Məqalələr‎ > ‎

Şəki Xan sarayının fəlsəfəsi

28 Haz 2017 06:30 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 28 Haz 2017 06:31 güncellendi ]

Elnarə GÜNƏŞ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
zim.az

    
Şəki Xan Sarayının şöhrəti haqqında hələ kiçik yaşlarımda məktəbdə oxuduğum “Zalım Xan” hekayəsi, daha sonra tarix dərsliklərində oxuduqlarım, mətbuatdan izlədiyim materiallar sayəsində bəzi məlumatlarım var idi. Aldığım bilgilər məni hər zaman düşündürürdü. Əvəzolunmaz sənət əsərini şəxsən görüb, Eşitdiklərimə əmin olmaq istəyirdim. Bu yaxınlarda Şəki Xan sarayında ekskursiyada oldum və gördüklərim məni heyrətdə saxlamışdı. Çünki oxuyub, öyrəndiklərimdən daha böyük bir xəzinənin şahidi oldum. Sarayda gördüklərim gözlərimin önündən getmir. Bir vətəndaşlıq borcum olaraq saray haqqında əldə etdiyim əvvəlki biliklərimə yeni və bir çoxlarına maraqlı ola biləcək yeni biliklərimi də əlavə edib bu yazını işləməyə qərar verdim. Doğrudur Şəki xan Sarayı haqqındakı həqiqətlər, onun lazımı şəkildə təsvir olunması üçün hansısa bir məqalə çox kiçikdir. Lakin yenə də şahidi olduğum gözəllikləri bir neçə cümlə ilə ifadə etmək istədim. Əminəm ki, Şəki Xan Sarayı böyük fəlsəfi anlamı olan memarlıq abidəsidir.


    Fəlsəfi baxış, fəlsəfi dəyərləndirmə dedikdə adamın gözü önün ilk olaraq qeyri-adi, özünəməxsus izahı olan varlıqlar gəlir. Belə real varlıqlardan biri də Türk dünyası sənət tarixinin şah əsəri olan Şəki Xan Sarayıdır. Şəki Xan sarayının olduqca zəngin fəlsəfəsi vardır. Bu barədə zaman-zaman filosoflar bir çox ornamentlərə ayrı-ayrılıqda açıqlamalar vermişdilər.
    Qədim və olduqca zəngin tarixi olan Azərbaycanımızın dilbər guşəsi Şəki öz əsrarəngiz tarixi və ecazkar təbiəti ilə bütün dünyanın diqqətini öz üzərinə çəkməyi bacarmışdır. Şəkini “Şərqin incisi” kimi dəyərləndirən yüksək keyfiyyət "Şəki xan sarayı"dır. Bu bina, "Məhəmmədhəsən xan divanxanası"dır, Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir . Memarı Şirazlı Zeynalabdindir. Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerlər var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.
    Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geydirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geydirilmişdir. Divarların hörgüsündə isə sementdən istifadə olunmayıb, yumurtanın ağından istifadə olunub. Sarayda divarın ornamentliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Plafon xüsusilə zəngin bəzənib, ornamentli çərçivədə bitki aləmini əks etdirən şəkillər və bu fonda rəngli qanadları olan yarımçılpaq qadın fiqurları göstərilir. Salonun belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli "şəbəkə" ilə tamamlanır və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda rənglər parlaqlığını yaradır.
    Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilmişdir. Divarında təmir bərpa işləri aparılarkən, üz boyanı qazıdıqda altında daha iki qat boyandığı məlum olub.
    Dünya şöhrətli Türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi".
    Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılmışdır. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunmuşdur. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır. 1955-1956-cı illərdə memar H.Q Rzayevin layihəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Şəki xanlığında ədəbi mühitin yaxşı formalaşması və şairlərə verilən yüksək dəyərin nəticəsidir ki, sarayın ən gözəl guşələrindən birini poeziya otağı kimi istifadə etmişdilər. Belə ki vaxtaşırı xanlıqda yazıb-yaratmış sənətkarlarla yanaşı digər xanlıqlardan da sənətkarlar həmin ədəbi məclislərin toplantılarına dəvət edilirdilər. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Divarda 200-dən artıq gül şəkli, 2000-dən artıq insan rəsmi təsvir edilmişdir ki, bunların da heç biri digərinə bənzəmir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənib. Binanın tavanında çəkilmiş müxtəlif rəsmlərin də hər birinin özünəməxsus mənası, açıqlaması vardır. Belə ki, hər iki tərəfdən çəkilmiş əjdaha şəkilləri, tavanda çəkilmiş şir başlı, qadın bədənli mifik rəsmin fəlsəfi mənası məşhur atalar sözümüzə əsaslanmışdır: - “Aslanın erkəyi-dişisi olmaz!” Digər bir atalar sözünə əsaslanan təsvir Tovuzquşunun rəsmidir. Həmin rəsmin izahında məlum olur ki, Tovuzquşu nə qədər gözəl olsa belə onun da ayaqlarında qüsurları vardır. Necə deyərlər: “Hər gözəlin bir eybi var”. Həmçinin kiçik rəsmlərdə yırtıcı heyvanların digər heyvanlarla birgə yaşayışı öz əksini tapmışdır. Bu da Xanlıqda sülhün, ənim-amanlığın hökm sürdüyündən xəbər verir. Ümumilikdə Sarayda əksini tapmış bütün təsvirlər həmin dövr Şəki xanlığının məişətini, sənətkarlığını, incəsənətini, ədəbi mühitini obrazlı şəkildə xarakterizə etmişdir.
    Şəki Xan Sarayı Dünyada analoqu olmayan, elə bu səbəbdən də bütün dünyanı öz tamaşasına toplayan, sənətkarlıqla zəngin memarlıq abidəsidir.
    Bir azərbaycanlı kimi bu qədər zəngin mədəniyyətimizin mövcudluğu mənə qürur verir.