də elə qaçın” 






Söhbətləşdi:
Günel MANAFLI

        İnsan yaşadığı mühitin məhsuludur deyirlər. Təəssüf ki, bu gün cəmiyyətimizdə bir aqressiya, gərginlik hökm sürür, intiharlar baş alıb gedir. Bütün neqativ hadisələr isə şübhəsiz ki, insanın psixikası, əsəbləri ilə əlaqəlidir. İnsanların bu qədər gərgin olmasının səbəbləri, əsəbləri cilovlamağın qaydaları, mübahisələrdən qaçmağın yolları barədə suallarımıza cavab almaq üçün Avropa Nevroloji Akademiyasının üzvü, nevropotoloq Qalib Əsədovla söhbətləşdik. 

        - Hazırda insanların həyat tərzində özünü göstərən qeyri-adi gərginlik, əsəbilik nədən qaynaqlanır?

        - Son vaxtlar insanlarda aqressiya artıb. Burada əsas günah məhz uşaqların tərbiyəsində baş vermiş səhvlərdədir. İndiki uşaqlar heç bir əziyyət görmür. Ata-anaları onların hər istəklərini həyata keçirir. Hətta bu, o həddə çatıb ki, uşaq gecə yarısı ayağını yerə döyüb nəsə istəsə belə, valideynləri dərhal gedib onun arzusunu yerinə yetirir. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək üçün, istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi nəticəsində onlar elə formalaşırlar ki, kiçik bir problemi faciə kimi qəbul edirlər. Onlarda cəmiyyətə, problem yaradan insanlara qarşı hiddət, qəzəb yaranır və arzularına çatmaq üçün bəzən təzyiqə əl atırlar. Aqressiyanın artmasına ikinci səbəb kimi məktəblərdə təlim-tərbiyə işlərinin düzgün təşkil olunmamasını göstərmək olar. Bildiyimiz kimi, bütün məktəblərdə psixoloq var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pioner, komsomol təşkilatları var idi. Bu təşkilatlarda uşaqlarla iş aparılır, onlara yaxşılıq, dostluq etmək, vətənpərvər olmaq kimi keyfiyyətlər təbliğ olunurdu. Amma indi bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edərək sadəcə, öz həyatını yaşayır. Cəmiyyətdəki aqressivliyin digər səbəbi də Kütləvi İnformasiya Vasitələri, televiziyalardır. İndiki, gənc nəsildə Rembolar, Rocky Balbolar, Bruslilər, Polad Alemdarlar və Mematilər yetişir və onların idealları məhz bu personajlardır.
        Onlar isə problemi ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Buna baxan gənclər də problemlərini məhz bu yolla həll etməyə çalışırlar. Düzdür, keçmişdə də döyüş filmləri var idi. Amma orada düşüncə, məntiq, intellekt ön planda göstərilirdi. Çox təhlükəli haldır ki, yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla da fəxr edirlər. Bu gün idmanın döyüş növləri daha çox reklam olunduğu halda elmlə bağlı və intellektual verilişlər efirlərdə yox dərəcəsindədir. Bizim ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var. İdmançılarımızı hamı tanıdığı halda, bu tələbələri, bu savadlı gənclər heç kimə məlum deyil. Amma mən deyərdim ki, həmin gənclər hansısa olimpiada çempionundan daha üstün və ölkə üçün də daha gərəklidir. Bu intellektlərin lazımi səviyyədə təbliğ olunması uşaqlarda oxumaq həvəsini daha da artırar, savadlı adam isə heç vaxt aqressiv ola bilməz. Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. 


        - Bu gün hətta az yaşlı uşaqlarda belə əsəbilik var, ailə mühitinin, məktəbə qədər təhsilin, məktəbin uşaqların əsəb sisteminə hansısa səviyyədə təsiri varmı?

        - Ümumiyyətlə. əsəbləşmək insana xas keyfiyyətdir. Sadəcə, müdrik insan əsəblərini cilovlamağı bacarır. Müdrik olmaq üçün də oxumaq lazımdır. Təhsilin səviyyəsi aşağıdırsa, belə cəmiyyətdə cahil insanların sayı artır. Bu cür insanlar da əsəblərini cilovlaya bilmir. Baxın, məsələn, toylarda hansısa bir bəhanə ilə adətən kimlər dalaşır? Savadsız, mədəniyyəti, təhsili aşağı olanlar. Ziyalı isə nəyin bahasına olursa olsun əsəblərini cilovlaya bilir. Və yaxud balaca uşaqlar həmişə dalaşırlar. İnsan yaşa dolduqca, kamilləşdikcə daha ağıllı olur. Müdrik insanlar isə problemlərini sakit yolla həll edirlər. Cəmiyyətimizdə aqressiya savadsızlıqdan qaynaqlanır. Eyni zamanda hüquq-mühafizə orqanlarının bəzən xuliqanlıq edən ünsürlərə, asayişi pozan belə aqressiv insanlara loyal münasibəti cəmiyyətdə belə adamların daha da qol-qanad açmasına rəvac verir. Məsələn, bu yaxında Nərimanov parkında qıza təpik atan oğlanı dövlət tapmalı və ictimai qınağa çevirməli idi. Oğlan video kameralara düşüb. Nədən hələ də bu adam tapılmayıb və ictimai qınaqla üzləşməyib? Düzdür, sosial şəbəkələrdə kifayət qədər müzakirə olunsa da, operativ reaksiya yoxdur. Axi bu “gədələr” sabah sənin, mənim, başqasının əzizlərinə qarşı belə hərəkət edəcək və özünə oxşar varlıqlar da onu “qəhrəman” edəcəklər.

        - İnsanın qəbul etdiyi qidaların, ümumiyyətlə qida rejiminin əsəblərə təsiri varmı?

        - Qidalanmanın, oturaq iş rejiminin əsəblərə heç bir təsiri yoxdur. Dediyim kimi, əsəbiləşmək insana xas keyfiyyətdir. Amma əsəbləşən insanın özünü necə aparması onun əxlaqından və zəkasından asılıdır. İnsan nə qədər qışqırırsa, səviyyəsini o qədər aşağı salır. Oxuculara demək istəyirəm ki, əgər qışqırmaq, dalaşmaq istəyirsinizsə, düşünün ki, mən axı səviyyəli insanam və qarşımdakının səviyyəsinə düşməyəcəm. Mübahisədən, davadan istənilən formada qaçmaq mümkündür.

        - İntiharlar çoxalıb. Bu intiharları doğuran səbəblər sırasında insanın psixi durumu çox rol oynayır yoxsa sosial iqtisadi səbəblər?

        - İntiharların bir neçə növü var. Məsələn, aprel döyüşlərində zabitimizin biri öz vücudu ilə qumbaranın üstünü örtdü və öz ölümü bahasına olsa belə, neçə əsgərin həyatını xilas etdi. Bu intihar olsa da, qəhrəmanlıqdır. Belə qəhrəmanlıqlar mən deyərdim ki, hətta təbliğ olunmalıdır. Sovetlər vaxtı 2-ci Dünya müharibəsində belə adamlara qəhrəman adı verilirdi. Bir də var, insan çıxır “Koroğlu” metrosunun yaxınlığındakı körpüyə və deyir ki, filan problemim həll olunmasa özümü atacam. Bu yalançı intihardır. Yalançı intihar nəzər diqqət cəlb etmək üçündür. Bəzən o adamlar sözünü deyərkən ayağı sürüşür və həqiqi intihar baş verir. Təbii ki, söhbət intihardan gedirsə, insanın psixoloji vəziyyətində olan problemlər nəzərə alınır. İntiharlar zəncirvari olur. Xatırlayırsınızsa, Türkiyədə “Bu akşam ölürüm, beni kimse tutamaz” adlı bir mahnı vardı. Bu mahnının klipi təzə çıxanda Türkiyədə nə qədər insan özünü atıb intihar etdi. Yaxud kimsə özünü körpüdən atır, sonra bu hallar təkrar olmağa başlayır. Elmdə buna “Verter fenomeni” deyilir. KİV-lərdə, televiziyalarda bunun təbliğ olunması zəncirvari reaksiya əmələ gətirir. Ona görə də bəzi ölkələrdə intiharların televiziya vasitəsi ilə göstərilməsi qadağandır.
        Mən reanimasiyada işləyəndə intihar etmiş insanlar yaxınları tərəfindən xilas edilərək xəstəxanaya gətirilirdi. Onlar deyirdilər ki, bizi xilas edin, ölmək istəmirik. Sağalandan sonra deyirdilər ki, intihar etmək kimi axmaq bir fikir haradan ağlıma gəldi bilmirəm. İntihar etmək istəyəndə hansısa psixoloq ona kömək etməyə gəlir. O, əslində vaxtı uzadır. İntihar etmək istəyən insanla 5-10 dəqiqə söhbət olunarsa, o adamın fikri yayınır və intihar etməkdən vaz keçir. Bu gün insanlar problemləri ilə baş-başa qalıb. Onlar dərdlərini heç kimlə bölüşmürlər, çünki heç kimə inanmırlar. Məsələn, xarici ölkələrdə etimad telefonu var. Anonimdir, həmin adam zəng edir və problemini danışır məsləhət alır. İnsanın başına elə bir problem gələ bilər ki, onu nə valideynlərinə, nə də yaxınlarına deyə bilməz. O, psixoloqun da yanına gedə bilmir, qorxur ki, onun sirrini yayarlar. İnsanlar cəmiyyətin onu anlamamasından qorxaraq. çıxış yolunu intiharda görür. Amma bilməlidirlər ki, istənilən problemin həlli, çıxış yolu var. İstənilən emosional stress 12 dəqiqə davam edir. 12 dəqiqəyə əsəbiləşən insanın beynindən adrenalin çıxır. Əgər sonradan siz əzab çəkirsinizsə, demək, onu özünüzə psixoloji təlqin edirsiniz. Hətta sevgiliniz sizi atsa belə, ailəniz dağılsa belə onun stressi 12 dəqiqə çəkir. Təəssüf ki, Azərbaycanda nevropatoloqa, psixiatra müraciət etməyi ayıb bir iş bilirlər. Bizə mentalitet cəhətdən yaxın olan Türkiyədə belə, bu cür deyil. Biz hətta psixi xəstəni belə psixiatr yanına göndərə bilmirik. O dəqiqə deyirlər ki, onu dəli hesab edirsiniz?

        - Normal əsəb sisteminə sahib olmaq üçün əsas şərt nədir?

        - İlk növbədə təhsil, oxumaq, öyrənmək. İnsanlar maarifləndirilməlidir. İnsan nə qədər çox oxusa, dünya görüşlü olsa, onun əsəb sistemi də o qədər normal olacaq. Elm insanları təbliğ olunmalıdır. Bizim Azərbaycan televiziyasında bircə dənə də olsun elmi-kütləvi veriliş deyə bilərsinizmi? Efirlərdə ancaq ailə məişət problemləridir. Düzdür, bu cür sosial verilişlər də lazımdır, amma elmi də unutmaq olmaz. Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdır. Heç bir halda uşağa nəzarəti itirməməlidirlər. Qalmaqallar, şou xarakterinə təşkil olunan, insanlarda aqressiv fikirlər aşılayan verililişlərdən imtina olunmalıdır. Bu gün gənclər, cəmiyyət hansısa şou-biznes ulduzunu daha yaxşı tanıyır, nəinki Lütfüzadəni. Bu yaxında bir toydaydım. Azərbaycanın çox tanınmış bir akademikinə söz verdilər. O da olduqca mənalı bir çıxış etdi. Sonra isə heç bir təhsili olmayan şou-biznes ulduzlarndan biri gəldi. İnsanlar onu az qala ayaq üstə alqışladılar. Çünki KİV akademiki, elm adamını yox, məhz belə savadsızları reklam edir.

        - İnsanlar əsəbiləşəndə həkim məsləhəti olmadan bir sıra sakitləşdirici dərmanlar qəbul edirlər. Bu ziyanlıdırmı?

        - Ot tərkibli sakitləşdiricilərin heç bir ziyanı və faydası yoxdur. İnsana psixoloji cəhətdən elə gəlir ki, o dərmanı qəbul edib sakitləşdi. Bu gün apteklərdə satılan əsl sakitləşdirici dərmanlar həkim resepti, hətta möhürü olmadan verilmir. Mən insanlara tövsiyə edərdim ki, əsəbiləşəndə yaxşı olar ki, həmin mühitdən uzaqlaşıb, məsələn, alış-verişə getsinlər və ya stadionda qaçıb enerjilərini atsınlar. Qaynananızla dalaşmısınızsa, mağazaya düşüb bir çörək alıb gəlin, sakitləşəcəksiniz. Mübahisədən qaçmağın ən rahat yolu sakit durmaqdır. Sakit dura bilmirsənsə, mühitdən uzaqlaşmalısan. Zəhərli ilanlardan və zəlzələdən necə qaçırsınızsa, mübahisələrdən də o cür qaçın. Mübahisə qurtarandan sonra onun iştirakçılarının hər biri on haldan doqquzunda əvvəllər olduğu kimi özlərinin haqlı olduğuna daha möhkəm inanmış olurlar. Siz mübahisəni uda bilməzsiniz. Bilməlisiniz ki, qalib gələndə belə uduzursunuz. Nəyə gorə? Ehtimal edək ki, siz öz opponentiniz üzərində zəfər çaldınız və onun bu məsələdə heç bir qiymət kəsb etmədiyini sübuta yetirərək öz arqumentlerinizlə onu yıxıb sürüdünüz. Bəs o? Siz onun özünü alçaldığını hiss eləməyə məcbur etdiniz. Siz onun qürurunu yaraladınız və sizin triumfunuz onda yalnız qisas yanğısını doğuracaq. Beləcə siz yeni bir düşmən qazandınız. Sizə bu lazımdırmı?

        - Filosoflar ruhi sakitliyi xöşbəxtliyin əsas əlaməti hesab edir. Bu fikirlə razısınızmı?

        - Bu dünyada hamı xoşbəxtlik axtarır və onu tapmağın yalnız bir üsulu, bir düzgün yolu var - öz düşüncələrinin üzərində nəzarətdir. Xoşbəxtlik xarici şəraitdən asılı deyil. Bu daxili şəraitdən asılıdır. Sizi xoşbəxt və ya bədbəxt edən sizin kim olduğunuz və ya harada olmağınız deyil. Sizi bu cür edən sizin bu haqda nə düşündüyünüzdür. Məsələn, iki nəfər eyni bir yerdə ola bilər, eyni bir işlə məşğul ola bilər, hər ikisi bərabər kapitala, cəmiyyətdə bərabər çəkiyə malik ola bilər. Bununla belə onlardan biri xoşbəxtdir, o biri yox. Niyə? Nöqteyi-nəzərlərin fərqli olması səbəbindən. Biri deyir nə yaxşı ki, işim var, şikəst deyiləm, heç kimə möhtac deyiləm. O biri isə deyir ki, bu nə həyatdır mən yaşayıram, camaat villada yaşayır, xaricə istirahətə gedir, mən bədbəxtəm və sairə. Tanıdığım bir fəhlə var. Günün altında 5-10 manata külə dönərək qan-tər içində günəmuzd işləyir, amma çox xoşbəxt olduğunu deyir. Çünki çəkəcəyi bir qayğı yoxdur və o, bunu xoşbəxtlik sanır. Ona görə də oxuculara məsləhət görərdim ki, hər səhər evdən çıxanda qamətinizi dikəldin, başınızı elə yüksək tutun ki, elə bil ona tac qoyulub. Sinə dolusu nəfəs alın. Mövsümdən asılı olmayaraq Günəşin işığını için. Dostlarınızı təbəssümlə salamlayın və görüşəndə hər bir əli ürəkdən sıxın. Yanlış başa düşülməkdən qorxmayın. Öz bədxahlarınz, düşmənləriniz, sizə paxıllıq edənlər barədə heç bir an da olsa düşünməyin. Bütün fikirlərinizi nə etmək istədiyinizin üzərində cəmləyin. Başınızı aşağı salıb vicdanla işinizi görün. Günlərin bir günü başınızı qaldırıb görəcəksiniz ki, ətrafınızdakı hər kəs sizə hörmət edir və sənətinizin zirvəsindəsiniz. 
Mənbə: Musavat.com